14 Sentyabr 2018 00:34
886
SİYASƏT
A- A+

Zəfər yürüşü



100 il öncə türk ordusunun yardımı ilə Bakı işğaldan azad edildi


Kafkaslar, yol ver bizə, biz Bakuye varacağız.
Babalardan miras qalan yurdları biz alacağız.
Qafqaz İslam Ordusuyuz , pek imanlı, pek şanslıyız,
Baş komutan fərmanlıyız, ay yıldızlı nişanlıyız…

Zaman 1918-ci il, ilıq bir may səhəridir... Gəncə çölləri zəfər marşı oxuyan müzəffər ordunu qarşılamaq üçün al qırmızı lalələrə bürünüb...
Zaman 1918-ci il, həzin bir payız səhəridir... Hələ günəş çıxmamış xilaskar ordu Şabanı dağlarından enərək Yasamal yamaclarına çıxır. Artıq düşmən məhv edilib və Bakı azaddır. Xalq sevinc göz yaşları içərisində, bu qalib ordunu qarşılamaq üçün küçələrdə selə dönüb...
Həmin gün Qafqaz İslam Ordusuna başçılıq edən Nuru Paşa Azərbaycan hökumətinə, Ənvər Paşaya, 3-cü və 9-cu Ordu komandanlarına teleqramlar ünvanladı. Bu teleqramların hamısı eyni cümlə ilə başlayırdı: "Bakı şəhəri 30 saatlıq şiddətli müharibədən sonra sentyabrın 15-də saat 9-da fəth olunub”...


"Bakıda cəsədlərdən başqa heç bir müsəlman qalmamışdı”


1918-ci ildir. Birinci Dünya müharibəsi bitmək üzrədir. Həmin dövrdə Osmanlı dövləti düz 10 cəbhədə savaşırdı. Bu elə bir dövr idi ki, 3 qitəyə hökm edən imperatorluq parçalanma ilə üz-üzə qalmışdı. Şimalda çar rejimi dağılmış, bolşeviklər hakimiyyəti ələ keçirmişdi. Qafqazda bolşeviklərin basqısı hər keçən gün daha da artırdı. Qafqazla bağlı hazırlanan bütün planların mərkəzində isə zəngin neft mədənləri olan Azərbaycan dururdu.
Məqsəd bu ərazidən türk, müsəlman əhalini təmizləmək və neft yataqlarını ələ keçirmək idi. İstila planları çox keçmədən həyata keçirilməyə başlandı. Bolşeviklər erməni dəstələrini silahlandırdılar. Bir tərəfdə ağır silahlarla təchiz olunmuş bolşevik ordusu və erməni birləşmələri, digər tərəfdə isə əliyalın və tənha qalmış azərbaycanlılar...
Elə buna görə də düşmən gün keçdikcə daha da azğınlaşırdı. Təsadüfi deyildi ki, 30 mart 1918-ci ildə bolşevik ordusu və erməni birləşmələri Bakı ətrafında kütləvi qətllər törətməyə başladı. Onlar uşaq, qadın, qoca demədən hər kəsi hədəfə almışdı və bunun isə bir adı var idi: Soyqırımı. Təkcə martın 30-dan aprelin 1-nə kimi Bakıda 15 mindən çox əhali qətlə yetirilmişdi. Həmin günlərin şahidləri danışırdılar ki, Bakıda cəsədlərdən başqa heç bir müsəlman qalmamışdı. Həmçinin Şamaxıda, Qubada, Lənkəranda və ölkənin digər bölgələrində də əliyalın, silahsız insanlara qarşı soyqırımı törədilmişdi.


