20 Sentyabr 2018 00:15
1121
Mədəniyyət
A- A+

Dünya şöhrətli azərbaycanlı arxeoloq


Yarım əsrdən çoxdur ki, Avrasiya məkanında təcrübəli və nüfuzlu arxeoloq alim kimi tanınan Rauf Məhəmməd oğlu Munçayev 1928-ci ildə Zaqatala şəhərində dünyaya göz açıb. Uşaqlıq və yeniyetməlik illərini də orada keçirib.1945-ci ildə Zaqatala şəhər orta məktəbini bitirdikdən sonra ali təhsil almaq məqsədi ilə Mahaçqalaya yollanıb. Mahaçqala Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirdikdən sonra arxeologiya ixtisası üzrə SSRİ EA Arxeologiya İnstitutunun aspiranturasına qəbul olunub. Aspiranturada təhsil aldığı dövrdə o, işgüzarlığı və çalışqanlığı sayəsində dünya şöhrətli alim, əvəzsiz elm təşkilatçısı, Qafqaz arxeologiyasının, tarixinin və etnoqrafiyasının inkişafında böyük xidmətləri olan, Lenin mükafatı laureatı Yevgeni İqnatyeviç Krupnovun doğmasına, əzizinə çevrilib. Aspirantura illərində SSRİ Arxeologiya İnstitutunun və Moskva Dövlət Universitetinin elmi heyəti ilə sıx təmasda olan Rauf Munçayev müxtəlif ekspedisiyaların apardığı arxeoloji qazıntılarda iştirak edib.
Onun namizədlik dissertasiyası o dövr üçün çox mühüm və problemli bir mövzuya həsr olunmuşdu. Arxeoloji tədqiqatların və elmi ədəbiyyatın demək olar ki, yox dərəcəsində olduğu bir vaxtda "Dağıstan tarixində Mis və Tunc dövrü (e.ə. III-II minilliklər)” kimi aktual bir mövzunu işləmək yüksək peşəkarlıq, dərin elmi bilik və cəsarət tələb edirdi. Bütün bu xüsusiyyətləri özündə cəmləşdirən R.Munçayev 1953-cü ildə müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edib. Hansı ki,onun bu tədqiqatında Dağıstanla yanaşı, Azərbaycanın həmdövr abidələrinə də geniş yer verilib. Yəni, həm Dağıstan, həm də Azərbaycan ərazisində qeydə alınan arxeoloji mədəniyyətlərin eyni kökdən qaynaqlandığı və oxşarlığı araşdırılıb. Gənc alim elə həmin il SSRİ EA Tarix, Dil və Ədəbiyyat İnstitutunun Dağıstan filialında arxeoloq kimi fəaliyyətə başlayıb və Dağıstanın dağlıq ərazilərini öyrənən arxeoloqlara rəhbərlik edib. İki il ərzində Daş dövrünə aid Çox abidəsində, Tunc dövrünə aid Vəlikənd yaşayış yerində və Qarabudax kənd nekropolunda tədqiqat aparıb. 1955-ci ildə SSRİ EA Arxeologiya İnstitutunun ştatına keçməklə, institutun Şimali Qafqaz ekspedisiyasına rəis müavini təyin olunub. Xatırladaq ki, o vaxt Şimali Qafqaz arxeoloji ekspedisiyası təkcə Dağıstanda deyil, həm də Çeçen-İnquşetiya Muxtar Respublikasının ərazisində və Stavropol vilayətində arxeoloji qazıntı işləri aparırdı. Vəlikənd, Luqovo, Serjen-Yurt yaşayış yerlərinin, Bamut və Açı-Kulak kurqanlarının tədqiqi Şimali Qafqazın qədim tarixinin öyrənilməsində mühüm addım idi. Nəhayət, Şimali Qafqaz abidələrində aparmış olduğu genişmiqyaslı arxeoloji tədqiqatların nəticələri onun 1971-ci ildə SSRİ EA Arxeologiya İnstitutunun Elmi Şurasında müdafiə etdiyi "Qafqaz Eneolit və Tunc dövründə” doktorluq dissertasiyasında öz əksini tapdı.
