24 Sentyabr 2018 20:40
880
PARLAMENT
A- A+

Parlamentin əmək və sosial siyasət komitəsinin iclasında bir sıra qanun layihələrinə baxılıb


Sentyabrın 24-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin 2018-ci il payız sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Hadi Rəcəbli Milli Məclisin 2018-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən təşkilati işlər barədə məlumat verib. Qeyd olunub ki, komitənin iclaslarında 33 qanun layihəsi müzakirə edilib. Hesabat dövründə komitəyə 648 sənəd daxil olub, onlardan 529-u ərizədir.

Əvvəlcə "İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanun layihəsinə baxılıb.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə yüz manat məbləğində cərimə tətbiq edilir. Tütün məmulatlarının ətraf mühitə atılmasına görə əlli manat məbləğində cərimə nəzərdə tutulur. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimələnəcək.

"Tütün və tütün məmulatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə görə sənədin 1.0.4-cü maddəsi yeni redaksiyada veriləcək. Həmin maddədə deyilir: "tütün məlumatı-tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkoid, o cümlədən konserogen maddələr olan və nikotinə aludəçilik yaradan məhsul (siqaret, popiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və s.)”. Qanun layihəsinə əsasən tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb edə bilər.

"Televiziya və radio yayımı haqqında” Qanunda ediləcək dəyişikliklərə əsasən sənədə "tütün məmulatlarını və tütün istifadəsi prosesini nümayiş etdirməmək, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərləri, tamaşaları, proqramları efirdə, kabel yayımı vasitəsilə açıq yayımlamamaq” məzmunlu 40.2.2-1-ci və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq teleradio yayımçıları tütündən istifadənin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə müvafiq icra hakimiyyəti orqanlarının, elm müəssisələrinin və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlər hazırlayır və bu mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırırlar. Bu verilişlərin 45 dəqiqəsi saat 17.30-23.00 arasında olmaqla, saat 08.00-23.00 arasında yayımlanır və verilişlərin surəti hər ay Milli Televiziya və Radio Şurasına təhvil verilir.” məzmunlu 40.3-cu maddələr əlavə edilir.

Qeyd olunub ki, "Televiziya və radio yayımı haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklər "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanuna uyğunlaşdırılma məqsədi daşıyır.

"İctimai televiziya və radio yayımı haqqında” Qanunda edilməsi nəzərdə tutulan dəyişikliklərə əsasən sənədə "tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsilə açıq yayımlanmaması.” məzmunlu 7.0.10-cu maddə əlavə olunacaq. Qanun layihəsinə görə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ictimai yayımçı tütündən istifadənin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə müvafiq icra hakimiyyəti orqanlarının, elm müəssisələrinin və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlər hazırlamalı və bu mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırmalıdır. Bu verilişlərin 45 dəqiqəsi saat 17.30-23.00 arasında olmaqla saat 08.00-23.00 arasında yayımlanmalı və verilişlərin surəti hər ay Milli Televiziya və Radio Şurasına təhvil verilməlidir.

Azərbaycan Respublikası əhalisinin sağlamlının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarının azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun qəbul edilib. Bu Qanunun 9.1.1-ci maddəsinə görə ayrı-ayrı ərazilərdə, binalarda və obyektlərdə tütün çəkilməsinə qadağa qoyulur. Həmin Qanuna uyğunlaşdırılma məqsədilə 1994-cü il 23 sentyabr tarixli Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsi”ndə və 1994-cü il 23 sentyabr tarixli Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə bəzi dəyişikliklər ediləcək.
İclasda "Torpaq bazarı haqqında” və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihəsinə də baxılıb.
Həmçinin "Bədən tərbiyəsi və idman haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunub.
Deputatlar gündəlikdəki məsələlərlə bağlı fikir və təkliflərini səsləndiriblər. Bütün qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video