18 Sentyabr 2018 00:51
997
SİYASƏT
A- A+

Bir millətin iki ordusu


Ordu hər bir dövlətin təhlükəsizliyinin əsas şərtidir. Çünki ordu olmasa vətənin müdafiəsi ilə bağlı bütün arzular puça çıxar. Bu tarixən belə olub və indi də belədir. Azərbaycan Respublikasının tarixi təcrübəsi də ordunun nə demək olduğunu təsdiq edir.


50 ən güclü sırasında


Bu gün Azərbaycan öz inkişafı ilə seçilən, Cənubi Qafqazın lideri statusunu daşıyan, beynəlxalq aləmdə nüfuzu olan dövlətdir. Ölkəmiz üçün yeganə problem torpaqlarımızın bir hissəsinin Ermənistanın işğalı altında qalmasıdır. Ona görə də ordumuzun döyüş qabiliyyətinin daim artırılması təbii olaraq qarşımızda dayanan ən əsas vəzifədir. Nizami Azərbaycan Ordusunun təməlinin qoyulduğu 1993-cü ilin payızından sonra bu istiqamətdə mühüm addımlar atılıb. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa vaxtda bütün qoşun növlərinin mövcud olduğu, müasir döyüş imkanlarına malik Azərbaycan Silahlı Qüvvələri formalaşdırılıb.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin fəaliyyətində ordu quruculuğu məsələləri daim prioritet olub. Bu istiqamətdə Heydər Əliyevin başladığı işləri davam etdirən ölkə rəhbərinin qarşıya qoyduğu vəzifə Silahlı Qüvvələrin döyüş qabiliyyətinin ən yüksək səviyyəyə çatdırılmasıdır. Reallıq ondan ibarətdir ki, respublikamızın artan maliyyə imkanları Silahlı Qüvvələrimizin də müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynayıb.
Hazırda Cənubi Qafqazın ən qüdrətlisi olan Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda da görüb.
Ölkəmizin hərbi qüdrətinin nümayişi olan belə paradlarda xalqımız və beynəlxalq ictimaiyyət Azərbaycanın mükəmməl hərbi gücə malik olduğuna şahidlik edib. Təsdiq olunub ki, Azərbaycan Ordusu arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir. Fərəhlisi odur ki, bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda var.
Sentyabrın 15-də paytaxtımızın Azadlıq meydanında keçirilən Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş təntənəli parad respublikamızın hərbi qüdrətinin növbəti nümayişi kimi tarixə düşdü. Paradı böyük sevinc hissi ilə izləyən hər bir kəs ordumuzla, əsgərlərimizlə, malik olduğumuz hərbi güclə qürur duydu. Qəlbində vətənpərvərlik hisləri olan hər bir azərbaycanlı bu paradı izləməklə fərəh hissi keçirdi. Paradda çıxış edən Prezident İlham Əliyev ordu quruculuğu ilə bağlı deyib: "Ölkəmiz ordu quruculuğu sahəsində də böyük uğurlar əldə edib. Bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Bizim hərbi potensialımız artır. Bizim güclü ordumuza böyük ehtiyacımız var. Çünki torpaqlarımız işğal altındadır”.


Azərbaycan-Türkiyə qardaşlığının təcəssümü


100 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etdi. Beləliklə, həm Azərbaycanın bütövlüyü təmin olundu, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyuldu. Bakının azad edilməsi və nəticə etibarilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.
1918-ci ildə Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Bununla da 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyuldu. Bakını Azərbaycandan qoparmaq kimi məkrli planın qarşısı dəyanətlə alındı.
Eyni zamanda Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü olaraq yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, qəlbində yaşatdı.
Bu mənada parad həm də Azərbaycan-Türkiyə qardaşlığının növbəti təcəssümü kimi yadda qaldı. 1915-ci il sentyabrın 15-də Bakını işğaldan azad edən Qafqaz İslam Ordusu əhali tərəfindən coşqu ilə qarşılanmışdı. Bakı həmin günlərdə böyük bayram sevincini yaşayırdı. Həmin tarixdən 100 il sonra, qardaşlığın rəmzinə çevrilən 15 sentyabr tarixində Bakı küçələri ilə addımlayan yenə də Azərbaycan və Türkiyə əsgərləri idi.
Azərbaycan və Türkiyə hərbi qulluqçularının Osmanlı Türkiyəsi və Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində tribuna önündən keçməsi isə olduqca qürurverici mənzərə idi. Paraddan Azərbaycan hərbçiləri ilə yanaşı, Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının keçidi, Türkiyə Ordusunun "Mehtəran” birliyinin Azadlıq meydanında "Əsgər marşı”nı ifa etməsi, Bakı səmasında "Türk ulduzları”nın nümunəvi uçuşları, yüksək məharət nümayiş etdirərək ürək şəkli çəkmələri Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və qəlb birliyinin rəmzi kimi tarixə düşdü.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, bu, gələcək nəsillərə ötürəcəyimiz ən böyük ərməğandır: "Türkiyə əsgərləri bu gün burada Azərbaycan əsgərləri ilə çiyin-çiyinə bundan 100 il əvvəl birlikdə qazanılan böyük qələbənin ildönümünü qeyd edirlər. Bu bayram gələcək nəsillərə ötürəcəyimiz ən böyük ərməğandır”.
Onu da qeyd edək ki, qardaş Türkiyə bu gün də Azərbaycanın strateji hərbi tərəfdaşıdır. Dünyanın ən güclü ordularından birinə malik Türkiyə müstəqillik illərində daim Azərbaycana ordu quruculuğunda dəstək göstərib və bu, indi də davam edir.


