15 Sentyabr 2018 01:57
1101
SİYASƏT
A- A+

İqtisadi islahatların və sahibkarlığın inkişaf strategiyasının peşəkar təbliğatçısı



Hər bir xalqın inkişafında, milli şüurunun oyanışı və özünüdərk prosesində mətbuatın rolu müstəsnadır. Azad, müstəqil mətbuat liberal cəmiyyətin əsas atributlarından biri kimi cəmiyyətdə demokratik dəyərlərin bərqərar olmasında mühüm rol oynayır. Müstəqil respublikamızın çoxsaylı mətbuat orqanları sırasında özünəməxsus dəst-xətti, tarixi ənənələri, prinsipial mövqeyi ilə seçilən "Azərbaycan” qəzeti ilk gündən milli maraqların əzmkar müdafiəçisi olmuş, dövlət siyasətinin təbliğində xüsusi fəallıq göstərmişdir.
Dövlətinin problemlərinə, çətinliklərinə biganə qalmayan, onun müstəqilliyinin daimi və dönməz olmasına çalışan, fəaliyyətində xalqın maariflənməsini, yüksək təhsilli olmasını təbliğ edən nəşrlər tarixən milli ruhlu ziyalıların tribunası olmuş, fəaliyyətləri ilə tarix yazmışlar. İctimai tələbatdan yaranan və qısa zamanda xalqın böyük etimadını qazanan "Azərbaycan” da müstəqil dövlətimizin tarixində yeri olan belə sanballı nəşrlərdəndir. Bu günlərdə yaranmasının 100-cü ildönümü təntənə ilə qeyd edilən "Azərbaycan” qəzetinin ilk nömrəsinin nəşri 1918-ci il sentyabrın 15-nə - Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Bakı şəhərinin Qafqaz İslam Ordusu tərəfindən daşnak-bolşevik qruplaşmasının işğalından azad edildiyi əlamətdar günə təsadüf edir. Keşməkeşli və şərəfli inkişaf yolu keçmiş qəzet hər zaman milli ideyaların daşıyıcısı olmuş, dövlətçilik, millilik, vətənpərvərlik və maarifçiliyi özünün başlıca fəaliyyət manifestinə çevirmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi dövlətçilik irsimizə dərin ehtiramın təcəssümü olmaqla yanaşı, həm də cümhuriyyətin yadigarı olan "Azərbaycan” qəzetinin şərəfli keçmişinə və bugünkü fəaliyyətinə dolğun nəzər salmağı zəruri edir.
İlk gündən bir sıra nüfuzlu irfan sahiblərinin - Üzeyir bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Ceyhun bəy Hacıbəyli, Xəlil İbrahim, Yusif Vəzir Çəmənzəminli, Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cavad, Ömər Faiq Nemanzadə, Məhəmmədağa Şahtaxtlı, Firidun bəy Köçərli və digər ziyalıların söz, fikir və məfkurə tribunasına çevrilən qəzet səhifələrində xalqın istək və arzularını dolğunluğu ilə ifadə etməyə çalışmış, uzun illər istibdad altında yaşamış insanların milli ruhunu, milli şüurunu, milli mənliyini özünə qaytarmaq üçün mübarizə aparmışdır. "Azərbaycan” qəzetinin qarşısında həm də qazanılmış müstəqilliyi bütün dünyaya tanıtmaq, cümhuriyyət hökumətinin qəbul etdiyi qərarları operativ şəkildə ictimaiyyətə çatdırmaq, bir sözlə, hökumətlə xalq arasında bağlantını gücləndirmək, mənəvi körpü yaratmaq olmuşdur.
"Azərbaycan” cümhuriyyətin demokratik, hüquqi dövlət quruculuğu siyasətinin təbliğində və insanların maariflənməsində misilsiz rol oynamış, ictimai-siyasi proseslərə təsir imkanları ilə seçilmişdir. Qəzetin 1918-1920-ci illərdə işıq üzü görmüş nömrələrində Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatı ilə bağlı yeniliklər, eyni zamanda, ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı soyqırımı aktları obyektiv əksini tapmışdır. Qəzet xalqımızın zəngin milli-mənəvi irsini, tarixini, mədəniyyətini, dilini, özünəməxsusluğunu və digər ali dəyərlərini qorumağa çalışmış, çətin və mürəkkəb ideoloji-siyasi şəraitdə milli özünüdərki təbliğ etmişdir. Milli dirçəlişin, milli qürur hislərinin oyanışında, ictimai fikrin və düşüncənin düzgün istiqamətdə formalaşmasında əvəzsiz xidmətlər göstərmiş, cəmiyyəti mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır.