Maykop və Kür-Araz mədəniyyətlərinin öyrənilməsində həlledici elmi nailiyyətləri olan R.Munçayev öz araşdırmalarında Azərbaycan arxeoloqlarının bu istiqamətdəki tədqiqatlarına da yüksək qiymət vermiş və onları da özünün Yaxın Şərqdə apardığı arxeoloji qazıntılara dəvət etmişdir. Xatırladaq ki, məhz professor R.Munçayev Kür-Araz arxeoloji mədəniyyətinin ilkin olaraq Kür-Araz çayları arasında formalaşdığı, oradan isə Şimali Qafqaza və Yaxın Şərq ölkələrinə yayıldığına dair ideyanın əsas müəlliflərindəndir.
Alimlər çox haqlı olaraq hesab edirlər ki, Qafqazın tarixi və mədəniyyətini qonşu regionlardan ayrılıqda öyrənmək mümkün deyil. Görünür, elə bu səbəbdən də 1969-cu ildən etibarən R.Munçayevin elmi tədqiqat dairəsinə Yaxın Şərq ölkələri də daxil olur. O vaxtdan başlayaraq Sovet-İraq birgə arxeoloji ekspedisiyasına rəhbərlik edir. Hansı ki, həmin ekspedisiya 17 illik fəaliyyəti dövründə Yaxın Şərq arxeologiyasının inkişafı istiqamətində olduqca mühüm nailiyyətlər əldə edib. Bu tədqiqatlar nəticəsində e.ə. VIII minilliyə aid 8,2 m qalınlığında mədəni təbəqəsi olan Tell Maqzaliya yaşayış yeri öyrənilib, gil qablardan istifadə olunmadığı bir dövrdə təsərrüfatın əsas xüsusiyyətlərinə, heyvanların əhilləşdirilməsinə və mədəni bitkilərin yarandığına dair çox mühüm məsələlərə aydınlıq gətirilib. Xatırladaq ki, 1970-1980-ci illərdə Sovet-İraq birgə ekspedisiyasının nailiyyətləri dünya arxeologiya elminin inkişafı üçün olduqca mühüm əhəmiyyət kəsb edirdi. Mesopotamiyanın Xassun, Xələf və Übeyd mədəniyyətlərinə aid abidələrin çox ciddi elmi tədqiqi miqyasına, metodiki səviyyəsinə və əldə edilən nəticələrin əhəmiyyətinə görə nəinki Yaxın Şərq arxeologiyasının, eləcə də dünya arxeologiyasının bir çox problem məsələlərinin həllində sözün əsl mənasında, dayaq nöqtəsi olmuşdur. Sevindirici haldır ki, professor R.Munçayevin Mesopotamiyanın arxeoloji tədqiqinə həsr olunmuş elmi əsərləri təkcə Rusiyada deyil, İngiltərədə, ABŞ-da, Almaniyada, Fransada, Yaponiyada, İraqda və bir sıra başqa ölkələrdə də nəşr olunaraq geniş yayılmış və böyük elmi marağa səbəb olmuşdur.
Mesopotamiya qazıntılarının məntiqi davamı olaraq 1988-ci ildə SSRİ EA Arxeologiya İnstitutunun nəzdində professor R.Munçayevin rəhbərliyi ilə Yaxın Şərqi öyrənən daha bir ekspedisiya - Suriya arxeoloji ekspedisiyası yaradılır. Hansı ki, görkəmli arxeoloq həmyerlimizin rəhbərliyi ilə orada aparılan arxeoloji tədqiqatlar nəticəsində Suriya ərazisinin tarixinə və mədəniyyətinə dair bir çox yeni abidələr aşkara çıxarılmışdır.
Professor R.Munçayevin peşəkarlığı, dərin biliyi, dünya arxeologiya elminə gətirdiyi yeniliklər onun London, Edinburq, Paris, Berlin, Roma, Krakov, Çikaqo, Bağdad və başqa universitetlərdə etdiyi mühazirələrdə, beynəlxalq konqres və simpoziumlardakı parlaq məruzə və çıxışlarında öz əksini tapmaqla mütəxəssislər tərəfndən yüksək qiymətləndirilmişdir. Bütün bunlara görədir ki, professor R.Munçayev elmi ictimaiyyət tərəfindən həm də Yaxın Şərqin ibtidai dövr arxeologiyasının dərin bilicisi hesab olunur.
