20 Sentyabr 2018 00:38
1095
SİYASƏT
A- A+

“Qara qızıl”ın qızıl dövrü


Dövlət müstəqilliyinin əsas təminat sütunlarından biri iqtisadi güc və tərəqqidir. Dövlətin iqtisadi potensialı onun müstəqilliyini möhkəmləndirirsə, müstəqillik də öz növbəsində iqtisadi inkişaf və yüksəliş üçün münbit zəmin yaradır.
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR-ın həm də müxtəlif ölkələrdə genişmiqyaslı layihələr və əməliyyatlar həyata keçirməklə enerji bazarlarının mühüm iştirakçısına çevrilməsi dövlətimizin müstəqil xarici və daxili siyasəti nəticəsində mümkün olmuşdur. Hələ keçən əsrin 90-cı illərinin əvvəllərində lokal neft hasilatçısı olan SOCAR "Əsrin müqaviləsi”nin imzalanmasından ötən 24 il ərzində öz inkişafının növbəti tarixi mərhələsinin astanasına çatmışdır. Son illər Azərbaycan daxilində və xaricdə başladığımız bir çox nəhəng layihələr bu il tamamlanaraq istismara verilir. Dünyanın ən böyük sənaye layihələrindən olan "Cənub qaz dəhlizi”nin rəsmi açılışı Azərbaycan və Türkiyədə keçirilmiş təntənəli tədbirlərlə qeyd olunmuşdur.
1994-cü ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış, bütün daxili və xarici maneələrə rəğmən, gerçəkliyə çevrilmiş "Əsrin müqaviləsi” müasir tariximizə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılmışdır. O zaman Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyev xarici tərəfdaşlarla aparılmış gərgin danışıqlarda böyük diplomatik məharət göstərərək "Əsrin müqaviləsi”nin imzalanmasında mühüm rol oynamış, sonrakı mərhələlərdə bu taleyüklü layihənin uğurla həyata keçirilməsinə bilavasitə rəhbərlik etmişdir.
"Əsrin müqavilə”si qlobal layihə olmaqla Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi. Bu kontrakt indi də həm işlənən yataqlarda karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada həyata keçirilən ən iri sazişlər siyahısına daxildir. "Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində qazanılmış nailiyyətlər, xarici tərəfdaşlarla qurulan qarşılıqlı faydalı istehsalat münasibətləri elə güclü iqtisadi səmərə verdi ki, ötən il onlar layihənin 2050-ci ilədək uzadılması təşəbbüsü ilə çıxış etdilər və Azərbaycan üçün daha əlverişli şərtlərlə yeni müqavilə imzalandı.
Müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə SOCAR-ın qarşısında duran əsas vəzifə ölkə iqtisadiyyatının dirçəlməsi, bu məqsədlə neft hasilatını artırmaq və dənizin dərinsulu hissəsində yeni yataqların işlənməsi üçün xaricdən investisiya və texnologiyalar cəlb etmək idisə, artıq hədəflərimiz dəyişib. İndi SOCAR daxili imkanları hesabına müasir dərin dəniz özülləri inşa edir, onları quraşdırır, istismar edir, dənizin böyük dərinliklərində qazma işləri aparır, ən müasir standartlar səviyyəsində sənaye müəssisələri qurur, böyük transmilli layihələrdə operator qismində iştirak edir, xarici bazarlara sərmayə yatırır. Kəşfiyyat və hasilat sahələrində əldə edilən uğurlar SOCAR-ın beynəlxalq investisiyalarının, qlobal əməliyyatlarının genişlənməsi üçün geniş şərait yaratmışdır. Bu gün şirkət dünyanın müxtəlif ölkələrində neft və qaz məhsullarının nəqli üçün zəruri olan infrastruktur obyektlərinə, magistral boru kəmərlərinə, gəmilərə, liman və terminallara, digər nəqliyyat-logistika vasitələrinə malikdir. Müasir qlobal infrastrukturun qurulması şirkətin dünya brendinə çevrilməsinin əsas şərtlərindən biri kimi çıxış edir. Hazırda SOCAR və onun törəmə şirkətləri 15 ölkəni təmsil edən 24 şirkətlə imzalanmış 19 Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) və 2 Risk Xidməti Sazişinin (RXS) tərəfdaşıdır. HPBS və RXS podratçıları tərəfindən 1995-ci ildən 2018-ci ilin ikinci rübünədək respublikanın neft-qaz sektoruna ümumilikdə 80,3 milyard ABŞ dolları məbləğində sərmayə yatırılmışdır.
