19 Sentyabr 2018 01:47
1464
SİYASƏT
A- A+

Müsəlman Şərqinin və Azərbaycanın 100 yaşlı parlamenti



"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı parlamentin indi də varisidir.
Varislik həmişə, eyni zamanda, böyük məsuliyyət deməkdir...”

Azərbaycan xalqının ümummilli lideri Heydər ƏLİYEV


XX əsrin əvvəllərində - siyasi cəhətdən mürəkkəb və keşməkeşli illərdə çətin, məşəqqətli günlər yaşayan Azərbaycan xalqının öz azadlığı və istiqlaliyyəti uğrunda apardığı yorulmaz mübarizə 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələndi.
1918-ci ilin mayı elə çətin bir dövrə təsadüf edirdi ki, dünyanın, xüsusilə də Qafqazın geosiyasi xəritəsində və həyatında bir il əvvəl - 1917-ci ildə baş vermiş mürəkkəb siyasi burulğan təbii olaraq burda yaşayan xalqların taleyindən də yan keçmirdi. Regionda bir-birinin ardınca dayanmadan cərəyan edən hadisələr qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının həyatında o dövrə qədər mövcud olmamış fərqli bir atmosfer yaratmış, bununla bərabər müstəqil dövlətin yaranması üçün artıq bir sıra siyasi və hüquqi əsaslar ortaya çıxarmışdı. Belə ki, Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymi 1918-ci ilin fevral ayından başlayaraq fəaliyyət göstərsə də, həmin ilin mayında regiondakı siyasi vəziyyət əvvəlki aylara nisbətdə bir qədər də mürəkkəbləşdi. Nəticə etibarilə Seymin parçalanması prosesi sürətləndi və may ayının 28-də Tiflisdə Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannamə qəbul edildi. Həmin bəyannamə ilə Azərbaycan sözü artıq bir coğrafi ərazi olmaqdan əlavə həm də siyasi bir ifadəyə çevrildi və Azərbaycan xalqının hakimiyyət haqqına malik olduğu, Cənub-Şərqi Zaqafqaziyadan ibarət müstəqil bir dövlət olması bəyan edildi. Bu, adi bir hadisə deyildi, bu, müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və qısa vaxtdan sonra beynəlxalq birlik tərəfindən dövlət kimi tanınması prosesinin başlanğıcı idi. Bu mühüm və tarixi hadisə qısa müddət sonra Azərbaycan xalqının həyatında bir sıra vacib tarixi və siyasi proseslərin cərəyan etməsinə səbəb olacaqdı. Bu hadisələrdən də biri "İstiqlal Bəyannaməsi”nin 6-cı bəndində qeyd edilmiş Məclisi-Müəssisanın toplanması idi.
Yuxarıda qeyd olunduğu kimi - "İstiqlal Bəyannaməsi” qəbul olunduqdan sonra yenicə yaranmış dövlətin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bir çox vacib sahələrində quruculuq işləri başlandı. Cümhuriyyət qurucuları hakimiyyət bölgüsü prinsiplərinə əsaslanaraq müstəqil qanunverici, icraedici və məhkəmə hakimiyyətlərini təxirə salmadan formalaşdırmağa çalışmış, öz üzərlərinə düşən vəzifələri yerinə yetirməyə başlamışdılar. Lakin bu planları reallaşdırmaq ərəfəsində, nəinki Azərbaycanın əsas siyasi mərkəzi, o cümlədən bütün yaxın və orta şərqin siyasi mərkəzi sayılan, müstəsna iqtisadi imkanlara malik Bakı şəhərində vəziyyət heç də yaxşı deyildi. Bir neçə ay əvvəl ölkənin bir sıra bölgələri ilə bərabər burada da daşnak-bolşevik qüvvələr dinc əhaliyə divan tutmuş, öz mövqelərini paytaxt Bakıda möhkəmləndirməyə çalışmışdılar. Bu hal təbii ki, hökumətin Bakıda fəaliyyətini mümkünsüz etməklə onun işğalçı qüvvələrdən azad edilərək paytaxt elan edilməsini ciddi zərurətə çevirirdi. Yenicə yaranmış cümhuriyyət hökumətinin gərgin keçən diplomatik səyləri nəticəsində Azərbaycan hüdudlarına daxil olan Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusu yerli könüllülərlə birgə ölkənin bir sıra bölgələrini xain daşnak qüvvələrdən azad etdi. Artıq şanlı türk əsgəri sürətlə Bakıya doğru yaxınlaşırdı. Uğurla başa çatan tarixi döyüşlərdən sonra sentyabr ayının 15-də Bakı daşnak və eser-menşevik yığınından azad edildi. Bu xilasdan sonra yaranmış sabit şərait, artıq parlamentin toplana bilməsi üçün əlverişli imkanlar yaratmışdı. Respublika idarəçiliyinin hüquqi forma və qaydalarına sadiq qalan hökumət, eyni zamanda Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başlamışdı, bu məqsədlə qısa vaxtda xüsusi komissiya yaradıldı. İrəli sürülən bir neçə təklifi dəyərləndirən Azərbaycan Milli Şurası Müəssislər Məclisinin çağırılması işini öz üzərinə götürdü. Yaradılmış komissiya müvəqqəti Azərbaycan Respublikası parlamenti (Məclisi-Məbusan) yaratmağı təklif etdi. 1918-ci il noyabrın 5-də özünün ilk iclasını keçirən komissiya qərara gəldi ki, Müəssislər Məclisinin çağırılması, nəzərdə tutulmuş 16 dekabr tarixinə qədər qeyri-mümkündür və əvvəlki seçkilər üzrə müəyyən olunaraq seçilmiş nümayəndələr də daxil olmaqla müvəqqəti Azərbaycan Parlamenti (Məclisi-Məbusan) çağırılsın. Bundan sonra müvəqqəti parlamentin tərkibini müəyyən edəcək və seçki qanunu hazırlayacaq xüsusi komissiya təşkil olundu. Komissiya daha sonra hesab edirdi ki, Müəssislər Məclisinə seçkilər üzrə Ümumrusiya