18 Sentyabr 2018 16:52
489
Mədəniyyət
A- A+

Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü təntənəli şəkildə qeyd edilib

Sentyabrın 18-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum gününə və Milli Musiqi Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək Üzeyir bəyin adı ilə bağlı olan əlamətdar gün münasibətilə musiqi ictimaiyyətini təbrik edib, onlara yaradıcılıqlarında yeni uğurlar arzulayıb. Bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən təsis olunan bu bayram Azərbaycan musiqi ictimaiyyətinə böyük töhfədir. Üzeyir Hacıbəylinin adı Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub və o, heç zaman unudulmayacaq. O, həmçinin bu gün Azərbaycan musiqisinin digər nümayəndəsi, böyük bəstəkarımız Müslüm Maqomayevin də ad gününün olduğunu qeyd edib.

Azərbaycan mədəniyyətinin inkişafına, təbliğinə göstərilən dövlət qayğısından danışan nazir bildirib ki, bu gün müstəqil ölkəmizdə böyük şəxsiyyətlərin xatirəsi əziz tutulur, onların adlarının əbədiləşdirilməsi istiqamətində mühüm işlər görülür: "Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlərdə də Üzeyir bəy böyük ehtiramla yad edilir, ölkəmizə və dünya musiqisinə bəxş etdiyi unudulmaz əsərləri səsləndirilir. Üzeyir bəyin qoyduğu irs Azərbaycan xalqının mədəniyyətinin zəngin xəzinəsidir”.

Ə.Qarayev Üzeyir Hacıbəylinin adı ilə bağlı olan və artıq ənənəvi olaraq beynəlxalq səviyyədə keçirilən növbəti musiqi festivalının bütün musiqisevərlərə gözəl bir hədiyyə olacağını diqqətə çatdırıb: "Bu gündən start götürən Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının proqramı olduqca zəngindir. Festival çərçivəsində bir sıra mədəniyyət müəssisələrində silsilə tədbirlər keçiriləcək, eyni zamanda, dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilər dahi bəstəkarın yaratdığı zəngin musiqi irsi ilə daha yaxından tanış olacaqlar”.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi və SSRİ Xalq artisti, görkəmli bəstəkar Murad Kajlayev bayram münasibətilə musiqisevərləri təbrik edib, festivalın əhəmiyyətindən danışıblar.

Çıxış edənlər, həmçinin dahi bəstəkarın zəngin həyat və yaradıcılığından söhbət açıb, milli Azərbaycan musiqisinin inkişafında Üzeyir Hacıbəyli məktəbinin rolunu xüsusilə vurğulayıblar. Bildiriblər ki, bu gün dünyanın məşhur musiqiçiləri Üzeyir bəyin musiqisini dinləyir, onu tanıyır və qiymətləndirirlər.

Natiqlər bu musiqi bayramının tezliklə dahi bəstəkarın doğulduğu Şuşada keçiriləcəyinə inamlarını ifadə ediblər.

Milli Musiqi Günündə Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video