Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

12:50 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
03:45 20.11.2018 ZƏFƏRLƏR PARTİYASI
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 100 YAŞLI “AZƏRBAYCAN"
100 YAŞLI “AZƏRBAYCAN"
ANA SƏHİFƏ / SİYASƏT
01:59 15.09.2018


"Səni yüz yaşa” - ulularımızın ən çox sevdiyi alqışlardandır. Ömrü Allah versə də, nədənsə çox azına bu qədər pay ayırır.
Ancaq seçilmişlərə yüz il yaşamaq nəsib olur!
Onlardan biri də bu gün 100 yaşını qeyd etdiyimiz rəsmi dövlət qəzeti, Azərbaycan Respublikası Milli Məclisinin orqanı "Azərbaycan” qəzetidir.
"Azərbaycan”ın dünyaya gəlişi qeyri-adi, keçdiyi "həyat yolu” bənzərsiz, taleyi uğursuz, həm də şərəfli olub.
Bu bir cümlənin içərisində maraqlı tarix, dərin və zəngin mənalar gizlənib. Onları birlikdə nəzərdən keçirək.
Müstəqil dövlət olmaq, azad və müstəqil yaşamaq hər bir xalqın arzusudur. Lakin hamı bu istəyini gerçəkləşdirə bilmir. Çünki müstəqil dövlət qurmağın da, onu yaşatmağın da şərtləri çətindir, hər kəs üçün əlçatan deyil!
Ən əvvəl, vətən saydığın ərazin, torpağın olmalıdır. Sonra yeraltı, yerüstü sərvətin, torpaq-iqlim şəraitin xalqını rahat yedirib saxlamağa kifayət etməlidir. Ən nəhayət, qurduğun dövləti idarə və müdafiə etməyi, dünya birliyinə daxil olmağı, dövlətlərlə siyasi, iqtisadi və diplomatik münasibətlər yaradaraq özünü təsdiq etməyi, tanıtmağı və əməkdaşlığı da bacarmalısan!
XX əsrin əvvəllərində dünya çalxalanmağa, bulanmağa, müharibələr alovunda yanmağa başladı. Bu təlatümlər bəzi imperiyaların dağılmasına da səbəb oldu. Odur ki, həmin imperiyaların tərkibində yaşayan xalqlara müstəqilliyə qovuşmaq, öz dövlətini yaratmaq şansı yarandı. İstəyi, münasib şəraiti və tələb olunan şərtlərə cavab vermək imkanı olan xalqlar ələ düşən fürsətdən bəhrələnməyə cəhd etdilər.
Onlardan biri də çar Rusiyasının tərkibində olan Azərbaycan idi!
Avropada və Rusiyada inqilabi ideyaların, demokratik fikirlərin genişləndiyi bir vaxtda Azərbaycanda da yeni ziyalılar nəsli yetişirdi. Müxtəlif ölkələrdə ayrı-ayrı ixtisaslar üzrə təhsil alaraq vətənə qayıdan həmin gənclər həm də özləri ilə təzə ab-hava gətirirdilər. Əvvəlcə mədəni muxtariyyət, sonra müstəqil dövlət qurmaq uğrunda mübarizəyə başlayan bu insanlar çox çətinlikdən sonra maneələrə üstün gəlməyə, məqsədlərinə çatmağa nail oldular.
Beləliklə, 28 may 1918-ci ildə "İstiqlal Bəyannaməsi” qəbul edilərək Azərbaycanın dövlət müstəqilliyi elan edildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixli sərəncamında bu barədə deyilir: "Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü”.
Sərəncamda Xalq Cümhuriyyətinin demokratik prinsiplərə, insan haqlarının qorunmasına yetirdiyi diqqətə də yüksək qiymət verilir: "Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq, bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi”.
Cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə imzaladığı bu sənəddə bugünün müstəqil Azərbaycanının əsrin əvvəllərində yaradılan, lakin 23 aydan artıq yaşaya bilməyən dövlətin varisi olduğunu da xüsusi qeyd edir: "1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 may gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir”.
***
Xalqın ürəyində bəslədiyi ən müqəddəs arzu həyata keçdi. Bununla bağlı "İstiqlal Bəyannaməsi”nin 1-ci bəndində deyilir: "Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənub-Şərqi Qafqaziyanı əhatə edən Azərbaycan da tamhüquqlu müstəqil bir dövlətdir”.
Lakin ulu öndər Heydər Əliyevin dediyi kimi, müstəqil dövləti yaşatmaq müstəqilliyi elan etməkdən qat-qat çətindir! Tarix dahi rəhbərin bu fikrinin həqiqiliyini dəfələrlə sübuta yetirib. Azərbaycan adlı müstəqil dövləti quranları qarşıda ciddi çətinliklər və sınaqlar gözləyirdi. Onlar bir çox problemlərin həllinə nail oldular, Azərbaycanı dünya birliyinə tanıtdılar, dövlət quruculuğu sahəsində müəyyən uğurlar qazandılar. Təəssüf ki, qurduqları dövlətin taleyi də öz taleləri kimi uğursuz oldu! Lakin çəkdikləri zəhmət, gördükləri iş itmədi. XX əsrin sonlarında Azərbaycan yenidən dövlət müstəqilliyini elan etdi, ulu öndər Heydər Əliyev isə müasir Azərbaycanın qurucusuna və memarına çevrilərək onu yaşatmağı, əbədiliyə çevirməyi bacardı!
Görüləcək işlər nə qədər çox olsa da, onların təbliği, yeni hökumətin fəaliyyətinin işıqlandırılması, qəbul edilən qərarların və qanunların xalqa çatdırılması da böyük əhəmiyyət kəsb edirdi. Odur ki, yeni qəzetin yaradılmasına da ciddi ehtiyac duyulurdu. Lakin...
Azərbaycan dövlət müstəqilliyini müəyyən səbəblər üzündən Tiflisdə elan etmişdi. Bakıya köçmək isə hələ mümkün deyildi! Yeni hökumətin ora köçməsi üçün ilk növbədə şəhər işğalçılardan təmizlənməli idi.
Lakin ordu yox, silah-sursat yox, vəsait yox...
On səkkiz gün qürbətdə qaldıqdan sonra Azərbaycan Milli Şurası Gəncəyə köçdü. Sonra Milli Şura buraxıldı, ali qanunverici və icraedici hakimiyyət Fətəli xan Xoyski kabinetinin əlində cəmləşdi.
"Azərbaycan” qəzetinin ilk nömrəsi də məhz burada - Gəncədə, Yelizavetpol qubernatorunun mətbəəsində çap edildi.
***
Qeyd edək ki, S.Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Soveti Azərbaycan Xalq Cümhuriyyətini bələkdə boğmağa çalışırdı. Onlar iyunun 10-da 18 minlik döyüşçü ilə Gəncə istiqamətində yürüşə başladılar. Göyçay ərazisində Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ilə iki həftə davam edən ağır döyüşlərdə bolşevik-daşnak ordusu darmadağın edildi! Sonra Bakıya doğru yürüşə başlandı.
Sentyabrın 15-də Qafqaz İslam Ordusu ölkə paytaxtını azad etdi və sentyabrın 17-də Azərbaycan hökuməti Nuru paşanın dəvəti ilə qatarla Gəncədən Bakıya gəldi, paytaxtın qəhrəman əsgərlərimiz tərəfindən azad edilməsi münasibətilə mitinq keçirildi, bu münasibətlə Fətəli xan Xoyski təbrik nitqi söylədi.
Hökumətin Bakıya birdəfəlik gəlişi isə sonra baş tutdu.
"Azərbaycan” qəzetinin ilk nömrəsi də (birinci nömrədə qəzetin adının sağ tərəfində "Hələlik həftədə iki dəfə nəşr olunan siyasi, elmi və iqtisadi türk qəzetəsidir” sözləri yazılıb) məhz bu hadisəyə həsr edilmişdi! Bəli, dövlətin ilk rəsmi qəzeti xoş xəbərlə nəşrə başladı və öz sevincini ilk olaraq oxucuları ilə bölüşdü!
Şübhəsiz, ilk nömrənin baş yazısı "Bakının süqutu” adlı məqalə olmuşdur. Məqalədə deyilir: "Bakının süqutu. Dün gecə Azərbaycan Cümhuriyyəti Riyasəti namına Nuri paşa həzrətləri tərəfindən böylə teleqraf kəşidə edilmişdir: "Bismihil-kərim, Bakı şəhəri, 15.9.34 saət 9 əvvəldə qitəatimiz (hissələrimiz) tərəfindən zəbt olundu.
Qafqaz İslam Ordusu komandanı Farik Nuri”.
***
"Azərbaycan”ın Gəncə dövrü on gün davam etmiş, həmin müddətdə qəzetin dörd nömrəsi işıq üzü görmüşdür. Həm də iki dildə - Azərbaycan və rus dillərində. Sonuncu, 4-cü nömrəsi 25 sentyabrda çıxmış, bundan sonra redaksiya da Bakıya köçmüşdür. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Nazirlər Şurası "Metropol” mehmanxanasında (indiki AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyində), "Azərbaycan” qəzetinin redaksiyası isə həmin bina ilə üzbəüz, Kolyubakinski (indiki Nigar Rəfibəyli) küçəsindəki Adamovlara məxsus yaşayış binasında yerləşdi (Təəssüf ki, indiyədək həmin ünvana xatirə lövhəsinin vurulması kimsənin yadına düşməmişdir). "Azərbaycan” bu sayından (5-ci nömrəsindən) özünün "gündəlik siyasi, ictimai, ədəbi, iqtisadi türk qəzetəsi” olduğunu bəyan etdi. Sərlövhənin altında "rəsmi dövlət qəzetəsi” sözləri yazılmasa da, "Azərbaycan” Xalq Cümhuriyyətimizin ilk dövlət qəzeti idi. Bu qəzet hökumət başçısının təşəbbüsü və dəstəyi ilə yaranmışdı, dövlət tərəfindən maliyyələşirdi və "Dövlət mətbəəsi”ndə gündəlik çap olunurdu. "Azərbaycan” qəzetinin Gəncə nüsxələrində olduğu kimi, Bakıda çıxan nömrələrində də Xalq Cümhuriyyətinin təkamül dialektikası, dövlət strukturlarının fəaliyyəti, qanun və qərarların icrası məsələləri prioritet sayılaraq geniş işıqlandırıldı.
