Alternative content

12:16 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 1918-ci ildə Bakı uğrunda mübarizə
1918-ci ildə Bakı uğrunda mübarizə
ANA SƏHİFƏ / SİYASƏT
00:30 14.09.2018


İngilislərin paytaxtın işğalı ilə bağlı ilk planlarının iflası


1917-ci ilin oktyabrında Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra yaranmış yeni tarixi vəziyyət İngiltərənin, eləcə də onun müttəfiqi olan Qərbi Avropa ölkələrinin siyasətini yeni məzmunla doldurdu. Britaniya hökumətinin yaranmış şəraitdə siyasət vektorunun əsasında Rusiyaya müdaxilə edərək hakimiyyətə gəldikdən sonra bütün qüvvələrini daxili düşmənlərinə qarşı birləşdirmək üçün müharibədən çıxıb Dördlər İttifaqı ilə separat danışıqlar aparan bolşeviklərin hakimiyyətinə son qoymaq idi. 1917-ci ilin dekabr ayının 23-də İngiltərə və Fransa Rusiyanın cənubunu nüfuz dairəsinə bölmək haqqında saziş imzalamışdılar. Fransızlar tərəfindən Klemanso, Pişon və Foşun, ingilislər tərəfindən lord Milnerin, lord Robert Sesilin və digər ingilis hərbi dairələri nümayəndələrinin hazırladığı sazişin 3-cü maddəsinə əsasən, fransızlar Bessarabiya, Ukrayna və Krımı, ingilislər isə Qafqazı tutmalı idilər.
Bu planın həyata keçirilməsi üçün ingilislər ilk növbədə Bakını və "Bakı-Batum dəmir yolunu” ələ keçirmək istəyirdilər. Devid Lloyd Corc öz xatirələrində qeyd edir ki, 1918-ci ilin yazında hələ müharibənin taleyi məlum deyildi. Ona görə müttəfiqlər Xəzər sahillərində olan Bakı neft yataqlarından mərkəz dövlətlərinin hər hansı formada istifadə etməsinin qarşısını almalı idilər. Bu məqsədlə 1918-ci ilin yanvarında Mesopotamiyada xüsusi ekspedisiya yaradıldı ki, ona da general-mayor L.Denstervil başçılıq edirdi. Rəsmi şəkildə bu ordu "Densterfors” adlandırılmağa başlandı. "Londonda elan edilmişdi ki, "Densterfors”un əsas məqsədi Əfqanıstan və Hindistana doğru alman-türk qoşunlarının hərəkətinə mane olmaqdır”. Bu ekspedisiya Mesopotamiya-İran sərhədini keçib, Kirmanşah, Həmədan, Qəzvin yolu ilə Ənzəli limanına gəlməli və oradan da Tiflisə hərəkət etməli idi.
Lakin ingilislərin Tiflisə doğru hərəkətinə mane olan bir sıra səbəblər var idi. Birincisi, Gilan vilayətində İran hökumətinə qarşı qiyam qaldırmış Kiçik Xan ingilislərə düşmən münasibət bəsləyirdi. İkincisi, Ənzəli limanı bolşevik təmayüllü elementlərin nəzarəti altında idi. Üçüncüsü, Tiflisə getmək üçün ingilislərin desant çıxaracağı Bakı limanı bolşeviklərin əlində idi. Bütün bu maneələr Denstervilin Tiflisə tezliklə çatmasının qarşısını aldı.
1918-ci ilin əvvəllərində ingilislər bu fikirdə idilər ki, Cənubi Qafqaz millətlərinin ordusunu yaradıb türk-alman müdaxiləsinə qarşı müqavimət göstərsinlər. Bu məqsədlə ingilis komandanlığı Tiflisə Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı Ronal Makdoneli ezam etmişdi. Ronald Makdonel yeddi il Bakıda vitse-konsul işləmiş, sonralar mayor rütbəsi alaraq Britaniya kəşfiyyatında xidmətə keçmişdi, Qafqaz xalqlarının dilinin və mədəniyyətinin bilicisi idi.
