21 Sentyabr 2018 02:56
1077
SİYASƏT
A- A+

Dövlətçilik irsimizin parlaq səhifəsi


Azərbaycan Xalq Cümhüriyyətinin ömrü qısa olsa da, xalqımızın mənlik şüurunda və dövlətçilik tarixində dərin iz buraxdı. 100 il əvvəl Azərbaycanda müstəqil parlamentarizmin də əsası qoyuldu. Bu gün Azərbaycan Milli Məclisi cümhuriyyət parlamentinin varisi kimi dövlətə və xalqa layiqincə xidmət edir.


Müsəlman Şərqində parlament mədəniyyəti Azərbaycandan başlayıb


Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı,
AHİK-in sədri:
- 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi dövlətçilik tariximizin ən yaddaqalan dövrlərindən birinin başlanğıcı oldu. Həmin dövrdə demokratik dövlət quruculuğu, təhsil, mədəniyyət, iqtisadiyyat sahələrində atılmış addımlar cümhuriyyətin əsas fəaliyyət istiqamətlərindən idi. Şərqdə ilk dəfə qadınlara seçki hüququ verən də məhz Azərbaycan xalqının qurduğu cümhuriyyət olmuşdur.
Azərbaycanda parlamentarizm ənənələrinin inkişafına nəzər saldıqda görürük ki, hələ XX əsrin əvvəlində Rusiya imperiyasında ilk parlamentin formalaşmasına Azərbaycan xalqı da öz töhfəsini vermişdir. Rusiyanın dövlət dumalarına seçilmiş azərbaycanlı deputatların demək olar ki, hamısı milli təəssübkeşliyi özünün həyat amalı hesab edən ziyalılar idi.
Heç də təsadüfi deyil ki, müsəlman Şərqində parlament mədəniyyətinin əsası da məhz Azərbaycanda qoyulmuşdur. Cümhuriyyətin parlamenti "İstiqlal Bəyannaməsi”nin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək, müstəqilliyini qoruyub saxlamaq, insan azadlıqlarının dolğun təmin olunduğu hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Parlament 17 aylıq fəaliyyəti dövründə qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoydu.
Sovet dövründə Azərbaycanda parlamentin fəaliyyəti demokratik parlamentarizm ənənəsindən uzaq idi. Buna baxmayaraq, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə hakimiyyət orqanlarının, o cümlədən parlamentin işini xalqın iqtisadi, mədəni tərəqqisinə, milli dirçəlişə xidmət edən siyasətin reallaşmasına yönəldə bilmişdi.
Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədəki xaotik vəziyyətin real mənzərəsi özünü ilk növbədə, parlamentdə büruzə verirdi. Qanunverici orqan parlament mədəniyyətindən uzaq olan, dövlətin və xalqın maraqlarına cavab verməyən dartışma ünvanına çevrilmişdi. Yalnız 1993-cü ildə xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn və Ali Sovetin Sədri seçilən ulu öndər Heydər Əliyev ölkədə qanunçuluğun bütün sahələrdə möhkəmlənməsini təmin etməklə yanaşı, qanunverici orqanın cəmiyyətdəki nüfuzunu yüksəltdi, onun təşəkkülünə, ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə, habelə milli parlamentarizm ənənələrinin inkişafına böyük zəmin yaratdı.
Ali Sovetin Sədri kimi qısa müddətdə bu ali qanunvericilik orqanın cılız çəkişmə və dartışma meydanına çevrilməsinin qarşısını alan Heydər Əliyev, eyni zamanda, ona yeni ruh və müasirlik gətirdi. Ulu öndərin fitri idarəçilik keyfiyyətləri, qətiyyətli mövqeyi, ən çətin situasiyalarda çevik qərarlar qəbul etmək qabiliyyəti bu gün böyük ehtiramla, rəğbətlə anılır. Bir ictimai-iqtisadi quruluş formasından digərinə keçid dövründə qanunların yeni dövrün tələblərinə uyğun müasirləşdirilməsini və davamlı inkişafa zəmin yaradan mükəmməl qanunvericilik sisteminin formalaşdırılmasının zəruriliyini düzgün dəyərləndirən Heydər Əliyev bu məqsədlə parlamentin geniş imkanlarından düzgün bəhrələnirdi. Heydər Əliyevin Ali Sovetin Sədri vəzifəsində çalışdığı dövrdə Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının təməli qoyuldu.
Ötən 25 ildə Milli Məclis parlamentarizm ənənələrini inkişaf etdirərək qanunvericilik sistemini daha da təkmilləşdirmək istiqamətində məqsədyönlü fəaliyyət göstərib. Ulu öndərin siyasi varisi kimi cənab İlham Əliyev parlamentarizm ənənələrinə yeni çalarlar gətirərək bu mühüm dövlət institutunun nüfuzunu beynəlxalq miqyasda təsdiqləməyə nail olub. Xatırladaq ki, cənab İlham Əliyev hələ Azərbaycan parlamentinin deputatı olduğu dövrdə, 1995-2003-cü illərdə Milli Məclisin qanun yaradıcılığı işində yaxından iştirak edib, qanunvericiliyimizin Avropa standartları səviyyəsinə yüksəlməsinə, parlamentin beynəlxalq əlaqələrinin genişlənməsinə layiqli töhfəsini verib. Ötən 15 ildə isə parlamentdə qəbul olunan sənədlərin əhəmiyyətli bir hissəsi qanunvericilik təşəbbüsü ilə ölkə Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilib.
Ölkə rəhbərinin təşəbbüsü və qayğısı ilə Milli Məclisin siması tamamilə yenilənib, inzibati binası və maddi-texniki bazası yenidən qurulub. Deputatların səmərəli fəaliyyəti üçün yeni korpus istifadəyə verilib. Milli Məclisə gələn xarici qonaqlar parlamentdə deputatlar üçün yaradılmış şəraitə heyran qaldıqlarını vurğulayırlar.
100 yaşlı Azərbaycan Parlamenti dövlətə, xalqa layiqncə xidmət edir, 1918-ci ildə sələflərinin başladığı yolu şərəflə davam etdirir. Bu gün qarşımızda dayanan əsas vəzifələr dövlətçiliyə ləyaqətlə xidmət etmək, Prezident İlham Əliyevin dövlətin və xalqın milli maraqları üzərində qurulmuş siyasətinə dəstək olmaqdır. Parlamentin 100 illik yubileyi münasibətilə Milli Məclis rəhbərliyini və deputat həmkarlarımı təbrik edirəm və bundan sonra da öz vəzifələrini uğurla yerinə yetirmələrini arzulayıram.


