15 Sentyabr 2018 01:37
1427
SİYASƏT
A- A+

“Azərbaycan” qəzetinin dünyaya gəlişi



Şirməmməd HÜSEYNOV:
"Azərbaycan” qəzeti millətə və dövlətə xidmət edirdi”


1918-ci ildə "Azərbaycan” qəzetinin yaradılması ilə bağlı aparılan hazırlıq işləri olduqca gərgin dövrə təsadüf edirdi. Bu həmin vaxt idi ki, Qafqaz İslam Ordusu Gəncədən Bakıya doğru yürüşə başlamışdı, qarşıda Azərbaycan hökumətini ciddi sınaqlar gözləyirdi.
Məhz belə bir vaxtda hökumət həm də öz rəsmi qəzetinin nəşrini planlaşdırırdı. Lakin qəzetin dərci xeyli texniki problemin həllini tələb edirdi. Belə ki, Gəncə şəhərində Azərbaycan dilində şriftlərin olmaması, ümumiyyətlə anadilli mətbəənin formalaşmaması qəzetin işıq üzü görməsinə ciddi əngəllər yaradırdı.


Gəncədə Azərbaycan dilində şrift yox idi


Qəzetimizə açıqlamasında bu proseslərə aydınlıq gətirən Xalq Cümhuriyyəti dövrünün mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynov öncə "Azərbaycan” qəzetinin yaranması ideyasından danışdı. Onun sözlərinə görə, bəziləri qəzetin Fətəli xan Xoyskinin təşəbbüsü ilə yaradıldığını yazırlar. Tarix isə deyir ki, bu işin təşəbbüskarı Nəsib bəy Yusifbəylidir. Nəsib bəy Yusifbəyli Fətəli xan Xoyskinin başçılıq etdiyi birinci hökumət kabinəsində maliyyə və maarif naziri idi. Tiflisdən Gəncəyə gələndən sonra hökumət ikinci kabinəni yaratdı. İkinci hökumət kabinəsində Nəsib bəy Yusifbəyli maarif və dini etiqad naziri idi. Mətbuat məsələsinə də maarif və dini etiqad naziri baxırdı.
Şirməmməd Hüseynov deyir ki, 1918-ci ilin mart qırğınları ərəfəsində Hacıbəylilər ailəsi İranın Ənzəli şəhərinə gedir. Elə ki, türk ordusu İrandan keçib Azərbaycana daxil olur, bir çox cavanlar da onlara qoşulub Gəncəyə gəlir. Həmin gənclərin arasında Ceyhun Hacıbəyli və Şəfi bəy Rüstəmbəyli də olur. Onda Ceyhun Hacıbəylinin 27, Şəfi bəy Rüstəmbəylinin isə 25 yaşı vardı. Bu barədə Zülfüqar Hacıbəyli öz xatirələrində yazır ki, həmin vaxt Gəncədə qəzet nəşr etmək üçün jurnalist lazım idi. Nəsib bəy Yusifbəyli Ceyhun Hacıbəylinin və Şəfi bəy Rüstəmbəylinin yaxşı qələmlərinin olduğunu bilirdi. Çünki Ceyhun Hacıbəyli "Kaspi” qəzetində mütəmadi olaraq məqalələrlə çıxış edirdi. Buna görə Nəsib bəy Yusifbəyli onların hər ikisini dəvət edir və "Azərbaycan” adlı qəzeti çıxarmağı tapşırır.
Şirməmməd Hüseynov bildirir ki, qəzeti nəşr etmək üçün ilk növbədə mətbəə lazım idi: "O vaxt Gəncədə bir mətbəə vardı. O da quberniya mətbəəsi idi. Bu mətbəədə də hərflər rusca idi. Azərbaycan dilində hürufat (şrift) yox idi. Buna görə Nəsib bəy Yusifbəlyi iyun ayında səhiyyə və sosial təminat naziri Xudadat bəy Rəfibəylidən xahiş edir ki, hürufat gətirmək üçün Tiflisə adam göndərsin. Bu, mümkün olmur və ona görə qəzetin dərci bir qədər gecikir. Odur ki, "Azərbaycan” qəzetinin birinci nömrəsi sentyabrın 15-də quberniya mətbəəsində çap olunur”.


