13 Sentyabr 2018 00:53
2428
SİYASƏT
A- A+

Heydər Əliyev irsinin sadiq tərənnümçüsü, İlham Əliyev siyasi kursunun fəal təbliğatçısı



Müstəqil dövlət quruculuğu prosesində mühüm ideoloji rol oynayan "Azərbaycan” qəzeti mətbuatımızın bayraqdarı, milli ideyanın baş qəzetidir


İlk sayı dövlətçilik tariximizin kifayət qədər mürəkkəb bir mərhələsində - Azərbaycan Xalq Cümhuriyyəti dövründə qədim Gəncə şəhərində işıq üzü görmüş "Azərbaycan” qəzetinin 100 yaşı tamam olur. "Azərbaycan” qəzetinin bu möhtəşəm yubileyi bütövlükdə milli jurnalistikamızın əlamətdar bayramı kimi qəbul edilir.


Xalq Cümhuriyyətinin müstəqillik və istiqlal rəmzi


Yarandığı mürəkkəb dövrdə dövlətin müstəqillik və istiqlal rəmzinə çevrilmiş qəzetin fəaliyyətinin ayrı-ayrı dövrləri milli jurnalistikamızın parlaq səhifələrinə çevrilmişdir. Həmin illərin əksər nüfuzlu ziyalılarının - Üzeyir bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Ceyhun bəy Hacıbəyli, Xəlil İbrahim, Yusif Vəzir Çəmənzəminli, Əhməd Cavad, Ömər Faiq Nemanzadə, Məhəmmədağa Şaxtaxtlı, Firudin Köçərli və digərlərinin "Azərbaycan” qəzetində baş redaktor, əməkdaş kimi çalışmaları, habelə qəzetin səhifələrində işıq üzü görmüş məqalələri bu nəşrin ictimai-siyasi mahiyyətini, dəyərini əks etdirir və bu amillər 100 il öncə "Azərbaycan”ın ideya istiqamətini müəyyənləşdirmişdir.
"Azərbaycan” qarşıya qoyduğu ali milli məqsədlərlə fərqlənmiş, dövrünün canlı salnaməsi kimi fəaliyyətinin bütün mərhələlərində cəmiyyətdə yüksək mövqe, nüfuz qazanmış, milli həmrəyliyə xidmət etmiş, xalqımızın milli mənlik şüurunun formalaşmasında əvəzsiz rol oynamış, "hamının qəzeti olmaq” missiyasına sadiq qalmış, mətbu sözün dəyərini daim uca tutmuşdur.
100 il öncə - Xalq Cümhuriyyəti dövründə olduğu kimi, bu gün də "Azərbaycan” qəzeti rəsmi dövlət qəzeti statusu daşıdığından, ölkəmizin əsas qəzeti, baş nəşri hesab olunur. Lakin bu statusla yanaşı, onun milli dövlət quruculuğu prosesində daşıdığı mühüm bir missiya da var ki, bu ona həm də ən sanballı qəzet imici formalaşdırır. Təsadüfi deyil ki, "Azərbaycan” qəzeti ölkə KİV sistemində lokomotiv, avanqard funksiya daşıyır.
Mətbuat aləmində özünəməxsus dəst-xətti ilə seçilən, fəaliyyətini mütərəqqi tarixi ənənələr üzərində quran, qarşıya qoyduğu prinsipial hədəflərə bu gün də sadiqlik göstərən "Azərbaycan” qəzetini digər mətbu nəşrlərdən fərqləndirən bir sıra cəhətlər vardır. Belə ki, "Azərbaycan” respublikanın keçmişinə, bu gününə, sabahına mükəmməl elmi-fəlsəfi baxışı özündə əks etdirməsi, xalqa, dövlətçiliyə bağlılığı, dəyişməz ideya-siyasi xətti, peşə meyarlarına tələbkar münasibəti, ölkədə və beynəlxalq aləmdə cərəyan edən hadisələrə operativ yanaşma tərzi, ətraflı təhlillərin aparılmasına öz səhifələrində daha geniş yer verməsi ilə fərqlənir. Qəzetin peşəkar kollektivi tərəfindən son illər nəşr edilən silsilə əsərlər isə müstəqillik dövrümüzün fundamental salnamələridir.