Hökumətlə birlikdə Gəncədən Bakıya köçən "Azərbaycan” əslində öz fəaliyyəti ilə milli mətbuatımız tarixində yeni cığır, yeni dövr açdı.
Həsən bəy Zərdabi "Əkinçi” qəzeti ilə Azərbaycan milli mətbuatının və jurnalistikasının əsasını qoydu. "Əkinçi” özünədək olmayan bir sıra məsələləri və mövzuları qəzet səhifəsinə çıxardı. Demokratik fikir və ideyaların, elm və maarifin təbliği, dini xurafata qarşı mübarizə yazıların ana xəttini təşkil edirdi. Lakin digər - "Əkinçi”yədək başqa qəzetlərdə olmayan mövzulardan da geniş bəhs olunub. Kənd təsərrüfatına dair bilgilərin təbliğinə, ana dili, poeziya, musiqi və s. məsələlərə müəyyən yer ayrılıb.
"Əkinçi”dən sonra onun yolunu davam etdirən qəzet və jurnallar mövzu dairəsini daha da genişləndirdi. Xüsusən 1905-1907-ci illər inqilabından sonra yaranan şərait nəticəsində meydana çıxan mətbu orqanlar məişətdən tutmuş siyasətədək, mədəniyyətdən iqtisadiyyatadək ən müxtəlif mövzularda yazmış, müzakirələr açmış, fikir və mövqelər bildirmişlər. "Kaspi”, "İrşad”, "Həyat”, "Tazə həyat”, "Tərəqqi”, "Səda”, "Açıq söz” qəzetləri, pedaqoji və uşaq jurnalları, daha sonralar müxtəlif partiyalara məxsus nəşrlər mövzu palitrasını daha da zənginləşdirdilər. "Molla Nəsrəddin” jurnalının yaranması ilə Azərbaycanda satiranın və felyeton janrının inkişafına yeni nəfəs gəldi. "Molla Nəsrəddin” ədəbi məktəbi, "mollanəsrəddinçilər” adlı yeni qələm əhli söz meydanında mövqe qazandılar. Bütün bunlar dünyada gedən proseslərin nəticəsi, Azərbaycan ziyalılarının və jurnalistlərinin xalqın inkişafı yolunda gördükləri işlərin real nəticələri idi.
Bunlardan sonra yaranmasına baxmayaraq, "Azərbaycan” qəzetlər bolluğunda öz yerini tutmağa, milli mətbuatımıza yeni nəfəs və istiqamət gətirməyə, jurnalistikamızı janr və tematika cəhətdən daha da zənginləşdirməyə nail oldu. Qəzet fərdi maraqlara, partiya mənafeyinə yox, bütövlükdə dövlətə, xalqa xidmət etməyə başladı. "Azərbaycan”ın ilk redaktoru Ceyhun bəy Hacıbəyli bu məqamı nəzərdə tutaraq yazırdı: "Azərbaycan” bir firqənin, bir sinfin və ya bir kastanın orqanı deyildi. "Azərbaycan” milli bir orqan idi və feilən rəsmi hökumət heyətinin rəy və mülahizəsini izah edəcəyinə, öz yolunu sərbəstcəsinə cızıb, öz qənaətini bəyan edirdi”.
Bütün bu dəyişikliklərin əsasında o vaxtadək olmayan hadisələrin baş verməsi, qəzetin qarşısında yeni vəzifələrin dayanması, ona yeni tələblər verilməsi dururdu.
Əvvəla, tarixdə ilk dəfə olaraq Azərbaycan xalqı özünə müstəqil dövlət qurmuş, parlament yaratmış və demokratik inkişaf yolunu tutmuşdu.
İkincisi, "Azərbaycan” heç bir fərdə, siyasi partiyaya, qrupa məxsus olmayan, müstəqil dövlətə və onun maraqlarına xidmət edən yeni tipli qəzet idi.
Ən nəhayət, həmin dövrdə ilk dəfə baş verən hadisələr və proseslər qəzetin mövzu və janr cəhətdən dəyişməsini, yeniləşməsini tələb edirdi.
***
"Rəsmi dövlət qəzeti” statusu ilə çıxan hər bir orqanın hər sözü dövlətin sözü sayılır, odur ki, mövqeyi daim təmsil etdiyi dövlətin mövqeyi ilə üst-üstə düşməlidir. Təbii ki, müstəqil dövlət ilk dəfə qurulduğundan "dövlət mövqeli qəzet” anlayışı da yeni idi.
"Azərbaycan”ın qarşısında duran bir nömrəli vəzifə dövlətin gördüyü işləri xalqa çatdırmaq və təbliğ etmək idi!
"Azərbaycan” bu vəzifənin öhdəsindən uğurla gəldi.
Azərbaycan Məclisi-Məbusanının fəaliyyətə başlaması da dövr üçün təzə hal sayılırdı. Parlamentin işi, müzakirə olunan məsələlər, fikir çarpışmaları, parlament mədəniyyətinin formalaşması, qəbul edilən hüquqi aktlar və onların mahiyyəti - bütün bunlar da yeni mövzular və məsələlər idi. Bu mövzuların işıqlandırılmasında qəzetin redaktoru Üzeyir bəy Hacıbəylinin xüsusi xidmətləri olmuşdur. "Azərbaycan”da ayrı-ayrı iclasların stenoqrafik hesabatları ilə yanaşı, Üzeyir bəy tərəfindən peşəkarlıqla hazırlanan "parlament hesabatları” da müntəzəm surətdə dərc edilirdi. Bu gün həmin hesabatları oxumaqla Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin fəaliyyəti barədə geniş bilgilərə malik olmaq mümkündür.
Parlament fəaliyyəti dövründə 200-dən çox qanun qəbul etmişdir. İstər qəbul edilən qanunlar, istərsə də digər hüquqi aktlar təkcə Azərbaycan dövləti üçün deyil, xalqımız üçün də yenilik idi. Odur ki, onların bütün mətninin dərci, mahiyyətinin xalqa çatdırılması və təbliği xüsusi əhəmiyyət daşıyırdı. "Azərbaycan” bu missiyasını da layiqincə yerinə yetirmişdir.
Müstəqil daxili və xarici siyasət yürüdən dövlətin rəsmi qəzeti də bu mövzunu daim diqqət mərkəzində saxlamalı, siyasətin mahiyyətini xalqa çatdırmağı, görülən işləri təbliğ etməyi bacarmalıdır. "Azərbaycan” siyasi mövzu və məsələlərə daim önəm vermiş, Azərbaycan nümayəndə heyətinin Paris sülh konfransı ilə bağlı fəaliyyətini yetərincə işıqlandırmışdır.
***
Mətbuat tarixini araşdıranlar "Azərbaycan”ın dövrünün ensiklopedik nəşri səviyyəsinə yüksəldiyini söyləyirlər. Əgər bunun səbəblərindən biri dövrlə, yeni tipli dövlətin qurulması və onun inkişafı ilə bağlı görülən çoxcəhətli işlərin ilk dəfə qəzetdə işıqlandırılması ilə bağlı idisə, digər səbəb qəzetin redaktor və müəlliflərinin yüksək savadı və dünyagörüşü, müasir düşüncə tərzi və yazı yazmaq bacarığı, peşəkarlığı ilə bağlı idi. Məsələn, Üzeyir bəyin parlamentdən hazırladığı hesabatlar "stenoqrafik” xarakterli deyil. Yəni kim nə deyibsə, onu oxucuya çatdırmaqla kifayətlənməyib. Müzakirə və mübahisələrin "kökünə gedib”, bəhs olunan məsələyə müəyyən aydınlıq gətirib, xeyli maarifçilik işi aparıb. Əslində bu şərhlərdə cümhuriyyət dövrü parlamenti özünün "ikinci həyat”ını yaşayıb.
Qəzetin digər yazarları da geniş dünyagörüşləri, mövzulara dərindən bələdlikləri, fikirlərini sərbəst, anlaşıqlı və maraqlı formada oxucuya çatdırmaq məharətləri ilə fərqləniblər. Bu mənada "Azərbaycan” qəzeti dil-üslub cəhətdən də həmin dövrdə çıxan bir sıra qəzetlərdən müsbət mənada fərqlənib. Azərbaycan dilinin imkanlarından bu qəzetdə daha bacarıqlı istifadə edilib. Heç də təsadüfi deyil ki, qəzetin əməkdaşları və daimi müəllifləri arasında xeyli sayda yazıçı, şair və dramaturq da olub.
***
"Azərbaycan”ın həm cümhuriyyət, həm də müasir dövrdəki fəaliyyətinə ən yüksək qiyməti ulu öndər Heydər Əliyev verib. Qəzetin 80 illiyi münasibətilə onun 15 sentyabr 1998-ci ildə redaksiyaya ünvanladığı təbrik məktubunda deyilir: "1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlamış "Azərbaycan” qəzeti yarandığı gündən milli-azadlıq mübarizəsinin ön sırasında addımlamış, xalqımızın çoxillik arzu və istəklərinin ifadəçisinə çevrilmiş, onun mənəvi dəyərlərinin, ictimai-siyasi ideyalarının formalaşması işinə önəmli töhfə vermişdir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra fəaliyyətini dayandıran "Azərbaycan” qəzeti xalqımızın 1991-ci ildə yenidən müstəqillik qazanması ilə öz fəaliyyətini bərpa etmiş, azadlıq və suverenlik ideyalarının həyata keçirilməsində fəal surətdə iştirak etmişdir. Ölkəmizin mütərəqqi mətbuat ənənələrini ləyaqətlə davam etdirən "Azərbaycan” qəzeti bu gün demokratiyanın, siyasi plüralizmin, aşkarlığın təmin edilməsində müstəsna rol oynayır. Onun səhifələrində Azərbaycan həqiqətləri, ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, iqtisadi islahatların həyata keçirilməsi, sağlam mənəvi-psixoloji mühitin, vətəndaş həmrəyliyi və milli birliyin yaradılması sahəsində aparılan məqsədyönlü işlər və ictimai-siyasi proseslər qərəzsiz işıqlandırılır”.
