25 Sentyabr 2018 01:11
632
Mədəniyyət
A- A+

Musiqi sənətimizin əfsanəsi



Arif Məlikov ilk əsərlərini bəstələyəndə Azərbaycan musiqi sənətinin coşqun yüksəlişi, böyük inkişaf dövrü idi. Dahi Üzeyir bəy Hacıbəylinin başladığı möhtəşəm yol qüdrətli sənətkarlar tərəfindən davam etdirilirdi. Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov Azərbaycan bəstəkarlıq sənətini yeni zirvələrə aparırdılar. Arif Məlikov belə bir zamanda qəlbindəki sonsuz arzular, musiqiyə bitib-tükənməz sevgi ilə başladı sənət yoluna...
1933-cü il 13 sentyabrda Bakıda dünyaya göz açan Arif Məlikov uşaqlıqdan həm musiqiyə, həm də rəssamlığa meyil göstərirdi. Rəssamlıq texnikumuna daxil olmaq fikrinə düşsə də, musiqiyə marağı önə keçdi. Ancaq rəssamlığa sevgisi, həvəsi də heç zaman azalmadı. Bəstəkar olmaqla bərabər, o həm də çox gözəl rəssamdır.
Sənət yolu kimi isə musiqini seçdi. 1948-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun tar sinfinə daxil oldu. Texnikumda təhsil alarkən bəstəkarlığa həvəs göstərdi. Bu istəklə 1953-cü ildə Üzeyir bəy Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil oldu, Qara Qarayevin sinfində oxumağa başladı. Məsuliyyətli tələbə idi. Müəlliminin dərslərinə, tapşırıqlarına, tövsiyələrinə ciddi şəkildə əməl edirdi.
Tələbəlik illəri yaddaşında yalnız şirin xatirələrlə qalmadı. O illər həm də bəstəkarlıq sənətində ilk uğurları ilə unudulmaz oldu. Hələ birinci kursda oxuyarkən musiqi əsərləri yazdı. 1957-ci ildə bəstələdiyi "Nağıl” simfonik poeması böyük əks-səda doğurdu. Gənc tələbənin bu əsəri konservatoriya səhnəsində səsləndirildi. O gün "Nağıl”ı dinləyənlər Azərbaycan musiqi mədəniyyətinə yeni istedadlı bəstəkarın gəldiyinə əmin oldular.
Çox keçmədi ki, onun süitaları, simfonik poemaları görkəmli dirijorların iştirakı ilə əvvəlcə Bakıda, sonra Moskvada musiqisevərlərə təqdim olundu.


