15 Sentyabr 2018 01:53
659
SİYASƏT
A- A+

“Azərbaycan” əsl jurnalistika məktəbinə çevirilib


Məzahir PƏNAHOV,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri


Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

"Azərbaycan” qəzetinin baş redaktoru

cənab Bəxtiyar Sadıqova


Hörmətli Bəxtiyar Yusif oğlu!

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı və milli mətbuatımızın avanqardı olan "Azərbaycan” qəzetinin 100 illik yubileyi münasibətilə Sizi və redaksiyanın peşəkar kollektivini şəxsən öz adımdan və Mərkəzi Seçki Komissiyası adından ürəkdən təbrik edirəm.

Xalqımızın milli oyanış və özünüdərkində, istiqlal ruhunun və milli şüurunun formalaşmasında milli mətbuatımız müstəsna rola malikdir. "Əkinçi” qəzetinin yaranması ilə əsası qoyulan bu irs görkəmli maarifpərvər ziyalılarımızın da dəstəyi ilə milli azadlıq hərəkatını və müstəqil dövlətçilik ideyalarını inkişaf etdirərək müsəlman Şərqində xalq hakimiyyətinə və insanların bərabərliyi prinsiplərinə əsaslanan ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına vəsilə olub. Olduqca çətin və mürəkkəb ictimai-siyasi şəraitdə 1918-ci il sentyabrın 15-də ilk nömrəsi işıq üzü görən "Azərbaycan” qəzeti bütün fəaliyyəti boyunca xalqımızın şərəfli istiqlal yolunun, müstəqil dövlətimizin qarşıya qoyduğu ali məqsədlərin və demokratik prinsiplərin carçısına və canlı salnaməsinə çevrilib.

Cümhuriyyətin süqutu ilə ölkə həyatının bütün sahələri kimi, milli mətbuatımıza da ağır zərbə vurularaq ən sərt şəkildə senzuralaşdırılıb, cəmiyyətdəki problemləri işıqlandırmaq qadağan olunub və müstəqil mediamız tamamilə sıradan çıxmaq təhlükəsi ilə üz-üzə qoyulub. Sonradan ümummilli lider Heydər Əliyev tərəfindən media üzərindəki bütün dövlət tənzimləmə mexanizmləri ləğv edilib, senzura aradan qaldırılıb və beləliklə, milli mətbuatımızın inkişafı üçün geniş imkanlar yaranıb.

Prezident İlham Əliyevin sərəncamları ilə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının qəbul edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, media qurumlarına birdəfəlik maliyyə yardımı göstərilməsi, qəzetlərin nəşriyyata olan borclarının ləğv edilməsi, jurnalistlərin sosial problemlərinin həll edilməsi, eləcə də mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün yüzlərlə media nümayəndəsinə dövlət hesabına mənzillər verilməsi və s. ölkəmizdə azad medianın inkişafı üçün atılan addımların bariz göstəriciləridir.

Hazırda milli mətbuatımız dinamik inkişaf edərək müasir informasiya cəmiyyəti quruculuğunda, milli və dövlətçilik maraqlarının, milli-mənəvi dəyərlərin qorunmasında və geniş təbliğində əhəmiyyətli rol oynayır. Milli mətbuatımızın bayraqdarı olan "Azərbaycan” qəzeti də Sizin və redaksiyanın təcrübəli kollektivinin peşəkarlığı nəticəsində ölkəmizdəki hərtərəfli söz və fikir azadlığı, siyasi plüralizm mühitində sərbəst şəkildə fəaliyyət göstərən çoxsaylı mətbu orqanlar arasında özünəməxsus dəstxətti, aydın və prinsipial mövqeyi, ölkədə və beynəlxalq aləmdə cərəyan edən hadisələrə dəqiq, obyektiv və operativ yanaşması ilə cəmiyyətdə yüksək nüfuz və statusa malik əsl jurnalistika məktəbinə çevirilib.

Məmnuniyyətlə vurğulamaq istərdim ki, Mərkəzi Seçki Komissiyasının sıx əməkdaşlıq etdiyi "Azərbaycan” qəzeti ölkəmizdə seçkilərin yüksək səviyyədə təşkil olunması və keçirilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətlərinin öhdəsindən də ləyaqətlə və peşəkarlıqla gələrək seçkilərin azad, ədalətli və şəffaf keçirilməsində mühüm rol oynayır və vətəndaşlarımızın birbaşa Konstitusiya ilə təsbit olunan seçki hüquqlarının təmin olunmasına əhəmiyyətli töhfə verir.

İnanıram ki, milli mətbuatımızın şanlı və mütərəqqi ənənələrini layiqincə davam etdirən "Azərbaycan” qəzeti milli və dövlətçilik mənafeyinin qorunmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, milli və bəşəri ideyaların təbliğində, ölkəmizdə demokratiyanın, siyasi plüralizmin və aşkarlığın təmin olunmasında öz fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək.

Bu əlamətdar gündə Sizi və milli istiqlalımızın həmyaşıdı və layiqli tərənnümçüsü olan "Azərbaycan” qəzetinin bütün kollektivini bir daha səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video