19 Sentyabr 2018 21:49
246
SİYASƏT
A- A+

Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen

Siyasət ciddi məşğuliyyətdir və məsuliyyəti böyükdür. Lider öz təmkini, rasionallığı, siyasi uzaqgörənliyi və diplomatik peşəkarlığı ilə uğur qazana bilər. Dünya tarixində bunun gözəl nümunələri mövcuddur. Bu barədə kifayət qədər yazılıb. Bunun əks tərəfi də vardır. Bəzən hansısa bir ölkədə hakimiyyətə elə qəribə adamlar yiyələnirlər ki, onları siyasətçi adlandırmaq belə riskli olur. Nikol Paşinyan bütün kimliyi və siyasi davranışları ilə ikinci qrupa aiddir. Küçədə hay-küy salıb, Ermənistana baş nazir olan adam, qətiyyən dəyişmir. O, meydanda necə və nədən danışırdısa, hökumət iclaslarında da ondan bəhs edir. Bəzən darıxıb mitinq çağırır və oradan insanları güldürən "inqilabi fikirlərini” bir daha ərz edir. Bu bağlılıqda N.Paşinyanın son zamanlar Azərbaycan Prezidenti haqqında sayıqlamaları daha gülünc görünür. Onlara fikir verməmək olardı. Ancaq kütlə psixologiyası elədir ki, ona bəzi məqamları anlatmasan, yalana uya bilər. Bunları nəzərə alaraq, N.Paşinyanın siyasi kimliyi və bivec liderliyinin üzərində bir qədər geniş dayanmağı lazım bildik.

Siyasi naşılıq: bədəlini erməni xalqı ödəyir

Ermənistanın yeni baş naziri Nikol Paşinyan növbəti dəfə siyasi səviyyəsinin primitiv olduğunu nümayiş etdirdi. O, hakimiyyətə yiyələnmək üçün küçələrdə hansı ritorikadan istifadə edirdisə, baş nazir kimi də eyni ritorikadan faydalanmağa çalışır. Küçə populizmi və bəsit siyasi "biclikləri” sevir. N.Paşinyan meydanlarda yüksək bəlağətlə vədlər verirdi, onun təqdimatında Ermənistan qısa müddətdə "böyük uğurlar” əldə etməyə qadir dövlət kimi göstərilirdi. Ancaq artıq 100 gündən çoxdur ki, N.Paşinyan hakimiyyətdədir, Ermənistan nəinki bir addım irəli atıb, hətta daha qeyri-müəyyən vəziyyətdədir, ölkədə dərəbəylik və xaos hökm sürür, iqtisadiyyat tam iflas astanasındadır, xarici siyasətdə uğursuzluqlar bir-birini əvəz edir.

Belə bir vəziyyətdə müəyyən siyasi səviyyəsi olan hökumət başçısı mütləq səmərəli nəticələr verə bilən və konkret proqrama əsaslanan planlarını ortaya qoyardı. N.Paşinyanın gücü ona çatır ki, onun yanına ölkədəki vəziyyətlə bağlı hesabat verməyə gələnlərə desin ki, "bunlar çox dəhşətli şeylərdir, gedin başqasına danışın”. Təsəvvür edin, meydanda insanlara ağızdolusu "qəhrəmanlıqdan” dəm vuran adam hakimiyyət məsuliyyətini qətiyyən hiss etmir. Ölkənin problemlərini ona danışan rəhbər şəxslərə deyir ki, "mən pis oluram, gedin bu iyrənclikləri başqasına danışın”! Əgər bir siyasi lider dövlətin və cəmiyyətin mürəkkəb problemlərini həll etməyəcəksə, hakimiyyətə hansı məqsədlə yiyələnib?

Bu sualın cavabı aydındır. N.Paşinyan öz hərəkətləri ilə faktiki olaraq ona cavab verib. Onun başlıca məqsədi hakimiyyətdə çox qalmaq, varlanmaq və yolu üstündə olan siyasi rəqiblərini məhv etmək, bunun üçün təcrübədən çıxmış populist xətti tutmaqdır. Məsələn, N.Paşinyan meydana çıxıb deyir ki, Ermənistanda korrupsiya baş alıb gedir, onunla mübarizə aparılır, lakin elə qüvvələr var ki, ciddi maneçilik törədirlər. Dəqiq ifadə etsək, əvvəlcə problemi deyir, sonra onu həll etməyə çalışdığı təəssüratı yaradır, daha sonra isə "bədnam qüvvələrin” ona maneçilik törətdiyindən problemləri həll edə bilmədiyinə haqq qazandırmağa cəhd göstərir.

