21 Sentyabr 2018 03:03
1578
SİYASƏT
A- A+

Milli dövlətçilik və qanunvericilik sistemində mühüm yer tutan Azərbaycan Parlamenti


Azərbaycan xalqı müasir sivil dünyada özünəməxsus önəmli bir yer tutur. Təsadüfi deyil ki, müsəlman Şərqində parlament mədəniyyətinin əsası da məhz Azərbaycanda qoyulmuşdur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi dövlətçilik tariximizin ən mühüm dövrünün başlanğıcıdır. Xalqımız bu tarixi dövr ərzində minillik zəngin dövlətçilik ənənələrinə əsaslanaraq milli dövlət quruculuğu uğrunda mübarizə aparmış, qurbanlar vermiş, hər cür müdaxilələrə - daxildən və xaricdən gələn müxtəlif xarakterli dağıdıcı təsirlərə, təzyiqlərə baxmayaraq, müstəqillik arzularını, ideallarını təsdiq etmişdir.
Müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin məhz Azərbaycanda elan edilməsi, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına təkan verən çoxşaxəli islahatların bu məkanda gerçəkləşdirilməsi xalqımızın zəngin dövlətçilik ənənələrinə, yüksək milli qürura, yenilikçi düşüncə tərzinə malik olmasının parlaq təcəssümüdür.
Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiya aktı - "İstiqlal bəyannaməsi”nin qəbulu ilə Azərbaycan dövlətçiliyi Xalq Cümhuriyyəti formasında elan olundu. Bu hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan edildi, onun hakimiyyətinin şamil olunduğu ərazinin hüdudları müəyyənləşdirildi, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapdı. "İstiqlal Bəyannaməsi”ndə demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmsil edilməsi, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq, azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi. Bu sənəd Azərbaycan xalqının millət-mədəniyyət statusundan tamamilə başqa siyasi-hüquqi və mənəvi-psixoloji statusa - millət-dövlət statusuna qədəm qoyduğunu göstərdi.
Ulu öndər Heydər Əliyev belə bir fikri vurğulayırdı ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmış, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli sərəncamı bir daha təsdiq etdi ki, müasir Azərbaycan dövlətçiliyi öz tarixi köklərinə, mənbələrinə, ənənələrinə həmişə sadiq olmuş və bu gün də sadiqdir. Sərəncamda deyilir: "Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı”.
Çox təəssüf ki, sovet dövründə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, o cümlədən onun parlament fəaliyyəti kifayət qədər geniş öyrənilməmişdir. Belə ki, kommunist ideologiyası bu məsələnin tədqiq edilməsinə faktiki qadağa qoymuş, əksinə onun fəaliyyətinin, həyata keçirdiyi tədbirlərin və o dövrün hadisələrinin mahiyyəti təhrif olunmuşdur. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” məlum sərəncamı - AXC-nin parlament fəaliyyətinin hərtərəfli, dərindən təhlil edilib öyrənilməsini tələb edir.
Azərbaycanda parlamentarizm ənənələrinin inkişafına nəzər saldıqda görürük ki, qanunverici hakimiyyəti həyata keçirən Azərbaycan parlamenti böyük tarixə malikdir. Hələ XX əsrin əvvəllərində Rusiya imperiyasında ilk parlamentin formalaşmasına Azərbaycan xalqı da öz töhfəsini vermişdir. Rusiyanın dövlət dumalarına seçilmiş azərbaycanlı deputatların, demək olar ki, hamısı milli təəssübkeşliyi özünün həyat amalı hesab edən ziyalılar idi.
Müasir parlamentimiz 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Xalq Cümhuriyyəti Parlamentinin varisidir. Məhz bu illərdə Cümhuriyyət parlamenti tərəfindən qəbul edilən və hüquqi dövlətin əsas atributları olan dövlət bayrağı, gerbi, himni 1991-ci ildən müstəqil Azərbaycan parlamenti tərəfindən yenidən qəbul edildi. Eyni zamanda, həmin illərdə qanunvericilik fəaliyyətində rəhbər tutulan demokratik prinsiplər, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu dəyərləri Milli Məclis tərəfindən tanındı, qanunvericilik yaradıcılığında bu dəyərlər əsas götürüldü. Buna görə də Xalq Cümhuriyyəti Parlamentinin tarixi müasir dövrümüzdə hüquqi dövlət və vətəndaş quruculuğu yolunda inkişaf edən ölkəmiz üçün önəmlidir.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk gündən müstəqilliyi qoruyaraq inkişaf etdirməyi, xalqın firavan həyat tərzinə nail olmağı, hər bir fərdin qanuni maraq və mənafeyinin müdafiəsində dayanmağı mühüm vəzifələri kimi müəyyənləşdirmişdir. Tarixi faktlara görə, Azərbaycan Xalq Cümhuriyyətinin kifayət qədər mürəkkəb və çətin mərhələdə belə, demokratik ideallardan geri çəkilmədiyini, hər bir vətəndaşın hüquq və azadlıqlarının təmini istiqamətində qətiyyətli addımlar atdığını, ədalətə və qanunçuluğa tapındığını, maarifçilik ənənələrini inkişaf etdirdiyini əminliklə söyləmək olar. Elmi-mədəni, siyasi və iqtisadi intibaha zəmin yaradan islahatların həyata keçirilməsi və demokratik ruhlu qanunvericilik sisteminin formalaşdırılması göstərir ki, cümhuriyyəti yaradanlar o dövrün mütərəqqi ideya və saf düşüncəsi əsasında formalaşmış vətənpərvər insanlar, dəyərli ziyalılar olmuşlar. Bu düşüncə sahibləri azərbaycançılıq, türkçülük, islamçılıq, müasirlik, dövlətçilik kimi anlayışlara yüksək etiqad göstərmiş, xalqda milli özünüdərki, milli ruhu gücləndirməyə xidmət edən qətiyyətli addımlar atmışlar.
Cümhuriyyətin müxtəlif sahələrdə ciddi uğur qazanmasını şərtləndirən, eyni zamanda onun səmərəli daxili və xarici siyasətini təmin edən mühüm amillərdən biri də müsəlman Şərqində ilk dəfə olaraq 1918-ci ilin dekabrında demokratik seçkilər yolu ilə çoxpartiyalı parlamentin yaradılması olmuşdur. Bundan xeyli əvvəl Azərbaycan Parlamenti 1918-ci il mayın 27-dən noyabrın 19-dək Milli Şura adı altında fəaliyyət göstərmiş, 44 nəfərlik müsəlman-türk nümayəndədən ibarət bu qanunverici qurum qısa zamanda 10 iclasını keçirərək mühüm tarixi qərarlar qəbul etmiş, ölkənin idarə olunması məsuliyyətini üzərinə götürmüşdü.
Milli Şuranın qısa zamanda qəbul etdiyi "Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi haqqında”, "Birinci Müvəqqəti hökumətin tərkibi haqqında”, "İkinci Müvəqqəti hökumətin tərkibi haqqında”, "Müvəqqəti hökumətin hüquq və vəzifələri haqqında”, "Milli Şuranın buraxılması haqqında” və "Azərbaycan parlamentinin yaradılması haqqında” qanunlar milli qanunvericiliyin inkişafı baxımından böyük əhəmiyyətə malik idi.
Xalq Cümhuriyyəti hökuməti 1918-ci il sentyabrın 17-də Bakıya köçdükdən sonra Azərbaycan Milli Şurası noyabrın 16-da öz fəaliyyətini yenidən bərpa etmişdir. Noyabrın 19-da Azərbaycan Milli Şurası həmin il dekabrın 3-də Müəssislər Məclisinin çağırılması haqqında qanun qəbul etdi və öz fəaliyyətini dayandırdı. Beləliklə, Azərbaycan parlamenti öz fəaliyyətinin bu dövründə, daha doğrusu, Milli Şura dövründə Tiflisdə, Gəncədə və Bakıda fəaliyyət göstərmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində əsas dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək - cəmi 17 ay davam etmişdir. İlk iclas - 1918-ci il dekabrın 7-də, son iclas - 1920-ci il aprelin 27-də keçirilmişdir. Bu dövrdə parlamentin cəmi 145 iclası olmuşdur. Bütün bu iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti "İstiqlal Bəyannaməsi”nin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq, ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi.
Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, hakimiyyətin üç qolunun - qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi. Birinci Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan Parlamenti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və ordu quruculuğu məsələlərinə yönəltmişdi. Qeyd olunmalıdır ki, parlamentin bu sahədə qəbul etdiyi qanun və qərarların müzakirəsində parlament üzvləri, bir qayda olaraq, həmrəylik və yekdillik nümayiş etdirirdilər.
Azərbaycan Xalq Cümhuriyyəti kimi, onun parlamentinin də özünəməxsus tarixi bir yol keçməsi bu dövrün, xüsusilə də Bakı dövrünün xronoloji ardıcıllıqla təhlil edilməsini zəruri edir: 1918-ci il sentyabrın 15-də türk generalı Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun bilavasitə köməyi ilə Bakı şəhərinin erməni-daşnak birləşmələrinin yaratdıqları qondarma "Sentrokaspi diktaturası”ndan azad edilməsi ilə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin formalaşdırılması ilə bağlı mütərəqqi təşəbbüslərin reallaşmasına münbit zəmin yaranmış oldu. Sentyabrın 17-də paytaxt Gəncədən Bakıya köçdükdən sonra isə cümhuriyyət hökuməti istər ictimai-siyasi, istərsə də təsərrüfat və mədəni quruculuq sahəsində mühüm tədbirlər həyata keçirməyə başladı. İlk növbədə, Müəssislər Məclisinin çağırılması işinin təşkili üçün Nazirlər Şurasının sədri, daxili işlər və xalq maarif nazirlərindən ibarət komissiya yaradıldı.
1918-ci il iyunun 17-də Gəncədə fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası noyabrın 16-da Bakıda öz işini yenidən bərpa etdi. Həmin gün keçirilən iclasda F.X.Xoyski hökumətin işlərinin çoxluğunu əsas gətirərək Müəssislər Məclisinin çağırılması üçün hazırlıq işlərinin Milli Şuraya həvalə olunmasını təklif etdi. Cümhuriyyət rəhbərliyi Azərbaycan Parlamentini mümkün qədər tez formalaşdırmağa çalışır, bunu bir tərəfdən milli hakimiyyəti qanuniləşdirmək, digər tərəfdən dövlət idarəetməsini demokratik prinsiplər əsasında formalaşdırmaq istəyi ilə əsaslandırırdı. "Azərbaycan Parlamentinin yaradılması haqqında” qanun layihəsinin qısa zamanda hazırlanaraq noyabrın 19-da qəbulu da məhz bu məqsədə xidmət edirdi. Qanun siyasi-hüquqi hadisə kimi təqdirəlayiq olmaqla, seçkilərin keçirilməsi üçün hüquqi baza yaradırdı.
"Azərbaycan Parlamentinin yaradılması haqqında” Qanuna əsasən, hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə parlamentdə təmsil olunması qaydası müəyyən edilirdi. Bu prinsiplə parlamentdə müsəlmanların 80, ermənilərin 21, rusların 10, almanların 1, yəhudilərin 1 nümayəndə ilə təmsil olunmaları nəzərdə tutulmuşdu. Ümumilikdə, Azərbaycan Parlamentinin 120 nəfərdən ibarət olmaqla formalaşdırılması qərara alınmışdı. Parlamentə seçiləcək 21 erməni nümayəndəsindən 8-i Gəncə, 8-i Şuşa, 5-i Bakı erməni komitələrindən seçilməli idi. Bakıdakı rus əhalisindən Rus Milli Şurası 10, alman əhalisi milli təşkilatından 1, yəhudi Milli Şurasından 1, gürcü komitəsindən 1 və polyak komitəsindən 1 nəfər nümayəndə göndərilməli idi. Bundan əlavə, qanunda Azərbaycan Cümhuriyyəti Parlamentinə Bakı Həmkarlar Təşkilatının 3, Bakı Sənaye-Ticarətin isə 2 nümayəndəsinin göndərilməsi nəzərdə tutulmuşdu.
Məhz bu bölgü prinsipi Azərbaycan sərhədlərini dəqiqləşdirməklə, parlamentdə bütün bölgələrin təmsilçiliyinə imkan verirdi. Ümumiyyətlə, qanun siyasi, sinfi, dini, milli, cinsi fərqləri nəzərə almadan səsvermə hüququna malik bütün vətəndaşların iştirakını təmin edirdi. Demokratik ideallara yüksək sadiqlik göstərən cümhuriyyət hökuməti qanunla qadınlara səsvermə hüququnun verilməsini də təmin etmişdi. Qadınlara seçki hüququnun verilməsi nəinki Şərqdə, bütün dünyada mütərəqqi bir hadisə olmaqla yanaşı, insan hüquqlarının qorunması və hüquq bərabərliyi kimi dünyəvi problemlərin həllinə Azərbaycan xalqının verdiyi dəyərli töhfə idi.
1918-ci il dekabrın 7-də Azərbaycanın tarixində son dərəcə əlamətdar hadisə baş verdi. Bakıda H.Z.Tağıyevin qız məktəbinin binasında Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti Milli Şuranın sədri M.Ə.Rəsulzadənin giriş sözü və təbrik nitqi ilə açıldı.
Təsis iclasında başda F.X.Xoyski olmaqla Nazirlər Şurasının bütün nümayəndələri iştirak edirdi. "Müsavat” fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev onun müavini seçildi. F.X.Xoyski başda olmaqla, hökumət parlament qarşısında tam tərkibdə istefa verdi. "Azərbaycan parlamentinin nakazı” adlanan daxili nizamnamə aparatın işini təşkil edirdi. "Parlament nakazı” Rusiya imperiyası Dövlət Dumasının daxili nizamnaməsi əsasında təşkil olunmuşdu. Azərbaycan parlamentində sədrdən, birinci müavindən və fraksiya nümayəndələrindən ibarət məşvərətçi orqan (Məsləhət Şurası) formalaşdırılmışdı. Parlamentin ilk iclaslarında mandat, reqlament və təsərrüfat komissiyaları yaradılaraq onların tərkibinə seçkilər keçirilmişdi.
Azərbaycan parlamentinin ilk iclasında müttəfiq (Antanta) qoşunların komandanı general Tomsonun şəxsi nümayəndəsi polkovnik Kokkerelin, İranın baş konsulu Sədülvüzarənin, Dağlılar Respublikası hökumətinin sədri T.Çermoyevin, bu hökumətin Azərbaycan hökuməti yanındakı təmsilçisi Qantamirovun, Gürcüstan Respublikasının təmsilçisi Karstvadzenin iştirak etməsi isə Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınması demək idi.
Cümhuriyyət parlamentinin ilk iclasının yaddaqalan hadisələrindən biri də "Azərbaycan parlamentinin açılması münasibətilə siyasi əfvi-ümumi” adlanan ilk qanunun qəbul edilməsi oldu.
Parlamentin ilk iclaslarında ayrı-ayrı partiyaların fraksiya və qrupları fəaliyyət proqramları haqqında da bəyanatlar verirdilər. Bu bəyanatlarda isə ümumi məqsədlər diqqəti cəlb edirdi: gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq; Azərbaycan xalqının və hökumətinin digər xalqlar və hökumətlərlə, xüsusilə qonşu hökumətlərlə dostluq əlaqələrini yaratmaq və möhkəmləndirmək; ölkədə hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək; geniş sosial islahatlar həyata keçirmək; ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq.