Mərkəzi Seçki Komissiyasının 1917-ci ildə təsbit etdiyi seçki qanununu Azərbaycana tətbiq etmək mümkün deyil. Yeni seçki qanunu və bu qanunla müəyyən ediləcək seçki mexanizminin hazırlanması üçün işçi qrupunun ən az 2 ay vaxta ehtiyacı var idi. Eyni zamanda, yuxarıda da qeyd edildiyi kimi, 16 dekabr tarixi yaxınlaşırdı. Dünyada gedən taleyüklü siyasi proseslər, Birinci Dünya müharibəsinin bitmə ərəfəsi, dövlət hakimiyyətinin mənafeləri naminə nümayəndəli xalq təsisatının çox qısa bir müddət ərzində çağırılması Avropada Birinci Dünya müharibəsindən sonra yaranan şəraitdə böyük siyasi-diplomatik və hüquqi əhəmiyyətə malik idi. Xronoloji hadisələrə nəzər salarkən görürük ki, yaranmış milli hökumət Azərbaycan parlamentini (Məclisi-Məbusan) imkan olduğu qədər tez bir zamanda formalaşdırmağa çalışır və bu prosesi bir tərəfdən milli hakimiyyəti qanuniləşdirmək, digər tərəfdən isə yeni yaranmış dövlətin demokratik prinsiplərə uyğun olaraq fəaliyyət göstərmək istəyi ilə əsaslandırırdı. Göründüyü kimi, demokratik, hüquqi dövlət yaradan Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti qanunların aliliyini təmin etməli olan təsisatların, ilk növbədə parlamentin yaradılmasını özünün ən ümdə vəzifələrindən biri hesab edirdi. Rəsmi olaraq qanunverici hakimiyyət - Azərbaycan Demokratik Respublikası parlamentinin (Məclisi-Məbusan) yaranmasının hüquqi əsasları 1918-ci il noyabr ayının 19-da qəbul edilən "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında” qanundur. Bu, Azərbaycan parlament tarixinin çox mühüm qərarı idi və məhz bu qərarla da Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin yaradılması məsələsi həll olundu. Həmin qanunla Azərbaycan Parlamentinin 120 nəfərdən ibarət tərkibdə formalaşdırılması qərara alınmışdı və bir müddət sonra həmin üzvlərin toxunulmazlığı məsələsi də həll olunacaqdı. Bu tarixdən bir müddət əvvəl Ümumrusiya Müəssislər Məclisinə seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə birbaşa yeni yaradılacaq parlamentin tərkibinə daxil ediləcəkdi. Müsəlmanlardan qalan 36 deputat və başqa millətlərin nümayəndələri isə yenidən seçilməli idi. Yaradılması nəzərdə tutulan parlamentin formalaşdırılması prosesi həmin ilin - 1918-ci ilin dekabrın 3-də bitməli idi. Proseslərin bu axarda gedişindən sonra birpalatalı parlamentə gizli seçkilər keçirilməsi qərara alındı. Qeyd etmək yerinə düşərdi ki, tarixi mənbələrdən də məlum olduğu kimi, həmin vaxtdan bir neçə ay əvvəl - 1918-ci ilin martında erməni daşnak qüvvələri tərəfindən azərbaycanlılara qarşı bəşər tarixində xüsusilə ağır cinayət hesab olunan soyqırımı törədilmiş, dinc əhaliyə qəddarlıqla divan tutulmuşdu. Bu cür ümidsiz və çətin bir məqamda ölkəni ağır ictimai-siyasi və sosial-iqtisadi vəziyyətdən çıxaracaq, əhalinin bütün təbəqələrini və milli azlıqların nümayəndələrini təmsil edəcək parlamentin qısa zamanda, mümkün qədər tez fəaliyyətə başlaması üçün konkret tədbirlərin həyata keçirilməsi son dərəcə zəruri idi. Həddindən artıq mürəkkəb şəraiti nəzərə alsaq, seçkili orqan olan Məclisi-Məbusana ümumi seçki keçirilmədən onun seçkilərin keçirilməsi ilə bağlı təşəkkül tapmış ümumi qayda və prinsiplər əsasında təşkil edilməsi məntiqli idi. Həmçinin qeyd etmək lazımdır ki, parlamentin inzibati ərazilər üzrə təmsilçilərdən də təşkil edilməsi planlaşdırılmışdı. 120 nəfərlik mandat bölgüsünün bu meyarlar əsasında müəyyənləşdirilməsi, yenicə yaradılmış gənc dövlətin bütün inzibati ərazi vahidlərindən olan şəxslərin parlamentdə təmsilçiliyi üçün imkan yaradırdı. Proses özü demək olar ki, hər kəsin siyasi, milli, dini və sinfi mənsubiyyəti nəzərə alınmadan iştirak edə bilməsini təmin edirdi. Görülən ardıcıl və qətiyyətli tədbirlər, atılan addımlar gözlənilən məntiqi sonluğuna yaxınlaşdı və müsəlman dünyasının ilk parlamenti formalaşdırıldı. Onu da qeyd etmək lazımdır ki, həmin ərəfədə və sonralar ölkənin siyasi arenasında güc sahibi olmağa çalışan bəzi qüvvələr, o cümlədən imperiyanın əvvəlki sərhədinin pozulmamasının tərəfdarları, ermənilər, habelə yenicə yaranmış hökumətin legitimliyini tanımaq istəməyən General Tomson başda olmaqla ingilis hərbi qüvvələrinin komandanlığı parlamentin yaradılmasına, onun üzərində üçrəngli Azərbaycan bayrağının dalğalandırılmasına mane olmaq istəyirdilər. Mürəkkəb siyasi və sosial mühitin davam etdiyi bir ərəfədə - 1918-ci ilin noyabr ayının 17-də General Tomsonun rəhbərlik etdiyi qüvvələr Bakıya daxil oldular və yenicə yaradılmış əsas dövlət institutlarını (inzibati, məhkəmə və digər icra strukturlarını) nəzarət altına aldılar. Etiraf etmək lazımdır ki, bu məqamda, ingilis komandanlığının yenicə yaradılmış cümhuriyyətə və onun hökumətinə sərgiləyəcəyi münasibət öz əhəmiyyətinə görə son dərəcə vacib idi. 3 