15 Sentyabr 2018 01:29
980
SİYASƏT
A- A+

Paytaxtın taleyi yalnız hərb meydanında həll olunmurdu



Azərbaycan hökuməti Bakını düşmən işğalından azad etmək üçün çox ciddi işlər görürdü. Bu dövrdə Bakının təcili azad edilməsini şərtləndirən amillər hansılar idi: birincisi, Bakı Azərbaycanın sənaye, ticarət, dəniz limanı və ümumiyyətlə, strateji əhəmiyyət kəsb edən mərkəzi hesab olunurdu; ikincisi, sovet Rusiyasının nəinki Bakı şəhərinə, eləcə də Bakı qəzasına çox ciddi iddiaları var idi. Rusiya Bakıya əlverişli xammal bazası kimi baxırdı və gələcəkdə Xəzərətrafı bölgələrə tam nəzarəti ələ keçirmək fikrində idi. Lenin hökuməti çar Rusiyasının keçmiş ərazilərini yenidən bolşevik hakimiyyəti altına salmaq istəyirdi; üçüncüsü, bu dövrün beynəlxalq vəziyyəti Bakı şəhərini tezliklə azad etməyi vacib edirdi. Bakı məsələsi, eyni zamanda, Türkiyə, Almaniya, Böyük Britaniya və s. dövlətləri maraqlandıran məsələ kimi də diqqəti cəlb etməkdə idi. Ona görə də nə qədər gec deyil, Bakı şəhərini erməni, rus və ingilis işğalından azad etmək lazım idi.
Əks-təqdirdə, əgər Bakı 1918-ci ildə sovet Rusiyasının və ya Sentrokaspinin işğalı altına düşsəydi, onda gələcəkdə onun azad edilməsi çətinləşmiş olar və yeni-yeni problemlərə yol açardı; dördüncüsü, əgər Bakı tezliklə azad olunmasa, onda Azərbaycanın dənizə çıxışı bağlanardı və Azərbaycan mühüm əhəmiyyət kəsb edən iqtisadi-siyasi və coğrafi ərazisini itirmiş olardı. Azərbaycan neft, qaz, balıq və s. təbii ehtiyatlarından məhrum olardı. Digər tərəfdən, Azərbaycan Ermənistan, Gürcüstan və Rusiyanın əhatəsi altında qalardı və dünyaya çıxışı, bir növ, bağlanardı; beşincisi, xarici dövlətlərlə əlaqələrin qurulması baxımından Bakı ən əlverişli yerdə yerləşirdi. Bu mövqe gələcəkdə AXC hökumətinin beynəlxalq əlaqələrini genişləndirməyə imkan verərdi, nəhayət, altıncısı, Cümhuriyyət liderlərinin təbirincə deyilsə, "Bakısız Azərbaycan başsız bədəndir”, "Bakı Azərbaycan üçün mayak rolunu oynamışdır”, "Bakını itirmək Azərbaycanın müstəqilliyinin yarısının itirilməsi” demək idi, "Bakı Azərbaycanın döyünən ürəyidir” və s.
***
...Brest-Litovskdə öz sərhədlərini 1877-1878-ci illər Rusiya-Osmanlı müharibəsindən əvvəlki sərhədləri kimi Rusiyaya və müttəfiqlərinə qəbul etdirən Osmanlı dövləti, Qafqazdakı müsəlmanların müstəqilliyini reallaşdırmaq məqsədilə bir tərəfdən müttəfiqləri ilə diplomatik müharibə apararkən, digər tərəfdən də hərbi tədbirlər görürdü. Osmanlı dövləti cənub cəbhəsində ingilislər qarşısında ölüm-qalım müharibəsi apardığı bir dövrdə Ənvər Paşa, Qafqazda qardaşı Nuru Paşa və inandığı zabitlərə xüsusi bir ordu təşkil etdirərək Qafqaz müsəlmanlarının müstəqilliyini təşkil etməyi və müdafiə etməyi düşünürdü.
İstanbuldakı alman səfiri Bernsdorfun raportuna görə, 18 fevral 1918-ci ildə Trabzon ilə Batum arasında 6000 müsəlman əsgəri toplanmış, Bakı ətrafında isə bunların sayı 30000-ə çatmışdı. Bunların əhəmiyyətlli bir qismi müsəlman əsgərlərdən ibarət olub, silah-sursat və ərzaq problemləri yox idi (Mustafa Çolak. Almaniyanın Qafqaz siyasəti (1917-1918-ci illər) (Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu. Bakı, "Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2008, 695 s.).
