13 Sentyabr 2018 00:48
1306
SİYASƏT
A- A+

Gənclərin və idmançıların doğma qəzeti



İnkişafın, dövlətçiliyin Azərbaycan modeli özündə bir sıra mühüm aspektləri birləşdirir. Bu prioritetlərə ilk növbədə ölkədə ictimai-siyasi sabitlik və təhlükəsizlik, balanslaşdırılmış xarici və daxili siyasət, hüquqi dövlət quruculuğu, çevik idarəetmə mexanizminin tətbiqi və təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı daxildir.
Əhalinin maddi rifahının yaxşılaşdırılması, aztəminatlı ailələrin məqsədyönlü sosial müdafiəsi də burada xüsusi əhəmiyyət kəsb edir. Tolerantlıq və multikultural dəyərlərin qorunub saxlanılması, Azərbaycanın müxtəlif nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi etməsi, qlobal mövzuların müzakirə mərkəzinə çevrilməsi də öz aktuallığı ilə diqqət çəkir.
Dövlət başçısı tərəfindən uğurla həyata keçirilən uzaqgörən siyasət ölkənin qarşısında böyük imkanlar açır. Bu gün müstəqil Azərbaycanın dünyada söz sahibi olması, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, nüfuzlu təşkilatların mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur: ölkəmizin seçdiyi yol düzgündür və bu yol onu daha parlaq gələcəyə aparır.
Ölkədə gedən ictimai-siyasi, sosial-iqtisadi proseslərin hər birinin işıqlandırılması, dünya ictimaiyyətinə çatdırılması istiqamətində media önəmli rol oynayır.
Artıq 100 yaşını qeyd edən və ölkənin yeganə rəsmi dövlət qəzeti statusunu daşıyan "Azərbaycan” qəzeti hər zaman ölkədə yaşanan əlamətdar prosesləri, analitik məqalələri peşəkar yanaşması, illərə sığınan təcrübəsi ilə daim ictimaiyyətə yüksək səviyyədə təqdim edir, oxucularını maarifləndirir. Məhz bu səbəbdən, "Azərbaycan” qəzeti həmişə inama, nüfuza və güvənə sahib olmuşdur.
Bu gün ölkəmiz digər sahələrdə olduğu kimi, gənclər və idman sahəsində də öz modelini yarada bilmiş, dünya ölkələri arasında xüsusi hörmət və etibara sahib olmağı bacarmışdır.
Heydər Əliyev gənclərlə görüşlərinin birində demişdir: "Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin əlverişli şəraitdə yaşaması, təhsil alması, yaxşı əmək fəaliyyəti ilə məşğul olması üçün bundan sonra da əlimizdən gələni edəcəyik”.
Dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakının təmin edilməsini qarşıya mühüm vəzifə kimi qoyan Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2 fevral 1996-cı ildə Prezident Heydər Əliyevin şəxsən özünün də iştirak etdiyi müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib.
1 fevral 1997-ci ildə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev "2 fevral - Azərbaycan gənclər gününün elan edilməsi haqqında” sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycanda Gənclər günü kimi təntənəli şəkildə qeyd olunur. "Azərbaycan” qəzeti fəaliyyətə başlayandan gənclər siyasətinə xüsusi yer verir. Bu sahədəki prosesləri operativ, milli mənafe prizmasından işıqlandırır, rəngarəng publisistik məqalələrlə çıxış edir. Gənclər siyasəti ilə bağlı qaldırılmış məsələlər geniş diskussiyalara, müzakirələrə səbəb olur. Azərbaycan gəncliyini düşündürən məsələlər geniş rakursdan şərh edilir. Respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması və dövlət orqanlarının diqqətini gənclərin problemlərinin həllinə yönəldilməsi məqsədi ilə 1999-cu ildə Heydər Əliyev tərəfindən "Dövlət Gənclər Siyasəti haqqında” fərman imzalanıb. "Dövlət gənclər siyasəti haqqında” fərman gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqlarının müdafiəsi, ölkənin ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələlərə toxunmaqla, çox geniş spektri əhatə edib. Ötən 14 ildə Azərbaycanda gənclər siyasəti daha da genişlənərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yeni mərhələyə yüksəlib.