Həmin məktubda qəzetin fəaliyyəti yüksək qiymətləndirilməklə yanaşı, kollektivin üzərinə düşən məsul vəzifələr də aydın və yığcam şəkildə göstərilmişdir: "İnanıram ki, fəaliyyət göstərdiyi bütün dövrlərdə öz yüksək amallarına dönməz sədaqət göstərmiş "Azərbaycan” qəzetinin kollektivi bundan sonra da respublikamızda baş verən həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında, dünyaya yayılmasında yüksək professionallıq, obyektivlik, prinsipiallıq, əsl dövlətçilik və vətəndaşlıq mövqeyi nümayiş etdirərək xalqımızın mütərəqqi mətbuat ənənələrini layiqincə davam etdirə biləcək”.
***
Jurnalistikada maraqlı bir fikir var: hər bir qəzet öz redaktoruna bənzəyir!
Bəli, redaktorun dünyagörüşündən, savadından, qəzetçiliyin qayda və prinsiplərinə bələdliyindən və zövqundən çox şey asılıdır. Əslində qəzet redaktoru qəzetin simasının - həm məzmun, həm də dizayn cəhətdən - müəyyənləşməsində əsas rol oynayır. Doğrudur, dövlət nəşrlərində ümumi istiqaməti redaktor təyin etmir. Amma həmin istiqamətə xidmət göstərən müxtəlif yazıların hazırlanması, ümumi hədəfə tuşlanan ayrı-ayrı materialların nə vaxt işlənərək səhifəyə qoyulması, illüstrativ materialların seçilməsi, sərlövhə, sərlövhəaltı, rubrika və podborkaların müəyyənləşməsində əsas söz sahibidir. Adətən yaradıcı kollektiv redaktorun zövqünə köklənir.
"Azərbaycan”ın birinci dövründə müxtəlif vaxtlarda dörd redaktoru olub. Onların hər biri yüksək savadı, müasir dünyagörüşü, Avropa mədəniyyətinə və elminə dərindən bələdliyi, cilalanmış qələmi və fitri istedadı ilə fərqlənib. Rəsmi qəzetdə işləyənədək çoxsaylı qəzetlərlə əməkdaşlıq etmiş, bəzilərində çalışmış, imzaları tanınmış və kifayət qədər təcrübə toplamışdılar.
"Azərbaycan”ın redaktorları barədə tərcümeyi-hal xarakterli qısa informasiyaları diqqətə çəkirik.
Cümhuriyyət dövründə "Azərbaycan” qəzetinin (Azərbaycan və rus dili variantlarının) dörd redaktoru olub. Nömrələr üzrə redaktorlar belə paylaşıb: 6-cı nömrədən "Azərbaycan”ın, 5-ci nömrədən isə rus dilindəki "Azerbaidjan”ın redaktorları Ceyhun bəy Hacıbəyli və Şəfi bəy Rüstəmbəyli, 50-ci nömrədə müdir göstərilmir, 51-ci nömrədən 1919-cu ilin 16 yanvarında çıxmış 89-cu nömrəyə qədər müdir və baş mühərrir Ceyhun bəy Hacıbəyli, 89-cu nömrədən 4 iyul 1919-cu il tarixli 216-cı nömrəyə qədər müvəqqəti müdir Üzeyir bəy Hacıbəyli, 4 iyul 216-cı nömrədən 1 sentyabr 265-ci nömrəyə qədər müvəqqəti müdir Xəlil İbrahim, 1 sentyabr 265-ci nömrədən 31 dekabr 1919-cu il tarixli 358-ci nömrəyə və 1 yanvardan 28 aprel 1920-ci il tarixli 85-ci nömrə də daxil olmaqla müdir Üzeyir bəy Hacıbəyli olmuşdur.
ÜZEYİR BƏY HACIBƏYLİdən başqa "Azərbaycan”ın bütün redaktorlarının həyatı məşəqqətli və faciəli sonluqla başa çatmışdır. Üzeyir bəy Hacıbəylini isə musiqi dühası həbs, sürgün və ya güllələnmədən xilas etmişdir! Sovet dövründə ona hücumlar olmuş, müsavatçı damğası vurmaqla həbsinə cəhdlər göstərilmişdir. Belələrinə cavab da vermişdi: "Danışırlar ki, "Azərbaycan” qəzeti guya "Müsavat” partiyasına məxsus firqəvi bir qəzet imiş. Bu fəqərə barəsində bunu bəyan etməyi lazım bilirəm ki, qəzetimiz partiya qəzeti deyildir. "Azərbaycan” qəzetinin məsləki vətən istiqlalı yolunda çalışmaqdan ibarətdir”.
Üzeyir bəy öz xoşu ilə heç bir partiyaya üzv olmamışdır. Lakin 1938-ci ildə Stalinin göstərişi ilə namizədlik stajı keçmədən birbaşa Sov.İKP sıralarına qəbul edilmiş və öz əcəli ilə dünyasını dəyişmişdir.
CEYHUN BƏY HACIBƏYLİ "Azərbaycan” qəzetinin ilk redaktorlarından biri olub. 1891-ci ildə anadan olan Ceyhun bəy Üzeyir bəyin qardaşı idi. Dünyagörüşünün formalaşmasında və jurnalistika sahəsindəki uğurlarında qardaşı Üzeyir bəyin böyük rolu və təsiri olmuşdur. 1910-1916-cı illərdə Peterburq Universitetində oxumuş, sonra isə Fransanın Sorbonna Universitetini bitirərək vətənə qayıtmış, "İrşad”, "Tərəqqi”, "İttihad”, "Bakı”, "Proqres”, "Kaspi” və başqa mətbu orqanlarla əməkdaşlıq edərək yüzlərlə məqalə yazmışdır. Onun "Azərbaycan”a rəhbərliyi dövründə qəzetin ətrafına dövrün tanınmış ziyalıları, ictimai-siyasi xadimləri, millət fədailəri toplaşmışlar.
1919-cu ildə Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin Parisdə Versal sülh konfransına göndərdiyi nümayəndə heyətinin tərkibinə Məmmədhəsən Hacınski, Əhməd bəy Ağayev, Əkbərağa Şeyxülislamov, Məhəmməd Məhərrəmov və Miryaqub Mirmehdiyevlə bərabər Ceyhun bəy Hacıbəyli də daxil edilir.
Səfərdə əsas məqsəd Azərbaycan Xalq Cümhuriyyətini beynəlxalq aləmdə tanıtmağa nail olmaq idi. 1919-cu ilin yanvarından 1920-ci ilin yanvarına qədər fasilələrlə davam edən həmin konfransda Antanta Azərbaycan Cümhuriyyətinin istiqlaliyyətini tanıdı. Bu, Sovet Rusiyasının qəzəbinə səbəb oldu.
Ceyhun bəy Parisdə olarkən AXC süqut edir. Sovet hökumətinin Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyətini ona heç zaman bağışlamayacağını yaxşı bilən Ceyhun bəy vətənə qayıtmağa ehtiyat edir. Üzeyir bəyin də qardaşının bağışlanaraq geriyə dönməsi üçün dəfələrlə əlaqədar təşkilatlara müraciəti cavabsız qalır.
Ceyhun bəy Hacıbəyli xaricdə çox çətin durumda yaşayırdı. Üzeyir bəyin ömrünün sonuna qədər göndərdiyi müəyyən məbləğdə pul yardımı olmasaydı, kim bilir, güzəranı necə keçərdi. Hələ bu azmış kimi, öz adını daşıyan oğlu Ceyhunun 1937-ci ildə Paris Hərbi Akademiyasını bitirəndən sonra alman faşizminə qarşı vuruşmaq üçün cəbhəyə gedərək döyüşdə həlak olması onun vətən həsrətinin üzərinə oğul dərdi də gətirir...
Xaricdə Azərbaycan ədəbiyyatını, incəsənətini, tarixini yetərincə təbliğ edən Ceyhun bəy Hacıbəyli 1962-ci ildə Fransada vəfat edərək Parisin Sen-klu qəbiristanlığında torpağa tapşırılıb.
ŞƏFİ BƏY RÜSTƏMBƏYLİ "Azərbaycan”ın rus variantının ilk redaktoru olub. O, eyni zamanda, Azərbaycan parlamentinin deputatı idi. 1893-cü ildə Ağdaş qəzasının Məmmədli kəndində doğulmuş, orta təhsilini Gəncədəki klassik gimnaziyada almışdı. 1911-ci ildə Kiyev Universitetinin Hüquq fakültəsinə daxil olmuş, 1916-cı ildə oranı bitirmişdi. Kiyev həyatı onun ictimai-siyasi xadim kimi yetişməsində böyük rol oynamışdı. Universitetdə yaradılmış Azərbaycan Həmyerlilər Təşkilatının başçılarından və fəal üzvlərindən olmuşdur. 1917-ci ildə Bakıda keçirilən Azərbaycan müsəlmanlarının qurultayında, habelə həmin ilin may ayında Moskvada baş tutan Rusiya müsəlmanlarının qurultayında iştirak etmişdir. Şəfi bəy Azərbaycan Milli Şurasının Tiflisdə və Gəncədə yaranmış bölmələrində çalışmış, dövlət qurumlarının yaradılmasında böyük əmək sərf etmişdir. O, "Azərbaycan” qəzetinin baş redaktoru və parlament üzvü olmaqla yanaşı, AXC-nin Daxili İşlər Nazirliyinin dəftərxana müdiri, 1920-ci il martın əvvəllərindən isə nazir müavini vəzifələrini icra etmişdir.
