14 Sentyabr 2018 01:04
1756
SİYASƏT
A- A+

Müstəqil Azərbaycanın güzgüsü “AZƏRBAYCAN”



Milli dövlətçilik və azərbaycançılıq tribunası


Azərbaycan xalqının çoxəsrlik inkişafında müstəsna dərəcədə böyük əhəmiyyətə malik olan XIX əsrdə maarifçilik hərəkatı dalğasının işığında meydana çıxmış milli məktəb, teatr və mətbuat ölkəmizin yeni bir oyanış və tərəqqi mərhələsinə daxil olmasına meydan açmışdır.
Dünyəvi xarakterli milli məktəblər xalqın savadlanmasına, teatr milli-mənəvi özünüdərkə güclü təkan vermişdir. Həsən bəy Zərdabinin 1875-ci ildə nəşr etdirdiyi məşhur "Əkinçi” qəzeti ilə yalnız anadilli milli mətbuatın əsası qoyulmamış, həm də maarifçilik ideyalarının geniş xalq kütlələrinə çatdırılması həyata keçirilmişdir.
Milli mətbuat, xüsusən "Əkinçi” qəzeti milli oyanış və tərəqqi yollarında qətiyyətlə addımlayaraq ümummilli inkişafa böyük töhfələr vermiş, yollar açmışdır. Cəmiyyətin inkişafı baxımından "teatr böyüklər üçün məktəb” (N.Nərimanov), "məktəb cəhalət dərdinin dərmanı” (M.T.Sidqi) funksiyalarını həyata keçirmişdir. Milli mətbuat isə məktəbdə və teatrda gedən prosesləri təbliğ etməklə bərabər, həm də mövcud cəmiyyətin əsas xitabət kürsüsü və "danışan dili” olmaqla maarifçilik hərəkatının əsas hərəkətverici qüvvəsi rolunu oynamışdır. Bu gün 100 yaşı tamam olan, bir əsrlik şərəfli yol keçmiş "Azərbaycan” qəzeti XIX əsrdə və XX əsrin əvvəllərində ölkəmizdə yaranıb inkişaf etmiş zəngin milli mətbuat ənənələri zəminində meydana çıxmış və özünə qədərki mətbuatda səsləndirilən müstəqil dövlətçilik ideyalarının həyata keçirilməsi yollarının əsas tribunası kimi şərəfli bir missiyanı gerçəkləşdirmişdir.
Azərbaycan mətbuatının buzqıran gəmisi kimi meydana çıxmış "Əkinçi” qəzetinin açdığı yol "Kəşkül”, "Ziya”, "Ziyayi-Qafqaziyyə” kimi mətbuat orqanlarının fəaliyyəti ilə genişlənmiş və möhkəmləndirilmişdir.
Məhəmməd ağa Şahtaxtlının XX əsrin əvvəllərində nəşr etdirdiyi "Şərqi-Rus” qəzeti milli-mətbu sözün imkanlarını və üfüqlərini ümumrusiya müsəlmanları miqyasına çıxarmışdır. Bu mənada "Şərqi-Rus” Azərbaycanın "Tərcüman”ı kimi qiymətləndirilməlidir.
Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin” jurnalı Azərbaycan demokratik mətbuatının bayraqdarı, mollanəsrəddinçiləri isə azərbaycançılıq və müstəqil dövlətçilik idealı uğrunda dönmədən mübarizə aparan mətbuat ordusu idilər.
Əlibəy Hüseynzadənin "Füyuzat” jurnalı mətbuatda romantik cəbhəni formalaşdıran məktəb vəzifəsini yerinə yetirmişdir.
Məhəmməd Əmin Rəsulzadənin "Açıq söz” qəzeti Azərbaycanda müstəqil dövlət qurulması ərəfəsinin azadlıq və cümhuriyyətçilk ideyalarını xalqa çatdıran açıq mətbuat tribunası idi.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması cəmiyyətdə, milli mətbuatda və ədəbiyyatda azərbaycançılıq və müstəqil dövlətçilik uğrunda aparılmış mübarizələrin, millət davasının, cümhuriyyətçilik ideallarının məntiqi yekunu və təsdiqi demək idi. Türk-müsəlman dünyasında ilk müstəqil və demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi mətbuat orqanının "Azərbaycan” adlandırılması təkcə bir qəzetin deyil, bütövlükdə müstəqillik qazanmış dövlətin azərbaycançılığın baş qərargahı statusu əldə etməsinin rəmzi ifadəsidir.
Azərbaycan Xalq Cümhuriyyətinin əsas mətbuat orqanı kimi 15 sentyabr 1918-ci ildən 27 aprel 1920-ci ilə qədər fəaliyyətini davam etdirən "Azərbaycan” qəzeti qalib gəlmiş bir ölkənin və xalqın ilk rəsmi dövlət qəzetidir.
"Azərbaycan” qəzeti - müstəqil Azərbaycan dövlətinin birinci mətbu sözçüsü idi.
"Azərbaycan” qəzeti - cümhuriyyət, yəni respublika tipli demokratik dövlət quruculuğu proseslərinin güzgüsüdür.
"Azərbaycan” qəzeti - azərbaycançılıq məfkurəsini ümummilli ideyadan dövlət ideologiyası səviyyəsində təqdim və təbliğ etməyin start nöqtəsidir.
***
Xalq Cümhuriyyətinin 1920-ci ildə süqut etməsi ilə "Azərbaycan” qəzeti fəaliyyətini dayandırmalı olsa da, bu qəzetdə möhkəm surətdə özünə yer almış azərbaycançılıq və cümhuriyyətçilik idealının odu sönməmişdir. Fikrimcə, sonrakı illərdə Azərbaycan kommunist mətbuatında vətənpərvərlik adı ilə geniş yer tutan və bir çox hallarda sovet vətənpərvərliyi sferasından çıxaraq, xalq şairi Səməd Vurğunun məşhur "Azərbaycan” şeirində olduğu kimi, konkret olaraq ölkənin və xalqın, milli adət və ənənələrin tərənnümü və təbliğinə xidmət edən məqalələr və şeirlər "Azərbaycan” qəzetinin başladığı böyük işin fərqli formada davamı idi.
Xüsusən görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə ədəbiyyatda və mətbuatda Azərbaycan mövzusunun genişləndirilməsi və dərinləşməsi de-fakto sovet ideologiyasının hakim mövqe tutduğu dövrdə azərbaycançılığın respublikada paralel bir ideoloji baxışa çevrilməsinə güclü təkan vermişdir.