1918-ci ilin martında ingilis komandanlığı ilə Şimali İrandan çəkilən rus kazak dəstələrinin başçısı Lazar Biçeraxovla hərbi əməkdaşlıq haqqında razılıq əldə olunmuşdu. Razılığa əsasən Biçeraxovun dəstələri ingilis komandanlğının tabeliyinə keçməli, əvəzində isə ingilislər onlara maliyyə yardımı göstərməli idi. Bu dövrdə ingilislər Şərqi Anadoluda Osmanlı qoşunlarına qarşı vuruşan erməni silahlı birləşmələrinə də maliyyə yardımı göstərirdilər. Öz növbəsində erməni siyasətçiləri ingilispərəst təbliğat xəttini tuturdular. Bu yardımın bir hissəsini erməni silahlı birləşmələri 1918-ci ildə İrəvan quberniyasında və Bakıda türk-müsəlman əhalisinə qarşı soyqırımının törədilməsinə sərf etmişdilər. Buna cavab olaraq Britaniya missiyasının Tiflisdəki rəhbəri podpolkovnik Payk ermənilərə maliyyə yardımını qadağan etmişdi. Bakıda dinc türk-müsəlman əhaliyə qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş soyqırımına Britaniyanın Tiflisdəki nümayəndəsi R.Makdonel Erməni Milli Şurasına öz etirazını bildirərək bunun ermənilərin ən böyük səhvi olduğunu qeyd etmişdi: "Bütün günahlar "Daşnaksütyun” partiyasının üzərinə düşür. Ermənilərin yardımı olmadan bolşeviklər heç zaman müsəlmanlarla müharibəyə cəsarət etməzdilər”. Beləliklə, Britaniya arxiv sənədlərindən bəlli olduğu kimi, ingilis komandanlığı bəhs etdiyimiz zaman üçün dərk etməyə başlamışdı ki, ermənilərin dəstəklənməsi və onlara kömək göstərilməsi Böyük Britaniyanın türk-müsəlman əhaliyə münasibətdə siyasətinə ağır ziyan vurur. 1918-ci ilin qanlı mart olayları ingilislərin bu qənaətini daha da möhkəmləndirir.
İngilislər lap əvvəldən daşnakların bolşeviklərlə ittifaqını dəstəkləmirdilər və bunun Osmanlı-Alman alyansı kimi, onlara qarşı yönəldiləcəyindən ehtiyat edirdilər. Buna görə Makdonel Bakıya gələrək general Denstervilin komandanlığı ilə ingilis qoşunlarının şəhərə daxil olması üçün hazırlıq işlərinə başladı. Lakin yaranmış şəraitdə ingilis qoşunlarının şəhərə daxil olması üçün Xəzər donanmasını hazırlamaq vacib idi. Bu isə o demək idi ki, ingilislər mart hadisələrindən sonra Bakıda hakimiyyəti ələ keçirən bolşeviklərlə, daşnaklarla və sosial inqilabçılarla əməkdaşlıq etməyə məcbur idilər. Bu əməkdaşlıq bir neçə istiqamətdə aparılırdı: 1. bolşevik liderləri Şaumyan və Caparidze ilə etibarlı təmas qurmaq; 2. Erməni Milli Şurası ilə əlaqələri gücləndirmək. Çünki şuranın Bakı Sovetinə və onun silahlı qüvvələrinin əsasını təşkil edən erməni silahlı birləşmələrinə böyük təsiri vardı; 3. general Biçeraxovun bolşeviklərlə hərbi əməkdaşlığına nail olmaq; 4. Xəzər donanmasını Bakıya general Biçeraxovun və general Denstervilin dənizdən maneəsiz desant çıxarmasına hazırlamaq.
