23 Sentyabr 2018 00:33
1037
SİYASƏT
A- A+

Bir tarix - üç tale


Azərbaycan Xalq Cümhuriyyətinin formalaşdırdığı dəyərlər sırasında parlamentarizm ənənələri xüsusi yer tutur. Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli respublika idi. Mövcud çətinliklərə, zamanın ağır tarixi-siyasi şəraitinə rəğmən, bu, o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi.
Əlimərdan bəy Topçubaşov, Həsən bəy Ağayev və Məmməd Yusif Cəfərov Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə rəhbərlik edən, ölkədə parlamentarizm ənənələrinin formalaşması prosesini yönəldən görkəmli şəxsiyyətlər idi. Bu insanlar öz intellektual potensialları, millətinə olan sədaqətləri ilə XX əsrin əvvəllərində gedən proseslərdə fəal iştirak etmiş, xalqın milli oyanışında misilsiz rol oynamışlar. Onlar dünyanın dəyişən şərtləri altında bütün vəziyyətlərdə Azərbaycanın mənafeyinə xidmət edən addımlar atmış və əksər hallarda istəklərinə nail olmuşlar.


Millət fədaisi


Görkəmli dövlət xadimi Əlimərdan bəy Topçubaşov Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən, Rusiyanın müsəlman-türk xalqlarının milli-azadlıq hərəkatının liderlərindən idi. O, mükəmməl təhsil almışdı. 1884-cü ildə Birinci Tiflis Gimnaziyasını, 1888-ci ildə isə Peterburq Universitetinin Hüquq fakültəsini bitirmişdi. Təhsilini başa çatdırdıqdan sonra bir neçə il Rusiyada işləmişdi.1894-cü ildə Bakıya gələrək hüquqşünas kimi fəaliyyətə başlamışdı. Müstəqil vəkil kimi bir çox mürəkkəb məhkəmə proseslərini udması ona şəhər əhalisi arasında nüfuz qazandırmışdı. Böyük maarifçi Həsən bəy Zərdabinin kürəkəni olan Əlimərdan bəy Topçubaşovu bu işıqlı şəxsiyyətlə qohumluq əlaqələrindən daha çox Azərbaycan sevgisi, xalqın istiqbalı uğrunda yorulmadan çalışmaq əzmi birləşdirirdi. Bu millət fədaisinin çoxşaxəli fəaliyyəti hüquqşünaslıq sahəsindən əlavə, mesenat Hacı Zeynalabdin Tağıyevin 1897-ci ildə aldığı rusdilli "Kaspi” qəzetinə redaktorluqdan, Rusiya ərazisində yaşayan müsəlmanların milli-mədəni hüquqları uğrunda ardıcıl mübarizədən, Bakı şəhər duması, Rusiya Dövlət Duması kimi seçkili orqanlarda təmsilçiliyə qədər ən müxtəlif sferaları əhatə edirdi.
"Kaspi” qəzeti Ə.Topçubaşovun redaktorluğu dövründə milli düşüncəli mətbuat orqanına, azərbaycançılıq ideyalarının başlıca müzakirə mərkəzlərindən birinə çevrilmişdi. O, Bakının ictimai-siyasi həyatında fəal iştirak edirdi. 1901-ci ildə şəhər dumasına üzv seçilmiş, hətta bir müddət onun sədri də olmuşdu.
Ə.Topçubaşov hüquq sahəsindəki zəngin bilik və təcrübəsindən Rusiya müsəlmanlarının hüquqları uğrunda mübarizə işində geniş istifadə edirdi. 1905-ci il iyunun 10-da onun başçılıq etdiyi müsəlman nümayəndələri tərəfindən ərzi-hal hazırlanmış və Qafqaz canişininə təqdim olunmuşdu. Həmin sənəddə göstərilirdi ki, sabiq canişinin dövründə müsəlmanlar ixtiyarsız idilər, rus təbəəsindən sayılmayıb, sözün hərfi mənasında, "ögey övlad” hesab olunurdular.
Bu şikayət ondan irəli gəlirdi ki, müsəlmanlar əsgəri, mülki, ədliyyə və başqa ali işlərdən uzaq salınır, hətta kiçik dövlət işlərinə də götürülmürdülər. Şəhər dumalarında müsəlman qlasnılarının, idarələrdə müsəlman üzvlərinin sayı ümumi xristian qlasnı və üzvlərinin yarısından çox ola bilməzdi. Qafqaz müsəlmanları 25 ildən artıq bir müddətdə özlərinin xeyriyyə cəmiyyətlərini yaratmaq üçün icazə belə ala bilməmişdilər. Proseslərin içində olan Topçubaşov bu münasibətə laqeyd yanaşa bilmir, belə halların aradan qaldırılmasına çalışırdı.


