20 Sentyabr 2018 00:26
1055
SİYASƏT
A- A+

Unudulmaz müəllimim


Qədim latın aforizmində deyilir: "Hüquqşünaslıq xeyirxahlıq və ədalət sənətidir”. Bu kəlamın nə qədər doğru olduğunu görkəmli ictimai-siyasi xadim, hüquqşünas alim, pedaqoq və professor Murtuz Ələsgərovun həyat və fəaliyyəti bir daha sübut edir. Murtuz müəllim bütün ömrü boyu xalqa və dövlətə xidmət etmiş, bilik və bacarığı ilə elmi potensialının artmasına, müstəqil dövlətimizin möhkəmlənməsinə və inkişaf etməsinə çalışmışdır. Vətənə məhəbbət, humanistlik onun amalı, həyat qayəsi olmuşdur.
2018-ci il sentyabrın 20-də tanınmış ziyalı, əməkdar elm xadimi, ulu öndər Heydər Əliyevin yaxın silahdaşı, tələbələrin sevimli müəllimi, xeyirxah və səmimi insan Murtuz Nəcəf oğlu Ələsgərovun anadan olmasının 90 ili tamam olur.
Murtuz müəllim çətin, mürəkkəb, keşməkeşli, lakin şərəfli bir ömür yolu keçmişdir. O, Azərbaycanın müstəqillik tarixinə zəhməti və insanpərvərliyi, ölkəmizin azadlığı uğrunda apardığı mübarizəsi ilə adını yazmış, parlamentin deputatı və sədri kimi respublikamızda demokratik hüquqi dövlət quruculuğundakı xidmətləri və siyasi əqidəsi ilə müasir Azərbaycan tarixində silinməz iz qoymuşdur. Onun barəsində fikir söyləmək bir tələbəsi, aspirantı, uzun müddət həm universitetdə, həm də parlamentdə bir yerdə çalışmış şəxs kimi mənim üçün həm məsuliyyətli və həm də şərəflidir.
Murtuz Ələsgərov ümummilli lider Heydər Əliyevin yaxın silahdaşı idi. Bu silahdaşlıq missiyası Murtuz müəllimin xarakterində xüsusi vurğulamaq istədiyim əsas cəhəti ilə bağlı idi - Murtuz müəllim əsl əqidə insanı idi.
Murtuz müəllimi tanıyanlar onu həyatda özünəməxsus əqidəsi, öz amalı uğrunda mübarizə aparmaq əzminə malik olan bir şəxsiyyət kimi xatırlayırlar. Onun həyat amalını ilk növbədə bir müəllim, universitet professoru kimi xalqa, vətənə sədaqətlə xidmət etmək, həm də bunun üçün peşəkar hüquqşünas kadrlar yetişdirmək təşkil edirdi. Murtuz müəllimin bir ictimai-siyasi xadim kimi başlıca istəyi isə Azərbaycan xalqının öz azadlığına qovuşması, ölkəmizdə beynəlxalq hüququn müstəqil subyekti olan suveren dövlətin qurulması, respublikamızın hüquqi, demokratik dövlət kimi bərqərar olması və inkişaf etməsi idi. Bu yolda o əzmkarlıqla mübarizə aparır, əldə olunan nailiyyətlərə çox sevinirdi. Bu onun vətəninə və xalqına dərin məhəbbətindən, dövlətinə və dövlətçiliyinə daha çox bağlılığından irəli gəlirdi. Murtuz müəllim torpağa, vətənə bağlı, dostluğa sədaqətli olan, incə qəlbli nəcib bir insan idi. O xarakter etibarilə ciddi, tələbkar və prinsipial olduğu qədər də, mehriban, mülayim və kövrək qəlbli, həssas insan idi. İlahi varlığın insana bəxş etdiyi ömrü necə yaşamaq, hansı ömür yolu keçmək, hansı amala və əqidəyə malik olmaq sonda insan şəxsiyyətinin müxtəlif aspektlərində təzahür edir. Odur ki, Murtuz müəllimin şəxsiyyətini həm hüquq sahəsində böyük müəllim və alim, həm peşəkar hüquqşünas, respublikamızda beynəlxalq hüquq və konstitusiya hüququ elmi məktəblərinin yaradıcısı, həm ictimai-siyasi xadim, həm nəcib insan, sədaqətli dost, həm də qayğıkeş ata - ailə başçısı kimi təqdim etmək olar.
