15 Sentyabr 2018 01:54
969
SİYASƏT
A- A+

Azərbaycanımız var olduqca “Azərbaycan”ımız da yaşayacaq



Əsası böyük maarifpərvər ziyalımız, söz adamımız Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan mətbuatı ötən 143 ildə böyük yol keçib. Bu yol heç də hamar, rəvan olmayıb, keşməkeşli, ağrılı-acılı, əzablı, lakin şərəfli və qürurlu bir yol olub. Heç şübhəsiz ki, Azərbaycan mətbuatından danışarkən 1918-ci ildə təsis edilən "Azərbaycan” qəzetinin adını çəkməmək, xatırlatmamaq mümkün deyil. 143 yaşlı Azərbaycan mətbuatının artıq 100 yaşına çatmış bu qəzeti, bu övladı hər zaman öz şərəfli və ləyaqətli, öyünüləcək, fəxr ediləcək keçmişi, tarixi, ənənəsi ilə seçilib, fərqlənib, imzalar içində imzası olub...
"Azərbaycan” qəzeti düz 100 il öncə - 1918-ci ildə, ilk müstəqil cümhuriyyətimizin, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) dövründə yaradılıb, araya-ərsəyə gətirilib. O vaxt cümhuriyyət qurucularımız 1918-ci ilin 3 iyul tarixində hökumətin xəbərləri adı altında öz rəsmi orqanlarının çapı haqqında qərar qəbul etdilər. "Azərbaycan” qəzetinin ilk nömrəsi 15 sentyabr 1918-ci ildə - Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından, zülmündən azad etdiyi gün Gəncədə işıq üzü gördü. İlk redaktorlarından biri isə dahi Üzeyir bəy Hacıbəyli oldu. Qəzet 1919-cu il dekabrın 28-nə qədər Üzeyir bəyin qardaşı, böyük ziyalımız Ceyhun Hacıbəylinin imzası ilə çıxdı. O dövrdə nəşrin ərsəyə gəlməsində Ceyhun Hacıbəylinin əməyi və xidmətləri də şəksizdir.
Yeri gəlmişkən qeyd edək ki, "Azərbaycan” qəzeti ondan əvvəl təxminən yarım əsrə yaxın bir müddət ərzində milli ziyalıların ölkənin adını daşıyan mətbuat orqanı yaratmaq, qəzet çıxarmaq təşəbbüslərinin davamı, məntiqi nəticəsi idi. 1891-ci ildə tanınmış Azərbaycan ziyalısı Cəlal Ünsizadənin baş redaktoru olduğu "Kəşkül” qəzeti bağlandıqdan sonra "Azərbaycan” adlı qəzet çıxarmaq üçün onun Tiflisdə Baş Mətbuat İşləri İdarəsinə müraciət etmək arzusu baş tutmamışdı. Təbrizdə Məşrutə hərəkatı dövründə nəşr edilən "Azərbaycan” qəzetinin də ömrü uzun sürə bilməmişdi. Bununla belə, XX əsrin əvvəllərinin milli mətbuatında necə adlandırılmasından asılı olmayaraq, azərbaycançı düşüncə üstün mövqeyə çıxıb. XX əsrin əvvəllərində "Azərbaycan” adlanacaq mətbuat orqanını da zəmanə artıq özü hazırlamış, zəmin yaratmışdı. AXC-nin, ilk müstəqil cümhuriyyətimizin yaranması ilə yuxarıda da bəhs edildiyi kimi, "Azərbaycan” adlı qəzetin nəşrə başlamasının reallaşması milli mətbuatımızın tarixində təkcə ərazi olaraq ölkənin deyil, milli dövlətin adını ifadə edən mətbuat orqanının fəaliyyətə başlaması ilə əlamətdardır. Bu mənada "Azərbaycan” qəzetinin rəsmi dövlət qəzeti kimi meydana çıxması tariximizin mühüm hadisəsidir. Qəzetin baş redaktoru Üzeyir bəy Hacıbəyli "Azərbaycan” qəzeti haqqında yazırdı: "Danışırlar ki, "Azərbaycan” qəzeti guya "Müsavat” partiyasına məxsus firqəvi bir qəzet imiş. Bu fəqərə barəsində bunu bəyan etməyi lazım bilirəm ki, qəzetimiz partiya qəzeti deyildir. "Azərbaycan” qəzetinin məsləki vətən istiqlalı yolunda çalışmaqdan ibarətdir”.