Ümummüsəlman lideri


Birinci rus inqilabı (1905-1907) dövründə müsəlman xalqlarının azadlıq mübarizəsinin təşkilində Ə.Topçubaşovun əvəzsiz xidmətləri olmuşdu. İnqilabın gedişində Azərbaycanda da genişlənən petisiya (xahişnamələr, müraciətlər və s.) kampaniyasında o, bütün müraciət və ərizələri özü tərtib və təqdim edirdi. 1905-ci ilin aprel ayında Cənubi Qafqaz müsəlmanları adından Rusiya Nazirlər Kabinetinə təqdim olunan petisiyalar da Topçubaşov tərəfindən hazırlanmışdı. Belə bir fəaliyyət Topçubaşovu ümummüsəlman liderinə çevirdi. O, Peterburqda ikən qabaqcıl ziyalılarla görüşür və Rusiya müsəlmanlarının qurultaylarını keçirmək qərarına gəlir.
Birinci rus inqilabı Rusiyada yaşayan türk-müsəlman xalqlarının milli şüurunun oyanmasında mühüm rol oynayır. Bu zaman Ə.Topçubaşovun təşəbbüsü, ciddi hazırlığı və rəhbərliyi ilə 1905-ci il avqustun 15-də Nijni-Novqorodda Ümumrusiya müsəlmanlarının birinci qurultayı keçirilir. O, qurultaya sədrlik edir və çıxışları böyük maraqla qarşılanır. Bu çıxışların hərəsi bir publisistik məqalə təsiri bağışlayırdı.
Rusiya müsəlmanlarının sonrakı qurultaylarının keçirilməsində də Topçubaşovun müstəsna əməyi olmuşdu. 1906-cı il yanvarın 12-23-də Rusiya müsəlmanlarının Peterburqda keçirilən II qurultayı onun hazırladığı "İttifaqi-müslimin” nizamnamə və proqram layihələrini bəyənir, təkmilləşdirmək şərti ilə qəbul üçün növbəti qurultaya təqdim olunması tövsiyə edilir. 1906-cı il avqustun 16-21-də Nijni-Novqorodda keçirilən III qurultayda bu təşkilatın proqramı qəbul olunur. Topçubaşov Rusiya Müsəlmanları İttifaqı partiyasının sədri seçilir. Bu partiya müsəlmanlara ruslarla bərabər hüquqlar verilməsini tələb edirdi.


Millətin vəkili


1906-cı ildə Bakı quberniyasının I Dövlət Dumasına deputat seçilən Ə.Topçubaşovun təşəbbüsü ilə burada müsəlman fraksiyası yaradılır. Həmin ərəfədə o, millət vəkili kimi Qafqaz və Rusiya müsəlmanlarının lideri səviyyəsində onların hüquqlarını müdafiə edirdi. Cəsarətli addımları, fədakarlığı onun Xalq Cümhuriyyəti qurulanadək siyasi xadim kimi yetişməsində müstəsna rol oynayırdı.
Ə.Topçubaşov millət yolunda çoxsaylı təzyiq və təhdidlərlə də üzləşmişdi. O, dumanın buraxılmasına etiraz edən deputatların Vıborq müraciətnaməsini imzaladığına görə, hətta üç ay həbs cəzasına məhkum olunur. Həmçinin dumaya seçilmək hüququndan məhrum edilir. "Kaspi” qəzetinə rəhbərlikdən uzaqlaşdırılır. Bakı Şəhər Duması üzvlüyündən çıxarılır. Buna baxmayaraq, Ə.Topçubaşov II Dövlət Duması müsəlman fraksiyasının əməli işlərində xüsusi fəallıq göstərir. O, dəfələrlə Peterburqa gedir, Ümumrusiya Müsəlman İttifaqı Mərkəzi Komitəsi üzvlərinin Dumada müzakirəyə çıxarılan qanun layihələri, həmçinin sorğular üzrə fraksiyanın ümumi mövqeyini işləyib hazırlayan iclaslarına sədrlik edir. Ə.Topçubaşov 1905-1906-cı illərdə erməni-müsəlman qırğınlarının yatırılması sahəsində gərgin iş aparır. O, Əhməd bəy Ağayevlə birlikdə 1906-cı ilin fevralında Tiflisdə keçirilən sülh konfransında iştirak edir, erməni terrorizminin, "Daşnaksütyun” və "Hnçak” partiyalarının iç üzünü açan yüzlərlə məqalə yazır.
Dövlət Dumasının müsəlman deputatları və "İttifaqi-müslimin”in üzvləri Topçubaşovun fəaliyyətini davam etdirməsi üçün Moskvada "Daimi təmsilçilik” bürosu açırlar. "Tərcüman” qəzetinin naşiri və redaktoru İsmayıl bəy Qaspıralı 1908-ci il aprelin 11-də yazdığı məktubda onun fəaliyyətini yüksək qiymətləndirirdi.
1905-1907-ci illər inqilabının məğlubiyyətindən sonra irticanın yenidən baş qaldırması nəticəsində Ə.Topçubaşov 1910-cu ildə Moskvanı tərk edərək Bakıya dönməli olur. 1914-cü ildə o, Bakıda 45 nəfərdən ibarət "Məşvərət Məclisi” təşkil edərək müsəlmanların "tələblər paketi”ni hazırlayır, çar hakimiyyəti orqanlarına göndərir. 1916-cı ildə Tiflisdə toplanan Qafqaz millətləri yığıncağında Azərbaycanı təmsil edir.
1917-ci ilin mayında Moskvada keçirilən Ümumrusiya müsəlmanlarının I qurultayına sədrlik edir. Noyabrda Gəncə dairəsindən Rusiya Müəssislər Məclisinə nümayəndə seçilir. Ə.Topçubaşov o zaman həm də Cənubi Qafqaz Seyminin üzvü idi.


