18 Sentyabr 2018 00:41
854
SİYASƏT
A- A+

Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətində parlamentin yeri


Azərbaycan Xalq Cümhuriyyəti və onun parlamenti çox çətin, mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdi. Parlamentin yaradılması AXC hökumətinin dövlət quruculuğu istiqamətində atdığı ən uğurlu addımlardan idi.
Azərbaycan parlamenti dekabrın 7-də H.Z.Tağıyevin Qızlar gimnaziyasının binasında öz işinə başladı. İclas Milli Şuranın və "Müsavat” fraksiyasının sədri M.Ə.Rəsulzadənin nitqi ilə açıldı.
Sonra parlamentin sədri və onun müavininin seçilməsi təklif olundu. "Müsavat” fraksiyası adından çıxış edən Ş.Rüstəmbəyli Ə.Topçubaşovun sədrliyə, onun müavinliyinə isə H.Ağayevin namizədliyini irəli sürdü. Ən gənc deputat Rəhim bəy Vəkilov parlamentin katibi oldu. Bütün namizədlər parlament tərəfindən təsdiq edildilər. Topçubaşov Bakıda olmadığından onun vəzifəsi müvəqqəti olaraq H.Ağayevə həvalə olundu. Parlamentin cari işlərini idarə etməkdən ötrü sədr, onun müavini və fraksiya nümayəndələrindən ibarət Məsləhət Şurası seçildi.


Azərbaycan parlamenti və ərazi bütövlüyü məsələsi


Parlamentin yaradılmasından sonra Azərbaycan dövlətinin qarşısında həllini gözləyən ciddi problemlər dururdu. Belə ki, gənc parlament Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq, Azərbaycan xalqının və hökumətinin digər xalqlar və dövlətlərlə, xüsusilə qonşu ölkələrlə dostluq əlaqələrini yaratmaq və möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək, geniş sosial-iqtisadi islahatlar həyata keçirmək, güclü ordu yaratmaq işində AXC hökuməti ilə birgə çox ciddi işlər görməli idi.
Azərbaycanın cümhuriyyət parlamenti və hökumətinin fəaliyyətinin çox mühüm və daim diqqət mərkəzində olan məsələsi yaxın qonşularla münasibətlər və sərhəd məsələləri ilə bağlı olmuşdur. Parlamentin ilk iclasındakı çıxışında M.Ə.Rəsulzadə qonşu millətlərlə münasibətlərin qurulmasını belə şərh edirdi: "Qafqaziya millətlərinin istiqlal və bərabərlikdə müstəqil olaraq yaşamaları bir xəyali-bənd deyildir. Qardaş millətimiz olan Şimali Qafqaziya, bütün cüziyyata rəğmən daima səmimi qalan gürcülər, bizə bir çox mədəni xidmətləri toxunmuş rus cəmaatının mühüm bir qismi ilə əl-ələ verərək biz Zaqafqaziyanın müqəddəratını bu qitə üzərində yaşayan millətlərin arzusu vəchilə təmin edə bilərik”.
Daha sonra parlamentdə çıxış edən Fətəli xan Xoyski qeyd edirdi ki, "...öhdəmizə düşən vəzifələrdən birisi də Qafqaziyada bəzən din və qan qardaşlarımızın və bəzən də qonşularımız tərəfindən təşkil edilmiş olan hökumətlər ilə dostanə əlaqə və münasibətimiz məsələsi idi. Hökumət dostluq hüslu üçün var qüvvəsilə çalışdı. Gürcüstan ilə aramızda heç bir ixtilaf vaqe olmamışdır. İki qardaş arasında da mübahisə olar. Lakin mübahisəli məsələlərin həpsi dostanə bir tərzdə həll edilir. Şimali Qafqaziya bizə daha yaxındır. Həmişə sözümüz, yolumuz, işimiz bir olmuş, bir-birimizə mütəqabil kömək etmişik”. Daha sonra F.X.Xoyski hökumətin fəaliyyəti ilə bağlı məlumat verərkən bildirirdi ki, "hökumət çalışmışdır ki, öz nüfuzunu millətin gözündə itirməsin. Biz xahiş edirik ki, nöqsanlarımızı bizə göstərəsiniz, tənqidə ixtiyarınız var və tənqid xeyirli şeydir. Parlamentin əsas vəzifəsi də yol göstərməkdir”.