Respublikamız 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini bərpa etdikdən sonra tarixi adını qaytararaq Milli Məclisin orqanı - rəsmi dövlət qəzeti kimi fəaliyyətini davam etdirən "Azərbaycan” xalqın və dövlətin maraqlarının ali tribunası, habelə ölkəmizdə həyata keçirilən dövlət quruculuğu siyasətinin alovlu təbliğatçısı olmuşdur. Qəzet tarixi ənənələrinə sadiq qalaraq daşıdığı missiyanı uğurla davam etdirmiş, dövlət müstəqilliyinin qorunub saxlanılması və daha da möhkəmləndirilməsinə xidmət edən dövlət siyasətini dəstəkləmişdir.
1993-cü ilin iyun ayında ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra respublika həyatının digər sahələrində olduğu kimi, mətbuatın inkişafında da ciddi dönüş yaranmış, söz və məlumat azadlığı, siyasi plüralizm, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti təmin edilmişdir. Keyfiyyətcə yeni mərhələdə formalaşmış liberal və demokratik mühit "Azərbaycan” qəzetinin fəaliyyətini daha da təkmilləşdirməsinə, habelə dövlətçilik ideyalarının təbliğində fəal iştirakına geniş imkanlar açmışdır. Ümummilli lider Heydər Əliyev qəzetin ictimai-siyasi həyatdakı rolundan bəhs edərkən haqlı olaraq bildirirdi ki, "Azərbaycan” qəzeti tariximizin parlaq səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti tarixinin öyrənilməsində zəngin və etibarlı mənbədir.
Mətbuat azadlığından sui-istifadə edən, populyarlıq və tiraj naminə hadisələri müxtəlif bucaqlardan işıqlandıran, ictimai rəydə çaşqınlıq yaradan bəzi mətbuat orqanlarından fərqli olaraq, "Azərbaycan” qəzeti öz sanbalını, ciddiliyini, mötəbərliyini hər zaman qorumuş, ucuz sensasiya arxasınca qaçmamış, obyektivlik, vicdanlılıq və peşəkarlıq prinsipinə riayət etmişdir. Qəzetin səhifələrində yer alan bir-birindən maraqlı xəbər və məqalələr yalnız rəsmi və dəqiq məlumatlar əsasında hazırlandığından ictimaiyyət tərəfindən etibarlı mənbə kimi qəbul olunur.
Müstəqil Azərbaycan Respublikasının onilliklərə bərabər quruculuq və inkişaf salnaməsi qəzetin səhifələrində dolğun və məzmunlu şəkildə əksini tapır. Qəzetin son 20 illik nömrələrini vərəqləyərkən ilk növbədə ulu öndər Heydər Əliyevin müstəqil, hüquqi, demokratik dövlət quruculuğu və azad bazar iqtisadiyyatının təmini yolunda həyata keçirdiyi çoxşaxəli səmərəli islahatlar göz önündə canlanır. Yeni ictimai-iqtisadi formasiyaya - azad bazar iqtisadiyyatına keçidlə əlaqədar respublikada uğurla gerçəkləşdirilən torpaq islahatları, özəlləşdirmə prosesi, habelə kiçik və orta sahibkarlığın inkişafına xidmət edən çoxsaylı fərman, sərəncam və dövlət proqramları ilə bağlı ən müfəssəl, səhih məlumatları "Azərbaycan” qəzetinin səhifələrindən, onun zəngin arxivindən əldə etmək mümkündür. Qəzetdə siyasi, iqtisadi və mədəni sahədə qazanılmış nailiyyətlərdən bəhs edən sanballı yazılarla yanaşı, tariximizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi, elmi nailiyyətlərimizi əks etdirən məqalələr də üstünlük təşkil edir.