Bu il "SOCAR Polymer” kompleksinə daxil olan Polipropilen zavodunun da açılış mərasimi keçirildi və ilin sonunandək həmin kompleksin digər zavodunun, həmçinin SOCAR Karbamid, Heydər Əliyev adına Neft Emalı Zavodunda bitum istehsalı qurğusu, Türkiyədə STAR Neft Emalı Zavodunun istismara təhvil verilməsi planlaşdırılır. Həmin layihələrin ərsəyə gəlməsi üçün tələb olunan böyük sərmayə qoyuluşları SOCAR-ın, ölkəmizdə fəaliyyət göstərən tərəfdaşlarımızın kapitalı, eləcə də kənardan cəlb edilmiş maliyyə vəsaiti hesabına həyata keçirilir və yaxın müddətdə onlar yüksək mənfəət mənbəyi olacaq. SOCAR-ın biznes inkişafında qədəm qoyduğu bu yeni mərhələ respublikanın iqtisadi qüdrətinin daha da artırılmasına xidmət edir.
Yeni dövr eyni zamanda Azərbaycan neftçilərinin qarşısında yeni vəzifələr qoyur. SOCAR artıq yalnız ölkəmizdə deyil, bütün regionda beynəlxalq neft-qaz hasilatçıları arasında layiqli yer tutmuşdur və öz ranqında olan digər şirkətlər kimi yeni təşkilatlanma və idarəetmə nümunələri əsasında tədricən transformasiya etməlidir. Bu proses artıq bir neçə ildir başlayıb və davamlı şəkildə məntiqi yekununa doğru irəliləyir.
Əvvəlki dövrdə daha çox hasilatçı kimi tanınan SOCAR-ın son 10 il ərzində öz biznes portfelini əhəmiyyətli dərəcədə şaxələndirə bilməsi, neft və qaz sənayesinin bütün dəyər zənciri üzrə yeni fəaliyyət sahələrinə daxil olması, həmin sahələrdə qısa müddət ərzində uğur qazanması aydın görünür. Bunlar əsasən hazırda dünyada böyük maraq obyektinə çevrilmiş "Cənub qaz dəhlizi”nin tərkib hissələri və neft-qaz emalı və kimyası sahələrində icra olunan layihələrdir. Fəaliyyət növündən və istiqamətindən asılı olmayaraq sözügedən layihələr SOCAR-a və nəticə etibarilə Azərbaycan iqtisadiyyatına böyük perspektivlər vəd edir. Əslində, biznes portfelimizin şaxələndirilməsinin və ənənəvi sahələrlə yanaşı, şirkətimiz üçün nisbətən yeni olan sahələrə əhəmiyyətli həcmdə sərmayələrin yatırılmasının əsas səbəbi də məhz perspektivlilik olmuşdur. Xüsusi qeyd olunmalıdır ki, bütün bu strateji qərarların verilməsində Prezident İlham Əliyevin uzaqgörənliyi və rəhbərlik əzmi əsas rol oynamışdır.