Parlamentin 10 dekabr 1918-ci il tarixli ikinci iclasında çıxış edən M.Ə.Rəsulzadə Qafqazda mövcud olan dövlətlərlə münasibətlərin qurulmasından bəhs edərkən qeyd edirdi ki, "müstəqil bir cüzvünü təşkil eylədiyimiz Qafqaziya öylə siyasi bir vəziyyət qarşısındadır ki, buradakı cavan cümhuriyyətlər, Azərbaycan da daxil olduğu halda, ancaq ittifaq və yalnız dostluq rəftar edə bilər. Və belə rəftar edə biləcəkləri gündən etibarən xilas olurlar. Buna görə də xarici siyasətimizin "əlhəmdülla”sını Qafqaziya ittifaqı təşkil etməlidir. Siyasətə və iqtisadiyyata, su ilə havaya olduğu kimi, möhtac bulunduğumuz bu ittifaq xatirinə aramızda bütün ixtilaflı məsələləri sülh, müsalimət və qarşılıqlı güzəşt və ən sonu hökm vasitəsilə həll etmək tərəfdarıyıq. Qafqaziya millətlərinin hürriyyət və istiqlalına gələcək zərbəyə hər kəsdən ziyadə və həpimizdən əvvəl məruz qalacaq şimali qafqaziyalı qardaşlarımızın müqəddəratı hər zaman nəzərimizdən uzaq qalmasın”.
Sosialistlər ittifaqından deputat olan Əhməd Cövdətin xarici siyasətə yönəlik çıxışında "...Qonşularımız ilə olan münasibətlərimizin heç də yaxşı olmadığını, Avropa millət və dövlətləri ilə lazım olan münasibətə girilmədiyini görürüz. Şimali Qafqaz cümhuriyyəti ilə sıxı münasibətin saxlanmasını arzu edəriz” fikirlərini dilə gətirmişdi.
Qeyd etmək lazımdır ki, AXC parlamenti və hökumətinin ciddi səylərinə baxmayaraq, bəzi hallarda qonşu dövlətlərlə münasibətləri dinc yolla nizamlamaq mümkün olmurdu. Məsələn, Azərbaycan Xarici İşlər Nazirliyinin Müttəfiqlər Komandanlığının qərargahına və Gürcüstan, Ermənistan xarici işlər nazirlərinə 1918-ci il dekabrın 23-də göndərdiyi 851 nömrəli teleqramında Borçalıdakı sərhəd mübahisələri ilə bağlı Gürcüstan və Ermənistan respublikaları arasında gedən toqquşmalara təəssüflənilir və qətiyyətlə onlara xatırladılırdı: "Borçalı rayonu Azərbaycanın ayrılmaz tərkib hissəsidir”.


Gərgin siyasi-hərbi vəziyyət və ingilislərin ziddiyyətli mövqeyi


1918-ci il oktyabrın 30-da bağlanmış Mudros sazişindən sonra Osmanlı qoşunlarının bölgəni tərk etməsi, Zəngəzur və Qarabağ mahallarında yaranan gərgin siyasi-hərbi vəziyyət, ingilislərin ziddiyyətli movqeyi, Azərbaycan torpaqlarının itirilməsi təhlükəsi və s. məsələlər respublika parlamentinin 1918-ci il dekabrın 20-də keçirilən fövqəladə iclasında müzakirə olundu. Hökumətin gördüyü tədbirlərə dair F.X.Xoyskinin çıxışı və müzakirələrdən sonra torpaqların bütövlüyü və əhalinin müdafiəsinə aid siyasi-hərbi və maliyyə-mənəvi səciyyəli işlərin daha da qüvvətləndirilməsi barədə qərar qəbul edildi.
