Alternative content

12:13 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət quruculuğu və hüquqi islahatlar prosesinin nəzəri tribunası
Dövlət quruculuğu və hüquqi islahatlar prosesinin nəzəri tribunası
ANA SƏHİFƏ / SİYASƏT
00:43 14.09.2018


"Azərbaycan” qəzetinin mühüm fəaliyyət istiqamətlərindən biri hüquqi dövlət quruculuğudur. Dövlət hakimiyyətinin hüquqla əlaqəliliyi məsələsində hüquqi dövlətə xas olan hakimiyyət bölgüsü prinsipi xüsusi yer tutur. Bu prinsip ondan irəli gəlir ki, özünün normal inkişafı və fəaliyyəti üçün dövlət bir-birindən asılı olmayan hakimiyyət qollarına malik olmalıdır. Bu zaman qanunverici, icra və məhkəmə hakimiyyəti fərqləndirilir. Hüquqi dövlətin digər əlaməti kimi qanunun aliliyini göstərmək olar. Qanunun aliliyi hüquqyaradıcılığı fəaliyyətinin xarakteri ilə təsdiqlənir. Müasir hüquqyaradıcılığı çox mürəkkəb və geniş məfhumdur. Hüquqyaradıcılığı ilə müxtəlif subyektlər məşğul olurlar. Lakin müasir hüquqyaradıcılığının əsasını qanunvericilik fəaliyyəti təşkil edir. Bu fəaliyyətin əsas məzmununu ümumməcburi hüquqi qaydaların yaradılması təşkil edir. Hüquqi dövlətin əsas xüsusiyyətlərindən biri kimi vətəndaşın və dövlətin qarşılıqlı məsuliyyəti prinsipinin müəyyən olunması və təmin olunmasını göstərmək olar. Nəzəriyyəyə müvafiq olaraq bu prinsipə həm vətəndaşlar tərəfindən, həm də dövlət tərəfindən riayət olunmalıdır. Şəxsiyyətin hüquqi statusda ifadə edilmiş dövlətin və şəxsiyyətin qarşılıqlı məsuliyyəti prinsipi demokratik cəmiyyətdə şəxsiyyətin vəziyyətinin xüsusiyyətlərini, reallıq və onun hüquqlarının təminatını ətraflı şəkildə izah edir. Hüquqi dövlətin yaranması və fəaliyyəti üçün mühüm şərt və ilkin zəmin kimi vətəndaş cəmiyyətini də qeyd etmək lazımdır. Hüquqi dövlət özünün əsas funksiyasının (insan və vətəndaşların hüquq və azadlıqlarının tanınması və müdafiəsi) yerinə yetirilməsi məqsədilə prosedurlar sistemi, mexanizmlər, insanların subyektiv hüquqlarının müdafiəsinə təminat verən institutlarla təchiz olunmalıdır.
Bu zaman əsas hüquqi problemlər sırasında konstitusion məsələlərin geniş təhlili xüsusilə əhəmiyyətlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin "Konstitusiya dövlətin hüquq sisteminin əsasıdır” adlı "Azərbaycan” qəzetinin 9 noyabr 2013-cü il tarixli məqaləsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məşhur sözləri ilə başlayır: "Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik, vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsaslar yaradıbdır, bütün təminatları veribdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir”. Məqalədə qeyd edilir ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə olmuş, ölkəmizdə müasir dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün böyük yol açmış, insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə zəmin yaratmaqla ölkə həyatının bütün sahələrinin inkişafına təkan vermişdir. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq 18 il bundan əvvəl qəbul edilmiş bu ümumxalq əhəmiyyətli sənəd, sözün əsl mənasında, ölkənin Əsas Qanununa çevrilərək dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı qanunvericilik və institusional islahatların əsası kimi çıxış etmişdir.
