25 Sentyabr 2018 01:15
628
SİYASƏT
A- A+

Azərbaycan Cümhuriyyətinin demokratik parlamentarizm təcrübəsindən


Bu il xalqımız İslam dünyasının ilk parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd edir. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qəbul etdiyi "İstiqlal Bəyannaməsi” Xalq Cümhuriyyətinin müstəqil dövlət statusunu hüquqi cəhətdən möhkəmləndirdi. Bu aktın mühüm əhəmiyyəti ondan ibarət idi ki, o, Azərbaycan dövlətçiliyinin bərpa olunması faktını təsdiqləyərək xalqın müstəqil yaşamaq hüququnu və əzmini bütün dünyaya nümayiş etdirdi. Yeni dövlətin siyasi sisteminin (demokratik, parlament idarəçiliyi formasında respublika, ali dövlət hakimiyyət orqanları sistemi, hökumətin qanunvericilik orqanı qarşısında məsuliyyəti), daxili və xarici siyasətinin, milli siyasətinin əsaslarını müəyyənləşdirdi. Əslində "Azərbaycan” sözü müasir siyasi-hüquqi məzmununu, rəsmi dövlət adı statusunu məhz AXC-nin yaranması ilə aldı. Azərbaycan dövlətçiliyinin ilkin əsaslarının formalaşdırılması, o cümlədən xalqın milli ruhunun dirçəldilməsi baxımından cümhuriyyət dövründə qəbul edilmiş qərarlar mühüm rol oynadı.
Cümhuriyyət elan edildikdən sonra dövlət quruculuğu sahəsində əsas vəzifələrindən biri hakimiyyət strukturlarının yaradılması və dövlət aparatının normal fəaliyyətinin təmin edilməsi idi. Mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan hökuməti ölkənin müstəqilliyini və bütövlüyünü qorumaq üçün əsl fədakarlıq göstərdi. Milli suverenliyini qorumağa nail olan hökumət dövlət quruculuğu siyasətini daha əzmlə davam etdirirdi. Qısa zaman kəsiyində Azərbaycan Cümhuriyyətində ali hakimiyyət orqanları təşkil edilmiş və onlar öz funksiyalarını həyata keçirməyə başlamışdılar.
Bu istiqamətdə atılan mühüm addımlardan biri parlamentin yaradılması idi. Məlum olduğu kimi, "İstiqlal Bəyannaməsi”nin sonuncu, VI bəndinə əsasən, Azərbaycan Milli Şurası ümumi seçkilər əsasında Müəssislər Məclisinin yaradılmasına qədər fəaliyyət göstərməli idi. Milli Şuranın öz səlahiyyətlərini Müvəqqəti Hökumətə verməsi haqqında 17 iyun 1918-ci il tarixli qərarında hökumətdən 6 ay ərzində Müəssislər Məclisinə seçkilər keçirməyi və bütün səlahiyyətlərin ona verilməsi nəzərdə tutulurdu. Lakin bir sıra obyektiv səbəblərdən hökumət bu vəzifəni yerinə yetirə bilmədi. 21 oktyabrda Hökumət Müəssislər Məclisinə seçkilər haqqında qanun hazırlamaq məqsədilə komissiya yaratdı. Lakin ölkə daxilində və xaricində cərəyan edən proseslər, beynəlxalq şərait qısa müddət ərzində xalqın iradəsini əks etdirən ali təmsilçilik və qanunvericilik orqanının yaradılmasını tələb edirdi. Belə şəraitdə yenidən öz fəaliyyətini bərpa etmiş Milli Şura 1918-ci il noyabrın 20-də Azərbaycan Parlamentinin yaradılması haqqında qanun qəbul etdi. Qəbul edilmiş qanun əsasında formalaşdırılmış Azərbaycan Parlamenti 1918-ci il dekabrın 7-də öz fəaliyyətinə başladı. Azərbaycan Parlamentinin açıldığı gün baş redaktoru olduğu "Azərbaycan” qəzetinin "Tarixi günümüz” məqaləsində Ü.Hacıbəyli yazırdı: "Bu o gündür ki, Azərbaycan türklərinin Milli Məclisi, Milli Şurası açılıb. Azərbaycan təkmil bir hökumət şəklinə girir. Yüz - yüz əlli sənə bundan əvvəl müxtəlif xanlıqlardan ibarət olan Azərbaycan torpağının rus istilasından qazandığı bir mənfəət o oldu ki, bu torpaq üzərində qurulmuş olan saxta və əməli hüquqları silinib-süpürülmüş müttəhid və vəsi bir ərazi şəklinə girdi və bu gün xilas olub da iki milyon mütəcavüz nüfus ilə Azərbaycan Cümhuriyyəti namını daşımağa kəsbi-ləyaqət etdi. Bəs bu gün haman bu Azərbaycan Cümhuriyyətinin milli parlamanı, Milli Məclisi açılmaqla təşkilat və tərtibati-siyasiyyəsi artıq itmama yetir. Belə olan surətdə, deməli, qəlbimizdə bəslədiyimiz ümid - parlamanımızdır. Və ümidvarıq ki, cavan parlamanımız bu ümidimizin hüsuli yolunda var qüvvəsilə çalışacaq və Vətənimizin istiqlal və azadlığına birinci səbəb olacaqdır”.