Azərbaycanın ərazi bütövlüyü məsələsi parlamentin daim diqqət mərkəzində olmuş və bununla bağlı bir neçə dəfə müzakirə də keçirilmişdi. Azərbaycan parlamentinin 1919-cu il yanvarın 8-i və 25-də olan iclaslarında Naxçıvan bölgəsi və ümumiyyətlə, keçmiş İrəvan quberniyasının azərbaycanlı əhalisinin vəziyyəti ilə bağlı məsələlər müzakirə edilmişdi. Parlamentin yanvar ayının 25-də keçirilən iclasında xüsusi bəyanatla çıxış edən M.Ə.Rəsulzadə Ermənistan hökumətini Naxçıvan və digər qəzaların azərbaycanlı əhaliyə düşmən münasibət bəsləməsinə qarşı çıxaraq qəti tədbirlər görməyə çağırdı. M.Ə.Rəsulzadə çıxışında qeyd edirdi ki, Naxçıvan və Şərur qəzalarında və İrəvan quberniyasının sair yerlərində müsəlmanların başında yenə təzədən top qumbaraları partlayır, müsəlmanlar min türlü əzab və cəfalara düçar olurlar... Əlbəttə, hökumət bu xüsusda tədbirlər görməli, nahaq tökülən qanların önünü almağa çalışmalıdır. Tezliklə keçmiş İrəvan quberniyası türk-müsəlman əhalinin vəziyyətinin öyrənilməsi, ermənilərin onlara qarşı törətdikləri vəhşiliklərin qarşısının alınması, Azərbaycanın cənub-qərb bölgələrinin ərazi toxunulmazlığının təmin olunması istiqamətində müəyyən tədbirlər görüldü. Azərbaycanın Ermənistanda diplomatik nümayəndəliyinin də açılması bu işlərdə çox mühüm rol oynadı. 1919-cu il yanvarın 29-da Məmmədxan Təkinski İrəvana səfir təyin edildi.
Məlum olduğu kimi, həmin illərdə istər ermənilər, istərsə də ruslar Lənkəranda və Qarabağda ciddi problemlər yaradır, müstəqil dövlətimizin möhkəmlənməsinə mane olurdular. Bu problem 1919-cu il aprel ayının 14-də Azərbaycan parlamentinin 29-cu iclasında müzakirə edildi. Müzakirələrdə iştirak edən M.Ə.Rəsulzadə Qarabağ məsələsinə toxunarkən qeyd edirdi ki, oraya general-qubernator təyin olunmuşdur. O, Qarabağın Azərbaycanın "hüquqi mülkiyyəti...” olduğunu bildirmişdi. M.Ə.Rəsulzadə çıxışında "Bizcə və hökumətcə, Qarabağ məsələsi yoxdur. Necə ki, Bakı məsələsi yoxdur. Buna görə də Qarabağ ünvanı ilə olan hər növ təklifi rədd ediriz” fikrini bildirmişdi.
AXC-nin mövcud olduğu dövrdə həm hökumətin, həm də parlamentin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın Naxçıvan, Qarabağ və Zəngəzur qəzalarında Ararat Respublikasının hərbi təcavüzünün qarşısını almağa müəyyən qədər nail olundu.
