17 Sentyabr 2018 21:10
698
Elm və texnika
A- A+

“Akademik Rəfiqə Əliyeva adına Qızıl orden” ictimai mükafatı təsis edilib


"Mənim Azərbaycanım” beynəlxalq jurnalının redaksiya şurasının növbəti iclasında görkəmli alim Rəfiqə Əliyevanın anadan olmasının 86 illiyi şərəfinə "Akademik Rəfiqə Əliyeva adına Qızıl orden” ictimai mükafatı təsis olunması haqqında qərar qəbul edilib.

AZƏRTAC xəbər verir ki, iclasda "Mənim Azərbaycanım” jurnalının redaksiya şurasının fəxri üzvləri – Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin Moldova, Ukrayna, Rumıniya, Macarıstan və Bolqarıstan üzrə rəsmi nümayəndəliyinin rəhbəri, tanınmış hüquqşünas, redaksiya şurasının fəxri sədri Aureliya Qriqoriu, Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tətbiqi sənət və dizayn kafedrasını dosenti, jurnalın redaksiya şurasının sədri Fəxriyyə Xələfova, BDU-nun ekoloji kimya kafedrasının müdiri, professor, "Mənim Azərbaycanım” jurnalının redaksiya şurasının fəxri üzvü Sevinc Hacıyeva, BDU-nun Qafqaz xalqlarının tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi, "Mənim Azərbaycanım” jurnalının redaksiya şurasının fəxri üzvü İradə Hüseynova, "Mənim Azərbaycanım” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Emil Nəsirli, "Mənim Azərbaycanım” beynəlxalq jurnalının baş redaktorunun birinci müavini Fikrət Nağıyev və başqaları iştirak ediblər.

Jurnalın redaksiya şurasının sədri Fəxriyyə Xələfova tədbiri açaraq məşhur alim, akademik Rəfiqə Əliyevanın səmərəli elmi fəaliyyəti, onun respublikada kimya elminin inkişafına töhfəsi barədə söhbət açıb. Fəxriyyə Xələfova deyib: "Azərbaycanda analitik kimya sahəsində ilk və yeganə qadın akademik Rəfiqə Əliyeva böyük elmi nailiyyətlər qazanıb. O, elmin və təhsilin vəhdətini yaratmış unudulmaz şəxsiyyətlərdən biridir”.

Jurnalın redaksiya şurasının fikrincə, akademik Rəfiqə Əliyeva adına Qızıl orden elmi-tədqiqat fəaliyyətində məxsusi xidmətləri olan, mədəniyyətin və incəsənətin inkişafına, xalqlar arasında sülhün, dostluğun və əməkdaşlığın möhkəmlənməsinə görkəmli töhfələr vermiş, parlaq idman nailiyyətləri qazanmış, elmi-texniki tərəqqiyə şərait yaradan sanballı kəşflər etmiş, maarif, təhsil, ictimai həyat sahələrində və sosial sferada nailiyyətlərə imza atmış vətəndaşların təltif olunması üçün təsis edilib.

"Mənim Azərbaycanım” jurnalının redaksiya şurasının fəxri üzvü Aureliya Qriqoriu qeyd edib ki, akademik Rəfiqə Əliyeva adına Qızıl orden ilə təkcə Azərbaycan vətəndaşları deyil, digər ölkələrin vətəndaşları da təltif edilə bilər. Namizədliyi irəli sürülən şəxs bu ordenlə "Mənim Azərbaycanım” beynəlxalq jurnalının ekspert-redaksiya şurasının qərarına müvafiq olaraq təltif edilir.

