23 Sentyabr 2018 00:42
1028
SİYASƏT
A- A+

Müsəlman Şərqində ilk parlamentli respublika


"Azərbaycan Respublikasının Milli Məclisi Xalq Cümhuriyyətinin yaratdığı parlamentin indi də varisidir. Varislik həmişə eyni zamanda, böyük məsuliyyət demək olubdur. Varislik o demək deyil ki, sən o hadisəni olduğu kimi təkrar edəsən, yaxud o səviyyədə yaşayasan. Hər bir varis varislik prinsipini əziz tutaraq, o dövrün, o hadisənin varisi olaraq o hadisəni, o dövrü, o quruluşu daha da yüksəklərə qaldırmalıdır. Biz Azərbaycanda bunu edirik və bu sahədə çox şeylərə nail olmuşuq. Hesab edirəm ki, Azərbaycanın bugünkü Milli Məclisi varislik adını şərəflə daşıyır, eyni zamanda, ötən illərdə və xüsusən son dövrdə Azərbaycanın müstəqil dövlətini inkişaf etdirmək üçün çox işlər görübdür”.

Heydər ƏLİYEV


XX əsr bəşəriyyətin çox sürətlə dəyişən, bir-birini əvəz edən siyasi və dövlətçilik sistemlərini və onların ideoloji əsaslarını yaratdı.
Baş verənlər Rusiya imperiyasının tərkibində olan xalqlara "öz müqəddəratını təyinetmə” imkanını verdi, müstəmləkəçilikdən xilas olmaq məfkurəsini ön plana çıxartdı. Belə bir çətin tarixi şəraitdə Azərbaycan xalqı əsrlər boyu uğrunda mübarizə apardığı azadlıq ideyasını və milli dövlətçiliyə nail olmaq arzularını reallığa çevirdi. İstiqlal hərəkatı və bu hərəkatın məntiqi nəticəsi olaraq Şərq aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.
AXC-nin yaranması son dərəcə çətin və mürəkkəb bir tarixi şəraitdə baş verdi. Çar Rusiyasının süqutuna baxmayaraq, yaranmış yeni hakimiyyət Qafqazı öz nüfuz dairəsindən buraxmaq istəmirdi. Buna görə də 1917-ci il fevral inqilabından sonra əvvəlcə Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissarlığı yaradıldı. Zaqafqaziyadan Rusiyanın Müəssislər Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələri 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziya Seymini yaratdılar. Vahid bir platforma olmadığından 1918-ci il may ayının 25-də seymin son iclası keçirildi. Gürcüstan Zaqafqaziya Seymindən çıxaraq may ayının 26-da öz istiqlaliyyətini elan etdi. Bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün seymin 44 müsəlman nümayəndəsi Tiflisdə toplandı və Azərbaycanın idarə olunmasını öz üzərlərinə götürmək qərarına gələrək özlərini Azərbaycanın Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdilər. Bununla, Azərbaycanın ilk parlamenti yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. 1918-ci il mayın 27-də keçirilən həmin iclasda bu zaman Batumda danışıqlar aparan Məhəmməd Əmin Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri seçildi. Həsən bəy Ağayev və Mir Hidayət Seyidov isə sədrin müavinləri təsdiq olundular. Azərbaycan Milli Şurasının mayın 27-də keçirilən iclasında eyni zamanda, Fətəli xan Xoyski yekdilliklə Milli Şuranın icra orqanının sədri seçildi. İcra orqanının tərkibinə Məmməd Həsən Hacınski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Camo bəy Hacınski, Əkbər ağa Şeyxülislamov, Xosrov Paşa bəy Sultanov daxil idilər. 1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında "İstiqlal Bəyannaməsi”ni qəbul etdi.
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətini üzvi şəkildə birləşdirən yeni dövlət modeli idi. Bu nümunəvi model sonralar dövlət müstəqilliyi əldə etmiş digər cümhuriyyətlər üçün də örnək oldu. Milli dövlətçiliyin bərpası kimi yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti qısa vaxtda öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan demokratik respublikaya çevrildi. Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin əvvəllərində meydana çıxan milli respublikalar içərisində ən demokratik respublika idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu.