100 il əvvəl Azərbaycanda müasir parlamentarizmin əsası qoyuldu


Novruzəli ASLANOV,
Milli Məclisin deputatı:
- Bir əsrdən artıq müddətdə çar Rusiyasının əsarəti altında qalan xalqımızın qədim dövlətçilik ənənələri Birinci Dünya müharibəsinin gedişində və çar Rusiyasında baş verən daxili mübarizələrin nəticəsində yenidən dirçəlməyə başladı. Və 100 il əvvəl müsəlman Şərqində ilk demokratik respublika kimi adını tarixə yazan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, milli oyanışının və dirçəlişi prosesinin məntiqi nəticəsi və tarixi zərurət kimi yarandı.
Uzaq minilliklərə qədər uzanan tariximizdə baş verən, dünyanın siyasi arenasında əlamətdar və önəmli hadisələrdən biri kimi, ilkin demokratik əsaslarla müstəqil cümhuriyyətin yaranması xalqımızın siyasi təfəkkürünün yüksək səviyyəsindən xəbər verirdi. Cəmi 23 ay yaşamasına baxmayaraq müsəlman Şərqində ilk parlament respublikası - Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın zəngin dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu.
Bu gün yaranmasının 100 illiyini böyük fəxarətlə qeyd etdiyimiz Azərbaycan Parlamentinin təşəkkül tarixi 1918-ci ildən başlayır. Cümhuriyyətin parlamenti cəmi 17 ay fəaliyət göstərə bildi. Amma qısa vaxt ərzində parlamentin nə az nə çox - düz 145 iclası keçirilmiş və olduqca vacib qanun və qərarlar qəbul edilmişdi. Bu qanunlar və qərarlar, nəticə etibarilə ilk müstəqil Azərbaycan Respublikasının dövlətçiliyinin əsaslarını yaratmış, qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına və dövlətin təhlükəsizliyinin gücləndirilməsinə yönəlmişdi.
Bununla da qısa müddətdə parlament Azərbaycanın gələcək həyatı üçün olduqca dəyərli işlər görə bildi, müsəlman Şərqində ilk demokratik dövlət olan cümhuriyyətimizin hüquqi təməli yaradıldı, dövlət bayrağı və himni qəbul edildi, ana dili dövlət dili elan olundu. Dünyada birincilər sırasında, Şərq aləmində ilk dəfə olaraq məhz bu parlament qadınlara səsvermə hüququ verdi. İqtisadi, sosial, mədəni və hərbi sahələrdə qəbul edilən qanunvericilik aktları müstəqil dövlətin səmərəli fəaliyyətinə imkan yaratdı. Ən əsası, parlamentin fəaliyyəti müstəqillik və azadlıq hisslərinin xalqımızın şüuruna hakim kəsilməsində böyük rol oynadı.
1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən və sovet hakimiyyəti qurulduqdan sonra ölkədə demokratik inkişaf dayandırıldı, o cümlədən parlamentarizm ənənələrinə ağır zərbə vuruldu. Azərbaycanın Sovet İttifaqı tərkibində olduğu dövrdə əsasən Ali Sovet adı ilə fəaliyyət göstərən ali qanunvericilik orqanı məhdud səlahiyyətlərə malik idi. Lakin belə bir şəraitə baxmayaraq, Azərbaycan xalqı parlamentarizm ənənələrinin yoxa çıxmasına imkan vermədi. Xüsusilə qeyd etməliyik ki, ümummilli lider Heydər Əliyev ötən əsrin 70-80-ci illərində müstəqil Azərbaycan üçün möhkəm siyasi və iqtisadi təməl yaratmaqla yanaşı, mütərəqqi parlamentarizm ənənələrinin də əsasını qoydu, yüksək siyasi iradə göstərərək qanunverici orqanın xalqın milli maraqlarına uyğun çevik və işlək fəaliyyətini təmin etdi. O dövrdə Azərbaycan Ali Soveti Heydər Əliyevin respublikaya rəhbərliyi ilə gerçəkləşdirilən möhtəşəm quruculuq prosesinin mükəmməl hüquqi bazasının formalaşdırılması prosesində yaxından iştirak edərək, dayanıqlı inkişafa zəmin yaradan mühüm qərarlar qəbul etdi.
