Alternative content

12:15 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərbaycan” milli mətbuatımızın şanlı ənənələrinin bayraqdarıdır
“Azərbaycan” milli mətbuatımızın şanlı ənənələrinin bayraqdarıdır
ANA SƏHİFƏ / SİYASƏT
01:59 15.09.2018


Əli ƏHMƏDOV,

Azərbaycan Respublikası Baş nazirinin müavini,

Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi


"Azərbaycan” qəzetinin kollektivinə


Müasir tariximizin ən şanlı, cahanşümul hadisələrinin canlı şahidi və möhtəşəm salnaməsi "Azərbaycan” qəzetinin təsis edilməsinin 100 illiyi münasibətilə onun yaradıcı kollektivini və çoxsaylı oxucularını təbrik etməkdən xüsusi məmnunluq duyuram.

Azərbaycan Xalq Cümhuriyyətinin həmyaşıdı və yadigarı olan "Azərbaycan” qəzeti ölkəmizin mədəniyyət tarixinin əhəmiyyətli hissəsini təmsil edir. Əlamətdar haldır ki, dövlət müstəqilliyinin hər iki dövründə rəsmi dövlət qəzeti statusu daşıyan "Azərbaycan” milli mətbuatımızın şanlı ənənələrinin bayraqdarı olmuş, dövlətçilik mənafeyinin qorunması, müstəqillik və cümhuriyyət ideallarının təbliği prosesində müstəsna xidmətlər göstərmişdir.

100 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin mətbuat tribunası kimi fəaliyyətə başlayan "Azərbaycan” yalnız dövlət qəzeti missiyasını daşımamışdır. Dövrünün ən nüfuzlu nəşri olaraq görkəmli ictimai-siyasi xadimləri, fikir adamlarını, bu gün də qürur mənbəyimiz olan vətənpərvər ziyalıları ətrafına toplamış, istiqlal məfkurəsinin mərkəzi, ideoloji dayağı kimi tanınmışdır. Təsadüfi deyildir ki, cümhuriyyət dövrünün araşdırmaçıları o illərin tarixi proseslərini öyrənərkən ən dəqiq, obyektiv və qərəzsiz mənbə kimi məhz "Azərbaycan”ın arxiv nömrələrinə müraciət edirlər.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı zamanı Qurtuluş missiyasının əsas təbliğat və təşviqatçılarından olan "Azərbaycan” bütün zamanlarda ümummilli liderin ideyalarına sonsuz sədaqətlə xidmət göstərmiş, bu irsin milli dövlətçilik konsepsiyasına çevrilməsi prosesində ardıcıl və qətiyyətli mövqe nümayiş etdirmişdir. Ölkədə gedən ictimai-siyasi proseslərə obyektiv və prinsipial yanaşmaları ilə ictimaiyyəti düzgün məlumatlandıran və maarifləndirən, həmçinin genişmiqyaslı quruculuq və inkişaf mərhələsinin mahiyyətini, qarşıda duran vəzifələrin məsuliyyətini vətəndaşlarımıza operativ, dövlətçilik mövqeyindən çatdıran "Azərbaycan” qəzetinin fəaliyyətinə, fikrimcə, ən düzgün qiyməti də məhz böyük şəxsiyyət Heydər Əliyev vermişdir: "Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra fəaliyyətini dayandıran "Azərbaycan” qəzeti xalqımızın 1991-ci ildə yenidən müstəqillik qazanması ilə öz fəaliyyətini bərpa etmiş, azadlıq və suverenlik ideyalarının həyata keçirilməsində fəal surətdə iştirak etmişdir. Ölkəmizin mütərəqqi mətbuat ənənələrini ləyaqətlə davam etdirən "Azərbaycan” qəzeti bu gün demokratiyanın, siyasi plüralizmin, aşkarlığın təmin edilməsində müstəsna rol oynayır. Onun səhifələrində Azərbaycan həqiqətləri, ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, iqtisadi islahatların həyata keçirilməsi, sağlam mənəvi-psixoloji mühitin, vətəndaş həmrəyliyi və milli birliyin yaradılması sahəsində aparılan məqsədyönlü işlər və ictimai-siyasi proseslər qərəzsiz işıqlandırılır”.

Ulu öndər respublikamızda baş verən həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında, dünyaya yayılmasında qəzetin fəaliyyətini yüksək professionallıq, obyektivlik, prinsipiallıq, əsl dövlətçilik və vətəndaşlıq mövqeyi kimi dəyərləndirmişdir.

Tarixinin ən qüdrətli müstəqillik və əzəmətli tərəqqi dövrünü yaşayan Azərbaycanda ölkəmizin adını daşıyan qəzetin də üzərinə böyük məsuliyyət və vəzifələr düşür. Çox sevindiricidir ki, bu məsuliyyət lazımınca dərk edilir, yüksək peşəkarlıq və yaradıcılıqla icra olunur. Prezident İlham Əliyev tərəfindən son 15 ildə həyata keçirilən möhtəşəm quruculuq və inkişaf dövrünün misilsiz nailiyyətləri "Azərbaycan”ın səhifələrində, onun konseptual və fundamental araşdırmalarında geniş və əhatəli şəkildə əksini tapır, maraqlı, rəngarəng yazılarda və fotoşəkillərdə əbədiləşir, tarixə çevrilir.

"Azərbaycan” qəzetinin 100 yaşının tamam olması hər birimizdə böyük qürur, iftixar hissi doğurur. Qəzetin yaradıcı kollektivinə xitabən demək istəyirəm ki, siz bu yaşa böyük yaradıcı nailiyyətlərinizlə, cəmiyyətdə qazandığınız yüksək nüfuzla, oxucuların sevgisi ilə qədəm qoyursunuz. Əminəm ki, Xalq Cümhuriyyətinin yadigarı və müasir inkişafın salnaməçisi olan "Azərbaycan” qəzeti qarşısına qoyulan bütün yaradıcı hədəflərə çatacaq, müstəqilliyimizin, dövlətçiliyimizin, Heydər Əliyev ideallarının təbliğində yeni, daha böyük uğurlara imza atacaqdır.

Cümhuriyyət yaşın mübarək, "Azərbaycan”!