Dövlət idarəçiliyi formasına görə Azərbaycan Xalq Cümhuriyyəti parlamentli respublika olduğu üçün dövlətin idarə edilməsində parlamentin rolu çox böyük idi. Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti özünün yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. Bu müddətdə onun 145 iclası keçirilmişdir. Bu iclaslardan 15-i yetərsayın olmaması üzündən baş tutmamış, 130 iclasda ölkənin daxili, xarici siyasəti, iqtisadiyyat, maliyyə məsələləri, qanunvericilik aktlarının müzakirəsi, qəbulu, ordu quruculuğu və digər məsələlər müzakirə edilmişdir. Fəaliyyəti dövründə Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən artıq qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını təsdiq edilmişdir. Gənc müstəqil respublikada cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən bu mükəmməl qanunlar özünün mütərəqqiliyi, demokratik ruhlu olması ilə fərqlənirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti öz mövcudluğu zamanı bütün fəaliyyətini ölkənin sosial-iqtisadi, maliyyə problemlərinin həllinə, ölkənin siyasi və ərazi toxunulmazlığını təmin etməyə, vətəndaşların hüquqlarını qorumağa, dövlətin demokratik və hüquqi əsaslarını möhkəmləndirməyə, Azərbaycanın beynəlxalq miqyasda tanınmasına, onun xarici ölkələrlə, ilk növbədə yaxın qonşuları ilə çoxşaxəli əlaqələrinin genişlənməsinə yönəltmişdi. Parlamentdə ümumilikdə 11 komissiya - maliyyə-büdcə, qanunvericilik təklifləri, Müəssislər Məclisinə seçkilər üzrə mərkəzi komissiya, mandat, hərbi, aqrar məsələlər, sorğular, təsərrüfat, sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya və fəhlə məsələləri üzrə komissiyalar formalaşdırılmışdı.
Azərbaycan Parlamentinin qəbul etdiyi qanunların, qərarların hamısı müstəqil ölkənin ilk qanun və qərarları olduğu üçün çox əhəmiyyətli idi. Bu sırada bəzi qanunların strateji önəmini də xüsusi vurğulamaq lazım gəlir. "Vətəndaşlıq haqqında”, "Ümumi hərbi mükəlləfiyyət haqqında”, "Mətbuat haqqında”, "Milli Bankın təsisi haqqında”, "Bakı Dövlət Universitetinin yaradılması haqqında”, "Gömrük və poçt-teleqraf xidmətinin təkmilləşdirilməsi haqqında”, "Məhkəmə qanunvericiliyi haqqında” və digər qanunları göstərmək olar.
Cümhuriyyət parlamentində qəbul olunmuş bəzi qanun və bəyannamələr insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir, hər bir fərdin sosial mənafeyinin təminatına yaxşı imkanlar yaradırdı. Məsələn, "İşçi məsələsi”nə dair bəyannamə ilə fəhlələrə 8 saatlıq iş gününün müəyyən edilməsi, həftədə bir günlük istirahətin verilməsi parlamentin vətəndaşların əmək hüquqlarının qorunması məsələsinə həssas münasibətini göstərirdi. Bəyannamə işçilərin qanunla müəyyən edilmiş vaxtdan artıq, eləcə də axşam saat 9-dan səhər saat 6-dək işlədilməsinə qadağa qoyurdu. 16 yaşına qədər yeniyetmələrin işləməsinin qadağan olunması; 16 yaşından 18 yaşınadək gənclər üçün 6 saatlıq iş gününün müəyyənləşdirilməsi; qadınların zərərli işlərdə çalışmasının yasaq olunması; hamilə qadınlara doğuşdan əvvəl 4 həftə, sonra isə 6 həftə ərzində əvəzi ödənilməklə məzuniyyətin verilməsi insan hüquqlarına yüksək hörmətin bariz təcəssümü idi.
Demokratik və hüquqi dövlət prinsiplərinə sadiq olan Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətlərin bölgüsü prinsipinə də ciddi riayət edirdi. 1919-cu il yanvarın 25-də parlamentdə qəbul edilmiş "Deputatlıq və məmurluq haqqında” qanun bunu bir daha təsdiqləyir. Qanun hakimiyyətlərin bölgüsü prinsipinə əsaslanmaqla, qanunverici və icraedici hakimiyyətlərin bir-birindən ayrılmasına, müstəqilliyinə imkan yaradırdı. Qanun nazirlərdən başqa, bütün hakimiyyət məmurlarına hər iki hakimiyyət qolunda təmsilçiliyi qadağan edirdi. Digər peşə sahibləri - təhsil işçiləri, həkimlər bu sırada istisnalıq təşkil edirdilər. Qanunların dərc olunduğu gündən qüvvəyə minməsi prinsipi də məhz "Deputatlıq və məmurluq haqqında” qanunla tənzimlənirdi.
Cümhuriyyət parlamenti fəaliyyətində xalq maarifinin inkişafı məsələlərinə də xüsusi yer ayırırdı. Maarif işinin yüksək səviyyədə təşkili, tədris və teatr-tamaşa müəssisələrinin milliləşdirilməsi, yeni tədris müəssisələrinin açılması, orada dərs deyən müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması məsələləri diqqət mərkəzində idi. Xüsusilə də Bakı Dövlət Universitetinin açılıb-açılmaması məsələsi bir neçə ay müddətində qızğın müzakirəyə səbəb olmuş, bununla bağlı dəfələrlə ciddi mübahisələr getmişdi. Bəzi deputatlar universitetdə dərs demək üçün yüksək ixtisaslı milli kadrların olmaması səbəbindən universitetin rus dilində açılması təklifi ilə çıxış edirdilər. Bununla bağlı əsasən "İttihad” və "Əhrar” partiyalarından olan nümayəndələr təkliflər irəli sürürdülər. Onlar universitetin rus dilində açılmasını Azərbaycanda ruslaşdırma siyasətinin davam etdirilməsi kimi başa düşürdülər. "Müsavat” və sosialistlər fraksiyasından olan deputatlar isə universitetin rus dilində açılmasının heç bir təhlükə törətmədiyini bildirir, universitetə daha çox azərbaycanlı tələbələrin cəlb olunmasını, onların milli kadrlar kimi yetişdirilməsi və bu yolla universitetdə təhsilin tədricən azərbaycanlılaşdırılmasının vacibliyini önə çəkirdilər.
"Bakı Universitetinin təşkil olunması haqqında” qanun layihəsi parlamentin üç iclasında - avqustun 21-də birinci, avqustun 25-də ikinci və sentyabrın 1-də üçüncü oxunuşdan keçərək təsdiq edilmişdi. Parlamentlə yanaşı, Azərbaycan hökuməti də universitetin maddi-texniki təchizatı, pedaqoji kadrların cəlb olunması, müvafiq binaların ayrılması üçün bütün tədbirləri görmüşdü. Universitetin yarandığı 1919-cu ildə akademik səviyyədə təhsil almış azərbaycanlıların sayı barmaqla sayılacaq qədər az idi. Onların da istisnasız olaraq hamısı xaricdə - xüsusilə Rusiyada, Fransada, Almaniyada, İtaliya və İngiltərədə təhsil almışdı. Bundan əlavə, o dövrdə Azərbaycanda sosial-iqtisadi və ictimai-siyasi vəziyyət son dərəcə mürəkkəb idi. Belə bir şəraitdə ali təhsil ocağı yaratmaq fikrinə düşməyin özü də çətin və perspektivsiz görünürdü. Bununla belə, xalqın elmə, təhsilə olan güclü meyli Bakı Dövlət Universitetinin yaranması ilə nəticələndi.