Müstəqilliyin ilk illərində Azərbaycan Ali Soveti xalqın dəstəyindən məhrum olmuşdu. Çünki ölkədəki xaos parlamentdən də yan ötməmişdi. Yalnız Heydər Əliyevin xalqın tələbi ilə Bakıya gəlişi və hakimiyyət sükanının arxasına keçməsi Azərbaycanı dövlət müstəqilliyini növbəti dəfə itirməkdən xilas etməklə yanaşı, ölkədə yeni siyasi münasibətlərin əsasını qoydu. Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanda sivil parlamentarizm ənənələrini bərpa etdi. Heydər Əliyevin parlamentin sədri seçilməsi Azərbaycanın ali qanunvericilik orqanının normal fəaliyyətini təmin etdi, ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə zəmin yaratdı. Ulu öndər qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi. Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, öz təkliflərini dəqiq əsaslandırması, deputatların çıxışlarının məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirərək müzakirəni müsbət axara yönəltmək qabiliyyəti əsl parlamentarizm məktəbi idi.
Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla inkişaf edir. Öz fəaliyyəti ilə dövlət başçısının siyasətinə dəstək verən Milli Məclis də respublikamızın inkişafı istiqamətində qanunvericilik fəaliyyətini uğurla və böyük yaradıcılıqla davam etdirir. Parlamentdə qəbul edilərək həyata vəsiqə alan qanunlar qanunvericilik bazasını möhkəmləndirir, Prezident İlham Əliyevin Azərbaycan dövlətinin və xalqının maraqları üzərində qurulan siyasi kursuna hüquqi dəstək verir.
Prezident İlham Əliyev parlamentin ölkə həyatındakı rolunu daim yüksək dəyərləndirib, onun maddi-texniki bazasının yenilənməsi, iş üsul və vasitələrinin müasirləşdirilməsi prosesinə öz töhfəsini verib. Bu baxımdan, diqqəti cəlb edən məqamlardan biri Milli Məclisin fəaliyyətinin dünya standartları səviyyəsinə çatdırılması, yeni inzibati binanın inşası, deputatların daha rahat şəkildə qanun yaradıcılığı ilə məşğul ola bilmələri üçün həyata keçirilən genişmiqyaslı işlərdir. Bunun nəticəsidir ki, ötən müddətdə Milli Məclisin fəaliyyəti təkmilləşdirilərək inkişaf etmiş demokratik ölkələrin qanunvericilik orqanları səviyyəsinə yüksəlmişdi.
Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycanın Birinci vitse-prezidenti, 2005, 2010 və 2015-ci illərdə Milli Məclisin deputatı seçilmiş Mehriban xanım Əliyevanın deputatlıq fəaliyyəti də parlament tariximizin şərəfli bir səhifəsidir. Seçicilərə diqqət və qayğısı, təmsil etdiyi ərazilərin sosial problemlərinin həlli yönündə gördüyü misilsiz işlərlə əsl millət vəkilliyinin nümunəsini yaradan Mehriban xanım Əliyeva Milli Məclisin müzakirəsinə təqdim etdiyi layihələrlə qanunvericiliyimizin təkmilləşməsinə böyük töhfələr verib. Cəmiyyət üçün ciddi təhlükə törətməyən minlərlə insanın onun təşəbbüskarı olduğu amnistiya aktı layihələri əsasında məhbəsdən azadlığa çıxması Mehriban Əliyevanın deputatlıq fəaliyyətinin xoş bir məqamı kimi hər zaman böyük rəğbətlə xatırlanacaq.
Azərbaycan Parlamenti 100 illik yubileyini qeyd edir. Bu bizim iftixar dolu şərəfli tariximizdir, zəngin dövlətçilik irsimizin parlaq səhifəsidir. Mən bu münasibətlə bütün deputat həmkarlarımı təbrik edir, qanun yaradıcılığı prosesində onlara uğurlar arzulayıram. Ölkəmizin inkişafının indiki mərhələsində parlamentin üzərinə çox böyük və məsul vəzifələr düşür. İnanıram ki, Milli Məclis bundan sonra da öz şərəfli fəaliyyəti ilə ölkəmizdə gedən inkişaf proseslərinə, dövlət başçısının yürütdüyü siyasətə, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlişinə layiqli töhfələr verəcək.