Cari ildə Azərbaycan və region, həm də Avropa üçün prioritet enerji layihələrindən olan "Cənub qaz dəhlizi”nin 4 seqmentindən 3-ü artıq istifadəyə verilmişdir. SOCAR bu nəhəng layihənin təşəbbüskarıdır və onun bütün seqmentlərinin tikintisində yaxından iştirak edir. 2014-cü ildə təməli qoyulmuş "Cənub qaz dəhlizi” "Şahdəniz” yatağının işlənilməsinin ikinci fazasından, habelə bir-birinə bağlanan 3 boru kəmərindən - CQBK (Cənubi Qafqaz Qaz Boru Kəməri), TANAP (Transanadolu Qaz Boru Kəməri), TAP (Transadriatik Qaz Boru Kəməri) ibarətdir. Həmin kəmərlər vasitəsilə təbii qaz Türkiyə və Avropa bazarlarına nəql olunacaq. Bu il mayın 29-da Səngəçal terminalında "Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasimi keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin, ABŞ, Böyük Britaniya və Türkiyəni təmsil edən rəsmi və işgüzar nümayəndələrin iştirak etdikləri tədbirdə bir daha vurğulandı ki, "Cənub qaz dəhlizi” siyasi, iqtisadi, geosiyasi aspektlər üzrə qlobal enerji təhlükəsizliyi sisteminin möhkəmləndirilməsinə mühüm töhfə verəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Cənub qaz dəhlizi” layihəsi Azərbaycanın indiyədək çox uğurlu olan və Azərbaycana öz iqtisadiyyatını şaxələndirməyə kömək edən enerji strategiyasının əsas elementlərindən biridir”. "Cənub qaz dəhlizi”nin reallaşdırılmasında yeddi ölkə iştirak edir. Təkcə bu faktın özü onu göstərir ki, geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə gələcəkdə energetika ilə yanaşı, digər sahələrdə də əməkdaşlığın dərinləşməsinə təkan verəcək.
Dünyada qaza olan tələbatın getdikcə artdığı bir dövrdə - 1999-cu ildə kəşf olunmuş və 1 trilyon kubmetr həcmində qaz, 2 milyard barel kondensat ehtiyatına malik "Şahdəniz” yatağının işlənilməsi təkcə Azərbaycan üçün deyil, bütün region və Avropa ölkələri üçün böyük əhəmiyyət daşıyır. İndiyədək yataqdan 94,39 milyard kubmetr təbii qaz və 24 milyon ton kondensat əldə olunmuşdur. Ekspertlərin rəyinə görə, "Şahdəniz”də hasil edilməmiş təxminən 625 milyard kubmetr qaz və 117,5 milyon ton kondensat ehtiyatı mövcuddur. Hazırda yatağın işlənməsinin ikinci mərhələsi uğurla davam etməkdədir. Bu layihənin həyata keçirilməsi Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçının təbii qaza olan ehtiyaclarını təmin etməyə hesablanmışdır.
"Şahdəniz-2” ilk dəfə Xəzər qazını Avropa bazarına çıxaracaq "Cənub qaz dəhlizi”nin əsas resurs mənbəyi, başlanğıc nöqtəsidir. "Şahdəniz” üçün tikilən yeni modullar, nəhəng platformaların dayaq blokları, bütövlükdə bütün tikinti-konstruksiya işləri məhz SOCAR-ın inşaat müəssisələrində həyata keçirilmişdir. Səngəçal terminalında "Şahdəniz-2” qazını qəbul etmək üçün BP tərəfindən aparılan genişləndirmə işləri də artıq başa çatıb. SOCAR-ın Gəmiqayırma zavodunda məxsusi olaraq inşa edilmiş "Xankəndi” gəmisi ilə hasilatı dəstəkləyən sualtı texnoloji təchizat kabellərinin quraşdırılması tamamlanıb. Sualtı xətlər, quyular, platformalar, terminal, bir sözlə, bütün zəruri infrastruktur ilk dəfə olaraq bir-biri ilə dənizin dibində əlaqələndirilib.
Məlumdur ki, CQBK 2006-cı ildən Azərbaycan və Gürcüstanı, 2007-ci ilin iyul ayından isə Türkiyəni "Şahdəniz-1” qazı ilə fasiləsiz təmin edir. "Cənub qaz dəhlizi” yaradılarkən kəmərin genişləndirilməsi zərurəti meydana gəldi və bu layihə artıq başa çatdırılmışdır. Genişləndirilmiş CQBK-nın Gürcüstan-Türkiyə sərhədində qoşulduğu TANAP Türkiyə dövlətinin bütün ərazisi boyunca uzanaraq daşınan qazı qardaş ölkənin şərqindən qərbinə nəql edən ilk boru kəməri sistemidir.