Məhz ulu öndər Heydər Əliyevin böyük dövlətçilik istedadı, siyasi iradəsi və uzaqgörənliyi sayəsində sovet ideologiyasına tənqidi yanaşmadan xalqımızın tarixi ənənələri və milli-mənəvi dəyərləri, ədəbiyyat və mədəniyyəti ölkədə gedən ictimai-mədəni proseslərin ön mövqeyinə çıxarılmışdır. Heydər Əliyev epoxasında yalnız ayrılıqda respublikanın rəsmi olaraq əsas dövlət mətbuat orqanı yox, bütövlükdə ölkə mətbuatı cəmiyyətlə birlikdə mühüm bir milliləşmə prosesləri yaşamışdır.
Nəhayət, 1990-cı ildən sonra Azərbaycanda müstəqil dövlətçilik uğrunda mübarizənin dönməz şəkil alması yeni tipli dövlət qəzetinin yaranması zərurətini meydana çıxarmışdır. Həmin illərdə Qarabağa Xalq Yardımı Komitəsinin orqanı qismində "Azərbaycan” adlı qəzet nəşr olunduğu üçün yeni dövrün dövlət qəzeti qısa bir müddət ərzində "Həyat” adı ilə nəşrə başlamalı olmuşdur.
Bu ad ilk növbədə XX əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyevin himayəsi və Əhməd Ağayevlə Əlibəy Hüseynzadənin redaktorluğu ilə nəşr olunmuş, Azərbaycan xalqının milli mənafelərinə xidmət edən "Həyat” qəzetinin adının və ideallarının yaşadılması və davam etdirilməsi mənasında düşünülmüşdür.
İkincisi, "Həyat” qəzeti yenidən müstəqillik uğrunda mübarizə aparan Azərbaycanın yeni həyatının mətbu sözü kimi fəaliyyət göstərmişdir.
Üçüncüsü isə, Sovetlər İttifaqında və o cümlədən Azərbaycanda artıq nüfuzunu itirmiş kommunist partiyası ilə müqayisədə seçkili dövlət qurumu kimi müəyyən demokratik əsasları ilə fərqlənən Ali Sovetin ilk mətbuat orqanı olaraq dövrünə görə nisbətən müstəqil statusa malik rəsmi dövlət qəzeti kimi "Həyat” qəzeti ölkədəki ictimai-siyasi prosesləri obyektiv surətdə işıqlandırmaqda bir neçə addım irəli idi.
1 yanvar 1991-ci ildən 14 sentyabr 1992-ci il tarixinə qədər Azərbaycan Ali Sovetinin orqanı kimi fəaliyyət göstərmiş "Həyat” qəzeti siyasi-ideoloji sistemdə də, mətbuat sahəsində də keçid dövrünün "Azərbaycan” qəzeti funksiyalarını yerinə yetirmişdir. Azərbaycanda müstəqillik ərəfəsinin və dövlət müstəqilliyinin başlanğıc dövrünün ən mühüm ictimai-siyasi hadisələri, ölkədə gedən milli-azadlıq mübarizəsinin gərgin ritmləri və şəfəqləri "Həyat” qəzetində canlandırılmışdır.
"Həyat” qəzeti XX əsrin doxsanıncı illərinin əvvəllərində baş vermiş ciddi tarixi hadisələri - 20 Yanvar - Qanlı yanvar hadisəsinin, SSRİ-nin saxlanılması üzrə referendumun Azərbaycanda keçirilməsi haqqında məsələyə fərqli münasibətin ölkə ictimaiyyətinə çatdırılmasını və nəhayət, Müstəqillik Bəyannaməsinin ilk dəfə mətbuat vasitəsilə bəyan edilməsi kimi tarixə çevrilmiş hadisələri təfərrüatları ilə əks etdirməkdə ardıcıl mövqe nümayiş etdirmişdir.
Xüsusən həmin dövrdə Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan SSR Ali Sovetinin iclaslarındakı çıxışlarının və Naxçıvan Muxtar Respublikasında müstəqil dövlətçiliyimizin qazanılması üçün atdığı çox əhəmiyyəti olan addımların xalqa çatdırılmasında "Həyat” qəzeti özünəməxsus mövqe nümayiş etdirmişdir.
Ulu öndərin böyük uzaqgörənliklə Ali Sovetin 7 mart 1991-ci il tarixli iclasındakı SSRİ-nin saxlanmasına dair referendumun keçirilməsinə etirazını bildirən çıxışının tam mətninin "Həyat” qəzetində dərc edilməsi dövrün iqtidarının dövlət qəzeti üçün riskli addım idi.
Görkəmli dövlət xadimi Heydər Əliyevin Ali Sovetin həmin iclasındakı tarixi nitqindəki aşağıdakı məqamlar Azərbaycanda sovet rejiminin dağıdılmasına və müstəqil dövlətin qurulmasına çağırışa xidmətin bariz ifadəsi idi: "Biz hamımız, hər halda tam əksəriyyətimiz bu iqtidara (Sovetlər İttifaqına - İ.H.) həddindən artıq inanmışıq, sədaqətlə xidmət etmişik, xalqımızın səadətini, xoşbəxtliyini bu ittifaq daxilində görmüşük... Fəqət son illərdə dünyada, ölkədə gedən ictimai-siyasi proseslər keçmişimizə münasibəti dəyişdirmiş, Sovetlər İttifaqında mərkəzlə respublikalar arasında olan iqtisadi, siyasi əlaqələr açılmış, hansı tərəfin daha çox xeyir götürdüyü, zərər çəkdiyi aydınlaşmışdır. Bir neçə respublikada baş vermiş milli demokratik hərəkatların ittifaq dövləti tərəfindən zorakılıqla, hərbi qoşun hissələri ilə boğulması tədbirləri ittifaqın imperiya siyasəti apardığını tam aşkar etmişdir. İttifaq dağılmağa başlamışdır. ...Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam”.
"Həyat” qəzetinin xüsusi müxbiri, yazıçı-publisist Möhsün Mövsümovun həmin dövrlərdə Naxçıvan Muxtar Respublikasında görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətçilik uğrunda apardığı mübarizənin, atdığı qətiyyətli addımların Azərbaycan ictimaiyyətinə çatdırılmasına xidmət edən publisist yazıları və xəbərləri ölkədə gedən milli azadlıq proseslərinin genişlənməsinə və xaos mərhələsindən çıxış yollarının tapılmasına təkan yaratmışdır.