"Azərbaycan” Heydər Əliyev siyasi xəttinin öyrənilməsində və təbliğində əsas ideoloji mərkəzlərdəndir


Azərbaycanın seçdiyi inkişaf yolunun, dövlət quruculuğunun təməl prinsiplərinin müasir dövrün tələbləri baxımından elmi-nəzəri şərhinə və ətraflı araşdırılmasına böyük önəm verən qəzetin bu istiqamətdə fəaliyyətinin ana xəttini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tariximizin təxminən otuz beş illik bir dövrünü əhatə edən siyasi fəaliyyətinin milli-mədəni intibah və sosial-siyasi tərəqqi mərhələsi kimi öyrənilməsi və şərhi təşkil edir. Ümummilli lider Heydər Əliyevin siyasi xətti müstəqil Azərbaycan dövlətçiliyinin ideya-siyasi məzmununu, onun söykəndiyi dəyərlər sisteminin mahiyyətini özündə ehtiva edən mükəmməl bir konsepsiya olaraq öyrənilmişdir.
"Azərbaycan” qəzeti illərdir ki, ümummilli lider Heydər Əliyevin həm keçmiş SSRİ məkanında yerləşən MDB dövlətləri, həm müsəlman ölkələri və onların təmsil olunduğu İslam Əməkdaşlıq Təşkilatı, həm tarixi-mədəni birlik əsasında türkdilli dövlətlər, həm də Avropa İttifaqı, Avropa Şurası və NATO kimi Qərb strukturları ilə Azərbaycanın bu gün uğurla inkişaf edən əlaqələrinin qurucusu olduğunu böyük ustalıqla tərənnüm edir. Ulu öndər demokratik və dünyəvi inkişaf yolunun Azərbaycan xalqının şüurlu strateji seçimi olduğunu dönə-dönə vurğulamış və demişdir: "Azərbaycan Respublikası öz dövlət quruculuğunda, sosial-iqtisadi problemlərin həllində tutduğu strateji yolla gedir. Bizim bu yolumuz Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən, dünyanın əldə etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir”.
Heç şübhəsiz, Azərbaycanın iqtisadi-siyasi inkişafı, onun müdafiə qabiliyyətinin möhkəmləndirilməsi həm də beynəlxalq və regional miqyasda inteqrasiya prosesi ilə üzvi şəkildə əlaqəlidir. Xüsusilə, qeyd olunmalıdır ki, "Əsrin müqaviləsi”nin bağlanmasından sonra Azərbaycanın qoşulduğu digər neft-qaz və transnəqliyyat xətləri layihələri ölkəmizin dünya birliyinə inteqrasiyasını əhəmiyyətli dərəcədə sürətləndirmişdir. Bu mövzular "Azərbaycan” qəzetinin yaradıcı fəaliyyətində konseptual şərhlərlə, sanballı araşdırmalarla geniş şəkildə təhlil edilmiş, oxuculara bu proseslərin əsl mahiyyəti tam müfəssəl çatdırılmışdır.
"Azərbaycan”ın uzun illərdir apardığı araşdırmalarda da aydın göstərilir ki, yeni neft strategiyası Heydər Əliyev siyasətinin "ana xəttinə” xidmət etmiş, ölkənin təkcə iqtisadi baxımdan çiçəklənməsinə deyil, həm də beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmişdir. Dünya siyasətində enerji amilinin rolunu gözəl bilən Heydər Əliyev Tanrının Azərbaycana bəxş etdiyi neft və qaz kimi təbii sərvətlərdən ölkənin davamlı inkişafı naminə məharətlə istifadə etməyi bacarmışdır. Onun rəhbərliyi ilə 1994-cü ilin sentyabrında imzalanmış "Əsrin müqaviləsi” artıq öz bəhrəsini vermişdir və hələ uzun illər Azərbaycan dövlətinin möhkəmlənməsinə və xalqımızın rifahına xidmət göstərəcəkdir. Təsadüfi deyildir ki, Azərbaycan neftini dünya bazarlarına daşıyan Bakı-Tbilisi-Ceyhan boru kəməri onun çəkilməsi barədə sazişə imza atmış Heydər Əliyevin adını daşıyır. Sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP, TAP - "Cənub qaz dəhlizi” və digər enerji layihələri də ulu öndərin aydın və uzaqgörən strategiyasının davamıdır. Və bütün bu proseslər "Azərbaycan” qəzetinin səhifələrində geniş şəkildə əks olunmuş, mükəmməl şərhlərlə, elmi yanaşmalarla ictimaiyyətə çatdırılmışdır.
Elə "Azərbaycan” qəzetində dərc olunmuş əsərində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yazdığı kimi: "İstər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi qalmışdır və qalacaq. O, Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir. Bu gün biz azərbaycanlıların ölkəmiz haqda danışanda fəxr edə biləcəyi, qürurla öyünəcəyi çox uğurlar var. Onların istisna olmadan hamısı Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın”.