"İstiqlal Bəyannaməsi” ilə həyata vəsiqə alan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini bərpa etdi, insan hüquqlarının və azadlıqlarının təmin olunmasına, irqi, milli, dini, sinfi və başqa bərabərsizliklərin ləğvinə və demokratiyaya yol açdı. "İstiqlal Bəyannaməsi”ndə Azərbaycan Demokratik Respublikasında ali icraedici hakimiyyətin Müvəqqəti hökumətə məxsus olduğu bildirilirdi. Müvəqqəti hökumət Azərbaycan Milli Şurası qarşısında məsul idi. "İstiqlal Bəyannaməsi” Azərbaycan Milli Şurası üzvləri tərəfindən qəbul edildikdən sonra təkcə türkdilli xalqlar arasında deyil, bütün islam aləmində ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoydu. İyunun 17-də Azərbaycan Milli Şurasının iclasında deyildiyi kimi: "Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat olaraq girə biləcək, yoxsa sısqa cocuq kimi südəmər halında tərki-həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddarat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor”.
Cümhuriyyət xadimləri Azərbaycan tarixində parlament mədəniyyətinin də əsasını qoydular. Onlar "İstiqlal Bəyannaməsi”nin 6-cı bəndində "Azərbaycanın başında xalqın seçdiyi Milli Şura durur” fikrini qanuniləşdirməklə, Milli Şuranın ilk Azərbaycan Parlamenti olduğunu, həm də onun elan etdiyi cümhuriyyətin Azərbaycan xalqının qanuni dövləti olduğunu təsdiq etdilər.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlamenti - Azərbaycan Milli Şurası özünün ilk addımlarını atmağa başladı. Azərbaycan Milli Şurasının 1918-ci il mayın 27-dən iyunun 17-dək davam edən və cəmi 20 günlük ilk fəaliyyəti dövründə cəmi 7 iclası keçirildi və bu iclaslarda başlıca olaraq iki mühüm qərar qəbul edildi: birincisi - Azərbaycanın istiqlalı elan olundu və "İstiqlal Bəyannaməsi” qəbul edildi; ikincisi - Fətəli xan Xoyski başda olmaqla ilk Azərbaycan hökuməti formalaşdırıldı və 1813-cü ildən sonra ilk dəfə olaraq Azərbaycanın müstəqil idarə olunmasına başlandı. Azərbaycanın bir hissəsində - Şimali Azərbaycanda respublika quruluşu yaradıldı.
Milli Şura formasında fəaliyyət göstərən parlament Gəncəyə köçdükdən sonra siyasi səbəblərlə bağlı müvəqqəti olaraq öz fəaliyyətini dayandırdı, F.X.Xoyskinin rəhbərlik etdiyi hökumət ölkəni təkbaşına idarə etdi. Lakin F.X.Xoyskinin təşəbbüsü ilə 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən fəaliyyətə başladı. Noyabrın 19-da keçirilən iclasında qeyd olundu ki, parlamentdə dövlətin hüdudlarında yaşayan bütün millətlər təmsil olunmalıdır. Azərbaycan Parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alındı.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası adından 1918-ci il noyabrın 29-da Azərbaycan və rus dillərində "Bütün Azərbaycan əhalisinə!” müraciətnaməsi dərc edildi. Parlamentin açılışı 1918-ci il dekabrın 3-nə təyin olunsa da, Bakıda fəaliyyət göstərən rus və erməni milli şuraları parlamentin açılmasına hərtərəfli mane olmaq üçün bu ərəfədə Bakıya gəlmiş müttəfiq qoşunlarının baş komandanı general Tomsondan istifadə etməyə çalışırdılar. Parlamentin ilk iclasının açılışı dekabrın 7-nə keçirilir. 1918-ci il dekabrın 7-si H.Z.Tağıyevin Nikolayev (indiki İstiqlaliyyət) küçəsində yerləşən keçmiş qız məktəbinin binasında müsəlman Şərqində ilk parlamentin birinci iclasının açılışı olmuşdu. Milli Şuranın sədri M.Rəsulzadə iclası açıq elan etdi. O, ümidvar olduğunu bildirdi ki, müstəqillik xalqımızı sürətlə inkişaf etməyə və azad xalqların gələcək birliyinin müstəqil üzvi olmağa imkan verəcək. O, parlament üzvlərinə müraciət edərək onları vətənin mənafeyini və xalqın əmin-amanlığını partiya mənafelərindən üstün tutmağa çağırdı.