Osmanlı dövləti Azərbaycana kömək üçün dünyanı qarşısına aldı


1918-ci il aprelin əvvəllərində olduqca çətin və mürəkkəb zamanda Osmanlı dövlətindən kömək istəmək üçün azərbaycanlılardan ibarət heyət yarandı. Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi qrup İstanbulda hərbiyyə naziri Ənvər Paşa və Sultan Məhəmməd Rəşadla görüşür. Osmanlının Qafqaza ordu göndərməsi, sadəcə, ruslara deyil, ingilislərə və ermənilərə qarşı da döyüşməyi vacib edirdi. Birinci Dünya müharibəsində Osmanlının müttəfiqi Almaniya isə türklərin Qafqazda güclənməsini istəmirdi. Yəni bu mürəkkəb situasiya onu göstərirdi ki, Osmanlının Azərbaycana kömək etməsi üçün bir çox siyasi güclərlə mübarizə aparması lazım gələcək. Bütün bunlara baxmayaraq, Osmanlı dövləti dərhal Azərbaycana kömək etmək haqqında qərar verdi. Ənvər Paşanın 29 yaşındakı qardaşı Nuru Paşa yardıma göndəriləcək orduya başçı təyin edildi.
Beləliklə, Azərbaycanın dərdlərinə dərman olacaq və müstəqilliyini təmin edəcək Qafqaz İslam Ordusu yaradıldı. Nuru Paşanın başçılıq etdiyi ordu artıq 1918-ci ilin aprelində Zəngəzurda idi. Nuru Paşa zaman-zaman ruslarla, ingilislərlə, ermənilərlə vuruşaraq mayın 25-də Gəncəyə daxil oldu. Gəncə əhalisi Osmanlı ordusunu sevinclə qarşıladı. Qafqaz İslam Ordusu Gəncədə düşmənin ciddi müqaviməti ilə qarşılaşsa da, qısa zamanda fəth edildi sakitlik yaradıldı. Bu döyüşlərdə 112 əsgər şəhid oldu. 3 gün sonra, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildi və Gəncə müvəqqəti paytaxt oldu.


Növbə Bakını işğaldan azad etmək idi


Azərbaycanın paytaxtı Bakı olmalı idi. Şəhər isə işğal altındaydı. Nuru Paşa əvvəlcə bütün heyəti azərbaycanlılardan ibarət bölüklər yaratdı və onları Qafqaz İslam Ordusuna birləşdirdi. Növbə Bakının işğaldan azad edilməsi idi. Amma bölüklər kifayət deyildi. Buna görə Nuru Paşa hərbi dəstək qüvvət istədi. Qısa zamanda dəstək qüvvələrin gəlməsi ilə Qafqaz İslam Ordusu Bakıya doğru irəlilədi. Dəstək qüvvələrlə birlikdə ordunun sayı 20 minə çatdı.
Bakının şimalındakı Şamaxı və Mərəzə ilə cənubundakı Salyan-Neftçala bölgəsini düşməndən təmizlədikdən sonra Qafqaz İslam Ordusu Bakının 60-70 kilometrliyinə qədər yaxınlaşdı. Hərbi birləşmələr son dərəcə ağır bir vəziyyətdə irəliləməkdə davam edirdilər. Ordu silah, sursat, rabitə, nəqliyyat, su və ərzaq çatışmazlığı kimi bir çox çətinliklərlə üzləşmişdi. Əsgərlərin ehtiyacını ödəmək üçün qurulan mərkəzlərlə ordu arasındakı məsafə də artmışdı. Düşmənin ordu birləşmələri geri çəkilərkən rabitə xətlərini, dəmir və şose yolu ətrafında işə yarayacaq, su və ərzaq mənbələrini məhv edirdilər. Qafqaz İslam Ordusunun istehkam qurmaq imkanları məhdud idi. Bunun üçün əllərində lazımi ləvazimat çatışmırdı. Nuru Paşa düşmənin məhv etdiyi rabitə xətlərini və dəmir yolunu istifadəyə yararlı hala salmağa çalışırdı. Amma ixtisaslı mütəxəssis tapmaq çətin olduğundan bu işlər ləng gedirdi.


