23 Sentyabr 2018 00:55
3788
İQTİSADİYYAT
A- A+

İlham Əliyevdən sahibkarlara növbəti mühüm dəstək


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi iş adamlarının dostuna çevrilərək onların hüquqi təminatının gücləndirilməsinə xidmət edəcək


Azərbaycanda həyata keçirilən iqtisadi strategiyanın prioritet istiqamətlərindən biri də ölkədə sahibkarlığın inkişafıdır. Bu gün dövlət başçısının "ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, sistemli və kompleks tədbirlər həyata keçirilir.
Bunun nəticəsidir ki, son 15 ildə ölkəmizdə fəaliyyət göstərən sahibkarların sayı 4,2 dəfə artıb. İndiyədək 35 mindən çox sahibkara 2,2 milyard manatadək güzəştli kreditlər verilib.


Dövlət sahibkarlar üçün ən yaxşı tərəfdaşdır


Sahibkarlığın inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər 2018-ci ildə də uğurlu nəticələr verir.
Prezident İlham Əliyevin dünya ölkələrinin qabaqcıl təcrübəsinin ölkəmizə gətirilməsi, müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal, infrastruktur sahələrinin yaradılması istiqamətində verdiyi göstərişlər, tapşırıqlar Azərbaycan iqtisadiyyatının daha da şaxələnməsini təmin edib. Bu xüsusda onu da vurğulaya bilərik ki, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən diqqət və qayğı bu prosesi daha da genişləndirib. Ötən ilin dekabrında dövlət başçısının kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsinə dair imzaladığı mühüm fərman
İlham Əliyevin bu sahəyə nə qədər diqqət göstərdiyini bir daha təsdiqlədi.
"Dövlət sahibkarlar üçün ən yaxşı tərəfdaşdır”, - deyən Azərbaycan Prezidenti hələ bir neçə il öncə hər bir sahə üzrə konkret proqramları, planların və böyük maliyyə resurslarının olduğunu söyləyəndə məhz belə layihələri nəzərdə tuturdu.


Sahibkarlara böyük dəstək olacaq yeni agentlik


Bu ilin iyun ayında isə Prezident İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOB) fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayaraq qurumun nizamnaməsi və strukturunu təsdiqlədi.
Düzdür, hazırda Azərbaycanda müxtəlif dövlət orqanları öz səlahiyyətləri çərçivəsində kiçik və orta sahibkarlıq subyektlərinə müxtəlif xidmətlər (o cümlədən məsləhət xidməti, satış və digər istiqamətlər üzrə dəstək) göstərirlər. Bununla belə, beynəlxalq təcrübəyə əsasən, kiçik və orta sahibkarlıq subyektlərinə belə xidmətlərin vahid mərkəzdən göstərilməsi onların həmin xidmətlərdən daha səmərəli istifadəsinə və beləliklə, inkişafına yaxşı imkan yaradır. Buna görə də KOB İnkişafı Agentliyinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Agentliyin əsas məqsədi kiçik və orta sahibkarların dostuna çevrilməsi və eyni zamanda sahibkarlığın hüquqi təminatının gücləndirilməsi, regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılması əsasında dayanıqlı inkişafın təmin edilməsidir.


İlk "KOB Dostu” Cənub bölgəsində yaradıldı


Artıq yeni agentliyin bir regional bölməsi yaradılıb. Prezident İlham Əliyev sentyabrın 18-də Cənub bölgəsinə səfəri çərçivəsində Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edərkən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin "Kiçik və Orta Biznesin Dostu” (KOB) Mərkəzi ilə tanış olub. Mərkəz məhəllənin inzibati binasında yerləşir.
Gələcəkdə ölkənin digər şəhər və rayonlarında da sahibkarlara dəstək məqsədilə yaradılacaq "Kiçik və Orta Biznesin Dostu” mərkəzlərinin fəaliyyəti yeni kiçik və orta biznes sahələrinin yaranmasına, kiçik və orta sahibkarlığın inkişafı vasitəsilə regionun potensialının reallaşdırılmasına yönələcək.
Bu məqsədlə potensial investisiya layihələri müəyyən ediləcək və onların KOB-lar vasitəsilə həyata keçirilməsi təşviq olunacaq.