Bu arada Nuru Paşa yanına heç bir alman zabiti almadan qərargah heyəti ilə birlikdə 22 mart 1918-ci ildə səhər tezdən Mosul üzərindən Bakıya hərəkət etdi. Nuru Paşanın Bakıya doğru yola çıxdığını Almaniya Baş Qərargahına raport verən alman agenti Brandner 21 martda günorta yeməyində Həqqi Paşanın qayını və katibi olan Əhməd Nizaməddin bəy ilə Osmanlı Hərbi Nazirliyindən adını vermədiyi Hərəkat Dairəsi rəisi, qərargah mayoru ilə bərabər olduqlarını göstərirdi. Həmin zaman bu iki şəxsin olduqca düşüncəli, amma bədbin görünüşlərinə diqqət edən Brandner, qərargah mayoru ilə Qafqazdakı hadisələri müzakirə etdiyini və mayordan bu məlumatları öyrəndiyini yazmışdı... (Mustafa Çolak. Almaniyanın Qafqaz siyasəti (1917-1918-ci illər).
Almaniyanın Qafqazdakı nümayəndəsi Kressə görə, Bakı məsələsi həm Osmanlı dövləti, həm də Azərbaycan hökumətinin razı olacağı bir şəkildə bir ay əvvəl həll edilməli idi. Azərbaycanlı nazirlərə görə müstəqil Azərbaycanın ayaqda dura bilməsi üçün Bakının mütləq öz əllərində olması vacib idi. Kressin "...müstəqil Azərbaycanın ayaqda dura bilməsi üçün Bakının mütləq azərbaycanlı hakimiyyəti daxilində olması gərək olması” düşüncəsinə qarşı Lüdendorf Ənvər Paşaya göndərdiyi 27 iyun 1918-ci il tarixli teleqrafda Bakıdakı neft yataqlarının zərər görmədən müzakirələr yolu ilə əldə edilməsi, qurumların idarəetmə və istifadə haqqının almanların əlində olması vacibliyini bildirirdi. Çünki Almaniya həm bu müharibənin əsas aparıcısı, həm də qurumları idarəetmə sistemi və istifadəsi üçün lazım olan texniki mütəxəssislərə sahib olan ölkə idi. Bundan başqa, Lüdendorf Transqafqazdakı məqsədlərinə nail ola bilməsi üçün həm Almaniyanın, həm də Osmanlı dövlətinin hər növ münaqişədən uzaq durması gərəkliyini bildirirdi. Bu zaman general Kubb türk hücumlarına aid xəbərləri əks edən və Bakıdakı vəziyyətə dair qənaətlərini hərbiyyə nazirliyinə göndərdiyi məlumatda bildirirdi ki, 9-cu ... taburun hamısı Bakıya daxil olduğu zaman oradaki bütün ingilis qüvvələrinin təqribən 2000 nəfərlik olacağını və bu qüvvənin şimali İranda saxlanılmasının zəruri olduğunu təxmin edirəm. Bakının qarşısındakı türklər 26 top ilə bərabər 5300 müntəzəm əsgər və 8000 azəri könüllüsündən ibarətdir (Mehmet Rıhtım. İngilislərin Bakı və Xəzər dənizinə hakim olmaq xüsusunda olmaq cəhdləri).