Azərbaycanda elm və təhsilin inkişafı, milli kadrların yetişdirilməsi üçün xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil almaq üçün azərbaycanlı tələbələrin xaricə göndərilməsi sahəsində də cümhuriyyət parlamenti və hökuməti mühüm işlər görmüşdü. Azərbaycan hökumətinin 100 nəfər azərbaycanlı gənci xarici ali məktəblərdə təhsil almaq üçün dövlət hesabına xarici ölkələrə göndərmək haqqında hazırlanmış qanun layihəsi parlamentdə geniş müzakirə edilərək qəbul olunmuşdu. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti xaricə göndərilən tələbələr üçün 7 milyon rubl vəsait ayrılması haqqında qərar çıxarmışdı. Xaricə göndəriləcək tələbələri seçmək üçün parlament üzvləri - Məmməd Əmin Rəsulzadə, Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov və Abdulla bəy Əfəndiyevdən ibarət xüsusi komissiya yaradılmışdı. 1919-1920-ci tədris ilində cəmi 100 abituriyent və tələbənin xaricə göndərilməsi nəzərdə tutulmuşdu. Abituriyentlər arasından seçilmiş yüz nəfər daha çox ümidverici gəncdən 45 nəfəri Fransanın, 23 nəfəri İtaliyanın, 10 nəfəri İngiltərənin, 9 nəfəri isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərilmişdi. Rusiyada təhsil almaq üçün göndərilməsi nəzərdə tutulan 13 nəfər gənc Rusiyada vətəndaş müharibəsinin davam etməsi ilə əlaqədar olaraq oraya gedə bilməmişdi. Avropaya göndərilən gənclərin hər birinə 1000 frank yol xərci və 400 frank hər ay vəsait ayrılması nəzərdə tutulurdu.
Cümhuriyyətin parlamenti və hökuməti 1918-ci il mart soyqırımının da təhqiqatının aparılmasını diqqətdə saxlayaraq bununla bağlı Fövqəladə Təhqiqat Komissiyası yaratmışdı. O dövrdə qarşıda duran başlıca vəzifələrdən biri də Azərbaycanın istiqlaliyyətinin beynəlxalq aləmdə tanınmasına nail olmaqdan ibarət idi. Bunun üçün hələ 1918-ci ilin yayında M.Ə.Rəsulzadənin rəhbərliyi ilə İstanbula nümayəndə heyəti göndərilmiş, həmin ilin sentyabr ayında isə Ə.M.Topçubaşov da onlara qoşulmuşdu. Bu nümayəndələrin məqsədi İstanbulda olan xarici ölkələrin diplomatik nümayəndəliklərinin vasitəsi ilə həmin ölkələrlə əlaqələr yaratmaq və onlar tərəfindən Azərbaycanın müstəqilliyinin tanınmasına nail olmaq idi. Lakin 1918-ci ilin payızında Almaniyanın və onun müttəfiqlərinin Birinci Dünya müharibəsində məğlub olması vəziyyəti çətinləşdirirdi.
1918-ci il oktyabrın 30-da Türkiyə ilə İngiltərə arasında bağlanan "Mudros” sazişinə görə, türklər Zaqafqaziyanı, o cümlədən Azərbaycanı tərk etməli oldular. Onların yerini general Tomson başda olmaqla ingilis qoşunları tutdu. Azərbaycan hökuməti, eləcə də parlament respublikanın müstəqilliyinin Paris Sülh Konfransının iştirakçısı olan qalib dövlətlər tərəfindən tanınmasına çalışırdı. Buna görə də 1918-ci il dekabrın 28-də Azərbaycan hökuməti tərəfindən parlamentin ağsaqqallar şurası nümayəndələrinin iştirakı ilə Paris Sülh Konfransında iştirak etmək üçün Azərbaycan Cümhuriyyəti Parlamentinin sədri, cümhuriyyətin beynəlxalq aləmdə tanınmasında əvəzsiz xidmətləri olmuş Ə.M.Topçubaşovun sədrliyi ilə Fransaya nümayəndə heyəti göndərildi. Böyük əziyyətlərdən və erməni təbliğatı ilə uzun müddətli mübarizədən sonra, nəhayət ki, həmin nümayəndə heyəti 1920-ci il yanvar ayının 12-də Sülh Konfransındakı əsas ölkələr tərəfindən Azərbaycanın de-fakto tanınmasına nail oldu.
Azərbaycanın istiqlaliyyətinin Paris Sülh Konfransı tərəfindən tanınması tarixi əhəmiyyətli hadisə idi. Azərbaycanın müstəqilliyinin tanınması ona olan marağı da artırdı. Artıq Belçika, İsveçrə, Hollandiya, Çexiya və Slovakiya, Finlandiya və digər dövlətlər Bakıda öz konsulluqlarını açdılar. ABŞ, İngiltərə, Fransa və İtaliya Azərbaycanla iqtisadi əlaqələrini genişləndirməyə başladı.
1920-ci il mart ayının 20-də Azərbaycanla İran arasında əməkdaşlığın bütün sahələrini əhatə edən saziş və müqavilələr imzalanmışdı. Tərəflər arasında imzalanan dostluq müqaviləsinə əsasən İran Azərbaycan Respublikasını de-yure tanıdığını bildirdi. Qısa müddətdə Tehranda Azərbaycanın səfirliyi, Təbrizdə baş konsulluq, Rəştdə konsulluq, Ənzəlidə, Məşhəddə vitse-konsulluq, Xoy və Əhərdə konsul-agentlikləri yaradıldı. 1920-ci il aprel ayının ortalarında Azərbaycan Parlamenti Böyük Britaniya, Fransa, İtaliya, ABŞ, İsveç, Polşa, Latviya, Litva, Estoniya, Finlandiya, Ukrayna, Rumıniya, Almaniya və Rusiyada diplomatik nümayəndəliklər təsis etmək haqqında qanun qəbul etdi. Bir sıra xarici dövlətlərin nümayəndəlikləri isə Azərbaycanda fəaliyyətə başlamışdı.
Beləliklə, aprel işğalı ərəfəsində Azərbaycan Xalq Cümhuriyyəti təcridçilikdən çıxıb geniş beynəlxalq əlaqələr sisteminə daxil olmuşdu. Lakin az sonra, aprelin 28-də XI Qızıl ordunun Azərbaycanı işğalı ilə Xalq Cümhuriyyətinin süqut etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil dövlət kimi iştirakını dayandırdı.
Lakin 1920-ci ildə mövcud tarixi şəraitin doğurduğu qarışıqlıqlar içərisində itirilmiş milli dövlətçiliyin XX əsrin sonunda yenidən bərpası xalqımızın milli-azadlıq ruhunun hər zaman yaşadığından xəbər verir. Belə ki, 27 il əvvəl, yəni 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması ilə Azərbaycan xalqı tarixinin yeni mərhələsinin başlanğıcına qədəm qoydu.
SSRİ-nin süqutu ilə yaranan əlverişli tarixi şərait və milli-azadlıq mübarizəsi nəticəsində xalqımız XX yüzillikdə artıq ikinci dəfə öz dövlət müstəqilliyini elan etdi. Lakin əsrin sonunda öz istiqlaliyyətini bütün dünyaya bəyan edən Azərbaycan dövləti öz suveren hüquqlarını reallaşdırmaq üçün ciddi maneələrlə qarşılaşdı. Heç şübhəsiz ki, bu, ilk növbədə Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzü ilə bağlı idi.
Yalnız 1993-cü ilin ikinci yarısından ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Heç də təsadüfi deyil ki, milli tariximizin Heydər Əliyev dövrü Azərbaycanın inkişafında keyfiyyətcə yeni bir eranın başlanğıcı kimi dəyərləndirilir. Dövlətçiliyimizin ən ağır günlərində, mürəkkəb siyasi şəraitdə xalqımızın böyük oğlunungöstərdiyi qətiyyət və iradə onun sonsuz vətən sevgisinin parlaq nümunəsidir. Heydər Əliyev irsi xalqımızın dövlətçilik və azərbaycançılıq şüurunu, ictimai-siyasi fikrin ən ümdə keyfiyyətlərini özündə ehtiva edir. Onun müasir dövlətçilik konsepsiyası tarixi ənənələri və bəşəri dəyərləri özündə birləşdirən yeni inkişaf modeli kimi bugünkü Azərbaycanın simasında öz əksini tapmışdır.