"Azərbaycan” qəzetinin çoxşaxəli və çoxsahəli fəaliyyəti oxucular tərəfindən böyük məmnunluqla qarşılanır. Bu qəzet ölkənin siyasi-ictimai, sosial-iqtisadi, elmi-mədəni həyatında baş verən hadisələri vaxtında və obyektiv şəkildə Azərbaycan cəmiyyətinə çatdırır. Xüsusilə də son 25 il ərzində bu qəzet böyük inkişaf yolu keçib, Azərbaycan vətəndaşlarının sevimli qəzetinə çevrilib. 1993-cü ilin məlum iyun hadisələrindən sonra Azərbaycan xalqının təkidli tələbləri ilə yenidən Azərbaycanda hakimiyyət başına, əslində isə Azərbaycanı yenidən oddan-alovdan, dağılmaqdan, parçalanmaqdan xilas etməyə gələn Heydər Əliyevin növbəti dəfə iqtidar dönəminə başlaması bu qəzetin fəaliyyətində bir dönüş yaratdı, yüksəliş mərhələsi yaşanmağa başladı. Ötən 25 il ərzində Azərbaycanla bağlı elə bir sahə olmayıb və qalmayıb ki, o, işıqlandırılmasın, həmin sahələrə güzgü tutulmasın...
İlk növbədə "Azərbaycan” qəzeti bütövlükdə dünyanı heyran edən Azərbaycanın neft strategiyası haqqında dolğun materiallar verib və bu gün də verməkdədir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası, onun olduğu kimi cəmiyyətə, oxuculara çatdırılması bu qəzetin fəaliyyətində ən önəmli yerlərdən birini tutub. Təzyiqlərə, açıq-gizli təhdidlərə, çevriliş cəhdlərinə baxmayaraq, məhz Heydər Əliyevin sarsılmaz qətiyyəti və iradəsi sayəsində reallaşan, yəni 1994-cü ilin sentyabr ayının 20-də dünyanın bir çox nüfuzlu neft şirkətləri ilə "Gülüstan” sarayında imzalanan "Əsrin müqaviləsi” və ondan bugünümüzə qədər davam edən uğurlu neft strategiyası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TAP, TANAP və sairə kimi tarixi, möhtəşəm, cahanşümul layihələr, onların reallaşdırılmasının işıqlandırılması bu qəzetin fəaliyyətinin ana xətlərindən birinə çevrilib. Təsadüfi deyil ki, mütəmadi şəkildə geoloqlarımız, mühəndislərimiz, neft mütəxəssislərimiz, alimlərimiz bu qəzetdə silsilə yazılarla, məqalələrlə çıxış edir, əsası Heydər Əliyev tərəfindən qoyulan və son 15 ildə bütün sahələrdə onun siyasətini, kursunu çox layiqincə, çox uğurlu şəkildə həyata keçirən ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən neft strategiyasını, neft siyasətini bütün xırdalıqları ilə oxuculara əxz etdirməyə çalışırlar. Götürək elə son bir neçə ayı... Ötən bir neçə ay ərzində Azərbaycan tarixində çox böyük uğurlara, nailiyyətlərə imza atılıb. Elə uğurlara, elə nailiyyətlərə ki, bundan sonra nəinki illərlə, hətta əsrlərlə xatırlanacaq, əsrlərlə yaddaşlarda qalacaq, hafizələrdən silinməyəcək məqamlardır. Cəmi bir neçə ayda dövlət başçısının iştirakı ilə Bakıda, Səngəçal terminalında "Cənub qaz dəhlizi”nin rəsmi açılışı, onun ardınca qardaş Türkiyənin Əskişəhər şəhərində bir neçə dövlət başçısının iştirakı ilə TANAP-ın işə salınması, elə bugünlərdə qardaş, dost Qazaxıstanın Aktau şəhərində 1996-cı ildən bu yana davam edən və 22 illik danışıqlar prosesinin nəticəsi kimi ortaya çıxan, Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı 5 Xəzəryanı dövlət başçısının bir araya gəlməsi və tarixi imzalama mərasiminin keçirilməsi... Bunlar müstəqil Azərbaycan dövlətinin qürur, fəxr tarixidir və bu tarixi anların, hadisələrin geniş şəkildə işıqlandırılması "Azərbaycan” qəzetinin hər nömrəsində özünü dolğunluğu, əhatəliliyi ilə əks etdirib...