İstiqlal səfiri


Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Topçubaşov yeni yaranmış müstəqil milli dövlətin dünyada tanınması üçün səylə işə başlayır. Fətəli xan Xoyskinin 1918-ci il iyunun 17-də Gəncədə təşkil etdiyi İkinci hökumət kabinetinin tərkibində əvvəlcə portfelsiz nazir, avqustun 20-dən xarici işlər naziri olur. Avqustun 23-də isə Azərbaycan Xalq Cümhuriyyətinin fövqəladə elçisi və səlahiyyətli naziri kimi İstanbula göndərilir. 1918-ci il dekabrın 7-də öz işinə başlayan Azərbaycan Xalq Cümhuriyyəti parlamenti elə ilk iclasında, o vaxt özü İstanbulda olan Topçubaşovu parlamentin sədri seçir. O, 1920-ci il aprelin 28-dək bu statusu daşıyır.
İstanbulda qızğın diplomatik fəaliyyət göstərən Topçubaşov 1918-ci il oktyabrın 2-dən 1919-cu il yanvarın 16-dək 36 rəsmi görüş keçirir, danışıqlar aparır. 1919-cu il yanvarın 10-da Sultan VI Mehmetlə, sədrəzəm Tələt Paşa və hərbi nazir Ənvər Paşa ilə görüşür.
1918-ci il oktyabrın 30-da imzalanan Mudros sazişinin şərtlərinə görə türk ordusu Cənubi Qafqazdan çəkilməli, müttəfiqlərin qoşunları Bakını tutmalı idi. Ə.Topçubaşov Azərbaycan nümayəndələrinin iştirakı olmadan Mudros sazişinə Bakının taleyi barədə bəndlərin daxil edilməsinə etiraz əlaməti olaraq hökumət adından Türkiyə Xarici İşlər Nazirliyinə və müttəfiq dövlətlərin hərbi nümayəndələrinə nota təqdim edir. Onun İstanbuldan göndərdiyi məktub əsasında 1918-ci il noyabrın 8-də Milli Şura adından Azərbaycanın müstəqilliyinin tanınması üçün dünya dövlətlərinə müraciət qəbul edilir.
Dekabrın 28-də Azərbaycan hökumətinin və parlamentin ağsaqqallar şurasının birgə yığıncağında Ə.Topçubaşov Paris Sülh Konfransına (1919-1920) göndərilən Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin sədri təyin olunur. O, İstanbuldan birbaşa Parisə yola düşür.
Böyük çətinliklərdən sonra nəhayət, 1919-cu il mayın birinci ongünlüyündə Parisə gəlib çatan nümayəndə heyətinin apardığı ardıcıl diplomatik görüşlər, danışıqlar nəticəsini verməyə başlayır. ABŞ Prezidenti V.Vilsonun təşəbbüsü ilə İngiltərə, Fransa və İtaliya dövlət başçıları səviyyəsində Azərbaycan məsələsi gündəliyə salınaraq müzakirə olunur. Həmin yığıncaqda bilavasitə prezident Vilsonun Ə.Topçubaşovu Azərbaycan nümayəndə heyətinin başçısı olaraq tanıması və Azərbaycanın Paris Sülh Konfransına qatılması təklifi qəbul edilir. 1919-cu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının birinci il dönümü günü V.Vilson Ə.Topçubaşovun rəhbərliyi ilə Azərbaycan nümayəndələri ilə görüşür.


"Əbədi ezamiyyət”


Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin, xüsusilə onun başçısı Topçubaşovun gərgin fəaliyyəti uğurla nəticələnir. Nümayəndə heyəti müxtəlif partiya və fraksiyaların üzvlərindən ibarət olmasına baxmayaraq, sülh konfransında vahid mövqedən - gənc Azərbaycan Cümhuriyyətinin mənafeyi mövqeyindən çıxış edirdi. Lakin tarixin və taleyin hökmü çox ağır oldu. Nümayəndə heyəti öz missiyasını qismən yerinə yetirə bildi. 1920-ci ilin yanvarında Ə.Topçubaşovun səkkiz aylıq gərgin mübarizəsi nəticəsində Azərbaycanın dövlət müstəqilliyi Avropada de-fakto tanındı. Amma həmin ilin 28 aprelində bolşevik Rusiyasının müdaxiləsi ilə baş verən çevriliş min bir əziyyətlə qazanılmış bu nailiyyətin üstündən qalın bir xətt çəkdi. Azərbaycanın müstəqillik arzusunu yenidən əlçatmaz etdi.
1919-cu ildə Paris Sülh Konfransına ezam edilən nümayəndə heyətinin üzvləri bu səfərin bir ömür boyu çəkəcəyini ağıllarına belə gətirmirdilər. Əksəriyyəti Parisdə qalmağa və yaşamağa məhkum oldu.
1920-1934-cü illərdə Parisdə qalıb mühacir həyatı yaşamağa məcbur olan Topçubaşov siyasi fəaliyyətini yenə dayandırmadı. Sovet nümayəndə heyətinin etirazlarına baxmayaraq, AXC hökumətinin ona verdiyi mandatla 1920-ci ilin noyabrında Millətlər Cəmiyyətinin Cenevrə toplantısında, 1920-ci ildə London və Genuya, 1923-cü ildə isə Lozanna konfranslarında iştirak etdi. Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunduğu və onların törətdikləri cinayətlər haqqında geniş məlumatlar yaymağa başladı.
Ə.Topçubaşov siyasi fəaliyyətini digər Qafqaz respublikaları nümayəndələrinin fəaliyyəti ilə əlaqələndirməyə çalışırdı. Bu məqsədlə onlar 1921-ci il mayın 8-də Parisdə bir araya gələrək Qafqaz Konfederasiyası yaradılması məsələsini müzakirə etmiş, iyunun 10-da isə üç Qafqaz respublikasının səlahiyyətli nümayəndələri Topçubaşovun sədrliyi ilə keçirilən iclasda siyasi və iqtisadi ittifaq yaratmaq haqqında razılığa gəlmişdilər.
Ə.Topçubaşov 1934-cü ildə, ölümündən bir qədər əvvəl Azərbaycan Milli Mərkəzinin divan üzvü kimi M.Ə.Rəsulzadə ilə birlikdə Gürcüstan və Şimali Qafqaz xalqları təmsilçilərinin iştirakı ilə Brüsseldə "Qafqaz Konfederasiyası bəyannaməsi”ni imzalamışdı.
Dövrünün güclü və nüfuzlu simalarından olan Əlimərdan bəy mübarizəsini ömrünün sonunadək davam etdirmişdir. Vətəndə də, vətəndən kənarda da yalnız vətən naminə çalışmışdı.


"Təbib H.A”


Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin rəhbərlərindən biri də ö dövrün görkəmli fikir adamlarından olan Həsən bəy Ağayev idi. Bu insanın parlamentarizm tariximizdəki rolu ona görə müstəsna əhəmiyyət daşıyır ki, sədr Əlimərdan bəy Topçubaşov diplomatik missiyası ilə əlaqədar xaricdə olması səbəbindən Məclisi Məbusanın fəaliyyətində iştirak edə bilmədiyindən cümhuriyyət parlamentinə rəhbərliyi faktiki Həsən bəy Ağayev həyata keçirmişdi.
Həsən bəy Ağayev 1875-ci ildə Gəncə şəhərində doğulmuşdu. Orta təhsilini Gəncə klassik gimnaziyasında aldıqdan sonra məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin köməyi ilə Moskva Universitetinin tibb fakultəsində oxumuşdu. 1901-ci ildə Moskvadan Bakıya qayıtmış, əvvəlcə H.Z.Tağıyevin toxuculuq fabrikində və "Qızlar məktəbi”ndə həkimlik etmiş, eyni zamanda, "Kömürçü” meydanında, sonradan onun adı ilə məşhurlaşacaq "Seyid xəstəxanası”nda çalışmışdı.
Həsən bəy Ağayev tələbəlik illərindən siyasi fəaliyyətə böyük maraq göstərirdi. Mövqe etibarilə sosial-demokratlara bağlı olduğundan bu təşkilatla yaxından təmasda idi. "Hümmət”də təmsil olunur, mətbuatda yazılar verirdi. Onun "Həyat” (1905-1906), "İrşad” (1905-1907), "Yoldaş” (1907), "Tərəqqi” (1908-1909), "Həqiqət” (1909-1910), "Günəş” (1910-1911), "Azərbaycan” (1918-1920) qəzetlərində, "Dəbistan” (1906-1908) jurnalında müxtəlif mövzularda müntəzəm yazıları dərc olunurdu. Mətbuatda əsasən, "Təbib H.A”, "Təbib H.Ağayev”, "Təbib Həsən Ağayev”, "Təbib Həsən Ağayev Gəncəli” və s. bu kimi imzalarla çıxış edirdi.
Həsən bəy Gəncədə ilk tibb cəmiyyətini yaradanlardan biri idi. O, həmin vaxt Yelizavetpol Tibb Cəmiyyəti adlanan bu qurumun təməlini 1914-cü ildə Xudadat bəy Rəfibəyovla birgə qoymuşdu.
Həsən bəy Ağayevin həyat yoldaşı əslən Ufa tatarlarından olan çar ordusunun istefadakı polkovniki Sadıq Əbdürrəhmanovun Peterburqda Nücabə Qızlar İnstitutunda pedaqoji ixtisas təhsili almış qızı Xədicə xanım idi. O, H.Z.Tağıyevin "Qızlar məktəbi”ndə müəllimlik etmiş, dövrünün tanınmış maarifpərvər ziyalı qadınlarından olmuşdur.
1917-ci ildən başlayaraq Həsən bəy Ağayev siyasi fəaliyyətə daha çox önəm verməyə başlayır. Xüsusən, 1917-ci ilin fevral burjua inqilabından sonra N.Yusifbəylinin Gəncədə yaratdığı Türk-Ədəmi-Mərkəziyyət Partiyasının xalq arasında böyük nüfuz qazanmasında əvəzsiz xidmətləri olur.
1918-ci ilin 27 mayında Azərbaycan Müvəqqəti Milli Şurası elan edilərkən Həsən bəy Ağayev Milli Şura sədrinin iki müavinindən biri seçilir və səhəri gün onun rəhbərliyi ilə Milli Şuranın ilk iclası keçirilir. İclasda Azərbaycan Xalq Cümhuriyyətinin qurulması barədə qərar qəbul edilir. Bir saatlıq fasilədən sonra iclas öz işinə yenidən başlayır və ilk Azərbaycan hökumətini təşkil etmək haqqında tapşırıq almış Fətəli Xan Xoyski müvəqqəti hökumətin tərkibini elan edir.
Müzakirələrdə iştirak edənlərdən bəziləri "İstiqlal Bəyannaməsi”nin qəbulunun bir qədər uzadılması təklifini irəli sürsələr də, sonda 6 maddəlik "İstiqlal Bəyannaməsi”nin qəbulu vacib sayılır və belə bir mövqenin ortalığa qoyulmasında H.Ağayevin böyük xidməti olur. Beləliklə, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə Qafqaz canişininin keçmiş sarayında keçirilən təntənəli iclasında Azərbaycanın müstəqilliyi haqqında "İstiqlal Bəyannaməsi”ni ilk olaraq Həsən bəy Ağayev imzalayır.