Ali Sovetin sessiyasında SSRİ-nin saxlanmasına dair referendumun keçirilməsinin əleyhinə səs vermiş 43 nəfər deputatın adlarını "Həyat” qəzetinin Azərbaycan xalqına çatdırması da müstəqillik uğrunda mübarizəyə dəstək vermək demək idi.
Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının tam mətnini də "Həyat” qəzeti çap edərək dünyaya və ölkəyə yaymışdır.
Ermənistanın təcavüzkar hərbi müdaxiləsi nəticəsində yaranmış qanlı Xocalı faciəsi haqqında obyektiv reallıqların müəyyən olunmasında və xalqa çatdırılmasında da "Həyat” qəzeti qətiyyət nümayiş etdirmişdir.
Beləliklə, "Həyat” qəzeti Azərbaycanda milli-azadlıq hərəkatı dalğasında meydana çıxmış iqtidar qəzeti olsa da, bu qəzetin işində Azərbaycan Sovet Respublikası rəhbərliyinin fəaliyyətindən çox ölkədə gedən ictimai-siyasi proseslərin, milli azadlığa aparan yolların reallıqlarının işıqlandırılması üstünlük təşkil etmişdir.
Xarakterinə görə "Həyat” qəzeti Azərbaycan sovet hakimiyyətinin son dövrünün formal iqtidar qəzeti idi. Buna görədir ki, Azərbaycanda dövlət müstəqilliyi bərpa olunduqdan sonra da "Həyat” qəzeti öz fəaliyyətini davam etdirə bilmişdir.
Dövlət müstəqilliyimizin başlanğıc dövrünün ən mühüm hadisəsi olan 91-lərin Yeni Azərbaycan Partiyasını yaratmaq üçün görkəmli dövlət xadimi Heydər Əliyevə müraciəti və ulu öndərin həmin müraciətə cavabı da "Səs” qəzetindən sonra "Həyat” qəzetinin səhifələrində özünə yer almışdır.
Bu kimi addımlar müstəqillik qazanmış ölkənin hələ də ittifaq təfəkkürü ilə yaşayan rəhbərlərini qane etmədiyi üçün "Həyat”ın fəaliyyətinə xitam verilmişdir. Əslində "Həyat” qəzeti çətinliklə olsa da, Azərbaycanın milli istiqlalına xidmət etmək mənasında özünün tarixi missiyasını başa çatdırmışdır. Bu işin bir faydası isə ondan ibarət olmuşdur ki, "Həyat” qəzeti bağlandıqdan sonra rəsmi dövlət qəzeti kimi tarixi "Azərbaycan” qəzetinin adı yenidən bərpa olunmuşdur.
Beləliklə, 14 sentyabr 1992-ci il tarixdən etibarən Azərbaycan Respublikası Ali Sovetinin mətbu orqanı olaraq "Azərbaycan” adlı qəzet fəaliyyətə başlamışdır. "Azərbaycan” qəzetinin tarixi adının bərpa edilməsi mühüm ictimai-siyasi hadisə idi.
Doğrudur, yenidən mətbuat aləminə çıxan "Azərbaycan” qəzeti bir müddət azərbaycançılıq və müstəqil dövlətçilik mənasında öz funksiyalarını tam yerinə yetirmək işini gerçəkləşdirmək sahəsində müəyyən çətinliklər yaşamışdır. Bununla belə, dövrün mühüm ictimai-siyasi hadisələri "Azərbaycan” qəzetində əsasən öz əksini tapmış, ölkədə gedən proseslərə münasibət ifadə olunmuşdur.
Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1993-cü ildə ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra "Azərbaycan” qəzeti sözün həqiqi mənasında əsl rəsmi dövlət qəzeti kimi fəaliyyət göstərməyə başlamışdır.
Bu dövrdən etibarən müstəqil Azərbaycan mövzusu və azərbaycançılıq "Azərbaycan” qəzetinin əsas qayəsinə çevrilmişdir.
Bununla müstəqil Azərbaycan dövlətinin və o cümlədən də "Azərbaycan” qəzetinin həyatında yeni tarixi epoxa başlanmışdır.
***
"Azərbaycan” qəzetinin müstəqillik dövründəki çoxillik fəaliyyətini aşağıdakı mərhələlərə ayırmaq olar:
1. Müstəqil dövlət qəzeti axtarışları mərhələsi. Keçid dövrü (1991-1993-cü illər).
2. "Azərbaycan” qəzetinin Heydər Əliyev dövrü. Mətbuatda Milli Qurtuluş missiyasının həyata keçirilməsi mərhələsi (1993-2003-cü illər).
3. "Azərbaycan” qəzetinin İlham Əliyev dövrü. XXI əsrin müstəqil dövlətçilik və inkişaf tribunası (2003-2018-ci illər).
Qeyd olunduğu kimi, 1991-1993-cü illər ölkəmizdə rəsmi dövlət qəzetinin adının, strategiya və taktikasının müəyyən edilməsi üzrə axtarışlar mərhələsidir. Bu məsuliyyətli mərhələdə klassik "Azərbaycan” qəzetinin xələfi "Həyat” qəzetinin timsalında cəmiyyətdə gedən təlatümlərin fonunda Azərbaycan mətbuatı sovet rejimi iqtidarı qəzetindən müstəqil dövlətin rəsmi dövlət mətbuat orqanı olmağa doğru məsuliyyətli bir yol keçmişdir.
Keçid dövrü üçün düşünülmüş "Həyat” qəzeti XX əsrin əvvəllərində eyni adlı qəzetin milli maarifçilik istiqamətindəki ənənələrini müasir cəmiyyətin irəli sürdüyü ictimai-siyasi maraqlarla uzlaşdırmaqla yeni dövrün tələblərini yerinə yetirməyə səy göstərmişdir. "Həyat” qəzeti mətbuatda sovet rejimindən qopma, ayrılma proseslərinin yekunu, müstəqil dövlət qəzetçiliyinin başlanğıcıdır.
Geniş mənada "Azərbaycan” cəmiyyətinin, o cümlədən də "Azərbaycan” qəzetinin fəaliyyətində 1993-2003-cü illər xüsusi yer tutur.
Çoxəsrlik Azərbaycan tarixinə Heydər Əliyev epoxası kimi daxil olmuş bu mərhələdə "Azərbaycan” qəzeti sözün böyük mənasında əsl azərbaycançılıq tribunasına çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dövlət mətbuatına xüsusi həssaslıqla, böyük diqqət və qayğı ilə yanaşması "Azərbaycan” qəzetinin məsuliyyətini daha da artırmış, qəzetin kollektivinin azərbaycançılıq və müasirlik meyarları ilə çıxış etməkdə sabit və ardıcıl mövqe göstərməsini şərtləndirmişdir.