"Azərbaycan” qəzeti ölkənin ictimai-siyasi həyatında baş verən hər bir hadisəyə də daim düşünülmüş, həssas şəkildə və peşəkar səviyyədə reaksiya verib. Hər zaman Azərbaycan dövlətinin, Azərbaycan dövlətçiliyinin maraqları mövqeyindən çıxış edib. Öz fəaliyyətində daim Azərbaycan xalqı və dövlətinin mənafelərini üstün tutub, dövlətçiliyinin yanında olub. Ötən əsrin 90-cı illərinin əvvəllərində, Azərbaycanın müstəqilliyinin ağrılı-acılı günlərində, qarmaqarışıq dövrlərində parcalanmaq, dağılmaq, müstəqilliyini yenidən itirmək təhlükəsi qarşısında qaldığı, ölkənin etnik zəmində qarşıdurmaya sürükləndirildiyi vaxtlarda bu qəzet öz sözünü deyib, iradəsini, mövqeyini ortaya qoyub. O zaman həmin təhlükəli cəhdlərin qarşısının alınmasında birbaşa və müstəsna rolu olan BÖYÜK XİLASKAR Heydər Əliyevin bütün çağırışlarına öz peşəkar, layiqli fəaliyyəti, əməli addımları ilə cavab verib. Həmin hadisələr şəxsən mənim gözlərim qarşısında olub. Həmin vaxtlar Heydər Əliyevin çağırışına səs verən Azərbaycan ziyalılarından biri olaraq öz vətəndaşlıq vəzifəmi, borcumu sədaqətlə yerinə yetirməyə çalışmışam. "Azərbaycan” qəzetində ölkəmizi, insanlarımızı narahat edən məsələlərlə bağlı fikirlərimi bildirmişəm, geniş müsahibələr və yazılarla çıxış etmişəm. 1993-cü ilin avqust ayında isə "Azərbaycan” qəzetində "Ziyalı sözü” adlı məqaləm çıxdı: "Mən bir daha təkrar edirəm - Azərbaycan Respublikasının müstəqilliyinə, bütövlüyünə qarşı yönəldilən hər addıma, hərəkətə vaxtında qiymət verilməlidir. Kimliyindən, mənsubiyyətindən, millətindən asılı olmayaraq, bu işi törədənlər xalq, vətən qarşısında cavab verməlidirlər.
Bu baxımdan Heydər Əliyevin xalqa müraciəti, Lənkəran bölgəsində camaatın ayağa qalxması, vətənin bu dar günündə hamımızın Azərbaycanın bütövlüyünün qorunması naminə birliyimiz böyük bir qüvvə olub, bizi istəməyənlərə amansız zərbədir.
Azərbaycan xalqının haqq işi qalib gəlməlidir”.
Xalq Cəbhəsinin hakimiyyəti dövründə, 1993-cü ilin sentyabrında prezident seçkiləri ərəfəsində işıq üzü görən "İqtisadiyyatı belə idarə etməzlər” adlı müsahibədə isə həmin iqtidarın naşı, səriştəsiz fəaliyyəti açıq şəkildə tənqid olunub, çıxış yolları göstərilib. Eyni zamanda, məlum iyun hadisələri və ümummilli liderin hakimiyyətə qayıdışından sonra daha böyük ruhla və əzmlə ziyalılarımız öz vətəndaşlıq mövqelərini sərgiləməyə başlamışlar. Heç şübhəsiz ki, bu məsələlərdə hər zaman mənəvi dəstəkçi "Azərbaycan” qəzeti olub. Bu qəzet hər zaman ürəyi, qəlbi Azərbaycanla döyünən, çırpınan insanların qəzeti olub, onların fikir, təbliğat, maarifləndirmə tribunasına, meydanına çevrilib.
