25 Sentyabr 2018 01:21
312
İQTİSADİYYAT
A- A+

İllər keçdikcə gəncləşən şəhər


Şirvan respublikamızın nisbətən cavan şəhərlərindəndir. Əsasən keçən əsrin 50-60-cı illərində sürətlə inkişaf etməyə başlamış, şəhərdə ilk olaraq neft və energetika sənayesi təşəkkül tapmış, sonra isə yeni zavodlar, tikinti təşkilatları və digər müəssisələr yaradılmışdır.
Elə o vaxtlar da bu şəhərin adı ölkəmizin yeni sənaye mərkəzlərindən birinə çevrilən Mingəçevir kimi dildən-dilə düşür. Respublikamızın ayrı-ayrı rayonlarından, habelə keçmiş SSRİ-nin müxtəlif yerlərindən bura çoxlu sayda gənc oğlan və qız işləməyə gəlir. Şirvanın yaşlı nəsil nümayəndələri deyirlər ki, onda inkişaf yoluna təzəcə qədəm qoymuş bu şəhərdə həyat coşub-çağlayırdı. Hər tərəfdə tikinti-quruculuq işləri aparılır, yeni ictimai binalar, yaşayış evləri inşa edilirdi. İndi Şirvan şəhərinin mərkəzi hissəsi olan "Təzə şəhər” deyilən yaşayış massivi o zaman salınıb. Vaxt keçdikcə idarə və təşkilatlar "Köhnə şəhər” adlanan ərazidən bura köçürülüb.
Əsasən gənclərdən ibarət olan sakinlərin asudə vaxtlarını mənalı və şən, səmərəli keçirmələri üçün müxtəlif mədəni-kütləvi tədbirlər təşkil edilirdi. Neftçilərin yeni tikilmiş mədəniyyət sarayı həmişə çal-çağırlı olardı. Gənclərin çoxu bu tədbirlər zamanı tanış olub ülfət bağlayar, bir-birinə könül verər, yeni ailələrin təməli qoyulardı.
Adlı-sanlı yazıçı və şairlər, jurnalistlər vaxtaşırı olaraq bu şəhərə gələr, buradakı qaynar həyatdan maraqlı əsərlər, reportajlar qələmə alar, şeirlər yazardılar. Bəstəkarlarımızın şəhər haqqında bəstələdikləri şən-şux mahnılar buranın hər bir sakinində qürur hissi oyadar və hər kəs bu şəhərdə yaşayıb-yaratması ilə fəxr edərdi. Beləcə, inkişaf etdi, böyüdü və neftçilər, energetiklər, gənclər şəhəri kimi şan-şöhrət qazandı bugünkü Şirvan.
İstər sovetlər dönəmində, istərsə də müstəqillik əldə edildikdən sonra şəhərin inkişafına, tərəqqisinə ulu öndər Heydər Əliyev diqqət və qayğı göstərərdi. Hakimiyyətinin hər iki dövründə şəhərə səfər edəndə Şirvanın hərtərəfli inkişafı üçün mühüm sərəncamlar imzalamışdır. Bu kurs Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. O, ölkə rəhbəri kimi dəfələrlə Şirvana səfər etmiş, hər gəlişi əsl bayram təntənəsinə çevrilmişdir. Əhali ilə görüşərək səmimi söhbətlər aparan Prezident neçə-neçə yeni tikililərin təməlqoyma və açılış mərasimində iştirak etmişdir.
Belə obyektlərin sayı az deyil. 1956-cı ildə istifadəyə verilmiş istilik elektrik stansiyasının yanında müasir tipli cənub elektrik stansiyası, müalicə diaqnostika mərkəzi, Olimpiya idman kompleksi, onlarca təhsil, səhiyyə, mədəniyyət ocağı, ictimai binalar, yaşayış evləri onların bir hissəsidir. Bu illər ərzində şəhər addım-addım böyümüş, yeni məhəllələr salınmış, sənaye və kənd təsərrüfatı məhsullarının satışı üçün geniş, müasir üslubda ticarət mərkəzi inşa olunmuşdur.
Bir məsələni xüsusi olaraq qeyd etmək istərdik. Çılpaq dağların ətəyində yerləşən, yayı həddindən artıq isti keçən şəhərdə yaşıllıqların salınmasına, onların qorunmasına, becərilməsinə, suvarılmasına gündəlik qayğı göstərilir. Digər amillərlə yanaşı, bu da şəhərin görkəminə, gözəlliyinə yeni çalar qatır. Sənaye şəhərinin gecələri də füsunkar olur. Gənclər, qocalar, qadınlar, uşaqlar ailəlikcə axşam saatlarında şəhərdəki parklarda istirahət edir, görüşür, söhbətləşirlər.