15 illik möhtəşəm inkişaf və quruculuq dövrünün mükəmməl salnaməsi


"Azərbaycan” qəzetinin fəaliyyətinin əsas istiqamətlərindən birini Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyəti, onun dövlətçiliyimiz üçün anlamının şərhi təşkil edir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildiyi ilk gündən etibarən beynəlxalq münasibətlərdə milli maraqların üstünlüyünü təmin etmiş, ulu öndərin müəyyənləşdirdiyi prinsiplərə sədaqətini daim nümayiş etdirmişdir.
"Azərbaycan”ın son 15 illik yaradıcı fəaliyyətinin əsas qayəsini təşkil edən məqalələrdə, araşdırmalarda qeyd olunduğu kimi, bu kursun ali məqsədi dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, ölkənin təhlükəsizliyinin, milli dövlətçilik hüquqlarının təmin olunması və beynəlxalq təhlükəsizlik sistemi ilə uzlaşdırılmış fəaliyyətdir. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət strategiyası ilk növbədə xalqımızın üzləşdiyi problemlərin, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla tənzimlənməsinə, ölkəmizin dövlətlərarası, regional və beynəlxalq əlaqələrinin möhkəmlənməsinə, dünya birliyinə sıx inteqrasiyasına yönəldilmişdir. Bu taleyüklü məsələlər barədə ətraflı xəbərləri, mükəmməl təhlilləri oxucular "Azərbaycan” vasitəsilə əldə edirlər.
Dünyanın aparıcı dövlətlərinin etibarlı strateji tərəfdaş kimi tanıdıqları Azərbaycan Respublikası bu gün beynəlxalq aləmdə öz yerini təsdiqləmiş, ümumbəşəri məsələlərin həllində, yer üzündə sülhün və təhlükəsizliyin qorunmasında, xalqların və mədəniyyətlərin yaxınlaşması proseslərində, qlobal iqtisadi layihələrin icrasında fəal iştirak etməkdədir. Cənubi Qafqaz regionu üzərindən transsərhəd nəqliyyat və kommunikasiya dəhlizlərinin çəkilişi təşəbbüsləri bir tərəfdən Azərbaycanın tranzit imkanlarını, iqtisadi-maliyyə potensialını genişləndirmiş, digər tərəfdən həmin layihələrə bir sıra strateji əhəmiyyətli dövlətləri cəlb etməklə ətrafına tərəfdaşlar toplamışdır. Bu mövzuların ictimaiyyətə çatdırılması, bu barədə vətəndaşlarda dolğun təəssüratın yaranması da məhz "Azərbaycan” qəzetinin üzərinə düşür ki, o da bu vəzifənin öhdəsindən bacarıqla, layiqincə, peşəkarlıqla gəlir.
Bu gün mürəkkəb geosiyasi, geoiqtisadi şəraitdə Azərbaycanın yürütdüyü çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilk növbədə region və dünyanın güc mərkəzləri ilə sağlam münasibətlərin inkişafını, bütün dövlətlər və koalisiyalar ilə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını nəzərdə tutur. Azərbaycan Respublikası praqmatik xarici siyasət kursu ilə özünü çoxsaylı təhdidlərdən xeyli dərəcədə qorumağa, ölkədə sabitliyi saxlamağa və dünyanın bir sıra dövlətləri ilə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri qurmağa nail olmuşdur. Bu məsələlərə öz səhifələrində geniş yer ayıran "Azərbaycan” qəzeti prosesin bütün məqamlarını aydınlaşdırır, şərh edir və oxucuya obyektiv rəy verir.