Bunların fonunda isə gah havadarlarını, gah siyasi rəqiblərini, gah da "aqressiv” Azərbaycanı ittiham edir. Bunlardan başqa N.Paşinyanın danışıqlarında fərqli məntiqə rast gəlinibmi? Gəlinməyib, gəlinməyəcək də. Budur, o, əvvəlcə oğlunu afişa edərək əsgərliyə göndərdi. Ünvan da dedi: Dağlıq Qarabağ! Bununla özünün vətənpərvər obrazını yaratmağa çalışdı. Əvvəlcə ermənilər ona inandı. Sonra isə kiçik Paşinyanın Dağlıq Qarabağ sərgüzəştləri yavaş-yavaş erməni KİV-lərində işıqlandırıldı. İndi mətbuat yazır ki, oğul Paşinyan Xankəndidə villa tutub, İrəvandan pul göndərirlər və onu qorumaq üçün ayrıca hərbi bölük veriblər. Gədə, ümumiyyətlə, sadə ermənilərin qulluq etdiyi hərbi hissəyə ayaq basmır, Azərbaycan Ordusunun atəş məsafəsinə isə qətiyyən yaxın gəlmir. Bəs, bu uşaq ora nəyə gedib?

Ermənistan mətbuatının yazdığına görə, uşaq Xankəndidə eyş-işrət içindədir. Vaxtını keçirmək üçün müxtəlif əyləncə tədbirləri təşkil edir. İrəvandan isə ona kifayət qədər pul-para göndərirlər. İndi "əsgər Paşinyan” erməni silahlı dəstələrində vaxtının nə zaman bitəcəyini gözləyir. O, tərxis günlərini sayır.

Uğursuzluğun sirri: qeyri-peşəkar, ədalətsiz, səviyyəsiz siyasətçinin macəraları

Baz nazir Nikol Paşinyan isə yenə də öz ənənəvi ampluasındadır. O, Ermənistanın bir dövlət kimi heç olduğunu dünyaya sübut etməkdədir. Son olaraq Rusiyaya etdiyi biabırçı səfərinin təəssüratlarından hələ erməni cəmiyyəti xilas olmayıb. İnsanlar bir daha əmin oldular ki, N.Paşinyanın Dağlıq Qarabağ münaqişəsini həll etməyə nə gücü var, nə hərbi imkanı yetərlidir, nə də lazımi səviyyədə diplomatiyası yoxdur. Bu səbəbdəndir ki, Ermənistan getdikcə daha qeyri-müəyyən situasiyaya düşür.

Azərbaycan isə böyük uğurlarını qazanmaqda davam edir. İlham Əliyev böyük ustalıq və uzaqgörənliklə bir-birinin ardınca səmərəli addımlar atır. İndi Azərbaycan rəhbəri ilə dünyanın bütün böyük dövlətlərinin başçıları danışıq aparmaqda və qarşılıqlı faydalı əməkdaşlıq etməkdə maraqlıdırlar. Bu barədə onlar dəfələrlə açıq fikir bildiriblər.

Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Milli Ordusunun və Bakının işğaldan azad edilməsinin yubileyləri göstərdi ki, ölkədə çox güclü ordu formalaşdırılıb. Bütün hərbi sahələr üzrə peşəkar kadrlar və müasir silahlar vardır. Nümayiş etdirilən silahlar (onlar mövcud olanların yalnız kiçik bir hissəsidir) Ermənistana açıqca sübut etdi ki, ondan qat-qat güclü Azərbaycan Ordusu vardır!

Bütün bunları sadə ermənilər də görürlər. N.Paşinyan isə çox arzuolunmaz psixoloji vəziyyətə düşür və özünə haqq qazandırmaq üçün yeni yollar axtarır. Onun yolu qarayaxma, şər-böhtan və iftiradır. Budur, növbəti dəfə Azərbaycan Prezidentinə qarşı iftira kampaniyasına start verib. O, İlham Əliyevin oğlunun ön cəbhədə qulluq etməli olduğunu deyir. Bunun fonunda isə Azərbaycan dövlət başçısına böhtanlar atır. Reallıq isə tamamilə fərqlidir.