İlk 4 nömrə Gəncədə çıxıb


Şirməmməd Hüseynov söyləyir ki, qəzetin Gəncədəki ilk nömrəsi həm Azərbaycan, həm də rus dilində çap olunur. Maraqlısı odur ki, həm azərbaycanca, həm də rusca olan qəzetlər bir və iki nömrəsi ilə səhifələnir. "Belə çıxır ki, onların hər biri ayrı-ayrı qəzetlərdir, sadəcə, bir yerdə çap olunub. Çünki bir qəzet olsaydı, sıralama 1,2,3 və 4 olardı. Qəzetin 2 və 3-cü nömrələri yalnız rus dilində çıxıb. Yenə üstündə 1və 2-ci səhifə yazılıb. İkinci nömrə sentyabrın 19-da, üçüncü nömrə isə sentyabrın 22-də çıxıb. Sentyabrın 25-də qəzetin 4 səhifəlik dördüncü nömrəsi çap olunub. Səhifələrin üstündə 1,2,3 və yenidən 1 yazılıb. Bu da onu göstərir ki, iki qəzetdir. İmkan olmadığına görə bir yerdə çap edilib. Beləliklə, qəzetin Gəncədə 4 nömrəsi - 12 səhifəsi çap olunub. Onlardan 9-u rus, 3-ü Azərbaycan dilində işıq üzü görüb. Bununla da, "Azərbaycan” qəzetinin Gəncə dövrü tamamlanır” - deyə Şirməmməd Hüseynov bildirir.
Qəzetin Bakı dövrü ilə bağlı danışan Şirməmməd Hüseynov dedi ki, Bakı işğaldan azad olunandan 2 gün sonra, sentyabrın 17-də Azərbaycan hökuməti Bakıya köçür. "Azərbaycan” qəzetinin redaksiyasının Bakıya köçürülməsi işləri ilə yenə də Nəsib bəy Yusifbəyli məşğul olur. O dövrdə Bakıda ən yaxşı, müasir mətbəə isə Orucov qardaşlarının olub. Nəsib bəy Yusifbəyli Orucov qardaşları ilə danışır və bu mətbəəni onlardan pulunu ödəmək şərti ilə alıb, adını hökumət mətbəəsi qoyurlar. Hətta parlament iclaslarının birində Orucov qardaşlarına mətbəə üçün büdcədən nə qədər pulun ödənməsi müzakirə olunur. "Görün necə demokratik olublar? Bolşeviklər kimi zəbt etməyiblər, pulunu ödəyib alıblar” -deyə Şirməmməd Hüseynov qeyd edir.


Dövlətçilik amallarına xidmət edən qəzet


1918-ci il oktyabrın 3-də "Azərbaycan” qəzetinin Bakıda 4 səhifəlik ana dilində beşinci nömrəsi işıq üzü görür. Oktyabrın 7-də qəzetin rusca nəşri bərpa olunur. Ümumilikdə 1918-ci ildə qəzetin ana dilində 75, rus dilində isə 70 nömrəsi çıxır. Azərbaycanca çıxan qəzet də özünü müstəqil sayır, rusca da. Hər ikisi də öz tarixini sentyabrın 15-dən başlayır.
Ü.Hacıbəyli 1919-cu ilin martında Parisə qardaşı Ceyhun Hacıbəylinin göndərdiyi məktubunda yazırdı: "Sən gedəndən sonra Nəsib bəy Yusifbəyli mənimlə görüşüb, dedi ki, sən müdir olduğuna görə Ceyhunun məvacibini al. Məhəmməd Əmin də sənin məvacibini alsın. Smetada da belə nəzərdə tutuldu”. Bu barədə danışan Şirməmməd Hüseynovun sözlərinə görə, qəzeti hökumət maliyyələşdirirdi və hökumət mətbəəsində çap edilirdi. Xərcini hökumət çəkirdi, qəzet isə hökumətə xidmət edirdi.
Məhəmməd Əmin Rəsulzadə və Ü.Hacıbəyli yazırdılar ki, bizim 3 əsas qayəmiz var: "Bu Vətən də bizimdir, bu millət də bizimdir, bu dövlət də bizimdir”. "Azərbaycan” qəzetinin fəaliyyəti də məhz bu amallara xidmət edirdi. Bu barədə danışan Şirməmməd Hüseynov qeyd edir ki, bundan yüksək nə ola bilər?!: "Müstəqillik dövrünün mətbuatının prinsipi bunlardır. Heç bir siyasi partiyaya yox, Vətənə, millətə və dövlətə xidmət etmək... Millət üçün bundan böyük səadət ola bilməz”.

Ləman MUSTAFAYEVA,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video