"Parlament hakimi-mütləq idi”


Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra H.Ağayev Azərbaycan Dəmir Yolu İdarəsinin baş həkimi vəzifəsində çalışır. Eyni zamanda, 1918-ci ilin 7 dekabrında parlament sədrinin müavini seçilərək 1920-ci ilin fevralına qədər Məclisi Məbusana faktiki rəhbərlik edir.
Onun rəhbərliyi dövründə Azərbaycan parlamenti kifayət qədər məhsuldar fəaliyyət göstərmişdi. Bir il müddətində parlamentin 104 iclası keçirilmiş, 120-yə yaxın əsaslı və mühüm qanunlar qəbul edilmişdir. Bir il müddətində ən çox maliyyə nəzarətindən parlamentə 82 qanun daxil olmuş, 55-i qəbul edilmiş, həmin qanunlardan 19-nun komissiyalar səviyyəsində, 5-nin parlament səviyyəsində müzakirə olduğu, 3-nün isə qəbul edilmədiyi göstərilmişdir.
Həsən bəy Ağayevin parlamentə sədrlik etdiyi bir il müddətində Ədliyyə Nazirliyindən 31 qanun layihəsi təqdim olunmuş, bunlardan 14-ü qəbul edilmiş, altısının müzakirə prosesində, onunun komissiyalarda olduğu, birinin isə geri qaytarıldığı qeyd olunmuşdur.
Bu müddətdə daxiliyyə nəzarətindən 24 qanun layihəsi daxil olmuş, bunlardan 14-ü qəbul edilmiş, 1-i müzakirə olunmuş, 6-sının komissiyalarda olduğu, 3-nün geri qaytarıldığı bildirilmişdir. Parlamentə təqdim edilən bütün qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə olunmuş, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul edilmişdir. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiqlənməsində 11 fraksiya və qrupa mənsub millət vəkilləri iştirak etmişlər. Burada 11 komissiya fəaliyyət göstərmişdir.
Parlamentin işi xüsusi olaraq hazırlanmış nizamnamə - "Azərbaycan Parlamentinin nakazı (təlimatı)” əsasında idarə olunurdu. M.Ə.Rəsulzadə sonralar Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətinə belə qiymət verirdi:”Millət məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə - vəzifə yox idi. Parlament hakimi-mütləq idi”.
Həsən bəy Ağayevin başçılıq etdiyi Azərbaycan parlamenti xalqın çox ağır günlərində önəmli rol oynadı. O, cümhuriyyət xadimləri arasında o qədər böyük hörmətə malik idi ki, hətta dövlət idarəçiliyində yaranan müəyyən problemləri şəxsi nüfuzu hesabına aradan qaldıra bilirdi. Məsələn, 1918-ci ilin dekabrında baş nazir Fətəli xan Xoyski vəzifəsindən istefa verdikdə Həsən bəy Ağayev ona çox məzmunlu bir müraciət etmişdi. F.X.Xoyskinin etirazından sonra Həsən bəy dekabrın 18-də ikinci müraciətini etmiş və bu müraciətdən sonra Fətəli xan növbəti hökumət kabinəsi yaratmağa razılaşmışdı.
İstiqlal hərəkatının yorulmaz mücahidi H.Ağayev deyirdi: "Türk xalqı azadlığı qanı ilə satın almışdır. Və onu heç vaxt əldən verməyəcəkdir. Azadlıq meyvəsini dadmış olan xalq bir daha zülmətli keçmişə qayıtmaz. Azad Azərbaycan ziyalıdan tutmuş fəhlə-kəndliyə qədər bütün türk xalqının varlığına hopmuş bir idealdır”.