Yeni neft strategiyasının reallaşdırılması, "Əsrin müqaviləsi”nin imzalanması, aqrar islahatların vətəndaşların mənafeyinə adekvat şəkildə həyata keçirilməsi, cəmiyyətdə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, sahibkarlığın dinamik inkişafı, proporsional regional inkişaf tədbirləri və s. aktual məsələlər qəzetin müntəzəm şəkildə toxunduğu iqtisadi mövzular sırasında xüsusilə diqqəti çəkir.
"Azərbaycan” qəzeti sahibkarlara dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi, ölkədə liberal biznes mühitinin formalaşdırılması, vətəndaşların mənafeyinə xidmət edən sosial islahatların reallaşdırılması sahəsindəki ardıcıl dövlət siyasətini səhifələrində işıqlandırmaqla kifayətlənmir, eləcə də islahatların real mahiyyəti, milli inkişafa və sosial rifaha müsbət təsirləri ilə bağlı analitik təhlillərə geniş yer verir. Azərbaycanın əldə etdiyi nailiyyətlərə həsr olunmuş çoxsaylı yazılar - şərhlər, publisistik məqalə, aktual müsahibə və reportajlar geniş oxucu auditoriyasının dolğun və təfərrüatlı məlumat almaq imkanlarını təmin edir.
"Azərbaycan” qəzeti iqtisadi, siyasi və sosial münasibətlərə hər zaman yaxından nüfuz etmiş, xüsusilə də iqtisadi həyatın müxtəlif sahələrinə dair aktual yazılar dərc etmişdir. Qəzetdə iqtisadçı alimlərin, elm xadimlərinin, sahibkarllıq subyektlərinin nümayəndələrinin sosial-iqtisadi islahatlarla bağlı maraqlı fikir və mülahizələri, təhlilləri ilə yaxından tanış olmaq mümkündür. Həmin yazılarda bu fikir haqlı olaraq vurğulanır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar strategiyası respublikanın iqtisadi qüdrətini artırmış, sosial-mədəni və intellektual yüksəlişə səbəb olmuşdur. Qəzetin iqtisadi mövzudakı sanballı məqalələri həm də bu qənaətə əsas verir ki, müasir çağırışlar əsasında ölkə iqtisadiyyatında gerçəkləşdirilən islahatlar biznes icması, elm adamları və dövlət təşkilatları nümayəndələrinin xüsusi diqqət mərkəzindədir. "Azərbaycan” qəzeti ölkəmiz üçün mühüm iqtisadi və sosial əhəmiyyət kəsb edən digər məsələlərin də işıqlandırılmasında operativliyi, obyektivliyi, hadisələrə müasir yanaşma tərzi ilə fərqlənir.
"Azərbaycan” qəzetinin hər yeni nömrəsi maraqlı, oxunaqlı və aktual yazılarla diqqəti çəkir. Qəzetin son 25 ildə nəşr olunmuş saylarını izlədikcə inkişafın çətin və şərəfli yolu göz önündə canlanır. Ötən illərdə Bakı şəhərində keçirilmiş beynəlxalq iqtisadi forumlar, konfranslar, biznes forumları barədə operativ reportajlar, dövlət başçısının dərin məzmunlu çıxışları, mühüm dövlət obyektlərinin, sənaye və istehsal müəssisələrinin açılış mərasimləri, habelə digər yaddaqalan hadisələr təkrar yada düşür, bütün bunlar həm də çağdaş tariximizin nəhəng quruculuq salnaməsini özündə əks etdirir.
Qəzet, eyni zamanda, ulu öndər Heydər Əliyevin və onun ən layiqli davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyevin sahibkarlarla keçirdiyi çoxsaylı görüşlər barədə ən operativ, dolğun və müfəssəl məlumatların əldə olunmasında etibarlı mənbə rolunu oynayır. Qəzetdə dərc olunmuş məqalələrdə xüsusi vurğulanır ki, ölkəmizdə azad sahibkarlığın, qeyri-neft sektorunun inkişafı ilə bağlı qəbul edilmiş qərar, qanun, fərman və sərəncamlar ölkə iqtisadiyyatının şaxələndirilməsi, neft gəlirlərindən asılılığın azaldılması baxımından geniş imkanlar açmışdır. Xüsusilə də son 2 ildə qeyri-neft ixracının stimullaşdırılması və ixracda təşviqetmə mexanizmlərinin tətbiqi yönümündə həyata keçirilən tədbirlər Azərbaycan istehsalı olan məhsulların "Made in Azerbaijan” brendi altında dünya bazarlarına çıxarılmasına yaxşı imkanlar açmışdır.
