20 Sentyabr 2018 19:10
2357
Birinci vitse-prezident
A- A+

Birinci vitse-prezident Mehriban Əliyeva NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 20-də NATO baş katibinin müavini xanım Rouz Qotemöllerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın NATO ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayan Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizin Alyansın müxtəlif tədbirlərində iştirak etdiyini bildirdi. Qeyd etdi ki, 2002-ci ildən başlayaraq Azərbaycan sülhməramlıları NATO hərbçiləri ilə Əfqanıstanda çiyin-çiyinə xidmət edir, 2018-ci ilin yanvar ayından Qətiyyətli Dəstək Missiyasında Azərbaycan hərbçilərinin sayını 30 faiz artıraraq 120 nəfərə çatdırıb. Ölkəmiz, həmçinin Əfqanıstanın milli ordusuna maliyyə yardımı göstərir, logistika və nəqliyyat problemlərinin həllinə kömək edir, Əfqanıstan ordusunun şəxsi heyəti üçün təlimlər təşkil edir.

NATO ilə Azərbaycan arasında yüksək səviyyəli dialoqun uğurla inkişaf etdiyindən məmnunluğunu ifadə edən Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyulunda Brüsseldə NATO Zirvə toplantısında iştirakının və Alyansın baş katibi Yens Stoltenberqlə keçirilən görüşünün ölkəmizlə təşkilat arasında ikitərəfli əlaqələrin inkişafına xidmət etdiyini vurğuladı. Birinci vitse-prezident bildirdi ki, NATO-ya üzv dövlətlər tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün birmənalı dəstəklənməsi ölkəmizdə yüksək dəyərləndirilir. Mehriban Əliyeva onu da vurğuladı ki, Azərbaycan NATO-nun gender məsələlərinə, qadınlar, sülh və təhlükəsizlik mövzusuna böyük diqqətini alqışlayır. "Çox xoşdur ki, bu mövzuya həsr olunan konfrans bu günlərdə Azərbaycanda keçirilib”, - deyən Birinci vitse-prezident ölkəmizdə gender bərabərliyinin dövlət siyasətinin prioritetlərindən biri olduğunu qeyd etdi. Bildirdi ki, hələ 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin atdığı addımlardan biri də qadınlara seçki hüququnu verilməsi idi. "Fəxr edirik ki, hələ XX əsrin əvvəllərində Azərbaycan qadınları bir sıra inkişaf etmiş ölkələrdən əvvəl bu bərabərliyə nail olublar”, - deyən Mehriban Əliyeva müstəqilliyimizi bərpa etdikdən sonra qadınların ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini, parlamentdəki deputatların 17 faizini qadınların təşkil etdiyini diqqətə çatdırdı, bu göstəricinin gələcəkdə daha da artacağına ümidvar olduğunu bildirdi. Birinci vitse-prezident ordumuzda kişilərlə yanaşı 1600 qadının xidmət göstərdiyini, Azərbaycanda əsrlərboyu qadınlara böyük hörmətlə yanaşıldığını və bu gün də bu ənənənin davam etdiyini vurğuladı.

Azərbaycanın sülhsevər ölkə olduğunu, qonşuları və digər ölkələrlə qarşılıqlı hörmət əsasında əlaqələr qurduğunu xüsusi vurğulayan Mehriban Əliyeva buna baxmayaraq artıq 25 ildir ki, Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkdiyimizi, beynəlxalq səviyyədə ölkəmizin ərazisi kimi tanınan Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun bu siyasət nəticəsində işğal altında qaldığını, 1 milyondan çox insanın qaçqın və məcburi köçkün həyatı yaşadığını, münaqişə zamanı yüzlərlə azərbaycanlı qadının öldürüldüyünü, girov götürüldüyünü, Xocalı faciəsi zamanı 600-dən çox insanın, o cümlədən qadın və uşaqların vəhşicəsinə qətlə yetirildiyini diqqətə çatdırdı. Bildirdi ki, BMT Təhlükəsizlik Şurası 25 il əvvəl işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul etsə də, bu işğalçılıq siyasəti hələ də davam edir. Münaqişənin ədalətli şəkildə, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin tərəfdarı olduğumuzu qeyd edən Mehriban Əliyeva vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, qaçqınlar öz doğma yurdlarına qayıtmalıdırlar və bundan sonra regionda sülh bərqərar olacaq. "Sülh, təhlükəsizlik xalqlar arasında qarşılıqlı anlaşmanı təmin edən amillərdir”, - deyən Birinci vitse-prezident NATO-nun humanitar fəaliyyətinin Azərbaycanda yüksək qiymətləndirildiyini, bu sahədə təşkilatla sıx əməkdaşlığa hazır olduğumuzu diqqətə çatdırdı.

"Əmin ola bilərsiniz ki, Sizin söylədiyiniz fikirləri biz özümüz üçün qeyd etdik”, - deyən NATO baş katibinin müavini Rouz Qotemöller Azərbaycana səfərlərindən məmnunluğunu ifadə etdi, Bakıda "Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfransın ölkəmiz üçün əlamətdar günlərdə - Azərbaycan parlamentinin 100 illiyi ərəfəsində keçirildiyini söylədi. Bakının gözəlliyindən danışan qonaq ölkəmizin əldə etdiyi nailiyyətlərdən məmnunluğunu bildirdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video