Parlamentin birinci iclasında Fətəli xan Xoyski başda olmaqla, hökumət parlament (Məclisi-Məbusan) qarşısında tam tərkibdə istefa verdi. "Azərbaycan parlamentinin nakazı” adlanan daxili nizamnamə aparatın işini təşkil edirdi. "Parlament nakazı” Rusiya imperiyası Dövlət Dumasının daxili nizamnaməsi əsasında təşkil olunmuşdu. Azərbaycan Parlamentində (Məclisi-Məbusanda) sədrdən, birinci müavindən və fraksiya nümayəndələrindən ibarət məşvərətçi orqan (Məsləhət Şurası) formalaşdırıldı. Parlamentin ilk iclaslarında mandat, reqlament və təsərrüfat komissiyaları yaradılaraq onların tərkibinə seçkilər keçirildi. Fraksiyaların gələcək fəaliyyətinin əsas prinsip və proqramları onların bəyanatlarında ifadə olundu. Bəyanatlar bütün fraksiyaların müstəqilliyini qorumaq və ölkədə demokratik idarəçiliyi təmin etməkdən ibarət idi. Ş.Rüstəmbəyov ("Müsavat” fraksiyası), A.Səfikürdski (Sosialist fraksiyası), Z.Vəzirov ("İttihad” fraksiyası), Moisey Quxman (Milli azlıqlar fraksiyası, yəhudilərin təmsilçisi) mandat komissiyasına; M.Y.Cəfərov ("Müsavat” fraksiyası), Q.Qarabəyli ("İttihad” fraksiyası), din xadimi Vasili Kravçenko ("Slavyan rus ittifaqı fraksiyası”, rusların nümayəndəsi) reqlament komissiyasına; A.Kazımzadə ("Müsavat” fraksiyası), H.Məmmədbəyov ("İttihad”), N.Tsxakava (Milli azlıqlar fraksiyası, gürcülərin nümayəndəsi) təsərrüfat komissiyasına üzv seçildilər. Parlamentin (Məclisi-Məbusanın) sonrakı iclaslarında daha bir neçə komissiya - maliyyə-büdcə, fəhlə, qanunvericilik təklifləri, redaksiya, hərbi işlər, aqrar, sorğu, ölkənin məhsuldar qüvvələrindən istifadə, Müəssislər Məclisinin çağırılması üzrə komissiyalar təşkil edildi. Azərbaycan Parlamentinin (Məclisi-Məbusanın) ilk iclasında müttəfiq (Antanta) qoşunları komandanı general Tomsonun şəxsi nümayəndəsi, polkovnik Kokkerelin, İranın baş konsulu Sədülvüzarənin, İranın maliyyə agenti Vəlik-ül-mülkün, Dağlılar Respublikası hökumətinin sədri T.Çermoyevin, bu hökumətin Azərbaycan hökuməti yanındakı təmsilçisi Qantəmirovun, Gürcüstan Respublikasının təmsilçisi Karstvadzenin, eləcə də Araz Respublikasının nümayəndəsi P.Əliyevin iştirak etməsi artıq AXC-nin regionlar üzrə de-fakto tanınması demək idi.
Dövlət parlamentin qəbul etdiyi qanun və qərarlar əsasında idarə olunurdu. Parlamentdə Azərbaycan ərazisində yaşayan bütün xalqlar, o cümlədən sayları çox az olan xalqlar da öz deputatları ilə təmsil olunmuşdular (türk-müsəlman əhali - 80, ermənilər -21, ruslar - 10, almanlar - 1, yəhudilər - 1, gürcülər - 1, polyaklar - 1, Bakı həmkarlar ittifaqları - 3, Bakı Neft Sənayeçiləri İttifaqı - 2).
Azərbaycan Parlamentində 21 nəfər erməni nümayəndəsinin iştirakına yol verilməsi o zamankı tarixi-siyasi şəraitdə atılan bir addım idi. Azərbaycanın müstəqilliyi ilə barışa bilməyən ermənilər iki aydan çox müddət ərzində parlamentin iclaslarında iştirak etmədilər. Parlamentə qatıldıqdan sonra isə həmişə Azərbaycan dövlətçiliyinə qarşı xəyanət mövqeyindən çıxış etdilər.