Parlament milli və partiya təmsilçiliyi əsasında yaradılan ali orqan idi. Parlamentin yaradılması ilə Azərbaycanda hüquqi dövlətin əsas prinsipləri olan parlamentarizm və hakimiyyət bölgüsü prinsiplərinin real olaraq həyata keçirilməsinə başlanıldı. Parlament çoxpartiyalı sistem əsasında fəaliyyət göstərirdi. Parlamentin və onun orqanlarının fəaliyyəti 1919-cu il 17 martda qəbul olunmuş "Nakaz”la (Təlimat ilə) tənzimlənirdi. Parlamentin Nizamnaməsi rolunu oynayan bu sənəd qanunverici orqanın işinin təşkili, ali vəzifələrə seçkilər, gündəlik məsələlərə baxılması, komissiyaların iş qaydalarını, deputatların hüquqi statusu və s. məsələləri tənzimləyirdi. Azərbaycan Parlamenti birpalatalı struktura malik idi. Qanunvericilik aktlarının hazırlanması, eyni tip məsələlərə baxılması üçüm daimi komissiyalar, ayrı-ayrı qanunların hazırlanması üçün isə müvəqqəti komissiyalar təşkil olunurdu. "Nakaza”a uyğun olaraq cari məsələlərin həlli məqsədilə sədrdən, onun müavinlərindən və katibdən ibarət Rəyasət Heyəti təşkil olunmuşdu. Müxtəlif məsələlər üzrə partiya fraksiyaları arasında konsensusa (ümumi razılaşmaya) nail olmaq üçün fraksiya sədrlərindən ibarət "Senyoren Konvert” adlı xüsusi orqan yaradılmışdı. Parlamentin normal fəaliyyətinin təmin edilməsi üçün 16 yanvar 1918-ci ildə "Qaib deputatlar haqqında” qanun qəbul edilmişdi. Qanuna görə, ay yarım ərzində parlamentin işində iştirak etməyən və bu haqda parlamentə məlumat verməyən deputat parlamentdən xaric olunmuş hesab edilirdi. Azərbaycan Parlamenti Cümhuriyyətin ali orqanı kimi, ilk növbədə qanunvericilik səlahiyyətləri daşıyırdı. Onun funksiyalarına, həmçinin hökumətin, mərkəzi hakimiyyət orqanlarının formalaşdırılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi, ali dövlət nəzarətinin həyata keçirilməsi, dövlət büdcəsinin təsdiqi və xərclənməsi, AXC-nin digər dövlətlərlə bağladığı müqavilələrin təsdiqi daxil idi.
AXC-nin ali icra orqanı parlament tərəfindən koalisiya əsasında formalaşdırılan və onun qarşısında məsul olan Hökumət (Nazirlər Şurası) idi. Hökumətin təşkili ölkədəki partiyalararası münasibətlərdən asılı idi və parlamentdəki siyasi qüvvələr nisbətini əks etdirirdi. Parlamentdə heç bir partiya mütləq çoxluğa malik olmadığından hökumət koalisiya əsasında, əksər partiyaların iştirakı ilə formalaşdırılırdı. Parlamentin sədri baş nazirin namizədliyini irəli sürür və sonuncu səs çoxluğu qazandığı sürətdə hökuməti təşkil edirdi. Parlamentin etimad göstərmədiyi təqdirdə hökumət istefaya gedirdi. Parlamentdə heç bir partiya sabit çoxluğa malik olmadığından tez-tez hökumət böhranı baş verirdi.