Artıq 1918-ci il aprelin 25-də L.Biçeraxov Bakı bolşeviklərinə şəhərin türklərdən müdafiəsinə yardım göstərməyə hazır olduğunu bildirmişdi. Biçeraxovun adından leytenant Alxavin tərəfindən imzalanmış ilkin razılaşmaya əsasən, "Biçeraxov Sovet hakimiyyətini həm Bakıda, həm də bütün Rusiyada tanımalı, o, Qafqaz Qırmızı Ordusunun dəstələrindən birinin komandiri təyin edilərək hərbi-dəniz məsələləri üzrə komissar Korqanovun tabeliyinə keçirdi. Əməliyyat baxımından onun dəstəsi müstəqillik qazanırdı, amma onun bütün əmrləri komissarın imzası ilə təsdiqlənirdi”. Öz növbəsində 1918-ci il mayın 25-də Korqanov yeni yaradılmış Bakı Xalq Komissarları Şurası adından Biçeraxovun bütün şərtlərini, o cümlədən onun ingilislərlə əlaqə saxlamasına və onlardan pul almasına mane olmamaq, həmçinin onun hərbi bölmələrinin milli və vətəndaş münaqişələrində istifadə edilməməsini qəbul edir. İyunun əvvəlində Biçeraxov iki kazakın müşayiəti ilə Bakıya gələrək şəxsən kommuna liderləri ilə görüşür. Bolşeviklər onun dəstəsinə həm dənizdən, həm də quru yolu ilə şəhərə maneəsiz girişinə vəd verirlər.
1918-ci il iyunun 12-də ingilis qoşunları iki təyyarənin dəstəyi ilə Kiçik xanın hərbi dəstələrini məğlub edərək dənizə yol açdılar. İyunun 27-də Denstervilin ordusu nəhayət Ənzəliyə çatdı. Burada Biceraxovla görüşərək bolşeviklərin köməyi ilə onun Bakıya daxil olması planını bəyəndi. Bakıdakı Erməni Milli Şurasının Ənzəliyə göndərdiyi vəkil S.Ter-Qazarovun Denstervilə hərtərəfli yardım haqqında verdiyi vədlər ingilis komandanlığının Bakı əməliyyatının uğurla həyata keçəcəyinə ümidlərini artırdı. Denstervil Bakı daşnakları və eserləri ilə yaratdığı əlaqədən bəhs edərək yazırdı: "Demək olar ki, hər gün gedib-gələn qasidlərin vasitəsilə mən Bakı ilə əlaqə yaratmışdım. Belə görünürdü ki, dostlarımız tez bir zamanda bolşevikləri hakimiyyətdən yıxmağa, Bakıda yeni idarə üsulu yaratmağa və ingilisləri köməyə çağırmağa qabildirlər”. Artıq iyun ayında ingilislərin Bakıya qoşun çıxarmaq planı hazır idi. Qalırdı bunu Mesopotamiyada yerləşən baş komandanlıqla razılaşdırmaq. Bu haqda razılıq ancaq iyulun 15-də əldə olunmuşdu. Lakin hərbi ekspedisiyanın həm canlı qüvvə, həm də silah-sursat baxımından təchizatı çox məhdud idi.
Bu zaman Britaniya ordusunun xidmətində olan, ondan ərzaq və maddi yardım alan L.Biçeraxov ilə danışıqlara girən Bakı bolşevikləri qeyri-müəyyən vəziyyətdə qalmışdılar. Bir tərəfdən, 21 iyun 1918-ci ildə S.Şaumyan və P.A.Caparidze Petrovska, Yekaterinodara, Həştərxana, Saritsına, Saratova teleqrafla göndərdikləri məlumatda Bakı Soveti hökumətinin alman-türk qüvvələrinə qarşı ingilislərlə müqavilə bağladıqları haqqında Şimali Qafqazda yayılan məlumatların şayiə olduğunu bildirirdilər: "Bakıda ingilis hərbi hissələri yoxdur. Bakı Soveti ilə Britaniya arasında heç bir razılaşma yoxdur və ola bilməz...” Lakin iyunun 23-də Şaumyan Leninə yazırdı: "Biz L.Biçeraxov ilə danışıb bütün mübahisəli və ziddiyyətli məsələləri həll etdik və sakitləşdik. Biz onun Britaniyanın və daşnakların əlində bir alət olmasından qorxmuruq, o isə bizim onun dəstəsini tərksilah edib, ya da bizim donanma tərəfindən onu dənizdə atəşə tutmağımızdan ehtiyat etmir. O özü ilə birgə ingilis qulluqçuları, zirehli avtomobil və təyyarə götürmək istədikdə biz bundan imtina etdik, çünki bizdə zirehli avtomobil və təyyarələrin sizdən gələcəyi haqqında məlumat var. Bu məsələ həll edildi, amma qətiyyətlə deyil. Biçeraxov ilə məsələni aydınlaşdırdıqdan sonra ingilislər bizə həqiqətən qayğı yaratmır”.