2005-ci ildə "Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009) təsdiq edilməsi haqqında” imzalanmış sərəncam gənclərə olan dövlət qayğısının əyani təzahürü idi. Ölkə başçısının xüsusi olaraq vurğuladığı "Neft gəlirlərini insan kapitalına çevirək” fikri gənclərin üzərinə böyük məsuliyyət qoydu və nəticə etibarı ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nın əsasının qoyulmasına səbəb oldu. İlham Əliyev 2007-ci ili ölkədə "Gənclər ili” elan etməklə gənclərə olan inam, etibar və güvəni əyani şəkildə nümayiş etdirmiş oldu. 2011-ci ildə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”, 2017-ci ildə isə "2017-2021-ci illərdə” dövlət proqramlarının qəbul edilməsi gənclərin bacarıq və imkanlarının genişləndirilməsi, onların qarşısında yeni üfüqün açılması ilə bərabər, eyni zamanda, böyük məsuliyyət və öhdəlik də qoymuş oldu.
Atılan addımlar dövlət başçısının "Bugünkü gənc sabah ölkəmizi idarə edəcək” fikirlərini özündə əyani şəkildə ehtiva etmiş oldu.
"Azərbaycan” qəzetində deyilir: gənclərin hərtərəfli inkişafı üçün Gənclər Mərkəzinin, gənclərin elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərinin stimullaşdırılması məqsədilə Gənclər Fondunun yaradılması, regionlarda 30-dan artıq "Gənclər evi”nin yaradılması, gənc ailələrin dəstəklənməsi, ipoteka şərtlərinin sadələşdirilməsi və s. gəncliyin daha həvəslə çalışmasına və dövlətçiliyin müdafiəsində fəal iştirakına əlavə stimul verdi.
Bu gün gənclərin təşəbbüslərini, ideyalarını, təkliflərini, istəklərini daha geniş şəkildə reallaşdırmaq üçün onların hazırladıqları layihələrə xüsusi diqqət ayrılır.
Bütün bunlar - rəsmi dövlət nəşri olan "Azərbaycan” qəzetinin respublikamızın gənc nəslinin milli düşüncəli, azərbaycançılıq ideologiyası, eləcə də vətənpərvər ruhda tərbiyələndirilməsi və maarifləndirilməsi istiqamətində həyata keçirdiyi dəyərli layihələr onun ilboyu səhifələrində aparıcı mövzulara çevrilmişdir. Həmin rubrika, səhifə və məqalələrin bəzilərinin adlarını sadalamaq, məncə, yerinə düşərdi: "Heydər Əliyev və Azərbaycan gəncliyi”, "Heydər Əliyev - 90: Nəsillərin görüşü” ("Azərbaycan” qəzetinin təşəbbüsü ilə Respublika Ağsaqqallar Şurası üzvlərinin gənclər təşkilatlarının təmsilçiləri ilə görüşündən "dəyirmi masa”), "İlham Əliyevlə daha uğurlu gələcəyə doğru!”, "Azərbaycan 2020: gələcəyə baxış”, "Azərbaycan və Azərbaycan gəncliyi”, "İslahatçı Gənclər”, "Sabahın dan ulduzları”, "Gənclər siyasətində prioritet istiqamətlər”, "Gənclik "İdman ili”ndə”, "Dünyanın 37 ölkəsindən 140 gəncin qatıldığı Diaspor Gənclərinin I Yay düşərgəsi”, "Gənclər bizim gələcəyimizdir”, "Vətənpərvər gənclər işıqlı sabahımızdır”, "Gənclər Evində - Gənclər Günü”, "Gənclər cəmiyyətin avanqard qüvvəsinə çevrilib”. "Gəncliyə dövlət qayğısı uğurlara hesablanan siyasətdir” və s.