Azərbaycan Parlamenti və hökuməti dövlətin sərhədlərinin və ərazi bütövlüyünün müdafiəsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirmişdir. Bu vəzifənin çətinliyi bir sira amillərlə sıx bağlı idi. İlk növbədə Azərbaycan dövlətinin sərhədlərinin dəqiq müəyyənləşdirilməməsi, qonşu dövlətlər, xüsusən Ermənistanla ərazi münaqişələri, zəruri hərbi gücün olmaması, maliyyə və maddi vəsaitlərin çatışmaması qeyd edilməlidir. Sərhəd zonalarda quldurluq və qarətçilik geniş yayılmışdı. Bütün bunlara qarşı səmərəli mübarizə aparılırdı və artıq 1919-cu ilin əvvəllərində sərhəddə vəziyyət normallaşmağa başlamışdı.
AXC-nin dövlət quruculuğunun mühüm tərkib hissəsini hərbi quruculuq işi təşkil edirdi. Bunun üçün ilk növbədə hərbi quruculuğu həyata keçirən orqanlar sistemini təşkil etmək lazım idi. Məlum olduğu kimi, AXC-nin ilk hökumətinin tərkibində Hərbi Nazirlik də yaradılmışdı, lakin ingilislər 1919-cu ilin noyabrında Bakıya daxil olduqdan sonra Hərbi Nazirliyin fəaliyyətini qadağan etmiş və nazirlik ordu quruculuğunu davam etdirmək üçün Gəncəyə köçməli olmuşdu. Hərbi Nazirliyin tərkibində hərbi qanunvericilik, maliyyə-təsərrüfat məsələləri ilə məşğul olan Hərbi Şura da fəaliyyət göstərirdi. Silahlı qüvvələrin yaradılması məsələsi ümumdövlət fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edirdi. Azərbaycanın hələ nəinki təhsilli, həqiqi hərbi xidmət keçmiş kontingenti yox idi, heç strateji obyektlərə də malik deyildi. Odur ki, Hərbi Nazirliyin xərcləri dövlət büdcəsinin böyük bir hissəsini təşkil edirdi. Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün başı üzərini almış real təhlükələr Qarabağda erməni quldur dəstələrinin azğınlıqları, əvvəl könüllülər ordusunun, sonra bolşevizm təhlükəsi xalqın maraqlarının qorunması naminə ciddi tədbirlər görülməsini tələb edirdi. Belə bir şəraitdə bütün siyasi qüvvələrin konsolidasiyası lazım gəlirdi. Müstəqilliyin qorunmasında əsas məsuliyyətin hökumətin üzərinə düşməsinə baxmayaraq, konkret olaraq parlament hərbi məsələlərlə bağlı hökumətin bütün tədbirlərini dəstəkləyərək qəbul edirdi. Öz növbəsində parlamentdə hərbi quruculuğun qanunvericilik bazası yaradılmışdı. Hökumət üzvləri ardıcıl olaraq parlament qarşısında görülən işlər haqqında hesabat verirdi. Ordunun yüksək rütbəlilərindən nazirlik daxilində hərbi qanunvericilik məsələlərinin həlli üçün Hərbi Şura yaradılmışdı. Nazirliyin ehtiyaclarına parlament ciddi diqqət ayırırdı. Fəaliyyəti boyu parlament öz iclaslarında hərbi nazirlik tərəfindən təqdim olunmuş on qanun layihəsi müzakirə etmişdi.