Xaincəsinə qətl


Həsən bəy Ağayev yalnız parlament iclaslarına sədrlik etmirdi. O, eyni zamanda, qanunların hazırlanmasına dəstək olur, müzakirələrdə fəallıq göstərirdi. 1920-ci il fevralın 2-də səhhəti ilə bağlı vəzifəsindən gedərkən bütün parlament üzvlərinin imzası ilə ona təşəkkürnamə verilmişdi.
Həsən bəy Ağayev parlament sədrinin müavini vəzifəsindən uzaqlaşsa da, millət vəkili kimi yenə də fəaliyyətini davam etdirir, qanun layihələrinin hazırlanmsında fəallıq göstərirdi. Məsələn, parlamentin 23 fevral tarixində keçirilmiş iclasının gündəliyinə təqdim olunan 8 qanun layihəsindən 2-sinin müəllifi məhz Həsən bəy idi. Bu layihələrdən biri belə adlanırdı: "Xəstəliklərlə mübarizə üçün səhhəti-ümumiyyə nəzarətinə 3 milyon 275 min rubl buraxılması haqqında qanun layihəsi”. Layihə dövlət büdcəsindən ayrılacaq vəsait müqabilində Göyçay, Xaçmaz, Şamaxı, Gəncə, Gədəbəy, Qazax, Dondarlı, Zəngilan, Cəbrayıl, Ağdaş bölgələrinə yoluxucu xəstəliklərə qarşı mübarizə məqsədilə səyyar tibbi briqadaların göndərilməsini nəzərdə tuturdu. Həsən bəy Ağayevin hazırladığı bu qanun layihəsi 3-cü oxunuşdan sonra səsə qoyularaq qəbul olunmuşdu.
Onun təqdim etdiyi digər layihə isə "Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında əvvəlinci bir maarif təsisi haqqında” idi.
1920-ci il aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdə, Həsən bəy Ağayev milli ordumuzun parlaq qələbəsi ilə nəticələnən Əskəran-Qarabağ müharibəsi ilə bağlı Tiflisdə başlanmış Azərbaycan-Ermənistan konfransında səlahiyyətli nümayəndə kimi iştirak edirdi və bir müddət orada qalmışdı.
Bolşevik işğalından sonra Həsən bəy Ağayev əvvəl Gəncədə, bura təhlükəli olduğundan Tiflisdə yaşamağa başlayır. Şəhərdə bolşevik işğalına qarşı mübarizəni davam etdirir. Həsən bəyin nəvəsi Sevda Pepinova xatirələrində yazırdı ki, həmin vaxt H.Ağayev Nəriman Nərimanova məktub göndərir, siyasi fəaliyyətini dayandırdığını bildirir. "Bakıya qayıdıb həkim kimi çalışmaq istəyirəm” - deyə yazır. Nərimanov isə ona nəinki Bakının, hətta Tiflisin də təhlükəli olduğu barədə xəbərdarlıq edir. Oradan da uzaqlaşmağı məsləhət görür. Təhlükənin fərqində olan Həsən bəy iyulun 20-də Tiflisdən Batuma, sonra gəmi ilə Türkiyəyə getməyə hazırlaşır.
Amma Həsən bəy Ağayev 1920-ci il iyulun 19-da axşam dostlarının toplaşdığı evə görüşə gedərkən erməni terrorçuları tərəfindən qətlə yetirilir. Bəzi mənbələr bu qətldə bolşeviklərin əlinin olduğunu təsdiqləyir. O, Tiflisdəki müsəlman qəbiristanlığında - M.F.Axundzadənin və bir ay əvvəl xaincəsinə qətlə yetirilmiş F.X.Xoyskinin məzarlarının yanında dəfn edilir.


Millət vəkili, nazir, diplomat...