Biz televiziya kadrlarından gördük ki, Azərbaycan Prezidentinin oğlu çox yüksək hərbi intizama malik hissədə qulluq etməyə başlayıb. Onun andiçmə mərasimini bütün dünya izlədi. Uca boylu və fiziki cəhətdən hazırlıqlı igidlər səf-səf düzülüb, öz Vətən borcunu yerinə yetirməyə and içdilər. Onların sırasında Prezident İlham Əliyevin oğlu Heydər Əliyev də vardı. Heydər Əliyevin duruşu, hərbi cərgədə addımları, əsgər kimi baş verənlərə reaksiyası göstərdi ki, yüksək səviyyəli hərbi hazırlıq keçir və çox gözəl də onu mənimsəyir. Yəni, əyani surətdə göründü ki, Azərbaycan Prezidenti oğlunu ən çətin hərbi xidmət sahəsinə göndərib və onun bir əsgər kimi tam hazırlıqlı olacağına qətiyyən şübhə yoxdur.

Andiçmə mərasimində Azərbaycan Prezidenti və ölkənin birinci xanımı böyük səmimiyyətlə digər əsgər valideynləri ilə söhbət etdi, birgə şəkil çəkdirdilər. Bunlar onu göstərdi ki, xalq öz Prezidentini çox sevir və ona böyük hörmətlə yanaşır. Prezident və ailəsi də xalqa çox yaxındır, onunla birgədir, xalq və dövlət üçün çalışırlar. Əsgər Heydər Əliyev isə sadə və zəhmətkeş gənc kimi cəmiyyətdə çoxdandır tanınır.

Bununla N.Paşinyan bu raundu da böyük hesabla uduzdu. Onun yalançılığı və böhtançılığı məğlubiyyəti üçün zəmin hazırladı. Təbii ki, bir insan kimi N.Paşinyan kimsənin vecinə deyil. Ancaq onun hər çətin vəziyyətə düşəndə Azərbaycan rəhbərliyinə qarşı iftira uydurmağa çalışması da qəbul edilən deyil. Bu, nə siyasi etiketə sığır, nə də reallığı əks etdirir. Buna görə də N.Paşinyanın siyasi hakimiyyətinin iflası qaçılmazdır. Bu barədə artıq Ermənistan KİV-lərində yazılar dərc olunur. Ermənilər də N.Paşinyanın "siyasi şoumenliyini” indi yaxşı dərk edirlər.

Baş nazir kimi Azərbaycana "hədə-qorxu” gəlməyə çalışan həmin zavallı, dərhal həyat yoldaşını Dağlıq Qarabağa göndərib və oradan Azərbaycan qadınlarına müraciət göndərtdirib ki, müharibəyə imkan verməsinlər. Necə deyərlər, bir tərəfdən "hürür” ki, qorxutsun, o biri tərəfdən isə "quyruq bulayır” ki, qorxduğunu da görsünlər.

Əlbəttə, ciddi siyasət və peşəkar siyasətçilər bu cür bəsit davranışlara diqqət yetirməzlər, ona maraq göstərməzlər. Azərbaycan Prezidenti İlham Əliyev özünün ciddi və peşəkar fəaliyyəti ilə bütün dünyada tanınıb. O, konkret siyasi liderliyi ilə bütün böhtanlara tutarlı cavab verir. İlham Əliyev kifayət qədər böyük təmkinlə Azərbaycanın milli və müstəqil dövlət quruculuğu prosesini reallaşdırır. Dövlət başçısı ulu öndər Heydər Əliyevin siyasi tərbiyəsini alıb və ona uyğun da davranır. İlham Əliyev heç zaman öz şəxsi işlərini dövlət işlərinə qarışdırmayıb. Ancaq bütün Azərbaycan xalqı öz Prezidentini daim müdafiə edib və edəcəkdir. Prezidentin şərəfi həmişə çox ciddiliklə qorunub və qorunacaqdır.

Nikol Paşinyana gəldikdə isə... Bizcə, o, ümumiyyətlə, hazırkı erməni cəmiyyətinin və xalqının ən böyük problemidir. Onu da, ilk növbədə, erməni xalqı özü həll etməlidir.

Newtimes.az


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video