Şimali Qafqaz dağlıları öz müstəqilliklərini elan etdikdən sonra onu Osmanlı dövləti ilə yanaşı sevinclə qarşılayan ikinci dövlət Azərbaycan Cümhuriyyəti idi. Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası (qısaca - Dağlılar Respublikası) öz istiqlalını 1918-ci il may ayının 11-də elan etmişdi. Onun müstəqilliyini Azərbaycan, Gürcüstan və Osmanlı imperiyası tanıdı. 1918-ci ilin noyabrında Dağlılar Respublikası hökumətinin başçısına göndərdiyi məktubda general Tomson yazırdı ki, Paris Sülh Konfransının qərarına qədər Dağlılar Respublikasının istiqlalına təminat verilir. Lakin bir müddətdən sonra Dağlılar Respublikasına qarşı şimaldan, yəni Denikinin ordusu tərəfindən təhlükə yaranmağa başladı. Belə bir vaxtda cümhuriyyət parlamentində ciddi müzakirələr başladı.
1919-cu il mart ayının 6-da parlamentin iyirminci iclasında Fətəli Xan Xoyski Dağıstanda yaranmış böhranlı vəziyyətlə bağlı deputatlara geniş məlumat verdi: "...Hamımıza yaxın dost və həmdəm olan Dağıstan cümhuriyyəti üzərinə Könüllü ordu qoşunu yürüş edib, yerlərini istila və hökumətinə təklif edir ki, özünü ləğv etsin, Dağıstan qoşunlarını buraxsın, özləri də cəbrən əhalidən əsgər yığmağa başlayırlar. Biz bu sözləri eşidən kimi onların səfirlərindən məlumat istədik”. Azərbaycan hökuməti Dağıstan hökumətinin səfirindən dəqiq məlumat əldə etdikdən sonra öz etirazını bildirdi. "... Bizim hökumət və parlament və bütün Azərbaycan camaatı bir fikirdədir ki, dağıstanlılara belə zülm olan halda biz sakit otura bilməriz. İndi hökumət özünü borclu bildi bu xüsusda müttəfiqlər nümayəndəsi general Tomsona Azərbaycan hökumətinin nöqteyi-nəzərini bildirsin”. Azərbaycan hökuməti şimaldakı hadisə ilə bağlı Tomsona öz etiraz notasını da verir. "Biz var qüvvəmizlə Şimali Qafqaziya hökumətinə kömək etməliyiz, siz bilirsiniz ki, Könüllü ordunun əsl siması indi açılır. Əvvəlcə onların hərəkəti bir balaca Gürcüstanda oldu. Azərbaycan dairəsindən biz onları çıxarmışıq; Şimali Qafqaziyada olan Könüllü ordunun fikri yalnız bolşeviklərlə mübarizə deyil. Onların mübarizəsi cəmi xırda millətlər ilədir; və istəyirlər ki, xırda millətlərin ixtiyarını yox edib tapdalasınlar. Bu barədə bir millət o birinin ixtiyarının əlindən alınmasına aşkardır ki, bitərəf baxa bilməz, aşkardır ki, Dağıstan hökumətinə dəyən zərbə bizə dəymiş kimidir. Mən bizim hökumət və parlamentimizin Dağıstan hökumətinə (352-353) kömək edəcəyini onların səfirinə xəbər verdim. Azərbaycanın nə hökuməti, nə də parlamenti qoymayacaqdır onların hüququ tapdalansın, var qüvvəmizlə onlara kömək edəcəyiz”.