Heydər Əliyev uzaqgörən siyasətçi olduğunu hələ ölkəyə rəhbərlik etdiyi 1969-1982-ci illərdə sübut etmişdir. Həmin illərdə Azərbaycanda dövlət quruculuğunda, iqtisadiyyatın, elmin, mədəniyyətin, bir sözlə, həyatın müxtəlif sahələrində böyük nailiyyətlər qazanıldı. Məhz bu dövrdə milli və mənəvi dəyərlərin qorunub saxlanılmasında, o cümlədən parlamentarizm ənənələrinin inkişafı istiqamətində əməli addımlar atıldı, məqsədyönlü siyasət sayəsində xalqın milli oyanışı üçün əlverişli şərait formalaşdı.
Bu dövrdə Azərbaycan parlamenti Heydər Əliyevin rəhbərliyi ilə respublikada aparılan quruculuq işlərinin hüquqi bazasının yaradılmasında mühüm rol oynadı. Ulu öndər parlamentin cəmiyyətin həyatındakı rolunu yaxşı bilir, Azərbaycan SSR Ali Sovetinin deputatı və ölkənin rəhbəri kimi ali qanunvericilik orqanı ilə sıx əlaqədə fəaliyyət göstərirdi. O, parlamentdə bu dövrə təsadüf etmiş IX, X və XI beşilliklərin proqramlarının təsdiq olunmasında və hər il respublika büdcəsinin qəbulunda yaxından iştirak edir, parlamentarizm ənənələrinin bərpası və inkişafı üçün əlindən gələni əsirgəmir, bu məsələ ilə bağlı tövsiyələrini verirdi. Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin tribunalarından müdrikliklə istifadə edir, deputat qrupunun Moskvadakı fəaliyyətini Azərbaycanın mənafeyi baxımından məharətlə istiqamətləndirirdi.
Ötən əsrin yetmişinci illərində görkəmli siyasi xadimin təşəbbüsü ilə Azərbaycan dili və tarixinə dair aparılan bir sıra fundamental tədqiqatlara ilk dəfə dövlət mükafatının verilməsi də bu sahədəki mükəmməl konsepsiyanın üzvi tərkib hissəsi idi. Ayrıca vurğulamaq yerinə düşər ki, respublikamızın 1978-ci ildə qəbul olunmuş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili statusu barədə maddənin daxil edilməsi də azərbaycançılıq ideologiyasının möhtəşəm təntənəsi kimi o zaman çox böyük əks-səda doğurmuşdu.
Belə ki, 1977-ci il oktyabrın 7-də SSRİ-nin yeni Konstitusiyası qəbul edilir. Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyası Azərbaycan SSR-nin yeni konstitusiya layihəsini hazırlayır və ümumxalq müzakirəsinə verir. Ümumxalq müzakirəsindən sonra 1978-ci il aprelin 21-də Azərbaycan SSR Ali Sovetinin doqquzuncu çağırış, növbədənkənar VII sessiyasında Heydər Əliyev "Azərbaycan SSR Konstitusiyasının (Əsas Qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunları haqqında” məruzə edir. Qeyd etmək lazımdır ki, bu Konstitusiya SSRİ-nin yeni Konstitusiyası əsasında hazırlansa da, orada respublikanın milli, iqtisadi, siyasi və tarixi xüsusiyyətləri də öz əksini tapmışdı. Heydər Əliyevin bilavasitə təşəbbüsü və mübarizəsi nəticəsində Azərbaycan dilinin dövlət dili olması haqqında müddəa Azərbaycanın 1978-ci il Konstitusiyasında öz əksini tapdı. Konstitusiyanın 73-cü maddəsində "Azərbaycanın dövlət dili Azərbaycan dilidir”, deyə təsbit edildi. Heydər Əliyev 1995-ci il oktyabrın 31-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında demişdi: "Bu maddə Moskvada çox böyük etiraza səbəb oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur... Ancaq o vaxt mən Sovetlər İttifaqının rəhbərliyi ilə, Kommunist partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu da öz Konstitusiyamıza yazmalıyıq və yazacağıq”.
Sovetlər Birliyinin sərt mühitində belə bir addımı yalnız Heydər Əliyev kimi böyük dahi, bütün varlığı xalqa, vətənə məhəbbətdən yoğrulmuş müdrik şəxsiyyət və rəhbər ata bilərdi.
Bu siyasətin məntiqi nəticəsi kimi kommunist ideologiyasının tüğyan etdiyi bir vaxtda Heydər Əliyev Azərbaycana demokratik və azad düşüncə tərzi, milli özünüdərk duyğusu gətirdi. O dövrdə keçmiş İttifaqın aparıcı təhsil ocaqlarında gənclərimiz lazımi ixtisaslara yiyələndilər, milli kadr korpusu formalaşdı. Həmin illərdə, sonralar SSRİ rəhbərliyində təmsil olunduğu vaxtlarda Heydər Əliyev Azərbaycanı yüksəkliklərə qaldırmaqla özü də dünyanın görkəmli siyasi və dövlət xadimlərindən birinə çevrildi. Azərbaycan Prezidenti İlham Əliyev tariximizin bu dövrünü belə şərh edir: "O illərdə Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya istiqamətini milli özünüdərkin güclənməsinə imkan verən sürətli inkişaf strategiyası təşkil etmişdir”.
80-ci illərin sonunda isə SSRİ adlı böyük bir məkanda baş verən ictimai-siyasi proseslər və xalqımızın azadlıq mücadiləsi nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Lakin çoxsaylı problemlərlə üzləşmiş Azərbaycan XX əsrin əvvəllərində mövcud olmuş Xalq Cümhuriyyətinin aqibətini yaşamağa çox yaxın idi. Bütün çətinliklərə rəğmən xalqımızın xoşbəxtliyi onda idi ki, bu dövrdə onun Heydər Əliyev kimi milli lideri var idi.
Heydər Əliyev çağdaş Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı, həm də haqlı olaraq, müasir Azərbaycan parlamentinin banisi sayılır. Sovet dövründə Azərbaycanda parlamentin qəbul etdiyi qanunlar kommunist partiyasının ideoloji məqsədlərinə xidmət edirdi. Buna baxmayaraq, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə hakimiyyət orqanlarının, o cümlədən parlamentin işini xalqın iqtisadi, mədəni tərəqqisinə, milli dirçəliş siyasətinin reallaşmasına yönəldə bildi.
Əslində, Heydər Əliyevin 30 ildən artıq siyasi hakimiyyət dövrü tariximizin ən parlaq səhifəsini, ölkənin inkişaf mərhələsini təşkil edir. Azərbaycanda müstəqil dövlət təsisatlarının yaradılması, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşməsi məhz ulu öndərin şərəfli adı ilə bağlıdır. Bu baxımdan Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanın Ali Sovetinə Sədr seçilməsi ölkənin ən yeni tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Bu dövrdə öz dövlət müstəqilliyini yeni elan etmiş Azərbaycanın qarşısında mühüm tarixi vəzifələr dururdu. Təəssüf ki, o dövrkü iqtidar baş verən proseslərdən düzgün nəticə çıxara bilmədi. Torpaqlarımız Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Dağlıq Qarabağ məsələsi erməni ideoloqları tərəfindən süni şəkildə şişirdilərək beynəlxalq arenaya çıxarıldı. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə ölkə anarxiyaya sürüklənir, ekstremist meyillər getdikcə güclənirdi. Azərbaycan vətəndaş müharibəsi kimi real təhlükənin bir addımlığında idi.
Belə bir vaxtda Heydər Əliyevin ölkə parlamentinə sədr seçilməsi - onun siyasi hakimiyyətə yenidən qayıdışı xalqda gələcəyə ümid yaratdı. Sonrakı proseslər göstərdi ki, bu qayıdış müstəqillik tariximizdə keyfiyyətcə yeni siyasi bir eranın başlanğıcı idi.
