23 Sentyabr 2018 00:46
347
SİYASƏT
A- A+

ATƏT-in İllik Toplantısında erməni təxribatının qarşısı alınıb


Fərid ŞAHBAZLI: "Azərbaycan hökuməti ölkədə media azadlığının təminatçısıdır”


Polşanın Varşava şəhərində ATƏT-in İnsani Dəyərlərin Tətbiqi üzrə İllik Toplantısı keçirilib.

Toplantıda ATƏT üzvü olan 57 ölkədən səfir, diplomat, deputatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər. İllik toplantıda Azərbaycandan Prezident Adminstrasiyasının rəsmiləri, ayrı-ayrı dövlət qurumlarının vəzifəli şəxsləri, eyni zamanda vətəndaş cəmiyyətinin nümayəndələri də iştirak ediblər. Toplantıda seçki hüququ və demokratik seçkilər, insan hüquqları, media azadlığı, ərazi bütövlüyü, dini inanc azadlığı və radikalizmə qarşı mübarizə, ifadə azadlığı, qaçqın və məcburi köçkünlər, separatizm və terrorçuluğa qarşı mübarizə kimi mühüm mövzular müzakirə olunub.

11 gün davam edən toplantıya Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə qatılan "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bir sıra mühüm mövzularla bağlı çıxışlar edərək böhtan və qərəzli kampaniya aparan antiazərbaycançı şəbəkəni ifşa edib.

Fərid Şahbazlı Azərbaycanda söz və media azadlığı sahəsində görülən işlərdən danışıb. O qeyd edib ki, konfransda Azərbaycana qarşı qərəzli və reallıqdan uzaq fikirlər səsləndirilir. Bunlar tam əsassızdır. Azərbaycan hökuməti ölkədə media azadlığının təminatçısıdır: "Azərbaycanda cəmi bir günə xəbər portalı, müvafiq dövlət qurumuna informasiya xaraktetli bildiriş göndərməklə qəzet və jurnal təsis etmək mümkündür. Hazırda ölkəmizin internet media məkanında yüzlərlə xəbər portalı mövcuddur. Jurnalistlər bütün yüksək vəzifəli rəsmi şəxsləri tənqid etməkdə azaddırlar. Bəzi şəxslər isə öz qanunsuz əməllərini jurnalistika fəaliyyəti ilə pərdələmək istəyirlər. Azərbaycanda heç bir jurnalist yazdığı yazıya görə həbs edilməyib”.

Fərid Şahbazlı eyni zamanda "Fundamental azadlıqlar: ifadə və sərbəst toplaşmaq azadlığı, milli insan haqları təşkilatları və vətəndaş cəmiyyəti” mövzusunda müzakirələr zamanı da çıxış edib. O bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti üçün hökumət tərəfindən geniş imkanlar yaradılıb. Toplantıda xaricdəki antiazərbaycançı qüvvələr tərəfindən Azərbaycanın ünvanına səslənən ittihamların qərəzli olduğu və reallığı əks etdirmədiyi vurğulanıb.

"Azərbaycanda QHT-lərin fəaliyyəti üçün bütün imkanlar yaradılıb. Bir sıra mühüm layihələrdə QHT-lər dövlətin əsas tərəfdaşıdır. Mövcud qanunvericilik QHT-lərin fəaliyyətinə heç bir məhdudiyyət tətbiq etmir. Sadəcə QHT ilə bağlı qanunvericiliyin dəyişilməsindən narahat olanlar indi əvvəl olduğu kimi çirkli pullarını QHT adı altında yuya bilməyən dairələrdir. Onlar indi qanunsuz əməllərini həyata keçirə bilmədikləri üçün narahatdırlar”, - deyə İGİB sədri əlavə edib.

Fərid Şahbazlı Azərbaycanda sərbəst toplaşmaq azadlığı sahəsində də heç bir problemin olmadığını bildirib. O qeyd edib ki, indiyədək müxalifətin mitinqlərini keçirmələri üçün bütün müraciətlərinə müsbət cavab verilib. Mitinqlər üçün ayrılan yerlər şəhərin mərkəzindən 2-3 kilometr aralıqda yerləşir və tamamilə əlverişlidir. Azərbaycanda xalqın adından danışan siyasi qüvvələrin aksiyalarına vətəndaşlar qatılmadığı üçün onlar mərkəzi küçələrdə insanların rahatlığını pozan qanunsuz aksiyalar keçirmək istəyirlər.

Fərid Şahbazlı bildirib ki, Azərbaycanda media və sadə vətəndaşlar istənilən mövzuda hökuməti sərt tənqid edirlər və tənqidə görə Azərbaycanda heç kim cəzalandırılmayıb.

İGİB sədri sonda toplantıda iştirak edən bəzi ölkə nümayəndələri və siyasi fəallara müraciət edərək Azərbaycana qarşı qərəzli münasibətə son qoymağa çağırıb.

Toplantının gedişində eyni zamanda erməni təxribatının da qarşısı alınıb. Həm Azərbaycanın rəsmi nümayəndə heyətinin üzvlərinin, həm də QHT təmsilçilərinin müdaxiləsindən sonra özünü "Avropa Artsax Mərkəzi”nin rəhbəri kimi təqdim edən Harutyun Qriqoryan adlı şəxsin qondarma "Dağlıq Qarabağ Respublikası”nı müstəqil ölkə kimi tanınmasının və Azərbaycanı ittiham etməyə çalışmasının qarşısı alınıb və onun çıxışına imkan verilməyib.

Fərizə ƏHMƏDOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video