dekabr tarixində nəzərdə tutulmuş açılış mərasimi gecikirdi, çünki ingilis komandanlığı hələ də öz əks mövqeyində dayanmışdı və onların Azərbaycan hökumətinə təzyiqləri açıq-aşkar idi. Əsas arqumentləri də bu idi ki, hökumət müttəfiqlər tərəfindən tanınmayana qədər parlamentin açılmasına və fəaliyyətinə imkan verilməməlidir. Göründüyü kimi, parlamentin formalaşdırılması və ilk iclasının çağırılması nə qədər mürəkkəb və ağır şəraitdə baş tutmuşdu. Sadalanan bu təzyiqlərə baxmayaraq Azərbaycan xalqının və dövlətinin tarixindəki bu mühüm və fundamental hadisə baş verdi - çevik qərarların qəbulundan və hazırlıq işlərinin başa çatmasından sonra - 1918-ci ilin dekabr ayının 7-də günorta saat birdə indiki İstiqlaliyyət (o vaxtkı Nikolayevski) küçəsində böyük xeyriyyəçi H.Z.Tağıyevin tikdirdiyi binada (hazırki Füzuli adına Əlyazmalar institutunun və H.Cavidin ev muzeyinin binası) Azərbaycan Parlamentinin təntənəli açılış mərasimi oldu. Təkrar qeyd etmək yerinə düşər ki, bu parlament bütün müsəlman Şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Birinci iclas çox təntənəli və sanki bayram əhval-ruhiyyəli idi. İclasda Azərbaycan xalqına təbrik nitqləri söylənildi. İlk iclasda dövrünün ən görkəmli hüquqşünaslarından biri, bəlkə də birincisi sayılan, tanınmış ictimai və siyasi xadim, diplomat, Azərbaycan dövlətçiliyinin əsas simalarından birinə çevrilmiş, siyasi mənsubiyyətinə görə bitərəf Əlimərdan bəy Topçubaşov sədr, Moskva Universitetinin məzunu, ixtisasca həkim olan Həsən bəy Ağayev onun müavini, Rəhim bəy Vəkilov isə katibi seçildi. Bundan başqa gündəlikdə digər məsələlərə baxıldı, hökumətin istefası qəbul edildi və yeni hökumətin təşkil olunması qərara alındı, bu ilk iclasla Azərbaycan parlamentarizminin ənənələrinin möhkəm əsası qoyuldu. Humanizm prinsipini öz fəaliyyətində əks etdirən parlament bu prinsipdən çıxış edərək amnistiya təklifini qəbul etdi və bununla bağlı müvafiq qərar layihəsinin hazırlanması üçün işçi heyət yaratdı. Qeyd edək ki, Əlimərdan bəy Topçubaşov Azərbaycanın dünya ölkələri tərəfindən tanınması üçün Paris Sülh Konfransına göndərilmiş nümayəndə heyətinin rəhbəri olduğuna görə sonralar parlamentin fəaliyyətinə faktiki Həsən bəy Ağayev rəhbərlik edirdi. Qısa vaxtda sədr, birinci müavin və fraksiya nümayəndələrinin iştirak etdiyi Məslələt Şurası təşkil edildi. Onu da qeyd edək ki, parlamentin təntənəli şəkildə təşkil olunmuş ilk iclasında başqa ölkələrdən dəvət olunmuş aparıcı dövlət xadimləri və nümayəndələrin iştirakı yenicə yaranmış gənc dövlətin və onun parlamentinin artıq Qafqaz regionunda "de-facto” tanınması kimi başa düşülməlidir.
Parlamentin 1918-1920-ci illərdəki fəaliyyətini şərti olaraq iki dövrə bölsək, həmin dövrləri aşağıdakı kimi xarakterizə etmək olar:
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin birinci dövrü - 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam edən dövr. 44 nəfər müsəlman-türk heyətdən ibarət olan birinci dövrü ərzində parlament çox mühüm qərarlar qəbul etmiş, may ayının 28-də Azərbaycanın müstəqilliyini elan edərək, "İstiqlal Bəyannaməsi”ni qəbul etmiş, o dövr üçün ölkənin idarə edilməsini öz öhdəsinə götürmüşdür. Bu bəyannamə həm də Azərbaycanın demokratiyası və parlamentarizmi tarixinin ən vacib və fəxr duyulası hüquqi sənədi olaraq bu gün də öz vacib və praktiki əhəmiyyətini qoruyub saxlamaqdadır. Bu dövrdə Azərbaycan Parlamentinin təsis toplantısı ilə birlikdə cəmi 10 iclası keçirilmişdir. İlk və son iclaslar isə yuxarıda qeyd olunan tarixlərdir - 27 may və 19 noyabr. Beləliklə, Azərbaycan Parlamenti öz fəaliyyətinin I dövründə, daha dəqiq desək, Milli Şura dövründə Tiflisdə, Gəncədə, daha sonra isə Bakı şəhərində fəaliyyət göstərmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ikinci dövrü - Fəaliyyətinin şərti olaraq Bakı dövrü adlanan ikinci dövr təntənəli ilk iclasın çağırıldığı 7 dekabr 1918-ci ildən 27 aprel 1920-ci ilədək olan 17 aylıq dövrü əhatə etmişdir. Bu dövrü parlamentin nisbətən daha məhsuldar dövrü də adlandırmaq olar. Bu zaman kəsiyində parlamentin 145 iclası olmuşdur. Qeyd edək ki, yetərsay olmadığı üçün bu iclaslardan 15-i baş tutmamışdır. Seçki hüququnda bərabərlik prinsipinin tətbiqi ilə bağlı bir məqamı xüsusilə vurğulamaq vacibdir. Bu dövrdə, daha da konkretləşdirsək, 1919-cu il iyulun 21-də qəbul edilmiş qanunla bütün müsəlman aləmində (habelə bir çox dünya ölkələrindən öncə) qadınların da seçkidə iştirak etməsi hüququ tam təsbit edildi. Həmin il avqustun 21-də Bakı Dövlət Universitetinin açılmasını nəzərdə tutan qanun layihəsinin ilkin müzakirəsi keçirildi, sentyabrın 1-də layihə üçüncü oxunuşdan keçərək təsdiq edildi. Sentyabr ayının 29-da isə "Bakı Dövlət Universitetinin Nizamnaməsi” təsdiq edildi.
Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti demək olar ki, bütün iclaslarında özünün müəyyən etdiyi prinsiplərə daim sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, o dövr üçün aktual olan insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Fəaliyyəti dövründə parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Aparılan müzakirələrin demək olar ki, çoxu qızğın və işgüzar fikir mübadiləsi mühitində gedir, qanunlar yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu. Qanunların hazırlanması, müzakirəsi və təsdiqi prosesində 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edirdilər. Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi: Maliyyə-büdcə, qanunvericilik təklifləri, Müəssislər Məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya, mandat, hərbi, aqrar məsələlər, sorğular üzrə, təsərrüfat-sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya və fəhlə məsələləri üzrə komissiyalar. Vətəndaşlarının rifah halının yaxşılaşdırılması, onların layiq olduğu həyat səviyyəsini təmin etmək niyyəti daşıyan bütün bu qanunlar və qərarlar, eyni zamanda hakimiyyətin hər üç qanadının - qanunvericilik, icra və məhkəmə orqanlarının tam formalaşdırılmasına, dövlət institutu kimi möhkəmlənməsinə istiqamətlənmişdi. Həmçinin qeyd etməliyəm ki, Azərbaycan Parlamenti öz fəaliyyətinin vacib hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün qarantına çevriləcək ordu quruculuğu məsələlərinə yönəltmişdi. Parlamentin fəaliyyəti və AXC dövrü ilə bağlı aparılan araşdırmalar və müşahidələr bir daha göstərir ki, bu dövrdə Azərbaycan parlamentarizminin əsası qoyulmuş, parlament bir dövlət institutu olaraq ölkənin siyasi həyatında üzərinə düşən funksiyanı öz imkanları daxilində reallaşdıra bilmişdir. Parlament qanunvericilik hakimiyyətinin klassik tələblərinə uyğun olaraq fəaliyyət göstərmiş, ölkədə cərəyan edən siyasi proseslərin inkişafında böyük işlər görmüşdü. Parlament rəsmi dövlət orqanı olan "Azərbaycan” qəzetini rus və Azərbaycan dillərində dərc etmişdir. Amma təəssüflər olsun ki, o dövr dünyanın siyasi xəritəsində və həyatında gedən proseslər sanki səngimək bilmir, bəşər tarixinə düşəcək gözlənilməz dəyişikliklər bir-birini durmadan əvəz edirdi. Bu tarixi proseslərdən daha biri 1917-ci il inqilabından sonra bolşeviklərin qısa vaxtda öz siyasi və hərbi mövqelərini möhkəmləndirməsi idi ki, bununla da ortaya çıxmış məlum siyasi iddialar Qafqazdan da yan keçmədi. 1920-ci ilin aprelində yenicə yaranmış gənc Azərbaycan Cümhuriyyəti bolşeviklər tərəfindən işğala məruz qaldı. Bolşevik-kommunistlərin Azərbaycan daxilindəki təxribatçıları onların adından hazırladıqları ultimatumu Azərbaycan Cümhuriyyətinə göndərdikdən sonra parlament bu ultimatumu müzakirə etmək üçün gözlənilməz tarixi iclasını çağırmağa məcbur oldu. Aprelin 27-də axşam saat 20.45-də çağırılmış həmin məlum tarixi iclasdakı uzun və həyəcanlı, ağrılı, taleyüklü müzakirələrdən sonra hakimiyyətin bolşeviklərə demokratik əsaslarla verilməsi ilə bağlı səsvermə keçirildi. Saat 23:45-də başa çatan iclasda hakimiyyətin müəyyən şərtlərlə Hərbi İnqilab Komitəsinə verilməsi haqqında qərarın əleyhinə 1, bitərəf 3, səs verməyən 3 nəfər olmaqla müvafiq qərar qəbul edildi. Bununla da Azərbaycan parlamentarizm tarixi özünün şərti birinci dövrünü başa vurmaq məcburiyyətində qaldı.
Məlum olduğu kimi, 1920-ci il aprelin 28-də bolşevik işğalına məruz qaldıqdan bir müddət sonra Azərbaycan ərazisində Sovet Sosialist Respublikası elan edildi. Demokratik yolla xalq tərəfindən seçilmiş hökumət güc yolu ilə devrildikdən sonra yeni idarəçilər tərəfindən sovet idarəetmə orqanlarının yaradılması prosesinə start verildi. Məqalənin əvvəlki bəndlərində də qeyd edildiyi kimi, Azərbaycan Sovet Sosialist Respublikasında ilk qanunvericilik səlahiyyətlərinin həyata keçirilməsi işğalçı Azərbaycan Hərbi İnqilab Komitəsinə məxsus olmuşdur. Fəaliyyətini zorakı üsul və vasitələrə söykənərək quran komitə insan hüquqlarını total şəkildə pozan heç bir milli və mənəvi meyarı nəzərə almayan direktivlər verir, fəaliyyətini ancaq bu məcrada davam elətdirməyə yönəlik addımlar atırdı. Bu cür ağır illərdən başlayan mərhələ - parlament tarixindəki ən uzunmüddətli dövr - Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonrakı onilliklər dövrüdür. Hesab edirəm ki, məhz bu illər də digər bir sıra vacib siyasi mərhələlər kimi Azərbaycanın siyasi hakimiyyətinin araşdırılması, öyrənilməsi üçün hələ uzun perspektivlərdə aktual olacaq. Sadalanan illərə müxtəsər formada nəzər salsaq görərik ki, 70 illik həmin dövr ərzində qanunverici orqan sovet-bolşevik hakimiyyətinin əsas subyektləri tərəfindən qəbul edilmiş qərarları yalnız "rəsmiləşdirirdi”. Bu "rəsmiləşdirmə” zamanı aparılan müzakirələr isə obrazlı ifadə etsək, əməli şəkildə aparılmır, bir növ parlamentarizmdən kənar fəaliyyət ortaya qoyulurdu. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1937-ci ilə qədər olan şərti dövrdə ali qanunverici orqan Ümumazərbaycan Sovetlər Qurultayı olmuşdur. 1937-ci ildən başlayaraq gələn növbəti dövrdə isə hakimiyyətin qanunverici orqanı qismində Azərbaycan Sovet Sosialist Respublikasının Ali Soveti fəaliyyət göstərməyə başlamışdır. Bu mərhələdə ilk dəfə olaraq Ali Sovetə birbaşa seçkilər keçirilmiş, bir qurum olaraq fəaliyyəti əvvəlki illərlə müqayisədə nisbətən daha nəzərəçarpan olmuşdu. 1937-ci ildən bu yana olan dövrü nisbətən geniş təhlil etsək görərik ki, 1969-cu ilin ortalarından başlayaraq qanunverici orqan daha çox milli mənafelərdən çıxış etmiş, statusu sovet parlamenti olsa da, az əvvəl təhlil etdiyimiz dövrlə müqayisədə müstəqil formada milli siyasət aparılmasının çalarları onun fəaliyyətində açıq-aşkar ortada idi. Bundan təxminən 10 il sonra - 1978-ci ildə növbəti konstitusiyanın qəbulu Ali Sovetin fəaliyyətinə də təsir etmişdir. Həmin illərdə deputatların azərbaycanlılardan ibarət olan milli tərkibi, əvvəlki illərlə müqayisədə parlamentin demək olar ki, bütün iclaslarında Azərbaycan dilindən davamlı istifadə olunması hesab edirəm ki, bu illərin sovet ab-havası nöqteyi-nəzərindən xüsusi vurğulanmalıdır.
