21 Sentyabr 2018 02:39
348
CƏMİYYƏT
A- A+

“Qanımızla başqalarına can verək”


Aşura mərasimləri dünən ölkə boyu kütləvi mərhəmət və xeyirxahlıq tədbirlərinə çevrildi


Dünən Azərbaycan məscidlərində aşura mərasimləri keçirildi, Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ, Xocalı şəhidləri də anıldı. Təqdirəlayiq haldır ki, bu mərasimlərdə islamda qəbul edilməyən hərəkətlərə yol verilmədi.
Artıq bir neçə ildir ki, aşura mərasimlərində qanvermə aksiyaları təşkil olunur. Belə ki, Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə bu mərasimlər zamanı qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir.


Qan vermək insanı həm fiziki, həm də mənəvi cəhətdən rahat edir


Təzəpir məscidində keçirilən aşura mərasimində iştirak edənlər qanvermə aksiyasına həvəslə qoşulurdular. Qanvermə prosesini izləmək üçün məxsusi ayrılmış otağa keçdik. İçəridə xeyli sayda adam var idi. Hələ bayırda, isti günəş şüaları altında növbə gözləyənlər də az deyildi.
Burada Bakı sakini Emin Cəfərovla söhbətləşdik. Aşura mərasimlərində könüllü qanvermə aksiyalarının təşkilini çox yaxşı qiymətləndirən həmsöhbətim bildirdi ki, qan vermək insanı həm fiziki, həm də mənəvi cəhətdən rahat edir. Qan verərək həm xəstə bir insanı xilas etmiş oluruq, həm də öz sağlamlığımıza fayda qatırıq.
Qeyd edək ki, qanvermə aksiyasına hər gələn şəxs dərhal qan verə bilməz. O, əvvəlcə həkim müayinəsindən keçməli, çəkisi, qanının həcmi, hemoqlobini, təzyiqi yoxlanmalıdır. Müraciət edən şəxsin hazırda hansısa xəstəliyə qarşı müalicə alıb-almadığı, cərrahiyə əməliyyatı keçirib-keçirmədiyi, nə zamansa səhhətində bəzi xəstəlik və problemlərin (gecə tərləmələri, anidən çəki itirilməsi, hepatit, ürəkgetmə və s.) olub-olmadığı və digər məsələlər dəqiqləşdirilir. Həkim tərəfindən qan verməsinə razılıq olarsa, o şəxs ikinci mərhələdən-laborator müayinədən keçməlidir. Sonda qeydiyyatdan keçərək qan vermək üçün növbəsini gözləməlidir.
B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun əməkdaşları da aksiyada iştirak edirdilər. İnstitutun kliniki diaqnostik laboratoriyasının müdiri Elxan Nağıyev dedi ki, qanvermə aksiyalarının təşkilində əsas məqsəd əhalinin maarifləndirilməsidir. O bildirdi ki, bu, öhdəlik deyil, könüllüluk prinsipinə əsaslanır: "Ölkəmizdə mütəmadi olaraq qana ehtiyacı olan xəstələr var. Burda yığılan qan həmin xəstələrin şəfa tapması üçün olduqca əhəmiyyətlidir. Həm də qan vermək bir sıra xəstəliklərə qarşı mübarizədə faydalıdır”.
Paytaxt sakini Mehriban Qafarova da könüllü qan verənlər sırasındadır. Onun sözlərinə görə, kiminsə yaşamasına töhfə verdiyini hiss etmək insana böyük xoşbəxtlik bəxş edir: "Xəstə adamlara görə qan verirəm. Qanım kiməsə yarayarsa, özümü dünyanın ən xoşbəxti hesab edərəm”.


3 saata 3 min 189 nəfər qan verdi


B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva isə söhbət zamanı keçən illə müqayisədə bu il qanvermədə iştirak edənlərin çoxluq təşkil etdiyini dedi:
- Aksiyalar səhər 9-dan başlanıb. Saat 12-yə olan məlumata əsasən, 3 min 189 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 1435 litr qan tədarük olunub. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Zöhrə Əlimirzəyeva onu da əlavə etdi ki, 24 rayonda (28 yerdə) keçirilən qanvermə aksiyasının 20-si məscidlərdə, 8-i isə mərkəzi xəstəxana şəraitində həyata keçirilir.
Məlumat üçün bildirək ki, Aşura günündə təşkil olunmuş qanvermə aksiyalarında respublika üzrə yekun olaraq 5 min 539 nəfər qan verib. Ümumilikdə 2 492,6 litr qan tədarük olunub. Qeyd edək ki, ötən il ümumilikdə 3 min 827 nəfər qan verib, 1 722,3 litr qan tədarük olunmuşdu.
Xatırladaq ki, qanvermə aksiyaları Bakı şəhəri üzrə Binəqədi rayonundakı "İmam Əli” məscidində, Xəzər rayonunda 14 saylı birləşmiş şəhər xəstəxanası və Mir Mövsüm ağa ziyarətgahında, Nəsimi rayonunda Əjdərbəy məscidi və 20 saylı şəhər poliklinikasında, Nizami rayonunda "Şah Abbas” məscidində , Sabunçu rayonunda "Rəhimə xanım ziyarətgahı”nda, Səbail rayonunda Bibiheybət və İçərişəhər Cümə məscidində, Suraxanı rayonunda Qaracuxur məscidində , Yasamal rayonu Təzəpir və "Hacı Soltanəli məscidlərində, Gəncədə "İmamzadə” kompleksində, Lənkəranda "Böyük bazar” məscidində, Mingəçevirdə "Heydər məscidi”ndə , Sumqayıtda Cümə məscidində, Şəkidə "İmam Əli” məscidində, Mərkəzi Qan bankının Şırvan və Quba bölmələrində, Ağcabədi, Beyləqan, Cəlilabad və Ağsu mərkəzi rayon xəstəxanalarında, Bərdədəki "Bərdə İmamzadəsi”ndə, Biləsuvarda Cümə məscidində, Xaçmazda şəhər məscidində, Masallı şəhərində Cümə məscidində təşkil olunmuşdu.