Şirvan əhalisi bu məkanın adını, şan-şöhrətini ucaltmağa çalışırlar. Gənc nəsil ata-babalarının ənənələrini davam etdirərək əmək, təhsil, idman salnaməsinə yeni-yeni parlaq səhifələr yazır. Beləcə inkişaf edir, daha abad və füsunkar olur Şirvan torpağının bu şəhəri. Xoşa gələn haldır ki, burada görülən işlər səngimir, ardıcıl olaraq davam etdirilir.
Hazırda şəhər təsərrüfatı üçün mühüm əhəmiyyət kəsb edən su-kanalizasiya sisteminin yeniləşdirilməsi layihəsi icra edilir. Buradakı su-kanalizasiya xətləri keçən əsrin 60 - 70-ci illərində çəkildiyindən istismar müddətini başa vurmuşdu. Həm də şəhər böyüdüyü, əhalisinin sayı artdığı üçün tələbatı ödəmirdi. Yeni layihə başa çatdırıldıqdan sonra bu məsələ həll olunacaqdır.
İndi şəhərin Heydər Əliyev prospektində qızğın iş gedir. Tikintidə işlərin gedişi ilə maraqlandıq. İş icraçısı İlkin Məmmədov dedi ki, əvvəlki kanalizasiya xəttindən fərqli olaraq, yenisi 80 santimetr diametrdə olan dəmir-beton borularla çəkilir ki, bu da Təzə şəhər ərazisində bütün çirkab sularının axıdılmasına imkan verəcəkdir. Xəttin ümumi uzunluğu 2 min 360 metrdir. Bunun da 1800 metrini artıq çəkmişik. Ancaq işlərimiz biz istədiyimiz sürətlə getmir. Görürsünüz, xəndəyin torpağı qumlu və sulu olduğu üçün tez-tez uçqun baş verir. Ona görə də 3,5-4 metr dərinlikdə qazılmış xəndəkdə işləmək çətindir.
Bu vaxt xəndəyin bir tərəfinin divarından torpaq layı sürüşüb dib hissəyə düşdü. Ekskavator yenidən torpağı bayıra çıxartdı. Sonra xəndəyin yatağına qum qarışıq çınqıl töküb yaydılar. Bir neçə əməliyyatı icra edən ekskavator kənarda səthi qırlanmış dəmir-beton borunu ehtiyatla xəndəyə salladı. Buradakı ixtisaslı fəhlə onu yavaş sürətlə əvvəl qoyulmuş borunun ağız hissəsinə istiqamətləndirdi. Növbəti mərhələdə sıxılma və bərkitmə işləri həyata keçirildi, borunun üstünə narın qum verildi. Onu da deyək ki, küçə xətlərinin birləşdirilməsi üçün magistral kanalın lazımi yerlərində şaxtalar qoyulmuşdur.
Kanalizasiya xətti çəkilişinin sifarişçisi "Azərsu” ASC, podratçısı isə "Mühəndis Tikinti Layihə” MMC-dir. Obyektdə 14 nəfər ixtisaslı fəhlə, 10 müxtəlif texnika çalışır. İnşaatçılar sözügedən kanalizasiya xəttinin çəkilişini oktyabr ayınadək başa çatdırmağı planlaşdırmışlar.
İşçilərdən Əvəzxan Məhərrəmov, Əkbər Ələsgərov, Yahya Səidov, Elməddin Ağadadaşzadə və başqaları bu işdə daha çox fərqlənir, gündəlik tapşırığa artıqlaması ilə əməl edirlər. Xoşa gələn hallardan biri də inşaatçıların səliqəli iş görməsidir. Onlar xəndək qazarkən prospekt boyu 3 metr enində qazdıqları hissəni irəlilədikcə ağırtonlu kipləşdirici texnika ilə bərkidib, sonra asfaltlayırlar.
Su çəkilişi də davam etdirilir. Uzun illər boyu şəhərin su problemi olub. Bəzi məhəllələrə günaşırı su verilib. Bu çətinlik hissə-hissə aradan qaldırılır. Qonşu Hacıqabul rayonunun Talış kəndindəki qurğudan duruldulmuş su şəhərin relyefindən çox-çox yüksəkdə, dağın yuxarı hissəsində, hər birinin tutumu 25 min ton olan anbarlara, oradan nasoslarla şəhərə vurulur. Su xətləri çəkilib başa çatdıqdan sonra bütün küçə və məhəllələrin sakinləri sutka ərzində içməli su ala biləcəklər. Bu işi 3 təşkilat - "Əsl İnşaatçı R” MMC, "Azərbaycan Elm İstehsalat Birliyi”, "Ekspress Ximservis” təşkilatları görür.

Seyran CAVADOV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video