1982-ci ildən müstəqilliyimizin bərpa olunduğu 1991-ci ilədək olan şərti dövr az əvvəl nəzər saldığımız əvvəlki dövrlə müqayisədə nisbətən passiv bir dövr kimi də xarakterizə oluna bilər. Məlum olduğu kimi, 80-ci illərin sonu SSRİ məkanında cərəyan edən gözlənilməz siyasi və tarixi hadisələr, sovet rəhbərliyinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə qarşı qərəzli münasibəti, Dağlıq Qarabağla bağlı ermənilərin ortaya atdığı iddialar, onun mənfur qüvvələr tərəfindən məqsədli şəkildə siyasətdən kənarlaşdırılması prosesinin fonunda Ali Sovetin bu hadisələrə münasibətdə açıq-aşkar nəzərəçarpan passivliyi təhlil etdiyimiz bu şərti dövrə təsadüf edir. Ölkəmizə qarşı başlanmış məqsədyönlü siyasi hücumlar, xüsusilə yuxarıda qeyd etdiyimiz erməni siyasi həyasızlığından qaynaqlanan sovet ermənipərəstliyinə və Azərbaycana, habelə Heydər Əliyevə yönələn təzyiqlərə Ali Sovet demək olar ki, faktiki "danışan” susqunluq nümayiş etdirirdi. SSRİ-nin süqutuna qədər davam edən bu dövrdə Ali Sovet müstəqil siyasətdən, obrazlı desək, üfüqdə görünməyəcək dərəcədə uzaq idi. Təəssüflə qeyd etməliyik ki, heç də xoş olmayan, arzuolunmaz bu dövr xalqda ikrah hissinin yaranmasına səbəb olmuş, ona olan inam sürətlə itmişdi. Belə bir vəziyyətdə SSRİ rəhbərliyinin böyük dövlət xadimi Heydər Əliyevə qarşı az əvvəl də qeyd etdiyimiz qərəzli münasibəti nəticə etibarilə xalqımızı və min bir əziyyətlə qurduğu dövlətin növbəti faciəsinə səbəb oldu. Ölkəmiz ittifaqın qaçılmaz çökməsindən ən çox itki ilə çıxan respublika oldu. Heç şübhəsiz ki, proseslərin bu ürəkağrıdan məcraya yönəlməsində əsas səbəblərdən biri siyasi arenada o vaxt mövcud olan "fəallar”ın səriştəsizliyi və gücsüzlüyü idi. Adıçəkilən qüvvələrin və parlamentin o vaxtkı səhv və qətiyyətsiz mövqeyi Azərbaycan xalqının taleyindəki ən ağır səhifələrdən biri olan 20 yanvar səhifəsini açdı. Əvvəlki cümlədə qeyd etdiyimiz siyasi səriştəsizlik və səbatsızlıq öz məntiqi ağır nəticəsini göstərdi. Onsuz da faciəli olan vəziyyət daha da mürəkkəbləşirdi və artıq ölkə fəlakətin astanasında idi. Proseslərin dayanmadan ölkəmizin milli mənafeləri üçün mənfi yöndə getdiyi bir vaxtda Azərbaycan Respublikası Ali Sovetinin XII çağırışının birinci sessiyasında xalqının taleyindən dərin narahatçılıq keçirən Heydər Əliyev 1991-ci il fevralın 5-də konkret təkliflərlə plenar iclasda çıxış etdi. O, öz çıxışında Mixail Qorbaçovun apardığı siyasətin yarıtmazlığını açıq-aşkar və qətiyyətlə, qorxmadan tənqid edərək, SSRİ rəhbərliyinin uğursuz daxili siyasətin bir neçə paytaxt şəhərlərdə faciələrə səbəb olduğunu bəyan etdi, Dağlıq Qarabağla bağlı özünün dəqiq analizlərini tribunadan səsləndirərək auditoriyaya çatdırdı. Beləliklə, sovet hakimiyyəti illərinin sonlarında parlament Heydər Əliyevin çıxışlarından sonra öz passiv dövründən aktiv müdafiə strategiyasına qədəm qoydu. Məhz bu aktiv oyanışın təsirindən idi ki, siyasi proseslər və tarixi müzakirələr parlamentin iclas zalında dayanmadan bir-birini əvəz etməyə başladı. Artıq 70 illik həsrətdən sonra dövlət müstəqilliyinin konstitusion əsaslarla təsbit olunması obyektiv zərurətə çevrilərək gündəlikdəki ən vacib yerini aldı. Müdrik, fəxr duyulacaq, zəngin tarixi keçmişi olan Azərbaycan xalqının dövlət müstəqilliyi uğrunda mübarizəsi Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etməsi ilə nəticələndi. Bu, yüzminlərlə azərbaycanlının həyatının itirilməsi bahasına baş tutmuş mürtəce bolşevik işğalından 70 il sonra, müstəqilliyin bərpası ilə nəticələnən tarixi bir qərar idi.
Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasının parlamenti əvvəlki cümlədə qeyd etdiyimiz Konstitusiya aktı və ondan irəli gələn suverenlik əsasında fəaliyyət göstərməyə başlamışdı. Çünki müstəqilliklə bağlı qəbul edilmiş konstitusiya aktı "de-facto” olaraq konstitusiyanın qüvvədən düşməsi anlamını verirdi və qarşıdan gələn zaman kəsiyində parlament çox sayda qanunlar qəbul etməli, demokratik dəyərlərə söykənən hüquq sistemi formalaşdırmalı idi. 1991-ci ilin oktyabr ayından başlayan müstəqillik dövründə parlament öz üzərinə düşən vəzifə və funksiyaları yerinə yetirməyə çalışsa da, təəssüflər olsun ki, 1993-cü ilin iyun ayına qədər bir çox hallarda ürəkaçan hadisələr cərəyan etmirdi. Bununla belə parlament ilk növbədə - 1991-ci il noyabrın 26-da "Milli Şura haqqında” 1991-ci il 30 oktyabr tarixli Konstitusiya qanununu yenidən nəzərdən keçirərək Milli Şuranı Milli Məclis adlandırmaq barədə qərar qəbul etdi.
Əgər "Azərbaycan parlamentarizmi tarixinin ən əlamətdar hadisəsi hansıdır” sualına cavab istənilsə, hesab edirəm ki, buna ən yaxşı cavab "1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Bakıya qayıtmış Heydər Əliyevin parlamentin sədri seçilməsi”dir.
Bu dövrdən Azərbaycan parlamentarizminin, paralel olaraq Azərbaycan dövlətçiliyinin inkişafında əsas mərhələ başlamışdı. Respublikanın 1920-ci ildəki kimi ağır bir məqamında, dünyanın siyasi xəritəsindən Azərbaycan Respublikası adının silinmək təhlükəsi ilə üz-üzə qaldığımız bir vaxtda görkəmli siyasi xadim, Azərbaycan xalqının sonralar haqlı olaraq özünə ümummilli lider seçdiyi Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçildi. O gün həqiqətən də sözün əsl mənasında xilas günü idi. Həmin gün ulu öndər parlamentin tarixi iclasında özünün proqram xarakterli çıxışını etdi:
"Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlir-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək”.
Məqalənin əvvəlində qeyd etdiyimiz kimi, dağılmaq təhlükəsinin astanasında olan Azərbaycan Respublikası artıq uçurumdan xilas edildi. Məhz bundan sonrakı illərdə nəinki parlamentarizmin, ümumilikdə istənilən bir dövlətin inkişafını şərtləndirəcək başlıca amil - sabitlik təmin edildi, dövlət institutları mökəmləndirildi, ordu quruculuğuna başlanıldı. Dahi şəxsiyyət qısa vaxtda və çevik formada peşəkar dövlət xadiminə xarakterik bir şəkildə dövlətçiliyi və parlamentarizmi möhkəmləndirməyə başladı. Hesab edirəm ki, Heydər Əliyevin 1993-cü il iyun ayının 15-dən oktyabrın 3-dək parlamentə rəhbərlik etdiyi müddət parlamentarizm tariximizin qızıl dövrü hesab edilməlidir. Məhz bu illərdən sonra, daha da dəqiqləşdirsək, 1995-ci il seçkilərindən sonra nümunəvi parlamentin təşkili prosesi başlandı. Əslində Azərbaycan xalqı da hakimiyyətə Heydər Əliyevi çağırmaqla ümidlərini doğrulda biləcək və ölkəni gələcəyə inamla aparmağa qadir yeganə liderinə etimad və etibar etdiyini göstərdi. Hadisələrin sonrakı məcralarda davam etməsi də bu fikrin həqiqət olduğunu sübut etdi. Həmin hadisələr əsasında sübut olundu ki, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamaqdan qurtuldu. Heç də təsadüfi deyil ki, sonralar Azərbaycan xalqının adından çıxış edən Milli Məclis Azərbaycanın müxtəlif bölgələrindən göndərilən müraciətlərdən dolayı özünün 1997-ci il 27 iyun tarixli qərarı ilə həmin tarixi günü Milli Qurtuluş Günü elan etmişdi.
Beləliklə, respublikanın rəhbərliyinə dəvət edilmiş Heydər Əliyev xalqının və rəhbərlik etdiyi ölkəsinin gələcəyi naminə, gecikmədən xilaskarlıq missiyasına başladı, müstəqilliyin qorunub saxlanması üçün qısa zaman kəsiyində dövlətçiliyin fundamental problemlərini həll etdi. Məhz bu addımların nəticəsi olaraq hesab edirəm ki, ulu öndər bugünkü Azərbaycan dövlətinin memarı olmaqla yanaşı, həm də haqlı olaraq müasir Azərbaycan parlamentinin də banisi hesab edilir. Onun rəhbərliyi dövründə Ali Sovet artıq təşəkkül tapmış dövlətçilik sistemimizdə hakimiyyətin 3 əsas qanadından biri kimi öz yerini tam möhkəmləndirdi.
Bu məqamda xüsusi qeyd etmək vacibdir ki, hakimiyyətin başqa dövrlərindən fərqli olaraq məhz həmin dövrdə - ölkənin siyasi, sosial, mənəvi böhran keçirdiyi ağır bir şəraitdə ortaya qoyulan bu qətiyyət həddindən artıq vacib idi. Eyni zamanda qeyd etməliyəm ki, Heydər Əliyev sədr olduğu dönəmdə parlamentlərin fəaliyyətində əsas prinsiplərdən biri olan aşkarlığı Ali Sovetin fəaliyyətinin əsas prinsiplərindən birinə çevirmişdi. Məhz həmin ərəfədə iclaslar, keçirilən müşavirələr, mətbuatın iştirakı ilə keçirilən brifinq və konfranslar televiziya ilə canlı yayımlanır, ölkənin siyasi həyatında cərəyan edən proseslər xalqa birbaşa çatdırılırdı.