Bir alim kimi Murtuz Ələsgərovun Azərbaycan hüquq elminin inkişafında mühüm xidmətləri olmuşdur. O, XX əsrin ikinci yarısından etibarən Bakı Dövlət Universitetində təşəkkül tapmağa başlayan Konstitusiya hüququ (həmin dövrdə Dövlət hüququ) elmi məktəbinin yaradıcısıdır. 45 ildən artıq bir dövrdə indiki Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasına rəhbərlik edən Murtuz müəllim həm bu sahədə elmin inkişafına, həm də yüksək elmi potensiala malik kadr hazırlığına xüsusi töhfə vermiş, sanballı bir elmi məktəb yaratmağa nail olmuşdur. M.Ələsgərov respublikamızda təkcə Konstitusiya hüququ elmi məktəbinin deyil, həm də beynəlxalq hüquq elmi məktəbinin banisidir. Onun elmi əsərlərinin böyük əksəriyyəti təkcə dövlətdaxili deyil, həm də beynəlxalq hüquqi problemlərin tədqiqinə həsr olunmuşdur. Murtuz müəllim bir sıra elmi əsərlərində beynəlxalq hüququn subyekti kimi dövlətin hüquqi statusu məsələlərini, insan hüquqlarını, bu məsələlərin həm dövlətdaxili, həm də beynəlxalq hüquqi aspektlərini, o cümlədən dövlətdaxili və beynəlxalq hüquqi müdafiə mexanizmlərini tədqiq etmişdir.
1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirən M.Ələsgərov 1950-1953-cü illərdə SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş və 1954-cü ildə "İranın daxili işlərinə ingilis - amerikan müdaxiləsi beynəlxalq hüququn kobud surətdə pozulmasıdır” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş və hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Gənc alim Murtuz Ələsgərov elə həmin ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsində baş müəllim kimi fəaliyyətə başlamışdır. Professor M.N.Ələsgərov 1960-cı ildən Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq kafedrasına və 1965-ci ildən isə həmin universitetin Dövlət hüququ (hazırda Konstitusiya hüququ) kafedrasına rəhbərlik etmişdir.
Professor M.N.Ələsgərov 200-dən artıq elmi əsərin, o cümlədən onlarla monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir. 1966-cı ildən professor M.N.Ələsgərov Azərbaycan Ensiklopediyasının tarix, fəlsəfə və hüquq redaksiyası elmi şurasının üzvü olmuş, ensiklopediyanın ayrı-ayrı cildlərində 60 addan çox elmi məqaləsi nəşr olunmuşdur. Onun araşdırdığı məsələlər içərisində dövlətlərin ikitərəfli əməkdaşlığı problemlərinin tədqiqi daha çox yer tutur və nəşr olunmuş elmi əsərləri əsasən beynəlxalq hüquqi əməkdaşlıq problemlərinin, habelə bir çox konstitusiya hüquq institutlarının tədqiqinə həsr olunmuşdur. Belə əsərlərə müəllifin "Şərq ölkələrinin gəncləri sülh və milli istiqlaliyyət uğrunda mübarizədə” (1958); "Müstəmləkəçilikdən azad olmuş Asiya və Afrika dövlətlərinin beynəlxalq hüquq subyektliyi” (1967); "Sovet İttifaqının Asiyanın və Afrikanın müstəqil dövlətləri ilə müqavilə aspektləri” (1968); "Sovet İttifaqı və gənc Asiya və Afrika dövlətləri” (1968); "Möhkəmlənən dostluq” (1974); "Bərabərhüquqlu əməkdaşlıq” (1975); "Tərksilah sülhün təminatıdır (1978); "Təbiət və qanun” (1980); "Konstitusiyaya əməl etmək hamının borcudur” (1982); "Nazirlər Soveti - Azərbaycan Respublikasının ali icra orqanıdır” (1986); "Azərbaycan Respublikasının Ali Soveti respublikanın ali nümayəndəli orqanıdır” (1988); "Millətlərarası münasibətlərin regional problemləri” (1990) və s. adlı monoqrafiyalarını misal göstərə bilərik. Xüsusilə qeyd etmək lazımdır ki, Murtuz müəllimin əsərlərinin böyük əksəriyyəti Azərbaycan dilində çap olunmuş və onlardan milli kadrların hazırlanmasında istifadə olunması nəzərdə tutulmuşdu. Bu bir tərəfdən doğma dildə hüquq kadrları üçün elmi ədəbiyyata olan tələbatın ödənilməsi məqsədi güdsə də, digər tərəfdən Murtuz müəllimin milli təəssübkeşliyinin, xalqına bağlı bir insan olmasının təzahürü idi.
