14 Sentyabr 2018 01:01
454
SİYASƏT
A- A+

İlham Əliyev Ermənistana xilas yolunu göstərdi


Bütün mühüm parametrlər, o cümlədən hərbi müstəvidə Ermənistan üzərində böyük üstünlüyə malik Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllində maraqlı olduğunu bəyan edir. Bu hal eyni zamanda Azərbaycanın bu vaxta kimi işğalçı ölkəyə etdiyi ən böyük güzəşt sayılır.

Amma ölkəmiz belə vəziyyətdən istifadə edib Ermənistanın işğal siyasətini uzatmasını da qətiyyən qəbul etmək niyyətində olmadığını ən yüksək səviyyədə beynəlxalq ictimaiyyətin, o cümlədən münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin diqqətinə çatdırıb.

Azərbaycan tərəfinin tələb olunacağı təqdirdə güc yolu ilə ərazilərini işğaldan azad etmək iqtidarında olmasını isə dünya ictimaiyyəti, o cümlədən işğalçı Ermənistan yaxşı bilir. Real vəziyyətin təhlili onu göstərir ki, Ermənistanın mövcud hakimiyyətinin təcavüzkar Qarabağ siyasətini davam etdirməsi fonunda Azərbaycanın bu məsələni ordusunun hesabına çözməsi qaçılmaz olacaq.

Bununla bağlı rəsmi Bakı öz xəbərdarlığını edib. Söhbət Prezident İlham Əliyevlə ATƏT-in baş katibi Tomas Qremingerin görüşündə səslənən fikirlərdən gedir. Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur. Xüsusilə "Azərbaycan qondarma "Dağlıq Qarabağ Respublikası" ilə danışıqlar aparmalıdır" tezisi qəbuledilməzdir. Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma "Dağlıq Qarabağ Respublikası"nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır.

Ümumiyyətlə, Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək.

Bütün bunlardan aydın görünür ki, Azərbaycan tərəfi məsələni kifayət qədər konkret və sərt şəkildə qoyub. Bakının mövqeyi bundan ibarətdir ki, Ermənistanın mövcud rəhbərliyinin təcavüzkar və qəbuledilməz Qarabağ siyasəti Qarabağ danışıqlarını pozmağa yönəlib. Belə vəziyyət öz növbəsində münaqişənin alternativ yolla həllini aktuallaşdırır. Azərbaycan onu da açıq bəyan edir ki, Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlar masasına gətirilməsi barədə iddialarının yeganə məqsədi danışıqlar prosesini pozmaqdan ibarətdir.

Eyni zamanda o da danılmaz faktdır ki, Azərbaycan ərazilərinin gücdən istifadə edərək hərbi işğalının davam etdirilməsinə görə məsuliyyət daşıyan tərəf Ermənistandır. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə görə isə, Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmayana qədər Ermənistan bu məsuliyyətdən qaça bilməz.

Digər tərəfdən ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təqdim olunan və hazırda müzakirə edilən bütün sənədlərdə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi kimi erməni və azərbaycanlı icmaları müəyyən edilib. Rəsmi Bakı Ermənistanın baş nazirinə ziddiyyətli açıqlamalarla çıxış etmək əvəzinə həmin sənədləri oxumağı tövsiyə edir. Amma Paşinyan bütün bunların əvəzinə təxribat xarakterli və ziddiyyətli açıqlamalarla çıxış edərək vəziyyətin gərginləşdirilməsinə və danışıqlar prosesinin pozulmasına yönəlik addımlar atır.

Bütün bunlara görə isə məsuliyyət birbaşa Ermənistanın və onun baş nazirinin üzərinə düşür. Görünən budur ki, Ermənistanın siyasi-diplomatik başbilənləri müasir geosiyasi proseslərin sürətli yeniləşməsi qarşısında reallığı qəbul etməkdə acizdirlər. Bu səbəbdən də hələlik rəsmi Yerevan heç bir konstruktiv qərar qəbul edə bilmir. Belə vəziyyət öz növbəsində sürətlə Ermənistanın əleyhinə işləyərək onun üzləşdiyi problemlərin miqyasını daha da dərinləşdirir. Ekspertlər hesab edirlər ki, yaxın zamanda Ermənistan rəhbərliyi münaqişənin substantiv danışıqlar yolu ilə həllində, regionda davamlı sülhün və sabitliyin təmin olunmasında əməli addımlar atmasa, onda Azərbaycanın işğalçı ölkə üçün Aprel dərslərini təkrarlaması qaçılmaz olacaq.

Qeyd edildiyi kimi, vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistan və onun rəhbərliyinin üzərinə düşür. Hər halda Azərbaycan ən yüksək səviyyədə bunu ATƏT rəhbərliyinə, eləcə də dünya ictimaiyyətinə xatırladıb. İndi seçim qarşı tərəfindir. Ermənistan rəhbərliyi bundan əvvəl iqtidarda olan səhra komandirlərinin siyasətini davam etdirsə, onda ordumuz tərəfindən sərt zərbələrə məruz qalacaq. Bu, işğalçı ölkə üçün həm də əlavə yeni problemlər deməkdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli isə Ermənistanın bu gün üçün yeganə xilas yoludur və bunu əslində, işğalçı ölkədə də görənlərin sayı kifayət qədərdir.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video