Əhməd Cövdət (sosialist) öz çıxışında şimaldan gələn qara qüvvənin əsl məqsədini belə açıqlayırdı: "Möhtərəm məbuslar (deputatlar)! Onlar nə qədər şimdiki halda Gürcüstana və Şimali Qafqaziyaya hücum, hədə gəlməkdə isələr də, əsl məqsədləri Bakıdır. Bu qara qüvvə ilə çarpışmaq yalnız Dağıstan, ya Gürcüstanın vəzifəsi deyildir. Qafqaziyada yaşayan müstəqil millətlərin hamısının vəzifəsidir. Çünki bu gün Dağıstan hüduduna gələn yarın Bakıya gələcək və Bakıya gələn qüvvə yaxın zamanda Tiflisi də istila etmək istəyəcəkdir. ...Bu təhlükə Ümumqafqaziya təhlükəsi və millətlərin haqq və hürriyyətini təhtit edən bir təhlükədir ki, bunun qabağını bütün Qafqaziya millətləri və camaatı bir vücud kimi ittihad etməklə saxlamalıdırlar. Bu barədə hökumətin verdiyi notaya bütün varlığımız ilə tərəfdarız. Ancaq bunlara qarşı yalnız nota ilə çıxmaq kifayət etməz. Bu qara qüvvələr ilə mübarizə məsələsi, təkrar edirəm, yalnız inquş, avarların öhtəsinə buraxılmayaraq, böylə mühüm bir vəzifə qarşısında qətiyyən Zaqafqaziya millətlərini birləşərək əlbirliyi ilə və ciddiyyətlə çarpışması lazımdır. Bu məsələ üçün də biz öz tərəfimizdən Azərbaycana və Gürcüstana təklif ediriz qəti və şiddətli tədbirlər görməyə cəhd göstərsinlər”.
İttihad fraksiyasının adından Q.Qarabəyovun çıxışından: "Üç ay bundan əvvəl həmin bu mənbələrdən bütün firqələrin dedikləri bu idi ki, Azərbaycan və bütün Qafqaziya millətləri istiqlalını son qətrə qanımıza qədər müdafiə edəcəyik. Dağıstan hökuməti də Qafqaziyada təşkil etmiş müstəqil dövlətlərin biridir. Şimdi görünüz o adamlar ki özlərinə Rusiyanın sahibi deyirlər, Dağıstanın bu hürriyyətini dağıtmaq istəyirlər və Dağıstan bu yolda yalnız qalmışdır. Bu qardaşlıq hissi bizi vadar edir əlimizdə silah onların köməyinə gedək. Onların müharibəsi bizim müharibəmizdir. Biz burada söz ilə deyil, feilən onların müharibəsinə şərik olmalıyıq. Onlar Qafqaziyanın müqəddimə elçisidirlər. Onların qələbəsi bizim qələbəmizdir”.
Parlamentin deputatı, bitərəf Bəhram bəy Axundovun da çıxışı maraq doğurur: "Qabaqkı natiqlərin dediklərini eşitdiniz, ələlxüsus Əhməd bəy Pepinovun. Mən də bunların dediklərinə şərik olmaqla bərabər, Könüllü ordu haqqında bir neçə söz demək istərdim. Denikinin ətrafına toplananlar kimlərdir? Lyaxov kimdir? Lyaxov haman adamdır ki, neçə il bundan əvvəl İran inqilabı əleyhinə qalxıb İran demokratiyasını əzdi. Böyük alimlərdən Müctəhidi (Məlikül Mütəkəllimini) asdırdı. İndi Lyaxov kimi generallar Denikinin ətrafına yığılmışlardır. Həmin Lyaxov əvvəl fikrində tutub ki, Bakıya gəlib bizim demokratiya və hürriyyət-pərvər üləmalarımızı parçalasın. Ona görə mən bitərəflər namından keçən natiqlərin dediklərini müdafiə edərək təklif edirəm ki, bizə yaxın olan Dağıstan hökumətinə axır qanımıza qədər kömək edib canımızı da onlara fəda edək”.
Lakin çox təəssüflər olsun ki, bütün bu çağırışlar və köməkliklər heç ciddi nəticə verməmiş, əvvəlcə Denikinin ordusunun, sonra isə sovet ordusunun hərbi təcavüzü nəticəsində Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasının varlığına son qoyulmuşdur.
AXC hökuməti və parlamenti 1918-1920-ci illərdə öz diplomatik fəaliyyətini genişləndirərək Türkiyə, İran, Ukrayna, Böyük Britaniya, ABŞ, Fransa, İtaliya, Belçika, Hollandiya, Yunanıstan, Polşa, İsveçrə, İsveç, Danimarka, Latviya, Litva, Estoniya, Finlandiya, Rumıniya, Almaniya, Gürcüstan, Ermənistan, Dağlılar Respublikası, Krım və başqa ölkələrlə səfirlik və nümayəndəliklər səviyyəsində diplomatik münasibətlər yaratdı, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər imzaladı.