M.N.Ələsgərov 1968-ci ildə "Sovet İttifaqının gənc müstəqil Asiya və Afrika dövlətləri ilə beynəlxalq hüquqi əlaqələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsini, 1969-cu ildə isə professor elmi adını almışdır. Məhz bu vaxtdan etibarən professor M.Ələsgərov həm Beynəlxalq hüquq və həm də Konstitusiya hüququ üzrə özünün elmi məktəbini yaratmağa başlamışdır. O, Beynəlxalq hüquq və Konstitusiya hüququ ixtisaslaşması üzrə həm Azərbaycan və həm də bir çox xarici ölkələrdən olan çoxsaylı aspirant və dissertantlara elmi rəhbərlik etmiş, hüquq elmləri doktorları yetişdirmişdir.
Professor M.Ələsgərovun rəhbərliyi altında 50-yə yaxın tədqiqatçı Beynəlxalq hüquq və Konstitusiya hüququ ixtisasları üzrə dissertasiyalar müdafiə etmiş və elmlər namizədi (hüquq üzrə fəlsəfə doktoru) elmi dərəcəsi almışdır. Murtuz müəllim qeyd olunan ixtisaslar üzrə 3 hüquq elmlər doktorunun yetişdirilməsində də elmi məsləhətçi olmuşdur.
Professor M.Ələsgərov, eyni zamanda, vaxtilə Bakı Dövlət Universitetində təhsil alan bir çox xarici ölkə vətəndaşlarına elmi rəhbərlik etmiş, xüsusilə, Asiya və Afrika ölkələri üçün qiymətli kadrlar yetişdirmişdir. Onun yetişdirdiyi bu mütəxəssislərin əksəriyyəti hal-hazırda öz ölkələrinin dövlət qurumlarında və diplomatik xidmətlərində çox yüksək postlar tutur, öz universitetlərində elmi fəaliyyətlə məşğul olurlar.
Universitetdə əmək fəaliyyətinə baş müəllim kimi başlayan professor M.N.Ələsgərov öz gərgin əməyi, əzmkarlığı nəticəsində dosent, professor, kafedra müdiri, 1993-1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmışdır. Görkəmli alimin bu uzunmüddətli, zəngin elmi-pedaqoji fəaliyyətini nəzərə alan Bakı Dövlət Universitetinin elmi-şurası Murtuz Ələsgərovun adının əbədiləşdirilməsi məqsədilə onun adına təqaüd təsis edilməsi ilə bağlı qərar qəbul etmişdir.
Professor M.N. Ələsgərov elmi-pedaqoji fəaliyyəti ilə yanaşı respublikamızın ictimai-siyasi həyatında da xüsusi yer tutmuşdur. Hələ sovet hakimiyyəti illərində o, televiziyada beynəlxalq məsələlər üzrə şərhçi, respublikamızda həmişə böyük maraq doğurmuş "Planetimizin mənzərəsi” və "Qitələr və hadisələr” proqramlarının yaradıcısı, "İnsan və qanun” televiziya verilişinin əsas siması olmaqla vətəndaşların hüquqi tərbiyəsinin və siyasi dünyagörüşünün formalaşmasında da yaxından iştirak etmişdir.
