24 Sentyabr 2018 14:22
416
CƏMİYYƏT
A- A+

“ADEX” sərgisinə göstərilən maraq Azərbaycanın regiondakı mühüm strateji əhəmiyyətini bir daha təsdiq edir


Sentyabrın 25-dən 27-dək Bakıda keçiriləcək 3-cü "ADEX-2018” Azərbaycan Beynəlxalq Müdafiə sərgisi regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, müasir silah və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir.

AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 24-də sərginin açılışına həsr olunmuş mətbuat konfransında Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev məlumat verib.

Y.Musayev bildirib ki, sərgi Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü, Müdafiə Nazirliyinin dəstəyi və "Caspian Event Organisers” (CEO) şirkətinin təşkilatçılığı ilə həyata keçirilir.

Diqqətə çatdırılıb ki, "ADEX-2018” sərgisi dünyanın 29 ölkəsini təmsil edən 224 şirkəti bir araya gətirib. Sərgidə Azərbaycan, Belarus, Çin, Fransa, İsrail, Pakistan, İran, Rusiya, Serbiya, Türkiyə və Ukraynanın aparıcı şirkətlərindən ibarət 11 stendin iştirakı nəzərdə tutulub. Sərginin iştirakçıları olan bir sıra ölkələr əvvəlki illərlə müqayisədə milli ekspozisiyalarının sahəsini böyüdüblər. Təmsil olunan şirkətlərin sayının çoxluğuna görə ilk dördlüyə Türkiyə (41 şirkət), Rusiya (25 şirkət), İsrail (14 şirkət) və Belarus (10 şirkət) daxildir. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir. "ADEX-2018” sərgisinin qeydiyyat sponsoru qismində isə Türkiyənin Müdafiə Sənayesi Nazirliyi çıxış edir.

Sərginin fəal iştirakçıları kimi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, eləcə də nazirliyin nəzdindəki istehsalat birlikləri və zavodlar, o cümlədən ANAMA agentliyi əsas rol oynayıb. Burada peşəkarlar ölkənin müdafiə sənayesinin yenilikləri, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcud və inkişaf edən potensialı ilə yaxından tanış ola bilmək şansı əldə edəcək. Bundan başqa, bu il Azərbaycandan "Caspian Ship Building Company”, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP), "Vitta” Elmi-texniki şirkəti və Hərbi Hava Qüvvələrinin silah və zirehli texnikaya texniki baxış üzrə servis mərkəzi sərgidə ilk dəfə çıxış edəcək.

Sərgiyə mətbuat nümayəndələri də böyük maraq göstərib. Belə ki, "ADEX-2018” sərgisinə 18 ölkədən 62 aparıcı beynəlxalq və yerli xüsusi media - jurnallar, saytlar, xəbər agentlikləri informasiya dəstəyi göstərib. Ümumilikdə, sərgi üçün 100-dən artıq mətbuat nümayəndəsi akkreditasiyadan keçib.

Bildirilib ki, Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq meydançasını əhatə edən sərgi ərazi baxımından 10 faizlik artım nümayiş etdirib. Beləliklə, "ADEX-2018” sərgisində Hava Hücumundan Müdafiə (HHM) və Raket Əleyhinə Müdafiə (RƏM) sistemləri, hərbi gəmiqayırma, silah sistemlərinin hazırlanması və modernləşdirilməsi, hərbi-elmi tədqiqat, PUA sistemləri, robot-texniki kompleksləri, atıcı silahlar, döyüş sursatları və təchizatları, demilitarizasiya sistemləri, raket və artilleriya silahları, reaktiv yaylım atəşi sistemi (RYAS), optik-elektron və lazer texnikası, zirehli texnika, sualtı qayıqlar, Hərbi Dəniz Qüvvələrinin (HDQ) kibertəhlükəsizliyi, radioelektron müharibə və komandanlıq, idarəetmə, rabitə, kompüter, kəşfiyyat, müşahidə və məlumattoplama (C4ISR) sistemləri, hərbi dəmir yolu qüvvələrinin texnika və avadanlıqları, silahların istehsalı, təmiri və utilizasiyası üzrə texnologiya və avadanlıqlar, eləcə də digər sektorların sərgidə təqdimatı nəzərdə tutulub. "Aselsan”, "CETC”, "Damen”, "MBDA”, "Norinco”, "IAI”, "Roketsan”, "Rosoboronexport”, "Thales” və digər şirkətlərin hərbi texnika nümayişi ilə çıxışı nəzərdə tutulub. Bu il digər sektorlar ilə yanaşı, hərbi-aviasiya sənayesi sektoru da geniş təqdim olunub və bu sektorda "MİQ” ("МИГ”), "TUSAŞ”, "Leonardo”, "ОАК”, "Motor Siç”, "Rusiya Vertolyotları” və "Aeronautics Group” kimi dünyaca məşhur korporasiya və şirkətlər iştirak edir.

Sərginin açıq meydançası da ayrıca diqqətə layiqdir. Belə ki, burada müxtəlif dünya ölkələrinin şirkətləri təmsil olunur. Sərginin açıq meydançasında silahlar, hərbi və xüsusi təyinatlı texnika, maddi-texniki təchizat vasitələri, eləcə də ordunun gündəlik fəaliyyəti və hərbi qulluqçuların məişət təminatı üçün olan vasitələrdən ibarət statik ekspozisiyanın yerləşdirilməsi nəzərdə tutulub.

