21 Sentyabr 2018 02:46
1357
PARLAMENT
A- A+

Milli Məclisin modern, müasir və zövqlü siması


Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi illər ərzində ölkəmizdə müasir memarlıq üslubuna cavab verən çoxsaylı binalar tikilib. Respublika əhəmiyyətli belə binalardan biri də məhz Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş bugünkü Azərbaycan Parlamentinin inzibati binasıdır. Dahi liderin şəxsi nəzarəti ilə inşa olunan parlament binası 1980-ci ildə tikilib başa çatdırılıb. Bir ildən sonra isə Azərbaycan SSRİ Ali Sovetinin daimi binası kimi istifadəyə verilib.
2007-ci ildə isə Prezident İlham Əliyevin tapşırığına əsasən Milli Məclisin deputatlarının iş şəraitinin daha da yaxşılaşdırılması məqsədi ilə yeni 15 mərtəbəli korpusun təməli qoyulub. İki il sonra, 2009-cu il sentyabr ayının 25-də Azərbaycan Prezidentinin iştirakı ilə yeni korpus istifadəyə verilib.
Beləliklə, ulu öndərin qurub yaratdığı ali qanunverici orqanın binasını 29 il sonra İlham Əliyev daha da əzəmətli tikiliyə çevirdi.


Heydər Əliyev Xatirə zalı


Milli Məclisin əsas binasının 2-ci mərtəbəsində yerləşən Heydər Əliyev Xatirə zalında ümummilli liderin zəngin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən çoxsaylı eksponatlar toplanıb.
Milli Məclisin Sədri Oqtay Əsədovun şəxsi təşəbbüsü ilə yaradılan Xatirə zalının 2007-ci il mayın 9-da təntənəli açılış mərasimi keçirilib. Ulu öndərin 84-cü doğum günü ərəfəsinə təsadüf edən mərasimdə Prezident İlham Əliyev də iştirak edib və fəxri qonaqlar kitabına öz ürək sözlərini yazıb.
Ümumi sahəsi 300 kvadratmetrdən ibarət olan Xatirə zalının bir hissəsini stendlər təşkil edir. Burada "Böyük həyatın astanasında”, "Dövlət təhlükəsizlik leytenantından generalınadək...”, "Sovet Azərbaycanını ucaldan rəhbər”, "Sovet İttifaqının Ali rəhbərliyində”, "Azərbaycanın xarici siyasətinin banisi” adlı stendlər, "Heydər Əliyev işi davam edir” guşəsi mövcuddur. Bu stendlər dahi şəxsiyyətin nəsillərə örnək zəngin həyat yolunu, xalqa xidmətə həsr olunmuş siyasi və dövlətçilik fəaliyyətini əks etdirir.
Xatirə zalında ulu öndərin büstü var. Zaldakı vitrinlərdə Ali Sovetin Sədri olarkən dahi liderin imzaladığı qərarlardan və digər sənədlərdən nümunələr, eyni zamanda ulu öndərə məxsus xidməti və digər vəsiqələr nümayiş etdirilir.
Eksklüziv ekspozisiyalardan ən çox diqqəti cəlb edən müasir Azərbaycan Parlamentinin banisi Heydər Əliyevin Ali Sovetin Sədri olarkən istifadə etdiyi telefonlardır.