Görkəmli arxeoloq - həmyerlimiz, professor R.Munçayevlə ilk tanışlığım 1984-cü ilin soyuq dekabr günlərindən birində olub. O vaxt o, SSRİ Arxeologiya İnstitutunun direktorunun müavini idi. Mən Tarix İnstitutunun aspirantı olaraq namizədlik dissertasiyamı yenicə bitirmişdim. Bakıda arxeologiya ixtisası üzrə müdafiə şurası olmadığından Kiyevə gedərək işimi Ukrayna Arxeologiya İnstitutuna təqdim etmişdim. Onlar bir ay ərzində dissertasiyamla tanış olaraq qərar verməli idilər. Bu ərəfədə yolum Moskvaya düşdü. "Akademiya” mehmanxanasında təsadüfən Bakıda bir yerdə işlədiyim və çox yaxın münasibətdə olduğum professor Rəşid Göyüşovla rastlaşdım. Hal-əhval tutduqdan sonra dedi ki, mənimlə bir yerə gedərsən?! Soruşdum ki, haraya? O da, "Raufgilə!”. Dedim ki, ay Rəşid müəllim, axı, o məni tanımır! Rəşid müəllim haraya işarə etdiyimi duyaraq, sən narahat olma, onun Azərbaycana və azərbaycanlılara çox böyük sevgisi var. Bakıdan gələn arxeoloq və etnoqrafları həmişə öz evinə aparır.
Biz Rauf müəllimin mənzilinə daxil olanda arxeoloq Hidayət Cəfərovu da orada gördüm. O da dissertasiyasını tanış olmaq üçün Rauf müəllimə təqdim etməyə gəlmişdi.
Rəşid Göyüşov məni Rauf müəllimə belə təqdim etdi:
- Çox istedadlı oğlandır, yaxşı qələmi var. Özü də işini tamamlayaraq Kiyevə verib. Bu yaxınlarda müdafiəsi olacaq.
Rauf müəllim:
- Hansı dövrlə məşğulsan?
- Orta əsrlərlə.
- Opponentlərin kimlərdir?
- Hələ ki, müəyyən olunmayıb.
O, üzünü Rəşid müəllimə tutaraq, yaxşı olar ki, opponentlərindən birisi Moskvadan olsun, - dedi.
Bu sözlərin nəticəsi olaraq sonradan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, Rauf müəllimin çox yaxın qonşusu və dostu G.A.Fyodorov -Davudov mənə opponent oldu və işim barəsində olduqca sanballı rəy yazdı.
Professor R.Munçayevin Bakı, Moskva, Roma, Berlin, Paris, London və digər şəhərlərdə keçirilən bir sıra nüfuzlu beynəlxalq konfrans və simpoziumlarda iştirakı və çıxışları barədə çox eşitmişəm, çox oxumuşam. O, hər dəfə beynəlxalq elmi tədbirlərdəki sanballı məruzə və çıxışları ilə bizlərə sonsuz qürur və fəxarət hissi yaşatmışdır. Özü də Rauf müəllim bir qayda olaraq bu qəbilədən olan bütün elmi məclislərin rəhbər heyəti və ya fəxri qonaqları sırasında idi. Bəli, R.Munçayev təkcə MDB və Yaxın Şərq ölkələrində deyil, bütövlükdə dünya arxeologiyasında həlledici söz sahibi olan alimlərdəndir. Onun beynəlxalq elmi məclislərdə Bakıdan olan iştirakçılarla görüş və söhbətləri azərbaycanlı arxeoloqlar üçün unudulmaz xatirə olaraq hər zaman yaşamaqdadır. Mətləbdən uzaqlaşmadan onu da xüsusi vurğulamalıyam ki, R.Munçayev sözün əsl mənasında, böyük azərbaycanlıdır. SSRİ Ali Attestasiya Komissiyasında təmsil olunduğu dönəmdə Azərbaycandan olan elm adamlarının dissertasiyalarının təsdiqi istiqamətində siyasi rəhbərlik və erməni diasporu tərəfindən yaradılan maneəçilik cəhdləri dəfələrlə professor R.Munçayev tərəfindən qətiyyətlə ifşa olunub.
Rauf Munçayev uzun illərdir ki, Moskvada yaşamasına və işləməsinə baxmayaraq, daim Azərbaycanla təmasda olan, onun uğurlarına sevinən, problemli anlarda qəlbən narahatlıq keçirən, doğma respublika üçün əlindən gələni etməyə hazır bir ziyalıdır. O, Azərbaycan əleyhinə olan qüvvələrin, dairələrin, ayrı-ayrı separatçı elementlərin hərəkət və cəhdlərinə qarşı barışmaz mövqeyi ilə Moskvada, bütövlükdə Rusiyada yaşayan digər həmyerlilərə nümunə olub. Bir zamanlar SSRİ-nin, hazırda isə Rusiya Federasiyasının ən nüfuzlu tibb ocağı olan Kreml xəstəxanasında həkim işləyən həyat yoldaşı Elmira xanım da xoş sözlərə layiq bir insandır.
