Ermənistan mətbuatı və sosial şəbəkə istifadəçiləri baş nazir N.Paşinyanın İlham Əliyev qarşısında növbəti dəfə rəzil və biabırçı vəziyyətə düşdüyünü bildirirlər
Cəbhədə vəziyyəti gərginləşdirməklə diqqəti Ermənistan daxilindəki problemlərdən yayındırmaq işğalçı ölkədə uzun illər boyu həyata keçirilən əsas taktikalardan biridir.
Küçə siyasətindən ölkə rəhbərliyinə gələn Nikol Paşinyan da bu taktikadan istifadə edərək siyasi məqsədləri üçün pozuculuq fəaliyyətinə getdikcə daha çox diqqət yetirir. Bunun əsas səbəbi də odur ki, cəmiyyətdə nüfuzu heçə enən Paşinyan sələfləri kimi cəbhədə vəziyyəti gərginləşdirməyə çalışmaqla diqqəti daxili problemlərdən yayındırsın.
Ordumuz Ermənistanın dərsini verir
Ermənistanın "Jamanak” qəzeti yazır ki, belə vəziyyət daha çox erməni ordusuna baha başa gəlir. Çünki hər dəfə atəşkəsin pozulması erməni hərbçilərinin ya həyatını itirməsi, ya da yaralanması ilə müşayiət olunur. O da vurğulanır ki, yaranmış durumdan qalib çıxan Azərbaycandır. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın təxribatlar üzündən ağır itkilərə məruz qalmasına dair Prezident İlham Əliyev Biləsuvar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə çox maraqlı məqamlara diqqət çəkdi.
Öncə dövlət başçısı diqqəti ona yönəltdi ki, bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz: "Ermənistan indi çox ağır vəziyyətə düşüb. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Mən dəfələrlə demişdim ki, Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir. Ancaq əfsuslar olsun ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar... Baxın, bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olubdur və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər.
Biz bu istiqamətdə siyasətimizi ardıcıl olaraq aparacağıq, ordumuzu daha da gücləndirəcəyik, daha da böyük vəsait ayıracağıq və ordumuzun döyüş qabiliyyətini daha da möhkəmləndirəcəyik. Nümayiş etdirilən paradda bizim texniki imkanlarımız, əsgər-zabitlərimizin hazırlığı düşmənə yaxşı bir siqnaldır ki, otursun yerində, yoxsa, axırı pis olar”.
"Paşinyan Azərbaycanla müharibəni körükləyir, amma bunun acı nəticələrini hesablaya bilmir”
Baş verənlər göstərir ki, Azərbaycan Ordusu işğalçı tərəfi daha böyük qorxuya salıb. Xüsusən də Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimlərə başlaması erməni cəmiyyətində böyük narahatlığa səbəb olub. Bunun nəticəsidir ki, erməni cəmiyyəti Paşinyanın Azərbaycana qarşı belə təhdid dolu bəyanatlar səsləndirməsinə görə narahatdır.
"Qrapark” qəzeti yazır ki, cəmiyyət müharibənin ona daha böyük fəlakətlər gətirəcəyini yaxşı bilir: "Baş verənlərdən erməni əsgər anaları çox narahatdır. Onlar Paşinyanın övladlarını ölümdən qurataracağını gözləsələr də, bunun əksi baş verdi. Paşinyan Azərbaycanla müharibəni körükləyir, amma bunun acı nəticələrini hesablaya bilmir. Oğlunu Qarabağa göndərməklə isə cəmiyyətin narazılığını sakitləşdirəcəyini düşünsə də, ciddi səhvə yol verir. Paşinyan dərk etməlidir ki, erməni cəmiyyəti daimi müharibədən bezib. Bu nəticəyə oğulları özgə torpaqlarda ölən erməni əsgər analarının təkrarlanan müraciətlərinə əsasən gəlmək olar. Erməni ordusunda özbaşınalıq hökm sürür, döyüş ruhu aşağı düşüb və yeni nəsil mənasız müharibədə vuruşub ölmək istəmir.
Elə bu günlərdə Ermənistanda hərbi xidmətə çağırılan gənc intihar edib. Hadisə Artaşat magistralı yaxınlığında baş verib. Belə ki, Dağlıq Qarabağ bölgəsində yerləşdirilən hərbi hissələrdən birində xidmət edəcəyini öyrənən Ermənistanın Ararat vilayətinin Nor Xarberd kəndinin 28 yaşlı sakini Arman Tonoyan çıxış yolunu intiharda görüb. O, Artaşat magistralı yaxınlığında özünü ağacdan asaraq həyatına son verib. Özünü öldürən Armanın cibindən məktub tapılıb. O, Dağlıq Qarabağa hərbi xidmətə göndərilməsinə etiraz olaraq intihar etdiyini yazıb.