100 yaşlı parlamentimiz bundan sonra da dövlətə və xalqa ləyaqətlə xidmət edəcək


Nəsib MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı:
- Müstəqillik tariximizin mühüm səhifəsini təşkil edən və bu il yaranmasının 100-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Lakin bu qısa dövrdə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.
Bugünkü dövlət qurumlarının bəzilərinin tarixi məhz 1918-ci ildən başlayır. Ulu öndər Heydər Əliyevin sərəncamları ilə varislik ənənələrinə sadiq qalaraq, həmin qurumların 1918-ci ildə yarandıqları gün bu gün onların peşə bayramları günü kimi qeyd olunur. 100 il əvvəl yaranan mühüm dövlət təsisatlarından biri də Xalq Cümhuriyyətinin Parlamenti (Məclisi-Məbusan) idi. O vaxt Azərbaycan müsəlman Şərqində yeganə parlamentli respublika idi. Yeni yaranmasına və təcrübəsinin olmamasına baxmayaraq, Azərbaycan Parlamenti ilk gündən öz işlərini demokratik cümhuriyyətlərə xas təşkilati prinsiplər əsasında qurmağı, özünün həyatiliyini və yüksək işgüzarlıq qabiliyyətini sübut etməyi bacarmışdı. Bu mənada, müstəqil Azərbaycan dövlətinin cəmi 17 ay fəaliyyət göstərən ilk parlamenti göstərdi ki, xalqımız həqiqətən, parlament idarəçiliyi səviyyəsinə yüksəlib.
Azərbaycanın müstəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq, hökumətinin digər dövlətlərlə dostluq əlaqələrini yaratmaq və möhkəmləndirmək, hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək, sosial islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq parlamentin öz qanun yaradıcılığı fəaliyyətində qarşıya qoyduğu başlıca vəzifələr idi. Qısa ömrünə rəğmən, parlament öz vəzifələrini reallaşdırmaq üçün çox işlər görə bildi. Həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoydu.
Sovet hakimiyyəti illərində bütün dövlət orqanlarının fəaliyyəti rejimin ideologiyası üzərində formalaşmışdı. Qanunverici orqan sovet hakimiyyətinin qəbul etdiyi məsələləri yalnız hüquqi nöqteyi-nəzərdən rəsmiləşdirirdi. Ancaq ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkədə vüsət alan dinamik inkişaf parlamentin fəaliyyətinə də sirayət etdi. Belə ki, həmin dövrdə qanunverici orqan əvvəlki dövrlərlə müqayisə edilməz dərəcədə müstəqil milli siyasət aparıb, parlament demokratiyası ənənələrinin bərpası istiqamətində işlər üstünlük təşkil edib. Ötən əsrin 70-80-ci illərində icra orqanları ilə parlamentin işinin səmərəli koordinasiyası milli tərəqqi üçün zəruri əsaslar formalaşdırmış, Azərbaycanın gələcək siyasi müstəqilliyinə möhkəm körpü salmışdı. Xüsusi xatırlatmaq lazımdır ki, bu gün Milli Məclisin yerləşdiyi əzəmətli bina da məhz ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə - keçmiş İttifaqda analoqu olmayan memarlıq üslubunda inşa edilmişdir.
Müstəqilliyimizin ilk illərində parlamentin üzərinə böyük vəzifələr düşürdü. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, o dövrdə, xüsusən AXC-Müsavat iqtidarı zamanı parlament öz vəzifələrini yerinə yetirə bilməyərək əslində, hakimiyyət uğrunda mübarizə meydanına çevrilmişdi. Bütün bunların fonunda isə Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi qarşısında qalmışdı. Məhz belə bir həssas dövrdə tarix ulu öndərin üzərinə böyük bir missiya - dövlət müstəqilliyini qoruyub saxlamaq vəzifəsini qoymuşdu. Ulu öndər 1993-cü il 15 iyunda Ali Sovetin Sədri seçilməsi ilə Azərbaycanı bütün təhlükələrdən xilas etdi. Bir-birindən çətin və məsul vəzifələr sırasında müasir tipli parlamentin yaradılması, orada yeni ənənələrin bünövrəsinin qoyulması da vardı. Bu mənada, ulu öndərin hakimiyyətə gəlişi müstəqil dövlətin digər təsisatları ilə yanaşı, peşəkar parlamentin formalaşdırılması işində də həlledici rol oynadı. Beləliklə, Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı, həm də müasir Azərbaycan parlamentinin banisi oldu. Azərbaycanda sabit parlamentin fəaliyyət göstərməsi Heydər Əliyevin danılmaz xidmətidir.
Ulu öndərin siyasi xəttinin davamçısı Prezident İlham Əliyev 2003-cü ildən ötən dövr ərzində ölkəmizi yeni tərəqqi yoluna çıxarmaqla, ilk növbədə, Heydər Əliyevin arzularını gerçəkləşdirib. Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurların miqyası kifayət qədər genişdir. Təbii ki, hazırkı sürətli inkişaf parlamentdən də fəaliyyətində dinamizm tələb edir. Fəxarət hissi ilə qeyd etməliyik ki, Milli Məclis bu dövrdə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə müvəffəq olub. Bu illər ərzində Azərbaycanın inkişafına xidmət edən və Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara hüquqi dəstək verən yüzlərə qanun və qərar qəbul edilib, neçə-neçə qanunlara əlavə və dəyişikliklər olunub, beynəlxalq müqavilə və konvensiyalar təsdiqlənib, bir sözlə, ölkəmizin qanunvericilik bazası daha da təkmilləşdirilib.
Bütün bu işlərdə ölkəmizin birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti ən yüksək ehtirama layiqdir. Birinci vitse-prezident təyin olunana qədər Milli Məclisin deputatı olan Mehriban Əliyeva ölkəmizdə parlament mədəniyyətinin inkişafına çox böyük önəm verib, dövlətimizin qanunvericilik bazasının təkmilləşdirilməsində yaxından iştirak edib. Bir sıra qanunvericilik aktlarının təşəbbüskarı olub. Milli Məclisdəki fəaliyyəti dövründə Mehriban Əliyeva ABŞ, Fransa parlamentlərarası dostluq qruplarının rəhbəri, Türkiyə, Rusiya parlamentlərarası dostluq qruplarının üzvü kimi Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafında böyük işlər görüb, Azərbaycan parlamentini xaricdə layiqincə təmsil edib. O, xalqımızı düşündürən problemləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün ardıcıl və məqsədyönlü iş aparıb. Milli Məclisin deputatı adını daşımaq Mehriban Əliyevanın özünün dediyi kimi, böyük şərəf idi. Bu mənada, Mehriban Əliyevanın Milli Məclisdəki fəaliyyəti hər birimiz üçün nümunədir.
Təmsil olunduğum beşinci çağırış Milli Məclis öz fəaliyyətini əsası ulu öndər tərəfindən qoyulmuş prinsiplərə uyğun quraraq və ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüsləri dəstəkləyərək Azərbaycanın hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir. Bu çağırış Azərbaycan Milli Məclisinin intellektual potensialı parlamentin səlahiyyəti dövründə qanun yaradıcılığı fəaliyyətinin hər cəhətdən uğurlu olacağına əminlik yaradır.
Bu il digər dövlət qurumları kimi, Azərbaycan parlamenti də 100 illiyini qeyd edir. Bu münasibətlə parlamentin rəhbərliyi başda olmaqla, bütün deputat həmkarlarımı təbrik edirəm. 100 yaşlı parlamentimiz bundan sonra da Azərbaycan dövlətinə və xalqına ləyaqətlə xidmət edəcək, qarşısında dayanan bütün vəzifələri şərəflə yerinə yetirəcək.


