19 Sentyabr 2018 17:31
292
SİYASƏT
A- A+

Van İ: Dövlət başçıları arasında əldə edilmiş razılaşmalar Azərbaycan-Çin münasibətlərinin inkişafının əsasını təşkil edir


Çin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycanın Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 19-da çinli həmkarı Van İ ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Çinin Tiencin şəhərində keçirilən Dünya İqtisadi Forumunun illik Asiya sammitində iştirakına görə Elmar Məmmədyarova təşəkkür edən Van İ azərbaycanlı həmkarı ilə yenidən görüşməsindən məmnunluğunu bildirib.

Çinli nazir Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın sürətlə inkişaf etdiyini və bu gün dünyada ciddi nüfuzu ilə seçilən bir dövlətə çevrildiyini bildirib. Ölkəsinin Azərbaycanla münasibətlərinin hərtərəfli inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. O, Çin-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib və bu münasibətləri qarşılıqlı etimada əsaslanan dostluq və tərəfdaşlıq əlaqələri kimi xarakterizə edib.

Çin xarici siyasət idarəsinin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyev və Çinin Sədri Si Cinpin arasında əldə olunmuş razılaşmaların ikitərəfli münasibətlərin inkişafının əsasını təşkil etdiyini bildirib.

Van İ Çinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişmədiyini, bu mövqenin dövlət başçıları səviyyəsində imzalanmış sənədlərdə də əks olunduğunu vurğulayıb.

Qeyd edək ki, 2015-ci il dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında Pekində imzalanmış "Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə”də Çin Xalq Respublikasının Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığı, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq həllinə tərəfdar olduğu qeyd edilib.

Xarici işlər naziri Van İ Çin dövlət başçısı Si Cinpinin irəli sürdüyü "Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən birinin Azərbaycan olduğunu xatırladaraq, ölkəsinin Azərbaycanın bu dəstəyini yüksək qiymətləndirdiyini deyib. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Azərbaycanın "Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçməsinə töhfəsi kimi dəyərləndirən Çin rəsmisi ölkəsinin bu təşəbbüsün reallaşması istiqamətində Azərbaycan ilə əməkdaşlıq edəcəyini diqqətə çatdırıb.

Çinə yenidən səfər etməkdən və nazir Van İ ilə yenidən görüşməkdən məmnun olduğunu bildirən E.Məmmədyarov dövlət başçıları İlham Əliyev və Si Cinpin arasında əldə edilmiş razılaşmaların hər iki ölkənin xarici işlər nazirliklərinin ikitərəfli əlaqələri dərinləşdirmək üçün fəaliyyətinin yol xəritəsini müəyyənləşdirdiyini qeyd edib.

Nazir bu səfəri çərçivəsində Çindəki yüksək inkişafın davam etdiyinin şahidi olduğunu deyib və dost ölkə olaraq Çini qazandığı nailiyyətlərə görə təbrik edib.

O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində həlli ilə bağlı Çinin ədalətli mövqeyinə görə təşəkkür edib.

Çinin dövlət başçısı Si Cinpinin "Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycan-Çin münasibətlərinin genişlənməsi və dərinləşməsi üçün imkanlar yaratdığını bildirən Azərbaycan xarici siyasət idarəsinin rəhbəri bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin etdiyini bildirib, Çini Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan nəqliyyat-logistika infrastrukturlarından istifadəyə dəvət edib.

Ölkələrimiz arasında siyasi münasibətlərin iqtisadi sahədə də əməkdaşlığın genişlənməsinə təkan verdiyini diqqətə çatdıran E.Məmmədyarov Çin şirkətlərinin Azərbaycanda neft-qaz sahəsi ilə yanaşı, qeyri-neft sektorunda da fəaliyyəti üçün geniş potensialın olduğunu deyib.

Görüşdə ölkələrimizin BMT və Qoşulmama Hərəkatı da daxil olmaqla, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnuniyyət ifadə olunub. Görüşdə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında statusunun qaldırılması ilə bağlı məsələ ətrafında da fikir mübadiləsi aparılıb.

Həmçinin humanitar və mədəni sahələrdə də əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi qeyd olunub və hər iki ölkənin xalqlarını bir-birinə yaxınlaşdırmaq üçün müxtəlif səpkili mədəni tədbirlərin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video