20 Sentyabr 2018 00:20
969
SİYASƏT
A- A+

İlham Əliyev növbəti paradı Ağdamda, Xankəndidə keçirəcək


Azərbaycan gəncləri Ali Baş Komandanın döyüş tapşırığını qələbə ilə yekunlaşdırmağa tam hazırdır


Sentyabrın 15-də dünya bir daha Azərbaycan və Türkiyənin, iki qardaş ölkənin sarsılmaz birliyinə şahidlik etdi. Bakının erməni, bolşevik birləşmələrindən azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi parad qardaşlığın, sədaqətin rəmzinə çevrilən zəfər bayramı, şanlı tariximizin ən şərəfli səhifəsi kimi yaddaşlara yazıldı.
Prezident İlham Əliyevin söylədiyi kimi, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın, bu qədər arxa-dayaq olsun. Hər bir azərbaycanlıda fəxarət hissi oyadan bu paradda bir daha bəlli oldu ki, 100 il əvvəl Azərbaycanla Türkiyənin münasibətləri necə idisə, indi də və daha yüksək səviyyədə inkişaf edir.
Bu gün müstəqil və tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan dövləti türk, islam dünyasında özünəməxsus yer tutur. Son 15 ildə Azərbaycan dünyanın heç bir ölkəsinə müyəssər olmayan sürətli inkişaf yolu keçib. Təkcə bir fakta nəzər yetirək. Azərbaycan 15 il öncə 1,8 milyard dollar valyuta ehtiyatına sahib idisə, bu gün həmin rəqəm 24 dəfə artaraq 44,3 milyard dollara yüksəlib. Ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə yatırılıb. Azərbaycan artıq özünü təmin edən, milli köklərə əsaslanan, eyni zamanda, dünya birliyinin etibarlı və layiqli üzvü olan dövlətdir. Beynəlxalq münasibətlərin dəyişdiyi, qloballaşan dünyada yeni məsələlərin, yeni çağırışların ortaya çıxdığı bir zamanda Azərbaycanda həyata keçirilən siyasi və iqtisadi islahatlar uğurlu nəticələr verir.
Cənab İlham Əliyevin hərbi paradda səsləndirdiyi bəzi fikirlər dost və düşmənlərə, eləcə də dünya ictimaiyyətinə bir mesaj oldu. Dünya şahidlik etdi ki, Azərbaycan işğal altında olan torpaqlarını geri ala bilmək üçün real imkanlara malikdir. Bunun üçün Azərbaycanın regionda böyük hərbi gücü, siyasi iradəsi və Türkiyə kimi strateji müttəfiqi var.
Hərbi parad, sözün əsl mənasında, işğalçı Ermənistanda yenə qorxu hissi yaratdı. Ermənistan rəhbərliyi bir daha əmin oldu ki, Azərbaycanın Baş Sərkərdəsinin müzəffər ordusu istədiyi zaman işğal altındakı torpaqlarımızı azad etmək gücündədir.
Birgə hərbi parad həmçinin ermənilərin 11-14 sentyabrda Dağlıq Qarabağda keçirdikləri hərbi təlimə çox yaxşı bir cavab idi. Ermənilər bir daha Azərbaycan Silahlı Qüvvələrinin hansı gücə qadir olduğuna şahidlik etdilər.
Ümumiyyətlə, paradlar təşkil etmək, ordu və texnikanın nümayişi ancaq güclü dövlətlərdə rast gəlinən haldır. Bu, bir növ, həmin dövlətin ordusunun potensialını göstərir. Biz bu paradla Azərbaycan Silahlı Qüvvələrinin yüksək potensialını gördük və ordumuzun gücünə inamımız daha da artdı.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kəskin və ibrətamiz fikirləri də Ermənistana bir xəbərdarlıq idi. Çünki cənab Ərdoğan birmənalı şəkildə bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməyincə, Dağlıq Qarabağ problemi ədalətli həll edilməyincə, Türkiyənin Ermənistanla sərhədləri açılmayacaq.