TANAP SOCAR üçün də böyük önəm daşıyan layihədir. Şirkət bu beynəlxalq layihədə ən böyük iştirak payına malik olmuş və lider rolunu inamla öz üzərinə götürmüş, işin öhdəsindən layiqincə gəlmişdir. Kəmərin inşası prosesində qazanılmış nailiyyətlər göstərdi ki, SOCAR artıq xaricdə də böyük və məsul layihələri vaxtında və yüksək səmərə ilə həyata keçirməyə qadirdir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, ilkin qiymətləndirmə zamanı layihənin dəyəri 11 milyard dollardan çox hesablanmışdırsa, sonradan görülən səmərələşdirmə tədbirləri nəticəsində bu rəqəmi 8 milyarddan aşağı salmaq mümkün olmuşdur. TANAP layihəsinin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdu. İlk mərhələdə təbii qazın Türkiyə ərazisinə çatdırılması və ölkə bazarına daxil edilməsi, ikinci mərhələdə isə Avropa Birliyi sərhədinə qədər nəqli hədəf götürülürdü. Biz bu il birinci mərhələni uğurla başa vura bildik. İyunun 12-də Eskişehirde Azərbaycan və Türkiyə dövlət başçılarının, eləcə də Ukrayna, Serbiya və Şimali Kipr Türk Cümhuriyyəti prezidentlərinin iştirakı ilə TANAP-ın açılış mərasimi qeyd edildi. İyunun 30-dan "Şahdəniz-2” çərçivəsində hasil olunan təbii qazın bu kəmər vasitəsilə kommersiya məqsədilə Türkiyəyə nəql edilməsinə başlandı. Gələn ilin sonunadək boru kəmərinin həm də Avropa Birliyi sərhədinə qədər olan hissəsi tamamlanacaq.
2020-ci ilin əvvəlində TAP kəməri TANAP-a birləşdiriləcək və ildə 10 milyard kubmetr həcmində Azərbaycan təbii qazının Avropa bazarına daşınması reallaşdırılacaq. Artıq TAP layihəsi üzrə ümumi işlərin 75 faizdən çoxu icra edilib. Əminliklə demək olar ki, TAP layihəsi də tezliklə tamamlanacaq və Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi - "Cənub qaz dəhlizi” tam şəkildə icra ediləcək.
SOCAR yeni idarəetmə üsullarının tətbiqi çərçivəsində əməliyyatlarımızın dayanıqlığını təmin etmək üçün uzunmüddətli planlama, davamlı inkişaf strategiyası həyata keçirir. Sərmayə qoyuluşlarını şaxələndirməklə, investisiyaları müxtəlif sahələrə yatırmaqla şirkətin bu və ya digər bir məhsul növündən asılılığını azaltmaq qarşımızda duran başlıca məqsədlərdəndir. Bu məqsədə addım-addım yaxınlaşmaqla Azərbaycanın sənaye qüdrətinin və ixrac potensialının artırılmasına töhfələr veririk. Xam neftin qiymətinin kəskin düşdüyü son illərdə neft-kimya məhsullarının qiymətlərində daha yüksək sabitlik müşahidə olunur ki, bu da tutduğumuz yolun düzgünlüyünü bir daha sübut edir. Yeni əməliyyat sahələrində əldə edilən müsbət təcrübə və nəticələr həmin sahələrdə fəaliyyətlərimizin genişləndirilməsi üçün zəmin yaratmışdır.
SOCAR emal və kimya sahəsində həyata keçirdiyi layihələrin əsas hissəsini bu il tamamlamaqdadır. "SOCAR Polymer” buna əyani misaldır. Layihənin ilk müəssisəsi olan Polipropilen zavodu cari ilin iyulunda Azərbaycanın dövlət başçısı İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın iştirakı ilə istismara buraxıldı. İllik istehsal gücü 180 min ton olan bu zavodun istifadəyə verilməsi ilə ölkəmizin ixrac potensialının önəmli dərəcədə artacağı nəzərdə tutulur. Hazırda aşağısıxlıqlı polietileni ixrac, yüksəksıxlıqlı polietileni idxal edirik. Layihənin əsas məqsədi idxalın aradan qaldırılmasına yönəldilmişdir. İlin sonunda Polietilen zavodunun da istifadəyə verilməsi planlaşdırılır. Bundan sonra "SOCAR Polymer”in iki zavodunda 19 növ polipropilen və 12 növ yüksəksıxlıqlı polietilen olmaqla hər il 300 min ton məhsul istehsal ediləcək. Həmin məhsulun 70 faizinin xarici bazarlara ixrac edilməsi nəzərdə tutulur. Bu, ölkənin qeyri-neft ixracı potensialının böyük həcmdə yüksəlməsinə xidmət edir.
Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, Sumqayıtda yaradılmış Kimya Sənaye Parkında həyata keçirilən ən iri investisiya layihəmiz - Karbamid zavodunun tikintisi də artıq sona çatmaqdadır. Əsaslı layihələndirmə, satınalma və tikinti-montaj işləri 100 faiz tamamlanmış, bütün avadanlıqlar, demək olar, quraşdırılmışdır. Yaxın müddətdə zavodun ammonyak və karbamid istehsalı sahələrində sınaq-sazlama işlərinin aparılması nəzərdə tutulur və cari ilin sonunadək ilk karbamid məhsulunun əldə edilməsi planlaşdırılır. Zavodun istehsal gücü gündəlik 2 min ton, illik 650-660 min ton karbamid məhsuluna hesablanmışdır. Bu həcm ölkənin illik karbamid tələbatını təmin etməyə yetəcək, məhsulun üçdə iki hissəsi Türkiyəyə ixrac ediləcək. Layihə Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək və əkinçiliyin inkişafını sürətləndirəcək. "SOCAR Polymer”in məhsulları xammal kimi istifadə olunaraq, plastik istehlak məhsullarının istehsalına stimul verəcək və qeyri-neft sektorunun genişlənməsində mühüm rol oynayacaq.
Yeni istehsal sahələrində əlavə dəyər yaradan son istehlak məhsullarının ilkin xammal bazasını hasil etdiyimiz neft-qaz həcmləri, habelə propan-propilen, butan-butilen fraksiyaları, quru qaz və s. kimi ənənəvi neft emalı və kimyası məhsulları təşkil edir. Həmin məhsulların istehsalında dinamikanın artırılması, ən əsası isə yerli dizel yanacağı və avtomobil benzinlərinin keyfiyyətinin Avro-5 standartına çatdırılması, yeni bitum istehsalatının yaradılması, reaktiv mühərrik yanacağının istehsal miqdarının və keyfiyyətinin artırılması, habelə istismar xərclərinin azaldılması və gəlirliyin çoxaldılması məqsədilə Heydər Əliyev adına Neft Emalı Zavodunda və "Azərikimya” İB-də həyata keçirilən genişmiqyaslı yenidənqurma və modernizasiya işləri uğurla davam etdirilir. Bu işlər çərçivəsində neftin ilkin emal qurğusunun və Katalitik-Krekinq qurğusunun yenidən qurulması və emal güclərinin artırılması, bir sıra yeni qurğuların da inşa edilməsi nəzərdə tutulur. Eyni zamanda, ümumzavod təsərrüfatının yenilənməsi üzrə işlər həyata keçiriləcək. Nəticədə Heydər Əliyev adına NEZ-in istehsal gucü ildə 6 milyon tondan 7,5 milyon tonadək, istismar müddəti 2040-cı ilədək artırılacaq. Mərhələli olaraq həyata keçirilən bu işlərin 2018-2021-ci illərdə tamamlanması gözlənilir. Cari ilin sonunda ölkənin gündən-günə genişlənən avtomobil yol infrastrukturuna tələb olunan müasir asfalt örtüyünün istehsalı üçün beynəlxalq standartlara cavab verən bitumun buraxılmasına başlamağı planlaşdırırıq. Yenidənqurma layihəsinə Amerikanın "UOP”, "Fluor”, "KBR”, Fransanın "Axens”, İtaliyanın "Wood” (keçmiş "Foster Wheeler”) və "Technimont”, Avstriyanın "EDL-Poerner” kimi nüfuzlu şirkətləri cəlb olunub.