1919-cu ilin iyununda, cümhuriyyətə Denikinin təhlükəsi artdığı zaman dövlətin müdafiəsini təşkil etmək üçün parlamentin təşəbbüsü ilə hökumətin tərkibində xüsusi orqan - Dövlət Müdafiə Komitəsi yaradılmışdı. Komitə müdafiə sahəsində fövqəladə səlahiyyətlərə malik idi, o ölkədə ümumi səfərbərlik keçirmək, bütün ölkə ərazisində hərbi vəziyyət elan etmək hüququna malik idi. DMK-nin qərarları bütün müəssisə, təşkilatlar və vətəndaşlar üçün icbari xarakter daşıyırdı. Yarandıqdan dərhal sonra DMK respublikanın müdafiəsinin təşkilinə başladı. Komitənin qərarı ilə Azərbaycanda mühasirə vəziyyəti elan edilmiş, sərhəd bölgələrində müdafiə istehkamları yaradılmış, müdaxilə halında bir sıra vacib tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdı. Bir sıra çətinliklərə baxmayaraq, qısa müddətdə milli ordunun təşkili başa çatdırılmış, 35 minlik nizami ordu yaradılmışdı ki, bu ordu 1920-ci ilin ağır mart-aprel aylarında Qarabağ və Zəngəzurda erməni nizami qüvvələrinə ağır zərbələr endirməyi bacarmışdı.
Hüquqi dövlətin ən mühüm prinsiplərindən biri icra hakimiyyətinin qanunverici hakimiyyətdən ayrılmasıdır. Demokratik idarəetmənin bu vacib prinsipinə əməl edilməsi istiqamətində Xalq Cümhuriyyəti dövründə konkret addımlar atılırdı. Bu baxımdan 25 yanvar 1919-cu ildə parlamentin qəbul etdiyi "Məbusluq və məmurluq haqqında” qanun xüsusi qeyd edilməlidir. Qanuna görə, nazirlərdən başqa dövlət qulluğunda (icra hakimiyyəti strukturlarında) işləyən digər məmurlar parlamentin üzvü ola bilməzdilər. İstisnalıq inzibati funksiyalar daşımayan azad peşə sahiblərinə - hüquqşünaslara, müəllimlərə, həkimlərə şamil edilirdi. Dövlət qulluqçuları parlamentə üzv seçildikdə ya qulluğu buraxmalı, ya da deputatlıqdan imtina etməli idilər. Bunun üçün onlara konkret müddət ayrılmışdı. Bu qanunun müddəalarına ümumən əməl edilirdi. Belə ki, Xalq Maarif Nazirliyində işləyən S.M.Qənizadə öz vəzifəsindən istefa verərək parlamentin üzvü kimi fəaliyyət göstərmək qərarına gəlmişdi. Görkəmli Azərbaycan yazıçısı F.Köçərli isə əksinə, parlament üzvlüyündən istefa verərək dövlət qulluğunda qalmışdı.
Cümhuriyyət hökumətinin qarşıya qoyduğu əsas məsələlərdən biri hökumət idarələrinin, məktəblərin, məhkəmələrin milliləşdirilməsi idi. Bu istiqamətdə atılan ilk və mühüm addım Azərbaycan hökumətinin Azərbaycan türk dilinin dövlət dili elan edilməsi haqqında 27 iyun 1918-ci il tarixli qərarı olmuşdur. Qərarda bütün məhkəmə, inzibati və digər vəzifələri dövlət dilini bilən şəxslərin tutacağı müddətə qədər hökumət idarələrində rus dilinin işlədilməsi mümkün hesab edilirdi. Milliləşdirilmənin uğurla həyata keçirilməsinin əsas şərti milli kadr potensialının olması idi.
İdarəçiliyin yeni demokratik formalarının yaradılması və dövlət müəssisələrinin milliləşdirilməsi məqsədilə quberniya, qəza köhnə inzibati-ərazisi sisteminin ləğv olunması və yeni sistemin yaradılması proqramı işlənib hazırlanmışdı.
Cümhuriyyətin mövcudluğu dövründə ədliyyə sistemi ilə bağlı olan qanunlar arasında dövrün beynəlxalq standartlarına uyğun olan qanunlar da mövcud idi. Bu cür qanunların qəbulu ölkədə məhkəmə islahatı üçün yaxşı zəmin yarada bilərdi. Bu qanun layihələri sırasında ən çox nəzəri cəlb edən 1919-cu il noyabrın 5-də baxılmağa təqdim edilmiş "Azərbaycanda andlılar məhkəməsinin yaradılması haqqında” qanun layihəsi idi ki, bu layihə Avropanın mütərəqqi təcrübəsinə söykənirdi. Təşkil olunacaq andlılar məhkəməsi Rusiyanın bu tip məhkəmələrindən köklü şəkildə fərqlənməli idi.