Möhtəşəm iclas zalı


Bu gün qanunvericilik orqanının inzibati binasının həm xarici görünüşü, həm də daxili tamamilə yenilənib. Müasir texnologiyanın nailiyyətlərindən geniş istifadə olunaraq yenidən qurulan və sahəsi 1400 kvadratmetrdən ibarət olan Milli Məclisin plenar iclaslarının keçirildiyi zalda ümumilikdə 188 yer mövcuddur.
Bunlardan 128 yer deputatlar üçün, 60 yer Azərbaycan hökumətinin iclaslarının keçirilməsi üçün dəvət olunmuş hökumət rəsmləri və Milli Məclis Aparatının əməkdaşları üçün ayrılıb. Əlavə 80 yer isə respublikamıza gələn nümayəndə heyətləri üçün nəzərdə tutulub.
İclas zalının balkon hissəsində mətbuat nümayəndələri üçün 50 nəfərlik yer və onların səmərəli fəaliyyətini təmin etmək üçün 8 ədəd kompüter dəsti, digər texniki avadanlıqlarla təchiz olunmuş jurnalist otağı yaradılıb. İclas zalında 8 dilə tərcümə etmək üçün xüsusi tərcümə kabinələri və tərcümə sistemi üçün avadanlıqlar quraşdırılıb.


Qonaqların qəbulu, görüşlərin keçirildiyi məkanlar


Parlamentə gələn xarici qonaqlarla görüşlərin keçirilməsi üçün müxtəlif zallar mövcuddur. Milli Məclis rəhbərliyi dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbər və üzvləri, xarici parlamentlərlə bu zallarda görüşlər keçirir.
İkinci mərtəbədəki 50 nəfərlik "Bəyaz zal” və 14-cü mərtəbədəki xüsusi görüş zalları, Milli Məclis Sədrinin beşinci mərtəbədəki qəbul otağı müasir texniki avadanlıqlarla, mebel dəstləri ilə təchiz edilib.
İnzibati binada Parlament rəhbərliyi, Aparat, İşlər İdarəsi, həmçinin müəyyən şöbələr fəaliyyət göstərir. Burada Milli Məclisin deputatlarına, Aparatın əməkdaşlarına səmərəli iaşə xidmətinin təşkilini təmin etmək məqsədi ilə müasir mətbəx avadanlıqları ilə təchiz olunmuş yeni yeməkxana da inşa olunub.


Bir sıra inkişaf etmiş ölkələrdə belə, analoqu olmayan yeni korpus


Milli Məclisin deputatlarının iş şəraitinin daha da yaxşılaşdırılması məqsədi ilə 2007-ci il noyabrın 3-də yeni korpusun təməli qoyulub və 15 mərtəbəli korpusun inşası vaxtından əvvəl başa çatdırılıb.
Binanın inşası zamanı milli ornamentlərdən geniş istifadə olunub. Tikilinin həm xarici görünüşü, həm də interyeri yüksək standartlara cavab verir. Korpusun fasadı Yaponiyadan gətirilmiş alkapon materialı ilə üzlənib. İlk üç mərtəbə qranit tipli, qalan hissə isə metallik rəngli alkaponla örtülüb. Bu da yeni inzibati binanı parlamentin əsas binasının və digər korpusunun ümumi görünüşünə uyğunlaşdırıb. Bina bütünlüklə müasir sistemlərin köməyi ilə havalandırılır.
Yeni korpus parlamentin əsas binasının foyesi ilə birləşdirilib. Birinci mərtəbədə korpusları əlaqələndirən "Qış zalı” adlanan şüşəli salon var. Salonda quraşdırılan monitordan Milli Məclisin iclaslarını izləmək mümkündür. Birinci mərtəbədə Milli Məclisin arxivinin saxlanması üçün hər cür şərait yaradılıb.
Bir sözlə, Milli Məclisin yeni korpusunun nəinki MDB məkanında, hətta bir sıra inkişaf etmiş ölkələrdə belə, analoqu yoxdur.