Paris Sülh Konfransı


Parlament ölkənin başının üstünü alan xarici müdaxilə təhlükəsini sovuşdurmaq üçün gənc respublikanın beynəlxalq aləmdə tanıdılmasından ötrü də mühüm siyasi addımlar atmışdı. Parlamentin birinci iclasında (7 dekabr 1918) çıxış edən M.Ə.Rəsulzadə yaxın günlərdə Parisdə başlayacaq sülh konfransına işarə edərək deyirdi: "...Artıq milləti öldürmək, millətin hüququnu pamal etmək qətiyyən mümkün deyildir. Qaliblər də, məğlublar da millətlərin hüququ təslim ediləmməz deyirlər. Yaxında açılacaq sülhi-ümumi konfransında bu fikir qətiyyən hakim olacaq. Bu gün əhvala hakim olanlar müttəfiqlərdir. İngiltərə, Amerika, Fransa dövlətlərinin bayraqlarında millətlərin təmini-hüququ və "Cəmiyyəti-əqvam” şüarı yazılıbdır. Dövlətlərin Bakıda bulunan nümayəndələri naminə general Tomson Qafqaziya məsələlərinin sülhi-ümumi konfransında həll olunacağını rəsmən elan etmişdir. Biz azərbaycanlılar bütün mövcudiyyətimiz ilə kəndi müqəddəratımızı, kəndi istiqlalımızı müdafiə və mühafizədə israr edər, səbat və mətanət göstərərsək, heç şübhəsiz ki, Azərbaycan Cümhuriyyəti payidar olar”.
Azərbaycan diplomatları Parisdə toplanmış qalib dövlətlər tərəfindən tanınma və kömək əldə etmək üçün aktiv fəaliyyətə keçmişdi. Bununla əlaqədar olaraq AXC parlamenti 1918-ci il dekabrın 28-də parlamentin sədri Ə.Topçubaşovun başçılığı ilə Paris Sülh Konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi. Azərbaycan parlamenti Paris Sülh Konfransında iştirak etmək üçün aşağıdakı tərkibdə: Ə.Topçubaşov - sədr, M.H.Hacınski - sədrin müavini, nümayəndə heyətinin üzvləri - Ə.A.Şeyxülislamov, Ə.Ağayev və müşavirlər M.Məhərrəmov və C.Hacıbəylidən ibarət nümayəndə heyətini təsdiq etdi. "Avropa və Amerikanın sivil dövlətlərinin ictimai fikrini bu ölkələrin işgüzar dairələrilə ticarət əlaqələri yaradılmasına ən çox kömək edən istiqamətə hazırlamaq” üçün nümayəndə heyətinə əlavə səlahiyyətlər verilmişdi. Bütün maneələrə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin çox çətin və üzücü fəaliyyətindən sonra, nəhayət, Paris Sülh Konfransında AXC-nin de-fakto tanınması barədə qərar qəbul olundu.