Lakin Bakı XKS rəhbərliyinin L.Biçeraxovla əməkdaşlığını B.Şeboldayevin L.Trotskiyə göndərdiyi 23 iyun tarixli məktubu təsdiq edir.
Osmanlı və Azərbaycan hərbi hissələrindən ibarət Qafqaz İslam Ordusu 1918-ci il iyunun 27-si ilə iyulun 1-i arasında baş verən dördgünlük Göyçay döyüşündə bolşevik-daşnak qoşunlarının Gəncə üzərinə hücumunun qarşısını aldı və Bakı istiqamətində uğurlu əməliyyatlar həyata keçirməyə başladı. Buna cavab olaraq L.Biçeraxovun dəstəsi Xəzər dənizi vasitəsilə iyulun 5-də Ələtə çıxarıldı. İyulun 7-də o, Bakı müdafiə xəttinin sağ cinahının komandanlığını qəbul etdi. Lakin cəbhədə vəziyyət ağırlaşdığından L.Biçeraxov vuruşmadı və iyulun axırlarında öz dəstəsini cəbhə xəttindən çıxarıb şimal istiqamətinə çəkildi. İyulun son günlərində Bakıda ağır vəziyyət yaranmışdı. İyul ayının 25-də Bakı Sovetinin təcili iclası çağırıldı, S.Şaumyan siyasi və hərbi vəziyyət haqqında məruzə etdi. O, ingilis qoşunlarının çağırılması təklifinə etiraz etdi və bu barədə mərkəzi sovet hökumətindən alınmış teleqramın V Ümumrusiya Sovetlər qurultayı tərəfindən təsdiq edilmiş mətnini oxudu. S.Şaumyan bildirirdi ki, Bakı RSFSR-in ayrılmaz hissəsi olduğundan sovet Rusiyasının bu göstərişləri Bakı Soveti üçün məcburidir. İclasda S.Şaumyan başda olmaqla Bakı XKS-nin siyasəti kəskin surətdə tənqid edildi və bildirildi ki, öz xarici işlər komissarlığı olan Bakı Soveti bu işi Rusiyadan asılı olmayaraq müstəqil şəkildə həll etməlidir. İclasda bolşeviklər avantürist müharibəyə başladıqlarına görə kəskin şəkildə tənqid edildilər. Sovetin iclasında çıxış edənlər sovet Rusiyasının Bakıya heç bir yardım göstərmək iqtidarında olmadığını bildirərək ingilisləri dəvət etməyi zəruri hesab edirdilər. Nəticədə gərgin mübahisələrdən sonra 236 səsə qarşı 259 səslə ingilisləri Bakıya dəvət etmək və koalisyon hökumət yaratmaq barədə qətnamə qəbul edildi. Belə olduqda bolşevik fraksiyası hakimiyyətdən əl çəkmək məcburiyyətində qaldı və S.Şaumyan Xalq Komissarları Şurasının istefa verəcəyini bildirdi. 1918-ci il avqustun 1-də hakimiyyətə gəldikdən sonra Sentrokaspi diktaturasının ilk addımlarından biri Ənzəlidə olan ingilislərin Bakıya gəlişini sürətləndirmək oldu. Sentrokaspi diktaturasında formal şəkildə hakimiyyət Xəzər donanması zabit və matroslarının əlində olsa da, əslində real hakimiyyət Erməni Milli Şurası, "Daşnaksütyun” partiyası və digər erməni partiya və təşkilatlarına məxsus idi. İngilislərin baş planına görə, türklərin Şərqə yürüşünün qarşısı Bakıda alınmalı idi. Əgər bu mümkün olmazdısa, ehtiyat variant kimi ingilislər Orta Asiyada möhkəmlənməyi düşünürdülər.