Artan hərbi güc


Paradda Bakı Qarnizonunun birlik, birləşmə və hərbi hissələrinin xüsusi texnikaları və silah sistemlərinin keçidi zamanı nümayiş etdirilən xüsusi təyinatlı avtomobil, zirehli tank texnikası, Hava Hücumundan Müdafiə, artilleriya və əməliyyat taktiki raket sistemləri ordumuzda aparılan modernləşmə işlərinin nümunələri idi. Beləliklə, əgər 1993-cü ildə Azərbaycan Ordusunun ilkin formalaşmasından söhbət gedirdisə, artıq bu gün regionun ən güclü silahlı qüvvəsi Azərbaycan Ordusudur. Bu, Heydər Əliyevin ordu quruculuğu ilə bağlı dahiyanə və düşünülmüş siyasi xəttinin və bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilməsinin nəticəsidir. Prezident İlham Əliyev tərəfindən ölkəmizin dinamik inkişafına uyğun olaraq Azərbaycan Silahlı Qüvvələrinin modernləşməsinə hesablanmış addımları ordumuzun yüksək səviyyəyə gəlib çatmasını şərtləndirmişdir. Prezident İlham Əliyevin vaxtilə elan etdiyi "Azərbaycanın hərbi büdcəsi ümumilikdə işğalçı Ermənistanın dövlət büdcəsinə bərabər olmalıdır” tezisi qısa müddətdə öz təsdiqini tapmışdır. Məlum olduğu kimi, 2007-ci ildən etibarən Azərbaycanda hərbi xərclər 1 milyard manatı ötüb. Və ildən-ilə orduya daha çox vəsait ayrılıb.
Təbii ki, ordunun xərclərinin ilbəil artması onun hərbi gücə çevrilməsi deməkdir. Yəni, bu, sadəcə, rəqəm deyil, hərbi resursun artması, peşəkarlığın yüksəlməsi deməkdir. Beynəlxalq ekspertlər də vurğulayırlar ki, Azərbaycan Cənubi Qafqazda hərbi imkanlarına görə liderdir. Ermənistanla müqayisədə parametrlər üzrə çıxarılan nəticələr də sübut edir ki, Azərbaycan həqiqətən üstündür. Bunu yalnız paradlarda nümayiş etdirilən hərbi texnika təsdiq etmir. 2016-cı ilin Aprel döyüşləri və bu il keçirilən Naxçıvanadakı Günnüt əməliyyatı ordumuzun döyüş qabiliyyətinin yüksək olmasının praktik təsdiqidir.
Azərbaycanda ordu quruculuğu sahəsində aparılan islahatlar kompleks şəkildə həyata keçirilir. Həm ordunun arsenalına modern silahlar daxil edilir, həm qoşun növlərinin döyüş qabiliyyəti artırılır, həm də hərbçilərin sosial şəraiti yüksəldilir. Təbii ki, bütün bunlar Azərbaycanın işğalçı Ermənistanla müqayisədə əzici üstünlüyünü daha da artırır. Ermənistanın hakimyyəti də bunu yaxşı anlayır və haqlı olaraq təlaş keçirir.
Azərbaycanın Aprel döyüşləri zamanı dəqiq, yüksək və qarşısıalınmaz zərbə gücünə malik müasir silahlardan istifadə edərək düşmənə ağır zərbə vurması Ermənistan tərəfində dərin narahatlıq yaratdı. Təsadüfi deyil ki, onların açıqlamalarında hətta strateji tərəfdaş olduqları Rusiyadan da Azərbaycana müasir hərbi texnika satdığına görə inciklik ifadə olunmuşdu. O vaxt Rusiya hökumətinin sədri Dmitri Medvedev müsahibələrinin birində bu məsələyə münasibət bildirmiş, amma onun cavabı erməni tərəfinin məyusluğuna səbəb olmuşdu. D.Medvedev qeyd etmişdi ki, bütün bunlar hərbi-texniki sahədəki əməkdaşlığa dair sazişlərə əsaslanır və əgər Rusiya bundan imtina etsə, silahı başqa yerdən alacaqlar.
Son parad təsdiq etdi ki, Azərbaycan Silahlı Qüvvələrinin timsalında ən müasir tələblərə cavab verən, modern maddi-texniki təchizata, mükəmməl döyüş əməliyyatları aparmaq qabiliyyətinə malik bir ordunun nümunəsini görürük. Bu möhtəşəm parad Azərbaycan Silahlı Qüvvələrinin güc və qüdrətinin nümayişi ilə yanaşı, həm də xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramının təntənəsi və gözəl nümunəsi idi. Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsi və işğal olunmuş ərazilərimizi istənilən an azad etməyə qadir mükəmməl bir orduya çevrilməsi yönündə Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək əzmkarlıq Heydər Əliyev ideyalarının davam etdirilməsi deməkdir.
Azərbaycan Ordusu çoxdan arzuladığımız səviyyəyə artıq çatıb. Xalqımız öz Silahlı Qüvvələri ilə fəxr edir. Bu mənada son parad hər bir azərbaycanlının öz ordusunun qüdrətinə olan inamını, qürur və fəxarətini qat-qat artırdı.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video