Azərbaycan Xalq Cümhuriyyəti parlamenti bütün fəaliyyətini ölkənin sosial-iqtisadi, maliyyə problemlərinin həllinə, ölkənin ərazi toxunulmazlığını təmin etməyə, vətəndaşların hüquqlarını qorumağa, ölkədə demokratik hüquq və azadlıqların bərqərar edilməsinə, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verilməsinə, dövlətin demokratik və hüquqi əsaslarını möhkəmləndirməyə, Azərbaycanın beynəlxalq miqyasda tanınmasına, onun xarici ölkələrlə, ilk növbədə, yaxın qonşuları ilə çoxşaxəli əlaqələrinin genişlənməsinə yönəltmişdi. Azərbaycan Parlamenti yarandığı ilk gündən öz işlərini demokratik cümhuriyyətlərə xas təşkilati prinsiplər əsasında qurmuşdu.
Bütün partiya fraksiya və qrupların öz fəaliyyət proqramları ilə bağlı verdiyi bəyanatlarda ümumi bir məqsəd var idi - gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq Azərbaycan xalqının və hökumətinin digər xalqlar və dövlətlərlə, xüsusilə qonşu dövlətlərlə dostluq əlaqələrini yaratmaq və möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək, geniş sosial islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq. Parlamentin xüsusilə dövlət müstəqilliyinin qorunub saxlanılması, ordu quruculuğu və bu kimi sahələrdə qəbul etdiyi qanun və qərarların müzakirəsində parlament üzvləri həmrəylik nümayiş etdirirdilər.
Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, cümhuriyyət parlamenti özünün həyatiliyini və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanda parlamentçilik ənənələri getdikcə möhkəmlənir və inkişaf edir, ən müasir parlament mədəniyyəti formalaşırdı. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə, ümumiyyətlə, parlamentin 155 iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (1918, 27 may - 19 noyabr), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə olmuşdur.
Xalq Cümhuriyyəti Parlamenti tərkibində məhdud qrup mənafelərini ümummilli mənafelərdən üstün tutan çoxsaylı fraksiyaların olmasına baxmayaraq, daxili və xarici siyasət məsələlərində gərgin və səmərəli fəaliyyət göstərirdi. Xüsusilə də dövlətin suverenliyinin qorunması istiqamətində atılan addımlar təqdirəlayiqdir. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti və parlamenti ölkənin başı üstünü almış xarici müdaxilə təhlükəsini sovuşdurmaq üçün gənc respublikanın beynəlxalq aləmdə tanınması istiqamətində də fəal iş aparırdı. Parlamentin xüsusi diqqət yetirdiyi problemlərdən biri də Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinin dinc yollarla nizamlanması idi. Gərgin müzakirələrdən sonra Gürcüstanla münasibətlər nizama salındı, İranla Azərbaycan arasında dostluq əlaqələri haqqında müqavilə imzalandı. Məlum səbəblərdən daşnak Ermənistanı və sovet Rusiyası ilə münasibətləri yoluna qoymaq isə mümkün olmadı.
Xarici siyasət sahəsində mühüm addımlardan biri də 1918-ci il dekabrın 28-də parlamentin sədri Ə.Topçubaşovun başçılığı ilə Paris Sülh Konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi idi. Bu nümayəndə heyətinin səyləri nəticəsində 1920-ci il yanvar ayının 12-də Paris Sülh Konfransına qatılan bir sıra ölkələr Azərbaycanın müstəqilliyini tanıdılar. 1920-ci il aprel ayının 22-də isə parlament hökumətin təşəbbüsü əsasında Britaniya, Fransa, İtaliya, İsveçrə, Polşa və ABŞ-da diplomatik nümayəndəliklərin açılması haqqında qanun qəbul etdi. Lakin bir neçə gün sonra 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi və Xalq Cümhuriyyətinin varlığına son qoyulması ilə bu işlər yarımçıq qaldı.
Mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan xalqının milli oyanışını əbədi etməyə çalışan cümhuriyyət parlamenti daxili siyasətə çox böyük önəm verir, elmin, xalq maarifinin, səhiyyənin inkişafına diqqət göstərirdi. Ölkənin müxtəlif yerlərində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısamüddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə, qarşı mübarizə aparılırdı. Bu baxımdan parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması cümhuriyyət xadimlərinin xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı. Elm və təhsilin inkişafına xüsusi diqqət yetirən cümhuriyyət parlamenti vaxt itirmədən, bu sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə xüsusi səy göstərirdi. Bu zaman Azərbaycan Parlamenti hökumətin təklifinə əsasən, 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdi.