Baş nazir bunları nəzərə almalıdır. Özü də o fonda ki, Paşinyanın oğlu Qarabağdakı silahlı qüvvələr sıralarında qeydiyyatdan keçsə də, əslində, vaxtının çoxunu öz kəndlərində - Ermənistanda, İcevanda keçirir. Erməni blogerləri bu barədə çox məlumatlar yayırlar”.
"Baş nazir Qarabağa hərbçilərə baş çəkmək üçün deyil, oğlunu görmək üçün gedib”
Sentyabrın 18-də Ermənistanın baş naziri işğal olunmuş Azərbaycan ərazilərinə gəlib. Ermənilərin sosial şəbəkələrdəki statusları, şərhləri, mövqeləri əsasında hazırlanan araşdırmalardan görünür ki, Paşinyan Qarabağa hərbçilərə baş çəkmək üçün deyil, oğlunu görmək üçün gedib. Ermənilər ölkələrinin tam məhvə doğru getdiyi, Qarabağın artıq itirildiyi və müharibə olacağı təqdirdə, İlham Əliyevin Ermənistan üzərində növbəti qələbəsi barədə ortaq rəydədirlər.
Karine Davidyan adlı birinin "Twitter” sosial şəbəkəsindəki paylaşımı maraqla qarşılanıb: "Acı reallıq olsa da, qəbul edək ki, bizim Sarkisyandan nə bəxtimiz gətirmişdi ki, Paşinyandan da gətirə. Pafoslu çıxışlarına, onun aktyorluğuna yalnız Ermənistanda biz zavallı insanlar inana bilərik. Guya Qarabağa gedib, hərbi hissələrdə vəziyyəti öyrənməyə. Yalansa... Oğlu Aşotun Xankəndidəki villasında necə kef çəkdiyini görmək üçün gedib. Nə isə...”
"Yəqin gedib görsün ki, Aşotun qumar oynamağa pulu qalıb?”
Levon Ohanyan adlı biri isə "Facebook”da paylaşılan xəbərlərə yazdığı maraqlı rəyi ilə diqqət çəkib: "Paşinyan Dağlıq Qarabağa gedib? Siz buna inandınız? Ay camaat, Paşinyan Qarabağa ac əsgərləri, dağılmış ordunu yoxlamağa deyil, qumarbaz oğlunu görməyə gedib” (gülüş işarəsi)
Levonun rəyinə münasibət bildirən Xoren Petrosyanın şərhi isə daha çox bəyənilib: "Levon, yəqin gedib görsün ki, Aşotun qumar oynamağa pulu qalıb? Ya da ki, baxsın görsün ki, kef çəkdiyi qızlar oğlunun xətrinə dəyməyiblər ki? (gülüş işarəsi)”
"Günlərlə yemək görməyən, aclıqdan huşunu itirən əsgərlər Paşinyanın nəyinə lazımdır?”
Sarqis Xosrovyan adlı digər istifadəçinin "Odnoklassniki” sosial şəbəkəsində Paşinyanın oğlu ilə paylaşılan şəklinin altına yazdığı şərh isə daha çox müzakirələrə səbəb olub: "Paşinyan qorxusundan hərbi hissəyə gedərmi heç? Günlərlə yemək görməyən, aclıqdan huşunu itirən əsgərlər onun nəyinə lazımdır? Ona əlinə silah almağa qorxan oğlunun həyat tərzi necədir o maraqlıdır”.
Karen Mkrtçyan adlı "Facebook” istifadəçisi "Nə vaxta qədər belə davam edəcək? Paşinyanın oğlu Xankəndidə əsgərlik adı ilə kef məclisləri qurur, günahsız uşaqlar isə Qarabağda qırılır” başlıqlı status paylaşıb.
"Vaxt var idi Paşinyanı küçələrdən yığmaq olmurdu”
Digər istifadəçi Arut Xaçatryan adlı bir nəfər "Twitter”də belə bir paylaşım edib: "Biz hələ də anlaya bilmirik ki, İlham Əliyevin fəaliyyətindən niyə Paşinyan nəticələr çıxara bilmir? Azərbaycana müharibə elan edirik, yekunda isə geri dönən yalnız əsgərlərimizin cənazəsidir”.
Edvard Şahnazaryan adlı sosial şəbəkə istifadəçisi isə "Facebook”da paylaşdığı statusda bildirib: "Böyük iş olub, Paşinyan Qarabağa gedib. Onu hansısa hərbi hissədə görən olub? Qorxusundan xalqın arasına çıxmır. Vaxt var idi Paşinyanı küçələrdən yığmaq olmurdu”.
