20 Sentyabr 2018 09:55
720
İQTİSADİYYAT
A- A+

Bakıda VII “Caspian Energy Forum” keçirilib


Sentyabrın 20-də Bakıda VII beynəlxalq "Caspian Energy Forum” keçirilib.

AZƏRTAC xəbər verir ki, forumun açılışında çıxış edən "Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev "Caspian Energy Forum Baku-2018”in Azərbaycan hökuməti və "Caspian European Club”un dəstəyi ilə keçirildiyini deyib.

Bildirib ki, "Caspian Energy Forum Baku-2018”ə 70 ölkədən olmaqla sıralarında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərinin, komitələrinin, dövlət agentlikləri və xidmətlərinin rəhbərlərinin, həmçinin dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin başçılarının, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin yer aldığı 1500-dən çox nümayəndə qatılıb.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, forum siyasi və iqtisadi əməkdaşlığa öz töhfəsini verir. Builki forum əlamətdar günə - "Əsrin müqaviləsi”nin imzalanmasının ildönümünə təsadüf edir. "Caspian Energy Forum Baku” Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin müxtəlif qurumları və şirkətlərinin nümayəndələrinin bir araya toplaşdığı və yeni əməkdaşlığın qurulması üçün əlverişli platformadır.

Nazir 24 il öncə imzalanan "Əsrin müqaviləsi”nin əhəmiyyətindən, ölkəmizə qazandırdığı və bundan sonra da qazandıracağı dividendlərdən danışıb: "Hazırda biz regionun, eləcə də Avrasiyanın enerji xəritəsini dəyişəcək "Cənub Qaz Dəhlizi” layihəsini həyata keçiririk. Bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, mənbələrin və marşrutların şaxələndirilməsi baxımından mühüm rol oynayır. Həmçinin Balkan ölkələrinin təbii qaza olan tələbatının böyük hissəsi ödənəcək. Bu boru kəmərləri zəncirinin əsas qaz mənbəyi "Şahdəniz” yatağıdır və gələcəkdə Xəzərin Azərbaycan sektorundakı digər yataqların resurslarında da istifadə edilə bilər".

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev isə forumun əhəmiyyətindən, ölkədə ekoloji və ətraf mühitin qorunması sahəsində görülən işlərdən danışıb. O, Xəzər dənizində ekoloji vəziyyətin qorunması üzrə həyata keçirilən layihələrdən bəhs edib.

Sonra Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin "Caspian Energy Forum Baku-2018”in iştirakçılarına ünvanladığı videomüraciəti dinlənilib. Maroş Şefçoviç videomüraciətində deyib: "Avropa enerji baxımından vacib regiondur. Enerji tranziti də bizim üçün əhəmiyyətlidir və qaz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə Azərbaycan, eləcə də Xəzər regionu Avropa İttifaqı (Aİ) üçün vacib tərəfdaşlardandır. Siz Cənub Qaz Dəhlizinin əsas təchizatçısısınız. Bu layihənin rellaşdırılması ilə Avropanın enerji balansı şaxələndiriləcək, biz iqlim dəyişikliyi ilə bağlı əsas hədəflərə çatacağıq və ümumilikdə geosiyasi mühit dəyişəcək. Birgə səylərimizlə biz 2020-ci ildə Azərbaycan təbii qazını Avropaya nəql etməyə müvəffəq olacağıq. Bu, tarixi hadisə olacaq”.

"Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi sayəsində bütün iştirakçı ölkələrlə yanaşı, ümumilikdə Avropa dövlətləri də qazanacaq. Cənub Qaz Dəhlizi Avropa İttifaqının bütün maraqlarına uyğun layihədir və o, Aİ-nin strateji layihələri sırasındadır. Cənub Qaz Dəhlizi qitədə dekarbonizasiyaya və enerji səmərəliliyinə öz töhfəsini verəcək”, - deyə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti bildirib.

Forumun sessiyalarında çıxış edən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədr müavini Cəmil Məlikov ölkədə alternativ və bərpaolunan enerji mənbələri sahəsində həyata keçirilən layihələrindən danışıb. Bildirib ki, ABOEMDA başlıca hədəf kimi 2020-ci ilə qədər 420 meqavat qoyuluş gücü olan külək, günəş və bioenerji stansiyalarının quraşdırılması üzrə fəaliyyətini davam etdirir.

Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev qeyd edib ki, komitədə çalışan 3500 əməkdaş imtahan verərək attestasiyadan keçiriləcək. Attestasiya imtahanından keçməyənlər gömrük sistemindən xaric ediləcək. Hazırda 3500-ə yaxın əməkdaşımız var. Onların hamısı rotasiya qaydasında çalışır.

Komitə sədrinin müavini hazırda ölkədə 50 gömrük postunun fəaliyyət göstərdiyini deyib. Bildirib ki, bu gömrük postlarından 31-i sərhəd-gömrük, 19-u isə yerlərdə yaradılmış gömrük postlarıdır. Eyni zamanda, 5 gömrük idarəsi yaradılıb.

Azərbaycanda kiçik və orta biznes evlərinin yaradılacağını deyən Kiçik və Orta biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov isə deyib ki, sahibkarlar bu evlərdə dəstək tədbirləri ilə əhatə olunacaq. Eyni zamanda, burada elektron platforma üzərindən xidmətlər təklif ediləcək. Sahibkar evləri innovativ brend kimi tanınacaq.

"Son illər bankların səhmdarları 1,5 milyard manat kapital inyeksiyası həyata keçirib. İlin əvvəlindən 348 milyon manat kapitallaşma yekunlaşıb. Müşahidələrimiz göstərir ki, kapital investisiyalarında xarici investisiyanın çəkisi yüksəkdir - 600 milyon manatdır. Bu da beynəlxalq təşkilatların və xarici investorların Azərbaycanda bank sektorundakı sistemli islahatlara inamının artdığını göstərir,” – deyə Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov deyib.

"Caspian Energy Forum Baku-2018”də müxtəlif dövlət qurumlarının, eləcə də forumun sponsoru və partnyoru olan şirkətlərin nümayəndələrinin məruzələri dinlənilib.

Forum çərçivəsində çıxış edən bütün iştirakçılara minnətdarlıq sertifikatları verilib, Azərbaycan iqtisadiyyatının inkişafına xüsusi töhfə vermiş şirkətlərə beynəlxalq "Caspian Energy Award 2018” mükafatı təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video