Dövlət rəhbəri Heydər Əliyevin azərbaycançılığı müstəqil Azərbaycan dövlətinin ideologiyasına çevirmək istiqamətindəki mübarizəsi "Azərbaycan” qəzetində özünün real əks-sədasını tapmış, geniş təbliğ olunmuşdur.
Azərbaycançılığın ideya-məfkurə, ideal və milli dövlətçilik ideologiyası kimi təkamül proseslərinə dair Heydər Əliyev təlimi həm "Azərbaycan” qəzetinin ideya-siyasi istiqamətini müəyyən etmiş, həm də yaradıcı kollektivin gündəlik fəaliyyətində sistemli şəkildə əks etdirəcəyi əsas mövzuları diqqət mərkəzinə çəkməyə doğru istiqamətləndirmişdir.
Qətiyyətlə demək olar ki, XX əsrin doxsanıncı illərində azərbaycançılıq ideologiyasının formalaşdırılması və təbliğində "Azərbaycan” qəzeti ilə müqayisə ediləcək ikinci bir mətbuat orqanı göstərmək çətindir. "Azərbaycan” qəzeti azərbaycançılığın baş mövzusu idi.
Rəsmi dövlət qəzeti azərbaycançılığın milli dövlətçilik ideologiyası kimi oxuculara çatdırılması yolunda nəzəriyyə ilə təcrübənin üzvi əlaqədə, vəhdətdə təqdim olunması üçün Azərbaycan reallıqlarına daha dərindən nüfuz etməyə səy göstərmişdir.
Həm də "Azərbaycan” qəzetində müstəqil Azərbaycanın real inkişaf göstəriciləri də geniş təbliğ olunmuşdur. Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlıları ideyası da "Azərbaycan” qəzetinin səhifələrində planetin müxtəlif qitələrində yaşayıb-yaradan tanınmış azərbaycanlılar haqqında materialların dərc edilməsi vasitəsilə bir daha əsaslandırılmışdır.
Bir sözlə, "Azərbaycan” qəzeti görkəmli dövlət xadimi Heydər Əliyevin azərbaycançılıq ideallarına sədaqəti vətənə, millətə və dövlətə sədaqətlə xidmət etməyin əsasları kimi müəyyən etdiyi siyasi xətti cəmiyyətə çatdırmaq yollarında dönmədən mübarizə aparmışdır.
Azərbaycanın dövlət müstəqilliyinin möhkəm təməllərini yaratmış Heydər Əliyevin ölkə miqyasında həyata keçirdiyi ardıcıl siyasət, atdığı düşünülmüş və qətiyyətli addımlar "Azərbaycan” qəzetində yeni tarixi epoxanın layiqli publisist salnaməsini yaratmaq missiyasının əsaslarına çevrilmişdir. Bu məqsədlə qəzet ölkəmizin tanınmış ziyalılarını, dünyanın görkəmli ictimai-siyasi xadimlərini prosesə cəlb etməklə Heydər Əliyevin siyasi dövlətçilik kursunun mahiyyətini və real nəticələrini publisist sözün geniş imkanları ilə mətbuatda rəsm etmişdir.
"Əsrin müqaviləsi”nin, bunun ardınca Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin çəkilişinə başlanmasını üç dəniz əfsanəsi, Bakıdan Ceyhana və cahana yol alan beynəlxalq əhəmiyyətli magistrallar səviyyəsində təqdimi Heydər Əliyev dühasının ölkəmizə və xalqımıza bəxş etdiyi böyük gələcəyin, əbədi səadətin real fəlsəfəsinin açılışına xidmət göstərmişdir.
Müstəqil Azərbaycan dövlətinin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər daim "Azərbaycan” qəzetinin diqqət mərkəzində olmuşdur. Qəzet məkrli qüvvələrin dəstəyi ilə Ermənistan tərəfinin həyata keçirdiyi təcavüzkar siyasətin iç üzünü açıb göstərmək üçün yalnız icmallar çap etməklə kifayətlənməyərək, analitik xarakterli yazıları da oxuculara təqdim etmişdir.
"Azərbaycan” qəzeti bütün sahələrdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi sahəsində analitik publisistika nümunələri yaratmağın fərqli örnəklərini meydana qoymuşdur. Ümumiyyətlə, analitik xarakterli siyasi publisistika "Azərbaycan” qəzetinin mühüm yaradıcılıq nailiyyətidir.
"Azərbaycan” qəzeti yeni dövrün siyasi-publisist Qarabağnaməsini yaratmışdır.
Görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və fəaliyyətinin, müstəqil dövlətçilik uğrunda mübarizəsinin "Azərbaycan” qəzetində təbliği də fərqli bir səviyyəyə malikdir. İlk növbədə onu qeyd etmək lazımdır ki, "Azərbaycan” qəzeti Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyevin fəaliyyətinin gündəlik düşünülmüş və cəsarətli addımlarını oxuculara təqdim etməkdə peşəkarlıq və operativlik nümunəsi göstərmişdir.
"Azərbaycan” qəzeti Heydər Əliyev epoxasının layiqli publisist salnaməsini yaratmışdır.
"Azərbaycan” qəzetində "Azərbaycanın özü qədər əbədi” və "Heydər Əliyev mənim həyatımda” daimi rubrikalarında dərc olunmuş yazılar Azərbaycan mətbuatının möhtəşəm Heydər Əliyevnaməsinin yaradılması ilə nəticələnmişdir.
Bu məsuliyyətli və şərəfli mövzularda müxtəlif müəlliflər tərəfindən yazılmış məqalələr vahid bir silsilədə birləşdirilərək eyniadlı kitabların yaradılmasına xidmət etmişdir.
"Heydər Əliyev mənim həyatımda” adlı ikicildlik nəşr ölkəmizdə və xaricdə bu böyük siyasət nəhənginə həsr olunmuş ən layiqli və uğurlu nəşrlərdən biri kimi qəbul olunmaqla yanaşı, Heydər Əliyev dühasına həsr olunmuş mətbu söz abidəsidir.
