21 Sentyabr 2018 21:53
491
CƏMİYYƏT
A- A+

Ombudsman Rusiyanın Saratov şəhərində beynəlxalq elmi-praktiki konfransda iştirak edib


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova və təsisatın əməkdaşı Turan Cahangirova Rusiyanın Saratov şəhərində "İnsan hüquqları dövlətin müasir inkişafının göstəricisidir” mövzusunda beynəlxalq elmi-praktiki konfransda iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiya Federasiyası subyektlərinin və xarici ölkələrin ombudsmanları, şəhər rəhbərliyi və digər dövlət orqanlarının əməkdaşları, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının, Avropa Şurasının və bir sıra digər beynəlxalq təşkilatların təmsilçiləri, o cümlədən konfransın keçirildiyi Saratov Dövlət Hüquq Akademiyasının və digər hüquq üzrə ali təhsil müəssisələrinin müəllim və tələbə heyəti, vətəndaş cəmiyyəti üzvləri və KİV nümayəndələri qatılıblar.

Konfransın məqsədi müasir inkişaf modelinin strateji aspektləri və insan hüquqlarının təmini, qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə kompleks təhlillər aparılmaqla tövsiyələrin hazırlanması üzrə birgə müzakirələrin keçirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsindən ibarət olub.

Tədbirdə çıxış edənlər insan hüquqlarının hərtərəfli həyata keçirilməsi, həmçinin hüquqpozmaların qarşısının alınması və pozulmuş hüquqların bərpası məsələlərinin 193 ölkənin qəbul etdiyi "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunduğunu qeyd ediblər.

"Qərar qəbul etmədə bərabərlik və fəal iştirakçılıq hüquqi dövlətin əsas göstəriciləridir” adlı məruzə ilə çıxış edən Ombudsman Elmira Süleymanova Azərbaycan və Rusiya prezidentlərinin cari ayın əvvəllərində Soçidə baş tutmuş görüşünün nəticələrindən danışıb, Xəzər dənizinin hüquqi statusu haqqında beş Xəzəryanı dövlətin imzaladığı Konvensiyanın və 2024-cü ilədək əsas yönlərinin inkişafı üzrə fəaliyyət planından ibarət beş "yol xəritəsi” üzrə qəbul edilən memorandumun, həmçinin Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə dəstəyinin iqtisadi, humanitar, mədəni və bir çox digər sahələrdə əməkdaşlığın inkişafına əlverişli zəmin yaratdığını qeyd edib.

Ombudsman ölkəmizdə insan hüquqları ilə yanaşı, bir çox digər sahələrdə aparılan islahatlar barədə məlumat verib. 2006-cı ildə qəbul edilmiş Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının və 2011-ci ildə qəbul edilən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının ölkəmizdə insan hüquqlarının daha səmərəli müdafiəsi və təmini üzrə yol xəritəsi olduğunu vurğulayıb.

E.Süleymanova bərabərlik və ayrı-seçkiliyə yolverilməzlik prinsipinin 100 il öncə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bəyan edildiyini və müsəlman Şərqində ilk dəfə olaraq qadınlara kişilərlə bərabər seçki hüququnun verilməsi ilə onların ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsinə təkan verildiyini bildirib.

Müvəkkil, həmçinin təsisatın digər fəaliyyət istiqamətləri, müxtəlif əhali qruplarının hüquqlarının müdafiəsi, dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi, hüquqi maarifləndirmə, beynəlxalq təşkilatlarla və xarici həmkarları ilə əməkdaşlıq əlaqələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O, müasir dövrdə hüquqi dövlətin dinamik inkişafı və beynəlxalq normalara uyğunlaşdırılmasına nail olmaq üçün fəallıq, kütləvilik və ictimai iştirakçılıq prinsipləri əsasında uşaqlarda kiçik yaşlardan liderlik bacarıqlarının inkişafının vacibliyini qeyd edib, Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsində fəaliyyət göstərən "Liderlik məktəbi”ndə müntəzəm olaraq təlimlər və vətənpərvərlik ruhunda digər tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Müvəkkil yalnız müharibənin acısını yaşamış xalqların sülhün dəyərini bildiyini, artıq 30 ilə yaxındır ki, davam edən hərbi təcavüz nəticəsində ölkəmizin, xalqımızın silahlı münaqişənin ağır nəticələrindən əziyyət çəkdiyini, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən zəbt olunduğunu, on minlərlə günahsız insanın həyatına son qoyulduğunu, bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, dünyada hər 135 nəfərdən birinin qaçqın olduğu halda, Azərbaycanda hər 8 nəfərdən birinin qaçqın və məcburi köçkün həyatı yaşadığını, onların insan hüquqlarının kütləvi şəkildə kobudcasına pozulduğunu və hələ də pozulmaqda davam etdiyini vurğulayıb.

Müvəkkil beynəlxalq təşkilatları insanlığa qarşı törədilən cinayətlərə hüquqi qiymətin verilməsinə, Azərbaycan xalqının ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin ümumbəşər beynəlxalq norma və prinsiplərə uyğun olaraq sülh yolu ilə, tezliklə və ədalətli həll edilməsinə dəstək verməyə, sülhməramlı qüvvələri bu müharibə ocağında atəşkəsin, əmin-amanlığın təmin olunmasına çağırıb, bununla da regionda dayanıqlı sülh, inkişaf və sabitliyin təmini istiqamətində qətiyyətli tədbirlər görülməklə əsaslı dönüşlərin yaradılmasına yeni imkanların yaradılacağını vurğulayıb.

Müvəkkil Saratov şəhərinə səfəri çərçivəsində digər iştirakçılarla birgə Saratov vilayətinin Engels şəhərində yerləşən ahıllar və əlilliyi olan şəxslər üçün internat evində və "Döyüş və əmək şöhrəti muzeyi”ndə olub, həmçinin Qələbə parkını ziyarət edərək "Juravli” memorial kompleksinin əbədi məşəli önünə Bakıdan gətirdiyi qızıl gül çələngini qoyaraq, Böyük Vətən müharibəsinin bütün şəhidlərinin xatirəsinə ehtiramını bildirib.

Bundan başqa, səfər zamanı Müvəkkilin digər iştirakçılarla birgə Saratov vilayətində yaşayan azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin üzvləri, "Vətən” Azərbaycan cəmiyyətinin və diasporumuzun digər fəalları ilə görüş təşkil edilib, Azərbaycan tarixinin, mədəniyyətinin, adət və ənənəsinin qorunub saxlanması və təbliği, o cümlədən birgə əməkdaşlıq perspektivləri müzakirə olunub, həmçinin Qələbə Parkında inşa edilmiş "Qız qalası” və ayrı-ayrı xalqlara məxsus digər tarixi abidələr ziyarət edilib.

Səfər çərçivəsində Azərbaycan Respublikasının və Saratov vilayətinin insan hüquqları üzrə müvəkkillərinin yeni prioritetlər və çağırışlara cavab verən ikitərəfli əməkdaşlıq sazişinin imzalanması üzrə razılıq əldə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video