Bu gün Türkiyə ilə Azərbaycanın birgə səyləri nəticəsində həyata keçirilən meqalayihələr regionda sabitliyə, təhlükəsizliyə xidmət edir. Bu ilin mayında "Cənub qaz dəhlizi”nin rəsmi açılışı, iyun ayında TANAP-ın istifadəyə verilməsi, 2020-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan TAP, həmçinin ötən ilin oktyabrında istifadəyə verilən, əhəmiyyətinə görə heç də enerji layihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu regionun təhlükəsizliyinin, sabitliyinin əsas təminatçısına çevrilən, geniş tranzit imkanlarına malik olan Türkiyə-Azərbaycan birliyinin fonunda reallaşan, həm region, həm də dünya dövlətlərinin iqtisadi inkişafına geniş yol açan layihələrin davamlılığından xəbər verir.
Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi qeyri-mümkündür. Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yerini və rolunu möhkəmləndirir. Davamlı uğurlar regional və beynəlxalq əməkdaşlıqda yeni-yeni nailiyyətlərin qazanılması üçün əlverişli zəmin yaradır. Dövlət başçısının qeyd etdiyi kimi, uğurlarımız Azərbaycanın gələcəyinin parlaq olacağı barədə aydın təsəvvür yaradır.
Paraddan bir gün sonra Azərbaycan Prezidentinin oğlu Heydər Əliyevin şərəfli hərbi xidmətə başlaması, Baş Sərkərdənin övladının ordunun ön sırasında addımlaması, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin bəzi birləşmələrinin genişmiqyaslı hərbi təlimlər keçməsi hər kəsin qəlbində fəxarət hissi oyatdı və orduya inamı bir qədər də artırdı.
Lakin işğalçı Ermənistanda hakimiyyətə gələndən siyasətçiyə deyil, daha çox artistə oxşayan baş nazir Nikol Paşinyan öz "ənənəsinə” yenə də sadiq qalaraq bu məsələyə kölgə salmağa çalışdı. İndiyədək normal siyasi fikir səsləndirməyən baş nazirin verdiyi cəfəng bəyanatları, əlbəttə ki, şou yaratmaq ssenarisinin tərkib hissəsi hesab etmək olar. Əslində isə bu şəxs özü-özünü ifşa etməklə məşğuldur.
Bir müddət öncə guya oğlunu hərbi xidmətə göndərdiyini nümayiş etdirərək şou yaradan Paşinyanın yalanının üstü açıldı və bəlli oldu ki, sən demə, kiçik Paşinyan heç "hərbi xidmət” də çəkmir. Sadəcə olaraq, kefdə-damaqda, qumar oynamaqdadır. Lakin Azərbaycanın Ali Baş Komandanının övladı xüsusi təyinatlı bölmədə xidmət edir.
Bu gün Ermənistan əhalisi də hesab edir ki, hakimiyyətə küçədən gələn bir adam gündəmdə qalmaq üçün müxtəlif yollara əl ataraq ictimaiyyət arasında "hörmət” qazanmağa çalışır. Ancaq proseslər göstərir ki, yalanlarla, boş-boş bəyanatlarla Paşinyan ictimaiyyət arasında artıq nüfuzdan düşməkdədir.
Açıq-aydın görünür ki, Ermənistanın baş naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində aparılan danışıqları pozmaq, aranı qarışdırmaqla prosesin uzanmasında maraqlıdır. Bu da əlbəttə ki, Ermənistanın regionda düşdüyü acınacaqlı vəziyyətdən xilasını deyil, daha da uçuruma yuvarlanmasını şərtləndirir.
Bir sözlə, Paşinyan cəfəng bəyanatlarla hakimiyyətdə qalmaq barədə düşündüyü halda Azərbaycan iqtisadi və hərbi gücünü artırmaqla daha da qüdrətli dövlətə çevrilir. Artıq sübut olunub ki, Azərbaycan yenilməz orduya sahibdir və yüksək hazırlıqlı vətənpərvər gənclərimiz, cəsarətli əsgərlərimiz vətəninə, Ali Baş Komandanına daim sadiqdirlər.
Həm hərbi parad, həm də Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimləri hər bir azərbaycanlıda böyük ruh yüksəkliyi yaradıb. Hər kəs əmindir ki, İlham Əliyev tezliklə Xankəndidə, Şuşada hərbi parad keçirəcək.

Amil CAVADOV,
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin Şura üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video