Milli Məclisin dövlətimizin güclənməsində xidmətləri əvəzsizdir


Tahir MİRKİŞİLİ,
Milli Məclisin deputatı:
-Azərbaycan xalqının dövlətçilik təcrübəsi kifayət qədər mürəkkəb tarixi mərhələlərdən keçib. Müstəqillik arzusunu daim ürəyində yaşadan xalqımız 100 il bundan öncə öz dövlətini qurdu. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik dövlət oldu. Bu dövlət ilk dəfə qadınlara seçkilərdə iştirak edərək səs vermək hüququ verdi.
Xalq Cümhuriyyəti fövqəladə dərəcədə çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, son dərəcə demokratik inkişaf yolu tutdu. Həm də müsəlman Şərqində ilk parlament respublikası modelinin tətbiq olunması ilə dünya tarixinə düşdü. O zamankı tarixi şəraitdə atılan bu addım Azərbaycan xalqının müstəqillik əzminə və demokratik təbiətinə parlaq sübut oldu.
Azərbaycanda yaşayan bütün millətlərin və ölkənin vilayətlərinin də nümayəndələrinin təmsil olunduğu yeni parlament ölkəmizin sahibi oldu, onun müqəddəratını müəyyən etdi, hökumətini təşkil etdi və mənafeyini qorudu. Qısa müddət ərzində parlamentin qəbul etdiyi çoxlu sayda qanunlar öz dövrü üçün kifayət qədər mütərəqqi idi. Dövlət quruculuğu, iqtisadi, sosial, mədəni və hərbi sahələrdə qəbul edilən qanunvericilik aktları müstəqil dövlətin səmərəli fəaliyyətinə imkan yaratdı.
Azərbaycanın SSRİ tərkibində olduğu dövrdə əsasən Ali Sovet adı ilə fəaliyyət göstərən qanunvericilik orqanı məhdud səlahiyyətlərə malik olmuşdur. Lakin belə bir şəraitdə də Azərbaycanda parlamentarizm ənənələri davam etdirildi.
Dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımız yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı sayəsində böhran və təlatümlər dövrünü geridə qoydu. Ulu öndərin rəhbərliyi ilə və daha sonra parlamentdə qəbul edilən qanunlar milli dəyərlər nəzərə alınmaqla, üzv olduğumuz beynəlxalq təşkilatların da ən yüksək standartlarına uyğun şəkildə hazırlanmışdır.
Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi varisi olmaqla, xalqımızın müstəqillik arzularını bu gün layiqincə doğruldur. Ölkədə zəngin qanunvericilik bazasının formalaşmasında yorulmadan çalışan Milli Məclis ölkəmizin müstəqilliyinin möhkəmlənməsində və dövlətimizin güclənməsində əvəzsiz xidmətlər göstərir, xalqın və dövlətin mənafeləri ilə bağlı vəzifələri, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məsələlərini daim diqqət mərkəzində saxlayır, uğurla həyata keçirilən siyasi, iqtisadi, hüquqi, sosial islahatların, demokratikləşdirmə prosesinin hüquqi mexanizmini daha da inkişaf etdirir.

Hazırladı:
Rəşad CƏFƏRLİ,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video