AXC dövründə qəbul edilmiş qanunvericilik aktları arasında siyasi əhəmiyyətinə görə "Azərbaycan vətəndaşlığı haqqında” Qanun (11 avqust 1919-cu il) xüsusi qeyd edilməlidir. Ədliyyə Nazirliyinin təklif etdiyi və "Azərbaycan Cümhuriyyətinin təəbəliyi haqqında” Əsasnaməni əvəz edən bu qanunla bütün əhali üçün vahid ad - Azərbaycan Cümhuriyyətinin vətəndaşı adı müəyyən edilirdi. Qanun vətəndaşlığa qəbul, vətəndaşlıq hüququnun qazanılması, vətəndaşlığın itirilməsi, xarici ölkələrin təəbəliyində olanların statusu və vətəndaşlıq vəziyyətləri ilə bağlı məsələləri həll edən orqanların səlahiyyətlərini müəyyənləşdirirdi. Maraqlıdır ki, 1919-cu il Qanunu da Azərbaycan Respublikasının vətəndaşlığı haqqında müasir qanunvericilik kimi ikili vətəndaşlığı qadağan edirdi.
Öz fəaliyyəti ərzində Azərbaycan Parlamenti ictimai həyatın ən müxtəlif sahələrinin inkişafını nəzərdə tutan bir çox əhəmiyyətli qanunlar qəbul etmişdir. Bu qanunlar sırasında "Azərbaycan vətəndaşlığı haqqında”, "Mətbuat haqqında”, "Hərbi məhkəmələr haqqında”, "Bakı Dövlət Universitetinin yaradılması haqqında”, "Müəssisələr Məclisinə Seçkilər haqqında”, "Dövlət Bankı haqqında”, "Sərhəd Mühafizəsinin təşkili haqqında " və s. qanunları qeyd etmək olar.
Cümhuriyyət parlamenti insan hüquqları, söz azadlığı, vicdan, mətbuat azadlığı istiqamətində də bir sıra real işlər görmüşdü. AXC-də real siyasi hüquq və azadlıqlarının təmin edilməsində 30 oktyabr 1919-cu ildə qəbul edilmiş "Mətbuat haqqında” Nizamnamə də mühüm rol oynamışdı. Bu qanun AXC-nin dövlət quruluşunun demokratikliyinin əyani sübutu idi. Qanuna görə mətbuat orqanı (mətbəə, litoqrafiya, qəzet, jurnal, oxu zalı və s.) açmaq üçün dövlət hakimiyyət orqanlarından heç bir icazə tələb olunmurdu. Mətbuat işinə ümumi rəhbərlik üçün Hökumətin İşlər İdarəsinin nəzdində Mətbuat işləri üzrə Baş Müfəttiş vəzifəsi təsis olunmuşdu. Dövrü mətbuat təsis etmək, mətbəə açmaq üçün sadəcə ərizə verilməsi kifayət idi. Nizamnaməyə uyğun olaraq Azərbaycanda mətbuatda senzura nəzarəti ləğv olunurdu.
Cümhuriyyət parlamenti və hökuməti Azərbaycanda təhsil və mədəniyyətin inkişafı yolunda bir sıra tədbirlər həyata keçirmişdi. Azərbaycanın müxtəlif şəhərlərində ali, orta, ibtidai məktəblərin, pedaqoji kursların, uşaq bağçalarının açılması haqqında onlarla qanun qəbul edilmişdi. 1919-cu il sentyabrın 1-də respublikada elmin və təhsilin inkişafında böyük rol oynayacaq iki qanun qəbul edildi ki, bunlar "Bakı Universitetinin yaradılması haqqında” qanun və "100 tələbənin Avropanın aparıcı insitutlarına göndərilməsi haqqında” qanun idi.