Heydər Əliyev müdrik dövlət xadimi kimi parlamentin milli dövlətçilik sistemində yerini və rolunu lazımınca dəyərləndirir, ölkə qarşısında duran məsələlərin həllində qanunverici orqanın imkanlarından maksimum yararlanmaq nümunəsi göstərirdi.
Ali Sovetin Sədri kimi ulu öndər ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı. Ulu öndər parlamentarizm ənənələrinin inkişafına müstəqilliyimizin qorunub saxlanması, daha da möhkəmlənməsi prizmasından yanaşır, bu sahəni dövlətçilik məfkurəsinin ayrılmaz tərkib hissəsi hesab edirdi.
Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 10-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Qanun qəbul olundu. Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə dəyişikliklər edildi. Ümumiyyətlə, bu dövrdə 120-dən artıq qanun və qərar qəbul olundu. Bütün ölkə əhalisini narahat edən məsələlərin parlamentdə ilk növbədə müzakirə edilməsi adi hala çevrildi.
Heydər Əliyev bu dövrdə əhalinin döyüş ruhunu qaldırmaq, müharibə dövrünə uyğun təbliğat aparmaq, qanunsuz silahlı dəstələri zərərsizləşdirmək üçün lazımi tədbirlər görür, ölkədəki vəziyyət barədə fikirlərini tez-tez xalqla bölüşürdü. O, parlamentin sədri kimi Azərbaycanın strateji maraqları əsasında ölkənin yeni xarici siyasət konsepsiyasını, onun beynəlxalq münasibətlər sistemində yerini müəyyənləşdirdi. İlk növbədə AXC-Müsavat cütlüyü iqtidarının bu sahədə buraxdığı kobud səhvlər qısa vaxtda aradan qaldırıldı.
Ali Sovetin Sədri mədəniyyətin, elmin və təhsilin inkişafına da böyük diqqət yetirir, alimlərlə, gənclərlə görüşlər keçirir, onlarla ölkənin gələcəyi barədə fikir mübadiləsi aparırdı.
Cəmi 4 ay Ali Sovetin Sədri vəzifəsində çalışsa da, ulu öndər bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.
Heydər Əliyev prezident seçildikdən sonra da parlamentlə sıx əlaqə saxlamış, yüksək səviyyəli prezident-parlament münasibətlərinin dövlətçiliyimizin daha da möhkəmlənməsinə, xalqın rifah halının yaxşılaşmasına xidmət etməsi üçün səylərini əsirgəməmişdir.
Həmin dövrdə həlli vacib olan məsələlərdən biri davam etməkdə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsinin gedişinə təsir göstərə biləcək qəti addımlar atılması idi. Bunsuz ölkənin ərazi bütövlüyünü qorumaq, daxili ictimai sabitliyə nail olmaq mümkün deyildi. Milli Ordunun döyüş qabiliyyətinin artırılması və genişmiqyaslı müdafiə tədbirlərinin həyata keçirilməsi, döyüşçülərdə yaranan ruh yüksəkliyi sayəsində düşmənə qarşı bir neçə uğurlu hərbi əməliyyat aparıldı. Belə şəraitdə beynəlxalq qüvvələrin təsiri altında münaqişə tərəfləri atəşi dayandırmaq barədə razılığa gəldilər. Bu barədə saziş 1994-cü ilin mayında imzalandı və münaqişənin dinc vasitələrlə aradan qaldırılmasına prioritet istiqamət sayıldı.
Belə bir faktı qeyd etməyə dəyər ki, Heydər Əliyevin ölkə iqtisadiyyatında köklü dəyişikliyə gətirib çıxaran və müstəqil dövlətimizə beynəlxalq nüfuz qazandıran yeni neft strategiyasının həyata keçirilməsinə məhz atəşkəsdən sonra başlanıldı və 1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə "Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsi imzalandı.
Elə ilk günlərdən ARDNŞ-in birinci vitse-prezidenti, millət vəkili İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir möhkəm ideya durur: "Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir”.
1994-cü il sentyabrın 20-də Bakıda ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanan və imzalanan "Əsrin müqaviləsi” neft kontraktı respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazıldı. Dünyanın 8 ölkəsini təmsil edən 13 ən məşhur neft şirkətinin iştirak etdiyi və dəyəri 7,4 mlrd. dollar olan "məhsulun pay bölgüsü” tipli bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. "Əsrin müqaviləsi” Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi.
Ümummilli liderin əsasını qoyduğu inkişaf strategiyası və onun milli məfkurəsi tezliklə Azərbaycanı davamlı inkişaf yoluna çıxartdı. Bu dövrdə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi, ölkəmiz Avropa Şurası kimi mötəbər beynəlxalq qurumların tamhüquqlu üzvü oldu. Müstəqil Azərbaycanın birinci çağırış Milli Məclisinə seçkilər keçirildi, bələdiyyə institutu yaradıldı, həyatın bütün sahələrində köklü islahatlar aparıldı. Onun təşəbbüsü ilə parlamentdə ilk kövrək addımlarını atmaqda olan müstəqil dövlətimiz üçün həyati əhəmiyyətli qanunlar qəbul olundu. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə bütöv bir regionun iqtisadi simasını dəyişə biləcək Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərlərinin çəkilişinə başlandı.
Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması və müstəqillik tariximizdə ilk parlament seçkiləri keçirilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi həmin il, yəni 1995-ci ilin noyabrın 12-də keçirilən referendumda - ümumxalq səsverməsində qəbul edilmişdir. Fərəh hissi ilə qeyd etmək istərdim ki, adıçəkilən komissiyanın tərkibində Konstitusiya layihəsinin hazırlanmasında yaxından iştirak etmişəm.
Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər, fundamental hüquq və azadlıqlar öz əksini tapmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilmiş, ölkəmiz müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə xeyli tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər sırasında Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli sərəncamı ilə yaradılmış Hüquq İslahatları Komissiyasını xüsusi qeyd etmək lazımdır. Bu komissiya xalqımızın dövlətçilik tarixində yaratdığı ənənələri qorumaqla inkişaf etmiş dövlətlərin hüquq islahatları ilə bağlı təcrübəsindən də bəhrələnmişdir. Komissiyanın 4 may 1996-cı ildə keçirilmiş iclasında ümummilli liderimiz Heydər Əliyev demişdir: "Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının həyata keçirilməsi prosesi hər birimizin əsas vəzifələrindən biridir. Bu baxımdan məhkəmə, hüquq-mühafizə orqanlarının islahatı ilə əlaqədar qanunların hazırlanması, qəbul olunması çox mühüm əhəmiyyət kəsb edir. İndi qarşımızda Konstitusiya əsasında qanunların qəbul olunması kimi çox böyük vəzifələr var. Hər sahədə qanunlar qəbul edilməlidir. İndi mən vaxt deyə bilmərəm, - bir il, iki il, - hər halda müəyyən bir zaman ərzində nail olmalıyıq ki, bütün sahələr üzrə müstəqil Azərbaycan dövlətinin qanunları olsun”.
Heydər Əliyevin Hüquq İslahatları Komissiyasındakı bu nitqi ölkəmizdə qanun yaradıcılığı sahəsində həyata keçirilən böyük işlərin proqram sənədi kimi mühüm əhəmiyyətə malikdir.
Hüquq islahatları sahəsində çox əhəmiyyətli sənədlərdən biri də Heydər Əliyevin 1996-cı il iyunun 8-də imzaladığı "Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi haqqında” sərəncamdır. Bu sənədə əsasən beynəlxalq standartlara uyğun "Konstitusiya Məhkəməsi haqqında”, "Məhkəmələr və hakimlər haqqında”, "Prokurorluq haqqında” qanun və digər hüquqi sənədlərin layihələri hazırlanıb Milli Məclisdə müzakirə edilmiş və müvafiq qaydada qəbul olunmuşdur.