Yuxarıda qeyd edildiyi kimi, 1993-cü ilin iyun ayında ölkədə faktiki olaraq 1920-ci ilin ab-havası var idi, hakimiyyətdaxili çəkişmələr, prezident kürsüsünün tərk edilməsi və boş qalması, erməni təcavüzü dövləti faktiki idarəedilməz bir vəziyyətə gətirib çıxarmışdı. Siyasi böhran günü gündən dərinləşirdi. Qeyd olunan gərginliyi nəzərə alaraq parlament obyektiv mövqedən çıxış edərək iyun ayının 24-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin hamısının Ali Sovetin sədrinə verilməsi haqqında Qərar qəbul etdi. Qərarda deyilirdi:
"...Hadisələrin bu səmtdəki inkişafı, habelə mövcud şəraitdə respublika həyatının mühüm sahələrini - müdafiəni, təhlükəsizliyi, daxili hüquq qaydasını təmin edən dövlət idarəetmə orqanları rəhbərlərinin olmaması Azərbaycan dövlətçiliyini təhlükə qarşısında qoyur, dövlət hakimiyyət qurumlarının və idarəetmə sisteminin dağılmasına gətirib çıxarır. Respublikamızın müxtəlif bölgələrində yaranmış hakimiyyət boşluğu nəticəsində müxtəlif cinayətkar qruplar fəallaşaraq ağır cinayətlər, xüsusilə də qətllər, qarətlər, ictimai təhlükəsi yüksək olan başqa əməllər törətməkdədirlər. Vəziyyətin bu cür kəskinləşməsi Azərbaycanın fəlakətinə, dövlətçiliyimizin süqutuna səbəb ola bilər. Yaranmış vəziyyət respublikadakı durumun sabitləşdirilməsinə, gərginliyin aradan qaldırılmasına, dövlətçiliyin möhkəmləndirilməsinə, qanunçuluğun bərpasına, bütün qüvvələrin xarici təcavüzə qarşı səfərbər edilməsinə yönəldilmiş qəti və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 121-7-ci maddəsinə əsasən "Azərbaycan Respublikasının Prezidenti bu və ya başqa səbəblərə görə öz vəzifələrini daha icra edə bilmədikdə, Azərbaycan Respublikasının yeni prezidenti seçilənədək onun səlahiyyəti Azərbaycan Respublikası Ali Sovetinin sədrinə keçir...”.
Qeyd olunan bu cümlələrdə o dövrün ifadə etməyə çalışdığım mənzərəsi demək olar ki, gözümüz önündə aydın şəkildə canlanır. Bu mənzərə, qəbul edilmiş bu vacib qərarı obyektiv şəraitdən doğan, tam əsaslandırılmış bir qərar kimi dəyərləndirməyi tələb edir. Parlamentin bu qeyd olunan qərarı qəbul olunduqdan sonra şəraiti tam düzgünlüyü ilə qiymətləndirən Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən sədr - Heydər Əliyev ölkədə baş verən prosesləri izləyən xarici ölkələri öz məramı ilə tanış etməyi özünə borc bildi və 1993-cü il iyulun 2-də müvafiq bəyanatla çıxış etdi:
"Azərbaycan Respublikası adından bəyan edirəm ki, Azərbaycan dövlətinin daxili və xarici siyasətində heç bir dəyişiklik baş verməyəcəkdir. Bildirirəm ki, Azərbaycan demokratiya, siyasi plüralizm və azad iqtisadiyyat yoluna davam edəcəkdir. Azərbaycan dövləti insan hüquqlarına və bütün beynəlxalq hüquq normalarına riayət edəcək, respublikamızda başlanmış demokratik islahatlar bundan sonra daha geniş və sürətlə həyata keçiriləcəkdir...”
Bir məqamı da qeyd etməyi zəruri hesab edirəm: baş verən çox mürəkkəb və ağrılı hadisələr fonunda ölkə parlamentinə rəhbərlik etmək, həqiqətən də o liderdən çox böyük siyasi bacarıq tələb edirdi və belə şəraitdə daxildə və xaricdə gedən siyasi prosesləri dərindən təhlil edərək düzgün qərar qəbul etmək yalnız və yalnız nadir şəxsiyyətlərə xas ola bilərdi. Aydın şəkildə görünür ki, Heydər Əliyev həmin şəxsiyyətlərdən idi və bu şəxsiyyət o mürəkkəb, taleyüklü dövr üçün Azərbaycan xalqına verilmiş bir şans idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ümummilli liderin parlamentə sədr seçildiyi 15 iyun gününü haqlı olaraq belə qiymətləndirmişdi: "Qurtuluş gününün Azərbaycanın müasir tarixində çox böyük rolu vardır. Müstəqilliyimizi əldə etdikdən sonra ölkəmiz çox böyük problemlərlə üzləşmişdi. Demək olar ki, ölkəmiz idarəolunmaz vəziyyətə düşmüşdü. Məhz ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, fəaliyyəti nəticəsində ölkəmiz bu çətin günlərdən şərəflə çıxa bilmişdi”.
Ulu öndər Ali Sovetin sədri kimi, özünün 2 iyul tarixli bəyanatına uyğun şəkildə ölkənin strateji maraqlarını nəzərə alaraq, Azərbaycanın 20-ci əsrdəki beynəlxalq münasibətlər sistemində yerini müəyyənləşdirdi, əvvəlki hakimiyyətin buraxdığı kobud səhvlərin ağır nəticələrini qısa zamanda aradan qaldırdı. Göründüyü kimi, Azərbaycan parlamentarizminin 1993-cü ilin iyunundan oktyabrına qədər davam edən 4 aya yaxın bu mərhələsi ölkə üçün nə qədər əhəmiyyətli və taleyüklü bir mərhələ idi. Bu 4 ay başa çatdıqdan sonra böyük seçici fəallığı və səsvermə faizi ilə Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi nəticəsində onun parlamentə sədrlik dövrü başa çatsa da, Azərbaycanın həyatında görünməmiş sıçrayışla 2003-cü ilədək davam edən keyfiyyətcə birinci mərhələ başladı - ölkənin neft strategiyasının prioritetləri müəyyənləşdirildi, "Əsrin müqaviləsi” imzalandı və məhz bu qərarlardan sonra ölkədə son 25 ildə bir məqalənin səhifələrinə sığmayacaq saysız-hesabsız quruculuq işlərinə başlanıldı. Bütün bu sadalananlar göstərir ki, Azərbaycan parlamentinin fəaliyyətinə xronoloji baxış zamanı onun yuxarıda qeyd olunan "Azərbaycan parlamentarizmi tarixinin ən əlamətdar hadisəsi hansıdır” sualına verilmiş cavab kifayət qədər əsaslandırılmış cavab idi və bütün bu qeyd olunanların fonunda "Heydər Əliyev müasir Azərbaycan parlamentarizminin banisidir” fikri bundan əvvəlki sualın cavabı ilə tam ahəng yaratmış bir fikir kimi bizim yaddaşımıza həkk olunacaq.