F.X.Xoyski: "...Ümumtürk aləmi üçün böyük bayram”


Azərbaycan Cümhuriyyətinin de-fakto tanınması parlamentin 14 yanvar 1920-ci il tarixli yüz on yeddinci iclasında geniş müzakirə olunmuşdur. İlk söz həmin dövrdə xarici işlər naziri Fətəli xan Xoyskiyə verilir. O, çıxışında bu mühüm hadisəni yüksək qiymətləndirir və deyir ki, "istiqlalını elan etdikdən sonra bir millət gərək cəmi aləmə göstərsin və isbat etsin ki, dərhəqiqət kəndisinin istiqlaliyyətə layiqi vardır. Bu surətdə onun istiqlalı təsdiq edilə bilər. Habelə bu bir il on ay müddətində Azərbaycan milləti öz həyatını, dolanacağını Avropaya, cəmi mədəniyyət aləminə məlum edib özünü eylə göstərdi ki, Avropa onun həqqani verməyə və istiqlalını təsdiq etməyə vadar oldu”. F.X.Xoyski bu hadisənin "...yalnız bizim üçün deyil, islam milləti və ümumi türk aləmi üçün böyük bir bayram” olduğunu bildirir. Daha sonra o qeyd edir ki, "böylə bir günü dərk etmək üçün qeyri millətlər onillərlə çalışmışlar. Biz isə onu az müddətdə, bir il yarım içərisində qazandıq. Böylə az müddətdə istiqlaliyyətini alan bir millətin onu möhkəm saxlayacağına əminəm”.
İclası aparan sədr "...bu yolda şəhid düşənlərin ruhlarına ehtirama ayağa qalxmağı” təklif edir.
Sonra sədr daxil olan təbrik teleqramlarını elan edir: 1. Tiflisdən Məclisi-Müəssisan rəisinin baş müavini Mitadze tərəfindən; 2. Bu haqda Məclisi-Məbusan tərəfindən cavab teleqrafı; 3. Krım milli parlamenti əzası Şəfiqəxanım Kaspirinski və qeyriləri; 4. Tiflisdən Müsəlman Milli Şura sədri Nərimanov; 5. Türküstan Məclisi-Müəssisan dəvəti komitə rəisi Çuqayev; 6. Azərbaycan xanımları Eynulhəyat xanım Yusifbəyli və qeyriləri; 7. Bakı şurayi-bələdiyyə sədri Qasım Qasımzadə; 8. Bakı Cəmiyyəti-Xeyriyyədən Qasım Qasımov; 9. Qafqaz nemesləri ittifaqının rəisi Yevgeni Terster; 10. Salyandan "Müsavat” firqəsi rəisi Səmədov; 11. Lehistan nümayəndəsi Ostrovski; 12. Azərbaycan dostu; 13. Qafqazda Norveç konsulu Qorski; 14. Gəncə bələdiyyə rəisi Ələsgər bəy Xasməmmədov; 15. Lehistan Cümhuriyyətinin siyasi nümayəndəsi Viktor Tolitski; 16. Erməni cümhuriyyətinin xariciyyə naziri Gülxandarov; 17. Leh cəmiyyəti "Anisko” tərəfindən Pikarski; 18. Ukrayna siyasi nümayəndəsi katibi Tişkeviç tərəfindən.
Parlamentdə M.Ə.Rəsulzadənin çıxışından: "...Bu üçrəngli bayrağı burada əllərimizdə titrədərək yüksəltdiyimiz zamanda bir ümid bəsləyərək deyirdik ki, bir dəfə yüksələn bayraq bir daha enməz. Bunu küçələrdə bu gün elani-şadmani edən xalqla bərabər bütün dünya göstərir ki, bir dəfə yüksələn Azərbaycan bayrağı bir daha aşağı enməz”.
Parlamentin üzvü Aslan bəy Səfikürdski Azərbaycanın müstəqilliyinin tanınmasının səbəbini Azərbaycanın "müstəqil yaşaya” bilməsi ilə əlaqələndirir.
Parlamentdə təmsil olunan "...Vanseviç polyaklar tərəfindən, Qoxman yəhudilər tərəfindən və Baqradze gürcülər tərəfindən parlamenti bu gün münasibəti ilə təbrik edirlər”.
Ədliyyə naziri Xəlil bəy Xasməmmədov isə hökumətin bu bayram münasibətilə "bir əfvi-ümumi layihəsini” hazırlamağa başladığını və "...yaxın günlərdə həmən layihənin vəkillərə təqdim ediləcəyini və layihəni qəbul” etmələrini xahiş edir.