Beləliklə, "Azərbaycan” qəzetinin Heydər Əliyev mərhələsi müstəqillik qazanmış ölkənin rəsmi dövlət qəzetinin yeni mərhələsinin tam formalaşdırılması ilə səciyyələnir. Məhz 1993-2003-cü illərdəki fəaliyyəti ilə "Azərbaycan” qəzeti özünün rəsmi dövlət qəzeti mətbuat orqanı olmaq funksiyasını nəinki bərpa etmiş, hətta yeni dövrün reallıqlarına uyğun olaraq daha da inkişaf etdirərək möhkəmləndirmişdir.
"Azərbaycan” qəzetinin siyasi-ideoloji xətti ölkəmizin digər mətbuat orqanları üçün əsas oriyentirə çevrilmişdir.
"Azərbaycan” qəzetindəki baş məqalələr və manşetlər ölkə mətbuatının istiqamətləndirilməsi funksiyasını da həyata keçirmişdir.
Ölkəmizdə rəsmi dövlət qəzetinin tam formalaşması müstəqil Azərbaycan dövlətinin milli mətbuat siyasətinin mühüm uğurlarından biri sayılmağa layiqdir.
***
Azərbaycan cəmiyyətinin inkişafında yeni tarixi mərhələ olan İlham Əliyev dövrü siyasi varisliklə müasirləşmənin və genişmiqyaslı inkişafın vəhdətini özündə əks etdirir. Müstəqil Azərbaycan Respublikasının inkişafının bu mərhələsi ölkədaxili siyasətlə dövlətin beynəlxalq nüfuzunun üzvi əlaqədə inkişaf etdirilərək artırılması, ölkəmizin regionda supergücə çevrilməsi, dünyanın lider dövlətləri tərəfindən qəbul edilməsi ilə xarakterizə olunur.
"Azərbaycan” qəzetinin təqdimatlarında da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev epoxasını xarakterizə edərkən məsələni milli dövlətçilik mövqeyindən və qlobal miqyasda işıqlandırmaq prioritet istiqamət kimi qəbul olunmuşdur. Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Avropa Şurası Nazirlər Komitəsinə tamhüquqlu üzv qəbul olunması, Qoşulmama Hərəkatına sədrlik etmək səlahiyyətləri qazanması "Azərbaycan” qəzetində yalnız xəbərlərlə deyil, bu böyük hadisələrin mahiyyətini açan analitik şərhlərlə təqdim olunur. Qəzet bu qəbildən olan yazıları beynəlxalq münasibətlər üzrə nüfuzlu ekspertlərin, Milli Məclisin bu istiqamətdə olan komitələrində təmsil edilən deputatların və ixtisaslaşmış jurnalistlərin professional fəaliyyəti ilə analitik yazılar vasitəsilə oxuculara çatdırmışdır.
Belə yazılarda yalnız üzvü olduğumuz, yaxud konkret bir dövrdə sədrlik edəcəyimiz beynəlxalq təşkilatın nüfuzu ilə yanaşı, həm də Azərbaycanın həmin şərəfli missiyaları qazanmaq üçün ölkə Prezidentinin apardığı məqsədyönlü siyasətin təbliği, bu düşünülmüş siyasətin icra mexanizmləri və həlli təcrübəsi kimi məsələlər də diqqət mərkəzində dayanmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurla həyata keçirilən enerji və logistika-nəqliyyat siyasətini "Azərbaycan” qəzeti ölkəmizdə analitik siyasi icmallarla yanaşı, həm də bu istiqamətlərdə aparılan genişmiqyaslı işlərin icrası prosesləri əsasında hazırlanmış reportajlarla təqdim edir. "Azərbaycan” qəzeti siyasi-analitik yazılarla canlı reportajların üzvi sintezi vasitəsilə düşündürücü olmaqla bərabər, həm də cəlbedici və oxunaqlı olan orijinal publisistika nümunələrini ictimaiyyətə çatdırır.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Bakı-Tbilisi-Ceyhan transmilli neft kəmərinin başa çatdırılması, yeni dövrün Dəmir ipək yolunun, Bakı-Tbilisi-Qars magistralının istifadəyə verilməsi, TANAP və TAP marşrutları üzrə böyük enerjidaşıyıcı layihələrin icrasına başlanılması, "Şahdəniz-2” yatağının istismarı üzrə həyata keçirilən genişmiqyaslı tədbirlərin bir-birinin ardınca uğurla gerçəkləşdirilməsi haqlı olaraq müstəqil Azərbaycan dövlətinin mühüm nailiyyətləri kimi bəyan olunur. "Azərbaycan” qəzetini diqqətlə və ardıcıl izləməklə Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb logistika-nəqliyyat layihələrinin siyasi mahiyyəti və iqtisadi səmərəsi haqqında kifayət qədər əsaslı və zəruri məlumatlar əldə etmək mümkündür.
"Azərbaycan” qəzeti bu qəbildən olan publisistika örnəklərini ümumiyyətlə müasir Azərbaycanın yeni inkişafı fonunda təqdim etməklə cəmiyyətdə və oxucuda geniş, tam, obyektiv və ümumiləşmiş təsəvvür yarada bilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən dövlət proqramları haqqında da "Azərbaycan” qəzeti ardıcıl və sistemli yazılar verməklə ölkəmizdə aparılan məqsədyönlü iqtisadi siyasətə dəstək verir. Məhz Prezident İlham Əliyevin adı ilə bağlı olan regionların inkişafı üzrə dövlət proqramlarının ölkəmizin hərtərəfli və dinamik inkişafında misilsiz rolunu və əhəmiyyətini "Azərbaycan” qəzeti bölgələrdə iqtisadi həyatın ritmlərini əks etdirən maraqlı, oxunaqlı yazılarla, oxucu məktubları ilə Azərbaycan cəmiyyətinə çatdırır. Bu yolla Azərbaycanda paytaxtda gedən sürətli inkişafla regionlarda aparılan genişmiqyaslı işlərin harmoniyası tam, bütöv, ümumiləşdirilmiş şəkildə təqdim olunur.
Prezident İlham Əliyevin "Çadır şəhərciyində bir nəfər də qaçqın və məcburi köçkün qalmayacaqdır” deyə vaxtilə vəd verdiyi öhdəlik artıq ölkəmizdə böyük müvəffəqiyyətlə yerinə yetirilmişdir. Son illərdə respublikamızın müxtəlif yerlərində qaçqın və məcburi köçkünlər üçün salınmış nümunəvi şəhərciklər ölkəmizin xəritəsini dəyişmişdir. İşğaldan azad edilmiş torpaqlarda yenidən qurulmuş Cocuq Mərcanlı qəsəbəsi Azərbaycan xalqının Dağlıq Qarabağın sabahına böyük inamla baxmağa əsas verir. Naxçıvan Muxtar Respublikasında geri qaytarılmış böyük ərazilər, həmin ərazidəki Günnüt kəndinə yeni qayıdış və Qızılqaya zirvəsinin fəth olunması ilə ölkə sərhədlərinin toxunulmazlığının, torpaqlarımızın geri qaytarılacağının nə qədər yaxında və real olduğunu isbat edir.