Qəzet dövlət başçısının iqtisadiyyatın inkişafı, mövcud problemlərin aradan qaldırılması ilə bağlı tövsiyələrinə səhifələrində geniş yer verir, iş adamlarının fəaliyyətinə mane olan bürokratik amilləri cəsarətli və prinsipial şəkildə işıqlandırmaqdan çəkinmir. Vəzifəsinin öhdəsindən gəlməyən, dövlət başçısının etimadını doğrultmayan, işində ciddi qüsurlara yol verən məmurları sərt tənqid edir, milli problemlərə təəssübkeşliklə yanaşır. "Azərbaycan” qəzeti jurnalistikamızın tarixi ənənələrinə sadiq qalaraq vətəndaşların ərizə, şikayət, rəy və təkliflərinə də həssaslıqla yanaşır, onları aidiyyəti üzrə dövlət qurumlarına ünvanlayır, icrası prosesini diqqət mərkəzində saxlayır.
"Azərbaycan” qəzeti iş adamlarının da sevimli qəzetidir. Sahibkar olaraq ictimai həyatın müxtəlif sahələrini əhatə edən rəsmi sənədlərlə - qanun, sərəncam və dövlət proqramları, habelə sahibkarlıq fəaliyyəti ilə bağlı ən son yeniliklərlə məhz bu qəzetdə tanış oluruq. İqtisadi yeniliklərin mahiyyəti, istiqamətləri və müsbət gözləntiləri, maddiləşən işgüzar fəaliyyət sahələrini hüquqi baxımdan tənzimləyən qanunlara edilmiş əlavə və dəyişikliklər barədə dolğun məlumatları əldə etmək üçün "Azərbaycan” qəzetini izləmək kifayətdir. Kiçik və orta sahibkarlığın inkişafını tənzimləyən fərman və sərəncamlar, əsasnamələr, proqramlar, tədbirlər planı hər bir sahibkar üçün iş fəaliyyətini tənzimləmək baxımından zəruri hüquqi sənədlərdir.
Qəzetdə dərc olunmuş dərin məzmunlu analitik yazılar göstərir ki, media ölkəmizdə dayanıqlı ictimai-siyasi sabitliyin təminatçısı olan orta burjuaziyanın formalaşması baxımından sahibkarlıq fəaliyyətinin əhəmiyyətini və rolunu düzgün dəyərləndirir. "Azərbaycan” qəzetində iş adamlarının və dövlət məmurlarının iştirakı ilə təşkil edilən diskussiyalar, müzakirələr və "dəyirmi masa”larda iqtisadiyyatımızın inkişafında sahibkarlığın danılmaz rolu xüsusi diqqətə çəkilir. Eyni zamanda, sahibkarların fikir və təkliflərinin hərtərəfli işıqlandırılması ictimaiyyətin onların fəaliyyəti haqqında hərtərəfli məlumat əldə etməsinə imkan yaradır.
İqtisadçı alimlərin, Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin deputatlarının, müxtəlif dövlət qurumlarının rəhbərlərinin, tanınmış mütəxəssislərin, iş adamlarının məqalə və müsahibələri oxucularda iqtisadi yeniliklərin mahiyyəti və islahatların məzmunu haqqında real təsəvvür formalaşdırır. Ölkə iqtisadiyyatının tarixi inkişaf mərhələlərinin əyani salnaməsini yaradan qəzet respublikamızın uğur yolunun etibarlı cığırdaşı kimi aparılan iqtisadi islahatların mahiyyətinin və səmərəli nəticələrinin ölkə ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətlər göstərir, əzmkar ideoloji-təbliğati iş aparır.