Parlamentdə çoxluğun Müsavat tərəfində olması qanun layihələrinin qəbulunu onun mövqeyindən asılı edirdi. Ölkədə ali hakimiyyəti öz əlində cəmləşdirmiş və sayı 100 nəfərə çatmayan parlamentdə 11 fraksiya və qrupun fəaliyyət göstərməsi də olduqca mürəkkəb daxili və beynəlxalq şəraitdə müstəqil dövlət quruculuğuna ciddi əngəl törədirdi. Ayrı-ayrı fraksiya və qruplar bir çox hallarda özlərinin məhdud fraksiya və qrup mənafelərini ümummilli mənafedən üstün tuturdular. Məsələn, parlamentin sosialist bloku "yoxsulların mənafeyini müdafiə etmək” pərdəsi altında müntəzəm olaraq Azərbaycanın Sovet Rusiyasına birləşdirilməsini təbliğ etmiş, Sovet Rusiyasında diplomatik nümayəndəlik açılması barədə qərar qəbul edilməsinə nail olmuş, nəhayət, "Qızıl Ordu”nun ölkəyə müdaxiləsinə tərəfdar çıxmışdı ki, bu da mahiyyətcə Azərbaycan Xalq Cümhuriyyətinə qarşı pozuculuq işi aparmaqdan başqa bir şey deyildi. Bununla belə, Azərbaycan Xalq Cümhuriyyəti öz fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur.
Azərbaycanın siyasi sistemində həmin dövrün bütün ideoloji baxışlarını (liberal, sosialist, millətçi, mərkəzçi) ifadə edən partiyalar və təşkilatlar fəaliyyət göstərirdi. Bu partiya və təşkilatlar həm də öz partiya və qruplarının mənafeyi və ideologiyası istiqamətindən çıxış edirdilər. Onların arasında ən iri və aparıcı partiya Azərbaycan xalqının milli mənafelərinin daşıyıcısı və parlamentdə əksəriyyət çoxluğu təşkil edən "Müsavat” partiyası idi. Bu partiya demokratik bitərəflər qrupu ilə demək olar ki, parlamentin və hökumətin fəaliyyətinin əsas istiqamətlərini müəyyən edirdi. "Müsavat” partiyası parlamentdə çoxluq təşkil etməsinə baxmayaraq respublikanın ümumi mənafeyini nəzərə alaraq həmişə çalışırdı ki, digər partiya fraksiyaları və qrupları ilə təmas və koalisiyada işləsin. Partiyanın nəzəri-ideoloji əsaslarının foralaşdırılmasında M.Ə.Rəsulzadənin, N.Yusifbəylinin, H.Ağayevin, M.Y.Cəfərovun, M.H.Hacınskinin və başqalarının böyük xidmətləri olmuşdur. Azərbaycanın siyasi elitasında Müsavat partiyasının üzvü olmasalar da, onun siyasi platformasını dəstəkləyən bir çox xadimlər var idi ki, siyasi-hüquqi baxışlarına görə onları milli-demokratik düşərgəyə aid etmək olar. Bunlar arasında F.X.Xoyski, Ə.M.Topçubaşov, Behbud Ağa Cavanşir, Mirzə Əsədullayev, Yusif Əhmədzadə kimi görkəmli şəxsiyyətlər var idi. Bu xadimlər Cənubi Qafqaz Seymində partiyasızların demokratik qrupu kimi fəaliyyət göstərmiş, cümhuriyyətin parlamenti yarandıqdan sonra isə onun tərkibində bitərəflər fraksiyasını yaratmışdılar. Bu siyasi cinahın ən parlaq nümayəndələrindən olan Ə.M.Topçubaşov parlamentin sədri, F.X.Xoyski isə I və II hökumətlərin başçısı, sonra isə xarici işlər naziri vəzifəsini tutmuşlar. Siyasi və iqtisadi baxışlarına görə onları şərti olaraq liberal-demokratlar kimi də səciyyələndirmək olar. Onların bir çox nümayəndələri (Ə.Həsənov, M.Əsədullayev və s.) Azərbaycan hökumətinin nazirləri postlarını tutmuşdular.
Azərbaycanın siyasi partiyalarından olan Əhrar partiyası da öz baxışlarına görə milli-demokratik düşərgəyə daxil idi. 1918-ci ilin payızında Bakıda yaranmış partiyanın Aslan bəy Qardaşov, Abdulla Əfəndizadə, Bayram Niyazi Kiçikxanlı, Muxtar Əfəndizadə, Abdulla Qabulov, Qərib Kərim oğlu kimi üzvləri cümhuriyyətin siyasi və ictimai həyatında fəal iştirak etmiş, Azərbaycan parlamentinin üzvü olmuşlar.