XX yüzilliyin 80-ci illərinin sonlarında SSR İttifaqında baş verən siyasi böhran fonunda erməni separatçılığının baş qaldırması, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanda yaşayan azərbaycanlı əhalinin öz dədə-baba yurdlarından - Azərbaycanın tarixi torpaqlarından deportasiya edilməsi, mərkəzi Sovet hakimiyyətinin baş verən hadisələrə laqeyd münasibəti, seyrçi mövqeyi, bəzi hallarda hətta dəstək verməsi Azərbaycanda milli azadlıq hərəkatının dirçəlməsinə, sovet hakimiyyətinə qarşı etiraz dalğasının alovlanmasına, insanların azadlıq, müstəqillik uğrunda meydanlara axışmasına gətirib çıxardı. Həmin dövrdə mübarizə əzmində olan insan selinin əsl ziyalı sözünə, ağsaqqal məsləhətinə, ictimai-siyasi xadimlərin yol göstərməsinə böyük ehtiyacı var idi. Belə gərgin bir tarixi şəraitdə Murtuz müəllim baş verən vandalizm aktlarına, haqsızlıqlara biganə qalmamışdı. O, milli azadlıq hərəkatının ön sıralarında idi. Bura onu vətən sevgisi, milli təəssübkeşlik, azadlıq və müstəqillik arzusu gətirmişdi. O, çoxsaylı insan kütləsi qarşısında çıxışlar edir, Azərbaycana qarşı aparılan siyasətin, atılan addımların haqq-ədalətə, hüquqa zidd olduğunu qeyd edir, bu hərəkətlərin beynəlxalq hüququn prinsipləri ilə bir araya sığmadığını sübut edirdi. Murtuz müəllimin peşəkar hüquqşünas kimi gətirdiyi arqumentlər, vətənini sevən bir ziyalı kimi məntiqli çıxışları, prinsipial, barışmaz mövqeyi insanların azadlıq amalını daha da alovlandırır, onların azadlıq mübarizəsinə təsirsiz ötüşmürdü. Bu dövrdə Murtuz müəllim 1990-cı ilin payızında yaradılan və əsas məqsədini Naxçıvana və sərhədyanı rayonlara yardım etməkdən ibarət olan "Əlincə” Xeyriyyə Cəmiyyəti İdarə heyətinin üzvü, Cəmiyyətin Ağsaqqallar Şurasının sədri idi. O, Cəmiyyətin fəaliyyətində yaxından iştirak edir, ağsaqqal məsləhəti ilə cəmiyyət üzvlərinin mübarizə əzminin artmasına, doğru, düzgün qərarların qəbul olunmasına öz köməyini göstərirdi. "Əlincə” Xeyriyyə Cəmiyyətinin mətbu orqanı olan "Səs” qəzetində mütəmadi çıxışları ilə Murtuz müəllim Azərbaycanda gedən ictimai-siyasi hadisələrə yüksək peşəkarlıqla şərh verir, həmin dövrdəki Azərbaycan hakimiyyətinin səriştəsiz fəaliyyətini kəskin tənqid edirdi.
Məlum olduğu kimi, 1991-ci ilin yayında Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi geniş vüsət aldı. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Bəyannamə qəbul etdi ki, bu bəyannaməni xalqımızın öz azadlığı uğrunda mübarizəsinin növbəti qələbəsi hesab etmək olardı. Həmin bəyannaməyə müvafiq olaraq Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etdi. M.Ələsgərov "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının müəlliflərindən biri olmuşdur.