Beləliklə, 1920-ci ilin yanvarında Paris Sulh Konfransında Azərbaycan Cümhuriyyətinin siyasi cəhətdən tanınması Ə.Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndələrinin uğurlu diplomatik fəaliyyətlərinin nəticəsi kimi qiymətləndirilməlidir. Böyük çətinliklər və məhrumiyyətlər hesabına qazanılmış qələbə ilə əlaqədar olaraq Ə.Topçubaşov Parisdən Azərbaycan hökumətinin başçısı N.Usubbəyova göndərdiyi məktubunda yazırdı: "Siyasət kimi elastik və dəyişkən heç bir şey yoxdur. Buna görə də onun qabarması və çəkilməsi həmişə gözlənilməzdir. Buna baxmayaraq, hər hansı real bir formada bizim də azad və müstəqil yaşamaq ümidlərimizi itirmirdik və hətta keçmiş Rusiyanın bütün xalqları üçün ən ağır günlərdə, bizə əməyimizin əbəs olduğu deyilən günlərdə belə ümidlərimizi itirmirdik. Biz ona görə belə hərəkət edirdik ki, xalqımızın müstəqil yaşaya biləcəyinə, hər hansı yolla müstəqillik qazana biləcəyimizə inanırdıq. Bununla yanaşı, biz digər kiçik xalqların ibrətamiz mübarizələrini də unutmuruq. Öz azadlıqlarını əldə etmək üçün bu xalqlar yarım il, bir il yox, onillərlə və daha çox mübarizə aparmış, çoxlu insan və maddi itkilər hesabına arzularına çatmışlar. Belə dəyərli xoşbəxtliyin qarşısında biz heç vaxt geri çəkilməmişik və çəkilməyəcəyik də, çünki biz bu səadətə bərabər olan heç nə tanımırıq”.
* * *
Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti özünün həyatiliyini və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. Göstərdi ki, Azərbaycan xalqı həqiqətən parlament idarəçiliyi səviyyəsinə yüksəlmişdir. O vaxt Azərbaycan Cümhuriyyəti müsəlman Şərqində yeganə parlamentli respublika idi. Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanda parlamentçilik ənənələri getdikcə möhkəmlənir və inkişaf edir, ən müasir parlament mədəniyyəti formalaşırdı. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə, ümumiyyətlə, parlamentin 155 iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (1918, 27 may - 19 noyabr), 145-i isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi dövrdə (1918, 7 dekabr - 1920, 27 aprel) olmuşdur. Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını təsdiq edilmişdir.
Beləliklə, sovet Rusiyasının beynəlxalq hüquq normalarını kobudcasına tapdalayan hərbi müdaxiləsi və XI Qırmızı ordu hissələrinin qanlı döyüş əməliyyatları nəticəsində Paris Sülh Konfransının iştirakçısı olan dövlətlər tərəfindən tanınmış müstəqil Azərbaycan dövləti - Azərbaycan Xalq Cümhuriyyəti aradan qaldırıldı və onun ərazisi işğal olundu. Azadlığının və müstəqil dövlətinin müdafiəsinə qalxmış xalqın müqavimət hərəkatı qan içində boğuldu, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət və hakimiyyət strukturları məhv edildi. Şimali Azərbaycan yenidən Rusiyanın işğalı altına düşdü. Lakin müəyyən zaman keçdikdən sonra tarixi məqamın verdiyi imkandan istifadə edən Azərbaycan xalqı düz yetmiş bir il sonra öz müstəqilliyinə qovuşdu.
Azərbaycan Respublikası Ali Sovetinin 18 oktyabr 1991-ci il tarixli iclasında Müstəqillik haqqında Konstitusiya Aktı qəbul olundu və bununla da Azərbaycan öz müstəqilliyini bərpa etdi.

Vaqif ABIŞOV,
tarix üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video