"Azərbaycan” qəzetinin öz səhifələrində geniş yer ayırdığı əsas mövzulardan biri də respublikamızın həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvü kimi dünyada nadir ölkələrdən biri olmasıdır. Azərbaycanın dünyanın 155 ölkəsinin dəstəyi ilə 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini xarici siyasətimizin ən mühüm uğurlarından biri kimi uzun illərdir layiqincə təbliğ edən rəsmi dövlət qəzetimiz respublikamızın 2011-ci ildə üzvlərinin sayına görə BMT-dən sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatına üzv olmasını, həmçinin, 2014-cü ilin may-oktyabr aylarında Avropa Şurasının Nazirlər Komitəsinə uğurla sədrlik etməsini də çox dəyərli araşdırmalarla oxucularına çatdırmışdır.
"Azərbaycan”ın da demək olar ki, hər gün yazdığı kimi, ölkəmiz Şərqlə Qərbi birləşdirən nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkanı kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyət kəsb edir. Dinamik inkişafda olan Azərbaycanın bu gün bir sıra enerji və nəqliyyat layihələrinin əsas təşəbbüsçüsü və icraçısı olması onun regional lider qismində geosiyasi aktora çevrildiyini göstərir.
"Azərbaycan” qəzetinin yaradıcı fəaliyyətində xarici siyasət, regional əməkdaşlıq məsələləri də prioritet xarakter daşıyır. Ermənistanı çıxmaq şərtilə, digər dörd qonşu ölkə - Türkiyə, Rusiya, İran və Gürcüstan ilə ölkəmiz sıx əlaqələr qurmuşdur. Eyni zamanda, Azərbaycan regional müstəvidə bir neçə üçtərəfli əməkdaşlıq formatının təşəbbüskarıdır. Son illər ərzində yaranmaqda olan Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-Türkmənistan və Azərbaycan-Rusiya-İran üçtərəfli platformaları regional məsələlərin müzakirəsi, əməkdaşlıq əlaqələrinin inkişafı, qarşılıqlı sərmayələr baxımından əhəmiyyətli təşəbbüslərdir. Bütün bu həssas məqamlar "Azərbaycan”ın təqdimatında olduqca bacarıqla, obyektivliklə oxuculara çatdırılır.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan dünyada milli mədəniyyətlərin, ideyaların qovuşduğu diyar, tolerantlıq məkanı kimi tanınır. Bu istiqamətə xüsusi diqqət ayıran qəzetin yazdığı kimi, burada müxtəlif millətlər və xalqlar dini və etnik mənsubiyyətindən asılı olmayaraq dostluq şəraitində yaşamış və bu gün də həmin ənənələr qorunub-saxlanılmaqdadır. Mövcud etnomədəni müxtəliflik, tolerantlıq mühiti ölkəmizi mədəniyyətlərarası dialoqun unikal məkanına çevirmişdir.
"Azərbaycan” qəzetinin səhifələrində Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş bütün bu nailiyyətlərin, həmçinin Azərbaycan iqtisadiyyatının inkişaf tempinin daha mütəhərrik hala gəlməsi üçün qəbul olunan müvafiq dövlət proqramları və onlara əlavələr, paytaxt və regionların tarazlı, davamlı inkişafı, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulması, qeyri-neft sektorunun daha da möhkəmlənməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılması, infrastrukturun yeniləşdirilməsi sahəsində uğurların politoloqlar, siyasətçilər və elm xadimləri tərtəfindən ətraflı elmi-nəzəri təhlili verilmiş, fikir və mülahizələr irəli sürülmüşdür.