Cümhuriyyət dövründə Azərbaycan ictimai fikrinin mühüm istiqamətini islam ideologiyasına əsaslanan siyasi cərəyan - ittihadçılıq təşkil edirdi ki, bu cərəyanın tərəfdarları əsasən "İttihad” partiyasında təmsil olunurdular. Partiya cümhuriyyətin siyasi həyatında yaxından iştirak etmiş, onun parlamentində təmsil olunmuşdular. "İttihad” fraksiyasını qanunverici orqanda 11 deputat təmsil edirdi. "İttihad” fraksiyası parlamentin, əsasən, sağ cinahını təşkil edirdi. "İttihad” hökumətin daxili siyasətini ən kəskin tənqid edən partiya idi. Bu fraksiya ölkədə siyasi üstünlüyə malik milli demokratik cərəyana qarşı sərt müxalifət mövqeyində durur və 1919-cu ilin dekabrınadək hökumət kabinetlərinin formalaşmasında iştirakdan imtina edirdi.
Sosializm hərəkatını cümhuriyyət dövründə müxtəlif cərəyanlar (bolşeviklər, menşeviklər, sağ və sol eserlər və s.) təmsil edirdi. Azərbaycanın milli siyasi qüvvələri arasında sosializm tərəfdarları Hümmət (bolşevik və menşevik), Ədalət, Sosialistlər ittifaqı təşkilatında cəmləşmişdilər. Sol yönümlü təşkilatlardan Hümmət (menşevik) və Sosialistlər ittifaqı Azərbaycan dövlətçiliyini qəbul etmiş, onun ali strukturlarının -parlamentin və hökumətin işində iştirak etmişdilər. Sosialistlər ittifaqı və Hümmət parlamentdə əvvəlcə ayrı-ayrı müstəqil fraksiyalar kimi təmsil olunsalar da, bir müddət sonra vahid fraksiyada - sosialistlər fraksiyasında birləşmişdilər. Rusiya yönümlü sol partiyalardan fərqli olaraq bu fraksiya Azərbaycan dövlətçiliyini və parlamentli respublika ideyasını müdafiə edirdi.
Cümhuriyyət dövründə Azərbaycanda milli və siyasi hüquqların təmin edilməsi sahəsində də ciddi addımlar atılmışdı. Özü də bu mütərəqqi addımlar hansısa xarici təzyiq və diktələrin, beynəlxalq və geosiyasi şəraitin təsiri altında deyil, məhz Azərbaycan dövlətnin iradəsinin nəticəsi idi. Nəzərə almaq lazımdır ki, bu siyasət elə bir dövrdə həyata keçirilirdi ki, həmin dövrdə insan hüquq və azadlıqlarını, milli və dini azlıqların hüquqlarını müdafiə edən nə nüfuzlu beynəlxalq təşkilatlar, nə də təsirli dövlətüstü hüquq normaları və sənədlər vardı. Buna baxmayaraq Azərbaycan Cümhuriyyəti milli-dini məsələləri özündə ehtiva edən özünəməxsus normalar sistemi formalaşdırmağa nail olmuşdu. Cümhuriyyətin siyasi və mədəni elitası xalqın tarixi-mənəvi dəyərlərinə söykənərək, eyni zamanda, onun gələcək taleyini düşünərək vahid dövlət çərçivəsində polietnik və çoxkonfessiyalı cəmiyyət yaratmağa nail olmuşdular. Demək olar ki, bütün ölkələrdə, o cümlədən, keçmiş Rusiya imperiyasının xarabalıqları üzərində bərqərar olmuş ölkələrdə sosial, siyasi, milli, dini ziddiyyətlərin və çəkişmələrin tüğyan etdiyi bir dövrdə AXC millətlərarası və dinlərarası sülhün və dialoqun məhsuldar oazisi idi. Ksenofobiya, etnik-milli dözümsüzlük və onların doğurduğu milli münaqişələr, qırğınlar, deportasiyalar, qaçqınlıq və digər sosial təlatümlər təkcə müstəqillik əldə etmiş dövlətlərdə deyil, elə Avropanın oturuşmuş ölkələrində belə adi hala çevrilmişdi. Elə qonşu Ermənistanda hazırda mövcud olan monoetnik, ksenofob cəmiyyətin yaradılması istiqamətində ilk addımlar məhz 1918-ci ildə Ararat Respublikasının yaradılması ilə və hətta ondan əvvəl atılmış, yüz minlərlə qeyri-erməni öldürülmüş və deportasiya edilmiş, bununla da Daşnaksütyun partiyasının və digər erməni siyasi qüvvələrinin əsrlərlə işləyib hazırladıqları "Türksüz Ermənistan” layihəsinin əməli gerçəkləşdirilməsinə başlanılmışdı. Halbuki, Ararat Respublikasının yaranmasına qədər bu dövlətin təşkil olunduğu İrəvan quberniyasının və 1921-ci ildə Sovet Rusiyasının Ermənistana "peşkəş etdiyi” Zəngəzur qəzasının əhalisinin əksəriyyətini Azərbaycan türkləri təşkil edirdilər. Əslində 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində törədilmiş türk-müsəlman soyqırımları da elə bu layihənin tərkib hissəsi idi.