Dünya səhnələrini fəth edən əsər


Bəstəkarın şah əsərinin - "Məhəbbət əfsanəsi”nin şöhrəti dünyanı dolaşanda da o, çox gənc idi. 1961-ci ilin baharında Leninqrad (indi Sankt-Peterburq) Dövlət Opera və Balet Teatrında "Məhəbbət əfsanəsi” baleti tamaşaya qoyulanda 28 yaşı vardı. Arif Məlikovun böyük türk şairi və dramaturqu Nazim Hikmətin "Məhəbbət əfsanəsi” pyesi əsasında bəstələdiyi eyniadlı baletinin ilk dirijoru maestro Niyazi oldu.
"Məhəbbət əfsanəsi”nin uğuru elə premyerasından başladı. Əsər musiqi tarixində yeni mərhələ kimi dəyərləndirildi. Baleti yüksək qiymətləndirən Dmitri Şostakoviç yazırdı: "Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir. Partituranın dərin musiqi dramaturgiyası, onun daxili inkişafı, qəhrəmanların musiqi səciyyələrinin dəqiqliyi və ifadəliyi, orkestrovkada nadir ustalıq, onun xüsusi rəngarəngliyi, çoxlu tapıntılar bu gözəl musiqi əsərini böyük maraqla dinləməyi məcbur edir”.
Tamaşaya baxdıqdan sonra Nazim Hikmət hislərini belə ifadə etdi: "Arif Məlikov mənə deyəndə ki "Məhəbbət əfsanəsi” baleti yazmaq istəyirəm, həmin gün çox şad oldum. Bu gün gördüklərim təsdiqlədi ki, mən nahaq yerə sevinməmişəm. Bir daha əmin oldum ki, balet muzey incəsənəti deyil, bu, müasir incəsənətdir. Mən çox həyəcanlanırdım ki, səhnədə Şərq necə görünəcək. Arif Məlikov baletdə Şərq adamına müasir insanın dünyabaxışı ilə baxıb. Buna görə də əsərdə "şirin” Şərq, "Əlibaba və qırx quldur” nağılından əsər-əlamət yoxdur. Və bu da yeni baleti çox teatr tamaşalarından fərqləndirib”.
Yarım əsrə yaxındır "Məhəbbət əfsanəsi” dünya səhnələrini fəth edir. Balet dünyanın 26 ölkəsində 100-dən çox teatrın səhnəsində müvəffəqiyyətlə tamaşaya qoyulub. Rusiyanın möhtəşəm sənət məbədi sayılan Böyük Teatr 45 il müntəzəm olaraq öz repertuarında bu baletə xüsusi yer ayırıb.
Ümumiyyətlə, Arif Məlikovun yaradıcılığına maraq böyükdür. Onun musiqiləri uzun illərdir ki, dünyanın bir çox ölkələrində - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Bolqarıstan, Rumıniya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunur. Müxtəlif ölkələrin konsert salonlarında və festivallarda səsləndirilən əsərləri hər dəfə musiqisevərlər tərəfindən sevgi ilə, heyranlıqla qarşılanır, müəllifinə şöhrət gətirir.


Yenilik axtarışlarında...


1960-cı illərdə bütün müasir dünya bəstəkarlarının yenilik axtarışlarına Arif Məlikov da qoşuldu. Bu axtarışların ilk bəhrəsi "Metamorfozlar” simfonik poeması oldu.
İllər istedadlı olduğu qədər də zəhmətsevər bəstəkarın sənət taleyinə yeni-yeni uğurlar yazaraq keçdi. "Məhəbbət əfsanəsi”, "Yer üzündə iki nəfər”, "Əlibaba və qırx quldur”, "Ölümdən güclü”, "İki ürək dastanı”, "Yusif və Züleyxa” baletlərini yaratdı. Digər əsərləri - "Nağıl”, "Füzuli”, "Metamorfozlar”, "Axırıncı aşırım”, "Qəhrəmani” simfonik poemaları, səs və simfonik orkestr üçün "Azərbaycan” balladası, 7 saylı simfoniya, Nazim Hikmətin sözlərinə 2 vokal silsilə və başqa əsərləri bəstəkarlıq şöhrətini zirvədən-zirzəyə apardı.
Arif Məlikovun yaradıcılığında kinofilmlərə və teatr tamaşalarına yazdığı musiqilər də diqqətəlayiq yer tutur. Onun "Sehrli xalat”, "Ulduzlar sönmür”, "Qərib cinlər diyarında”, "Rüstəm və Söhrab”, "Axırıncı aşırım” və digər filmlərə, "Natəvan” və "Atabəylər” tamaşalarına yazdığı musiqilər həmin ekran və səhnə əsərlərinin tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmasında mühüm rol oynadı.
Bəstəkar həm də 50-yə yaxın mahnının müəllifidir. Xalq artistləri Rəşid Behbudov, Şövkət Ələkbərova, Zeynəb Xanlarova və digər məşhurların oxuduqları bu nəğmələr dillər əzbəridir.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında gördüyü əhəmiyyətli işlərdən danışarkən onun pedaqoji fəaliyyəti də xüsusi qeyd olunmalıdır. 1960-ci ildən, Üzeyir bəy Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indi Bakı Musiqi Akademiyası) Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirdiyi ildən həmin təhsil ocağında dərs deməyə başladı. Uzun illərdir Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasına rəhbərlik edir. Tələbələrinin əksəriyyəti ondan öyrəndikləri ənənələri ləyaqətlə davam etdirirlər. Arif Məlikov 1979-cu ildə professor adına layiq görülüb. 2001-ci ildən o, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür.