Professor R.Munçayevin SSRİ və Rusiya arxeologiya elminin inkişafında xüsusilə müstəsna xidmətləri olub. Təkcə belə bir faktı qeyd edək ki, o, 23 il ərzində SSRİ Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini olub. Uzun illər ərzində həmin instituta rəhbərlik etmiş dünyaca məşhur arxeoloq, Sosialist Əməyi Qəhrəmanı, akademik B.A.Rıbakovun vəfatından sonra isə 18 il ərzində Rusiya Arxeologiya İnstitutunun direktoru olub.
Rusiya və eləcə də dünya arxeologiyasının tanınmış simalarından olan professor R.Munçayevin elmi fəaliyyəti dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, elm və texnika sahəsində Dövlət mükafatı laureatı, "Dağıstanın əməkdar elm xadimi” və "Rusiya Federasiyasının əməkdar elm xadimi” kimi fəxri adlara layiq görülmüşdür. Professor R.M.Munçayev Rusiya Prezidenti tərəfindən "Şərəf” və "Xalqlar dostluğu” ordenləri ilə təltif olunub. O, uzun illərdir ki, tarixçi və arxeoloqları birləşdirən bir sıra beynəlxalq təşkilatların fəxri üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru, nüfuzlu elmi nəşrlər olan "World Archeology”, "Russkaya arxeologiya” və "Vestnik drevney istorii” jurnallarının redaksiya heyətinin üzvüdür.
Arxeologiya sahəsində 300-ə yaxın elmi işin müəllifi olan professor Rauf Munçayevin gənc arxeoloq kadrların yetişməsində də böyük əməyi olmuşdur. Onun yetirmələri bu gün MDB, Avropa, Yaxın Şərq və Orta Asiya ölkələrində müxtəlif elmi tədqiqat institutları və universitetlərdə ləyaqətlə çalışır və öz müəllimləri ilə fəxr edirlər.
Professor R.M.Munçayev tez-tez olmasa da, ən azı, beynəlxalq elmi məclislərin keçirilməsi zamanı Azərbaycana gəlir. Sonuncu dəfə onunla görkəmli Azərbaycan arxeoloqu İdeal Nərimanovun 90 illik yubileyinə həsr olunmuş elmi konfransda görüşdük. Ənənəsinə uyğun olaraq həmin konfransda da çox sanballı bir məruzəsini dinlədik. Əhvalı çox yaxşı idi. Son vaxtlar doğma Bakının belə sürətlə dəyişərək, gözəlləşərək dünyanın cəlbedici şəhərlərindən birinə çevrilməsi, burada müxtəlif səviyyəli çoxsaylı beynəlxalq tədbirlərin və qlobal sammitlərin keçirilməsi Rauf müəllimi qəlbən sevindirirdi. Ertəsi günü o, köhnə dostlar və həmkarları ilə birlikdə doğulub boya-başa çatdığı Zaqatalaya getdi, atasının, digər əzizlərinin məzarlarını ziyarət etdi. Zaqatala səfərində onu müşayiət edənlərdən biri, köhnə dostu, akademik Teymur Bünyadov deyir ki, Rauf Bakıdan Zaqatalayadək son illər salınmış abad yolları, körpüləri, gündən-günə inkişaf edən, bəzənən, gözəlləşən şəhər, rayon və kəndləri gördükcə az qalırdı ki, qanad açıb uçsun.
Sevindirici haldır ki, öz mənalı, keşməkeşli və şərəfli ömrünün 90 ilini arxada qoyan, Rusiya və Qafqaz arxeoloqlarının ağsaqqalı olan dünya şöhrətli həmyerlimiz və onun yetirmələri bəşər tarixinin elm üçün hələ də qaranlıq olan yeni-yeni səhifələrinin araşdırılması istiqamətində bu gün də əzmlə çalışırlar. Bütün bunlar isə professor R.M.Munçayevin həmvətənləri və həmkarları kimi bizləri də sevindirir. Əziz Rauf müəllim, 90 yaşınız mübarək olsun. Qoy, Ulu Tanrı hər zaman sizi də, Vətəndən çox-çox uzaqlarda daim başını uca etdiyiniz Azərbaycan xalqını da qorusun və sevindirsin!

Qafar CƏBİYEV,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video