Cümhuriyyət hakimiyyəti ölkədə mövcud olan dini-etnik sabitliyi qoruyub saxlamaqla yanaşı, multikultural birgəyaşayışın modern normalarını da yaradırdı. Əslində həmin dövrdə Azərbaycan hökumətinin və parlamentinin qəbul etdiyi bütün normativ hüquqi aktlar, qanun və qərarlar bu vəzifələrin həyata keçirilməsinə hesablanırdı. Nəticədə hüquq və azadlıqların təmin edilmə səviyyəsinə görə AXC mübaliğəsiz olaraq dövrün demokratiya siyahısında ön sıralarda adı çəkilən bir çox dövlətlərdən daha öndə idi. Ermənistandan fərqli olaraq Azərbaycan hökuməti ermənilər də daxil olmaqla digər millətlərə qarşı hər hansı ayrı-seçkilik hərəkətlərinə imkan verməmiş, əksinə, milliyyətindən, dinindən, sosial, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına bərabər hüquqlar vermişdir.
AXC-nin dünya fikrində və hüquq praktikasında ən mühüm məziyyətlərindən biri qadın hüquqları məsələsinin ictimai müzakirələrdən əməli müstəviyə keçirilməsi təşəbbüsü ilə bağlıdır. AXC-nin yaradılması haqqında "İstiqlal Bəyannaməsi”nin IV maddəsində millət və cins fərqi qoyulmadan bütün vətəndaşların bərabərlik hüququ təsbit edilmişdi.
Azərbaycan qadını artıq öz sosial-siyasi statusunu, cəmiyyətdəki mövqeyini başa düşməyə başlayırdı. Yeri gəlmişkən, islam dünyasında məhz ilk dəfə AXC dövründə çoxarvadlılığın ləğv edilməsi haqqında məsələ ictimai müzakirəyə çıxarılmışdı. Düzdür, o zaman bu problemi real həll etmək mümkün olmasa da, hər halda problemin qabardılması faktı Azərbaycan cəmiyyətinin elitar təbəqəsini bu məsələnin necə ciddi narahat etdiyini göstərirdi.
Bütövlükdə Azərbaycan Cümhuriyyətinin gender bərabərliyinin təmin olunması sahəsində götürdüyü xətt Azərbaycanın ümumbəşəri dəyərlərə sadiqliyini nümayiş etdirdi. Maraqlıdır ki, sovet sistemi AXC-nin bir çox demokratik dəyərlərindən imtina etsə də, qadın siyasəti sahəsində həyata keçirmək istədiyi prinsipləri yeni şəraitdə davam etdirmiş, xüsusən də 20-30-cu illərdə inzibati metodlar hesabına olsa belə, qadınların savadlanması, istehsala cəlb edilməsi, hüquq və azadlıqlarının təmin edilməsi istiqamətlərində mütərəqqi nəticələrə nail olmuşdur.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin ilyarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi.
1991-ci ildə yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan Respublikası özünü AXC-nin siyasi varisi elan etməklə, həm də onun dəyərlərinə və ənənələrinə sadiqliyini bəyan etdi. Cümhuriyyətin atributlarını bərpa edən müasir Azərbaycan Respublikası ölkədə hüquqi, demokratik dövlət quruculuğunu həyata keçirərkən milli tarixi dəyərlərə, o cümlədən ilk cümhuriyyətin modern dövlətçilik prinsiplərinə söykənir.

Kamran İSMAYILOV,
Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video