Ziddiyyətlər daha kəskin xarakter alır
Baş verən bütün bu proseslər bu ölkədə daxili ziddiyətlərin daha kəskin xarakter alacağını deməyə əsas verir. Bunun ümdə səbəbi isə Paşinyana qarşı çıxan qüvvələrin artıq təşkilatlanaraq hakimiyyətə qarşı daha effektiv mübarizəyə başlamalarıdır. Belə vəziyyətdə Nikol Paşinyan iqtidarı rəqiblərini sıradan çıxarmaq üçün hər cür repressiv addımlara gedir. Ermənistan xüsusi xidmət orqanlarının səs yazılarının yayılmasından sonra baş verənlər də bunu təsdiqləyir.
Məlumatlara görə, hakimiyyət rəhbərliyindən gələn göstəriş əsasında Ermənistanın hüquq-mühafizə orqanları "Yerevan.Today” xəbər saytının ofisində və saytın baş redaktorunun evində axtarış əməliyyatları həyata keçirib.
Qeyd olunur ki, axtarışların səbəbi Ermənistanın milli təhlükəsizlik xidmətinin rəhbəri Artur Vanetsyanla xüsusi istintaq xidməti rəhbəri Sasun Xaçatryanın gizli səs yazısının yayılması ilə əlaqədardır.
Ermənistan təhlükəsizlik qüvvələri "Yerevan.Today”in həmin səs yazısını digər media orqanlarından 2 gün öncə yayımladığını iddia edir. Lakin saytın rəhbərliyi bu ittihamın yalan olduğunu deyir və xəbərin başqa medialarla eyni zamanda yerləşdirildiyini bildirir.
Mediaya qarşı repressiv addım
"Qraparak” qəzeti də analoji vəziyyətlə üzləşib. Onlar isə gizli səs yazısını digər KİV-dən 5 gün əvvəl yayımlamaqda ittiham olunurlar.
Ermənistanın hüquq-mühafizə orqanları hesab edirlər ki, hamıdan əvvəl səs yazısını yayan "Yerevan.Today” və "Qraparak” məsələ ilə bağlı öncədən məlumatlı olub. Onların gizli danışığı məxfi şəkildə yazan şəxslə birbaşa əlaqələrinin olduğu ehtimal edilir. Bu səbəbdən də media qurumlarına qarşı yoxlama aparılır.
Xatırladaq ki, məlum səs yazısında Vanetsyanla Xaçatryan ölkənin keçmiş prezidenti Robert Koçaryan və KTMT-nin fəaliyyətdə olan baş katibi Yuri Xaçaturov barəsində açılan cinayət işindən bəhs edilir. Telefon söhbətində Rusiyanın narazılığını nəzərə alaraq Xaçaturovun əvəzinə günahı sabiq müdafiə naziri Seyran Ohanyanın üzərinə atmağı planlaşdırıblar. Gizli səs yazısının yayılması ilə əlaqədar baş prokurorluqda cinayət işi açılıb, Ermənistanın xüsusi istintaq komitəsi isə istintaq aparır.
"Baş nazir özünə aid səs yazılarının varlığından narahatdır”
Respublika partiyasının millət vəkili Armen Aşotyan isə bildirir ki, əslində, Ermənistanın baş naziri Nikol Paşinyan özünə aid səs yazılarının varlığından narahatdır və bu səbəbdən KİV-ə hücum əmri verib: "Baş nazirin bəyanatları getdikcə qəribə xarakter almağa başlayır. Parlamentdə və Parisdə məşhur səs yazısı barədə danışan Paşinyan ölkənin məhkəmə sisteminə birbaşa təsir göstərdiyini sübut etdi. Onun bu cinayət işi ilə bağlı bəyanatlarının dinamikası baş nazirin özünə aid səs yazılarının mövcudluğundan narahat olduğunu göstərir və Allah bilir ki, bundan sonra fəaliyyətdə olan rejim və Ermənistan üçün hansı təsirlər yaranacaq”.
Paşinyan və komandası baş verənlərdə sabiq iqtidar təmsilçilərini ittiham edir və onların buna görə cavab verməli olduqlarını bildirir. Bu fonda Nikol Paşinyan Robert Koçaryan və Serj Sarkisyanı siyasi meyit adlandırıb. Paşinyan onların ölkənin daxili siyasətinə daha təsir etmək gücünə malik olmadıqlarını bildirib: "Artıq bəyan etmişəm ki, Robert Koçaryan və Serj Sarkisyan daha siyasi faktor deyil. Onlar siyasi meyitdirlər. Lakin bu, o demək deyil ki, siyasi meyit ola-ola qanun qarşısında cavab verməməlidirlər”.
Paşinyana növbəti xəbərdarlıq
Amma "Jamanak” qəzeti yazır ki, Paşinyanın sabiq prezidentləri həbs etməsinə Rusiya icazə verməyəcək. Qəzet hətta yazır ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistana nəzərdə tutulan səfəri çərçivəsində keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanla görüşəcək: "Deyəsən, Putin dəvəti qəbul edib və mətbuat katibi Peskov vasitəsilə Yerevana gələcəyini bildirib, lakin səfərin tarixi barədə aydınlıq hələ ki yoxdur. Lakin artıq məlumdur ki, tarixdən asılı olmayaraq, Putin Yerevanda Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Koçaryan və Serj Sarkisyanla görüşmək niyyətindədir”. Qəzet bu görüşü Paşinyana xəbərdarlıq sayır.