"Azərbaycan” qəzeti 1994 və 1995-ci illərdə müstəqil Azərbaycanı qəbul, həzm edə bilməyən qüvvələrin növbəti dövlət çevrilişi cəhdlərinin, respublikanı yenidən müstəmləkə boyunduruğu altında inlətmək istəyən antiazərbaycan dairələrinin məkrli əməllərinin ifşasında, dahi öndərin XİLASKAR obrazının yaradılmasında öz tarixi rolunu oynayıb. Bu xətt, bu kurs bugünümüzədək davam edir və etməkdədir. İstər ulu öndər Heydər Əliyevin, istərsə də ölkə Prezidenti İlham Əliyevin müstəqil Azərbaycan naminə titanik ictimai-siyasi fəaliyyəti bu qəzetdə dolğun, ətraflı və peşəkar səviyyədə işıqlandırılıb, onların hər bir çıxışı, hər bir nitqi, hər bir səfəri, hər bir addımı "Azərbaycan” qəzetinin səhifələrinin manşetinə çevrilib. Yenə elə götürək son hadisələri... Çox həyəcanlı, dövlətimizlə, dövlətçiliyimizlə bağlı çox həssas günlər idi... Mingəçevirdə yerləşən "Azərbaycan” İES-də baş vermiş qəza, bundan sonra Gəncə şəhərində baş vermiş olaylar, ölkəmizdə yenidən xaos yaratmaq cəhdləri hələ uzun illər yaddaşlardan silinməyəcək... Bunlar hər bir kəsdən, xüsusən də Azərbaycana sidq ürəklə bağlı olan şəxslərdən əsl vətəndaşlıq mövqeyi nümayiş etdirməyi tələb edən məsələlər idi... Çox şükürlər olsun ki, Azərbaycan vətəndaşları, xalqımız yenə dövlətinin, dövlətçiliyinin, onun üçün daim çalışan, mübarizə aparan dövlət rəhbərinin, ölkə Prezidentinin yanında oldu, təxribatlara, pozuculuq əməllərinə uymadı. Ölkə Prezidentinin ətrafında sıx birləşməklə Azərbaycanı yenidən xaosa sürükləmək istəyənlərin layiqli cavabını verdi. "Azərbaycan” qəzeti bu məsələdə yenə dövlətinin yanında durdu, ön cərgədə yer aldı, özünün ifşaedici materialları, tutarlı yazı və məqalələri ilə Azərbaycanı "banan respublikası”na çevirmək istəyən antiazərbaycançı qüvvələrin qarşısında sipər oldu...
"Azərbaycan” qəzeti 30 ildən bu yana davam edən və ikili standartlar üzündən hələ də ədalətli həllini gözləyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, Azərbaycan, Qarabağ və soyqırımı faciələrimizlə bağlı həqiqətlərin yayılmasında, işıqlandırılmasında da böyük xidmətlərə malikdir. Qəzetin hər bir sayında, demək olar ki, Qarabağ münaqişəsi, müharibə iştirakçıları, şəhid və əlillərimiz, onların ailələri, böyük zəfər və qələbə tariximiz olan Aprel döyüşləri, Günnüt zəfəri ilə bağlı yazılar, məqalələr getməkdədir. Həmçinin Azərbaycan Ordusunun əhvali-ruhiyyəsinin, döyüş ruhunun artırılması, yüksəldilməsi ilə əlaqədar materiallara vaxtaşırı bu qəzetdə geniş yer ayrılmaqdadır. Bununla yanaşı, Qarabağ münaqişəsinin ədalətli həll olunması istiqamətində Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin atdığı addımlar, sülhpərvərlik missiyamız çox əhatəli və əsaslandırılmış şəkildə diqqətə çatdırılmaqdadır. Xüsusilə də təcavüzkar dövlətin işğalçılıq siyasəti və onun ifşası qəzetin fəaliyyətinin əsas prioritetlərindəndir. Çox sevindirici haldır ki, ötən əsrin 90-cı illərinin əvvəllərindən fərqli olaraq, bu gün Azərbaycan diplomatiya savaşında, informasiya blokadasının yarılmasında da böyük uğurlar əldə edib və bu uğurlarda bir mətbu orqan kimi "Azərbaycan” qəzetinin də rolu, əməyi var...