Başqa ölkələr də Azərbaycandakı bu ənənədən yararlanır


QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin komitə sədri Eldar İbrahimov, deputatlardan Cavanşir Paşazadə, Hüseynbala Mirələmov və digərləri, həmçinin ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri də Təzəpir məscidində keçirilən qanvermə aksiyasında iştirak edirdilər.
QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə qanvermə aksiyası barədə təəssüratlarını bölüşərək bildirdi ki, aşura günü şəhidlərin yad edildiyi gündür: "Qanvermə aksiyası gözəl ənənədir. Biz qan verməklə başqalarına can verir, İmam Hüseynin vəsiyyətinə əməl edirik. Qafqaz Müsəlmanları İdarəsinin Məhərrəm ayı ilə bağlı fətvasının tələblərinə riayət olunmalıdır. Dindarları fətvaya əməl etməyə çağırıram. Aşura günündə baş yarmaq, zəncir vurmaq və qan çıxarmaq olmaz, buna heç İmam Hüseyn də razı olmazdı. Kimlərsə bizim qəbul etdiyimiz fətvaları məhdudiyyət kimi təqdim edir. Amma Azərbaycan dövləti dindarlar üçün bərabər şərait yaradıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda artıq neçə ildir keçirilən qanvermə aksiyası ənənəsini yüksək qiymətləndirdi, bunun çox böyük mənəvi, siyasi və psixoloji əhəmiyyəti olduğunu qeyd etdi: "Qan verməklə biz eyni zamanda, aşurada baş vermiş hadisə, faciə ilə əlaqədar insanların münasibətini bildirmiş oluruq. Əvvəl bəzi məscidlərdə zəncir vurmaqla qan çıxartmaq halları var idisə, indi bunun müqabilində əhaliyə qan vermək və yardıma ehtiyacı olanlara kömək göstərmək tövsiyə olunur. Artıq başqa ölkələr də Azərbaycandakı bu ənənədən yararlanırlar. Bu gün burada ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri də iştirak edir və bu, Azərbaycanda tolerant, multikultural siyasətin uğurla davamı, birliyin nümayişidir.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da bizim tolerant və islam həmrəyliyinə sadiq bir millət olduğumuzu və bu ənənənin davam edəcəyinə inandığını bildirdi.
Milli Məclisin deputatı Cavanşir Paşazadə də qanvermə aksiyasında iştirak edərək insanlara qan verməyi tövsiyə etdi: "İstərdim ki, bu mərasimdə iştirak edənlər bu savab aksiyaya töhfələrini versinlər”.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov da qanvermə aksiyasında iştirak edirdi. Təəssüratlarını bölüşən H.Mirələmov dedi ki, bu cür aksiyalar islam dininin insanlara düzgün çatdırılması baxımından əhəmiyyətlidir: "İslam sülh və humanizm dinidir. Bu din insanlara bir-birlərinə kömək etməyi, əl tutmağı buyurur. Bu mənada, qan vermək olduqca savab bir əməldir. Bu qana ehtiyacı olan xəstələr var. Bir insanın verdiyi qan başqa bir insanın ömrünü uzadır, ona həyat verir. Çox yaxşı haldır ki, aşura mərasimlərində iştirak edənlərin mütləq əksəriyyəti bu aksiyada iştirak edir. Bu da ilk növbədə, islamın dəyərlərinin cəmiyyətdə sağlam məcrada qavranıldığını göstərir”.
Aşura mərasimləri başa çatsa da, könüllü qanvermə aksiyaları axşam saatlarına kimi davam etdi. Aksiya Məhərrəmlik ayı boyunca davam edəcək.

Fərizə ƏHMƏDOVA,
Ağaəli MƏMMƏDOV (foto),
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video