Mehriban xanım Əliyevanın Vətənə, dövlətə və xalqa layiqli xidmət missiyasının fəal təşviqatçısı


Azərbaycan Respublikasının I Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri və ISESCO-nun ilk qadın xoşməramlı səfiri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın da genişdiapozonlu fəaliyyəti "Azərbaycan” qəzetinin müasir dövlət quruculuğu istiqamətində geniş işıqlandırdığı və elmi-nəzəri şərhini verdiyi sahələrdəndir.
Mehriban xanımın rəhbərliyi altında həyata keçirilən layihələrin istiqamətləri təhsil, səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idman və s. sahələri əhatə edir. Onun öz xalqının maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti vətəndaşların müsbət qiymətini alaraq, həqiqətən də müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilmişdir. Üstəlik, birinci xanım statusu onun sosial məsuliyyətini daha da artırır və öz müsahibələrinin birində etiraf etdiyi kimi, insanların rifahı naminə humanitar proqramların səmərəliliyinin gücləndirilməsinə yönəldilmiş bütün mümkün imkanlardan istifadəyə məcbur edir.
Dünya birliyinin Azərbaycanın tarixi reallıqları, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, o cümlədən XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı və işğal edilmiş ərazilərimizdəki vandalizm faktları barədə məlumatlandırılması Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu qarşısında aydın şəkildə qoyduğu əsas tapşırıqlardan biridir. Qeyd edək ki, rəsmi dövlət nəşri olan "Azərbaycan” qəzeti Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlı son 14 ildə xüsusi buraxılışlar hazırlamış, yüzlərlə məqalə, araşdırma dərc etmişdir.
2004-cü ildə qeyri-hökumət, qeyri-kommersiya təşkilatı kimi fəaliyyətə başlamış Heydər Əliyev Fondu bir sıra yerli və beynəlxalq səviyyəli layihələr həyata keçirməklə ölkənin sosial-iqtisadi və mədəni inkişafına, eləcə də xarici ölkələrdə Azərbaycanın tanıdılmasına öz töhfəsini verməkdədir. Fond UNESCO və ISESCO kimi nüfuzlu beynəlxalq təşkilatlar, xarici ölkələrdəki qeyri-hökumət qurumları, elm, səhiyyə, təhsil və mədəniyyət müəssisələri ilə səmərəli əlaqələr qurur, Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, milli mədəniyyətin xarici ölkələrdə geniş təbliğində, qarşılıqlı mədəniyyət mübadiləsində, dövlətlərin və xalqların mədəni inteqrasiya prosesində fəal iştirak edir. Fondun dünyanın bir sıra guşələrində, o cümlədən Rusiya, Rumıniya, Türkiyə və ABŞ-da nümayəndəlikləri də fəaliyyət göstərir. Bütün bu məqamlar barədə oxucular vaxtaşırı olaraq "Azərbaycan” qəzeti vasitəsilə məlumatlanırlar.
Heydər Əliyev Fondunun BMT-nin ixtisaslaşdırılmış qurumlarından olan UNESCO ilə səmərəli əməkdaşlığı "Azərbaycan” qəzetinin səhifələrində mühüm yer tutur. Fondun prezidenti Mehriban Əliyevanın xidmətləri sayəsində Azərbaycanın muğam, aşıq və milli xalçaçılıq sənətləri, Novruz bayramı, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, aşıq sənəti, həmçinin Novruz bayramı UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olunmuşdur. Təsadüfi deyildir ki, Azərbaycan-UNESCO əlaqələrinin möhkəmlənməsində, dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə, fondun prezidenti Mehriban Əliyeva 2004-cü ildə "UNESCO-nun xoşməramlı səfiri” adına layiq görülmüşdür.
"Azərbaycan” qəzetinin səhifələrində geniş şəkildə təqdim olunan materiallarda aydın göstərilir ki, fond təkcə Azərbaycan ərazisində deyil, xarici ölkələrdə də tarixi mədəniyyət nümunələrinin bərpası, yeni mədəniyyət obyektlərinin inşası sahəsində fəaliyyətini davam etdirməkdədir. Məsələn, Tbilisidə Azərbaycanın görkəmli yazıçısı və filosofu Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundovun, Həsən bəy Ağayevin və Fətəli xan Xoyskinin qəbirüstü abidələrinin yenidən qurulması və xiyaban salınması, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması, 2013-cü ildə İtaliyanın paytaxtındakı Kapitoli muzeyində "Filosoflar zalının” əsaslı təmiri, Romanın Villa Borgeze parkında Nizami Gəncəvinin, Moskvada Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Mirzə Fətəli Axundovun abidələrinin ucaldılması, Parisin Versal sarayında dünya əhəmiyyətli bir neçə abidənin, Luvr muzeyinin, İkinci Dünya müharibəsi illərində dağıdılmış Berlin qəsrinin, Vatikanda Roma katakombalarının bərpası fondun beynəlxalq humanitar siyasət sahəsindəki nailiyyətlərindəndir.
Bu günlərdə Prezident İlham Əliyevin də açılışında iştirak etdiyi Bakı Kitab Mərkəzi birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun reallaşdırdığı növbəti gözəl layihələrdən biridir. "Azərbaycan” qəzetinin "Heydər Əliyev Fondunun maarifçilik missiyasının növbəti töhfəsi” sərlövhəsi ilə oxuculara çatdırdığı xəbərdə qeyd olunur ki, Bakı Kitab Mərkəzində oxuculara Heydər Əliyev Fondunun ayrı-ayrı sahələr üzrə nəşrləri də təqdim edilir. Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzi intellektual səviyyəni yüksəltmək, bilik və savad almaq üçün ən mühüm şərt olan mütaliə mədəniyyətini yaşatmaq və gələcək nəsillərə ötürmək kimi vacib məsələyə böyük töhfə verir. Ümidvarıq ki, bu mərkəzin istifadəyə verilməsi kitaba marağı yenidən bərpa etməklə yanaşı, eyni zamanda, uşaq və yeniyetmələrdə kitaba olan sevgini artıracaq, onlara mütaliə etmək vərdişləri aşılayacaq.
Şübhəsiz ki, bu proseslər barədə ən operativ xəbərləri, sanballı şərhləri, dəyərli araşdırmaları da məhz "Azərbaycan” qəzetinin səhifəlrindən oxuyacağıq.