"Azərbaycan” qəzeti, eyni zamanda, Azərbaycan iqtisadiyyatının, ölkənin regionlarının inkişafı prosesinin işıqlandırılmasında əvəzsiz rol oynayır. Azərbaycan iqtisadiyyatında hansı yeniliklər baş verirsə, dərhal qəzetdə öz əksini tapır. Azərbaycan regionlarında hansı inkişaf baş verir, yaşanır, "Azərbaycan” hamıdan əvvəl ilk olaraq onu işıqlandırır, dövlətin, dövlət rəhbərliyinin bu istiqamətdəki əməli addımlarına öz mövqeyi ilə töhfəsini verməyə çalışır və buna da nail olur. 90-cı illərin əvvəllərində böyük tənəzzül dövrü yaşayan Azərbaycan iqtisadiyyatı, Azərbaycan sənayesi, aqrar sektoru Heydər Əliyevin hakimiyyətə gəlişi ilə yenidən dirçəlməyə başladı. 2003-cü ildə ondan estafeti qəbul edib davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 15 illik hakimiyyəti dövründə isə bu sahələrdə, demək olar ki, ikinci nəfəs yaşandı, intibah, dirçəliş mərhələsinə qədəm qoyuldu. Azərbaycan iqtisadiyyatının, Azərbaycan regionlarının siması dəyişdi. Ölkəmiz çox qısa zaman ərzində nəinki bölgənin, Cənubi Qafqazın, bütövlükdə dünyanın lider dövlətlərindən birinə çevrildi. Dünyanın nüfuzlu reytinq mərkəzlərinin açıqladığı göstəricilər, nəticələr də bunu əyani şəkildə ortaya qoyur. Hətta 2008-ci ildən bu yana dünyada yaşanan, yaşadılan maliyyə-iqtisadi böhran da 10 il ərzində Azərbaycana, Azərbaycan iqtisadiyyatına güclü zərbə vura bilmədi. Azərbaycan dövləti və ölkə rəhbərinin çox düşünülmüş iqtisadi siyasəti nəticəsində respublika bu risklərdən, bu zərbələrdən kənarda dayana bildi, zərərsiz ötüşdü, hətta daha böyük inkişafa nail oldu. Bununla yanaşı, Azərbaycan regionlarının siması büsbütün dəyişdi, gözəlləşdi. Bu gün Azərbaycan regionları ilə paytaxt arasında olan fərq, demək olar ki, aradan qaldırılıb. Bu uğurların, bu nailiyyətlərin, bu inkişaf meyillərinin işıqlandırılmasında da yüzlərlə mətbu orqan arasında "Azərbaycan” qəzeti öz liderliyini, öncüllüyünü qoruyub saxlamaqdadır. Azərbaycan iqtisadiyyatında, regionlarda hansı inkişaf varsa, onları hər gün "Azərbaycan” qəzeti vasitəsilə izləmək, onlarla tanış olmaq mümkündür...
"Azərbaycan” qəzeti Azərbaycan elminin, Azərbaycan mədəniyyətinin, idmanının geniş şəkildə təbliğində də əhəmiyyətli rol oynamaqdadır. Qəzetin hər sayında bu məsələlərə həsr olunmuş xeyli sayda yazıları görmək, onları oxumaq mümkündür. Azərbaycan ötən illər ərzində nəinki iqtisadi, siyasi uğurları ilə şöhrətlənib, həm də elmi uğurları, böyük ənənəyə malik geniş mədəniyyəti, idmanı ilə nüfuz qazanıb, uğurlar əldə edib, tanınıb. Azərbaycan bu gün dünyanın milli-dini tolerantlıq mərkəzi olmaqla yanaşı, humanitar, musiqi, mədəniyyət, idman yarışlarının yüksək səviyyədə keçirildiyi bir məkana çevrilib. Ölkəmizdə təşkil edilən "EuroVision” musiqi yarışması, artıq on ildir davam edən Qəbələ Beynəlxalq Musiqi Festivalı, ilk Avropa Oyunları, IV İslamiada, Bakı Beynəlxalq Humanitar Forum(ları)u... Bunlar cəmi 27 yaşı olan müstəqil Azərbaycan dövlətinin qısa zaman ərzində nail olduğu böyük nailiyyətlərin sadəcə bir hissəsidir... Bu nailiyyətlərin, uğurların əldə edilməsində dövlət başçısı ilə yanaşı addımlayan Birinci vitse-prezident, ölkənin birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri, zəhməti əvəzsizdir, misilsizdir, bu haqda saatlarla, günlərlə, aylarla danışmaq olar, lakin yenə də bəs etməz... "Azərbaycan” qəzeti bu istiqamətdə də öz sözünü deməkdə, əsl peşəkar mətbuat orqanı kimi yaradıcı mövqeyini ortaya qoymaqdadır...