"Azərbaycan” qəzetinin qaçqın şəhərciklərindən, Cocuq Mərcanlıdan, Qızılqayadan, Günnüt kəndindən verilmiş silsilə yazılarında xalqımızın ana torpaq sevgisi və qalibiyyət ruhu publisistikanın bütün imkanları ilə açıqlanır. Bu fonda Azərbaycan Ordusundakı vətənpərvərlik, yüksək hərbi hazırlıq və müasir hərbi-texniki təchizat haqqındakı yazıların biri digərini tamamlayır.
Milli Məclisin orqanı olan "Azərbaycan” qəzeti ölkəmizin ən yaxşı parlament icmalının modelini formalaşdırmışdır.
Qəzetin parlament icmalları hesabat kimi yox, günün ən aktual analitik informasiyası kimi təqdim olunur. Milli Məclisin deputatlarının parlamentdaxili mühit, komitələrdə işlərin gedişatı, qanunyaradıcılığı proseslərinin dinamikası, həm də beynəlxalq aləmdə və ölkədə baş verən ən mühüm ictimai-siyasi məsələlərin təhlil edilərək dəyərləndirilməsinə dair "Azərbaycan” qəzetinə çıxarılan məqalələri geniş mənada müasir cəmiyyətin dərk və şərh olunmasına ən müasir yanaşmaları özündə əks etdirir. Oxucu "Azərbaycan” qəzeti vasitəsilə ölkə parlamentinin həyatı, deputatların fəaliyyəti haqqında operativ məlumat əldə edə bilir.
"Azərbaycan” qəzeti nəticə etibarilə ölkəmizin siyasi həyatında parlamentarizm düşüncəsinin daha da aydınlaşdırılmasına və möhkəmləndirilməsinə öz töhfəsini verir.
"Azərbaycan” qəzetinin ardıcıl olaraq təbliğ etdiyi azərbaycançılıq ideologiyası ölkəmizdə milli ziyalılığın, ictimai və humanitar elmlərin tədqiqat sahələri, yaradıcılıq qayğıları ilə üzvi surətdə əlaqədardır. Ona görə də qəzet Azərbaycanın yaradıcı ziyalıları və alimlərinin böyük bir şəbəkəsini öz ətrafında birləşdirmişdir.
Müstəqil Azərbaycanda elmin, təhsilin, ədəbiyyatın, mədəniyyətin, ictimai fikrin dövrümüz üçün ən aktual məsələləri haqqında söz demək üçün "Azərbaycan” qəzeti ölkənin yaradıcı təbəqəsinə davamlı xitabət kürsüsü meydanını açmışdır. Azərbaycan elminin və təhsilimizin, milli mədəniyyətimizin ən mühüm problemləri və onların həlli yolları haqqında ən oxunaqlı problem yazılar "Azərbaycan” qəzetində özünə yer tapır. Hətta "Azərbaycan” qəzeti alimlərin apardıqları axtarışlar nəticəsində üzə çıxarılmış tədqiqat materiallarını, əldə olunmuş ixtiralar və kəşfləri, elmi yenilikləri də ardıcıl olaraq oxucu auditoriyasına çatdırır. Beləliklə, Azərbaycan oxucusu ölkəmizin görkəmli ziyalılarını, yazıçıları, alimləri və mədəniyyət xadimlərini xidmətləri ilə birlikdə "Azərbaycan” qəzetindən tanımaq imkanı əldə edir.
Bu mənada "Azərbaycan” qəzeti ölkəmizdə elmi və yaradıcı mühitin etibarlı bələdçisidir. Müstəqil dövlətimizin elm, təhsil və mədəniyyət siyasətinin böyük uğurları "Azərbaycan” qəzetinin işığında bütün rəngarəngliyi ilə aydın surətdə görünür.
"Azərbaycan” qəzeti ölkəmizdə idman sahəsində həyata keçirilən möhtəşəm proqramların canlı publisist salnaməsini yaratmışdır.
Avropa və İslam Oyunlarının, olimpiadaların rəsmi təntənəli açılış mərasimlərindən tutmuş oyunların cədvəllərinə və gedişatına, yekunlarına qədərki bütün mənzərəni qəzet həmişə tam olaraq işıqlandırmışdır. Azərbaycanda ölkə Prezidenti tərəfindən ardıcıl olaraq həyata keçirilməkdə davam edən idman siyasəti nəticəsində əldə edilən böyük nailiyyətlərin "Azərbaycan” qəzetində geniş mənada müstəqil dövlətimizin daxili siyasətdə və beynəlxalq aləmdə qazandığı mühüm uğurların üzvi tərkib hissəsi kimi təbliğ edilməsi idman faktorunun müasir dövrdəki rolunun və əhəmiyyətinin dərk olunmasına imkan yaradır.
"Azərbaycan” qəzeti Azərbaycan Respublikasının Olimpiya hərəkatının mükəmməl və geniş icmalını, habelə möhtəşəm fotosalnaməsini meydana qoymuşdur. Bu, ölkəmizin idman tarixinin çoxəsrlik salnaməsinə "Azərbaycan” qəzetinin sanballı əlavəsidir.
Ümumiyyətlə, "Azərbaycan” qəzetində fotoqrafiya işinin təşkili və şəkillərin əyanilik imkanlarından yerli-yerində, yaradıcı istifadə bütövlükdə müasir dövrün möhtəşəm fotosalnaməsinin yaradılması işinə xidmət edir.
"Azərbaycan” qəzetinin fotoşəkilləri də, məqalələri kimi, sanki dil açıb danışır, zamanın və günün sözünü deyə bilir.
***
"Azərbaycan” qəzeti yeni Azərbaycanı müxtəlif janrlarda və fərqli üslublarda yazılmış cəlbedici, düşündürücü analitik məqalələrlə təqdim etməyi bacaran yüksəksəviyyəli mətbuat orqanıdır.
Rəsmi dövlət qəzetinin ideya mövqeyini möhkəm surətdə qoruyub saxlamaq və inkişaf etdirməklə onu janr və üslub etibarilə cəlbedici və oxunaqlı bir qəzet səviyyəsində çap etməyə nail olmaq "Azərbaycan” qəzetinin mühüm yaradıcılıq nailiyyətidir.
