18 Sentyabr 2018 00:32
552
İQTİSADİYYAT
A- A+

Yaxın qonşu


Azərbaycan-Rusiya əməkdaşlığı dostluq nümunəsidir


Sentyabrın 1-də prezidentlər İlham Əliyevlə Vladimir Putinin Soçi görüşü Azərbaycan və Rusiya xalqlarının dostluq əlaqələrinin möhtəşəm gücə malik olduğunu bir daha təsdiq etdi, bu münasibətlərin qırılmaz tellərlə bağlı olduğunu ortaya qoymaqla yanaşı, iqtisadi baxımdan da mühüm əhəmiyyət kəsb etdiyini aydın göstərdi.
Belə ki, iki ölkə arasında müxtəlif sahələrdə 17 sənədin imzalanması, iqtisadi əlaqələrin geniş spektrini əhatə etməsi Azərbaycan-Rusiya dostluğunun möhkəm iqtisadi bünövrəyə söykəndiyini bir daha təsdiq etdi. Belə zəngin məzmunlu görüşün keçirilməsi həm də ona işarədir ki, Azərbaycan-Rusiya əlaqələri mehriban qonşuluğa, etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır.
Dünyada iqtisadi gərginliklərin baş verdiyi, sanksiyaların tüğyan etdiyi bir zamanda Azərbaycan və Rusiya prezidentlərinin üç dəfə görüşməsi həm də Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna və dayanıqlı sülh siyasətinə işarədir. Beynəlxalq ekspertlər və politoloqlar Soçi görüşünü iki dövlət arasında iqtisadi əməkdaşlığın, strateji tərəfdaşlığın yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirirlər.
İki prezident tərəfindən imzalanan "Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat”da qarşılıqlı faydalı ticari-iqtisadi və investisiya əməkdaşlığı üçün daha əlverişli şəraitin yaradılması, nəqliyyat dəhlizlərinin Rusiya-Azərbaycan hissələrində tranzit-nəqliyyat potensialının artırılması, iqtisadiyyat və ixracın şaxələndirilməsi, perspektiv sahələrdə və sektorlarda birgə istehsalın yaradılması, təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlıqla bağlı mühüm prioritetlər müəyyənləşdirilmişdir. Birgə bəyanat iki dövlət arasındakı iqtisadi əməkdaşlığın rolunu və əhəmiyyətini artıracaq, münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəldilməsinə zəmin yaradacaqdır.
Azərbaycan və Rusiya hökumətləri arasında imzalanan 2024-cü ilədək əməkdaşlıq proqramı və fəaliyyət planı qarşıdakı illər ərzində birgə iqtisadi fəaliyyəti koordinasiya etməyə imkan verəcək, hər iki ölkənin perspektivləri birgə müəyyənləşdirməsinə yardım edəcək. 2024-cü ilədək fəaliyyət planında ticarət, nəqliyyat, birgə istehsalın yaradılması, büdcə-vergi sektorunun rəqəmsallaşdırılması sahələrində qarşılıqlı fəaliyyəti nəzərdə tutan beş yol xəritəsi təsdiq edilmişdir. Ticarətə dair yol xəritəsi ticari-iqtisadi əməkdaşlığa, kənd təsərrüfatı məhsullarının tədarükünün artırılmasına, qarşılıqlı ticarət missiyalarının reallaşdırılmasına, Azərbaycanda rus şirkətlərinin istehsal etdiyi məhsulların Rusiya tərəfindən alınmasının genişləndirilməsinə, biznes-dialoqun dəstəklənməsinə, birgə regionlararası forumların keçirilməsinə yönümlənəcək. Nəqliyyatla bağlı yol xəritəsində "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi”nin inkişafı, hər iki dövlətin ərazilərində logistik mərkəzlərin yaradılması, Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə dair sazişin icrası nəzərdə tutulur. Birgə istehsalın yaradılması üzrə yol xəritəsində Azərbaycan ərazilərində əczaçılıq, avtomobillərin yığılması, neft-qaz sahəsi üçün avadanlıqların, kənd təsərrüfatı texnikasının istehsalı sahələrində Rusiya ilə birgə istehsalın və müəssisələrin qurulması, eləcə də dəmir yolu vaqonlarının birgə istehsalının yaradılması məsələləri əksini tapmışdır. Qarşılıqlı səfərlərin və humanitar əlaqələrin genişləndirilməsi üzrə yol xəritəsinə turizmin inkişafı, Rusiyanın qabaqcıl ali təhsil müəssisələrinin filiallarının Azərbaycanda açılması imkanlarının müzakirəsi daxil edilmişdir.
"Rosneft”lə Socar arasında "Qoşadaş” blokunun və Xəzər dənizi təkinin Azərbaycan hissəsində yerləşən Abşeron yarımadasının dayazsulu şimal hissəsinin neft və qaz potensialının birgə öyrənilməsi, "Qazprombank” və Rusiya İxrac Mərkəzi ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında Rusiya Federasiyasından ixracın dəstəklənməsi sahəsində layihələrin birgə reallaşdırılması çərçivəsində strateji əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. Bu sənədlərdə SOCAR-ın Rusiyanın neft-qaz şirkətləri ilə səmərəli və uzunmüddətli əməkdaşlığı nəzərdə tutulur. Onu da qeyd edək ki, hər iki ölkənin energetika sistemləri paralel rejimdə fəaliyyət göstərir. Müzakirə olunan məsələlərdən biri də Azərbaycan və Rusiya enerji sistemləri arasında 330 kVt-luq ikinci dövlətlərarası "Yaşma-Dərbənd” elektrik verilişi xəttinin tikintisidir.
Kənd təsərrüfatı məhsulları ticarətinin genişləndirilməsi, Azərbaycandan Rusiyaya meyvə-tərəvəz satışının artırılması dövlət başçılarının qarşıya qoyduğu vəzifələrdəndir. 2017-ci ildə Rusiyaya meyvə ixracı 20,9 faiz, tərəvəz ixracı isə 58,4 faiz artıb. Bu il də artım davam edir. Belə ki, 2018-ci ilin birinci yarısında meyvə ixracında 70,6 faiz, tərəvəz ixracında isə 10,3 faiz artıma nail olunmuşdur. İstehsalı və ixracı artırmaq üçün müxtəlif stimullaşdırma mexanizmləri tətbiq edilir, "Made in Azerbaijan” brendinin təşviqi məqsədilə Rusiyaya ixrac missiyaları təşkil edilir. Rusiyaya bu ilin sonunadək yeni təşkil ediləcək ixrac missiyalarında nəzərdə tutulur ki, Azərbaycanın 30-dan çox şirkətinin məhsulları sentyabrda qonşu ölkədə keçiriləcək "Worldfood Moscow” sərgisində vahid ölkə stendində nümayiş etdirilsin.
İki qonşu xalqın ticari əlaqələrinin uzun və zəngin tarixçəsi mövcuddur. Məhz belə amillərin sayəsində Azərbaycanın xaricdə ilk ticarət nümayəndəliyi məhz Rusiya Federasiyasında yaradılmışdır. Bu il isə Həştərxanda Heydər Əliyev Fondunun dəstəyi ilə açılmış Azərbaycan İş Mərkəzi də iqtisadi əlaqələrin genişlənməsində xüsusi çəkiyə malik olacaqdır. Bu ilin sonunadək İş Mərkəzində şərab və çay evlərinin fəaliyyətə başlaması, Yekaterinburq şəhərində Azərbaycan Ticarət Evinin, Moskva və Sankt-Peterburq şəhərlərində isə Azərbaycan Şərab evlərinin açılması planlaşdırılır. Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması, Moskvadakı Ümumrusiya Sərgi Mərkəzində Azərbaycan pavilyonunun yaradılması istiqamətində görülən işlər ticarət əlaqələrinin genişlənməsinə verilən əhəmiyyətli töhfələrdir.
Azərbaycan-Rusiya iqtisadi-ticari əlaqələrinin inkişafında Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının fəaliyyəti də xüsusi qeyd edilməlidir.
Bütün bunlardan başqa iki dövlət arasında qarşılıqlı investisiya qoyuluşları və birgə layihələr həyata keçirilir. Onu da qeyd etmək yerinə düşərdi ki, Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından artıq, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard ABŞ dollarından artıq investisiya yatırmışdır. Eyni zamanda respublikamızda Rusiya kapitallı şirkətlərin sayı 700-dən çoxdur.
"SOCAR Polymer” layihəsi və Pirallahı Sənaye Parkında yaradılan Azərbaycan-Rusiya birgə əczaçılıq müəssisəsi iqtisadi əməkdaşlığımızın mükəmməlliyini təsdiq edən önəmli nümunələrdəndir. Onu da diqqətə çatdırmaq lazımdır ki, "SOCAR Polymer” polipropilen qurğusu artıq fəaliyyət göstərir, yüksək təzyiqli polietilen qurğusu bu ilin sonunadək istismara veriləcəkdir. Bundan başqa, əczaçılıq zavodunda qablaşdırma xətti də qarşıdakı ildə istifadəyə veriləcəkdir. Hazırda Gəncə Avtomobil Zavodunda "KamAZ” markalı yük maşınları yığılır, Hacıqabul Sənaye Məhəlləsində kiçiktonnajlı "QAZ” markalı avtomobillərin yığılması üçün zavod tikiləcəkdir.
Azərbaycan həmçinin Rusiyanın federal subyektləri ilə sıx əməkdaşlıq edir. Belə ki, Azərbaycan şirkətləri Yessentukidə "İstoçnik” sanatoriya-turizm mərkəzini, Krasnodarda meyvə-tərəvəz konservləri və çay istehsalı zavodlarını, Jeleznovodskda və Kislovodskda sanatoriya-mehmanxana komplekslərinin tikintisini uğurla reallaşdırırlar.
Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının perspektivləri ilə bağlı onu demək lazımdır ki, ölkəmiz bu əlaqələrin genişlənməsinə xüsusi önəm verir. Sənaye, neft maşınqayırması, turizm, tranzit, Rusiya şirkətlərinin Azərbaycanda yaradılan sənaye parklarında və aqroparklarda investor kimi iştirakı, birgə müəssisələrin yaradılması, regionlararası əməkdaşlığın genişləndirilməsi və sair sahələrdə əməkdaşlıq üçün sonsuz imkanlar mövcuddur. Hər iki tərəf bu əlaqələrin dinamik inkişafında maraqlıdır.

Bahadur İMANQULİYEV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video