23 Sentyabr 2018 00:33
334
SİYASƏT
A- A+

Cümhuriyyətin yadigarlarından biri


Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin iclasları H.Z.Tağıyevin "Qızlar məktəbi”nin binasında keçirilib


Yüz ildir ki, ölkəmizdə cümhuriyyətin ənənələri və ideyaları yaşayır, onun izləri yadigar kimi qorunur. Tarixə nəzər saldıqda Cümhuriyyət dövrü ilə bağlı maraqlı faktlarla rastlaşmaq olur.
Belə ki, 1918-ci il dekabrın 7-də saat 13-də H.Z.Tağıyevin "Qızlar məktəbi”nin binasında parlamentin təntənəli açılışı olub. Bu həmin bina idi ki, hazırda paytaxt Bakının ən izdihamlı, mərkəzi, geniş, gur işıqlı İstiqlaliyyət küçəsində yerləşir. Həmin binada hazırda AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutu fəaliyyət göstərir.
Bu küçədə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılan abidə isə müstəqil, demokratik Azərbaycan Respublikasının tarixi yadigarı kimi qiymətlidir. Hər il may ayının 28-də abidənin dövlət başçısı, eləcə də xalq tərəfindən ziyarət edilməsi ənənə halını alıb.
Bu binada parlamentin 145 iclası keçirilib. (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il). Müzakirəyə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul edilib. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 11 komissiyası fəaliyyət göstərib.
AXC Parlametinin yerləşdiyi binanın çox maraqlı tarixi var.


Hacının imperator III Aleksandra məktubu və ya çar II Nikolayın xanımı Aleksandra Fyodorovaya bahalı hədiyyəsi


Bakıda qız məktəbi açmaq istəyən Hacı Zeynalabdin Tağıyev əvvəlcə imperator III Aleksandrdan icazə istəsə də, cavab müsbət olmur. Çar II Nikolay taxta çıxanda Hacı yenidən buna cəhd edir. 1895-ci ildə Nikolayın tacqoyma mərasimində Zaqafqaziya müsəlmanlarını təmsil edən Hacı bu dəfə fürsəti əldən vermir. O, çarın xanımı Aleksandra Fyodorovnaya çox bahalı hədiyyə bağışlayır. Eyni zamanda, Bakıda onun adına qız məktəbinin açılmasını xahiş edir. Hacı nə etdiyini gözəl anlayırdı. Bunun özgə bir yolu görünmürdü. 1896-cı ildə şifahi, 2 il sonra isə rəsmi razılıq alan H.Z.Tağıyev ilk növbədə, məktəb binası üçün müvafiq yer seçilməsinə və inşasına diqqət yetirdi. Təəssüf ki, bütün dövrlərdə olduğu kimi, o zaman da daxildəki düşmən qüvvələr bu xeyirxah işə mane olmağa çalışırdılar. Yeganə bir yol qalırdı. Hacı bundan da istifadə etməyi lazım bildi. Qaragüruhçuların hədə-qorxularına son qoymaq üçün o, Məkkə, Mədinə, Kərbəla, Xorasan, Təbriz, Tehran kimi dini mərkəzlərə, qardaş Türkiyəyə (İstanbula) nümayəndələr göndərdi.
Onlar həmin şəhərlərin rəsmi din xadimlərindən aşağıdakı məzmunda imzalanmış və möhürlənmiş sənəd gətirdilər: "Qurani-Kərimdə qız uşaqlarının təhsil almasında heç bir qadağa yoxdur. Müsəlman qızları müasir məktəblərdə təhsil ala bilərlər”.
1897-ci ildən Hacı bu istiqamətdə fəallığını artırsa da, Rusiya imperator idarələrinin süründürməçiliyi ilə məsələnin həlli süni surətdə yubadılırdı. Hətta icazəyə - məktəbin binasının yerinin müəyyən edilməsinə və tikintisinə 4 il vaxt sərf olunur. Müsəlman qızlar məktəbi üçün bina beləliklə, Bakıda İsmailiyyə binasının yanında (İstiqlaliyyət küçəsi) tikilir.