Hədəf sahibkarın dostu kimi önəmli missiyanın daşıyıcısına çevrilməkdir


Dövlət başçısının respublikanın Cənub bölgəsinə səfərindən 3 gün sonra, sentyabrın 21-də Masallı Sənaye Məhəlləsində ilk "KOB Dostu”nun təqdimat mərasimi keçirilib. Regionda sahibkarlara xidmətlər göstərən dövlət orqanları və təşkilatlarının 20-dən artıq səlahiyyətli nümayəndəsinin, özəl bölmənin təmsilçilərinin iştirakı ilə keçirilən mərasimdə yeni yaradılan agentliyin və ilk regional mərkəzin fəaliyyət istiqaməti barədə ətraflı məlumat verilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sahibkarlığın inkişafı, bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verərək bildirib ki, agentliyin yaradılması dövlət başçısı tərəfindən sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının daha bir göstəricisidir: "Agentliyin missiyası kiçik və orta biznesin tənzimlənməsi sahəsində effektivliyin artırılması, çoxsaylı dəstək mexanizmlərinə sahibkarların rahat çıxışının təmin edilməsi, biznes subyektlərinin maraqlarının müdafiəsi əsasında bu sektorun davamlı inkişafının təmin edilməsindən ibarətdir. Hədəfimiz qurumu sahibkarın dostu kimi önəmli missiyanın daşıyıcısına çevirməkdir”.


10 iqtisadi rayon üzrə 60 "KOB Dostu” şəbəkəsi yaradılacaq


Orxan Məmmədov diqqətə çatdırıb ki, "KOB Dostu”nun fəaliyyəti yeni kiçik və orta biznes sahələrinin yaranmasına, sahibkarlığın inkişafına yönəldiləcək. Bu məqsədlə potensial investisiya layihələri müəyyən ediləcək və onların KOB-lar vasitəsilə həyata keçirilməsi təşviq olunacaq.
"KOB Dostu” sahibkarlara biznes planının hazırlanmasında yardımçı olacaq, eyni zamanda sahibkarla dövlət strukturları, kredit təşkilatları arasında körpü rolunu oynayacaq. Kiçik və orta sahibkarın çətinliklərinin aradan qaldırılmasına hərtərəfli dəstək göstərəcək.
Ümumiyyətlə, "KOB Dostları” kiçik və orta biznesin hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərəcək. Eyni zamanda, sahibkarlarla sıx əlaqələr qurulacaq və "KOB Dostları” onların inkişaf ehtiyaclarını sorğular vasitəsilə öyrənəcək. Bu isə həmin tələblərə operativ reaksiyanı təmin etməyə imkan verəcək.
Masallı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlar "KOB Dostu”nun xidmətlərindən istifadə edə bilərlər. Tezliklə ölkənin digər rayonlarında da sahibkarlara dəstək məqsədilə "KOB Dostu” mərkəzləri yaradılacaq. Ümumilikdə 10 iqtisadi rayon üzrə 60 "KOB Dostu” şəbəkəsi yaradılacaq.


"KOB Evi” və "KOB könüllüləri”


Orxan Məmmədovun sözlərinə görə, yeni hədəflərin reallaşdırılması məqsədilə agentlik tərəfindən bir sıra strateji layihələr reallaşdırılmaqdadır. Kiçik və orta sahibkarlığın inkişafı, onlara dəstəyin və müvafiq xidmətlərin göstərilməsi üçün "KOB Dostu” ilə yanaşı "KOB Evi”, "KOB könüllüləri” və s. kimi yeni mexanizmlər tətbiq olunacaq.
Hazırda agentlik, sahibkarları dəstəkləyən, onlara bir sıra xidmətlər göstərən, dövlət orqanlarının və təşkilatlarının bu sahədə göstərdikləri xidmətlərin bir məkanda - "Kiçik və Orta Biznes Evləri”ndə təşkili ilə bağlı mühüm layihəni həyata keçirməkdədir. Bu evlərdə 35 dövlət orqanı və təşkilatlarının 100-dən artıq xidmət növünün bir məkan prinsipi əsasında verilməsi təmin ediləcək, digər tərəfdən sahibkarlar bu evlərdə çoxsaylı dəstək tədbirləri ilə əhatə olunacaq. İlk "KOB Evi”nin Bakı şəhərində açılışı nəzərdə tutulur. Növbəti mərhələdə regionlarda da belə evlər yaradılacaq.
"KOB könüllüləri” isə mərkəzə müraciət edən sahibkarlara lazımi kömək göstərəcək və bu isə gələcəkdə onların mərkəzdə müvafiq işlərlə təmin olunmalarına böyük dəstək olacaq.