Azərbaycançılıq və müstəqil dövlətçilik uğrunda mübarizə "Azərbaycan” qəzeti məktəbinin ideya istiqamətini, publisistikada peşəkarlıq və sənətkarlıq isə professional səviyyəsini müəyyən edir.
Rəsmi dövlət qəzetində ictimai-siyasi mövzularda özünəməxsus fərdi üslublarda yazıb-yaradan çoxsaylı jurnalistlər yetişdirmək "Azərbaycan” qəzeti publisistika məktəbinin böyük yaradıcı uğurudur. Ölkənin əsas yaradıcı ziyalılarını və peşəkar, professional redaksiya əməkdaşlarını öz ətrafında birləşdirən böyük şəbəkə "Azərbaycan” qəzeti məktəbinin əhatə dairəsinin genişliyini və zənginliyini təsəvvür etməyə imkan verir.
Məhz müxtəlif sahələri əhatə edən yaradıcı qüvvələri və qələm sahiblərini öz ətrafında birləşdirərək azərbaycançılıq və müstəqil dövlətçilik ideallarının təqdim olunmasına və təbliğinə istiqamətləndirməsi, onların yaradıcı fəaliyyətlərini əlaqələndirməsi "Azərbaycan” qəzetinin mətbuat aləmində məktəb yaratmaq işinin göstəricisidir. Sözün həqiqi mənasında "Azərbaycan” qəzeti özünün publisistika məktəbini yaratmışdır.
"Azərbaycan” qəzetinin bir əsrlik inkişafı yolunda bu rəsmi dövlət mətbuat orqanına müxtəlif vaxtlarda rəhbərlik etmiş baş redaktorların da böyük xidmətlərini qeyd etmək lazımdır. Respublikamızın birinci müstəqillik dövründə "Azərbaycan” qəzetinin baş redaktoru olmuş Üzeyir Hacıbəyli və Ceyhun Hacıbəylinin parlaq adları və istedadları, ədəbiyyat və incəsənət sahəsindəki böyük xidmətləri, professionallıqları və vətəndaşlıq mövqeləri həmin dövrün "Azərbaycan” qəzetinin hansı yüksək ideya-sənətkarlıq səviyyəsində çap olunduğunu əyani surətdə təsəvvür etmək üçün tam yetərlidir. Bundan başqa, "Azərbaycan” qəzetinə birinci mərhələdə redaktorluq etmiş Xəlil İbrahim və Şəfi bəy Rüstəmbəyovun fəaliyyəti də milli mətbuatımızın tarixində silinməz izlər buraxmışdır.
Fikrimizcə, 1991-1992-ci illərdə "Həyat” qəzetinin baş redaktoru kimi tanınmış yazıçı-publisist Əfqan Əsgərov "Azərbaycan” qəzetinin varisi olan bu mətbuat orqanının çətin keçid dövründəki fəaliyyətini ölkə maraqlarına istiqamətləndirmək vəzifəsini məsuliyyətlə həyata keçirmişdir. Tanınmış jurnalist və yazıçı Əmir Mustafayevin baş redaktorluq etdiyi dövrdə də (1993-2002) "Azərbaycan” qəzeti özünün XX əsrin əvvəllərindəki klassik mətbuat ənənələrini bərpa etmiş və yeni tarixi epoxanın çətin və şərəfli vəzifələrinin həyata keçirilməsində ciddi bir dönüşün əsaslarını yaratmışdır.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Bəxtiyar Sadıqovun "Azərbaycan” qəzetində baş redaktor kimi çalışmağa başladığı 2002-ci ildən etibarən "Azərbaycan” qəzeti rəsmi dövlət qəzeti statusuna tam cavab verən yüksəksəviyyəli mətbuat orqanına çevrilmişdir. Bəxtiyar Sadıqovun bacarıqlı və səriştəli baş redaktor kimi səmərəli fəaliyyəti ilə yanaşı və yüksək təşkilatçılıq qabiliyyəti ilə bir sırada həm də ölkədə qəbul edilən professional publisist olması, "Azərbaycan” qəzetində dərc etdirdiyi baş məqalələr və jurnalist araşdırmaları əsasında ardıcıl olaraq oxuculara çatdırdığı analitik yazılar bu qəzetin peşəkarlıq səviyyəsinin yüksəldilməsində əsas faktorlardan biridir.
Bu gün "Azərbaycan” qəzeti Bəxtiyar Sadıqovun səyləri və zəhməti ilə ölkəmizin ən nüfuzlu mətbuat orqanlarından biri kimi özünün məsuliyyətli işini uğurla davam etdirir.
Ölkəmizdə normal, hüquqi, demokratik dövlətin qurulması işində kütləvi informasiya vasitələrinin fəaliyyətinə xüsusi diqqət yetirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli mətbuatın inkişafına göstərdiyi qayğı bütün mətbuat orqanları, kütləvi informasiya vasitələri ilə bir sırada "Azərbaycan” qəzetini də əhatə edir.
Rəsmi dövlət qəzeti funksiyasını yüksək səviyyədə yerinə yetirmək üçün yeni tarixi epoxada "Azərbaycan” qəzetinin seçdiyi yol, müəyyən etdiyi xətt və istiqamət milli dövlətçilik ideologiyasını, rəsmi materialları operativ surətdə geniş oxucu auditoriyasına vaxtında çatdırmaqla yanaşı, həm də analitik təhlillərə, yaradıcı şərhlərə və müqayisələrə əsaslanan üslubda dövrün, zamanın sözünü deməkdən ibarətdir.
Müasir mərhələdə "Azərbaycan” qəzeti mətbu sözün bütün imkanlarından bacarıqla və yaradıcılıqla istifadə edərək müstəqil Azərbaycan Respublikasının daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsinə şərəflə və məsuliyyətlə xidmət edir.
***
İndiki "Azərbaycan” qəzeti XXI əsrin yeni Azərbaycanının güzgüsüdür!