"Azərbaycan”ın kitabları: 14 adda 19 cild


Qeyd etdiyimiz kimi, "Azərbaycan” qəzetinin özünəməxsus dəst-xəttini səciyyələndirən işlərindən biri də respublikanın keçmişinə, bu gününə, sabahına mükəmməl elmi-fəlsəfi baxışı əks etdirən bir sıra əsərlərin kollektivin gərgin əməyi və zəhməti nəticəsində nəşr edilməsidir. 2003-cü ildən etibarən çap edilməyə başlayan bu sanballı əsərlərdə - 14 adda 19 cild (5 kitab iki cilddə) ölkəmizdəki sosial-iqtisadi tərəqqi, baş verən mütərəqqi siyasi dəyişikliklər, aparılan hüquqi-demokratik islahatlar konseptual şərh edilmiş, Heydər Əliyev irsinin milli inkişaf strategiyasına çevrilməsi və bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi əsaslandırılmışdır. Tanınmış elm xadimlərinin, ziyalıların, mütəxəssislərin rəylərində isə Azərbaycanın müstəqillik dövrünü əhatə edən intibah mərhələsi məhz bu araşdırmalar kontekstində təhlil olunmuşdur.
Xüsusilə, ümummilli lider Heydər Əliyev siyasi irsinin obyektiv araşdırılmasına geniş yer verən qəzetin tərtibçiliyi ilə son illərdə çap olunmuş bir sıra nəşrlər cəmiyyətdə böyük maraqla qarşılanmışdır. "Azərbaycanın özü qədər əbədi” silsiləsindən qəzetin nəşr etdirdiyi "Heydər Əliyev dünyanın gözü ilə”, "Heydər Əliyev mənim həyatımda”, "Vətəndaş cəmiyyətinə yol açan ideyalar” kitabları ulu öndərin əziz xatirəsinə ithaf olunmuşdur. "Vətəndaş cəmiyyətinə yol açan ideyalar” kitabında həm də akademik Ramiz Mehdiyevin ümummilli liderin zəngin dövlətçilik irsindən bəhs edən əsərləri toplanmışdır.
İdeya və ön sözün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, akademik Ramiz Mehdiyev olan və "Azərbaycan” qəzeti kollektivinin gərgin araşdırma və zəhməti nəticəsində yeni çapdan çıxmış silsilə məqalələr toplusundan ibarət "İnkişafın Azərbaycan modeli” kitabı iqtisadi sahədə keçid dövrünün strateji istiqamətlərini, milli inkişaf strategiyasının əsas nəticələrini müfəssəl şəkildə əks etdirir. Ensiklopedik səciyyəyə malik kitab faktoloji baxımdan zəngin xarakterlidir. Ön söz və üç fəsildən ibarət olan bu kitabda son illər Azərbaycanda elmi əsaslarla hazırlanıb həyata keçirilən sosial-iqtisadi siyasət, reallaşdırılan islahatlar milli inkişaf modelini səciyyələndirən məsələlər kimi önə çəkilir.
"Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi” adlı ikicildlik müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf edilmişdir. Bu nəşrin erməni faşizminin mahiyyətini, xalqımızın əsrlər boyu məruz qaldığı qanlı qırğınların baiskarlarını və təşkilatçılarını, soyqırımı haqqında əsl həqiqətləri təkzibolunmaz faktlar əsasında geniş ictimaiyyətə çatdırmaq baxımından müstəsna əhəmiyyəti vardır.
