23 Sentyabr 2018 00:50
1155
İDMAN
A- A+

Dünya cüdosunun nəbzi Bakıda döyünür


Azərbaycanın qazandığı zəngin təcrübə və möhtəşəm qələbələr dünya çempionatının uğurla keçiriləcəyinə təminat verir


İdman ölkəsi kimi dünyada şöhrət tapan, gənc və dünyəvi dövlət statusu daşıyan Azərbaycan növbəti mötəbər yarışa - cüdo üzrə dünya çempionatına evsahibliyi etməklə planetin idman tarixində yeni səhifə açacaq. Artıq 4 gündür başlayan və sentyabrın 27-dək davam edəcək çempionatda 125 ölkədən 800-dək idmançı mübarizə aparır.
Əlbəttə ki, Azərbaycanın təşkilatçılıq məsələlərində əldə etdiyi təcrübə bu yarışın da yüksək səviyyədə keçiriləcəyinə heç bir şübhə yeri qoymur. Son 4 il ərzində paytaxtımızda təşkil olunan I Avropa və IV İslam Həmrəyliyi Oyunları ilə dünya idmanının paytaxtına çevrilən Azərbaycan qazanılan zəngin təcrübə və möhtəşəm qələbələr ilə bu mötəbər yarışa da artıq uğurla evsahibliyi etməkdədir.


Yarışların təşkilində ən mükəmməl nümunə


2015-ci ildə Avropa Oyunlarını, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə keçirməklə Avropa və İslam aləminin idman tarixinə möhür vuran Azərbaycan dövləti dünyaya yüksək təşkilatçılıq nümunəsi göstərdi.
Avropa və müsəlman ölkələri, onların olimpiya komitələri, beynəlxalq təşkilatlar ölkəmizin qısa müddət ərzində belə bir beynəlxalq miqyaslı idman tədbirlərini yüksək səviyyədə keçirməsinə və Azərbaycan dövlətinin qüdrətinə şahid oldular. İdman yarışlarının təşkilinin ən mükəmməl örnəyini yaradan ölkəmiz elə bir nümunə göstərdi ki, milyonlarla insan heyran qaldı və dünya Azərbaycanı yenidən kəşf etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu idman siyasəti və idmançılarımızın qazandıqları nailiyyətlər sayəsində ölkəmiz beynəlxalq səviyyədə nüfuzlu idman dövlətlərindən biri kimi qəbul olunur. Dövlət tərəfindən hərtərəfli qayğı göstərilən idmançılarımız da bu etimadı layiqincə doğruldurlar. Elə bir mötəbər yarış yoxdur ki, onlar ölkəmizi təmsil etməsinlər, medal və mükafatlar qazanmasınlar.
Bakıdakı dünya çempionatında 9 kişi və 6 qadın idmançı ilə təmsil olunan cüdoçularımızın növbəti dəfə etimadı doğruldacaqlarına böyük inam var.
Prezident İlham Əliyevin və onun ailə üzvlərinin cüdoçularımızın yarışlarını birbaşa zalda izləməsi isə onlara verilən ən böyük mənəvi dəstəkdir.


Mehriban xanım Əliyevaya növbəti beynəlxalq etimad


Dünya çempionatının təntənəli açılış mərasimi çərçivəsində isə Azərbaycan idmanı adına daha bir xoş xəbər gəldi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya idman aləmində və "Ədalətli oyunlar”ın təbliğində nümunəvi nailiyyətlərinə görə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin "Xüsusi xidmətlərə görə” medalı təqdim olunub.
Bütün bunlar isə sözsüz ki, Mehriban xanım Əliyevanın idman sahəsində gördüyü işlərə verilən növbəti qiymətdir. Xatırladaq ki,
I Avropa və IV İslam Həmrəyliyi Oyunlarında Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi qısa müddət ərzində ən yüksək təşkilatçılıq nümunəsini ortaya qoydu. Hər iki Oyunlar bütün məziyyətləri ilə müstəqil Azərbaycanı dünyaya yenidən tanıtdı, ölkəmizin təbliğində olduqca müstəsna rol oynadı. Bu baxımdan ən yüksək mükafatlarla təltif olunması Mehriban xanım Əliyevanın layiqli və mənəvi haqqıdır.