***
Bütün bunlara rəğmən, Bakının siyasi və hərbi taleyi Azərbaycan Cümhuriyyəti ilə Osmanlı dövlətinin birgə fəaliyyətindən çox asılı idi. Lakin burada bir həqiqəti tam aydınlığı ilə qeyd etmək lazımdır ki, Bakı məsələsi daha çox Türkiyə hökumətinin siyasi, hərbi qətiyyəti və çevikliyindən asılı idi. Çünki Türkiyə hökuməti Bakı məsələsi ilə bağlı Almaniya dövlətini razı salmalı, sovet Rusiyasının siyasi təzyiqi ilə üzləşməli idi. Digər tərəfdən Bakı quberniyasının müəyyən bir hissəsini bütün gücü ilə müdafiə edən və bu mərhələdə ingilislərdən də hərbi yardım alan Sentrokaspi qoşunlarının müqavimətini qırıb torpaqları düşmən işğalından təmizləmək lazım gəlirdi. Düşmən isə müzəffər türk ordusunun gücünü çox yaxşı bilirdi. Başqa bir məqamı da qeyd etmək lazımdır ki, Qafqaz İslam Ordusu ilə birgə Azərbaycan döyüşçüləri də Bakı istiqamətində düşmənə qarşı inamla döyüşürdü. Düşmən üzərinə hücum edən Qafqaz İslam Ordusunun və Azərbaycan Cümhuriyyətinin əsgərlərinin bir məqsədi var idi: Bakını tezliklə düşməndən azad etmək. Ordunun kimin komandanlığı altında olmasından asılı olmayaraq, Bakını tezliklə düşmən işğalından təmizləmək lazım idi. Bu məsələdə geçikmək Azərbaycanın Bakısız qalmasına səbəb ola bilərdi.
...Azərbaycan Xalq Cümhuriyyətinin dəvəti ilə türk qoşun hissələrinin Gəncəyə gəlməsi, Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun təşkil edilməsi, Azərbaycanın milli qoşun hissələrinin yenidən qurulmasına başlanması Bakı Xalq Komissarları Sovetinin rəhbərliyini ciddi təşvişə salmışdı. Bütün Zaqafqaziyanı sovetlərin bayrağı altına gətirmək istəyən S.Şaumyan və onun məsləkdaşları yaxşı anlayırdılar ki, Qafqaz İslam Ordusunun əks-hücumu bolşeviklərin niyyətlərinin reallaşmasına imkan verməyəcəkdir. Ona görə də Bakı Xalq Komissarları Sovetinin rəhbərliyi Rusiya bolşevik hökumətinin hərbi yardımına arxalanaraq bütün qüvvələri səfərbərliyə alıb qəti hücuma keçməyi və bununla da hərbi təşəbbüsü ələ almağı qərarlaşdırdı.
...Qafqaz Qırmızı Ordusunun möhkəmləndirilməsi üçün Rusiya tərəfindən göndərilən hərbi yardımların da ardı-arası kəsilmirdi. 1918-ci il iyunun elə ilk günlərində Rusiyadan 12 ədəd dörd düyməlik top, onun ekipajı və təchizatı yüklənmiş qatar Bakıya yola salınmışdı. Tula silah zavodundan isə xeyli sayda pulemyot, tüfəng və patron göndərilmişdi. Dəniz İşləri üzrə Rusiya Xalq Komissarlığı Soveti Xəzər hərbi donanmasını gücləndirmək üçün üç keşikçi gəmisi və üç minadaşıyan gəmi ayırıb onları etibarlı şəxsi heyətlə komplektləşdirmişdi. İyunun sonlarında Ter-Qabrielyan Rusiyadan 4 ədəd zirehli avtomobil, 13 ədəd təyyarə və çoxlu silah-sursat, təchizat gətirdi. Elə həmin günlərdə Rusiya Hərbi İnqilab Şurasına göndərdiyi xahişnamədə Bakı Xalq Komissarları Soveti 1-ci Qafqaz Qırmızı Korpusunun ehtiyatları üçün 2-3 diviziyanın, 6 ədəd təyyarənin, 6 ədəd zirehli avtomobilin, 180 pulemyotun, bir neçə topun, 18 milyon tüfəng gülləsinin, 25 min dəst hərbi geyimin və s. ayrılması zəruriliyini vurğulayırdı.
Nəhayət, kifayət qədər qüvvə və ehtiyat yaradıldıqdan sonra Bakı Xalq Komissarları Soveti Hərbi və Dəniz işləri üzrə komissar Q.Korqanov 1918-ci il iyunun 4-də 1-ci Qafqaz Qırmızı Korpusunun Zaqafqaziya dəmir yolu boyunca Hacıqabuldan qərbə doğru hücuma keçməsi barədə 8 saylı əmri imzaladı. Həmin əmrə müvafiq olaraq Qırmızı Ordu hissələrinin hücumu iyun ayının 6-da başlamalı idi. Qoşunların döyüş fəaliyyətinə ümumi rəhbərliyi komissar Q.Korqanov və onun yanında yaradılmış hərbi şura öz üzərinə götürdü.