"KOB Evi” yeni innovativ brend kimi formalaşacaq


Orxan Məmmədov vurğulayıb ki, bununla yanaşı elektron formada vahid platforma üzərindən xidmətlərin göstərilməsini təmin edəcək "e-KOB evi” portalının yaradılması ilə bağlı işlərə də başlanılıb: "Əminik ki, bu sahibkar evləri ölkəmizin yeni innovativ brendi kimi formalaşacaq və sizlərə şəffaf, operativ şəkildə xidmət göstərəcək”.
Onun sözlərinə görə, agentliyin fəaliyyəti kiçik və orta sahibkarlığın yaradılmasının və inkişafının bütün mərhələlərində zəruri dəstək tədbirlərinin təşkilinə yönələcək. Bu tədbirlər güzəştli maliyyə mənbələrinə çıxışın asanlaşdırılması, qabaqcıl təşkilati modellərin tətbiqi, davamlı təlim sisteminin yaradılması, yeni ideya və innovasiyaların biznesə inteqrasiyası, xarici bazarlara çıxışı, sahibkarların maraqlarının müdafiəsi və digər istiqamətləri əhatə edəcək.


Agentlik yeni idarəetmə modelləri də tətbiq etməkdədir


"Bütün qeyd etdiyim istiqamətləri sahibkarlar, investorlar, dövlət qurumları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində reallaşdırmaq niyyətindəyik”, - deyən Orxan Məmmədov bildirib ki, agentlik Prezident
İlham Əliyevin onların qarşısına qoyduğu vəzifələrin reallaşdırılması məqsədilə yeni idarəetmə modelləri də tətbiq etməkdədir.
Region sahibkarlarını agentliyin Masallıdakı nümayəndəsi - "KOB Dostu” ilə sıx əməkdaşlığa dəvət edən Orxan Məmmədov qeyd edib ki, bu mərkəz ümumiyyətlə, regionun sənaye potensialının inkişafına, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə öz töhfəsini verəcək.
Sonra "KOB Dostu” ilə bağlı təqdimat keçirilib. Təqdimatda sahibkarlara mərkəzin ümumi fəaliyyət istiqamətləri və göstərəcəyi xidmətlər barədə ətraflı məlumat verilib. Burada sahibkarlara müvafiq xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. Mərkəz texniki avadanlıqlar, internet və digər kommunikasiya vasitələri, eləcə də zəruri maarifləndirici məlumatlarla təchiz olunub. "KOB Dostu” mərkəzində fəaliyyət göstərəcək "KOB könüllüləri” mərkəzə müraciət edən sahibkarlara operativ şəkildə yardımçı olacaq, onlara texniki və s. dəstək göstərəcəklər.
Yerli sahibkarlar isə ilk "KOB Dostu”nun Masallıda fəaliyyətə başlamasından məmnunluqlarını bildirib, mərkəzin göstərəcəyi çoxsaylı xidmətlərin onların işini daha da asanlaşdıracağını, biznes fəaliyyətinin qurulmasında böyük təkan olacağını qeyd edib, özəl bölmənin inkişafına göstərdiyi hərtərəfli dəstəyə, tətbiq olunan yeni dəstək mexanizmlərinə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.


Əsas vəzifə sahibkarlara şəffaf, obyektiv və nəzakətlə fəaliyyət göstərməkdir


Təqdimat mərasimindən sonra jurnalistlərə açıqlamasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov vurğulayıb ki, "KOB Dostu” sahibkarlara əsasən 5 sahədə dəstək göstərəcək: "Əsas istiqamət dövlət dəstəyindən ibarət olacaq, yəni sahibkar müvafiq dövlət qurumu ilə sıx əlaqədə ola biləcək. "KOB Dostu” sahibkarla dövlət qurumu arasında bir körpü rolunu oynayacaq. Daha sonra sahibkarların hüquqlarının müdafiəsinə diqqət ayrılacaq. Bununla sahibkarların hüquqları qorunacaq, onlara öz hüquqlarını tanıdacaq. Digər istiqamət maliyyə bazarlarına çıxış üçün müvafiq dəstəkdir. Sahibkarlara bu barədə məlumatlar veriləcək. Vacib fəaliyyət sahələrindən biri də sorğu və monitorinq xidməti olacaq. Bu çox vacib bir haldır ki, "KOB Dostu” sahibkarların problemlərini yerində öyrənə biləcək və məlumatları agentliyin mərkəzi aparatına ötürəcək”.
Bir sözlə, agentliyin ən ümdə vəzifəsi sahibkarların problemlərini aradan qaldırmaq, onlara şəffaf, obyektiv və nəzakətlə xidmət göstərməkdir. Orxan Məmmədov bu vəzifənin öhdəsindən layiqincə gələcəklərini və dövlət başçısının onlara göstərdiyi etimadı doğruldacaqlarını söyləyib.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video