İlk günün qalibləri


Sentyabrın 20-də Bakıdakı Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatına start verilib. Çempionatın ilk günündə 60 kiloqram çəki dərəcəsində kişilər, 48 kiloqram çəki dərəcəsində isə qadınlar tatami üzərinə çıxıblar. Ölkəmizi bu çəki dərəcəsində Orxan Səfərov, Kəramət Hüseynov və Aişə Qurbanlı təmsil ediblər. Turnirin ilk günündə Azərbaycan cüdoçuları mükafatçılar sırasında yer ala bilməyiblər.
Qadınların yarışında final görüşündə yaponiyalı Funa Tonakini məğlub edən ukraynalı Daria Bilodid dünya çempionu adını qazanıb. Argentinalı Paula Pareto və Qazaxıstan cüdoçusu Otqont Qalbadrax yarışı üçüncü pillədə başa vurublar.
Kişilərin mübarizəsində isə Rusiya idmançısı Robert Mşvidobadzeyə qalib gələn yaponiyalı Naohisa Takato fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yaponiyanın digər təmsilçisi Ryuju Naqayama və gürcüstanlı Amiran Papinaşvili mundialın bürünc medalını qazanıblar.


Yaponiyalı bacı-qardaşın çempionluq sevinci


Sentyabrın 21-də isə dünya çempionatının ikinci günündə 66 kiloqram çəki dərəcəsində kişilər, 52 kiloqram çəki dərəcəsində isə qadınlar tatami üzərinə çıxıblar. Ölkəmizi bu çəki dərəcələrində təmsil edən Nicat Şıxəlizadə mübarizəni 1/16 final mərhələsində, Buyankişiq Purevsuren isə 1/32 finalda dayandırıb.
Kişilərin mübarizəsində yaponiyalı Hifumi Abe dünya çempionu adını qazanıb. Qazaxıstan cüdoçusu Yerlan Serikzhanov ikinci yeri tutub. Koreya Respublikasının idmançısı Baul An və ukraynalı Georgi Zantaraia bürünc medal əldə ediblər.
Qadınların yarışında Yaponiya idmançıları Uta Abe və Ai Şişime müvafiq olaraq qızıl və gümüş medal qazanıblar. Braziliya təmsilçisi Erika Miranda və fransalı Amandine Buçard turniri üçüncü pillədə başa vurublar.