***
...1918-ci ilin iyun-sentyabr aylarında AXC hökuməti Bakını düşmən qüvvələrinin işğalından azad etmək üçün bütün ümidlərini qardaş Türkiyəyə bağlamışdı. Bu işlər həm İstanbulda, həm də Gəncədə görülürdü. Belə bir dövrdə Cümhuriyyət hökuməti ilə İstanbulda olan Azərbaycan nümayəndə heyətinin rəhbəri M.Ə.Rəsulzadə çox ciddi işlər görürdülər. Bunu onlar arasında gedən yazışmalardan da görmək mümkündür. Bu yazışmaların böyük bir hissəsi Azərbaycan Respublikasının müxtəlif arxivlərində qorunmaqdadır. Bu sənədlərlə yaxından tanışlıq sübut edir ki, Bakının azad edilməsində təkcə Qafqaz İslam Ordusu ilə Azərbaycanın silahlı qüvvələrinin birgə hərbi əməliyyatları deyil, eləcə də AXC və Osmanlı dövlətlərinin hökumət üzvlərinin ciddi səylərinin xüsusi rolu olmuşdur.
Məlumdur ki, 1918-ci ilin ikinci yarısında İstanbulda keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransın işinə həm Qafqazda öz istiqlaliyyətini elan etmiş dövlətlər, həm də müttəfiq dövlətlər (Türkiyə, Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan) qatılacaqdı. Eyni zamanda, bu konfransda yeni yaranmış Cənubi Qafqaz respublikalarının arasında ərazi məsələləri ilə bağlı yaranmış ziddiyyətləri aradan qaldırmağa çalışacaqdı. Bu konfransda iştirak etmək üçün AXC hökuməti 1918-ci il iyunun 18-də qərar qəbul etmişdi. Həmin qərara əsasən, M.Ə.Rəsulzadə sədr, tərkibində A.Səfikürdski və ədiliyyə naziri X.Ə.Xasməmmədov olmaqla nümayəndə heyəti İstanbula göndərilmişdi.
Bununla bağlı nümayəndə heyətinin rəhbəri M.Ə.Rəsulzadənin AXC xarici işlər naziri M.H.Hacınskiyə göndərmiş olduğu məlumatında da təsdiqlənir. M.Ə.Rəsulzadə 1918-ci il iyulun 19-da İstanbuldan geniş bir məlumat göndərmişdi. Orada qeyd olunurdu ki, iyunun 24-də İstanbula gəldik. ... Qafqaz məsələsində türklərlə almanlar arasında fikir ayrılıqları var. Almanlar şübhəsiz, Brest-Litovsk müqaviləsinə sadiq qalmaq arzusunda idilər. ...onlar türk ordusunun Bakıya doğru hücumunun dayandırılmasını tələb edirdilər. ...almanlar Bakı məsələsini sülh yolu ilə həll etmək fikrində idilər. Lakin almanların bu istəyi Azərbaycanın xeyirinə yox, öz mənfəətlərinə xidmət etmək naminə və Rusiyanın xeyirinə doğru bir istək idi. Almanları Bakı nefti maraqlandırırdı. Bununla bağlı M.Ə.Rəsulzadə yazırdı ki, bizdə belə bir məlumat var ki, sanki almanların neftlə əlaqədar bolşeviklərlə bağlanmış xüsusi müqaviləsi mövcuddur. O, bu fikirləri hələ iyunun 24-də yazırdı. Lakin məlumdur ki, 1918-ci ilin avqustunda, Osmanlı dövlətindən gizlin, Brest-Litovski müqaviləsinə əlavə olaraq Almaniya-Sovet sazişi bağlanmışdı. Bu gizli müqaviləyə əsasən türk ordusunun Bakı istiqamətində hücumunun dayandırılması müqabilində sovet Rusiyası Bakı neftinin dörddə bir hissəsinin almanlara verilməsini nəzərdə tuturdu. Lakin Almaniya hökumətinin məqsədi təkcə neft məsələsi deyildi, onlar Türkiyənin bu bölgədə möhkəmlənməsini o qədər də istəmirdilər.