Lakin müstəqilliyin ilk illərində hakimiyyətdə olan səriştəsiz siyasi qüvvələr Konstitusiya Aktının müddəalarını həyata keçirə bilmədi. Hakimiyyət uğrunda gedən çəkişmələr, bir-birini əvəz edən A.Mütəllibov və AXC-Müsavat cütlüyünün dövləti idarə edə bilməməsi, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalının davam etməsi, daxildə milli separatizmin baş qaldırması Azərbaycanın ictimai-siyasi həyatında acınacaqlı vəziyyətin yaranmasına və Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin artmasına gətirib çıxartdı. Bütün bunlar nəticə etibarilə Azərbaycanın parçalanmasına və dövlət müstəqilliyinin məhvinə aparırdı. Belə bir tarixi vəziyyətdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyası təsis edildi və ulu öndər Heydər Əliyev onun sədri seçildi. Milli azadlıq hərəkatının öncüllərindən sayılan, dövlət müstəqilliyinin əldə olunmasında xidmətlər göstərən, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının həmmüəlliflərindən olan M.Ələsgərov Yeni Azərbaycan Partiyasının yaradılmasında yaxından iştirak etmiş, Heydər Əliyevin rəhbərliyi altında partiyanın nizamnaməsinin hazırlanmasında öz əməyini əsirgəməmişdir. Yeni Azərbaycan Partiyasının təsis edilməsi və formalaşmasında fəal iştirak edən Murtuz müəllim ömrünün sonunadək partiyanın sədr müavini vəzifəsini daşımışdır. Heydər Əliyev onunla çiyin-çiyinə mübarizə aparan, Yeni Azərbaycan Partiyasının qurulmasında yaxından iştirak edən siyasi məsləkdaşlarının sədaqətinə, peşəkarlığına, mübarizliyinə, siyasi hazırlıq səviyyəsinə, qətiyyətinə güvənərək Azərbaycanda demokratik hüquqi dövləti yaratdı. Heydər Əliyevin güvəndiyi şəxsiyyətlərdən biri də Yeni Azərbaycan Partiyasının sədr müavini vəzifəsini ləyaqətlə, məsuliyyət və sədaqətlə icra edən görkəmli ictimai-siyasi xadim Murtuz Ələsgərov idi. Ümummilli lider Heydər Əliyev Murtuz müəllimin adını partiyanın veteranları sırasında çəkərək onu partiyanın ideya və əqidəsinə sadiq, dönməz əsgəri adlandırmışdır. Ulu öndərin Murtuz müəllimə verdiyi bu dəyər məqalənin əvvəlində xüsusi qeyd etdiyim "Murtuz müəllim əsl əqidə insanı idi” fikrinin sübutudur.
AXC hakimiyyəti dövründə Azərbaycanın beynəlxalq aləmdən təcrid olunması, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin davam etməsi, ölkə daxilində hakimiyyət uğrunda çəkişmələr gündən-günə siyasi böhranın dərinləşməsinə aparır, Azərbaycanın dövlət müstəqilliyini itirmək təhlükəsi daha da artırdı. Belə bir tarixi şəraitdə Azərbaycan ziyalıları başda olmaqla xalq Azərbaycanı bu böhranlı vəziyyətdən xilas etmək üçün ulu öndər Heydər Əliyevə çağırışlar etməyə başladı. 1992-ci il oktyabrın 16-da ölkənin müxtəlif peşə sahibi olan 91 nəfər tanınmış ziyalısının Heydər Əliyevə müraciəti "Səs” qəzetində çap olundu. Murtuz müəllimin imzası bu siyahıda ön sıralarda yer almışdı. Dəfələrlə Naxçıvana Heydər Əliyevlə görüşə, məsləhətləşməyə, fikir mübadiləsi aparmağa gedən Murtuz müəllim bu dahi şəxsiyyətin yaxın silahdaşına, dostuna çevrilmişdi. Murtuz müəllim bütün varlığı ilə inanırdı ki, Azərbaycanı mövcud siyasi böhrandan məhz Heydər Əliyev çıxara bilər, Azərbaycan öz müstəqilliyini məhz onun sayəsində qoruya bilər. "Səs” qəzeti 24 oktyabr 1992-ci ildə ulu öndərin həmin müraciətə cavabını dərc etdi. Bu andan başlayaraq 1993-cü ilin iyununa qədər 91-lər, bütövlükdə isə Heydər Əliyev və onun tərəfdarlarına qarşı təzyiqlər, təhqirlər, fiziki zorakılıqlar daha da güclənməyə başladı. AXC hakimiyyətində olan siyasi cəhətdən səriştəsiz, insani duyğusu kasad, qisasçı düşüncəyə malik rəhbərlərin göstərişinə əsasən professor Murtuz Ələsgərova qarşı fiziki zorakılıq törədildi, ona ağır bədən xəsarətləri yetirildi. Lakin bu hal uzun müddət xəstəxana çarpayısında müalicə alan Murtuz müəllimi qorxutmadı, onun mübarizə əzmini qırmadı, əksinə, onu əqidəsi uğrunda daha inadlı mübarizəyə sövq etdi.