Hüquq elmləri doktoru Fərhad Abdullayevin daha sonra "Azərbaycan” qəzetinin 12 noyabr 2016-cı il tarixli nömrəsində çap edilmiş "Konstitusiya islahatları ölkəmizdə demokratikləşmə proseslərinin və inkişafın möhkəmləndirilməsinə xidmət edir” adlı məqaləsində qeyd edilir ki, Azərbaycanın qanunvericilik sisteminin əsasını təşkil edən, Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya ölkədə siyasi sabitliyin, ictimai sülhün və milli barışığın qarantı kimi çıxış edir, hüquqi-siyasi münasibətlər sisteminə və hüquq düşüncəsinə əhəmiyyətli təsir göstərir. Konstitusiya dövlət quruluşunun əsaslarını, şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin hüquqi çərçivələrini, siyasi sistemin təşkili prinsiplərini, hakimiyyətlərin bölünməsini, hakimiyyət orqanlarının təşkilini, səlahiyyətlərini və fəaliyyət qaydalarını müəyyənləşdirir, insan hüquqları və azadlıqlarının təminatı ilə bağlı mühüm məsələləri tənzimləyir. Dövlət quruluşunun başlıca prinsiplərini müəyyən etməklə yanaşı, Konstitusiya həm də cəmiyyət həyatının müxtəlif sahələrinə dövlətin müdaxiləsinin meyarlarını və belə müdaxilənin yol verilə bilən hədlərini dəqiqləşdirir, bu sahədə dövlət siyasətinin ümumi istiqamətlərini müəyyən edir. Ölkə Konstitusiyasının preambulasında Azərbaycan xalqının Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətləri bəyan edilmişdir. Konstitusiya Azərbaycanın konstitusiya quruluşunun vacib əsası kimi xalq hakimiyyətini bəyan edir, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi kimi Azərbaycan xalqını elan edir, sərbəst və müstəqil öz müqəddəratını həll etməyi və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi təsbit edir. Əsas Qanun Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi kimi göstərir.
Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi üzrə 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar isə insan hüquqlarının təminatında yeni mərhələnin başlanğıcını qoymuşdur. Bu referendumlarla Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilk növbədə insan hüquqlarının daha real təminatının əsası olan hüquqi dövlət-sosial dövlət münasibətlərini meydana gətirmiş, Azərbaycan Respublikasının sosial dövlət kimi möhkəmlənməsini, dövlətimizin özünün vətəndaşları qarşısında daha ciddi öhdəlik götürməsinin qanunvericilik əsaslarını müəyyən etmişdir. Bütövlükdə referendumlarla Konstitusiyaya edilən əlavə və dəyişikliklər Azərbaycan Respublikasında dövlət quruculuğunun yeni mərhələsinin başlandığını bildirmiş, insan hüquq və azadlıqlarının genişləndirilərək daha real və səmərəli təmininə şərait yaratmış, dövlət hakimiyyət orqanlarının fəaliyyətinin əlaqələndirilməsinə və daha da təkmilləşdirilməsinə, dövlətimizin beynəlxalq cəmiyyətə daha sürətli inteqrasiyasının konstitusion əsaslarının inkişafına gətirib çıxarmışdır.
Bu cəhətdən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) professor Elmira Süleymanovanın "Konstitusiya islahatları insan hüquqlarının inkişafına və idarəetmənin təkmilləşməsinə xidmət edir” adlı və "Azərbaycan” qəzetinin 3 sentyabr 2016-cı il tarixli nömrəsində çıxan məqaləsində qeyd edilir ki, Konstitusiyaya edilən əlavə və dəyişikliklərin mühüm bir qismi Azərbaycan dövlətinin insan və şəxsiyyət amilini yüksək tutaraq yeritdiyi sosialyönümlü siyasət strategiyasının daha dolğun, hərtərəfli ifadəsinə, vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsinə, dövlətin sosial məsuliyyətinin artırılmasına xidmət etmişdir.
Referendumla bağlı təbliğat sisteminin qurulması, o cümlədən Konstitusiyaya əlavə və dəyişikliklərin mahiyyətinin ictimaiyyətə çatdırılması "Azərbaycan” qəzetinin əsas hədəflərindən olmuşdur. Burada müəllifi Bakı Dövlət Universiteti Hüquq fakültəsinin müəllimi Elşad Nəsirovun olduğu, "Azərbaycan” qəzetinin 3 sentyabr 2016-cı il tarixli nömrəsində çap edilmiş "İnsan və vətəndaşın siyasi hüquq və azadlıqlarının təkmilləşdirilməsi konstitusion referendumun əsas məqsədlərindən biridir”, müəllifi hüquq üzrə fəlsəfə doktoru, dosent Fəxrəddin Nağıyevın olduğu və "Azərbaycan” qəzetinin 11 sentyabr 2016-cı il tarixli nömrəsində çap edilmiş "Təklif edilən dəyişikliklər Əsas Qanunumuzu inkişafda olan ictimai münasibətlərə uyğunlaşdırmağa xidmət edir” məqalələri xüsusilə qeyd edilməlidir.
Hətta tələbə tribunasına da yer verilməsi "Azərbaycan” qəzetinin özəl xüsusiyyətlərindəndir. Belə ki, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin tələbəsi Erkin Musayevin "Azərbaycan” qəzetinin 23 sentyabr nömrəsində dərc edilmiş "Konstitusion əsasların təkmilləşdirilməsi xalqın iradəsinin ifadəsidir” məqaləsi bu cəhətdən xüsusi qeyd edilməlidir.
Konstitusiya islahatları ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Əli Hüseynlinin "Azərbaycan” qəzetinin 8 noyabr 2012-ci il nömrəsində çap edilmiş "Heydər Əliyev zəkasının məhsulu olan Azərbaycanın Konstitusiyası demokratik, hüquqi dövlət quruculuğunun təminatçısıdır” məqaləsində qeyd edilir ki, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası nəinki ölkənin, habelə xalqın dövlətçilik iradəsini, suverenliyini ifadə edən Əsas Qanun olmaqla, cəmiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, dövlətin özünüidarə sistemini tənzimləyərək vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi təminatçısı qismində çıxış edir. Ümummilli lider Heydər Əliyevin Əsas Qanunumuzla bağlı söylədiyi - "Konstitusiyanın hər bir müddəası xalqın iradəsini ifadə edir” fikri, zənnimizcə, bu ali hüquqi sənədin dövlət və cəmiyyətdəki roluna verilən ən mühüm qiymətdir.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyevin "Azərbaycan” qəzetinin 13 iyun 2017-ci il nömrəsində çap edilmiş "Əbədi müstəqilliyə təminat formulu: güclü dövlət - müstəqil siyasət” adlı məqaləsində qeyd edilir ki, 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı.
***
Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən ədliyyə sisteminin inkişafı məsələlərinin təhlili də "Azərbaycan” qəzetində geniş əks olunur. Bununla əlaqədar olaraq "Azərbaycan” qəzetinin 22 noyabr 2013-cü il nömrəsində dərc edilmiş "Azərbaycan ədliyyəsi dövlətimizlə bərabər inkişaf edir” adlı və müəllifi Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri olan Fikrət Məmmədovun məqaləsi xüsusilə diqqəti cəlb edir. Məqalədə deyilir: "Əsrə yaxın inkişaf yolu keçən Azərbaycan ədliyyəsinin şanlı tarixi 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gündə Ədliyyə Nazirliyinin təsis edilməsi ilə başlamış, həmin il noyabrın 22-də nazirliyin əsasnaməsi təsdiq edilmiş, funksiya və səlahiyyətləri müəyyən edilmişdir. Həmin dövrə nəzər salanda şahidi oluruq ki, Ədliyyə Nazirliyi o vaxtlar şəraitin çətinliyinə, imkanların və kadrların məhdudluğuna baxmayaraq ölkənin ədliyyə sisteminin formalaşdırılması və inkişafı naminə xeyli iş görmüşdür. İlk növbədə ədliyyə, məhkəmə və istintaq strukturları bərpa edilmiş, respublikada qayda-qanunun bərqərar olması, yeni hüquq sisteminin təşkili ilə bağlı əhəmiyyətli qərarlar qəbul olunmuş, zəruri hüquqşünas kadrların hazırlanması və əhalinin hüquqi maarifləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır... Fəaliyyəti unudulmaz hadisələrlə yadda qalan Ədliyyə Nazirliyinin həm də çətin və mürəkkəb dövrü olmuşdur. 1920-ci ildə ölkə işğal edildikdən sonra milli dövlətçiliyin əsas sütunlarından olan Ədliyyə Nazirliyi ləğv edilərək əvəzində Xalq Ədliyyə Komissarlığı yaradılmış, səlahiyyətləri xeyli məhdudlaşdırılmış, iki dəfə ləğv olunaraq yenidən təsis edilmiş, funksiyaları ayrı-ayrı vaxtlarda prokurorluq, məhkəmə orqanlarına verilmişdir. Ədliyyə sisteminin stabil funksiya və struktura malik olmaması onun inkişafına ciddi əngəllər törətmişdir.
Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi, ədliyyə işinin təkmilləşdirilməsi məhz 1970-ci ilə - ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi dövrə təsadüf edir. Həmin dövrdən etibarən Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, onun gələcək inkişafı üçün əlverişli şərait yaradılmışdır.
Ümummilli liderin dövlət quruculuğu xəttini uğurla davam və inkişaf etdirən İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyət göstərdiyi son illər ərzində Ədliyyə Nazirliyində və bütövlükdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirilmişdir”.
Daha sonra Fikrət Məmmədovun "Azərbaycan” qəzetinin 22 noyabr 2016-cı il nömrəsində çap edilmiş "Azərbaycan ədliyyəsi müstəqilliyimizlə birgə inkişaf edir” adlı məqaləsində də ədliyyə sistemi və hüquqi problemlərlə əlaqədar mühüm məsələlərin geniş işıqlandırılmasına nail olunmuşdur. Məqalədə qeyd edilir ki, dövlət başçısının məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, şəffaflığın maksimum artırılması, eləcə də qərəzli yanaşmanın yolverilməzliyi, korrupsiya hallarının tam aradan qaldırılması, məhkəmə sistemində müsbət beynəlxalq təcrübənin tətbiqi ilə bağlı tapşırıqların icrası üzrə Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən məqsədyönlü tədbirlər davam etdirilir. Ədliyyə və məhkəmə sistemimizin müasirləşdirilməsi istiqamətində qazanılan bütün nailiyyətlər möhtərəm Prezident cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatların real təzahürüdür.
***
Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovun "Azərbaycan” qəzetinin 1 oktyabr 2016-cı il tarixli nömrəsində dərc olunmuş "Ölkədə aparılan hüquqi islahatlar prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşməsinə mühüm töhfədir” məqaləsində prokurorluq orqanlarının fəaliyyətinin əsas istiqamətləri təhlil edilir. Daha sonra "Azərbaycanın məhkəmə sistemi davamlı islahatlar yolundadır” adlı və "Azərbaycan” qəzetinin 18 noyabr 2016-cı il tarixli nömrəsində çap edilmiş, müəllifi Yasamal Rayon Məhkəməsinin sədri, Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri Ələddin Cəfərovun olduğu məqalədə qeyd edilir ki, ötən illər ərzində uğurla davam etdirilən çoxşaxəli islahatlar respublika məhkəmələrinin insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, ədalət mühakiməsınin qanunamüvafiq şəkildə həyata keçirildiyi müstəqil hakimiyyət qolu kimi fəaliyyət göstərmələrinə imkan yaratmışdır. Bölgələrdə yaşayan əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə regionlarda inzibati-iqtisadi, ağır cinayətlər və hərbi məhkəmələrin yaradılması, hakimlərin və məhkəmə aparatı işçilərinin sayının artırılması, hakim vəzifəsinə seçki və təyinatların şəffaf, ədalətli mexanizmlərlə reallaşdırılması, məhkəmə orqanları üçün yüksək estetik zövqlə inşa edilmiş inzibati komplekslərin müasir texnologiyalarla təchiz olunmaları həyata keçirilən islahatların real miqyası barədə kifayət qədər obyektiv təsəvvür formalaşdırır. Qazanılan nailiyyətlər məhkəmələrlə yanaşı, milli ədliyyə sisteminin də hərtərəfli yeniləşməsinə və müasirləşməsinə, dövlətin ən mühüm, əlahiddə hüquq təsisatlarından birinə çevrilməsinə imkan yaratmışdır.
***
Növbəti məsələlərdən biri cinayətkarlıqla mübarizənin hüquqi məsələlərinin təhlilidir. "Azərbaycan” qəzetinin 8 may 2018-ci il tarixli nömrəsində Azərbaycan Respublikasının daxili işlər naziri polis general-polkovniki Ramil Usubovun "Heydər Əliyev Azərbaycanın 50 illik şərəf, inkişaf və müstəqillik salnaməsinin müəllifidir” adlı müsahibəsində qeyd edilir: "Ümummilli liderin 1994-cü ilin avqust ayında imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərman bu sahədə fəaliyyətin təşkilati-hüquqi bazasının və gələcək uğurların möhkəm təməlini qoydu...
Daha sonra nazir xüsusi vurğulayır: "Xatırlatmaq yerinə düşər ki, hüquqda, o cümlədən bizim xidmətdə "Cinayət varsa, cəza labüddür” prinsipi daim fəaliyyət prioritetlərindən sayılıb. Bu baxımdan 1992-ci illə müqayisədə 2002-ci ildə ölkədə qeydə alınan cinayətlərin açılması 67 faizdən 94,8 faizə yüksəlmiş, ümumi cinayətlərin sayı 30,9 faiz, o cümlədən qəsdən adamöldürmələr 2,7 dəfə, quldurluq və soyğunçuluqlar 3,7 dəfə, oğurluqlar 5,2 dəfə, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 7,2 dəfə, nəqliyyat vasitələrinin oğurluğu 25 dəfə, habelə bağlı qalmış cinayətlər 13 dəfə azalmışdı. 10 il ərzində daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz saxlanılan 30 mindən artıq silah yığılmışdı. Hər il orta hesabla qrup halında 1000-dən artıq cinayətkar dəstə zərərsizləşdirilmişdi”.
Cinayətkarlıqla mübarizənin mühüm istiqamətlərindən biri də korrupsiya ilə mübarizədir. Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərovun "Azərbaycan” qəzetinin 17 noyabr 2016-cı il tarixli nömrəsində çap edilmiş müsahibəsində xüsusi olaraq qeyd edilmişdir ki, Azərbaycanın antikorrupsiya təcrübəsi beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilir. Müsahibədə qeyd edilir ki, "Beynəlxalq Şəffaflıq” təşkilatı tərəfindən hazırlanan "2016-cı il Qlobal Korrupsiya Barometri” hesabatının Azərbaycana dair nəticələri çox əhəmiyyətlidir. Belə ki, hesabata görə, Azərbaycanda respondentlərin 79 faizi korrupsiyanı cəmiyyətimizin üzləşdiyi əsas problemlərdən hesab etmir. Bu göstərici Avropa İttifaqı (68 faiz) və postsovet ölkələri (66 faiz) üzrə müəyyən edilmiş orta göstəricidən yaxşıdır... Hesabatın digər ənənəvi indikatoru dövlətlərin korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi tədbirlərin səmərəliliyi ilə bağlıdır. Belə ki, Estoniyada respondentlərin 37 faizi, Gürcüstanda 41 faizi, Rumıniyada 42 faizi, Serbiyada 45 faizi, Niderlandda 53 faizi, Böyük Britaniyada 57 faizi, Fransada 64 faizi, Ermənistanda 65 faizi, Latviyada 71 faizi, Sloveniyada 77 faizi, İspaniyada 80 faizi hesab edir ki, ölkələrində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar səmərəli deyil. Azərbaycan üzrə bu göstərici yalnız 15 faizdir. Bu indikator Avropa İttifaqı (53 faiz) və postsovet ölkələri (56 faiz) üzrə müəyyən edilmiş orta göstəricidən dəfələrlə yaxşıdır.
Bu sahədə "Azərbaycan” qəzetində çap edilən digər hüquqi xarakterli məqalələr də əhəmiyyətlidir. Bu nöqteyi-nəzərdən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri, hüquq üzrə fəlsəfə doktoru Kamran Əliyevin "Azərbaycan” qəzetinin 23 iyul 2013-cü il tarixli nömrəsində çap edilmiş "Səmərəli antikorrupsiya siyasəti öz bəhrəsini verir” adlı məqaləsi Azərbaycanda həyata keçirilən antikorrupsiya siyasətinin hərtərəfli təhlilini vermişdir. Məqalədə qeyd edilir ki, mötəbər beynəlxalq qurumlarla əməkdaşlıq və dünya təcrübəsinin öyrənilməsi nəticəsində çox mühüm əhəmiyyət kəsb edən hüquqi şəxslərin cinayət məsuliyyətini müəyyən edən normaların Azərbaycan qanunvericiliyinə daxil edilməsi korrupsiya hüquqpozmaları ilə daha səmərəli mübarizə aparmağa təminat verir. Təsadüfi deyil ki, bu gün dünyanın nüfuzlu araşdırma mərkəzləri, beynəlxalq vətəndaş cəmiyyəti institutları və qeyri-hökumət təşkilatları ən uca tribunalardan Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi uğurlar barədə yüksək fikirlər səsləndirirlər.
***
"Azərbaycan” qəzeti hüquqi problemlərin təhlilini təkcə hüquqşünas qələmi ilə deyil, eyni zamanda digər sahədə tanınmış elm adamlarının, zəhmətkeş nəslin nümayəndələri ilə də təhlil edir. Bununla yanaşı, özünün peşəkar heyəti ilə də bu məsələ daim diqqət mərkəzində saxlanılır. Belə ki, "Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun qəzetin 18 oktyabr 2016-cı ildə çap edilən "Möcüzəli inkişaf” adlı məqaləsi həm də hüquqi problemlərə həsr edilmişdir. Məqalə cənab Prezidentin sözləri ilə başlayır: "Biz fəxr edirik ki, 25 il müstəqil dövlət kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimə borclu deyilik, heç kimdən asılı deyilik, müstəqilliyi hər şeydən üstün tuturuq, xalqımız azaddır, taleyimiz öz əlimizdədir”. Məqalədə daha sonra bu sahədə əsas hüquqi uğurlar qeyd edilir: ölkədə hüquqi, iqtisadi, siyasi islahatların həyata keçirilməsi; Avropa Şurasına üzv qəbul olunması; 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi; ölkədə vətəndaş cəmiyyəti təsisatlarının formalaşdırılması; mətbuata senzura nəzarətinın ləğv edilib, azad və müstəqil mətbuatın formalaşması; ölkəmizin bütün beynəlxalq qurum və təşkilatlarla əməkdaşlıq etməsi; insan hüquqlarının qorunmasının, mətbuat və söz azadlığının inkişafının daim diqqət mərkəzində saxlanılması; dövlət idarəçiliyində çoxpartiyalı sistemə, fikir plüralizminə daim yer verilməsi; Azərbaycanda beynəlxalq tələblərə cavab verən seçki qanunları əsasında Seçki Məcəlləsinin yaradılması; üzvləri paritet əsaslarla formalaşdırılan Mərkəzi Seçki Komissiyasının təşkili; ölkədə bələdiyyə, parlament, prezident seçkilərinin hər birinin azad və şəffaf şəkildə keçirilməsi; və s.
"Azərbaycan” qəzetinin şöbə redaktoru, əməkdar jurnalist İradə Əliyevanın 17 noyabr 2016-cı il tarixdə "Azərbaycan” qəzetində çap edilmiş "Həqiqi müstəqilliyə etibarlı təminat mexanizmi” adlı məqaləsi hüquqi problemlər cəhətdən də xüsusi əhəmiyyət kəsb edir. Məqalədə deyilir: "1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu seçmişdir. Ulu öndər Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu ali sənəd müstəqil Azərbaycanın Konstitusiyası kimi tarixə yazılmış, dövlətçiliyin əsas atributlarından biri sayılan bu mühüm sənəd həmin il noyabr ayının 12-də ümumxalq səsverməsi ilə qəbul olunmuşdur. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır... Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərə ictimai münasibəti öyrənən 2016-cı ilin 26 sentyabr referendumu bunun əyani təsdiqi olaraq ölkəmizdə insan hüquq və azadlıqlarının konstitusion əsaslarının daha da gücləndirilməsinə, cəmiyyətdə qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsinə, dövlət idarəçilik mexanizmlərinin təkmilləşdirilməsinə xidmət etmişdir. Tamamilə azad, demokratik və şəffaf şəraitdə keçirilmiş ümumxalq səsverməsinin nəticəsi olaraq qüvvəyə minmiş Konstitusiyaya əlavə və dəyişikliklər ictimai həyatın digər mühüm sahələri ilə yanaşı, məhkəmə orqanlarının fəaliyyəti ilə bağlı bəzi məsələləri də özündə ehtiva etmiş, ümumən ədalət mühakiməsinin keyfiyyətinin yüksəlməsinə yeni təkan vermişdir”.
Bundan başqa, müəllifin "Elmdə islahatlar Azərbaycanın davamlı inkişafına xidmət edir” ("Azərbaycan” qəzeti, 1 sentyabr 2013-cü il), "Şərəfli missiya” ("Azərbaycan” qəzeti, 11 dekabr 2016-cı il) məqalələri də oxucularda xüsusi maraq doğurur.
"Azərbaycan” qəzetinin şöbə redaktoru İxtiyar Hüseynlinin qəzetdə 11 iyul 2014-cü ildə çap olunmuş "Demokratik inkişafın Azərbaycan nümunəsi” məqaləsində qeyd edilir ki, Azərbaycan demokratik inkişafın yalnız təkamül yolunu qəbul edir və bu istiqamətdə inamlı addımlar atır... Azərbaycanda dünya ölkələrinin heç birinə bənzəməyən, özünəməxsus iqtisadi və siyasi inkişaf modelinin formalaşması faktı tam təsdiqini tapıb. Demokratik quruculuq yolu ilə gedən respublikamız həssas bir bölgədə yerləşsə də, onun həm iqtisadi, həm siyasi, həm də digər sahələrdə milli inkişaf modeli formalaşıb.
Göründüyü kimi, "Azərbaycan” qəzetinin fəaliyyəti çoxşaxəli olmaqla bərabər, həm də cəmiyyət üzvlərinin ciddi əlaqələndiricisidir. Bu nöqteyi-nəzərdən "Azərbaycan” qəzetinin baş redaktoru, əməkdar jurnalist Bəxtiyar Sadıqovun "Azərbaycan” qəzetinin saytındakı müraciəti də çox önəmlidir: "Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, min bir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik! Ulu yurdumuzun adını daşıyan "Azərbaycan” qəzeti də bu amala xidmət edir. Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!”
***
"Azərbaycan” qəzeti qeyd edilən istiqamətlərdən başqa, digər mühüm hüquqi problemləri də daim diqqətdə saxlamaqla müntəzəm elmi yazılar da dərc edir. Bunlara aiddir: beynəlxalq təşkilatlarla əməkdaşlıq, dövlət hakimiyyət orqanlarının fəaliyyətinin hüquqi tənzimlənməsi, seçki proseslərinin hüquqi tənzimlənməsi, normativ hüquqi aktların dərc edilməsi və s.
Daha sonra hüquqi problemlərlə əlaqəli məsələlər də geniş işıqlandırılır. Məsələn, multikulturalizm, sosial problemlər, iqtisadi problemlər, dövlətçilik ideyaları və s.
Qeyd etdiyimiz məsələlər çox kiçik nümunələrdir. Qəzetin hər bir sayında müxtəlif hüquqi problemlər hərtərəfli, obyektiv, ətraflı, o cümlədən peşəkarcasına təhlil edilir. Eyni zamanda, qəzetin kursunun sabitliyi, sanballılığı, obyektivliyi, tam qərəzsizliyi mühüm xüsusiyyətlərindən hesab edilməlidir.
Bir hüquqşünas alim olaraq hüquqi problemlərin təhlili və ictimaiyyətə çatdırılması üçün ən çox müraciət etdiyim mətbuat orqanlarından birincisi məhz "Azərbaycan” qəzetidir ki, burada mənim çoxsaylı yazılarım - məqalələrim çap edilmişdir: "İnsan hüquqlarına hörmət Azərbaycanın demokratik inkişafının prioritet xəttidir” ("Azərbaycan” qəzeti, 17 avqust 2011-ci il); "Azərbaycan Avropa Şurasında milli maraqlarını əzmlə müdafiə edir” ("Azərbaycan” qəzeti, 25 yanvar 2012-ci il); "Milli qurtuluşdan hüquqi dövlət quruculuğuna doğru” ("Azərbaycan” qəzeti, 12 iyun 2011-ci il); "Heydər Əliyev Fondu beynəlxalq əlaqələrini genişləndirir” ("Azərbaycan” qəzeti, 27 oktyabr 2013-cü il); "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar strateji hədəf” ("Azərbaycan” qəzeti, 5 dekabr 2013-cü il); "İnsanların xeyirxahı, insan hüquqlarının təminatçısı” ("Azərbaycan” qəzeti, 13 may 2014-cü il); "Müasir qloballaşma şəraitində multikulturalizm və insan hüquqlarının müdafiəsi” ("Azərbaycan” qəzeti, 3 aprel 2016-cı il); "Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlıq siyasətində diaspor təşkilatlarının rolunun artması qısqanclıqla qarşılanmamalıdır” ("Azərbaycan” qəzeti, 19 may 2017-ci il) və s.
Beləliklə, bu gün "Azərbaycan” qəzeti Azərbaycan jurnalistikası-mətbuatının şah əsəridir, Azərbaycan ictimaiyyətinin fikir mərkəzidir. Ölkədə gedən bütün proseslər, o cümlədən hüquqi məsələlər onun səhifələrində ətraflı və əlçatan şəkildə öz əksini tapmaqla cəmiyyətdə daim rəğbətlə qarşılanır.


Əmir ƏLİYEV,
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru, professor