Azərbaycanın Türkiyədəki ən böyük aktivi olan "Petkim” kimya kompleksi özəlləşdirilərək SOCAR-ın idarəçiliyinə keçən dövrdən rentabelliyini xeyli artırmışdır. Müəssisənin 2017-ci ildə əldə etdiyi xalis mənfəət ondan əvvəlki ilə nisbətən iki dəfəyə yaxın artaraq 1,4 milyard türk lirəsi təşkil etmişdir. Bu sənaye nəhənginin vaxtaşırı təkmilləşdirilməsi istiqamətində icra olunan investisiya proqramları hesabına müəssisənin Türkiyə neft-kimya məhsulları bazarındakı payının artırılması hədəflənir. İşlərin gedişi göstərir ki, SOCAR-ın bu hədəfə tezliklə çatması tamamilə realdır.
"Petkim”in xammala olan tələbatını yaxşılaşdırmaq və Türkiyə bazarında yanacaq məhsulları idxalını məhdudlaşdırmaq məqsədilə 2012-ci ildən İzmirin Əliağa bölgəsində tikintisinə başladığımız illik emal gücü 10 milyon ton xam neft olan "STAR” Neft Emalı Zavodunun inşası da yekunlaşmaq üzrədir. Bu zavodun istifadəyə verilməsi ilə Aralıq dənizi bazarında SOCAR-ın mövqeləri xeyli möhkəmlənəcək. Zavodun müxtəlif markalı neftlər, əsasən "Ural”, "Azeri Light” və "Kərkük” neft növlərini emal edə bilməsi qarşıya qoyduğumuz hədəflərdəndir. 76 çəni olan "STAR” zavodunun ümumi anbar həcmi 1 milyon 640 min kubmetr təşkil edəcək. Yaxın müddətdə fəaliyyətə başlaması planlaşdırılan zavodda sınaq-sazlama işlərinin həyata keçirilməsi məqsədilə avqust ayının əvvəllərindən emal üçün 80 min ton "Azeri Light” markalı Azərbaycan nefti ayrılmışdır. SOCAR-la "Rosneft” arasında bu yaxınlarda imzalanmış müqaviləyə əsasən, 2018-ci ilin dekabr ayından etibarən bir il ərzində "STAR” zavodunun 1 milyon ton Rusiya nefti ilə təchiz olunması gözlənilir. Kontrakt hər iki şirkətin əlverişli əməkdaşlığının genişlənməsinə dəlalət edir və SOCAR-ın Türkiyədəki yeni neftayırma obyektlərinin stabil yüklənməsi üçün əlavə təminat yaradacaq. "STAR” ilk növbədə "Petkim”i xammalla təmin etmək məqsədi daşıyır. Zavod istismara veriləndən sonra bir çox məhsulların istehsalı üçün əhəmiyyətli xammal əldə olunacaq ki, bu da "Petkim”in iqtisadi səmərəliyini daha da artıracaq. Qeyd edək ki, SOCAR-ın idarəçiliyində olduğu son 10 ildə bu neft-kimya kompleksinə 800 milyon dollar civarında, "STAR” neft emalı zavoduna 5,1 milyard dollar investisiya yatırılmış və yüksək əmək məhsuldarlığına nail olunmuşdur.
SOCAR-ın gələcək hədəfləri sırasında Türkiyədə daha bir neft-kimya kompleksinin inşası nəzərdə tutulur. Yeni layihənin texniki-iqtisadi əsaslandırmasının 2019-cu ilin aprel ayında yekunlaşdırılması, həmin ilin iyun ayında tikinti işlərinə başlanılması planlaşdırılır. Yeni neft-kimya kompleksində ilkin istehsalın 2022-ci ilin sonu, 2023-cü ilin əvvəlində başlanılması nəzərdə tutulur.