1920-ci il 28 aprel hadisələrindən sonra Şəfi bəy Rüstəmbəyli Tiflisə köçməli olur. 1921-ci ilin fevralında Gürcüstan da qırmızı ordu tərəfindən işğal edildikdən sonra Türkiyəyə - İstanbula köçür və ömrünün qalan hissəsini mühacirətdə sıxıntı içərisində keçirir.
...Şahidlər söyləyirlər ki, parlamentin son iclasında M.Ə.Rəsulzadə dərin bir kədər və hüznlə istilanın Azərbaycana yetişdiyini söyləyərkən arxadan hönkürtü ilə ağlamaq səsi eşidilir və hamı kədərlə geriyə dönür. Ağlayan "Azərbaycan” qəzetinin baş redaktoru Şəfi bəy Rüstəmbəyli idi!
O, gənc bir dövlətin süqutuna və gələcəkdə yaşayacağı həsrət dolu kədərli ömrünə sanki irəlicədən yas tuturdu...
XƏLİL İBRAHİM ibtidai təhsilini Şuşada almış, realnı məktəbi isə Bakıda bitirmişdi. Bədii və publisistik yaradıcılıqla məşğul olan Xəlil İbrahim mücadilə tariximizə ədəbiyyat, mədəniyyət xadimi, eyni zamanda ictimai xadim, tənqidçi, teatrşünas və tərcüməçi kimi daxil olmuşdur. Xalq Cümhuriyyəti yıxıldıqdan sonra Xəlil İbrahim qürbətə üz tutmayaraq vətənində qalır, ədəbi-bədii yaradıcılıqla məşğul olur.
1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin nəzdində elmi terminologiyanın işlənib hazırlanması üzrə komissiya yaradılır. Xəlil İbrahim əvvəlcə bu komissiyanın üzvü, sonra isə məsul katibi olur. Müxtəlif sahələr üzrə terminologiyanın hazırlanmasında fəal iştirak edir və komissiyanın "Dilimizin silahı” adlı mətbu orqanının redaktoru olur. 1930-cu ildən başlayaraq "Azərnəşr”də bədii ədəbiyyat üzrə redaktor işləyən X.İbrahim ictimai-siyasi ədəbiyyatın, dünya ədəbiyyatı klassiklərinin (Şekspir, Şiller, A.Tolstoy və başqaları) ana dilimizə tərcüməsinə xüsusi əmək sərf edir. İctimai xadim Xəlil İbrahim ictimai-siyasi məsələlərlə bağlı, mədəni-maarif, teatr, dil və ədəbiyyat problemlərinə aid 200-dən çox məqalənin müəllifidir.
Heç kəs unudulmur, heç nə yaddan çıxmır! Qırmızı hökumət Xəlil İbrahimin bir zamanlar "Azərbaycan” qəzetinə redaktorluq etdiyini unutmamışdı. 1938-ci ilin qaranlıq gecələrinin birində Xəlil İbrahimin də qapısı döyüldü. Bir neçə gün çəkən "ənənəvi” sorğu-sualdan sonra "Azərbaycan”a redaktorluq etmiş bu insanı "xalq düşməni” ittihamı ilə 25 martda - 45 yaşı tamam olan gün güllələdilər!
***
Tale elə gətirib ki, Şimali Azərbaycan bir əyalət (yaxud "müttəfiq respublika”) kimi uzun müddət Rusiyanın tərkibinə qatılıb. Əlbəttə, bunların heç biri (təqdimedilmə formasına baxmayaraq) könüllü şəkildə baş verməyib, milli sərvətimizin hansısa formada mənimsənilməsinə xidmət edib. Hər dəfə Rusiya imperiyası zəifləyəndə və ya parçalananda tərkibindəki dövlətlər müstəqilliyə can atıblar. Bu, 1917-ci ilin rus inqilabları nəticəsində Rusiyada çar mütləqiyyətinin yıxılması zamanı da, qırmızı imperiyanın çöküşü vaxtı da belə olub. Lakin heç bir dönəmdə bu dəyişikliklər, xüsusən müstəqillik arzusunun gerçəkləşdirilməsi asan başa gəlməyib, qansız ötüşməyib! Əvvəla, belə bir niyyətə görə Azərbaycan xalqına ciddi "qulaqburması” verilib, müxtəlif üsullarla cəzalandırılıb. Sonra isə hazır "Qarabağ kartı”ndan istifadə olunub. Alət millət sayılan ermənilər qızışdırılaraq və silahlandırılaraq üstümüzə göndərilib, onlara təkcə hərbi yox, digər sahələrdə də dəstək verilib. Üstəlik Azərbaycan ərazilərindən qoparılan torpaqlar hesabına Cənubi Qafqazda erməni dövləti yaradılıb.
Ötən əsrin sonlarında SSRİ-nin çöküşü zamanı da belə oldu! Yenə tarix təkrarlandı, yenə məlum ssenari işə salındı.
İkinci dəfə müstəqillik yoluna qədəm qoyan Azərbaycan yenə eyni problemləri həll etməli oldu.
XX əsrin 80-ci illərinin sonlarında SSRİ-yə rəhbərlik edən M.Qorbaçov (Sov.İKP-nin Baş katibi, faktiki dövlət rəhbəri) superdövləti dağılmaqdan xilas etmək üçün müxtəlif vasitələrə əl atdı (Sonralar onun kapitalist dünyası tərəfindən ələ alınaraq SSRİ-nin dağıdılmasında istifadə edildiyi barədə söz-söhbət yayıldı). Ağıl, bacarıq və intellekt sarıdan lazımi səviyyədə olmadığından onun "yenidənqurma” adı ilə başladığı oyun istənilən nəticəyə gətirmədi. Başqalarına görk olsun deyə bəzi müttəfiq respublikaların cəzalandırılma aktları da lazımi effekti vermədi. Əksinə, SSRİ rəhbərliyinə nifrəti artıraraq mərkəzdənqaçma meyillərini daha da gücləndirdi. 1990-cı ildə Bakıya ordu qüvvələri yeridilərək 20 Yanvar qırğınının törədilməsi də bu qəbildən idi.
Günahsız və silahsız insanların öldürülməsi təkcə əli Azərbaycan xalqının qanına batmış M.Qorbaçova deyil, bütövlükdə sovet ordusuna və Sovet İttifaqı Kommunist Partiyasına qarşı nifrətə çevrildi. İnsanlar partiya sıralarını kütləvi şəkildə tərk etməyə, partiya biletlərini nümayişkaranə şəkildə yandırmağa başladılar. Artıq Sov.İKP-nin siyasi meydanı, ilk növbədə dövlətə rəhbərliyi tərk etməsi, ölkənin beynəlxalq qayda və prinsiplər əsasında idarə edilməsi zərurətə çevrilirdi. M.Qorbaçov SSRİ-nin birinci və sonuncu prezidenti oldu, Sov.İKP vahid partiya statusunu itirdi, zorla SSRİ-nin tərkibinə qatılmış müttəfiq respublikaların müstəqilliyinə şərait yarandı. Müttəfiq respublikaların parlamentləri daimi işlək quruma çevrildi, prezidentlik idarəetməsinə keçidə hazırlıq görüldü. Çökən SSRİ-nin "bazası” əsasında müstəqil dövlətlərin yaranacağı şübhə doğurmurdu.
Yenidən Qarabağ problemi ilə üzləşən Azərbaycan bu məsələlərdə daha həssas və fəal idi.
1990-cı ildə yeni parlament seçkiləri keçirildikdən sonra müəyyən dəyişikliklərə rəvac verildi.
***
Sovet dövründə Azərbaycanın baş qəzeti "Kommunist” sayılırdı. Qəzet Azərbaycan KP MK-nın, Azərbaycan SSR Ali Sovetinin və Azərbaycan SSR Nazirlər Sovetinin orqanı idi. Dəyişikliklər ərəfəsində "baş strukturlar”ın hər biri özünə yeni qəzet yaratmağa başladı. "Kommunist” Azərbaycan KP MK-nın orqanı kimi qaldı, Nazirlər Soveti "Respublika” adlı qəzet təsis etdi. Ali Sovet isə ənənəyə əsasən "Azərbaycan” qəzetini açmalı idi. Lakin həmin dövrdə Qarabağa Xalq Yardımı Komitəsinin "Azərbaycan” adında yeni qəzeti çıxırdı. Mövcud qanunvericiliyə görə, eyni adda iki qəzet buraxıla bilməzdi. Komitəyə məxsus "Azərbaycan” öz adını güzəştə gedərək Ali Sovetə (Milli Məclisə) qaytarmadı. Odur ki, 1991-ci ildən Ali Sovetin orqanı kimi "Həyat” qəzetinin çapına başlanıldı. Ona həm də "rəsmi qəzet” statusu verildi.
Əslində bu, "Azərbaycan” qəzetinin başqa adla bərpası, ikinci ömrünə başlaması demək idi.
"Həyat” 1992-ci ilin 22 sentyabrınadək dövlət və parlament qəzeti kimi fəaliyyət göstərdi. Cəmi 440 nömrəsi çıxdı. Sonra "Azərbaycan” adı qanuni sahibinə qaytarılaraq tarixi ədalət bərpa edildi.
"Azərbaycan” qəzeti yenidən Azərbaycan Xalq Cümhuriyyəti dövründəki missiyasının davamına başladı.