Dövrün mətbuat salnaməsini yaratmaqla bərabər, "Azərbaycan” qəzeti həm də səhifələrində yer verdiyi ən əhəmiyyətli məqalələrin toplularından ibarət kitablar seriyasının təşkilatçısı, yaradıcısı və naşiri kimi tanınır. Artıq "Azərbaycan” qəzeti özünün çap etdirdiyi nəşrlərdən ibarət kitabxanasını yaratmışdır. "Heydər Əliyev mənim həyatımda” (2005; 2013), "Yeni siyasət: inkişafa doğru” (2008), "Müasir Azərbaycan dövrün baxışında” (2011), "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi” (2012), "Azərbaycanda olimpiya hərəkatı: daim yüksəlişdə” (2013), "İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” (2017), "Xocalı şahidləri danışır” (2018) kitabları "Azərbaycan” qəzeti kitabxanası seriyasının çoxillik və çoxcildlik külliyyatıdır. Əksəriyyəti "Azərbaycan” qəzetində çap edilmiş məqalələrdən ibarət olan bu kitablar silsiləsi həm "Azərbaycan” qəzetinin, həm də müasir epoxanın salnaməsidir.
"Azərbaycan” qəzeti Prezident İlham Əliyevin rəhbərliyi ilə iri addımlarla, böyük sürətlə inkişaf edən Azərbaycanı olduğu kimi, obyektiv şəkildə təqdim etmək yollarında bütün səylərini səfərbər edir.
Müstəqil Azərbaycan Respublikasının həyatında baş verən mühüm dəyişikliklər, müasir dövrün inkişaf ritmləri "Azərbaycan” qəzetində bütün təbiiliyi ilə əks-səda tapır.

"AZƏRBAYCAN” QƏZETİNDƏ
MÜSTƏQİL AZƏRBAYCANIN
NƏBZİ DÖYÜNÜR!
Müstəqil dövlətçilik idealı mənasında "Azərbaycan” qəzeti vahid, konkret və aydın mövqeyə malik olan qəzetdir.
Azərbaycançılıq, müstəqillik, milli dövlətçiliyin möhkəmləndirilməsi, vətənpərvərlik, vətənə və torpağa sədaqət "Azərbaycan” qəzeti üçün əqidə işidir.
***
Ümummilli lider Heydər Əliyevin "Azərbaycan” qəzetinin kollektivinə 1994-cü il 6 dekabr tarixdə və 1998-ci il 15 sentyabrda təbrik məktubu ünvanlaması yeni dövr milli mətbuat tariximizin əlamətdar hadisələridir. Böyük öndərin "Azərbaycan” qəzetini yaşayan ənənələri və müasir inkişaf səviyyəsi ilə birlikdə dəyərləndirməsi bütövlükdə ölkəmizdə baş verən ictimai-siyasi proseslərdə, tarixin çətin sınaq məqamlarında, irəliyə doğru inkişafda rəsmi dövlət mətbuatının vəzifələrini, rolunu və əhəmiyyətini müəyyən edən mühüm tarixi əhəmiyyətə malik olan konsepsiyadır.
Görkəmli dövlət xadimi Heydər Əliyevin "Azərbaycan” qəzetinin 80 illiyi münasibətilə ifadə etdiyi aşağıdakı fikirlər bu gün də milli mətbuatın inkişafı baxımından çox aktual səslənir: "1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlamış "Azərbaycan” qəzeti yarandığı gündən milli-azadlıq mübarizəsinin ön sırasında addımlamış, xalqımızın çoxillik arzu və istəklərinin ifadəçisinə çevrilmiş, onun mənəvi dəyərlərinin, ictimai-siyasi ideallarının formalaşması işinə önəmli töhfə vermişdir. 1991-ci ildə yenidən müstəqillik qazanması ilə öz fəaliyyətini bərpa etmiş, azadlıq və suverenlik ideyalarının həyata keçirilməsində fəal surətdə iştirak etmişdir. Ölkəmizin mütərəqqi mətbuat ənənələrini ləyaqətlə davam etdirən "Azərbaycan” qəzeti bu gün demokratiyanın, siyasi plüralizmin, aşkarlığın təmin edilməsində müstəsna rol oynayır. Onun səhifələrində Azərbaycan həqiqətləri, ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, iqtisadi islahatların həyata keçirilməsi, sağlam mənəvi-psixoloji mühitin, vətəndaş həmrəyliyi və milli birliyin yaradılması sahəsində aparılan məqsədyönlü işlər və ictimai-siyasi proseslər qərəzsiz işıqlandırılır.
Dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və azad, demokratik cəmiyyət qurulması işində ölkəmizin digər mətbuat orqanları kimi, "Azərbaycan” qəzetinin də üzərinə böyük vəzifələr düşür. İnanırıq ki, fəaliyyət göstərdiyi bütün dövrlərdə öz yüksək amallarına dönməz sədaqət göstərmiş "Azərbaycan” qəzetinin kollektivi bundan sonra da respublikamızda baş verən həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında, dünyaya yayılmasında yüksək professionallıq, obyektivlik, prinsipiallıq, əsl dövlətçilik və vətəndaş mövqeyi nümayiş etdirərək xalqımızın mütərəqqi mətbuat ənənələrini layiqincə davam etdirə biləcəkdir”.
"Azərbaycan” qəzeti - müstəqil Azərbaycanda rəsmi dövlət qəzetinin mükəmməl nümunəsidir.
"Azərbaycan” qəzeti - müstəqil dövlətçilik və azərbaycançılıq ideologiyasını yüksək professional səviyyədə təbliğ edən mükəmməl rəsmi dövlət qəzetidir.
"Azərbaycan” qəzeti - ümummilli qəzetdir, cəmiyyətin bütün təbəqələrinin etibarlı tribunasıdır.
"Azərbaycan” qəzeti - parlamentin mətbu orqanı kimi ölkəmizdə demokratik mətbuatın canlı, əyani, yüksəksəviyyəli nümunəsidir.
"Azərbaycan” qəzeti - rəsmi dövlət mətbuatında publisistika sənətkarlığı məktəbidir.
Nəhayət, "Azərbaycan” qəzeti müstəqil Azərbaycanın salnaməsi və ensiklopediyasıdır.
Ən nəhayət, "Azərbaycan” qəzeti müstəqil Azərbaycanın daha işıqlı sabahlarının etibarlı bələdçisidir.

Ölkəmizdə rəsmi dövlət mətbuatının müdrik ağsaqqalı olan "Azərbaycan” qəzetinin kollektivini şanlı-şərəfli, məsuliyyətli və əhəmiyyətli bir əsrlik inkişaf yolunun tamamlanması münasibətilə ürəkdən təbrik edir, yaradıcı kollektivə daha böyük uğurlar arzulayıram.
"Azərbaycan” - 100 yaşın mübarək!
Neçə belə yüz illərə!

İsa HƏBİBBƏYLİ,
AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video