25 Sentyabr 2018 01:08
1192
Səhiyyə
A- A+

Uşaqların sağlamlığına dövlət qayğısı artır


Ölkəmizdə uşaqların sağlam böyüməsi Azərbaycan dövlətinin prioritet istiqamətlərindəndir. Çünki Azərbaycanın gələcəyi sabahın gəncləri hesab olunan bugünün fidan balalarının əlində olacaqdır. Ölkəmizdə uşaqlara yüksək qayğının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər yeni nəslin sağlam böyüməsini dövlətin və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqətdə saxlamışdır. Hələ ötən əsrin 70-ci illərindən uşaqların sağlamlığına xüsusi qayğı göstərən dahi şəxsiyyət onların ailələrinə gərəkli, cəmiyyətə və vətənə layiqli olmasına çalışmışdır. Şəhər, rayon və kəndlərdə uşaqların tibbi profilaktikası, müayinəsi, sağlamlıqlarına qayğı daim gündəmdə olmuşdur. Uşaq bağçaları və uşaq evləri tikilmiş, azyaşlıların analarına xüsusi imtiyazlar verilmiş, digər tədbirlər həyata keçirilmişdir.
Uşaqların sağlam böyümələrinə qayğı göstərilməsi bu gün Azərbaycan Prezidenti tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərinin 2018-ci il 9 avqust tarixli sərəncamı ilə "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Sənəddə vurğulanır ki, bu dövlət proqramı "Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 aprel tarixli fərmanının icrası ilə əlaqədar tərtib edilərək həyata keçirilmiş "2013-2017-ci illər üçün uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın davamı olaraq hazırlanıb.
Dövlət proqramında məqsəd qarşıdakı illər ərzində uşaqlar arasında xəstələnmə və ölüm göstəricilərinin daha da azaldılmasına nail olmaqdan, onların sağlamlığını, xoşbəxt gələcəyini təmin etməkdən ibarətdir. Mütəxəssislərin fikrincə, dövlət proqramı bu xidmət sahəsində böyük dönüşə, irəliləyişə səbəb olacaq.
Azərbaycan Prezidentinin 2013-cü il 10 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2013-2017-ci illər üçün uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” çərçivəsində uşaqlara tibbi yardım göstərən xəstəxanaların maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir avadanlıqla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, kadrların peşə səviyyəsinin artırılması və əhali arasında geniş maarifləndirmə işinin aparılması istiqamətlərində mühüm addımlar atılıb. Həyata keçirilən tədbirlər uşaqlar arasında xəstələnmənin, sağlamlıq imkanları məhdudluğunun və ölümün səviyyəsinin azaldılmasına səbəb olub.
Ötən dövr ərzində icbari dispanserizasiyadan keçmiş uşaqların registrinin yaradılması üçün proqram təminatı modulu hazırlanaraq ölkə üzrə bütün ambulator xidməti göstərən tibb müəssisələrində tətbiq edilib.
Dövlət proqramı çərçivəsində "hər il ölkə üzrə uşaqların 95 faizdən çoxu tibbi müayinədən keçirilib, aparılan müayinələr nəticəsində xəstəlik aşkar edilmiş uşaqlar dispanser qeydiyyatına alınıb, onların arasında müalicə-sağlamlaşdırıcı tədbirlər həyata keçirilib. Bu tədbirlər nəticəsində onların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunub” - deyə sənəddə bildirilir.
Dövlət proqramında qeyd edilir ki, bununla belə, respublikada uşaqların sağlamlığının qorunması sahəsində görülən işlərin həcminin və keyfiyyətinin artırılmasına ehtiyac var. Dövlət proqramı uşaq xəstəliklərinin erkən aşkar edilməsinə, uşaqlar arasında yayılan patologiyaların profilaktikasına, uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına, dispanserizasiyanın nəticələrinin təhlili əsasında vaxtında müalicə-sağlamlaşdırıcı tədbirlərin görülməsinə, uşaq ölümünün azaldılmasına, uşaqların icbari dispanserizasiyasını həyata keçirən dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, laborator müayinələri aparmaq üçün diaqnostik avadanlıqlarla və reaktivlərlə təchiz edilməsinə, kadrların təkmilləşdirilməsinə yönəldilmiş tədbirlərin daha geniş miqyasda həyata keçirilməsini və əhali arasında maarifləndirmə işlərinin səmərəliliyinin artırılmasını nəzərdə tutur.
Sözügedən dövlət proqramının təsdiq edilməsinin böyük əhəmiyyətə malik olduğunu bildirən tibb elmləri doktoru, professor, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev mətbuata açıqlamasında bildirir ki, bu sənəd həmin sahəyə böyük töhfədir: "Hər kəsə məlumdur ki, ana və uşaqların mühafizəsi işi Azərbaycan dövlətinin, səhiyyəsinin daim diqqət yetirdiyi sahədir. Xüsusən də 2006-cı ildən Səhiyyə Nazirliyi kollegiyasında ana və uşaqların mühafizəsi səhiyyənin prioriteti kimi təsdiq olunub və bu günə qədər də prioritet olaraq qalmaqdadır. Azərbaycan dövləti tərəfindən həyata keçirilən həm həcminə, həm əhatəsinə görə tutumlu sənədlərdən biri "Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunudur ki, bu sənəd Prezident İlham Əliyevin sərəncamına əsasən 2013-cü il aprelin 10-dan qüvvədədir. Uşaqların icbari dispanserizasiyası Azərbaycanda yeni doğulandan 18 yaşa qədər olan bütün uşaqları əhatə edir. Bu qanun 2013-cü ildə qəbul edildikdən bir neçə ay sonra, yəni həmin ilin dekabr ayında onun reallaşması üçün uşaqların icbari dispanserizasiyadan keçirilməsi barədə birinci Dövlət Proqramı qəbul edilib. Bu dövlət proqramı 2013-2017-ci illəri əhatə edir. Beş ili nəzərdə tutan "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması həmin qanunun icrasına çox böyük dəstəkdir. Bir faktı xüsusi vurğulamaq istəyirəm ki, "Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının qanunu nəinki bizi əhatə edən qonşu ölkələrdə, hətta dünyanın ən inkişaf etmiş ölkələrində belə yoxdur. Bu sənəd Azərbaycanın 2 milyondan artıq uşaq əhalisini əhatə edir. Dövlət proqramının da məqsədi qarşıdakı illər ərzində yenə uşaqlar arasında xəstələnmə və ölüm göstəricilərinin daha da azaldılmasına nail olmaqdan, onların sağlamlığını, xoşbəxt gələcəyini təmin etməkdən ibarətdir. Hesab edirəm ki, dövlət proqramının bu xidmət sahəsində çox böyük əhəmiyyəti var”.
Görünən odur ki, hazırda ölkəmizdə uşaqların sağlamlığına qayğı məsələsi olduqca aktualdır. Mütəxəssislərin fikrincə, "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” Azərbaycanda kisik yaşlıların sağlam böyümələrinə xüsusi şərait yaradacaqdır.

Rəhman SALMANLI,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video