Bakıya daxil olan ingilis hərbi qüvvələrinin sayı barədə bir-birinə uyğun olmayan müxtəlif fikirlər mövcuddur. Lakin müxtəlif mənbələrin tutuşdurulması və bu əməliyyata rəhbərlik etmiş general Denstervilin xatirələrini əsas götürməklə Bakıya avqust ayında daxil olan Britaniya qoşunlarının sayının 1000 nəfərdən artıq olmaması fikriylə razılaşmaq olar. Lakin Britaniya yardımının təəccübdoğuracaq qədər az olması şəhərin xristian əhalisini hiddətləndirdi. Halbuki Bakıya yardıma gələn ingilis ordusunun sayının 20-30 min olması barədə təbliğat aparılırdı. Belə şayiələr yayılırdı ki, guya ingilislər nəinki şəhərin yorulmuş müdafiəçilərini əvəz edəcəklər, ümumilikdə bütün Cənubi Qafqazı türklərdən təmizləyəcəklər.
Avqust ayının 5-də ingilis komandanlığı ilə Sentrokaspi rəhbərliyinin birgə müşavirəsi keçirildi. İngilislər Sentrokaspi ordusunun sayının az olmasından və pis təlim görməsindən narazılıq edib bildirdilər ki, bu ordu ilə Bakını saxlamaq olmaz. Köməyə gələn qüvvənin az olmasından ciddi narahatlıq keçirən şəhərin xristian əhalisini sakitləşdirmək üçün şayiələr yaymağa başladılar ki, çoxsaylı ingilis ordusu tezliklə Bakıya gələcək və Sentrokaspi ordusuna britaniyalılar tərəfindən hərbi-texniki yardım gücləndiriləcək. Sentrokaspi əsgərlərinin döyüş ruhunu qaldırmaq məqsədilə hələ Ənzəlidə olan L.Denstervilin bəyanatı oxundu. Bu bəyanatın mənası ondan ibarət idi ki, İngiltərə hökuməti müttəfiqlərlə müqavilə əsasında Bakı əhalisinin xahişi ilə mühasirədə olan şəhərə ordu və hərbi sursat göndərir. Türkiyə və Almaniya ilə mübarizə məqsədilə ingilis ordusu Sentrokaspi hökuməti və L.Biçeraxovla birgə hərəkət edəcək. Nəhayət, L.Denstervil şəhərin "qəhrəman müdafiəçilərini” təbrik edir və bildirirdi ki, əgər hamı düşmənə qarşı mübarizəyə qalxsa, yaxın vaxtlarda qələbəni qeyd etmək olar. Avqust ayının 8-də diktatura üzvlərinin və ingilislərin birgə iclasında general L.Denstervilin bəyanatını oxuyan kapitan Recinald Tiq Cons Sentrokaspi tərəfdarlarını daha böyük pafosla ruhlandıraraq dedi: "Biz inanmırdıq ki, siz Bakını belə müdafiə edə bilərsiniz. Əgər biz birgə hərəkət etsək, nəinki şəhəri saxlayacağıq, eyni zamanda düşməni buralardan qovacağıq”. Azsaylı ingilis dəstələrinin bir hissəsi əsasən rabitə sisteminin mühəndis-texniki qurğularına xidmət etmək üçün cəbhəyə getdi, digər hissəsi isə şəhərdə qalıb hərbi təlimlərlə məşğul olurdu.