...27 avqust 1918-ci il tarixdə Almaniya-Sovet sazişindəki Bakı nefti ilə bağlı nəzərdə tutulan şərtləri sovet Rusiyası yerinə yetirmək gücündə deyildi. Çünki avqustun 1-dən Bakı bolşeviklərin əlindən çıxmış və sovet Rusiyasına əks olan qüvvələrin əlinə keçmişdi. Belə olan təqdirdə, Brest-Litovsk müqaviləsinə əlavə olaraq imzalanmış sovet-alman sazişinin həyata keçirilməsi real görünmürdü.
M.Ə.Rəsulzadə AXC hökumətinə göndərdiyi məlumatda Ənvər Paşanın azərbaycanlılardan ibarət ordunun qurulmasına xüsusi diqqət verdiyini və Paşa ilə dəfələrlə ordunun yaradılmasının zəruriliyi haqqında danışıqlar aparıldığını qeyd etmişdir. Məsələ ilə bağlı Ənvər Paşa Nuru Paşaya məktub yazmış və hətta Azərbaycanda 20 yaşından 25 yaşadək insanları hərbi xidmətə çağırılması üçün İstanbuldan xüsusi adam göndərmişdi. Osmanlı hökuməti Cümhuriyyət hökuməti tərəfindən xüsusi hərbi nazirlik yaradılmasının da əhəmiyyətli olacağını bildirirdi. Hətta bu vəzifənin Nuru Paşa tərəfindən idarə edilməsinin mümkün ola biləcəyi fikri də irəli sürülmüşdü. Sonradan Azərbaycanın milli ordusunun yaradılması işini AXC hökuməti öz üzərinə götürmüşdü. Lakin qısa bir zaman kəsiyində və düşmənin güclü hücumu ərəfəsində belə bir ordunun qurulması olduqca çətin və vaxt aparan iş olduğunu nəzərə alan Cümhuriyyət hökuməti qardaş Türkiyə dövlətinə yardımla bağlı müraciət etmiş və bu müraciət müsbət qarşılanmışdı.
Belə bir dövrdə Qafqaz İslam Ordusu ilə Azərbaycan əsgərlərinin Bakıya doğru birgə hərbi əməliyyatı uğurla davam edirdi. Bununla bağlı Fətəli Xan Xoyskinin 1918-ci il iyulun 31-də M.Ə.Rəsulzadəyə göndərdiyi teleqramında Azərbaycanın ərazi bütövlüyü, Yeni Bəyazidin bir neçə müsəlman kəndinin məhv edilməsi, Andranikin quldur dəstəsinin Zəngəzur tərəfdən Gorusa yaxınlaşması və s. məsələlərlə yanaşı, Bakı istiqamətində gedən hərbi əməliyyatlar haqqında da bəzi məlumatlar verilirdi. O yazırdı ki, bizim ordu Bakıya yaxınlaşmış, Qobu, Xırdalan və Sumqayıt ələ keçirilmişdi. Dəmir yolu boyunca isə ordu Ələt-Hacıqabul arasında qərarlaşmışdı. Əgər hər hansı fövqəladə hadisə baş verməsə, güman edirik ki, 3-4 günə Bakı bizim tərəfdən alınacaqdır.
Lakin Fətəli Xan Xoyskinin M.Ə.Rəsulzadəyə göndərdiyi teleqramdan düz bir ay yarım sonra, yəni, sentyabrın 15-də Bakı düşməndən azad ediləcəkdi.
...M.Ə.Rəsulzadənin İstanbuldan xarici işlər naziri M.H.Hacınskiyə göndərdiyi 4 avqust 1918-ci il tarixli məlumatında isə Bakının neytrallığı ilə bağlı Tələt Paşa və Ənvər Paşa ilə görüşdüyünü və "...məsələ çox çətin idi, lakin çətinliyin keçib getdi”yini yazmışdı (ARDA, f.894, s.10, iş 31, v. 19-22).
Daha sonra o, Bakı şəhərinin neytral kimi qalmasının alman rəhbərliyinin marağında olması məsələsini dəqiqləşdirmək üçün İstanbuldakı alman səfiri Bernsdorfla da görüşdüyünü yazmışdı. Bu görüş zamanı Bernsdorf M.Ə.Rəsulzadəyə bildirir ki, Almaniyanın belə bir qərarı olmayıb.