Akademikin ailəsinin adından çıxış edən qızı - BDU-nun ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva tədbir iştirakçılarına minnətdarlığını bildirib və akademik Rəfiqə Əliyevanın məhsuldar elmi fəaliyyəti, onun yüksək mənəvi keyfiyyətləri barədə söhbət açıb, alim haqqında xatirələrini bölüşüb. Sevinc Hacıyeva deyib: "Rəfiqə xanım elə şəxsiyyətlərdəndir ki, onlar dünyalarını dəyişəndən sonra da həyatları davam edir. Ölkəmizin ictimai-sosial həyatında, elmin və təhsilin inkişafında mühüm rol oynamış Rəfiqə xanım onu tanıyanların hər birinin xatirəsində qayğıkeş pedaqoq və alim kimi yaşayır, bu insanlar onu ən xoş duyğularla xatırlayırlar. Rəfiqə xanım onların bəzilərinin müəllimi, digərlərinin elmi rəhbəri və qayğıkeş məsləhətçisi, başqaları üçün çətin, böhranlı anlarda onlara təsəlli verə biləcək dost və əvəzedilməz həmkar, nəhayət, gözəl ana idi. Həyatını kimya elminə həsr etmiş Rəfiqə Əliyeva həm də istedadlı pedaqoq olub. Yarım əsrdən artıq müddətdə pedaqoji fəaliyyətlə məşğul olmuş bu alim bütün bilik və bacarıqlarını yüksək ixtisaslı kadrlar hazırlanmasına sərf edirdi. O, öz dərin biliklərini və zəngin təcrübəsini sonrakı nəsillərə çatdırmağı bacaran bir alim kimi böyük elmi məktəb yaradıb. Onun şagirdləri təkcə Azərbaycanda deyil, MDB-nin, ABŞ-ın, Kanadanın, Yaponiyanın, Cənubi Koreyanın, Avstraliyanın, İsrailin, Türkiyənin və Avropa ölkələrinin aparıcı elmi mərkəzlərində və universitetlərində çalışırlar. Onlar xalqımıza böyük nüfuz qazandırıblar. Bu cür tale heç də hər bir alimə qismət olmur. 450-dən çox elmi iş, 25 dərslik və dərs vəsaiti, 20 patent – bunlar Rəfiqə Əliyevanın çoxillik fəaliyyətinin diqqətəlayiq nəticələridir. Bundan əlavə, onun rəhbərliyi altında 20-dən çox fəlsəfə doktoru və elmlər doktoru hazırlanıb”.

Fəxriyyə Xələfova bildirib ki, Rəfiqə Əliyevanın şərəfinə mükafat təsis etmək təşəbbüsü təbiidir, çünki onun şəxsiyyəti hədsiz ehtirama layiqdir. Onun xatirəsi əbədiləşdiriləcək, onun adı elm, təhsil, maarifçilik tarixinə qızıl hərflərlə yazılıb. Bu orden həm də yeni nailiyyətlər üçün əlavə stimul ola bilər. Dünya praktikasında görkəmli şəxsiyyətlərin şərəfinə ordenlər, medallar və digər mükafatlar təsis olunması metodundan tez-tez istifadə edilir.

"Mənim Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli, Azərbaycanın Əməkdar müəllimi İradə Hüseynova, "Mənim Azərbaycanım” beynəlxalq jurnalının baş redaktorunun birinci müavini Fikrət Nağıyev və başqaları öz çıxışlarında qeyd etdilər ki, 2018-ci il sentyabrın 20-də görkəmli alim, Əməkdar elm xadimi, "Şöhrət” ordenli Rəfiqə Əlirza qızı Əliyevanın 86 illiyi tamam olur. "Akademik Rəfiqə Əliyeva adına Qızıl orden” mükafatının təsis olunması haqqında qərar bu yubileyə həsr edilib.

Təsadüfi deyil ki, dünya elminə qiymətli töhfələr vermiş, həyatını öz xalqına həsr etmiş insanlar heç vaxt unudulmur, onların xatirəsi əbədi yaşayır. Onlardan biri də fədakar alim və böyük pedaqoq Rəfiqə Əliyevadır. "Mənim Azərbaycanım” beynəlxalq jurnalının redaksiya şurasının üzvləri deyiblər: "Biz əminik ki, akademik Rəfiqə Əliyevanın adını daşıyan bu yüksək mükafata layiq görülmək zəmanəmizin hər bir xadimi üçün böyük şərəf olacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video