Həsən bəy Zərdabinin ömür-gün yoldaşı Hənifə xanımın məktəb binasının tikintisinə dəstəyi


Hacı bu işi memar İ.V.Qoslavskiyə həvalə edir. Məktəbin tikilib başa gəlməsinə 183 min 533 rubl vəsait xərclənir. Məktəb binasının ərsəyə gəlməsində dövrün böyük ziyalıları iştirak edir. Həsən bəy Zərdabinin ömür-gün yoldaşı Hənifə xanım da bu təşəbbüsü çox bəyənir və Hacıya yardımçı olur.
Nəhayət, tarixi gün gəlir: 1901-ci ilin bir payız səhərində bütün şəhər əhalisi məktəbin açılışına toplaşır. "Kaspi” qəzeti həmin hadisəni belə təsvir edir: "Nikolayevski küçəsindəki gözəl imarət bayraqlarla bəzənmişdi. İkinci mərtəbədəki böyük zal gündüz saat 12-də dəvətlilərlə və şəhərin əyan-əşrəflərilə dolmuşdu. Məktəbin yaradılması, tikilməsi barədə danışıqlardan sonra çıxışlar oldu. Təhsil ocağında oxuyacaq qızların xor dəstəsi bir neçə Azərbaycan mahnısı ifa etdi. Sonra məktəbin ünvanına göndərilən təbrik teleqramları oxundu. Əlimərdan bəy Topçubaşovun oxuduğu təbriki Həsən bəy imzalamışdı. Orada deyilirdi: "Çox yaşa, Hacı!”
Tariximizin və cümhuriyyətin yadigarlarından sayılan "Qızlar məktəbi” müsəlman ənənələrini Avropa modernizmi ilə bacarıqla birləşdirərək Azərbaycanda dünyəvi qadın təhsilinin əsasını qoydu. Maarifçilik tariximizdə, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında Tağıyevin "Qızlar gimnaziyası”nın böyük rolu danılmazdır. Bu məktəbi bitirən onlarca azərbaycanlı qız sonradan millətimizin tərəqqisində yaxından iştirak edib. Rəhilə Hacıbababəyova, Şəhrəbanu Şabanova, Şəfiqə Əfəndizadə, Səkinə Axundzadə, Məryəm Qembitskaya, "Qadın Xeyriyyə Cəmiyyəti”ni yaradan Liza Muxtarova, həmçinin Naxçıvanda qızlar məktəbi açan Nazlı Tahirova və onlarca başqaları cümhuriyyət fəallarından olurlar.


İstiqlalın həmin binada muzeyləşən ömrü


AXC Parlamentinin yerləşdiyi binada tariximizin daha bir yadigarına da yer tapılıb. AXC dövründə ilk dəfə olaraq təşkil olunan "İstiqlal” muzeyi də bu binada yerləşib. O, Azərbaycanın tarix və mədəniyyətini, milli bədii irsini nümayiş və təbliğ edən ilk dövlət muzeyi kimi Azərbaycan Xalq Cümhuriyyətinin yadigarlarından sayılır. Muzey 1919-cu il dekabrın 7-də Azərbaycan Parlamentinin işə başlamasının il dönümü münasibətilə təşkil olunub. 1920-ci ilin aprelində Xalq Cümhuriyyətinin süqutu və Azərbaycanın sovetləşməsindən sonra muzey fəaliyyətini dayandırıb. Eksponatları yeni təşkil edilmiş Azərbaycan Dövlət Muzeyinə (indiki Milli Azərbaycan Tarixi Muzeyi) verilib. Sonradan eksponatların bir hissəsi Moskvaya İnqilab muzeyinə aparılıb. "İstiqlal” muzeyinin fəaliyyəti bir də 71 il sonra, müstəqilliyimizlə birlikdə bərpa edilib. 1991-ci il yanvarın 9-da Azərbaycan "İstiqlal” muzeyinin yaradılması barədə qərar verilib. Cəmi 7 min eksponatla fəaliyyətə başlayan muzeyin hazırkı zəngin ekspozisiya zallarında qədim zamanlardan müasir dövrədək xalqımızın mədəni həyatındakı mühüm hadisələri, dövlətçilik tarixi, müstəqillik mübarizəsi əksini tapıb.
1918-ci il 24 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı da bu binada qəbul edilib. Hökumətin qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq cümhuriyyətin müvəqqəti rəmzi elan edilib. Azərbaycanın indiki üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı isə dövlət rəmzi olaraq 1918-ci ilin noyabırında qəbul edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu”nu qəbul edib. Konstitusiya qanunu ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi və bu istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı.


Bu da müasir, müstəqil Azərbaycan - ulu öndər Heydər Əliyevin tarixi yadigarı


Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Qürur və fəxarət hissi ilə deyə bilərik ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızda demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.
Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq, respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.
Azərbaycan bu gün nəinki yerləşdiyi Cənubi Qafqazda, yaxud MDB məkanında, artıq Avropa və dünyada söz sahibi, azad, demokratik, müstəqil dövlət kimi tanınır.

Məhəmməd NƏRİMANOĞLU,
Ağaəli MƏMMƏDOV (foto),
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video