Bəhs olunan dövrdə Bakı şəhəri tək Azərbaycan üçün deyil, sovet Rusiyası, Osmanlı dövləti, Almaniya, Böyük Britaniya və başqa dövlətlər üçün də xüsusi önəm daşıyırdı. Lakin Azərbaycan və Türkiyənin Bakıya sahib olmaq imkanları daha real və haqlı görünürdü. Əslində, Bakının əsl sahibi Azərbaycan xalqı idi və Bakı şəhəri Azərbaycan Cümhuriyyətinin paytaxtı olmalı idi. Türkiyənin isə Bakı şəhəri ilə bağlı siyasi və iqtisadi marağının olmasına baxmayaraq, Bakını Azərbaycan Cümhuriyyətinin paytaxtı kimi qəbul edirdi və bunun üçün də şəhərin tezliklə azad olunmasına çalışırdı. Digər dövlətlərə gəldikdə isə onlar Bakının Azərbaycanın paytaxtı olmasını istəmirdilər. Almanlar Bakını sovet Rusiyasının təsir dairəsində qalmasında maraqlı idi. Çünki onları neft maraqlandırırdı və onlar üçün Azərbaycanın müstəqil olması o qədər də önəm daşımırdı. Sovet Rusiyasının mövqeyi isə məlum idi. Belə ki, dağılmaqda olan Rusiya imperiyası xarabalıqlarının içərisindən doğulmağa başlayan sovet Rusiyası imperiyanın əvvəlki sərhədlərini bərpa etmək fikrində idi. Digər tərəfdən, sovet Rusiyası Bakıya mühüm strateji əhəmiyyət kəsb edən bir coğrafi məkan kimi də baxırdı.
Cümhuriyyət liderləri isə Bakının tezliklə azad olunmasını istəyir və bütün fəaliyyətlərini, əsasən bu istiqamətə yönəltmişdilər.
***
...Bakı istiqamətində iyundan başlanan hərbi əməliyyat isə davam etməkdə idi. 5 avqust 1918-ci il tarixli döyüşdən sonra türk qüvvələrinin Bakı istiqamətində hücumunun boşa çıxması düşmən cəbhəsində əhval-ruhiyyəni yüksəltdi. Nazim bəyin cəbhənin vəziyyətini Qafqaz İslam Ordusu komandanı Nuru Paşaya bildirməsindən sonra III Ordu komandanlığından yardım istənildi. Qafqaz İslam Ordusunun hazırlayacağı yeni hücumla Bakını ala bilməsi üçün yaxşı təlim görmüş 5000 əsgər, düşmənin dənizdən döyüş gəmiləri ilə açdığı atəşin qarşısını almaq üçün dörd ağır top batareyası, hava hücumlarına qarşı bir təyyarə eskadrası, müxtəlif çaplı 28000 top mərmisi, 1500 sandıq tüfəng gülləsi, teleqraf və telefon rabitəsini rahat şəkildə yaratmaq üçün lazımi avadanlıq və 20 hərbi nəqliyyat vasitəsinə təcili ehtiyac olduğu bildirilmişdi (Nasir Yücerer. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi). Əlbəttə, bu qədər əsgəri qüvvə və hərbi texnikanın qısa bir zamanda uzaq məsafəyə - ön cəbhəyə gətirilməsini yalnız Türkiyə dövləti həll edə bilərdi.
...Qaraməryəm ətrafındakı döyüşün nəticələri Qafqaz İslam Ordusu Komandanlığında ciddi təhlil olundu. Vəziyyətlə daha yaxşı tanış olmaq, qüvvələri yenidən qruplaşdırmaq, mövcud imkanları bütünlüklə səfərbər etmək üçün Qafqaz İslam Ordusu komandanı Nuru Paşa, Müsəlman korpusu komandanı Əliağa Şıxlinski, 5-ci Qafqaz Diviziyası Ərkani-hərb rəisi Rüşdü bəy cəbhə xəttinə yola düşdülər. Döyüşün səhəri günü onlar Müsüslü yaxınlığında qatardan enib İslam Ordusu Ərkani-hərb rəisi Nazim bəylə, habelə 29-cu taburun komandiri ilə görüşüb onların məlumatını dinlədilər. Sonra Nuru Paşa və onu müşaiyət edən şəxslər faytonla Göyçaya gəldilər.