Hər bir qəzetin özü üçün müəyyən etdiyi hədəflər, qarşısına qoyduğu vəzifələr, habelə işıqlandırmalı olduğu mövzuların və məsələlərin "sanbal yükü” bir sıra parametrlərə təsir göstərir. "Azərbaycan” qəzeti də yaranışından bugünədək qarşısına qoyulan tələblərə cavab verməyə çalışıb və daim buna uyğun yaradıcı kollektivi formalaşıb.
Rəsmi dövlət qəzeti statusu daşıdığından "Azərbaycan”da səsləndirilən hər bir fikir, yanaşma, mövqe hökmən dövlətin mövqeyi ilə üst-üstə düşməlidir. "Fikir azadlığı”, "fikir plüralizmi”, "sərbəst düşüncə” və s. kimi demokratik qayda və prinsiplərə hörmətlə yanaşsa da, "Azərbaycan” üçün iki və ya çoxmövqelilik tamamilə yaddır. Dövlətin qəbul etdiyi qərarlar, dövlət başçısının fərman, sərəncam və tapşırıqları "Azərbaycan”da müzakirə edilmir, yalnız təbliğ olunur, oxucuya çatdırılır!
Yeri gəlmişkən jurnalistikamız üçün "sirr kimi” görünən bir məqama da toxunmaq istərdik. "Azərbaycan” qəzetində faktların təqdimi, şərhi, məsələyə yanaşmada xüsusilik, habelə materialların tərtibi, hansı səhifədə, hətta səhifənin harasında yerləşdirilməsi, ardıcıllığı və dizaynı ilə bağlı çox ciddi qayda və prinsiplər mövcuddur. Bunları bir yerə toplayıb sistemə salsan və "ümumi qaydalar” formasında tərtib etsən, heç qəzetin bir nömrəsinə belə sığışmaz! Lakin həmin qayda və prinsiplər heç bir jurnalistika nəzəriyyəsində yazılmayıb, jurnalistikaya dair heç bir dərsliyə düşməyib.
Deməli, bu qayda və prinsiplər heç bir universitetin jurnalistika fakültəsi və şöbələrində tədris edilmir, öyrənilmir. Bunların böyük əksəriyyəti ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib, "yazılmamış qanun” səviyyəsinə yüksəlib! Ulu öndər həm də biz jurnalistlərin yaxın dostu idi, mətbuatla daim təmas qururdu. Bütün görüşlərində, nitq, məruzə və çıxışlarında daim mətbuat işçilərini nəzərə alırdı. Nitqini elə qururdu ki, görüşdə iştirak edən jurnalist məsələnin mahiyyətini dərhal tutur, hansı faktları necə qabartmağı, məğzini oxucuya çatdırmağı öyrənir və beləliklə, yazı prosesində heç bir çətinlik çəkmirdi.
Ümummilli lider Heydər Əliyev daim redaksiyamızla əlaqə saxlayıb, tövsiyə, məsləhət və iradları ilə bizi öyrədib, peşəkarlığımızın yüksəlməsinə şəxsi töhfəsini verib.
Jurnalist yaradıcılığına bu qayğını möhtərəm Prezidentimiz İlham Əliyevdən də görürük.
***
"Azərbaycan” qəzetinin özünəməxsus elitar oxucu auditoriyası var. Bizim oxucularımız çox ciddi və tələbkardırlar. Hətta orfoqrafik səhvlərimizi belə bağışlamır, dərhal redaksiyaya zəng edərək bildirirlər. Oxucularımızın əsas hissəsi dövlət məmurları, siyasətçilər, hüquqşünaslar, iqtisadçılar, idarəetmənin müxtəlif pillələrində çalışan insanlar, öz sahələrinin biliciləri, mütəxəssislərdir. Necə deyərlər, gözlərindən heç nə yayınmır! Siyasətlə yeni maraqlananlar, idmançı gənclər, xaricdə yaşayan soydaşlarımız (internet versiyası əsasında) daimi oxucular sırasındadır. Bütün bunlar bizi daim məsuliyyətli, dəqiq və obyektiv olmağa sövq edir. Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları elə bil "Azərbaycan” qəzetinin əməkdaşları üçün yazılıb.
Bizə dəqiqliyimizə, doğru yazdığımıza görə inanırlar. Odur ki, dərindən bilmədiyimiz məsələ barədə danışmır, yoxlayıb dəqiqliyinə əmin olmadığımız faktı qəzet səhifəsinə çıxarmırıq!
Çox maraqlı bir fakt. 2015-ci ilin Aprel döyüşləri zamanı və sonrakı günlərdə qəzetimizin elektron versiyasına xarici ölkələrdən giriş on min dəfədən də çox artmışdı. Qarabağ uğrunda müharibənin alovlanmasından narahat olan dünya azərbaycanlıları həqiqəti olduğu kimi öyrənmək üçün bizə üz tuturdular.
Heç bir qəzetdə hansı yazının hansı səhifədə və hansı ardıcıllıqla verilməsi bizdəki qədər diqqətlə izlənilmir və reaksiya doğurmur.
***
Milli Məclisin orqanı olmağımız da məsuliyyət yükümüzü xeyli artırır. Müstəqillik dövründə parlament tərəfindən minlərlə qanun və qərar qəbul olunmuş, müxtəlif komitələrin qanun yaradıcılığı ilə bağlı saysız-hesabsız iclasları, habelə plenar iclasları keçirilmiş, çoxsaylı qonaqlar təşrif gətirərək fikir mübadiləsi aparmışlar. Bütün bunlar "Azərbaycan” qəzetinin səhifələrində öz əksini tapmış, tarixə çevrilmişdir. Bu iclaslarda və görüşlərdə iştirak edən hər bir jurnalist məsələnin mahiyyətini tutmağa, onu olduğu kimi oxucuya çatdırmağa, təkcə dövlət quruculuğu sahəsində yox, qanunyaradıcılığında da görülən nəhəng işləri vaxtında və düzgün işıqlandırmağa çalışıb.
Heç bir qəzet Milli Məclisin həyatını, bu ali qanunverici orqanda görülən işləri bizim qədər dolğun, geniş və əhatəli işıqlandırmayıb. "Azərbaycan” bu gün də müstəqillik dövrünün ensiklopediyasıdır. Müasir tariximizin ən obyektiv, doğruçu və fədakar salnaməçisidir. Milli Məclisin deputatları ilə ən çox təmas quran, qəzet səhifələrində onlara ən çox yer ayıran da bizik! "Azərbaycan”ın yazıları heç zaman stenoqrafik xarakterli, cansıxıcı olmur. Daim canlı yazmağa, insanların fikir, hiss və həyəcanlarını, sevinc və qayğılarını olduğu kimi əks etdirməyə çalışırıq.
***
Jurnalist əməyinə ən yüksək qiyməti və dəyəri ulu öndər Heydər Əliyev verib: "Jurnalist əməyi qeyri-adi əməkdir, olduqca böyük, zəhmətli əməkdir, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən əməkdir”. Doğrudan da düşünməkdən və yazmaqdan beyni qabar olan (əlləri və barmaqları yox) insan əməyinə bundan yüksək qiymət vermək mümkün olmazdı!
Jurnalist əməyi həm də ona görə qeyri-adidir ki, o, yaxşı yazı yazanda, oxunaqlı və maraqlı nömrə buraxanda oxucusu razı qalsa da, bunu adi hal hesab edir. Kiçicik bir səhvi, yanlışlığı isə heç zaman diqqətdən kənarda qalmır, irad və danlaq başının üstündən əskik olmur...
Müstəqilliyin daimi yol yoldaşı olan "Azərbaycan”ın toxunduğu bütün mövzu və məsələlər barədə bir məqalə daxilində söhbət açmaq mümkün deyil! Xüsusən də nəzərə alsaq ki, keçdiyimiz dövr hadisələr baxımından zəngin, quruculuq sarıdan qeyri-adi, inkişaf cəhətinə görə möhtəşəm olub! Odur ki, müstəqillik tariximizdə iz buraxan ayrı-ayrı faktlar, dövlətimizin inkişafına böyük töhfə verən layihələr və xalqımızın yaddaşında daim yaşayacaq hadisələr barədə qısaca xatırlatmalarla kifayətlənirik.
***
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müstəqilliyimizin ilk günlərindən dövlətimizə və xalqımıza böyük problemlər yaşadan, iyirmi mindən çox vətən övladının şəhidliyinə səbəb olan, bir milyondan çox insanı hər şeyindən məhrum edərək doğma yurd-yuvasından didərgin salan, şəhər, kənd, qəsəbələrimizin, tarixi abidə, muzey, mədəniyyət ocaqları və müqəddəs ziyarətgahlarımızın dağıdılmasına, bütövlükdə ölkəmizə 320 milyard ABŞ dolları həcmində zərər vuran və indiyədək həll edə bilmədiyimiz yeganə problemdir.
Qəzet nömrələrində bu problem çoxşaxəli formada işıqlandırılıb: ATƏT-in Minsik qrupu çərçivəsində aparılan danışıqlar, dövlət başçıları - ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin görüş, danışıq və müzakirələri, beynəlxalq qurum və təşkilatlarda aparılan işlər, şəhidlərə hörmət və ehtiram, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına dövlət qayğısı, ordu quruculuğu, qaçqın və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması sahəsində atılan addımlar və s. Azərbaycan xalqının məsələyə marağını nəzərə alaraq bu mövzuya öncül mövqe verilmiş, kifayət qədər yer ayrılmışdır.
Problemin çözümündə və görülən işlərin qəzetdə işıqlandırılmasında həlledici məqam Heydər Əliyevin xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtması və qurtuluş missiyasına başlaması olub.