Prezident İlham Əliyev 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nı təsdiq edib. Strategiyada göstərilir ki, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin önündə olub.
Hər bir ölkənin inkişafında gənclər önəmli və müstəsna rol oynayır. Müasir dövrdə gənclər sahəsində qazanılan uğurlar dövlətlərin ümumi inkişaf səviyyəsini, iqtisadi-siyasi potensialını müəyyənləşdirən önəmli meyarlardan sayılır. Gənclər siyasəti sahəsində görülən işlər, atılan addımlar, ölkə başçısının gənclərlə görüşü, verilən tövsiyələr, qəbul olunan qərarlar, imzalanan fərmanların hər biri Azərbaycan mediasının sütün orqanlarından biri olan "Azərbaycan” qəzetində dəqiq, geniş, operativ və peşəkar şəkildə analiz edilir, öyrənilir və cəmiyyətin hər bir nümayəndəsinə maraqlı şəkildə çatdırılır.
Ölkənin bütün sahələrindəki inkişafı onun mətbu orqanlarında öz əksini tapır. Əlbəttə, dövri mətbuatın gündəlik mövzusuna çevrilən bu inkişafın əsas stimulverici qüvvəsi olan xalq-hakimiyyət birliyi mətbuatımızın daim diqqət mərkəzində olub. Bu, mətbu orqanların arasında xüsusi seçilən rəsmi dövlət qəzeti, Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı, hazırda isə Azərbaycan Respublikasının Milli Məclisinin orqanı olan "Azərbaycan”nın adını xüsusi qeyd etmək, yalnız mənim deyil, ölkə ictimaiyyətinin borcudur.
Artıq 100 yaşını qeyd edən, cəmiyyətdə, çoxminlik oxucu ordusu arasında, media müstəvisində xüsusi çəkisi və nüfuzu olan "Azərbaycan” qəzeti gündəmdə baş verən hadisələri, ən son xəbərləri əhatə etməklə kifayətlənmir. Qəzet cəmiyyət, ictimaiyyət üçün əhəmiyyət daşıyan mövzular ətrafında ekspertlərin rəylərini, bu sahəyə aidiyyəti olan peşəkarların maraqlı və fərqli yanaşmalarını da təqdim edir.
Qəzetin xüsusi önəm ayırdığı, gündəlik olaraq oxucularına təqdim etdiyi əsas bölümlərdən biri də idmandır. Azərbaycan idmanının bir əsrə sığan tarixi gündəlik olaraq qəzetin səhifələrində öz əksini tapıb.
Sevimli qəzetimizin yaradıcı kollektivinə üzümü tutaraq ulu öndər Heydər Əliyevin fikirləri ilə bildirmək istərdim: "Sizin nailiyyətləriniz eyni zamanda böyük siyasi xarakter daşıyır, dövlətçiliyimizin nailiyyətləri kimi qiymətləndirilməlidir. Biz bunu məhz belə də qiymətləndiririk”.
Bildiyimiz kimi, "Baku-2015” I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmiz, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir. Azərbaycanda indiyədək keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən dünya, Avropa çempionatlarında, "Avrovision-2012” Mahnı Müsabiqəsində əldə etdiyimiz təcrübəyə əsaslanaraq deyə bilərik ki, "Baku-2015” I Avropa Oyunlarına evsahibliyi üçün yaradılmış hər cür şəraitin "Azərbaycan” qəzeti vasitəsilə geniş oxucu kütləsinə çatdırılması təsadüfi deyildi. Çünki "Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın hələ Oyunlara hazırlıq prosesində çıxışlarının birində bildirdiyi kimi, Avropa tarixində ilk dəfə olaraq keçiriləcək Oyunların Azərbaycana həvalə edilməsi faktı beynəlxalq və Avropa Olimpiya hərəkatına ölkəmizin sadiqliyinə, idman, fiziki tərbiyə və mədəniyyət sahəsində apardığı fəaliyyətə, həmçinin bütün sahələrdə əldə edilmiş nailiyyətlərə verilən yüksək qiymətdir: "İlk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycanın uğuru və xüsusi rolu Azərbaycan Prezidenti İlham Əliyevin hələ 31 iyul 1997-ci il tarixində Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra başlanan çox doğru və dəqiq, düşünülmüş, uzaqgörən siyasətin bəhrəsidir. Əlbəttə, sonra Azərbaycanda idman və mədəniyyət sahəsində ciddi nailiyyətlər əldə edildi. Məhz bundan sonra adıçəkilən sahənin inkişafına diqqət yönəldi ki, ölkə nəinki öz iqtisadi inkişafı, o cümlədən strateji və mədəni perspektivləri ilə dünyada xüsusi yer tutdu. Beləliklə, məntiqi olaraq, Azərbaycan həm idman uğuru, həm də dünya və Avropa səviyyələrində çempionat və tədbirləri, o cümlədən ölkəmizdə nüfuzlu beynəlxalq yarışları təşkil etməklə dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir”.