Cəbhə xəttində baş verənlər Azərbaycan hökumətini də ciddi narahat edirdi. Ona görə də Qafqaz İslam Ordusunun gücləndirilməsi üçün mövcud imkanlardan istifadə edilməsinə cəhd göstərilirdi. Azərbaycan xarici işlər naziri İstanbulda səfərdə olan M.Ə.Rəsulzadəyə baş verən döyüşlərin nəticələrinin ümidverici olmadığını Osmanlı dövlət nümayəndələrinə çatdırmaqla Azərbaycana əlavə bir diviziyanın göndərilməsinə nail olunmasının və bunun üçün müvafiq işin aparılmasının məqsədəuyğunluğunu vurğulayırdı.
...1918-ci il iyulun 7-də Qafqaz İslam Ordusu komandanı yeni Osmanlı Padşahı VI Mehmet Vəhidəddindən teleqram aldı. İyulun 3-də vəfat edən qardaşı V Mehmet Rəçadın yerinə iyulun 4-də taxta çıxan VI Mehmet Vəhidəddinin Qafqaz İslam Ordusu komandanına göndərdiyi teleqramında deyilirdi: "Əmirəlmömünün Ulu Xaqan Baş komandanımız qardaşım Sultan Mehmet xan həzrətlərinin həpimizi ağladan zayesi ilə əmri-komandanınızı ələ alıram. Sənələrdən bəri pək müşkülat içində Osmanlı və İslam tarixinə xanədanım üçün şanlı səhifələr əlavə edən siz arslanlar, yurdun qəhrəman yavrularıma məmnuniyyəti-şahanəmi bəyan edir, bu uğurda haqqın rəhmətinə qovuşaraq ər meydanında can vermiş olan şəhidləri kəmali-hörmətlə anıram. Vətənimizin səlaməti üçün indiyə qədər çox şanlı bir surətdə qəhrəman mütəfəkkirlərimizlə çiyin-çiyinə davam etdiyiniz müvəffəqiyyətlə dolu hərb illəri hər halda azalmaqdadır. Ancaq hələ bitməmişdir. Bu ana qədər olduğu kimi, Cənabi-haqqın haqlı davamızda daima bizimlə bərabər olacağına zərrəcə şübhə etməyərək, yenə cəsur şiddətli hücumlarınızla düşmənlə davam edin. Hər yerdə kəmali-şan və şərəflə daşıdığınız sancağım sizə daima zəfər və müvəffəqiyyət yolu göstərsin. İnayəti-Bəri və imdadi-ruhaniyyət Həzrəti peyğəmbəri siz qəhrəman əsgərlərimizin tuin və zəfəri olsun. Mehmet Vahidəddin”.
Belə şəraitdə 5-ci Qafqaz Diviziyasının ən az 5000 nəfərlik yeni bir qüvvə ilə gücləndirilməsi lazım idi. Cəbhənin vəziyyətini qiymətləndirən Qafqaz İslam Ordusu qərargah rəisi polkovnik-leytenant Nazim bəy Nuru Paşaya verdiyi raportda 15-ci piyada diviziyasının tam tərkibi ilə Bakı cəbhəsinə göndərilməsinin zəruriliyi haqda öz fikrini bildirmişdi. 15-ci diviziya 191 zabit və 5541 əsgərlə 9 sentyabrda Bakı cəbhəsinə çatmışdı. 15-ci diviziya sürətli hərəkətinin qarşısını alacağı düşüncəsi ilə bəzi yüklərini Gəncədə qoymuşdu. 15-ci diviziya Bakı cəbhəsinə çatdıqdan sonra şəhərə qarşı hücum qətilik qazanmış, bu məsələdə Qafqaz İslam Ordusu Komandanlığından verilən 10 sentyabr tarixli əmrlə hücum hazırlıqlarına başlanmışdı. Hücumdan əvvəl Şərq cəbhəsi komandanlığı və ona məxsus şimal qrupu ləğv edilmiş, cəbhədəki bütün birliklərin hərəkəti bilavasitə Qafqaz İslam Ordusu komandanlığına həvalə edilmişdir (Nasir Yücerer. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi...).