Xatırladaq ki, iyulun sonlarında Ermənistanın keçmiş prezidenti Robert Koçaryan 2008-ci ildə baş vermiş hadisələrin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Lakin avqustun 13-də apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv etmişdi. Hələlik Robert Koçaryan azadlıqdadır, lakin ittiham onun üzərindən götürülməyib.
"Azərbaycanın Rusiya üçün strateji önəmi daha da artır”
"Jamanak” yazır ki, atdığı addımlar və verdiyi bəyanatlarla Ermənistanın yeni rəhbərliyi Rusiyanı kifayət qədər qıcıqlandırıb. Strateji müttəfiq olmalarına baxmayaraq, Moskva Yerevanın bu davranışlarına çox susası deyil. Bu mənada, bəzi erməni rəsmilər Rusiyanın Yerevana qarşı təsir və təzyiq rıçaqlarını bir-bir işə salacağından ehtiyatlanırlar. Həmin rıçaqların sırasında Ermənistana satılan təbii qaz tariflərinin artırılması da var.
Ermənistan parlamentinin iqtisadi məsələlər üzrə daimi komissiyasının sədri Xosrov Arutyunyan bu ilin sonunda Yerevanın Rusiya ilə təbii qazın qiymətinə dair imzaladığı müqavilənin müddətinin bitməsinə diqqət çəkərək, həyəcan təbili çalıb. Həmin sazişə əsasən, Rusiyanın Ermənistana satdığı qazın min kubmetri üçün 150 dollar tarif müəyyənləşdirilib. Lakin Arutyunyan əmin deyil ki, Moskva əvvəlki güzəştli tarifi saxlayacaq, ya yox.
Bu mənada, Ermənistanın yeni hökumətinin səhv siyasətinə vurğu edən Arutyunyan istisna etməyib ki, Nikol Paşinyan hökuməti Rusiyaya münasibətdə "nala-mıxa vurmağa” davam etsə, Moskva enerji sahəsində demək olar ki, tamamilə Rusiyadan asılı olan Ermənistana satdığı qazın qiymətini qaldıracaq. Bu isə Ermənistan iqtisadiyyatı üçün fəlakət deməkdir: "Təəssüf ki, Ermənistan-Rusiya münasibətlərində enerji daşıyıcıları strateji əhəmiyyətə malikdir. Hərdən elə olur ki, enerji daşıyıcılarına qoyulan tariflər hesabına dövlətlərarası digər məsələlər də tənzimlənir. Bu mənada Ermənistanın ciddi problemi var və biz Rusiya-Ermənistan münasibətlərində çox diqqətli və ehtiyatlı olmalıyıq. Özü də nəzərə alsaq ki, son zamanlar Azərbaycanın Rusiya üçün strateji önəmi daha da artır”.
Arutyunyan Paşinyan hökumətinin korrupsiya ilə mübarizə adı ilə həyata keçirdiyi həbslərə də toxunaraq bildirib ki, qanun pozuntularına görə günahkarları cəzalandırmaq yaxşı şeydir. Amma gərək təkcə təqiblə məşğul olmayıb, bununla yanaşı, struktur dəyişiklikləri də edəsən ki, korrupsiya aradan qaldırılsın. Deputata görə, hökumət düşünür ki, inqilab ruhu ilə təkcə korrupsiya və monopoliya ilə mübarizə aparsa, o dəqiqə bütün xarici investorlar Ermənistana axışacaq. Bu, səhv düşüncədir. Çünki "inqilab” sözü və əhalidə inqilab ruhunun hələ də qalması beynəlxalq investorları cəzb etmək əvəzinə həmişə qaçırdıb. Xüsusən də o fonda ki, Ermənistanda daxili mübarizə daha gərgin mərhələyə keçir.
Bütün bunlar, eləcə də aprel döyüşlərinin təkrarlanması qorxusu erməni cəmiyyətində Paşinyana qarşı etirazların baş verməsinə səbəb ola bilər. Çünki bütün erməni ictimaiyyəti Azərbaycan Ordusunun qüdrətinə yaxından bələddir. Erməni ictimaiyyəti çox gözəl bilir ki, Paşinyanın təhdid dolu bəyanatları davam edərsə, Azərbaycan Ordusu buna birbaşa döyüş meydanında cavab verəcək. Bu da öz növbəsində, Ermənistan üçün böyük fəlakət deməkdir.
Elçin CƏFƏROV,
"Azərbaycan”