Milli Məclisin bu günə qədər qəbul etdiyi hüquqi sənədlərin böyük bir hissəsi Heydər Əliyev tərəfindən parlamentin müzakirəsinə verilmiş qanun layihələri, konvensiyalar və sazişlərdir. Respublika Parlamenti son illər ərzində bu istiqamətdə, yəni hüquq islahatları sahəsində xeyli tarixi sənədlər qəbul etmişdir.
Qəbul olunan bu hüquqi, demokratik, dünyəvi dövlətin və vətəndaş cəmiyyətinin, bazar iqtisadiyyatının hüquqi bazasının yaradılmasında mühüm rol oynadı. 1998-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Şərq aləmində ilk demokratik respublika quran Azərbaycan bu dəfə də ilk dəfə olaraq, ölüm cəzasını ləğv etdi. Bu İnsan hüquq və azadlıqlarına dövlət səviyyəsində göstərilən diqqətin bariz nümunəsi idi.
Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə ölkəmizin Avropa xalqları ailəsi ilə inteqrasiyasını gücləndirən normativ sənədlər də qəbul olunmuşdur. Parlament bu sahədə "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanı, "İşgəncələrin və qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında” Avropa Konvensiyasını, "Yerli özünüidarəetmə haqqında” Avropa Xartiyasını təsdiq edən sənədləri, "Vətəndaşlıq haqqında”, "Sərbəst toplaşmaq azadlığı haqqında”, "Dini etiqad azadlığı haqqında” qanunları qəbul etmişdir.
Məlum olduğu kimi, Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunması hüquq islahatları baxımından ölkəmiz qarşısında mühüm öhdəlik və vəzifələr qoymuşdu. Bu vəzifələrin yerinə yetirilməsi sahəsində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilmiş, prezidentimizin təşəbbüsü ilə Milli Məclisdə dövlət qulluğunu tənzimləyən bir sıra qanunvericilik aktları da qəbul edilmişdir.
Hüquq islahatları sahəsində Milli Məclis Heydər Əliyevin təşəbbüsü ilə bir neçə konstitusiya qanunu da qəbul etmişdir. Bunlar "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında”, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında”, "Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” konstitusiya qanunlarından ibarətdir. Bütün bu sənədlər ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasına necə böyük əhəmiyyət verildiyinin əyani təsdiqidir.
Heydər Əliyev ölkəmizdə aparılan hüquq islahatları haqqında ölkəmizin dövlət müstəqilliyinin onuncu ildönümünə həsr olunmuş təntənəli mərasimdə demişdir: "Hər bir qanunun arxasında Azərbaycanda dövlət quruculuğunu təmin etmək, iqtisadi islahatları həyata keçirmək, siyasi islahatları həyata keçirmək, sosial islahatları həyata keçirmək məsələləri durur. Azərbaycanı keçmiş sosialist ictimai-siyasi, iqtisadi sistemindən yeni sistemə keçirmək prosesini biz bu illərdə apardıq və buna da nail olmuşuq. Məhz bunların nəticəsində indi Azərbaycanda demokratik, hüquqi dövlət öz fəaliyyətini uğurla həyata keçirir. Azərbaycan xalqı bunların nəticəsində öz müstəqil ölkəsində tam azadlığa çıxıbdır”.
Siyasi islahatlar cəsarətlə davam etdirilirdi. 2002-ci ilin avqustunda keçirilən referendumda parlamentə seçkiləri daha da demokratikləşdirmə məqsədilə seçkilərin birmandatlı dairələr üzrə aparılması qaydası müəyyən edildi. Milli Məclisin səlahiyyətləri dəqiqləşdirilərək ona ombudsmanın seçilməsi, Apellyasiya Məhkəməsinə hakimlərin təyin olunması hüququ verildi.
Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi qanunvericilik aktları, o cümlədən Mülki Məcəllə, Mülki-Prosessual Məcəllə, İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəllə, Cəzaların İcrası Məcəlləsi, "Torpaq islahatı haqqında”, "Konstitusiya Məhkəməsi haqqında”, "Məhkəmələr və hakimlər haqqında”, "Prokurorluq haqqında”, "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” və digər qanunlar Azərbaycanın demokratik yolla ardıcıl inkişafı üçün bütün hüquqi təminatları yaratmışdır.
Bunlar bir tərəfdən Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun təmin edilməsi, çoxpartiyalılığa, müxtəlif siyasi cərəyanların ideyalarının azad ifadə olunmasına əsaslanan siyasi sistemin yaradılması, insan və vətəndaş hüquqlarının qorunmasına qulluq edən təsisatların formalaşması, digər tərəfdən isə, ölkəmizdə azad rəqabətə, inkişaf etmiş mülki dövriyyəyə, müasir bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın qurulması məqsədini güdən qanunvericilik tədbirlərini əhatə etmişdir.
Beləliklə, ulu öndər hüquqi dövlət quruculuğu prosesində parlamentlə sıx əlaqə şəraitində böyük uğurlara nail oldu. Statistikaya müraciət etsək, görərik ki, 1993-cü il oktyabrın 10-dan 2002-ci il dekabrın 30-dək Milli Məclis tərəfindən qəbul edilmiş 1715 qanun və qərardan 975-i Prezident Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmişdir.
Ulu öndərin əsasını qoyduğu milli inkişaf strategiyası bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün sınaqlardan ləyaqətlə çıxmış ölkəmizin iqtisadi inkişaf modeli hazırda bütün dünyada təqdir olunur. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni inkişaf konsepsiyası ölkəmiz qarşısında böyük perspektivlər açır. Keyfiyyətcə yeni mərhələdə ölkə Prezidenti vətəndaş cəmiyyətinin yaradılmasını, demokratikləşmə prosesinin möhkəmlənməsini Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərt hesab edərək demişdir: "Siyasi və iqtisadi islahatların davam etdirilməsi zamanın tələbidir. Əgər biz doğrudan da müasir, güclü ölkə yaratmaq istəyiriksə, bunu etməliyik. Bu işdə həm dövlətin üzərinə böyük vəzifələr düşür, eyni zamanda, Milli Məclisin üzərinə də böyük məsuliyyət düşür. Biz birlikdə buna nail olmalıyıq”.
Dövlətçilik sistemində mühüm yer tutan Azərbaycan Parlamenti dövlət başçısı tərəfindən ölkədə aparılan quruculuq işlərinə, islahatların həyata keçirilməsinə öz səlahiyyətləri çərçivəsində dəstək verir. Azərbaycanda çox qısa zaman kəsiyində sivil ölkələrə məxsus sosial ədalət prinsipinə söykənən müasir cəmiyyətin yaradılmasına Milli Məclis də öz töhfəsini vermişdir.
Siyasi sistemin dünya standartları səviyyəsinə yüksəlməsi ölkənin iqtisadi qüdrətinin artması və demokratik proseslərin dərinləşməsi məqsədilə yeni qanunların qəbulu və qüvvədə olan aktların təkmilləşdirilməsi həmişə Milli Məclisin diqqət mərkəzində olmuşdur. Parlamentin ictimai-siyasi həyatda baş vermiş köklü dəyişiklikləri nəzərə alaraq 2009-cu və 2016-cı illərdə Konstitusiya islahatları ilə bağlı referendum keçirilməsi barədə qərarları bunun bariz nümunəsidir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2009-cu ildə keçirilən referendumla Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi konstitusion səviyyədə dövlətin ali məqsədi kimi tanındı. Bu referendumla həmçinin Ali Məhkəmənin qərarlarının dərc edilməsi məcburiyyəti gətirildi, uşaq hüquqlarının müdafiəsi və ətraf mühitin mühafizəsi gücləndirildi, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına qanunvericilik təşəbbüsü hüququ verildi və insan hüquq və azadlıqlarının, ədalət mühakiməsinin müstəqilliyi və şəffaflığının yüksəldilməsi üçün digər əlavə və dəyişikliklər edildi.