Ölkəmizdə də daha bir kimya kompleksini ərsəyə gətirməyi planlaşdırırıq. Qaradağ rayonu ərazisində tikiləcək "SOCAR GPC” Qaz Emalı Zavodu və "SOCAR Polymer”in əməliyyat konsepsiyası təbii qazın tərkibində olan ağır C2+ fraksiyalardan təmizlənməsini nəzərdə tutur. Təmizlənən fraksiyalar yüksək keyfiyyətli polimer məhsulların istehsalı üçün istifadə olunacaq, təbii qazın əsasını təşkil edən təmizlənmiş metan isə ölkə təsərrüfatına qaytarılacaq. Beləliklə, zavod itkiləri qazanca çevirərək ölkənin kimya sənayesinin inkişafına daha bir töhfə verəcək. Hazırda yeni Qaz Emalı Kompleksi ilə bağlı xarici investorlarla danışıqlar aparılır. Artıq kompleks üzrə ilkin mühəndislik və layihələndirmə işlərini (FEED) bitirmişik. "Açıq kitab” əsasında xərclərin smetası (OBCE) müqaviləsi üzrə işlər yekunlaşdırılır. Maliyyələşmə və investisiya məsələləri öz həllini tapdıqdan sonra layihə növbəti mərhələyə - mühəndislik, satınalma və tikinti üzrə EPC müqaviləsinin imzalanması mərhələsinə keçəcək.
Cari ildə SOCAR daha bir ilkə imza ataraq Azərbaycanda Sıxılmış Təbii Qaz (STQ) bazarına daxil olmuşdur. STQ hazırda nisbətən az istifadə olunan yanacaq növü olsa da, dünyada ona tələbat sürətlə artmaqdadır. Proqnozlara görə, dünyada STQ-yə olan tələbat 2025-ci ilə qədər 4 dəfəyə yaxın artacaq. Gələcək illərdə SOCAR-ın əməliyyat portfeli çərçivəsində STQ satışını genişləndirmək nəzərdə tutulan perspektivli layihələrdən biridir.
Emal sənayesini xammalla təchiz etmək üçün Azərbaycan neftçilərinin qarşısında son illər duran əsas vəzifə hasilatın səviyyəsini sabit saxlamaqdır. 2017-ci il noyabrın 8-də ölkəmizdə 2 milyardıncı ton neft hasil edildi. Azərbaycan neftçilərinin zəngin təcrübəsi, əzmkarlığı, bilik və bacarıqları köhnə yataqlarda neft hasilatının stabil saxlanmasına, hətta ayrı-ayrı yataqlar üzrə yüksək hasilat göstəriciləri əldə olunmasına imkan vermişdir. Dövlət şirkəti olaraq SOCAR-ın bu nailiyyətlərində şübhəsiz ki, Prezident İlham Əliyevin dəstəyi və bütün bu işlərə məharətlə rəhbərlik etməsi müstəsna önəm daşıyır. Neftçilərimiz "Qarabağ”, "Ümid-Babək”, "Abşeron” və digər yeni perspektivli sahələrin işlənməsi sayəsində neft hasilatını sabit saxlamaq, qaz hasilatını artırmaq əzmindədirlər. Yeni yataqların işlənməsi ilə bağlı xarici tərəfdaşlarla birgə mühüm qərarlara imza atılmışdır.
Azərbaycan neftinin dünya bazarında layiqli yer tutması üçün onun düzgün brendləşdirilməsi vacibdir. Buna görə də Prezident İlham Əliyev Azərbaycan neftinin müstəqil brend kimi dünya bazarına çıxarılmasını qarşımızda məqsəd qoymuşdur. 2007-ci ildə İsveçrədə təsis etdiyimiz "SOCAR Trading” şirkəti qısa müddətdə SOCAR-ın və digər şirkətlərin neft və neft məhsullarının beynəlxalq bazarlarda alqı-satqısını təşkil etmiş, üçüncü tərəflərin ticarət əlaqələrində vasitəçilik etməklə yanaşı, SOCAR-ın qlobal strateji inkişafına dəstək vermişdir. İlk mərhələdə "SOCAR Trading” yüksək keyfiyyətli "Azeri Light” neftini yüngül neft brendi kimi dünya bazarlarında tanıtmış, bununla Azərbaycana təkcə 2008-2013-cü illərdə 1,8 milyard dollara qədər əlavə gəlir qazandırmışdır. Bu gün "SOCAR Trading” şirkəti təkcə Azərbaycan neftini deyil, artıq daha çox üçüncü tərəflərin neft və neft məhsullarının ticarətini həyata keçirir. Törəmə şirkətimiz 2017-ci ildə ümumilikdə 104 milyon ton neft məhsulu ticarətini həyata keçirmişdir ki, bunun da 24 milyon tonu Azərbaycan neftinin payına düşür.