Xüsusi avadanlıqla təchiz olunmuş kitabxana


Binanın ikinci mərtəbəsində müasir kitabxana mövcuddur. Kitabxana oxu zallarından, kitab işləmə və komplektləşdirmə otağından, xüsusi avadanlıqla təchiz olunmuş kitab fondundan, ədəbiyyat və depozit fondundan ibarətdir. Kompüterləşdirilmiş iki oxu zalı olan kitabxanada 100 mindən çox kitabın və 2000 qovluğun saxlanması üçün xaricdən zəruri avadanlıq gətirilib.
Milli Məclisin kitabxanası 1997-ci ildən fəaliyyət göstərir. Kitabxana eks-spiker Murtuz Ələsgərovun şəxsi təşəbbüsü ilə yaradılıb. Kitabxananın kitab fondu təqribən 16000 nüsxə kitab və kitabçadan ibarətdir.
Kitabxana Prezident İlham Əliyevin "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 2007-ci il 24 avqust sərəncamı ilə çap olunmuş yeni nüsxələrlə zənginləşdirilir. Kitabxana bu il 25 adda dövrü mətbuata, 35 adda jurnala abunə olub və bütün çap məhsulları oxucuların istifadəsinə verilir. Tam olaraq internet şəbəkəsinə qoşulan kitabxanadakı oxu zalında 8 ədəd kompüter oxucuların istifadəsindədir.


Yeni korpusda hər bir deputat üçün ayrıca otaq var


15 mərtəbəli korpusda Milli Məclisin deputatları, aparatın komitə və komissiyalar ilə iş şöbəsinin əməkdaşları, komitələrin ekspertləri üçün kompüter dəstləri, eləcə də texniki avadanlıqlarla təchiz olunmuş xidməti otaqlar ayrılıb.
İkinci mərtəbədə Milli Məclisin komitə iclaslarının və müxtəlif görüşlərin keçirilməsi üçün üç salon, üçüncü mərtəbədə isə komitələrin birgə iclaslarının, həmçinin ayrı-ayrı görüşlərin keçirilməsini nəzərdə tutan böyük iclas zalı var. Böyük zalda tədbirlərin sinxron tərcüməsi, videoçəkilişlərin aparılması üçün müasir avadanlıq quraşdırılıb. Bütün zallar müasir tələblərə cavab verən texniki avadanlıqlarla və mebel dəstləri ilə təchiz edilib.
Üçüncü mərtəbədə 13 xidməti otaq var. Bu mərtəbədən də Milli Məclisin əsas binasına və keçmiş deputat korpusuna keçid inşa olunub.
Yeni korpusun qalan mərtəbələri isə bütünlüklə deputatlar üçün nəzərdə tutulub. On dörd otaqdan ibarət hər mərtəbədə bir komitə yerləşir. Hər bir deputat üçün ayrıca otaq ayrılıb.
İnzibati binanın interyerinin qurulmasında, mebel dəstlərinin zövqlə yerləşdirilməsində xarici mütəxəssislərin təcrübəsindən istifadə olunub. Şüşə ilə əhatələnən 15-ci mərtəbədə böyük tədbirlərin və müxtəlif mərasimlərin, konfransların keçirilməsi üçün sahəsi 538 kvadratmetrdən ibarət geniş iclas zalı var.


Robotlaşdırılmış kameralar, rəqəmsal yayıma keçən yeni televiziya mərkəzi


Milli Məclisin televiziya mərkəzi analoq yayım sistemindən yeni rəqəmsal yayım sisteminə keçməsi ilə əlaqədar olaraq yenidən qurulub. Plenar iclas zalında, 15-ci və 2-ci mərtəbələrdəki görüş zallarında robotlaşdırılmış kameralar və avadanlıqlar quraşdırılaraq istifadəyə verilib. Eyni zamanda, iclas zalında səsvermə sistemi qismən dəyişdirilib və səsvermə prosesində istifadə olunan 2 ədəd monitor yenisi ilə əvəz edilib.
Milli Məclisin maşın zalında inzibati binaların, avtomobil parkının, yeni inşa olunmuş yeməkxananın isidilməsi və soyudulmasını həyata keçirmək üçün çiller və müasir avadanlıqla təchiz olunmuş qazanxana quraşdırılıb. Həyətyanı sahədə elektrik yarımstansiyalarında yenidənqurma işləri aparılıb və yeni avadanlıqlar alınaraq quraşdırılıb.

Rəşad BAXŞƏLİYEV,
Ağaəli MƏMMƏDOV (foto),
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video