Azərbaycan parlamentarizminin zəngin və taleyüklü Heydər Əliyev dövrü bitdikdən sonra Milli Məclis öz fəaliyyətini zaman keçdikcə Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, parlamentarizm ənənələrinə uyğun olaraq davam etdirməyə başladı. Aparılan müşahidələr və təhlillər göstərir ki, birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyəti üçüncü çağırışa qədərki dövrdə ölkə həyatında, dövlət quruculuğunda və qanunvericiliyin "sabitləşməsi”ndə vacib olan normativ hüquqi aktların, məcəllələrin, konstitusiya qanunlarının qəbulu fonunda yadda qaldı. Normayaratma fəaliyyəti ilə bağlı ümumi statistikaya nəzər salsaq görərik ki, I çağırış Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 797, II çağırışda 843, III çağırışda 956, IV çağırışda 1267, V çağırışda (29 iyun 2018-ci ilə qədər) 1129 qanun qəbul olunmuşdur. 1991-ci ildən 1995-ci ilə qədər qəbul olunmuş aktların təqribi sayı isə 1000-dən çoxdur. Beləliklə, Milli Məclis tərəfindən son 27 il ərzində qəbul edilmiş qanunların ümumi sayı - mövcud qanunvericiliyə dəyişikliklər edilməsi və beynəlxalq müqavilələrin təsdiq edilməsi haqqında qanunlar da daxil olmaqla - 5992-yə yaxındır.
2005-ci ilin noyabrında keçirilən seçkilərdən sonra fəaliyyətinə davam edən üçüncü çağırış Milli Məclislə hesab edirəm ki, Azərbaycan parlamentarizminin növbəti mərhələsi başlayıb. Bu dövrdən başlayaraq qanunverici orqan aparıcı beynəlxalq təşkilatlarla öz əlaqələrini daha məhsuldar formada qurmuş, seçkilərdən dərhal sonra Azərbaycan parlamentinin binası və maddi texniki bazası parlament tarixində heç vaxt olmadığı bir şəkildə - İKT-nin müasir tələblərinə tam cavab verən səviyyədə qurulmuş, qısa vaxtda yeni inzibati korpus tikilmiş, plenar iclas zalı zəruri kompüter, video və audio avadanlıqlarla təchiz edilmişdir. 2006-cı ilin payız sessiyasında Parlamentin təntənəli açılışında iştirak edən ölkə prezidenti İlham Əliyev Milli Məclisin fəaliyyətinə nəzər salaraq geniş nitq söyləmiş, 2017-ci ilin may ayında "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncam imzalamışdır. Sərəncamla cümhuriyyətin və parlamentin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi qərara alınmış və Azərbaycan Respublikasının Milli Məclisinə parlamentin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilmişdir. Sərəncamda həmçinin parlament tariximizin başlanğıc dövrü aydın şəkildə təsvir edilmişdir: "...Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi...”
Azərbaycan Respublikasının Milli Məclisi öz fəaliyyətində parlamentarizm ənənələrinə daim sadiqlik nümayiş etdirmişdir - Milli Məclis 11 dekabr 1998-ci ildə "Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 80 illiyi haqqında” Qərar qəbul etmiş, 2008-ci il iyunun 19-da xarici ölkələrin parlament sədrləri, sədr müavinləri, parlament üzvləri, beynəlxalq parlament təşkilatlarının, eləcə də xarici dövlətlərin Bakıdakı diplomatik korpusunun nümayəndələrinin iştirakı ilə Azərbaycan Parlamentinin 90 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaq keçirmişdir. 2018-ci ilin may ayında "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı”nın təsis edilməsi ilə əlaqədar qəbul edilmiş qanun da hesab edirəm ki, bu ənənəyə sadiqliyin göstəricisidir.
Bu gün tam əminliklə deyə bilərik ki, Milli Məclis zəngin keçmişi, zəngin irsi, zəngin kitabxanası, müasir iclas zalı, Heydər Əliyev muzeyi, rahat iş mühiti olan bir parlamentə çevrilmişdir. Yaradılmış bütün bu şərait, görülmüş işlər, Milli Məclisin hakimiyyət qanadı olaraq öz üzərinə düşən vəzifəni müasir dünyanın parlamentlərinin iş prinsipinə uyğun şəkildə həyata keçirə bilməsi üçün əlverişli imkanlar yaratmışdır. Bundan başqa Milli Məclis bu gün Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı, MDB Parlament Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyası, Avronest Parlament Assambleyası kimi mühüm beynəlxalq təşkilatlarda tamhüquqlu, NATO Parlament Assambleyası ilə assosiativ üzv kimi yüksək səviyyəli əməkdaşlıq edir, öz fəaliyyətində Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutur, xalqın ona göstərdiyi etimadı bütün məsuliyyəti ilə doğrultmağa çalışır, Azərbaycan Respublikasının və xalqının adını hər şeydən uca tutur. Biz, 100 yaşlı Azərbaycan parlamentinin azad, güclü, müstəqil Azərbaycanımızın möhkəmləndirilməsi və inkişafı, onun müasir dünyanın əsas subyektlərindən birinə çevrilməsi istiqamətində öz üzərinə düşən vəzifələri yerinə yetirəcəyini inamla deyə bilərik.
100 yaşın mübarək, Azərbaycan parlamenti!

Ziyafət ƏSGƏROV,
Milli Məclis sədrinin birinci müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video