Nəhayət, 1993-cü ilin iyun ayında siyasi hakimiyyətə gələn Heydər Əliyev öz dühası ilə ölkədə mövcud olan siyasi böhran vəziyyətinin stabilləşdirilməsinə, baş qaldıran separatçılığın aradan qaldırılmasına, parçalanmış hərbi qüvvələrin vahid komandanlıq altında Azərbaycan Ordusunda birləşdirilməsinə, Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər hazırlayan cinayətkarların cəmiyyətdən təcrid edilməsinə nail oldu.
Artıq hüquqi, sosial-iqtisadi islahatların həyata keçirilməsi üçün lazımi şərait formalaşdırılmışdı. Müasir dövrün tələblərinə cavab verən, hüquqi demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğunu təmin edən bir Konstitusiyanın qəbuluna ciddi zərurət yaranmışdı. Murtuz müəllim Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsinin hazırlanması üçün 1995-ci il may ayının 2-də ulu öndər, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə yaradılan Konstitusiya Komissiyasının üzvü olmuş və peşəkar hüquqşünas, Konstitusiya hüququ sahəsinin professional bilicisi kimi Konstitusiya layihəsinin hazırlanmasında yaxından iştirak etmişdir. Heç də təsadüfi deyil ki, hüquqi problemlərin həllində, mürəkkəb hüquqi konstruksiyaların izahında Prezident Heydər Əliyev həmişə professor Murtuz Ələsgərovun rəyinə xüsusi önəm verirdi.
Bakı Dövlət Universitetinin rektoru olan, Azərbaycanın ictimai-siyasi həyatında fəal ziyalı mövqeyinə malik professor Murtuz Nəcəf oğlu Ələsgərov 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçildi. Konstitusiya hüququ sahəsinin bilicisi, güclü dövlətçilik məfkurəsi olan Murtuz Ələsgərov parlamentin qanunvericilik fəaliyyətinin həyata keçirilməsində yaxından iştirak edirdi. Murtuz Ələsgərov 1996-cı il oktyabrın 16-da Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçildi. O, 2005-ci il dekabrın 2-dək Milli Məclisin Sədri vəzifəsində çalışdı. 2005-ci ildə isə yenidən III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçildi. Parlamentin deputatı və Milli Məclisin Sədri kimi respublikamızda parlamentarizm ənənələrinin inkişafına, Azərbaycan dövlətinin hüquqi bazasının daha möhkəm təməllər üzərində qurulmasına, qanunvericilik sisteminin konstitusion prinsiplər əsasında təkmilləşdirilməsinə sanballı töhfələr verdi. Onun sədr olduğu dövrdə - I çağırış ərzində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 797, II çağırışda 843 qanun, yüzlərlə qərar müzakirə edilərək qəbul olunmuşdur. Murtuz Ələsgərovun hüquqi dövlət quruculuğu sahəsində, respublikamızda məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində böyük xidmətləri olmuş, çoxsaylı qanunvericilik aktlarının hazırlanmasında və qəbul edilməsində bilavasitə iştirak etmişdir.
Professor M.N.Ələsgərov səmərəli ictimai-siyasi fəaliyyətinə görə "İstiqlal” ordeni, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, Müstəqil Dövlətlər Birliyinin "Sodrujestvo” ordeni, Rusiya Federasiyasının "Dostluq” ordeni, digər yüksək ad və mükafatlarla təltif edilmişdir.
Bir xoş təsadüfi də vurğulamaq istəyirəm ki, bu günlər 90 illiyini qeyd etdiyimiz Murtuz müəllimin bir vaxtlar sədr olduğu parlamentin 100 yaşını qeyd edirik. Murtuz müəllimin xatirəsi onun vaxtilə üzvü olduğu parlamentdə bu gün də əziz tutulur. 90 illiyiniz mübarək! Ruhunuz şad olsun, əziz və unudulmaz müəllimim!

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video