Bu vəziyyətdə 5-ci Qafqaz Diviziyasına Mürsəl Paşa, 15-ci piyada diviziyasına polkovnik-leytenant Süleyman İzzət bəy, Cənub qrupu birliklərinə isə polkovnik Cəmil Cahid bəy başçılıq edəcəkdi. Polkovnik-leytenant Halim Pertev bəy Cənub qrupu içində olan və Azərbaycan milislərindən meydana gələn 4-cü alaya rəhbərlik edəcəkdi. 13 sentyabrda Qafqaz İslam Ordusunun Komandanlığı diviziyalara göndərdiyi əmrlə 14 sentyabr saat 02.00-dan əvvəl Bakıya qarşı hücumun başlayacağını bildirdi. Hücum üçün bütün hazırlıqların tamamlandığı Bakı cəbhəsində təxminən Osmanlı əsgəri və 6000-7000-ə qədər Azərbaycan silahlı qüvvəsi toplanmışdı.
Bakının ələ keçirilməsi ilə nəticələnən 14-15 sentyabr döyüşlərində 15-ci piyada diviziyasından 5 zabit və 84 əsgər şəhid olmuş, 11 zabit və 347 əsgər yaralanmışdı. İtkin düşənlərin sayı isə 73-ə çatmışdı. Şəhid olanların çoxu 107-ci və 38-ci alaylara mənsub idilər. Bu döyüşlərdə Azərbaycan milislərindən ibarət olan Maştağa dəstəsi 11 şəhid və 44 yaralı vermişdi (Nasir Yücerer. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi...).
Üç ay yarımlıq çətin bir mübarizədən sonra türk əsgərləri artıq Bakıda idilər və şəhər həqiqi sahiblərinə qovuşmuşdu. Almanların bütün təzyiq və hətta təhdidlərinə baxmayaraq, hərəkat dayandırılmamış, hərəkata alman əsgərlərinin müdaxiləsinə imkan verilmədən Anadolu və Azərbaycan məhmətciyi çiyin-çiyinə verərək bu torpaqları azad etmiş və üzərində yaşayan türkləri azadlıqlarına qovuşdurmuşdu.
***
Bakı düşmənlərdən geri alındığı vaxt İstanbulda olan M.Ə.Rəsulzadə həmin günləri xatırlayarkən, baş komandan Ənvər Paşa telefonla "Əmin bəy Bakı alındı” "... xəbərinin doğurduğu duyğunu yazmaqla göstərə bilmərəm” fikrini yazmışdı.
Parlamentin ilk açılşında F.X.Xoyskinun çıxışından: "Sülhnamədə bir fəsil var ki, Azərbaycan hər vaxt lazım görsə müdafiə hüququ üçün Türkiyəyə bir qədər əsgər versin, hökumət bu carəyə təvəssül etdi. Ozünüz bilirsiniz Türkiyə öz borcunu yerinə yetirdi. Qonşumuzun köməkliyi ilə mümkün olmayan bir çox şeylər çətinlik ilə yavaş-yavaş əldə edilirdi. Bu təklif ilə başqasına müraciət etmək mümkün deyil idi. İstəsək də bir fayda olmaz idi. Türkiyə həmdinimiz, həmvətənimiz idi. Türkiyəyə müraciətimizin əsl səbəbi də paytaxtımızı əlimizə qaytarması idi. Bu barədə çox əziyyətlər çəkildi, imdi şükür olsun Allaha məqsədə çatdıq, Bakı əlimizə keçdi. Burası hazırən xırda bir şey görülür. Amma o zəlalət yada gətirilsə, nə qədər zəhmət çəkdiyimiz anlaşılar.”
1918-ci il sentyabrın 15-də Bakının azad edilməsi, Qafqaz İslam Ordusunun şəhərə daxil olması həm Azərbaycan dövləti və xalqı, həm də Türkiyə dövləti və xalqı üçün tarixi bir hadisə idi. İki qardaş dövlətin ciddi siyasi və hərbi səyləri nəticəsində Bakı şəhəri düşməndən qurtuldu.
İki gün sonra - sentyabrın 17-də AXC hökuməti Gəncədən Bakıya gələrək fəailiyyətini davam etdirməyə başladı. ... Bakı şəhəri Azərbaycanın dəyişməz və əbədi paytaxtına çevrildi.

Vaqif ABIŞOV,
tarix üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video