1920-ci il fevralın 2-də Azərbaycan parlamentinin 121-ci iclasında Həsən bəy Ağayev xəstəliyi ilə əlaqədar vəzifəsindən gedərkən parlamentə yeni müavin seçilməsi məsələsi müzakirəyə qoyulur. M.Ə.Rəsulzadə Müsavat fraksiyası adından Azərbaycan parlamenti sədrinin müavini vəzifəsinə Məmməd Yusif Cəfərovu təklif edir. Millət vəkillərindən 47 nəfər M.Y.Cəfərovun lehinə, 5 nəfər isə əleyhinə səs verir.
Məmməd Yusif Cəfərov da Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimlərindən idi. 1885-ci ildə Bakıda anadan olmuşdu, tanınmış pedaqoq, jurnalist Əli İsgəndər Cəfərzadənin kiçik qardaşı idi. M.Y.Cəfərov Moskva Universitetinin Hüquq fakültəsini bitirmiş, Bakıya qayıtdıqdan sonra məhkəmə sistemində çalışmış, 1912-ci ildə IV Rusiya Dövlət Dumasına üzv seçilmişdi. Dumada kadet partiyasına qoşulan M.Y.Cəfərov buradakı çıxışlarında çar hökumətinin Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini kəskin şəkildə tənqid edirdi. O, Dumanın V bölməsinin, müsəlman fraksiyasının, büdcə, köçürmə, sorğu, məhkəmə islahatı, hərbi və dəniz işləri üzrə komissiyaların üzvü idi. 1917-ci ildə Rusiyada fevral-burjua inqilabı baş verdikdən sonra 1917-ci il martın 9-da Müvəqqəti hökumətin təşəbbüsü əsasında IV Dövlət Dumasının Zaqafqaziyadan olan deputatlarından ibarət yaradılan Xüsusi Zaqafqaziya Komitəsinin tərkibində M.Y.Cəfərov da vardı. Ona yeni yaradılmış komitədə sənaye və ticarət işlərinə rəhbərlik etmək tapşırıldı. 1917-ci il aprelin 15-20-də Bakıda Qafqaz müsəlmanlarının qurultayı keçirilərkən o, Tiflisdən qurultaya gələrək təbrik nitqi söyləmişdi.
1917-ci il noyabrın 15-də Tiflisdə Y.Gegeçkorinin sədrliyi ilə Müstəqil Zaqafqaziya hökuməti - Zaqafqaziya Komissarlığı yaradıldı. M.Y.Cəfərov bu hökumətdə ticarət və sənaye naziri vəzifəsini tuturdu. 1918-ci il fevralın 23-də Tiflisdə Zaqafqaziya Seymi işə başladı. Seymdə gürcü, erməni və azərbaycanlı nümayəndələri iştirak edirdilər. Buraya Azərbaycandan Müsavat Partiyasını və bitərəf demokratik qrupları təmsil edən 30 nəfər, o cümlədən M.Cəfərov da seçilmişdi. 1918-ci il mayın 27-də Zaqafqaziya Seymi buraxılır. Gürcüstanın müstəqilliyi elan edilir və müsəlman fraksiyasının növbəti iclası çağırılır. Burada Müvəqqəti Milli Şura və F.X.Xoyskinin sədrliyi ilə İcra Komitəsi təşkil edilir. Komitənin tərkibinə M.Y.Cəfərov da seçilir.
1918-ci il mayın 28-də "İstiqlal Bəyannaməsi”ni imzalayan 24 nəfərdən biri də məhz Məmməd Yusif Cəfərov olur. F.Xoyskinin elan etdiyi ilk Azərbaycan hökumətinin tərkibində ona ticarət və sənaye naziri vəzifəsi tapşırılır.