Sentrokaspi diktaturasının hərbi qüvvələri barədə Denstervilin fikirləri daha çox həqiqətə yaxındır. O yazırdı: "Belə güman etmək olar ki, şəhəri müdafiə edən canlı qüvvə 10000 nəfər yerli könüllülərdən ibarətdir. Onlardan 3000 nəfəri ruslar, 7000 nəfəri ermənilər idi. Hamı güllə atırdı, lakin az bir hissəsinin döyüş təcrübəsi var idi. Şəhərdə qalan müsəlmanların hamısı olmasa da, böyük əksəriyyəti türkləri salamlamağa hazır idilər və özlərini potensial "beşinci dəstə” kimi aparırdılar”.
İngilislərin gəlişi ilə L.Biçeraxov yenidən siyasi səhnədə görünməyə başladı. Avqustun 3-də ondan alınmış teleqram rus və erməni dillərində plakat formasında böyük şriftlərlə çap edilib bütün şəhərə yayıldı. Orada göstərilirdi ki, guya köhnə hökumət düşmənə qarşı mübarizədə onun əl-qolunu bağlamışdı. İndi isə L.Biçeraxov Sentrokaspi qüvvələri və ingilislərlə vahid cəbhə təşkil edib, düşməni əzməyə hazır olduğunu bildirirdi. Sentrokaspi Diktaturasına teleqramında Biçeraxov şəhərin "müdafiəçilərini” əvəz etməyə hazır olduğunu bildirir və yazırdı ki, "indi bütün Rusiya Bakının müdafiəçilərinə baxır”. Lakin kazakların hücumu uzun çəkmədi. Təntənəli teleqrama baxmayaraq, İslam Ordusu qarşısında duruş gətirə bilməyəcəyini anlayan L.Biçeraxov heç bir məlumat vermədən öz dəstəsini dəmir yolu boyunca Dərbənd istiqamətində şimala çəkdi. Avqustun 8-də o, Xaçmazdan keçdi, 12-də isə Dərbəndi tutub Petrovska doğru hərəkət etdi. Avqust ayının 15-də L.Biçeraxov radio vasitəsilə xəbər verdi ki, Dərbənd və Petrovsku bolşeviklərdən təmizləmək, Rusiyadan Bakıya kömək gətirmək məqsədilə o, şimala hərəkət edir. O vəd edirdi ki, Şimali Qafqazdan 10 min əsgər və taxıl gətirəcək. Külli miqdarda Britaniya ordusunun Bakıya gələcəyi haqqında məlumatların şayiə olduğunu bilən İslam Ordusu şəhəri azad etmək uğrunda son hərbi əməliyyatlara başladı. L.Biçeraxov kimi, Denstervil də ingilisləri bura dəvət edən hökumətin oyuncaq, şəhərin müdafiəsinin isə əhəmiyyətsiz olduğunu tezliklə başa düşdülər. Bir neçə gün Bakıda qalıb vəziyyətlə tanış olduqdan sonra Denstervil avqust ayının 20-də Dərbəndə yollandı ki, Biçeraxovu geri qaytarsın. Lakin limanda naməlum gəmilər dayandığından o, sahilə yan almağa ehtiyat etdi və avqustun 23-də Bakıya döndü.