Azərbaycanın musiqi mədəniyyətini təbliğ edən bəstəkar


Yaradıcılığı hər zaman diqqət mərkəzində olub. Parlaq istedadı ona yüksək mükafatlar qazandırdı. Müstəqil Azərbaycanın ən ali təltiflərinə - "Heydər Əliyev” və "İstiqlal” ordenlərinə layiq görülmüş Arif Məlikov ömrünün 85-ci ilində Prezidentin sərəncamı ilə musiqi mədəniyyətimizin inkişafında xidmətlərinə görə "Şöhrət” ordeni ilə təltif edildi. Azərbaycanın və SSRİ-nin xalq artisti Arif Məlikovu 85 illiyi münasibətilə təbrik edən Prezident İlham Əliyev onun böyük xidmətlərini xüsusi qeyd etdi. Təbrik məktubunda Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsinin geniş diapazonlu rəngarəng yaradıcılığı müasir musiqi mədəniyyətimizin parlaq hadisələrindən biri kimi dəyərləndirildi. Bildirildi ki, Qara Qarayev məktəbinin layiqli davamçısı kimi Arif Məlikov xalq musiqisi ənənələri və dünya klassik irsini müasir musiqi formaları ilə uğurlu şəkildə birləşdirərək meydana gətirdiyi çoxsaylı sənət nümunələri ilə musiqi salnaməmizin daha da zənginləşməsində və ölkə mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərib.
Dövlət başçısının təbrik məktubunda Arif Məlikovun gənclərin hamisi və mahir pedaqoq olaraq Bakı Musiqi Akademiyasının professoru və Bəstəkarlıq kafedrasının müdiri kimi zəngin təcrübəsindən bəhrələnən istedadlı musiqiçilər nəslinin yetişdirilməsində uzun illərdən bəri böyük xidmətlər göstərdiyi də qeyd olunub.
Görkəmli bəstəkar bu gün də Azərbaycan musiqi mədəniyyətinə zəngin və çoxsahəli yaradıcılığı ilə misilsiz xidmət göstərir. "Məhəbbət əfsanəsi”, "Yer üzündə iki nəfər”, "İki qəlbin dastanı” baletləri və digər əsərləri təkcə Arif Məlikovun yaradıcılıq uğuru sayılmır, eyni zamanda onların hər biri zəngin musiqi mədəniyyətimizin nailiyyətidir.
Onun müxtəlif janrlardan, klassik və müasir musiqi üslublarından istifadə edərək yazdığı dəyərli əsərlərdə müəllifin milli köklərə bağlılığı əksini tapıb. Arif Məlikov əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin ən yeni, qabaqcıl nailiyyətləri ilə birləşdirə bilib. Üzeyir Hacıbəyli ənənələrini davam və inkişaf etdirən, Qara Qarayevdən dərs alan, Dmitri Şostakoviçin və dünya musiqisinin qabaqcıl nümayəndələrinin nailiyyətlərini öyrənən bəstəkar Arif Məlikov özünəməxsus yaradıcılıq üslubunu yaratmağa müvəffəq olub. Azərbaycan musiqi sənətində onun öz yolu, öz məktəbi var. Həm də elə bir yol, elə bir məktəb ki, neçə-neçə əsrlər gəlib keçsə də, hər zaman qalacaq.
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələri arasında öz dəsti-xətti olan Arif Məlikovun musiqilərini bundan sonra da dünyanın müxtəlif ölkələrində sevə-sevə ifa edəcəklər. Bu əsərlər səsləndikcə yalnız müəllifinə deyil, bütövlükdə məmləkətinə şöhrət qazandıracaq. Çünki dünyanın hansı ölkəsində səsləndirilirsə-səsləndirilsin, Arif Məlikovun əsərləri vətənini, millətini, onun bənzərsiz musiqi mədəniyyətini təbliğ və tərənnüm edir.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video