Azərbaycanı bir dövlət kimi məhvolmadan qurtaran, müstəqilliyimizi əbədiliyə və dönməzliyə çevirən bu qayıdış və dönüş xalqımızın çoxəsrlik tarixində mühüm əhəmiyyətə malikdir. "Azərbaycan” qəzeti baş verənlərə məhz bu rakursdan yanaşmış və onu bir neçə mühüm aspektdən işıqlandırmışdır:
Ölkədə sabitliyin bərpası, müharibədə atəşkəsə nail olunması;
Qanunsuz silahlı dəstələrin ləğvi, əhalidəki külli miqdarda silah-sursatın yığılması;
Ümummilli böhranın aradan qaldırılması, iqtisadiyyatın dirçəldilməsi;
Beynəlxalq qurum və təşkilatlarla sıx əməkdaşlığa başlanılması, dünya birliyinə inteqrasiya;
Bazar iqtisadiyyatı münasibətlərinə keçid, özəlləşdirmə proqramlarının hazırlanması və icrası;
Ordu quruculuğu sahəsində atılan uğurlu addımlar və s.
***
Hər xalq öz tarixində fitri istedadı, parlaq zəkası, qeyri-adi bacarığı, böyük müdrikliyi və uzaqğörənliyi ilə fərqlənən şəxsiyyətlər yetişdirir. Onların sayı çox olmur! Lakin tarixin elə dönəmlərində meydana girərək, elə nəhəng işlərə imza atırlar ki, nəticədə yeni dövlət qurulur, dövlətçilik yaranır, xalq inkişafının yeni, daha yüksək mərhələsinə qədəm qoyur! Heydər Əliyev də tarixin neçə yüz ildən bir yaratdığı nadir simalardandır. Məhz onun qorxmazlığı, qətiyyəti, uzaqgörənliyi, fədakarlığı və təşkilatçılıq məharəti sayəsində XX əsrin sonlarında ikinci dəfə dövlət müstəqilliyinə nail olan Azərbaycan əvvəllərdə olduğu kimi, kiçik xanlıqlara parçalanma, müstəqilliyini itirərək bir dövlət kimi dünya xəritəsindən silinmə təhlükəsindən qurtuldu, inkişafının daha yüksək və parlaq mərhələsinə qədəm qoydu. Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri sağlığında özünün layiqli siyasi varisini hazırlaması, müstəqil Azərbaycanı möhkəm və etibarlı əllərə tapşıraraq əbədiyyətə qovuşması oldu. Heydər Əliyev siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyev müstəqil Azərbaycanı iqtisadi cəhətdən qüdrətli, demokratik, dünya birliyində özünəməxsus yeri və sözü olan dövlətə çevirməyi bacardı, onun yeni, müasir imicini formalaşdırdı.
"Azərbaycan” qəzeti ulu öndər Heydər Əliyevin əziz xatirəsini daim uca tutur, onun həyatı, fəaliyyəti, nadir şəxsiyyəti barədə daim, sistemli və maraqlı yazılar, məqalələr, xatirələr dərc edir. Ulu öndərin müstəqil Azərbaycan naminə gördüyü çoxcəhətli və qeyri-adi işlərdən bəhs edən, "Azərbaycanın özü qədər əbədi”, "Heydər Əliyev mənim həyatımda” rubrikaları ilə verilən materiallar böyük oxucu rəğbəti və məhəbbəti qazanmışdır. Müəyyən dövrdən sonra kollektivimiz Prezident Administrasiyasının tövsiyə və dəstəyi ilə həmin materialların bir qismini kitab şəklində çap etdirərək ulu öndərə bir daha hörmət və ehtiramını göstərdi. Bu kitabların ilki 2003-cü ildə nəşr etdirdiyimiz "HEYDƏR ƏLİYEV DÜNYANIN GÖZÜ İLƏ” adlı rəylər və fikirlər, ulu öndərə verilən dəyərlər toplusudur.
Heydər Əliyev yorulmadan yaratmış, qurmuş, bir sıra yeniliklərə imza atmışdır. Onun güclü məntiqi, parlaq nitq qabiliyyəti, insanları inandırmaq və səfərbər etmək məharəti vardı. Lakin nə nəzəriyyə məsələləri ilə məşğul olmuş, nə də memuar yazmışdır. Gördüyü işlərin, həyata keçirdiyi tədbirlərin isə həmişə dərin elmi bünövrəsi və möhkəm nəzəri əsası olmuşdur. Akademik Ramiz Mehdiyevin ümummilli liderimizin coşqun fəaliyyətini dərin və yüksək elmi-nəzəri səviyyədə təhlil edən əsərləri bu sahəyə də gur işıq salmış, ulu öndərin tarixi irsinin öyrənilməsində və təbliğində müstəsna rol oynamışdır. Bütövlükdə Heydər Əliyevin siyasi irsinin öyrənilməsində və gələcək nəsillərə çatdırılmasında uzun illər boyu ardıcıl, sistemli və məqsədyönlü işlər görülmüşdür. Bu vacib missiya indi də uğurla davam etdirilir.
"Azərbaycan” qəzetinin layihəsi isə ulu öndərin bir şəxsiyyət kimi böyüklüyünü, mərhəmət və xeyirxahlığını, insanlara arxa durmaq, dayaq olmaq məqamlarını əks etdirir. Məhz Heydər Əliyevin sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin müxtəlif şəhərlərinin tanınmış ali məktəblərində təhsil alaraq vətənə qayıtmış, yüzlərlə insan vəzifə pilləsi ilə yüksələrək xalqına xidmət göstərmişdir. Saysız-hesabsız əmək qəhrəmanları Heydər Əliyevin sayəsində tanınmış, dövlət mükafatları almış, ev-eşik, xoş güzəran sahibi olmuş, övladlarına təhsil verərək ailə sahibi etmişlər. Ulu öndər neçə-neçə xəstə insanın müalicə olunaraq yenidən həyata qayıtmasına yaxından kömək göstərmiş, hətta qocalaraq ehtiyac içində olanlara yüksək Prezident təqaüdü verərək güzəranını yaxşılaşdırmışdır. Heydər Əliyev həm də maraqlı müsahib, zarafatcıl insan idi. O, adamlarla ünsiyyət qurmağı, onlara unudulmaz, xoş anlar bəxş etməyi də bacarırdı.
Vaxtilə Heydər Əliyevlə birgə oxumuş, işləmiş, onunla ünsiyyət quraraq köməyini görmüş bir çox insanların xatirələri "Heydər Əliyev mənim həyatımda” rubrikası ilə "Azərbaycan” qəzetinin səhifələrində işıq üzü gördükdən sonra eyni adlı kitaba çevrildi.
2005-ci ildə birinci nəşrindən sonra redaksiyaya ulu öndərə məhəbbətlə dolu o qədər yazı daxil oldu ki, 2013-cü ildə kitabı yenidən - bu dəfə iki cilddə nəşr etdirdik.
"HEYDƏR ƏLİYEV MƏNİM HƏYATIMDA” kitabının unikallığı ondadır ki, müəlliflər əsasən sadə insanlardır və söhbətləri səmimidir, ulu öndərin şəxsiyyətinin əzəmətini həyati misallarla göstərirlər. Həm də bu kitablar belə mövzuda yazılmış birinci və axırıncıdır. O dövrdə müxbirimiz Naxçıvana ezam olunaraq Heydər Əliyevin sinif yoldaşları Firuzə Rzayeva, Zərqələm Əliyeva, Dövlət Məmmədovla görüşdü, xatirələrini qələmə aldı.
Daha belə kitab yazmaq mümkün deyil! Çünki xatirə sahiblərinin çoxu dünyasını dəyişmişdir. Təəssüf ki, bu nadir kitaba indiyədək lazımi diqqət göstərilməmişdir... Xarici dillərə tərcümə edilməmiş, dünyaya yayılmamış, Azərbaycana gələrək beynəlxalq tədbirlərdə iştirak edən əcnəbilərə hədiyyə verilməmişdir.
Axı dünya görkəmli şəxsiyyətlər haqqında olan kitabları sevir və oxuyur...
***
Həm ulu öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin respublikaya rəhbərliyi dövründə bir sıra məsələlərdən ilk dəfə yazmalı olmuşuq. Nədənsə ilk dəfə yazmaq həm biz jurnalstlər üçün məsuliyyətli, çətin və şərəflidir, həm də tale qismətidir. Bir neçə il öncə ölkəmizdə iki milyard ton neftin çıxarılması qeyd edildi. Bir milyard ton neft isə sovet dövründə çıxarılmışdı. Amma heç zaman həmin neftdən Azərbaycan xalqı və dövləti bəhrələnə bilməmişdi. Çünki ondan qazanılan vəsait "ümumittifaq fondu”na - mərkəzə göndərilirdi. Respublikaya isə neftin korladığı, əkinə yaramayan torpaq sahələri qalırdı...
Tariximizdə ilk dəfə olaraq Azərbaycan xalqı öz sərvətinə sahib çıxdı. Bu ilki və sevinci bizə ulu öndər Heydər Əliyev yaşatdı! 20 sentyabr 1994-cü ildə "Əsrin müqaviləsi”ni imzalamaqla! Bəli, ilk dəfə Azərbaycan öz neftini qeyri-ənənəvi marşrutla - Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə dünya bazarına çıxardı! Amma bunun baş tutmaması üçün nə qədər maneələr yaradıldı, məkrli planlar quruldu. Hətta terror aktları belə törədildi. O dövrdə neft danışıqlarının fəal iştirakçılarından biri cənab İlham Əliyev idi. Müəyyən mərhələdə danışıqların baş tutmaması təhlükəsi də yaranmışdı. Lakin İlham Əliyevin diplomatik məharəti, möhkəm iradəsi, qətiyyətli mövqeyi hər şeyə üstün gəldi.