"Azərbaycan” qəzeti həm də Azərbaycan parlamentinin, ölkənin ictimai-siyasi həyatında əvəzsiz rola malik olan qanunverici orqan Milli Məclisin orqanıdır... Bu yaxınlarda 100 yaşını təntənəli şəkildə qeyd etməyə hazırlaşan Azərbaycan parlamentinin fəaliyyətinin işıqlandırılmasında, ölkəmizin, xalqımızın, dövlətimizin həyatı ilə bağlı qəbul edilən bir-birindən vacib və əhəmiyyətli qanunların, qərarların cəmiyyətə olduğu kimi, müfəssəl və hərtərəfli şəkildə çatdırılmasında da "Azərbaycan”ın missiyası, xidmətləri əvəzsizdir. İkinci bir mətbu orqan tapmaq olmaz ki, "Azərbaycan” qəzeti kimi bu məsələlərə geniş yer ayırsın və oxucularını, izləyicilərini belə maarifləndirsin... Çox əlamətdar haldır ki, qanunların insanlarımıza, sadə vətəndaşlarımza anlaşıqlı, daha sadə dildə çatdırılmasında millət vəkillərimizin, deputat həmkarlarımızın da yazıları, çıxışları, təhlilləri bu qəzetin səhifələrində geniş yer almaqdadır. Millət vəkillərimizdən Eldar İbrahimovun, Hadi Rəcəblinin, Hüseynbala Mirələmovun, Nizami Cəfərovun, Tahir Rzayevin, Eldar Quliyevin, Bəxtiyar Əliyevin, Gövhər Baxşəliyevanın və digərlərinin maraqlı, sanballı yazıları bu qəzetdə daim işıqlandırılmaqdadır... Azərbaycan oxucuları, tam əminəm ki, həmin yazılardan onlara lazım olan bütün məqamlara, bütün suallara cavab ala bilirlər...
"Azərbaycan” qəzetində çox dəyərli, nüfuzlu jurnalistlər komandası çalışır. Onların arasında ölkənin ictimai-siyasi, mədəni həyatı ilə əlaqədar çoxsaylı yazıları ilə oxucuların böyük rəğbətini qazanmış İradə Əliyevanın, İxtiyar Hüseynlinin, Flora Sadıqovanın, Rüstəm Kamalın, həmçinin "Dönüş”, "Bizim çörək təknəmiz”, "Banklar göz yaşlarına niyə inanmır?” kimi məqalələrin müəllifi olan Raqif Məmmədovun adını çəkmək olar.
Təbii ki, qəzetin bu qədər peşəkar səviyyədə özünü tanıtmasında, böyük nüfuz və hörmət qazanmasında xüsusi olaraq baş redaktor - Milli Məclisin deputatı, həmkarımız Bəxtiyar Sadıqovun rolu, əməyi, xidməti müstəsnadır. Məhz onun redaktorluq etdiyi bu illər ərzində "Azərbaycan” qəzeti öz adını, simasını qoruya, tarixi ənənəsinə uyğun şəkildə fəaliyyətini davam etdirə bilib...
Odur ki, Bəxtiyar müəllim başda olmaqla, "Azərbaycan” qəzetinin bütün kollektivini, yaradıcı heyətini, bu qəzetin əsasını qoymuş böyük fikir adamlarının hamısını növbəti doğum günləri, 100 illik yubileyləri münasibətilə ürəkdən təbrik edir, dünyasını dəyişənlərə rəhmət diləyir, qalanlara can sağlığı, fəaliyyətlərində, işlərində, yaradıcılıqlarında növbəti nailiyyətlər arzulayıram. Qoy qələm tutan əlləriniz var, qələminiz daim iti və kəsərli, yubileyiniz, şərəf tariximiz mübarək olsun!
Azərbaycanımız var olduqca "Azərbaycan”ımız da yaşayacaqdır!

Ziyad SƏMƏDZADƏ,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri,
akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video