26 sentyabr 2016-cı ildə keçirilmiş digər referendumla da Konstitusiyamıza insan hüquq və azadlıqları, xüsusilə seçki və ədalətli mühakimə hüquqlarının genişləndirilməsi, sosial, iqtisadi təhlükəsizliyin gücləndirilməsi ilə bağlı əlavə və dəyişikliklər edilmiş oldu. Beləliklə, dövlət başçımız tərəfindən təşəbbüs edilən iki referendum da xalq tərəfindən müsbət qarşılandı və nəticədə, insan hüquq və azadlıqlarına daha ali səviyyədə təminat verən, şəffaf cəmiyyət və dövlət aparatının ən qabaqcıl beynəlxalq standartlarda qurulmasını asanlaşdıran Konstitusiya və hüquq sistemi formalaşdırılmış oldu.
Hazırda müstəqil Azərbaycanın bütün sahələr üzrə qanunvericilik bazası mövcuddur. Qəbul olunmuş Konstitusiya qanunları, məcəllələr, qanunlar, təsdiq edilmiş konvensiyalar, sazişlər cəmiyyət və dövlət həyatında yaranan münasibətləri tənzimləməyə xidmət edir. Qanunvericilik fəaliyyətində bəşəri dəyərlər milli dəyərlərimizlə üzvi surətdə əlaqələndirilir.
Ötən illərdə Milli Məclis parlamentarizm ənənələrini inkişaf etdirərək qanunvericilik sistemini daha da təkmilləşdirmək istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir. Parlamentdə qəbul olunmuş sənədlərin əhəmiyyətli bir hissəsi qanunvericilik təşəbbüsü ilə ölkə Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilmişdir. İlham Əliyev hələ Azərbaycan parlamentinin deputatı olduğu dövrdə, 1995-2003-cü illərdə Milli Məclisin qanun yaradıcılığı işində yaxından iştirak etmiş, qanunvericiliyimizin Avropa standartları səviyyəsinə yüksəlməsinə, parlamentin beynəlxalq əlaqələrinin genişlənməsinə öz layiqli töhfəsini vermişdir. Ulu öndərin siyasi varisi kimi İlham Əliyev parlamentarizm ənənələrinə yeni çalarlar gətirərək bu mühüm dövlət institutunun nüfuzunu beynəlxalq miqyasda təsdiqləməyə nail olmuşdur.
Müstəqil Azərbaycanın xarici siyasət strategiyasında parlament diplomatiyası mühüm yer tutur. Bu siyasətin məntiqi nəticəsi kimi bu gün Milli Məclis ölkənin iştirak etdiyi bir sıra nüfuzlu beynəlxalq qurumların parlament məclislərinin, o cümlədən Avropa Şurası Parlament Assambleyasının, Parlamentlərarası İttifaqın, ATƏT Parlament Assambleyasının, Qara Dəniz İqtisadi Əməkdaşlığı Parlament Məclisinin, MDB-nin Parlamentlərarası Assambleyasının, TÜRKPA, GUAM Parlament Assambleyasının, İslam Konfransı Təşkilatı Parlament Məclisinin tam hüquqlu üzvüdür, Avropa Parlamenti və Şimali Atlantika Parlament Assambleyası ilə yaxından əməkdaşlıq edir. Milli Məclisdə dünyanın 80-dən çox ölkəsinin parlamenti ilə əlaqələr üzrə işçi qrupları yaradılmış və bu qrupların fəaliyyəti ölkənin xarici siyasətinə öz töhfəsini verir.
Çağdaş Azərbaycan Parlament diplomatiyasının ən böyük uğuru cənab İlham Əliyevin millət vəkili, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi AŞ PA sədrinin müavini və büro üzvü seçilməsi faktı olmuşdur. Erməni diasporunun mütəşəkkil və güclü fəaliyyəti dövründə bu cür uğur diplomatiya tarixinin ən yadda qalan və fəxarətli hadisəsi oldu. Məhz bundan sonra AŞ PA-da və digər beynəlxalq parlament təşkilatlarında Azərbaycanın xeyrinə bir çox qərarlar qəbul edilmişdir.
İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri olduğu dövrdə formalaşmış parlament diplomatiyası ənənəsi bu gün deputatlarımız tərəfindən nüfuzlu beynəlxalq qurumlarda uğurla davam etdirilir.
Bu gün də Prezident İlham Əliyev parlamentin hüquqi dövlət quruculuğu sahəsindəki fəaliyyətini yüksək qiymətləndirir. Məhz prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisinin inzibati binası əsaslı şəkildə ən müasir səviyyədə təmir edilmiş, infrastrukturu yeniləşdirilmiş, bir sözlə, deputatların səmərəli və normal fəaliyyəti üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir.
Ümumiyyətlə, Milli Məclisin fəaliyyət tarixini araşdırdıqda görürük ki, qanunvericilik beynəlxalq hüquqa uyğunlaşdırılmaqla yanaşı, milli-mənəvi dəyərləri də əsas kimi qəbul edilir. Eyni zamanda, qanunlarda cəzaların humanistləşdirilməsi, sosial yönümlülük, xarici ölkələrin parlamentarilərı ilə qarşılıqlı əlaqələr və Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızla bağlı problemləri mötəbər beynəlxalq tribunalardan bəyan etmək parlament fəaliyyətinin prioritet istiqamətləridir.
Böyük və çoxşaxəli fəaliyyəti dövründə bir-birindən fərqli layihələrin müəllifi olaraq saysız insanların mənəvi dostuna çevrilən Azərbaycan Respublikasının 1-ci Vitse-prezidenti xanım Mehriban Əliyevanın parlament fəaliyyətinin Milli Məclis tarixində xüsusi rolu vardır. Mehriban xanım millət vəkili olduğu ərəfədə seçicilərə olan diqqət və qayğısı, habelə qanunvericilik təşəbbüsü ilə parlament mədəniyyətinin inkişafına yeni töhfələr vermişdir.
Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyətində yaddaqalan məqamlardan biri onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir. 2007-ci ilin 8 may tarixində Mehriban xanımın hazırladığı "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” qərar layihəsinin müzakirəsi zamanı çıxışında qeyd etmişdir ki, "...səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayaraq, biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk”.
Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun daşımışdır.
O, bu nəcib təşəbbüsü ənənəyə çevirərək 2009, 2013 və 2016-cı illərdə də eyni müraciətlə çıxış etmiş və nəticədə 2009-cu ildə 9564, 2013-cü ildə təqribən 9000 nəfər azadlığa buraxılmış, 2016-cı ildə isə amnistiya aktı 10 min nəfərə şamil olunmuş, o cümlədən 3500 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmişdir. Bütövlükdə, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təqdim olunan amnistiya aktları 40 min nəfərdən çox insana şamil edilmişdir.
Onun Azərbaycan xalqını beynəlxalq aləmdə layiqli təmsilçiliyi, Azərbaycan xalqının həqiqətlərini dünya ictimaiyyətinə çatdırması, şəxsi nüfuzu və fəaliyyəti ilə ölkəmizin xeyrinə beynəlxalq qərarların qəbul olunmasındakı xidmətləri parlament tarixinin möhtəşəm səhifələrindəndir.
Bütün bunlar göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə formalaşmış parlamentarizm ənənələri keyfiyyətcə yeni mərhələdə yaşayır, inkişaf edir, ölkəmizin tərəqqisinə, yüksəlişinə töhfə verir. Heydər Əliyevin dövlətçilik ideallarına tapınan Azərbaycan Respublikasının Milli Məclisi üzərinə düşən məsuliyyətli missiyanı uğurla yerinə yetirməyə, dövlətin və xalqın maraqlarının keşiyində layiqincə dayanmağa çalışır, habelə dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən mütərəqqi siyasi, iqtisadi və hüquqi islahatlara layiqli töhfələrini verir.
Bu gün Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir.
Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasətin parlaq nəticələrindən biri ondan ibarətdir ki, Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkə olduğunu nümayiş etdirir.

Səfa MİRZƏYEV,
Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri, 1-ci dərəcə dövlət müşaviri, Hüquq üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video