Qeyd edildiyi kimi, parlamentin fəaliyyəti bilavasitə onun nizamnaməsi sayılan "Azərbaycan Parlamentinin nakazı (təlimatı)” ilə tənzimlənirdi. Maliyyə-büdcə, qanunvericilik təklifləri, Müəssislər Məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya, mandat, hərbi, aqrar məsələlər: sorğular üzrə, təsərrüfat-sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya və fəhlə məsələləri üzrə komissiyaları idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin bütövlükdə fəaliyyəti daha çox ölkənin sosial-iqtisadi və maliyyə problemlərinin həllinə, ölkənin siyasi və ərazi toxunulmazlığını təmin etməyə, vətəndaşların hüquqlarını qorumaq, dövlətin demokratik və hüquqi əsaslarını möhkəmləndirmək, Azərbaycan Cümhuriyyətinin dünya dövlətləri tərəfindən tanınması üçün şərait yaratmaq, onun xarici ölkələr, ilk növbədə isə yaxın qonşuları ilə siyasi, iqtisadi və ticarət əlaqələrini yaratmağa yönəlmişdi. Eyni zamanda, bu dövr ərzində vətəndaşlıq haqqında, ümumi hərbi mükəlləfiyyət haqqında, mətbuat haqqında, Milli Bankın təsisi haqqında, gömrük və poçt-teleqraf xidmətinin təkmilləşdirilməsi, məhkəmə qanunvericiliyi haqqında və s. sənədlər də parlamentdə müzakirə və qəbul edilmişdi. Göründüyü kimi, parlament ölkənin inkişafı üçün hərtərəfli iş aparmış, səmərəli fəaliyyət göstərmişdir.
İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas 1920-ci il aprelin 27-də baş tutmuşdu. Bu iclaslardan 15-i yetərsayın olmaması üzündən keçirilməmiş, 130 iclasda ölkənin daxili, xarici siyasəti, iqtisadiyyat, maliyyə məsələləri, qanunvericilik aktlarının müzakirəsi, qəbulu, ordu quruculuğu və digər məsələlər müzakirə edilmişdi. Fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını təsdiq edilmişdi. Gənc müstəqil respublikada cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən mükəmməl qanunlar özünün mütərəqqiliyi, demokratik ruhlu olması ilə fərqlənirdi.
Azərbaycan Xalq Cümhuriyyəti xarici təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğradı, onun bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi, xalqımız tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi. 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyəti az bir müddət yaşamasına baxmayaraq, XX əsrdə Azərbaycanın həyatında mühüm tarixi bir mərhələ olub xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoymuşdur. Məhz buna görə biz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını, fəaliyyətini və Xalq Cümhuriyyətini yaradanları, o dövrdə qəhrəmanlıq nümunələri göstərən insanları böyük minnətdarlıq hissi ilə yad edirik.
Bu gün müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir. Biz bu varislik prinsipini şərəflə, sədaqətlə yerinə yetiririk. Təbii ki, 1918-1920-ci illərlə 1990-cı illər arasında böyük fərqlər mövcuddur və o dövrlə bu dövr arasında çox böyük zaman kəsiyi var. Bu məsafə də boşluqdan ibarət olmayıb. Suverenlik qazanana qədər olan 70 ildə Azərbaycan xalqı yaşayıb, yaradıb, xalq kimi, millət kimi inkişaf edib və Azərbaycan Respublikasının bu gün müasir dövrdə mövcud olan iqtisadi, siyasi, intellektual, mədəni potensialını yaradıbdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli sərəncamına əsasən, bu il ölkəmizdə "Cümhuriyyət ili” elan edildi. Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə ölkədə və ölkə xaricində silsilə tədbirlər keçirilmişdir. Sərəncamda bildirilir: "...Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır”.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti aramsız və gərgin fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur.
Müsəlman Şərqinin ilk demokratik, hüquqi respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olmasına baxmayaraq, xalqın milli mənlik şüurunu özünə qaytarmış, müqəddəratını müstəqil şəkildə təyin etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirmiş, həyata keçirilən islahatlarla dövlətçiliyin sütunlarının möhkəmlənməsinə çalışmışdır. Qısa müddətdə cümhuriyyətin mühüm dövlətçilik atributları, ölkə hakimiyyətinin bütün qolları formalaşdırılmış, o cümlədən ilk parlament yaradılmışdır.

Fəzail İBRAHİMLİ,
Milli Məclisin deputatı, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video