Bakının müdafiəsi ilə bağlı diktatura ilə ingilislər arasında ziddiyyətlər elə ilk gündən meydana çıxmışdı. Sentrokaspi liderləri Britaniya yardımının azlığından pərt olmuşdular. İngilislər isə yerli ordunun heç nəyə qadir olmadığından ümidsizləşmişdilər. Halbuki ingilislər yeni yaranmış Sentrokaspi hökumətinin hələ bir müddət yaşayacağına arxayın olduqlarına görə İranda olan hərbi qərargahı Bakıya köçürmüşdülər. Az sonra Rəştdə olan Böyük Britaniya konsulluğu tam heyətdə Bakıya gətirilmişdi. Lakin Bakını əldə saxlamaq üçün heç bir real imkanın olmadığını görən Denstervil ingilis əsgərlərini sentyabrın 1-nə kimi şəhərdən aparmağı qərara almışdı. Belə olduqda Sentrokaspi hökuməti limanı tərk edəcək hər hansı gəmini atəşə tutacağını bildirmişdi. İslam Ordusunun qarşısında erməni əsgərlərinin fərariliyini müşahidə edən Denstervil yazırdı: "Məndə belə bir fikir yarandı ki, indiki şəraitdən heç bir çıxış yolu olmadığı halda bu qədər insanın həyatını təhlükədə qoymağa mən nə qədər haqlıyam. Bu inqilabçılar və onların komitələri yığıncaqlarda çıxış etməkdən başqa heç nəyə yaramırdılar. Döyüşə yollananda onların batalyonları iclas keçirirdilər, vəziyyət ağırlaşanda döyüş meydanını qoyub yenidən şəhərə qaçırdılar”. Avqustun 31-də Bakı "diktatorlarına” göndərdiyi yeni məktubda L.Denstervil qeyd edirdi ki, "şəhərin müdafiəsinin uzadılması vaxtı və insanların həyatını boş yerə qurban vermək deməkdir”. Onun fikrincə, yaranmış vəziyyətdə dünyada heç bir qüvvə Bakını türklərdən xilas edə bilməz. L.Denstervil bir hərbçi kimi haqlı olaraq fikrini onunla əsaslandırırdı ki, yerli əhali Bakını türklərdən müdafiə edən hökumətə düşmən münasibət bəsləyirdi. Sentyabr ayının 1-də L.Denstervil Sentrokaspi diktaturası rəhbərliyindən xəbərdarlıq məktubu aldı. Orada göstərilirdi ki, Britaniya ordusu Bakını yalnız dinc əhali şəhərdən çıxarıldıqdan sonra yerli ordu ilə birlikdə tərk edə bilər. Sentyabr ayının 4-də Britaniya generalı Sentrokaspi diktaturası rəhbərlərinin onun hərəkətlərini kəskin tənqid edən daha bir xəbərdarlığını aldı. Sentrokaspiçilər bildirdilər ki, Bakı Kommunasının devrilməsindən sonra Moskvadan təklif gəldi ki, şəhəri türklərdən müdafiə etmək üçün hər cür yardım göstərməyə hazırdırlar. Lakin onlar Britaniya yardımına ümid edərək bu təklifdən imtina etmişdilər. Onların fikrincə, gələn yardım gözlənilən yardıma tamamilə uyğun olmadığından diktatura rəhbərləri böyük səhvə yol verdiklərini etiraf edirlər. Diktatorlar təkid edirdilər ki, şəhəri müdafiə etmək üçün İrandan və ya Bağdaddan zəruri sayda ordu təcili olaraq Bakı cəbhəsinə atılsın.
Sentyabr ayının 5-də L.Denstervil yenidən təklif etdi ki, şəhəri təslim etmək lazımdır, çünki artıq türk ordusunun atdığı mərmilər Bakının mərkəzinə düşürdü. Son günlər diktatorlarla ingilis komandanlığı arasında qarşılıqlı ittihamlar sistemli xarakter aldığından L.Denstervilin bu təklifi də qulaqardına vuruldu.
Azərbaycan-Türkiyə qoşunlarının Bakıya son hücumu 1918-ci il sentyabrın 15-də başlamışdır. Çıxılmaz vəziyyətə düşmüş ingilis generalı Denstervil qoşunlarını fəlakətdən qurtarmaq üçün Bakı limanına topladı. Beləliklə, britaniyalılar göyərtəsində 70 zabit və 800 əsgər, toplarla təchiz edilmiş Sentrokaspi diktaturasına mənsub olan "Krüger” gəmisində Bakını tərk etdilər. Beləliklə, ingilislərin 1918-ci ildə Bakını işğal etmək üçün ilk planları tam iflasa uğradı.

İlqar NİFTƏLİYEV,
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent