25 Sentyabr 2018 01:10
2084
Təhsil
A- A+

Yurd nisgilli olsalar da...


Bu il ali məktəb auditoriyalarının qapısını ilk dəfə açanlardan 3303-ü məcburi köçkün ailələrindən olan gənclərdir


Ulu öndər Heydər Əliyev ölkənin inkişafında vacib rol oynayan faktorlar içərisində təhsili birinci sırada qeyd edərək demişdir: "Təhsil millətin gələcəyidir”.
Məhz buna görə də "Təhsil haqqında” qanunda göstərilir ki, bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkan yaradılır. Cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq ölkənin hər bir vətəndaşına təhsil almaq imkanı yaradılıb və heç bir ayrı-seçkiliyə yol verilmir.
Ölkə əhalisinin bir milyondan artıq vətəndaşı isə doğma yurdundan məcburi şəkildə didərgin düşmüş insanlardır ki, onlar da dövlət tərəfindən diqqət və qayğı ilə tam əhatə olunublar. Prezident İlham Əliyevin məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair imzaladığı sərəncamlar əsasında yaradılan şərait də bunun təsdiqidir. Həmin qayğını yalnız bu qəbildən olan insanlar yox, bütün ölkə ictimaiyyəti yüksək dəyərləndirir.
Xatırladaq ki, işğal nəticəsində qaçqın və məcburi köçkünə çevrilən insanların üzləşdiyi sosial-məişət və digər problemlərin həlli istiqamətində atılan ilk addımlar ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Doğma yurdlarından didərgin salınmış bir milyondan artıq soydaşımız məhz ulu öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dövlət qayğısı ilə əhatə olundu, onların üzləşdiyi sosial problemlər tədricən öz həllini tapmağa başladı.
Məhz dövlətin diqqət və qayğısının nəticəsidir ki, ötən illərdə olduğu kimi, yeni dərs ilində də ali məktəblərin qapısını ilk açan məzunlardan 3303 nəfəri məcburi köçkün ailələrindəndir. Ata-baba yurdları Ermənistanın təcavüzü nəticəsində 30 ilə yaxındır ki, işğal altında qalan ərazilərin maddi sərvətlərinin məhv edilməsi artıq beynəlxalq birliyə çoxdan məlumdur. Lakin o yerlərin mənəvi sərvətlərinin illərdir ki, qorunub saxlanması, gələcək nəsillərə çatdırılması çox vacib məsələlərdəndir. Onlardan biri də təhsildir. Tarixən bölgələrdə təhsilə, elmə daha çox maraq olub.
Bugünkü tələbələrin ixtisas seçimində də diqqətçəkən məqamlar az deyil. Qəbul imtahanlarından yüksək bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsini seçən Cəmilə Nəcəfzadə dövlətin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsillə bağlı yürütdükləri humanitar siyasətin real nəticələrindən bəhrələndiklərini deyir və buna görə də təşəkkürünü bildirir: "Xalqımızın, o cümlədən məcburi köçkünlərin hüquqlarının qorunması istər dövlət başçısı İlham Əliyevin, istərsə də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yürütdüyü siyasətin əsasını təşkil edir. Ölkə vətəndaşı azad, demokratik cəmiyyət quruculuğunun iştirakçısı olduğu kimi, eyni zamanda hüquq və vəzifə borclarını da bilməli və yerinə yetirməlidir. Biz gənclər elmin sirlərinə bələd olmaq üçün ölkəmizdə yaradılmış münbit şəraitə görə dövlətimizin başçısına minnətdarıq. Həmin siyasəti dəstəkləyir və hüquqi dövlət quruculuğu prosesindəki fəallığımızı artırmalıyıq. Bu yolda təhsil əsas prioritetlərdəndir”.