"Azərbaycan” qəzeti ölkəmizin inkişafında xüsusi xidmətləri olan Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə də xüsusi diqqət ayırır, Heydər Əliyev Fondunun intellektual, mədəni, mənəvi və sosial inkişafa, milli həqiqətlərin dünya arenasına çıxarılmasına xidmət edən səmərəli layihələrindən geniş bəhs edir. Qəzetdə haqlı olaraq vurğulanır ki, elm, təhsil, mədəniyyət, səhiyyə və idman sahələrinin inkişafına sanballı töhfələr verən Azərbaycanın Birinci vitse-prezidenti son illər ölkəmizdə iqtisadi və sosial quruculuq proseslərinə də təkan vermişdir. Mehriban xanım Əliyeva dövlət idarəçiliyinin müasirləşdirilməsi və ictimai münasibətlər sisteminin sağlamlaşdırılması prosesində yaxından iştirak edir və ölkə rəhbərinin bu sahədəki siyasətinə əməli dəstək verir. Sosial məsələlərə, əhalinin aztəminatlı hissəsinin problemlərinin həllinə xüsusi həssaslıqla yanaşan Mehriban xanım Əliyeva idarəçiliyə keyfiyyət dəyişiklikləri və müasir yanaşma fəlsəfəsi gətirmişdir. "Azərbaycan” qəzetinin daim diqqət yönəltdiyi mövzulardan biri də məhz bu yeniliklərdir - çevik idarəetmə modelinin formalaşdırılmasında innovasiyaların təbliği və təşviqi zərurətidir.
Xüsusi vurğulamaq istərdim ki, regional tərəqqiyə xidmət edən islahatlara geniş yer verən "Azərbaycan” qəzeti sakini olduğum və çalışdığım doğma Sumqayıt şəhərinin inkişafı ilə bağlı məsələlərə də diqqətlə yanaşır, bu mövzuda silsilə yazılar dərc edir. Son illər respublikamızın mühüm sənaye mərkəzlərindən birinə çevrilmiş Sumqayıt şəhəri həm də dinamik sosial-iqtisadi inkişaf mərhələsinə daxil olmuşdur. Keçmiş sənaye qüdrətini bərpa edən şəhərdə ənənəvi istehsal sahələrinin fəaliyyətinin canlandırılması, yeni sənaye müəssisələrinin istifadəyə verilməsi, elmtutumlu, ixracyönümlü, rəqabətqabiliyyətli istehsalat sahələrinin genişləndirilməsi ümumi iqtisadi inkişafın təmin olunmasında mühüm rol oynayır. Geniş vüsət almış abadlıq-quruculuq işləri, sosial obyektlərin, yaşayış binalarının tikintisi, infrastrukturun bərpası, küçə və yolların, park və xiyabanların təmiri Sumqayıtın inkişafında ahəngdarlığı təmin edir. Bütün bunlara diqqət ayıran "Azərbaycan” qəzetində qeyd edilir ki, həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının real nəticəsi olaraq Sumqayıt şəhəri bu gün respublika üzrə qeyri-neft sektoru üzrə məhsul istehsalında ilk yerlərdən birini tutur.
Dövlət başçısı cənab İlham Əliyevin sahibkarlığa yüksək diqqət və qayğısı Sumqayıtda çalışan iş adamlarında yüksək əhvali-ruhiyyə yaradır, onların inkişafyönümlü sosial layihələrin icrasında iştirak imkanlarını genişləndirir. Hazırda özəl sektorun payının yüksək olduğu şəhərdə sahibkarlıq subyektləri tərəfindən yeni layihələrin icrası uğurla davam etdirilir.
Bütün bunları obyektiv şəkildə ölkə ictimaiyyətinə çatdıran "Azərbaycan” qəzeti sahibkarlar üçün hər zaman açıq tribuna olmuşdur. İqtisadçı alim və iş adamı olaraq fəal əməkdaşlığa görə qəzetin xüsusi diplomuna layiq görüldüyümü də qürur hissi ilə qeyd etmək istərdim. İnanıram ki, "Azərbaycan” qəzeti zəngin ənənələrinə sadiq qalaraq, şərəfli missiyasını bundan sonra da uğurla davam etdirəcək, dövlətçiliyimizin və milli maraqlarımızın müdafiəsində dayanacaqdır.


Qüdrət KƏRİMOV,
"Xəzər” ASC-nin sədri, iqtisad elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video