Bakı-Tbilisi-Ərzurum təbii qaz kəmərinin, habelə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişində də oxşar ssenarilər işə salındı. Azərbaycanın dövlət başçıları bütün maneələrə üstün gəlməyi, xalqın və dövlətin maraqlarını qorumağı bacardılar. Çoxsaylı görüşlər keçirildi, danışıqlar aparıldı, maliyyə mənbələri tapıldı, inşaat işləri uğurla getdi... Ən nəhayət, müstəqil Azərbaycanın müəllifi, icraçısı olduğu transmilli layihələr həyata vəsiqə qazandılar. Azərbaycan Avropanın təbii qaz təchizatçısına, logistika mərkəzinə çevrildi. Dənizə birbaşa çıxışı olmayan ölkə Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradıcısıdır, onların qovşağında yerləşir!
Bütün bunlar barədə "Azərbaycan” dönə-dönə, fəxrlə, fərəhlə yazdı! Bu layihələrin xalqımıza və dövlətimizə gətirdiyi faydalardan konkret faktlar və misallar əsasında söhbət açdı. Bu gün də yazır və sevinir!
***
Təəssüf ki, xoşagəlməz "ilk”lərdən də yazmalı olmuşuq! 4 oktyabr 1994 və 13-18 mart 1995-ci illərin dövlət çevrilişi cəhdləri də bir sınaq oldu! Dövlətə və dövlətçiliyə sədaqət sınağı, iqtidarla xalqın birliyi sınağı! Bütün bu həlledici anlarda "Azərbaycan” qəzeti daim dövlətin yanında oldu, müstəqilliyi sevdiyini və müdafiə etdiyini sübuta yetirdi.
Sabitliyin və əmin-amanlığın qədrini bilməyə çağırdı. Bu gün də eyni mövqedədir.
***
Cənab İlham Əliyev prezidentlik dövründə Azərbaycanı düşünülmüş, sürətli və davamlı inkişaf yoluna çıxarmışdı. Ümumdaxili məhsul istehsalındakı artım tempinə görə ölkəmiz dünyanı heyrətə salıb. 15 il ərzində ölkə iqtisadiyyatı 3 dəfə artıb, işsizlik və yoxsulluq 49 faizdən 5 faizə enib, ölkənin valyuta ehtiyatları 44 milyard dolları keçib. 4 su anbarı, 30 elektrik stansiyası tikilib, 15 min kilometrdən çox avtomobil yolu çəkilib, 443 körpü salınıb, ölkə yenidən tikilib-qurularaq abadlaşdırılıb. Bütövlükdə dünya tərəfindən qəbul edilərək maraqla öyrənilən İnkişafın Azərbaycan Modeli yaranıb.
Hazırda əsaslı islahatlar aparılaraq bu model təkmilləşdirilir, qeyri-neft sektorunun inkişafında yeni uğurlar qazanılır.
Qürur doğuracaq bu inkişafdan dönə-dönə, şövq ilə yazan "Azərbaycan” bu modelin cəhət və xüsusiyyətlərindən bəhs edən yeni bir kitab da hazırlayaraq oxucuların ixtiyarına verib. 2010-cu ildə çapdan çıxan "İNKİŞAFIN AZƏRBAYCAN MODELİ” təkcə iqtisadçıların yox, geniş oxucu kütləsinin də rəğbətini qazandı.
***
Qaçqın və məcburi köçkün mövzusunun qəzetdə işıqlandırılmasının özünəməxsus cəhətləri var. Bu gün Avropanın "qaçqın” adından imtina edərək onları "miqrant” adlandırması məsələnin mahiyyətini heç də dəyişmir. Bu qəbil insanlar cəmiyyətin ən həssas təbəqəsini, həm də daim diqqət və qayğı tələb edən qrupunu təşkil edir. Qəflətən, qısa müddətdə hər şeyini itirən, ömrü boyu yaratdığından və yığdığından məhrum olan insanların əsəbi də daim gərilidir. Onların arasında əlillər, şəhid ailələri, ailə başçısını itirmiş insanlar daha çoxdur. Bütün bunlar jurnalistlərdən də həssaslıq, mövzuya bələdliklə yanaşma tələb edir. Artıq Azərbaycan mətbuatı qaçqın və məcburi köçkün mövzusunun işıqlandırılmasında püxtələşib. 1988-ci ildə Ermənistanda yaşayan soydaşlarımız zorla dədə-baba torpaqlarından qovularkən Azərbaycan sovet mətbuatında onların öz adları ilə adlandırılmasına, "qaçqın” deyilməsinə icazə verilmirdi. "Daimi yaşayış yerini müvəqqəti tərk etmiş insanlar” - əcaib terminindən istifadə olunurdu. Bütün bunlar məsələnin mahiyyətinin gizlədilməsinə xidmət edirdi. Faktiki isə ortada yüz minlərlə qaçqın ordusu vardı. Hətta sonradan məcburi köçkünlər də onlara əlavə olunduğundan sayları milyonu keçdi.
Bu qədər sayda köməyə ehtiyacı olan insan toplusu dövlət üçün də, iqtisadiyyat üçün də çox ağır yükdür. Onları yedirtmək, yerləşdirmək, sosial problemlərini yoluna qoymaq, işlə təmin etmək - həm də qısa zamanda - o qədər də asan deyil!
Yalnız ulu öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra dövlət bu sahədə planlı, ardıcıl, sistemli iş aparmağa başladı. Beynəlxalq təşkilatlara müraciət olundu, ulu öndər şəxsi nüfuzundan istifadə edərək yardım üçün dost dövlətlərlə əlaqə yaratdı. Ölkə ərazisinin bir neçə yerində qaçqın düşərgələri salındı. "Çadır şəhərcikləri” adlandırılan bu yeni yaşayış məskənlərində heç bir kommunal şərait olmasa da, insanların daldalanması, onlara sistemli yardım göstərilməsi, uşaqların təhsillərini davam etdirməsi, düzgün uçotun qurulması üçün irəliyə doğru addım idi.
Ulu öndər daim qaçqın və məcburi köçkünlərin yanında idi, onların problem və qayğılarını öyrənir, həlli üçün mümkün olan köməyi göstərirdi. Sonralar bu çətin və gərgin missiyanı cənab İlham Əliyev öz üzərinə götürdü. Qaçqın və məcburi köçkünlərin ən yaxın dostuna, hamisinə çevrildi. İlk dəfə olaraq Dövlət Neft Fondundan vəsait ayrılaraq onlar üçün müasir, hər cür şəraiti olan qaçqın şəhərcikləri və yaşayış komplekslərinin salınmasına başlandı. Artıq yüzdən çox bu tipli yeni yaşayış məskəni salınıb. Cənab İlham Əliyev prezidentliyinin ilk ilində tezliklə ölkədə bir dənə də olsun çadır şəhərciyinin qalmayacağını bəyan etdi. Dövlət başçısı öz vədinə vaxtından da tez əməl etdi.
"Azərbaycan” qəzeti üçün də doğma sayılan bu mövzu bir neçə aspektdən işıqlandırılır:
Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gördüyü işlər, görüş və danışıqlar;
Beynəlxalq qurum və təşkilatlarda Qarabağ probleminin müzakirəsi, qəbul edilən qərarlar;
ATƏT-in Minsk qrupunun fəaliyyəti;
Qaçqın və məcburi köçkünlərlə bağlı dövlət proqramlarının icrası;
Dövlət başçısının qaçqın və məcburi köçkünlərlə görüşü, bu mövzudakı nitq və çıxışlarının təbliği;
Yeni qaçqın şəhərciklərinin və yaşayış komplekslərinin istifadəyə verilməsi və s.
***
Azərbaycanlıların soyqırımı da ölkənin bir nömrəli probleminə daxil olan mövzulardandır. Ulu öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci ildə verdiyi fərmandan sonra bu məsələ daim qəzetin diqqət mərkəzində dayanıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət!” kampaniyasına başlaması və onunla əlaqədar olaraq dünya ölkələrində görülən işlər, əldə olunan müsbət nəticələr mövzunun işıqlandırılmasına yeni impuls verdi.
Görülən işlərin təbliği, bu fəaliyyətlə məşğul olan insanlara ideoloji cəhətdən kömək göstərilməsi, onların dəqiq faktlarla təmin olunması üçün redaksiya tərəfindən 2012-ci ildə iki cilddən ibarət "AZƏRBAYCANLILARIN SOYQIRIMI: TARİXİN QANLI SALNAMƏSİ” və "XOCALI ŞAHİDLƏRİ DANIŞIR” adlı (2018-ci il) iki kitab da buraxılıb.
***
Hazırda demokratik və sülhsevər Azərbaycanın dünyaya təqdiminin formalarından biri də idmandır. Cənab İlham Əliyevin müdrik və çoxcəhətli fəaliyyəti nəticəsində idman həm də ölkəmizin müasir imicinin ştrixlərindən birinə çevrilib. Halbuki müstəqilliyin ilk illərində idman tamamilə unudulmuş, idman qurğuları və zalları dağıdılaraq sıradan çıxmış, respublika stadionu və velotrek isə "tolkuçka”ya çevrilmişdi.
Ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra bu sahədə də ciddi dönüş yarandı.
Cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi isə Azərbaycan idmanına yeni həyat verdi, onun güclü yüksəlişinin əsası oldu. İlham Əliyev idman sahəsindəki səmərəli fəaliyyəti ilə özünün yüksək təşkilatçılıq bacarığını, xarizmasını ortaya qoydu. Gördüyü işlər, gənclərə göstərdiyi qayğı və diqqət ilə onların əsl dostu, hamisi olduğunu sübuta yetirdi. Azərbaycan idmançıları və Azərbaycan bayrağı altında çıxış edən digər idmançılar bu münasibətin nəticəsi olaraq qısa müddətdə görünməmiş uğurlara imza atdılar.