Bilirik ki, yunan-Roma güləşi Romanın adını bu idman növü ilə birlikdə tarixə yazıb. "Baku-2015” I Avropa Oyunları da Azərbaycanın adını Avropanın idman tarixinə beləcə yazdı. Bu uğurlar "Azərbaycan” qəzetinin hər sayında öz oxucularının diqqətinə çatdırılırdı ki, bu da həmin beynəlxalq idman oyunlarına marağın artırılması, təbliği istiqamətində atılan mühüm addımlardan biri idi.
Azərbaycan idmanının inkişaf tarixindən söz açarkən 1994-cü ildə ölkə idmanındakı böyük boşluqlardan sonra Azərbaycan idmançılarının rəsmi beynəlxalq yarışlarda 12 qızıl, 15 gümüş və 22 bürünc medal əldə etmələrini xüsusi olaraq vurğulamaq yerinə düşür. O dövrün ən mühüm hadisəsi 1996-cı ildə Azərbaycanın müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılması idi. Ölkəmiz Atlantada 23 idmançı ilə təmsil olundu və nəticədə sərbəst güləşçimiz Namiq Abdullayev 2-ci yeri qazanmaqla, müstəqil dövlətimizə ilk Olimpiya medalını bəxş etdi.
Xalqımızın sevimli və rəsmi dövlət orqanı olan "Azərbaycan” öz oxucularına bildirirdi ki, 1997-ci il Azərbaycan idmanı üçün xüsusilə əlamətdar olmuşdur. Məhz həmin il idman aləmində xüsusi önəmi və əhəmiyyəti olan "Bədən tərbiyəsi və idman haqqında” qanun qüvvəyə minmişdir. Məhz bu qanun Azərbaycan idmanının inkişafının hüquqi bazasının təminatçısı rolunu oynadı.
1997-ci ildə ölkə rəhbəri İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçilməsi idman tariximizin yeni səhifəsi, daha böyük uğurların başlanğıcı oldu.
2000-ci il avqustun 25-də ümummilli liderimizin iştirakı ilə Azərbaycan idmançılarının Sidney Yay Olimpiya Oyunlarına yolasalma mərasimi keçirildi. Həmin mərasimdə Prezident idmançılara xeyir-duasını verdi, onlara bu yarışlarda uğurlar arzuladı. Haqqında söhbət açdığımız qəzet də bu tarixi hadisəyə xüsusi diqqət yetirərək bildirirdi ki, Azərbaycan idmançıları Sidney Olimpiya Oyunlarında 2 qızıl, 1 bürünc medal qazanıb, 199 ölkə arasında 34-cü yerdə qərar tutub. Olimpiya yığma komandamızın bu möhtəşəm yarışlarda Avropa ölkələri arasında 23-cü yeri tutması idmanımızın böyük qələbəsi idi.