Roza Sadıqzadə kəlbəcərli məcburi köçkün ailəsində dünyaya gəlib. Orta məktəbi bu il Gəncədə bitirib. Sınaq imtahanlarında həmişə yüksək göstəricilər əldə edib. Ali məktəblərə qəbul imtahanı onun üçün həm də həyat sınağı idi. O bu sınaqdan da alnıaçıq-üzüağ çıxıb: 572 bal toplayaraq arzusuna qovuşub. Yeni dərs ilinin Bilik Günü Gəncə Dövlət Universiteti Tarix-coğrafiya fakültəsinin tələbələri arasında özünü xoşbəxt sanacaq. Belə xoşbəxtliyi yaşayanlar arasında Gəncə Dövlət Universitetinin Ümumi tarix fakültəsinə daxil olan Orxan İsmayıllı ilə həmin ali təhsil müəssisəsinin riyaziyyat fakültəsini seçən Ruslan Əhmədov da var.
Builki məcburi köçkün məzunlardan Vəliyev Rüfət Hafiz oğlu 613 balla Azərbaycan Dövlətçilik Akademiyasının, İsmayılova Pərvanə Fəxrəddin qızı isə 621 balla Azərbaycan Tibb Universitetinin, Babayeva Türkanə Qoşqar qızı 597 balla Bakı Dövlət Universitetinin tələbəsi adına layiq görülüblər. Həmçinin Əkbərova Nuranə Fazil qızı (458 balla) Azərbaycan Dillər Universitetinə, Rüstəmov Rəhim Edil oğlu (431 bal) Azərbaycan Dillər Universitetinə, Hüseynov Məhəbbət İnşallah oğlu (567 bal), Əmraliyeva Aygün Şahlar qızı (461 bal) və Məşədhəsənov Təbriz Əliyar oğlu Gəncə Dövlət Universitetinə, Cəfərov Elsevər Mübariz oğlu isə (432 bal) İdman Akademiyasına daxil olmuşlar.
Dövlətin qayğısı heç zaman yerlərdə və ictimaiyyət arasında reaksiyasız olmur. Bu, ərazisi işğal olunmuş rayonlardan 2018-ci ildə ali məktəblərə qəbul olunan abituriyentlər haqqında məlumatda da öz əksini tapır. Belə ki, bu il Ağdam rayonunun məzunlarından 577 nəfər respublikanın nüfuzlu ali məktəblərinin tələbəsi adına layiq görülüb. Bu rəqəm kəlbəcərli məzunlarda 566, Laçında 549, Füzulidə 504, Cəbrayılda 369, Qubadlıda 285, Zəngilanda 284, Xocavənddə 65, Şuşa məktəbliləri arasında 63, Xocalıda isə 41 olub.
Yüksək nəticələr əldə edib ali məktəb auditoriyalarının qapılarını açan builki məzunlar onu da unutmamalıdırlar ki, dövlətin qayğısı yalnız onların təhsilə cəlb olunması deyil, eyni zamanda digər bir sıra sosial imtiyazlarla həyat şəraitlərinin yaxşılaşdırılmasıdır. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncamının müvafiq bəndinə əsasən, özəl müəssisələrin, ali və orta ixtisas təhsili məktəblərinin rəhbərlərinə tövsiyə olunmuşdur ki, qaçqın və məcburi köçkünlərin işlə təmin olunması və təhsil haqqının ödənilməsində güzəştlərin verilməsi məsələlərində onlara lazımi kömək etsinlər.
Azərbaycan Prezidentinin 2003-cü il 4 avqust tarixli sərəncamına əsasən isə dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqını ödəməkdən azaddırlar. Orta ümumtəhsil məktəblərində təhsil alan məcburi köçkün şagirdlər isə dərsliklərlə pulsuz təmin olunurlar.
Bütün bunlardan sonra bir daha xatırlatmaq yerinə düşərdi ki, təhsil xalqımızı işıqlı sabaha aparan yoldur. O yolun yolçuları isə yetişməkdə olan gənc nəsildir. Bu gün təhsilə dövlət qayğısı məcburi köçkünlərimizin həyatında da özünü göstərməkdədir.

Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video