Bu il "ADEX-2018” sərgisi xarici nümayəndə heyətlərinin planlaşdırılmış səfərlərinin sayına görə keçən iki sərgidən daha yüksək göstərici əldə edib. Belə ki, sərgidə dünyanın 23 ölkəsini təmsil edən 34 yüksək səviyyəli rəsmi nümayəndə heyətinin ziyarəti nəzərdə tutulub. Misir, Qazaxıstan və Özbəkistan "ADEX” sərgisinə nümayəndələrini ilk dəfə göndərən ölkələr arasında yer alır. Sərgi çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri ilə Azərbaycanın nazirlik və strukturlarının təmsilçiləri arasında danışıqların aparılması nəzərdə tutulub. Bu danışıqlar zamanı ikitərəfli hərbi-texniki əməkdaşlıq perspektivlərinin müzakirəsi planlaşdırılmaqdadır. Bakı Ekspo Mərkəzinin üçüncü zalında ikitərəfli görüşlərin keçirilməsi üçün xüsusi danışıq zonası yaradılıb.

Beynəlxalq nümayəndə heyətləri və şirkətlər tərəfindən "ADEX” sərgisinə göstərilən maraq Azərbaycanın regionda mühüm strateji əhəmiyyətini bir daha təsdiq edib.

Ənənəvi olaraq, sərginin işgüzar proqramı çərçivəsində informativ və əyləncəli tematik tədbirlər, o cümlədən ölkənin müdafiə və təhlükəsizliyi üçün nəzərdə tutulmuş innovativ tədqiqat, məhsul və texnologiyalar sahəsində təqdimatların keçirilməsi planlaşdırılıb.

İştirakçıların böyük əksəriyyəti öz yeni məhsullarının nümayişi üçün bu il keçirilən sərgidən istifadə etmək niyyətində olduqlarını bəyan edib. Sərginin xüsusi platforma funksiyasını yerinə yetirməsi üçün yerli və xarici istehsal olan silah, hərbi texnika, yeni texnologiya və materiallar, habelə elm və sənayenin digər sahələrində əldə edilmiş nailiyyətlər, eləcə də bu nailiyyətlərin müdafiə sənayesi müəssisələrindəki istehsalat prosesində tətbiqinin fəal şəkildə təqdim olunması nəzərdə tutulub. Ukraynanın "ArtOS” artilleriya atəşinin avtomatlaşdırılmış idarəolunma kompleksi, "IHTAR Anti-Drone System” PUA əleyhinə sistem ("ASELSAN” şirkəti), taktiki qarşılıqlı hərəkət simulyatoru ("Zen TacSim” şirkəti), "VITTA” pilotsuz uçuş aparatları, termobarik məhsul çeşidləri ("Arsenal” şirkəti), "Corvette” dəniz gəmiləri ("Dearsan” şirkəti), raket və raket kompleksləri ("Roketsan” şirkəti), trenajorlar və öyrədici oyunlar ("Simsoft” şirkəti), nəqliyyat vasitələri ("Yugoimport” şirkəti), 7,62x51mm çaplı "MG-M2” pulemyotu ("Arsenal” şirkəti), hərbi geyim və aksesuarlar ("Труд” şirkəti), kamuflyaj geyimi (Bakı Tikiş Fabriki), "Milli qayıq” konsepsiyası ("СSBC Ltd.” şirkəti) və digərləri bəyan edilmiş yeni məhsullar arasında yer alıb.

Bu il sərgi üçün əlavə tədbirlər proqramı da hazırlanıb və sərginin ikinci iş günü istehsalçı şirkətlərin nümayəndələri ilə sifarişçilər arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Bu il Azərbaycan öz tarixinin şanlı hadisəsini - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasının 100-cü il dönümünü və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyini təntənəli şəkildə qeyd edib. Azərbaycan Hərb Tarixi və Milli Azərbaycan Tarixi muzeylərinin sərgidə iştirakını xüsusi vurğulamaq lazımdır. Belə ki, sərgidə hər iki qurumun ölkənin bu şanlı tarixinə həsr olunmuş unikal silah və geyim ekspozisiyaları ilə çıxışı nəzərdə tutulub.

Sərgiyə girişin sentyabrın 25-26-da hərbi, hüquq-mühafizə və müdafiə sənayesi, habelə əlaqədar sənaye sahələrinin mütəxəssisləri, eləcə də ali hərbi məktəblərin tələbələri üçün açıq olması nəzərdə tutulub. Sentyabrın 27-də isə kommersiya strukturlarında fəaliyyət göstərən şəxslər öz şəxsiyyət vəsiqələrini təqdim etməklə sərgini ziyarət edə biləcəklər. Eyni zamanda, sərginin üçüncü günü ölkənin müdafiə qüdrəti ilə yaxından tanış olmaq və bununla da vətənpərvərlik ruhunun aşılanması məqsədilə azyaşlılar da valideynləri ilə birlikdə sərgini ziyarət edə biləcəklər. Bu istiqamətdə bütün ziyarətçilər veb-saytda qeydiyyatdan keçməlidirlər.

Beləliklə, "ADEX” sərgisi dünyanın silah bazarında ixrac üçün təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq imkanı yaradıb. "ADEX” sərgisi ən son silah nümunələrinin nümayiş olunması və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün əla platformaya çevriləcək. İştirakçı şirkətlər barədə bütün məlumatların sərginin rəsmi kataloqunda dərc olunması nəzərdə tutulub. Şirkətlərin yeni məhsulları barədə xəbərlər, ixtiraçı və mütəxəssislərdən götürülmüş müsahibələrlə isə "ADEX-2018 Xəbərləri” qəzetinin xüsusi buraxılışında, sərginin www.adex.az veb-saytında və sosial şəbəkələrdə tanış olmaq mümkün olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video