Dayanıqlı inkişafın bir önəmli şərti də ətraf mühitin qorunmasıdır. SOCAR son 15 il ərzində ölkəmizdə daha geniş vüsət tapan ekoloji hərəkatın ön sıralarında gedir. Şirkətin ekoloji siyasətinin əsas prioritetlərini neft-qaz yataqlarının işlənməsi, istismarı və emal zamanı neftlə çirklənmiş torpaqların təmizlənməsi, lay sularının və səmt qazlarının idarə olunması, istilik effekti yaradan qazların azaldılması, yaşıllaşdırma tədbirlərinin genişləndirilməsi təşkil edir. Son bir il ərzində 53,45 hektar ərazi neft və neft məhsullarından təmizlənərək abadlaşdırılmışdır.
SOCAR iştirak etdiyi layihələrdə atmosferə atılan səmt qazlarının azaldılması üzrə proqramı müvəffəqiyyətlə icra etməkdədir. Şirkət son illərdə atmosferə atılan səmt qazlarının minimuma endirilməsi istiqamətində müvafiq nailiyyətlər əldə etmiş və Dünya Bankının "2030-cu ilə qədər səmt qazlarının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” qlobal təşəbbüsünə ilk qoşulan şirkətlər sırasındadır. SOCAR bu istiqamətdə Dünya Bankının "Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq” (GGFR) Təşkilatı ilə əməkdaşlıq edir. Cari ilin mayında şirkətin təşəbbüsü ilə Bakıda sözügedən qurumun toplantısı keçirildi. Xarici tərəfdaşlarımız, eləcə də bu sahənin mütəxəssisləri ilə şamda yandırılan qazın azaldılması istiqamətində Azərbaycanın təcrübəsinin öyrənilməsi, əldə olunan yüksək nailiyyətlərlə yaxından tanışlıq və bu təcrübənin xaricdə tətbiqi məsələlərinin mümkünlüyü ilə bağlı müzakirələr aparıldı.
Bir sözlə, SOCAR həyata keçirdiyi layihələrlə ölkə iqtisadiyyatının dayanıqlı inkişafına mühüm töhfələr verməkdədir. Bütün bu uğurlar Prezident İlham Əliyevin adı ilə sıx bağlıdır. Məhz onun respublikaya rəhbərliyi illərində SOCAR yeni inkişaf mərhələsinə qədəm qoyaraq öz fəaliyyətinin bütün sahələrində ciddi islahatlar aparmaqla yanaşı, fəaliyyət sahələrini də gerçəkləşdirmişdir. Cənab Prezidentin uzaqgörən strateji kursu və qarşımızda qoyduğu vəzifələr SOCAR-ı qlobal brend səviyyəsinə qədər yüksəltmişdir. Bu uğurlar, eyni zamanda Azərbaycan neftçilərinin fədakar əməyindən, zəngin təcrübəsindən və peşəkarlığından qaynaqlanır. Neft və qazın çıxarılması çətin və məsuliyyətli olsa da, üzərimizə götürdüyümüz vəzifə və öhdəliklərin yerinə yetirilməsinin, böyük və çoxsaylı layihələrin ərsəyə gətirilməsinin təntənəsinə biz - Azərbaycan neftçiləri məhz bu ildə yetişdik. SOCAR və Azərbaycan üçün taleyüklü olan cari ildə əsas layihələrimizin tamamlanması inkişafımızın son nöqtəsi deyil, məhz dönüş nöqtəsidir. Bu isə qarşımızda yeni üfüqlər açır. Odur ki, əvvəlki layihələrimiz hələ tamamlanmamış bu gün yeni layihələrin təməlini qoymaq SOCAR-ın qarşısında duran ən mühüm vəzifədir.

Rövnəq ABDULLAYEV,
SOCAR-ın prezidenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video