Deyilənləri qısa şəkildə rəqəmlərin dili ilə ifadə edək:
Son 6 olimpiya oyunlarında idmançılarımız həvəslə iştirak edərək müxtəlif növlər üzrə 44 medal qazanıblar. Bunlardan 7-si qızıl, 12-si gümüş, 25-i isə bürünc medaldır. Azərbaycan atletləri Pekin, London, Rio-de-Janeyroda keçirilən yarışlarda daha yüksək zirvələr fəth etdilər. Nüfuzlu beynəlxalq yarışlarda Azərbaycanın iştirakının və qazandığı nəticələrin ilbəil yaxşılaşması bu sahənin düzgün istiqamətdə inkişafına dəlalət edir. İlham Əliyevin rəhbərliyi dövründə idman kütləvi xarakter almış, gənclərin sevimli məşğuliyyətinə çevrilmişdir. İndiyədək ölkə üzrə 43 olimpiya idman kompleksi tikilmişdir. Son illər Bakıda ən yüksək beynəlxalq standartlara cavab verən 18 müasir idman arenası inşa olunmuşdur. Artıq Azərbaycan olimpiya, dünya, Avropa yarışlarının keçirildiyi ən əlverişli məkana çevrilmişdir. Fərəhli haldır ki, ilk Avropa Oyunlarının təşkili və keçirilməsi məhz Azərbaycana etibar edilmişdir. Mehriban xanım Əliyevanın rəhbərliyi və təşkilatçılığı ilə baş tutan I Avropa Oyunlarını yüksək standartlar əsasında keçirən Azərbaycan ona öz möhürünü vurmağa nail olmuşdur.
Üstəlik, Avropanın 50 ölkəsindən 6 mindən çox idmançının iştirak etdiyi bu yarışlarda 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medala sahib olduq. Bu həm də Azərbaycan idmanının Avropadakı yerindən və mövqeyindən xəbər verir. Bu sınaqdan sonra Azərbaycan dünyanın nüfuzlu idman yarışlarının keçirildiyi mərkəzə çevrildi. Artıq elə bir il yoxdur ki, ölkə paytaxtında bir neçə beynəlxalq yarış baş tutmasın. I Avropa Oyunlarından sonra Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçılığını da öz üzərinə götürdü. Yenə ən yüksək göstəriciyə nail oldu: 75-i qızıl, 50-si gümüş, 37-si bürünc olmaqla, bütövlükdə, 162 medal qazanaraq birinci yerə sahib çıxdıq. Artıq dalbadal 3 ildir ki, yarım milyarddan çox tamaşaçısı olan "Formula-1” qran-pri yarışmaları da Azərbaycanda keçirilir.
Prezident İlham Əliyev idmana təkcə sağlamlıq mənbəyi, gənclərin asudə vaxtının səmərəli təşkili və pis vərdişlərdən uzaqlaşdırılması vasitəsi kimi baxmır. İdman dövlət siyasətinin bir hissəsi sayılır. Bu mənada "Azərbaycan” qəzeti də idmanın təbliğinə və keçirilən yarışların maraqlı formada işıqlandırılmasına xüsusi diqqət yetirir və geniş yer ayırır. 2013-cü ildə redaksiyamız Milli Olimpiya Komitəsinin yaranmasının 20-ci, Azərbaycanda Olimpiya Hərəkatının İlham Əliyev dövrünün başlanmasının 15-ci ildönümü münasibətilə "AZƏRBAYCANDA OLİMPİYA HƏRƏKATI: DAİM YÜKSƏLİŞDƏ” adlı ikicildlik kitab nəşr etdirdi.
***
Ulu öndər Heydər Əliyevin böyük müdriklik və uzaqgörənliklə söylədiyi "Azərbaycan dünyaya Günəş kimi doğacaqdır” sözləri öz yerini tutmuşdur. İqtisadi sahədə qazandığı nailiyyətlərə görə Azərbaycan MDB məkanının liderləri sırasındadır. Dünyanın ən nüfuzlu beynəlxalq qurumları tərtib etdikləri reytinq cədvəllərində ölkəmizi öncül mövqelərdə yerləşdirirlər. Bütün bunlar müstəqilliyin qısa dövründə qazanılan qələbələrdir.
Azərbaycan dünyaya həm də nadir mədəniyyət nümunələri, mənəvi dəyərləri ilə çıxır. Qədim muğamlarımız, aşıq sənəti, tar ifaçılığı, Novruz bayramı UNESCO-nun Qeyri-maddi, Mədəni İrs Siyahısına daxil edilmişdir. Sülhün, sivilizasiyalararası dialoqun tərəfdarı kimi çıxış edən ölkəmiz hər il dünyanı düşündürən və narahat edən məsələlərlə bağlı humanitar forumların keçirilməsinin təşəbbüsçüsü və təşkilatçısı olur. Artıq Azərbaycan beynəlxalq humanitar tədbirlərin keçirildiyi mərkəz kimi də məşhurlaşmışdır.
Azərbaycanın multikulturalizm sahəsindəki nailiyyətləri bütün dünyada nümunə kimi öyrənilir, tədris edilir, sabitlik və əmin-amanlıq amili kimi bəşəriyyətə öz töhfəsini verir.
***
Sülhün, əməkdaşlığın və dinc yanaşı yaşamağın carçısı olsaq da, ordunun qüdrətlənməsi daim diqqət mərkəzində saxlanılır. Ermənistan kreativ danışıqlardan boyun qaçırır, torpaqlarımızı işğalda saxlamağı davam etdirir. Ali Baş Komandan İlham Əliyev isə qətiyyətli mövqeyində israrlı olduğunu daim bəyan edir: "Azərbaycan bir qarış torpağını da heç kimə güzəştə getməyəcək, öz ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir!” Bu mövqe hərbi sahədə də təsdiqini tapır. 2016-cı ilin aprel ayında düşmən təxribatına əks-həmlə ilə cavab verən ordumuz, Lələtəpə yüksəkliyi də daxil olmaqla, min hektar torpağı işğaldan azad etdi, bir o qədər ərazini də nəzarət altına aldı. Cənab İlham Əliyevin göstərişi əsasında Cocuq Mərcanlı kəndi qısa müddətdə yenidən bərpa edildi, abadlaşdırıldı, yeni yol çəkildi, sakinləri geri qaytarılaraq təsərrüfat işləri ilə məşğul olmağa başladılar. Bu il isə Naxçıvan Əlahiddə Qoşun Birləşmələrinin qəfləti və uğurlu əməliyyatı nəticəsində bir çox strateji yüksəkliklər, habelə Günnüt kəndi, bütövlükdə isə on bir min hektar ərazi geri qaytarıldı. Bütün dünya sülhpərvər Azərbaycanın hərbi qüdrətinin şahidi oldu! Bu mövzuda qürur və iftixarla yazan "Azərbaycan” Dövlətqaçqınkomla birlikdə "İLHAM ƏLİYEV BİZİ COCUQ MƏRCANLIYA QAYTARDI” adlı yeni kitabını nəşr etdirdi.
Bütövlükdə son 15 ildə "Azərbaycan” qəzeti redaksiyası tərəfindən 14 adda 19 cilddə (kitablardan beşi ikicildlikdir) kitab buraxılmışdır. Onların siyahısını təqdim edirik:

1. "Heydər Əliyev dünyanın gözü ilə”. Bakı - 2003
2. "Heydər Əliyev mənim həyatımda”. Bakı - 2005
3. "Vətəndaş cəmiyyətinə yol açan ideyalar”. Bakı - 2006
4. "Yeni siyasət: inkişafa doğru” (ikicildlik). Bakı - 2008
5. "Azərbaycan”-90. Bakı - 2008
6. "İctimai və humanitar elmlər zaman kontekstində”. Bakı - 2010
7. "İnkişafın Azərbaycan modeli”. Bakı - 2010
8. "Müasir Azərbaycan dövrün baxışında” (ikicildlik). Bakı - 2011
9. "Vəkil məsləhətləri toplusu”. Bakı - 2012
10. "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi” (ikicildlik). Bakı - 2012
11. "Azərbaycanda Olimpiya Hərəkatı: daim yüksəlişdə” (ikicildlik). Bakı - 2013
12. "Heydər Əliyev mənim həyatımda” (ikicildlik). Bakı - 2013
13. "İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı”. Bakı - 2017
14. "Xocalı şahidləri danışır”. Bakı - 2018

Hazırda həftə içi hər gün Azərbaycan dilində nəşr edilərək bütün ölkə ərazisində yayılan "Azərbaycan” qəzeti multimedia texnologiyalarının inkişafı sahəsində əldə olunmuş ən son nailiyyətlərdən səmərəli şəkildə faydalanır. Qəzetin redaksiyası tam kompüterləşdirilərək elektron sistemə keçmiş, redaksiyanın qlobal informasiya şəbəkəsinə - internetə çıxışı, nüsxələrin rəngli çapı təmin edilmişdir. Beləliklə, "Azərbaycan” qəzetinin geniş oxucu auditoriyası bütün dünyanı əhatə edir, qəzetin ölkəmizin beş regionunda müxbiri çalışır. Yaradıcı heyət əsas etibarilə ali jurnalist təhsilli peşəkarlardan ibarətdir. Ölkəmizdə ilk dəfə "Azərbaycan” qəzeti redaksiyası nəzdində "Heydər Əliyev və Azərbaycan mətbuatı” muzeyi yaradılmışdır. Qəzet 1 avqust 2001-ci ildən tam latın qrafikalı Azərbaycan əlifbasına və çoxsəhifəli nömrələrə keçib. 9 oktyabr 2008-ci ildən rəngli çapı təmin edilib.
Dövlət müstəqilliyinin atributu, yadigarı, həmyaşıdı və tərənnümçüsü olan "Azərbaycan”ın 100 yaşı tamam olur. Bu münasibətlə qəzetimizin bütün oxucularını, Azərbaycan xalqını ürəkdən təbrik edir, səhifələrimizdən daim xoş xəbərlər, xalqımızın və dövlətimizin yeni nailiyyətləri barədə bol-bol materiallar oxumalarını arzu edirik!

Bəxtiyar SADIQOV,
"Azərbaycan” qəzetinin baş redaktoru,
Milli Məclisin deputatı


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM