14 Sentyabr 2018 00:40
1270
SİYASƏT
A- A+

Azərbaycan və Türkiyə qardaşlığının təntənəsi


Azərbaycan Xalq Cümhuriyyətinin müraciətinə əsasən təşkil edilən Qafqaz İslam Ordusunun Gəncədən başlamaqla dörd ay ərzində apardığı hərbi əməliyyatlar nəticəsində Bakının işğaldan azad edilməsinin 100 illiyini qeyd edirik.

Osmanlı İmperatorluğunun son dövrlərində çətin şəraitə baxmayaraq, ən peşəkar əsgərlərdən təşkil olunan Nuri Paşanın (Killigil) komandanlığında Qafqaz İslam Ordusunun Bakını düşməndən azad etməsi əzəli-əbədi Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının bünövrəsini təşkil edir.

Qafqaz İslam Ordusunun hərbi hərəkatı və zəfəri Türkiyə və Azərbaycanın ən çətin vəziyyətlərdə bir-birinin köməyinə düşünmədən çatacağını ən bariz şəkildə nümayiş etdirmişdir.

Birinci Dünya müharibəsinin son mərhələsində bir neçə cəbhədə döyüşən Osmanlı Ordusu Azərbaycanın çağırışına cavab vermək məsələsində qətiyyən tərəddüd etməmiş, Azərbaycanın müstəqilliyi uğrunda 1130 gəncini şəhid verməkdən çəkinməmişdir.

Azərbaycan da 15 sentyabr 1918-ci ildən cəmi səkkiz ay sonra ulu öndər Mustafa Kamal Atatürkün Anadoluda yandırdığı qurtuluş alovuna laqeyd qalmamış, buna oxşar qardaşlıq nümayiş etdirərək müasir Türkiyə Respublikasının bünövrəsinin qoyulmasına dəstək vermişdir.

Başqa sözlə, bundan yüz il əvvəl baş verənlər Nərimanovun Mustafa Kamal Paşaya 1921-ci ildə göndərdiyi məşhur məktubunda dediyi kimi, "qardaşın qardaşa borc verməyəcəyini, qardaşın qardaşın əlindən tutacağını” göstərmişdir.

***

Hazırda bu həmrəyliyin eynilə davam etdiyini görməkdən böyük məmnuniyyət hissi keçiririk.

Ölkəmizin terrorizmə qarşı mübarizə məqsədilə apardığı "Fırat qalxanı” və "Zeytun budağı” əməliyyatlarına Azərbaycanın verdiyi mənəvi dəstək əsgərlərimizin gücünə güc qatmışdır.

Eləcə də Dağlıq Qarabağ məsələsi Azərbaycan üçün olduğu qədər Türkiyə üçün də narahatlıq mənbəyidir. Bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və beynəlxalq təşkilatların qəbul etdiyi qərarlara uyğun olaraq həll olunana və bir milyondan çox qaçqın və məcburi köçkün bacı-qardaşlarımız yurd-yuvalarına qayıdana qədər Türkiyə Azərbaycanın yanında olacaq.

Yüzüncü il şəhidlərimizi bir daha hörmət və ehtiramla yad etməyimizə səbəb olmuşdur. Azərbaycan 1.130 türk şəhidinin əbədi uyuduğu məkana çevrilmişdir. Türkiyədən sonra ən çox şəhidimiz qardaş Azərbaycandadır.

Qardaş Azərbaycan xalqı müstəqilliyin yenidən qazanıldığı 1991-ci ilə qədərki ağır dövrdə türk şəhidlərinin məzarlarını qoruyaraq öz böyüklüyünü nümayiş etdirmişdir.

Biz də səfirlik olaraq 100-cü ildə Azərbaycanın müxtəlif bölgələrində olan şəhidliklərimizin hamısına əl gəzdirərək baxmaq, təmir etmək, beləliklə də onları şəhidlərimizin əziz xatirəsinə layiq şəklə salmaq qərarına gəldik. Bakıdakı Türk Şəhidliyinin hər bir hissəsini əsaslı şəkildə yenilədik. Qobustandakı şəhidliyimizi yenidən inşa etdik. Hacıqabul, Sabirabad, Göyçay, İqriq, Mərdəkan və Astara başda olmaqla onlarla şəhərdəki türk şəhidliklərindəki işlərimiz hələ də davam edir. Bu ilin sonuna qədər bütün qulluq-təmir işlərini tamamlayacağıq.

Qafqaz İslam Ordusunun zəfəri və Bakının işğaldan azad edilməsinin 100-cü ildönümü ilə əlaqədar görüləcək işlər çərçivəsində səfirlik olaraq il ərzində müxtəlif sərgilər, simpoziumlar və tədbirlər təşkil etdik.

2018-ci ili əhatə edən bu tədbirlərin əhəmiyyətini daha da artırmaq üçün cənab Prezident Rəcəb Tayyib Ərdoğan onu müşayiət edən heyətlə sentyabr ayının 15-də Bakıya səfər edəcək və mərasimlərdə iştirak edəcək. Beləliklə də Azərbaycanın sevincini ən yüksək səviyyədə təmsil olunmaqla bölüşəcəyik.

Həmçinin Mehtəran Birliyi, tarixi hərbi geyimli parad bölüyü və digər əsgərlərdən ibarət olacaq 250 nəfərlik birlik də mərasimlərdə iştirak edəcək.

***

15 sentyabr 2018-ci il zəfəri şəhidlərimizin qanı bahasına qazanılan hərbi zəfərdir. Lakin özündə sırf hərbi əks-sədadan daha böyük mənalar ehtiva edir. Bu gün bizim vəzifəmiz həm bu yaxın tariximizi, həm də müasir qlobal məsələləri düzgün qiymətləndirmək, ölkələrimiz baxımından qarşılıqlı mənafeləri müəyyən etmək və keçmişdəki dostluq əlaqələrini daha güclü şəkildə gələcəyə apararaq bizdən sonrakı nəsillərə daha möhkəm qardaşlıq telləri qoymaqdır.

Son dövrdə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft boru xətti, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və TANAP qaz boru xətti kimi qlobal miqyaslı layihələr, daim artan ticarət və iqtisadi əməkdaşlıq, beynəlxalq platformalardakı qarşılıqlı dəstək anlayışı və güclü humanitar əlaqələr hər iki ölkədə gələcəyə istiqamətlənmiş bu iradənin mövcud olduğunu göstərir.

Türkiyə-Azərbaycan dostluğunun həmişəyaşar olmasının və daha da inkişaf etdirilməsinin yollarını axtarıb tapmaq istiqamətindəki səylərimizi yorulmadan davam etdirməliyik.


Erkan ÖZORAL,

Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video