Nisgilli imza


1918-ci ilin iyun ayının 17-də Milli Şuranın ikinci iclasında M.Cəfərov onun buraxılması məsələsinə öz qəti etirazını bildirmişdi. Bunu Nuru Paşanın və Türkiyə hökumətinin Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirmişdi. M.Y.Cəfərov birinci hökumətin istefaya getməsi ilə bağlı işdən çıxmış, sonra isə 1918-ci ilin iyun ayının axırlarından 1919-cu ilin martın ortalarına qədər Azərbaycan hökumətinin Gürcüstan hökuməti yanında diplomatik nümayəndəsi vəzifəsini icra etmişdir.
O, bu vəzifədə Azərbaycan və Gürcüstan hökumətləri arasında dostluq əlaqələrinin yaradılmasında, keçmiş Zaqafqaziya Demokratik Federativ Respublikasının əmlakının bölüşdürülməsində, Azərbaycan, Ermənistan, Gürcüstanın hökumət və Avropa ölkələri nümayəndələri ilə söhbət və görüşlərdə, Azərbaycan, Gürcüstan və Dağlılar respublikalarının nümayəndələrinin Tiflis şəhərində keçirilmiş Zaqafqaziya konfransında yaxından iştirak etmiş və Azərbaycanla Gürcüstan arasında əlavə müvəqqəti kağız pul buraxılması haqqında müqaviləni imzalamışdır.
1919-cu il martın 14-də Azərbaycan parlamenti N.Yusifbəyovun sədrliyi ilə yeni Azərbaycan hökumətini təsdiq edərkən M.Y.Cəfərova bu hökumətdə xarici işlər naziri vəzifəsi verildi. O, bu vəzifədə 1919-cu il dekabrın 22-nə kimi çalışdı və diplomat kimi Azərbaycanın mənafeyini layiqincə müdafiə etdi. Bu, onun imzaladığı Gürcüstan və Azərbaycan respublikaları arasında hərbi-müdafiə müqaviləsində, əlavə müvəqqəti kağız pulun buraxılması haqqında Ermənistan, Gürcüstan və Azərbaycan respublikaları arasında sazişdə, müsəlmanların vəhşicəsinə qırılması əleyhinə Ermənistan XİN-ə, müsəlman əhalisinin mənafeyinin müdafiə edilməsi, Azərbaycanın ərazi bütövlüyü, əmlakının qorunması barədə Böyük Britaniyanın Cənubi Qafqazdakı və Bakıdakı qoşunlarının komandanlarına göndərdiyi notalardan və s. aydın görünür. M.Cəfərov eyni zamanda, xarici işlər naziri kimi Azərbaycan parlamentinin 1919-cu il iyunun 27-də 51-ci və avqustun 18-də 66-cı iclaslarında çıxış edərək Azərbaycan hökumətinin apardığı xarici siyasət, Gürcüstanla bağlanmış müqavilə, şimaldan general Denikinin təhlükəsi ilə əlaqədar Gürcüstan hökuməti və Böyük Britaniyanın Zaqafqaziyada olan komandanlıqları ilə aparılan danışıqlar haqqında məlumat vermişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə tanınmasında da onun böyük xidmətləri olmuşdur.
1919-cu ilin dekabrında N.Yusifbəylinin rəhbərlik etdiyi hökumət kabineti istefaya çıxdığı üçün M.Y.Cəfərov da tutduğu vəzifəni tərk etmişdir. 1920-ci ilin fevralından isə qeyd etdiyimiz kimi, o, Azərbaycan parlamenti sədrinin müavini vəzifəsinə seçilərək aprelin 27-nə qədər həmin iclaslara rəhbərlik etmişdir.
Aprelin 26-dan 27-nə keçən gecə XI Ordu Samur körpüsünü, yəni, Azərbaycan sərhədini keçərək Bakı üzərinə yürüşə başlayır. Aprelin 27-də parlamentin iclası zamanı Quba valisi Əmirxan Xoyski tərəfindən vurulmuş teleqramda xəbər verilir ki, ordu artıq Azərbaycan sərhədini keçib və Xaçmazı tutub. Bu məlumatla əlaqədar parlament yaranmış vəziyyətin araşdırılması üçün M.H.Hacinski başda olmaqla xüsusi nümayəndə heyəti yaradır. Bu vaxt Ağahüseyn Kazımovun və Həmid Sultanovun bolşevik qrupu parlamentə hakimiyyəti müqavimət göstərmədən təslim etmək haqqında ultimatum verir. Həmin gün saat 13:00-da işğalçı ordu Bakıya daxil olur. M.H.Hacinski bolşevik nümayəndələri ilə əvvəlcə Kazımovun evində, sonra isə B.Cavanşirin mənzilində ultimatumu müzakirə edirlər. Bir yandan hökumət böhranı, digər tərəfdən yaranmış mürəkkəb siyasi vəziyyət nəticəsində həmin gün saat 23-də M.Y.Cəfərovun imzası ilə Azərbaycan parlamenti hakimiyyəti müqavimət göstərmədən bolşeviklərə təslim etmək haqqında qərar çıxarır. Bununla da, 1920-ci il aprelin 27-də parlamentin son iclasında gərgin müzakirədən sonra hakimiyyətin başda N.Nərimanov olmaqla Müvəqqəti İnqilab Komitəsinə verilməsi haqqında qərarın imzalanması da yurdun istiqlalına ruhən bağlı olan M.Y.Cəfərovun acı qismətinə yazılır.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra o, pambıqçılıq və şərabçılıq trestlərində hüquq məsləhətçisi vəzifəsində çalışır. 1938-ci il mayın 15-də Bakıda vəfat edir, Şağan kəndində dəfn olunur.
* * *
Bütün bunlar Azərbaycan Xalq Cümhuriyyətinin - bir əsrlik dövlətçilik dəyərlərimizin formalaşmasında iştirak etmiş üç böyük şəxsiyyətimizin taleyidir. Bu gün tarixinin ən qüdrətli çağlarını yaşayan müstəqil Azərbaycan dövlətinin demokratik inkişafında, parlamentarizm ənənələrimizin yaşadılmasında, öz zirvəsinə yüksəlməsində bu talelərin də ziyası var.

İradə ƏLİYEVA,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video