Xocalı soyqırımının 26-cı il dönümü ərəfəsində işıq üzü görən "Xocalı şahidləri danışır” kitabında isə Xocalı soyqırımının şahidi olan insanların acı xatirələri əksini tapmışdır. Kitabda həmçinin 200 il ərzində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları, ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi, onların terror təşkilatları yaratmaları barədə faktlar yer almışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki keyfiyyət dəyişikliyindən bəhs edən "İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabında tarixi baxımdan zəruri olan sənədlərə, aprel zəfərinin səbəb və nəticələrinə, Prezident İlham Əliyevin aprel döyüşləri barədə fikirlərinə geniş yer verilmişdir. İşğal nəticəsində həm Cocuq Mərcanlı kəndinə, həm də Cəbrayıl rayonuna vurulan ziyan fakt və sənədlərlə göstərilmişdir. Kitaba həm aprel zəfəri, həm də Böyük Qayıdışın başlanğıcı ilə bağlı Milli Məclisin deputatlarının, siyasətçilərin, politoloqların, müxtəlif sahələrdə çalışan insanların fikirləri də daxil edilmişdir.
"Azərbaycan” qəzetinin "Azərbaycanın özü qədər əbədi” silsiləsindən nəşr etdirdiyi IV və V kitablar isə "Yeni siyasət: inkişafa doğru” adlanır. Kitabda son illər "Azərbaycan” qəzetində dövlət quruculuğunun yeni mərhələsində aparılan islahatlarla bağlı dərc olunmuş əsərlər, habelə bu əsərlərlə əlaqədar yazılmış rəylər toplanmışdır. Qeyd edək ki, bu sanballı əsərlər siyasi-elmi dairələrdə böyük maraqla qarşılanmış, respublikanın inkişaf yolu ilə bağlı cəmiyyətdə dolğun və obyektiv təəssürat formalaşdırmışdır. Respublikanın görkəmli elm xadimləri, Milli Məclisin deputatları, siyasətşünaslar və filosoflar ayrı-ayrı vaxtlarda bu əsərlərlə bağlı söz demək ehtiyacı duymuş, bir sıra mətbuat orqanlarında, əsasən də "Azərbaycan” qəzetində maraqlı resenziyalarla çıxış etmişlər. Eyni zamanda, qəzetin təşkil etdiyi "dəyirmi masa”larda fundamental elmi yanaşmalar və tezislər ətrafında geniş müzakirələr, diskussiyalar aparılmışdır.
Bundan başqa, "Azərbaycan” qəzetinin redaksiyası tərəfindən hazırlanmış digər nəşrlər də oxucular tərəfindən böyük maraqla qarşılanmışdır. Belə ki, "Azərbaycanda Olimpiya Hərəkatı: daim yüksəlişdə” adlı ikicildlik müasir Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə və Milli Olimpiya Komitəsinin yaranmasının 20-ci, Azərbaycan Olimpiya Hərəkatının inkişaf mərhələsinə qədəm qoymasının 15-ci il dönümünə ithaf edilmişdir. "Vəkil məsləhətləri toplusu” kitabında isə "Azərbaycan” qəzetinin "Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir” rubrikası çərçivəsində son üç il ərzində işıq üzü görən sual-cavablar toplanmışdır.


Milli mətbuatımızın avanqardı


100 illik bir müddət ərzində müxtəlif ictimai-siyasi proseslərin ziddiyyətli məqamlarını, həmçinin müasir dövlət quruculuğu prosesinin bütün cizgilərini, bütöv mənzərəsini öz səhifələrində əks etdirən, ciddi meyarlarla nəşr edilən mətbu orqan kimi yaddaşımızda kök salan "Azərbaycan” qəzetinin ərsəyə gəlməsində böyük xidmətləri olmuş Üzeyir bəy Hacıbəyli Azərbaycan parlamentində millət vəkillərindən birinin qəzetin kimə və nəyə xidmət etdiyi barəsindəki sorğusuna qəzetin redaktoru kimi 1919-cu il yanvarın 10-u nömrəsində belə cavab vermiş və yazmışdı: "Qəzetimizin firqə və partiya xaricində bir orqan olduğu hər kəsə məlumdur. Hər günkü möhtəviyyatından (mündəricəsindən) məlum olduğu üzrə vətən abadlığı, millət səlamətliyi, cəmaət tərəqqisi, dövlət intizamı ilə bərabər istiqlal və yenə də istiqlal şüarlarını virdi-zəban (dilinin əzbəri) edib də bunun hüsulində əlindən gələn qədər çalışmaqda olan qəzetimiz bu dairədə yazılmaqda olan məqalələrə sütunlarını bir ananın balasına qarşı açdığı qucağı kibi, kəmali-meyl və məhəbbətlə açıqdır - vəssalam!”
Azərbaycan həyatının bütün sahələrini əhatə edən dolğun, özünəxas yaradıcılıq ənənələri ilə püxtələşmiş, rəngarəngliyi, aktual mövzuları ilə geniş oxucu auditoriyası qazanmış, öz məsuliyyətini dərindən dərk edən "Azərbaycan” qəzeti bu gün milli mətbuatımızın ilk cümhuriyyət dövrünün bu müqəddəs ənənəsini şərəflə davam etdirir. Müasir milli mətbuatımızın avanqardı, bayraqdarı olan "Azərbaycan” qəzetinin yubileyi münasibətilə kollektivin sevincinə qoşulur, bu mətbu orqanda bacarıqla, yüksək peşəkarlıqla çalışan əməkdaşları və çoxminli oxucularını təbrik edir, yeni uğurlar arzulayırıq.

Fərhad MƏMMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video