21 Sentyabr 2018 03:01
426
SİYASƏT
A- A+

100 il əvvəl başlanan şərəfli yol


Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq xalqın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirmiş, həyata keçirdiyi bütün tədbirlər dövlətçilik ənənələrinin inkişafına böyük təsir göstərmişdi. Qısa müddətdə cümhuriyyətin bütün dövlətçilik atributları, ölkə hakimiyyətinin bütün qolları yaradılmış, o cümlədən ilk parlament formalaşdırılmışdı.
23 ayda Xalq Cümhuriyyəti parlamentinin 145 iclası keçirilmişdi. Bütün iclaslarda parlament "İstiqlal Bəyannaməsi”nin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Xüsusilə qeyd edilməlidir ki, Birinci Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu çox mürəkkəb şəraitdə fəaliyyət göstərən Azərbaycan parlamenti öz fəaliyyətinin mühüm hissəsini də dövlət müstəqilliyini möhkəmləndirməyə və ordu quruculuğu məsələlərinə yönəltmişdi. Parlamentin bu sahədə qəbul etdiyi qanun və qərarların müzakirəsində deputatlar bir qayda olaraq, həmrəylik və yekdillik nümayiş etdirirdilər. Xalq Cümhuriyyəti parlamenti və hökuməti ölkənin başının üstünü alan xarici müdaxilə təhlükəsini sovuşdurmaq üçün gənc respublikanın beynəlxalq aləmdə tanınması üçün də böyük iş aparırdı. Bununla bağlı olaraq parlament 1918-ci il dekabrın 28-də Ə.M.Topçubaşovun başçılığı ilə Paris Sülh Konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi. Ə.M.Topçubaşov ağır çətinlikləri dəf edərək Azərbaycanın müstəqilliyinin bir sıra böyük dövlətlər tərəfindən de-fakto tanınmasına nail olsa da, bolşevik Rusiyasının Azərbaycanı işğal etməsilə onun bu sahədəki fəaliyyəti yarımçıq qaldı.
Sovet dövründə digər sosialist respublikalarında olduğu kimi, Azərbaycanda da parlamentin qəbul etdiyi qanun və qərarlar Kommunist Partiyasının siyasi-iqtisadi və ideoloji məqsədlərini həyata keçirməyə xidmət edirdi. XX əsrin 50-60-cı illərində Azərbaycan SSR-də milli-mənəvi dirçəliş istiqamətində bir sıra ehtiyatlı addımlar atılsa da, bu sahədə məqsədyönlü iş Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçildiyi vaxtdan başlandı. Azərbaycan SSR-nin rəhbəri kimi Heydər Əliyev ilk gündən böyük uzaqgörənliklə bütün dövlət hakimiyyəti orqanlarının, o cümlədən parlamentin işini xalqın iqtisadi və sosial-mədəni tərəqqisinə, milli dirçəliş siyasətinin reallaşmasına yönəltdi. Ulu öndər mahir siyasətçi kimi ali qanunvericilik orqanının mövcud imkanlarından bacarıqla istifadə edərək milli oyanışın və gələcək müstəqilliyin möhkəm təməlini qoydu.
Ötən əsrin 90-cı illərinin əvvəllərində atdığı səhv addımlar ucbatından parlament xalqın dəstəyindən tamamilə məhrum olmuşdu. Vəziyyətin getdikcə gərginləşdiyi bir vaxtda iqtidarla müxalifət arasındakı sövdələşmənin nəticəsi olaraq Azərbaycan Ali Sovetinin səlahiyyətləri bərabərlik əsasında formalaşdırılmış 50 nəfərlik Milli Şuraya verildi. Qalan deputatların hüquqları isə kobudcasına tapdandı. O zaman Ali Sovetin qeyri-demokratik addımlarından biri də parlamentdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin siyasi fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərarın qəbul edilməsi idi. Heydər Əliyevin o illərdə Azərbaycan Ali Sovetinin iclaslarındakı alovlu çıxışları cəmiyyətdə böyük əks-səda doğurur, ölkə rəhbərliyinin iç üzünü ifşa edir, xalqı həmrəyliyə çağırırdı. Bu isə Ali Sovet rəhbərliyini heç cür qane edə bilməzdi. Ona görə Ali Sovet tərəfindən Naxçıvan MR Ali Məclis sədrinin eyni zamanda Azərbaycan parlamenti sədrinin müavini vəzifəsi olması ləğv edildi.
AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə də parlament üzərinə düşən vəzifələri yerinə yetirə bilmirdi. Ölkədəki xaos parlamentdən də yan ötməmişdi. Həmin dövrdə iclasların gündəliyinə zorla qeyri-məqbul məsələlərin salınması adi hal idi. Bütün bu rüsvayçı hallar ölkənin ali qanunvericilik orqanının "meydan parlamenti”nə çevrilməsinə gətirib çıxarmışdı.
Vəziyyətin son dərəcə çıxılmaz və ümidsizləşdiyi bu məqamda xalq ən doğru seçimini etdi, bütün nəzərlər Naxçıvana yönəldi. Düzgün və qəti qərarını verən xalq özünün böyük oğlu Heydər Əliyevi təkidlə ölkə rəhbərliyinə dəvət etdi. Xalqın çağırışına biganə qala bilməyən ulu öndər Bakıya gələrək çox qısa bir müddətdə vətəndaş müharibəsinin qarşısını aldı, ölkəni fəlakət və məhv olmaqdan qurtardı. Xalqın və dövlətin ən ağır və taleyüklü məqamında Ali Sovetin Sədri kimi məsul bir vəzifəni üzərinə götürərək şərəflə daşıdı, bir-birindən çətin və mürəkkəb problemləri böyük ustalıq və məharətlə yoluna qoydu. Ulu öndər Ali Sovetin 1993-cü il 15 iyun tarixli iclasındakı çıxışında bəyan etdi: "Sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını vəhdət tutaraq əlimdən gələni edəcəyəm”.
Heydər Əliyevin 1993-cü ildə Ali Sovetin Sədri seçilənə qədər əhali parlamentin meydan mitinqlərini xatırladan iclaslarına şou-tamaşalar kimi baxırdı. Heç kəs Milli Məclisin xalq və dövlət naminə düşünülmüş və səmərəli iş görəcəyinə inanmırdı. Lakin xalqın arzu və istəyi ilə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi ali qanunvericilik orqanının fəaliyyətində və xalqın ona münasibətində böyük dəyişiklik yaratdı. 1993-cü ilin iyun hadisələrinin araşdırılması və onun doğurduğu nəticələrinin aradan qaldırılması yönümdə görülən işlərin aşkarlıq şəraitində aparılması bütün xalqın diqqətini bu ali quruma yönəltdi. Fəaliyyətində daim aşkarlıq prinsipini rəhbər tutan Heydər Əliyev özü ilə bərabər parlamentə böyük bir işgüzarlıq gətirdi. Heydər Əliyev elə ilk anlardan iclasları səmərəli müzakirələrə, obyektivliyin təmin olunmasına istiqamətləndirdi, populist çıxışların qarşısını aldı, parlamenti böyük təmkin və ustalıqla idarə etdi. Kimlərinsə şou yaratmasına, əvvəllər olduğu kimi hay-küy və şantaj yolu ilə nəyə isə nail olmasına imkan vermədi. Xalqın gözü qarşısında parlament inkişaf edərək dəyişdi, fəal qanunverici orqana çevrildi.
1995-ci il noyabrın 12-də demokratik əsaslarla seçilmiş birinci çağırış parlament ölkəmizin siyasi tarixində dirçəliş və inkişaf dövrünün başlandığını nümayiş etdirdi. Həmin vaxtdan sonra Milli Məclis Konstitusiya ilə müəyyənləşdirilmiş səlahiyyətlərini uğurla yerinə yetirmiş, öz fəaliyyətini demokratiya, çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri üzərində qurmuşdur. Bu illərdə parlament hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi, cəmiyyət və dövlət həyatının bütün sahələrində köklü islahatların həyata keçirilməsi üçün hüquqi bazanın yaradılması, möhkəmləndirilməsi və təkmilləşdirilməsi kimi vəzifələri layiqincə yerinə yetirmiş, qanun yaradıcılığı işində dünyanın qabaqcıl demokratik ölkələrinin təcrübəsindən bəhrələnmiş, qanunvericilik fəaliyyətində istər kəmiyyət, istərsə də keyfiyyət göstəriciləri baxımından böyük nailiyyətlər qazanmışdır.
2001-ci ilin yanvarında ulu öndər Heydər Əliyevin iştirakı ilə Strasburqda Avropa Şurasının binası önündə müstəqil dövlətimizin üçrəngli bayrağının ucaldılması Azərbaycanın Avropa ailəsinə qovuşduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan parlamentini Avropa Şurasının Parlament Assambleyasında təmsil etmək üçün Milli Məclisdə daimi nümayəndə heyəti yaradıldı. Daimi nümayəndə heyətinin ilk rəhbəri o zaman cənab İlham Əliyev oldu. Onun rəhbərliyi ilə Azərbaycanın nümayəndə heyəti AŞ PA-nın iclaslarında böyük fəallıq nümayiş etdirdi, ölkəmizə mühüm diplomatik nailiyyətlər qazandırdı. Cənab İlham Əliyevin uğurlu fəaliyyəti sayəsində tezliklə bu mötəbər təşkilatın tribunasından Azərbaycanın haqq səsi eşidilməyə başladı, məhz onun prinsipial mövqeyi və bacarığı nəticəsində AŞ-nın müzakirə etdiyi məsələlərin hamısında Azərbaycanın mövqeyi nəzərə alındı.
Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçib. Bu illərdə Azərbaycan olduqca mühüm enerji və iqtisadi layihələr həyata keçirib, ölkə iqtisadiyyatı 3,2 dəfədən çox artıb, qeyri-neft sektorunun dayanıqlı inkişafı təmin olunub. Təbii ki, bu dövrdə Milli Məclisin də üzərinə mühüm vəzifələr düşüb. Parlament ötən 15 ildə ölkəmizdə gedən inkişafa özünün layiqli töhfələrini verib, qanun yaradıcılığı sahəsində çox səmərəli fəaliyyət göstərib, respublikamızın qanunvericilik bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsi istiqamətində böyük uğurlara nail olub.
Hazırda Milli Məclis dünyanın bir çox mötəbər təşkilatları ilə əməkdaşlıq edir, onların ATƏT, NATO, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu qurumların parlament assambleyalarında təmin olunur. Bundan başqa parlamentdə 80-dən çox ölkə ilə əlaqələr üzrə işçi qrupu yaradılıb. Bu mənada Milli Məclis qanun yaradıcılığı ilə yanaşı, Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmlənməsinə, Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasına, Ermənistanın işğalçı siyasətinin ifşasına layiqli töhfələr verməkdədir. Prezident İlham Əliyevin çıxışlarının birində söylədiyi fikirlər parlamentin fəaliyyətinə verilən yüksək qiymətdir: "Milli Məclis Azərbaycanın inkişafında çox mühüm rol oynayır. Yeni qanunlar qəbul olunur, Milli Məclisin beynəlxalq fəaliyyəti möhkəmlənir və deputatların seçicilərlə görüşləri çox mütəmadi xarakter alır. Bu, çox önəmlidir, çünki seçicilərin qayğıları, onların arzuları ilk növbədə yerinə yetirilməlidir. Bu baxımdan Milli Məclis üzvlərinin fəaliyyətindən çox şey asılıdır. Bütün görülən işlər, ölkədə gedən inkişaf meyilləri bir məqsədə qulluq edir: Azərbaycanı hərtərəfli inkişaf etdirmək, zəngin, qüdrətli dövlətə çevirmək, sosial ədalət prinsiplərini tam şəkildə bərqərar etmək və ölkəmizi müasirləşdirmək”.
Təbii ki, dövlət başçısının parlamentə verdiyi dəyər Milli Məclisin də məsuliyyətini artırır, deputatları öz vəzifə borclarını daha layiqincə yerinə yetirməyə sövq edir.
Milli Məclisin fəaliyyətindən danışarkən hazırda respublikamızın Birinci vitse-prezidenti olan Mehriban Əliyevanın vaxtilə deputat kimi gördüyü işlərdən bəhs etməmək mümkün deyil. Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətinin mühüm bir hissəsi parlamentlə bağlıdır. Belə ki, 2005-ci, 2010-cu və 2015-ci illərdə Milli Məclisə seçilən Mehriban Əliyeva deputat kimi əsl siyasi yetkinlik nümunəsi göstərib. "Siz mənə səs verməklə, sizin və balalarınızın ümidlərinin gerçəkləşməsinə səs vermisiniz” - deyən Mehriban Əliyeva öz fəaliyyəti ilə sübut edib ki, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli mümkünsüz sayıla biləcək problem yoxdur.
Azərbaycan-ABŞ və Azərbaycan-Fransa parlamentlərarası işçi qruplarının sədri kimi ölkəmizin beynəlxalq əlaqələrinin güclənməsinə mühüm töhfələr verən Mehriban Əliyevanın fəaliyyətində yaddaqalan məqamlardan biri də onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq amnistiya aktlarının qəbul edilməsi barədə təşəbbüsləri idi. Məhz onun təşəbbüsü ilə 2007-ci ildə Heydər Əliyevin humanist siyasətinə sədaqət nümayiş etdirərək, ulu öndərin anadan olmasının 84 illiyi, 2009-cu ildə Novruz bayramı, 2013-cü ildə Heydər Əliyevin 90 illik yubileyi və 2016-cı ildə Respublika günü münasibətilə parlamentdə amnistiya ilə bağlı qərarlar qəbul olunub. Bu nəcib təşəbbüslər və hər bir amnistiya aktı geniş ictimai dəstək alaraq böyük mənəvi-əxlaqi və siyasi məzmun daşıyıb.
Parlament həyatında ən mühüm hadisələrdən biri də 2009-cu il sentyabrın 25-də Milli Məclisin yeni korpusunun istifadəyə verilməsi olmuşdur. Heç şübhəsiz, parlament binasının dünya standartlarına uyğun böyüdülməsi, iclas zalının ən nəfis şəkildə yenidən qurulması Azərbaycanın iqtisadi qüdrətindən xəbər verir. Bu, ulu öndər Heydər Əliyev siyasətinin yeni dönəmdə uğurlu davamının bariz nümunəsidir.
Bu il Azərbaycanın bir sıra dövrlər orqanları kimi parlamentin də yaradılmasının 100-cü ildönümü tamam olur. Əminəm ki, şərəfli yol keçən parlamentimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişafı, qabaqcıl dünya dövlətləri sırasına çıxarılması üçün görülən işlərə bundan sonra da var gücü ilə kömək göstərəcək, ölkə rəhbərinin siyasi xəttinin parlament səviyyəsində həyata keçirilməsini tam təmin edəcək. 100 illik yubiley münasibətilə bütün həmkarlarımı təbrik edir, bu şərəfli və məsuliyyətli missiyada hər birinə uğurlar arzu edirəm.

Eldar QULİYEV,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, iqtisad elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video