Hidayət Heydərovun "bürünc”ü


Dünən isə dünya çempionatında növbəti mükafatçıların adına aydınlıq gəlib. Dünya çempionatının üçüncü günündə 73 kiloqram çəki dərəcəsində kişilər, 57 kiloqram çəki dərəcəsində isə qadınlar tatami üzərinə çıxıblar.
Ölkəmizi bu çəki dərəcələrində kişilər arasında Hidayət Heydərov, Rüstəm Orucov və qadınlar arasında İçinxorlo Munxtsedev təmsil ediblər.
Qadınlar arasında 57 kq çəki dərəcəsində finalda Nekoda Smite-Davisə (Böyük Britaniya) qalib gələn Tsukasa Yoşida (Yaponiya) dünya çempionu olub.
Ölkəmizə dünya çempionatında ilk medalı Hidayət Heydərov qazandırıb. Təmsilçimiz 1/32 final mərhələsində iraqlı Sajjad Sehenlə qarşılaşıb. Hidayət rəqibinə ipponla qalib gələrək 1/16 finala vəsiqə qazanıb. Bu mərhələdə H.Heydərovun rəqibi Sedrik Bessi (Monako) olub. Bu dəfə də rəqibini ipponla məğlub edən cüdoçumuz 1/8 final mərhələsinə yüksəlib.
Bu mərhələdə Hidayətin rəqibi tacikistanlı Bəhruzi Xocazoda olub. Rəqibini mübarizədən kənarlaşdıran təmsilçimiz adını dörddəbir finala yazdırıb. 1/4 finalda Monqolustan idmançısı Odbayar Qanbaatara qalib gələn Hidayət finala gedən yolda yaponiyalı Soiçi Haşimoto ilə güləşib.
Bu görüşdə qalib gələ bilməyən H.Heydərov bürünc medal uğrunda görüşdə monqolustanlı Tsoqtbaatar Tsend-Oçiri ilə qarşılaşıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri qarşılaşmaya baxıblar. Görüşü qalib başa vuran Hidayət dünya çempionatında Azərbaycana ilk medalı qazandırıb.
73 kq çəki dərəcəsində finalda yaponiyalı Soiçi Haşimoto və Koreya Respublikasının cüdoçusu Çanqrim An üz-üzə gəliblər. Görüş koreyalı idmançının qələbəsi ilə yekunlaşıb.
Qaliblərə medalları Azərbaycan Cüdo Federasiyasının prezidenti, Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev təqdim edib.


"İlham Əliyevin yarışı izləməsi mənə əlavə qüvvə verdi”


"Bu, mənim cüdo üzrə böyüklər arasında dünya çempionatında ilk medalımdır. Yarımfinalda rəqibim dünya çempionu Soiçi Haşimoto idi. Təəssüf ki, güclü yaponiyalı idmançı məndən üstün oldu. Prezident İlham Əliyevin yarışı izləməsi mənə əlavə qüvvə verdi. Bürünc medal uğrunda mübarizədə Monqolustan idmançısı Tsoqtbaatar Tsend-Oçirə qalib gəldim. Bakıda medal qazandığım üçün çox sevinirəm. Bu, karyeramda ən böyük uğurumdur”. Bu sözləri jurnalistlərə müsahibəsində Avropa çempionu və dünya çempionatının bürünc mükafatçısı Hidayət Heydərov deyib.
Yarımfinalda məğlubiyyətinin səbəblərini Hidayət belə izah edib: "Yaponiyalı rəqibim yarışlara yaxşı hazırlaşmışdı. Mən isə gərgin keçən görüşün sonunda artıq yorulmuşdum. Düşünürəm ki, yorğunluq məni finaldan ayırdı”.


İlham Zəkiyevə yeddinci dan qara kəmər təqdim olundu


Dünya çempionatının keçirildiyi günlər həm də maraqlı məqamlarla yadda qalıb. Belə ki, paracüdoçumuz İlham Zəkiyevə yeddinci dan qara kəmər təqdim olunub. İdmançımıza yeddinci dan qara kəməri Beynəlxalq Cüdo Federasiyasının idman direktoru Vladimir Varta təqdim edib.
İlham Zəkiyev qeyd edib ki, cüdo üzrə dünya çempionatının ölkəmizdə keçirilməsi tarixi hadisədir: "Bu dünya çempionatı mənim üçün yaddaqalan oldu. Beynəlxalq Cüdo Federasiyasının idman direktoru Vladimir Varta cüdoda qazandığım nailiyyətlərə görə mənə 7-ci Dan Qara Kəmər təqdim etdi. Bütün bunlar, Azərbaycanda idmançılara göstərilən diqqət və qayğı ölkəmizin rəhbəri, idmançıların dostu
İlham Əliyevin adı ilə bağlıdır”.
Xatırladaq ki, ölkəmizin idman şərəfini daim uca tutmuş Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev ikiqat paralimpiya, ikiqat dünya, yeddiqat Avropa çempionu, ilk Avropa Oyunlarının qalibidir.

Elçin CƏFƏROV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video