30 saatlıq şiddətli döyüş


Sentyabrın 13-də Hacı Həsən kəndinin qərbindəki müşahidə məntəqəsində Nuru Paşa Bakı üzərinə həlledici hücum əmrini imzaladı. Həmin gün axşam orduya Qafqaz İslam Ordusu komandirinin "Sarıxaçlı kilsə istiqamətində irəli” - hücum əmri verildi. Sentyabrın 14-də səhər tezdən, hələ günəş çıxmamış xilaskar ordu Şabanı dağlarından enərək Yasamal yamaclarına çıxdı və əl bombaları ilə düşməni məhv edərək şəhərin girişində dayandı. Otuz saatlıq qanlı vuruşdan sonra ağ bayraqlı avtomobildə döyüş yerinə gələn düşmənin qərb cəbhəsi üzrə erməni komandiri şəhəri təslim etməyə hazır olduqlarını bildirdilər.
Bununla da "Sentrokaspi diktaturası” darmadağın edildi və Bakı antiazərbaycan qüvvələrin əlindən xilas oldu. Bu döyüşlərdə 1136 Osmanlı əsgəri şəhid oldu. Bakı ilə yanaşı, Azərbaycanın bir çox bölgəsində onların xatirə məzarlıqları var...
İstanbulda olan M.Ə.Rəsulzadəyə telefonla zəng edən Osmanlı dövlətinin hərb naziri Ənvər Paşa onu təbrik etdi. M.Ə.Rəsulzadə öz növbəsində Azərbaycan hökumətinin sədri Fətəli xan Xoyskiyə teleqram göndərib Azərbaycan xalqı və hökumətini böyük qələbə münasibətilə təbrik etdi. Fətəli Xan Xoyski Nuru Paşanı şəhərin azad edilməsi münasibətilə təbrik edərkən yazırdı: "Millət Sizə minnətdardır”.
1918-ci il sentyabrın 17-də - Fətəli xan Xoyski kabinetinin təşkilindən üç ay sonra Cümhuriyyət hökuməti Bakıya köçdü. Bakı rəsmən paytaxt elan olundu.


Nuru Paşa nədən Bakını tərk etmək məcburiyyətində qaldı?


Bakının azad edilməsindən ay yarım sonra Birinci Dünya müharibəsində Almaniya ilə müttəfiq olan Osmanlı imperiyası məğlubiyyətlə üzləşir və oktyabrın 30-da Mudros sülh müqaviləsi imzalanır. Bu sazişin Azərbaycana dair bir sıra şərtləri vardı.
Belə ki, 11-ci maddəyə görə, türk ordusu tezliklə Cənubi Azərbaycandan çıxmalı, 15-ci maddəyə əsasən Cənubi Qafqaz dəmir yolu, Bakı və Batum tam şəkildə müttəfiqlərin sərəncamına verilməli idi. Mudros müqaviləsinin 12-ci maddəsində göstərilirdi ki, Cənubi Azərbaycandakı və Qafqazdakı Osmanlı qüvvələri Birinci Dünya müharibəsi öncəsindəki sərhədlərə qədər geri çəkilməli idilər.
Noyabrın 8-də ingilis hökuməti Osmanlı dövlətindən Qafqazdakı bütün türk qüvvələrinin, o cümlədən Nuru Paşa komandanlığındakı Qafqaz İslam Ordusunun 1914-cü il hüdudlarına geri çəkilməsini tələb etdi. Bu dövrdə Qafqazda və Cənubi Azərbaycanda təxminən 73 min nəfərə qədər türk əsgəri vardı. Nuru Paşa Qafqaz İslam Ordusunun komandanlığından istefa verdiyini və Azərbaycan Ordusunun xidmətinə keçdiyini bildirdi.
Beləliklə, Qafqaz İslam Ordusu noyabr ayından etibarən Bakını və Azərbaycanı göz yaşları içərisində tərk etmək məcburiyyətində qaldı. Amma Azərbaycan xalqı bu qəhrəman ordunun xidmətlərini heç bir zaman unutmadı. Qafqaz İslam Ordusundan Azərbaycanda qalan əsgərlərini də, şəhid olanlarını da illərlə yaşadığı ağır və məşəqqətli zamana rəğmən içində, özündə yaşatdı...


Bakının ən hündür nöqtəsində qoşa qardaş məzarlığı...


Bu gün Bakının ən hündür nöqtəsində, iki qardaş dövlətin, Azərbaycan və Türkiyənin övladlarının müqəddəs məzarlığı var. Orada Azərbaycanın müstəqilliyi, daim var olması uğrunda canlarından keçən şəhidlər uyuyur. Amma bu gün onların ruhu narahatdır. Çünki Azərbaycanın döyünən ürəyi Qarabağ düşmən işğalı altındadır. Əminik ki, tezliklə sələfləri kimi igid və mərd oğullarımızın sayəsində vətən torpağımızın bu yarası da sağalacaq. Bu zaman bütün şəhidlərimiz məzarlarında rahat uyuyacaqlar və ruhları da sakitlik tapacaq...

Yasəmən BAĞIROVA,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video