İdmançılarımızın yalnız Olimpiya oyunlarında deyil, ilboyu müxtəlif yerli, beynəlxalq yarışlarda, Avropa, Dünya çempionatlarında qazandıqları uğurlu nəticələr idman bünövrəsinin daha da möhkəmlənməsinə, gələcək, daha möhtəşəm uğurların güclü təməlinin, yetişməkdə olacaq yeni idmançı ordusunun əsasının qoyulmasına səbəb oldu.
2004-cü ilin avqust ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə "Azərbaycan Respublikasında 2004-2008-ci illər ərzində bədən tərbiyəsi və idmanın inkişafının Dövlət Proqramı” təsdiq edilmişdir. Hər ötən Olimpiya oyunları idmançı sayının artımı ilə bərabər, eyni zamanda, medal sayına da öz müsbət təsirini əyani şəkildə göstərmiş olur. 2004-cü ildə Afinada keçirilən Yay Olimpiya Oyunlarına qatılan Azərbaycan idmançıları vətənə 1 qızıl, 4 bürünc medal gətirməklə, xalqımızı sevindirdilər. 2008-ci il, XXIX Pekin Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 11 növ üzrə 44 idmançı ilə təmsil olunaraq, 1 qızıl, 2 gümüş və 4 bürünc medala sahib oldular.
XXX London Yay Olimpiya Oyunlarını Azərbaycan idmanının böyük uğuru kimi qiymətləndirmək olar. "Azərbaycan” qəzeti bu əlamətdar idman oyunlarına səhifələr həsr etdi. 16 idman növü üzrə 53 idmançı ilə təmsil olunan Azərbaycan Olimpiya tarixində ilk dəfə olaraq 2 qızıl, 2 gümüş, 6 bürünc medal qazandı. Son, Rio de Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında isə Azərbaycan idmançıları tarix yazmağı bacardı: 1 qızıl, 7 gümüş və 10 bürünc, ümumilikdə 18 medal qazanmaqla, ən böyük uğura imza atmış oldular.
Budur, "Azərbaycan” qəzetinin idmanla bağlı yazılarının birində dövlət başçısı İlham Əliyevin fikirləri ilə tanış oluruq: "Biz güclü idman dövlətləri arasındayıq. Biz bütün dünyaya göstəririk ki, Azərbaycanda idman inkişaf edir, gözəl gənc nəsil yetişir və idman hər bir ölkənin ümumi inkişafının təzahürüdür. Əgər qabaqcıl idman ölkələrinə nəzər salsaq, görərik ki, onların mütləq əksəriyyəti inkişaf etmiş ölkələrdir. Çünki inkişaf etmiş ölkələrdə idmana daha da böyük dəstək göstərilir, bunun üçün daha da böyük maliyyə imkanları var, idmançılar üçün şərait daha da yaxşıdır və əlbəttə ki, nəticələr də özünü göstərir”.
"Azərbaycan” qəzetinin Olimpiya İdman Hərəkatına töhfəsi yalnız xüsusi səhifə və diqqətçəkən rubrikalarla çıxış etməsi deyil. Xüsusi olaraq vurğulamaq istərdim ki, 2013-cü ildə "Azərbaycan” qəzetinin redaksiyası tərəfindən "Azərbaycanda Olimpiya Hərəkatı: daim yüksəlişdə” adlı ikicildlik kitabı da çapdan buraxıldı. Adıçəkiləın toplu müasir Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə və Milli Olimpiya Komitəsinin yaranmasının 20-ci, Azərbaycan Olimpiya Hərəkatının inkişaf mərhələsinə qədəm qoymasının 15-ci ildönümünə ithaf edilmişdir. Kitabın təqdimatı fevralın 23-də "Gülüstan” sarayında keçirilmişdir.
Bu sanballı nəşrin ideya rəhbəri və "Ön söz”ün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, nəşrin redaktoru Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov, kitabın buraxılışına məsul Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov və "Azərbaycan” qəzeti redaksiyasının kollektividir.
Kitabın birinci cildi Olimpiya Oyunları, idmanın inkişafı ilə bağlı sırf faktoloji materiallar, ayrı-ayrı oçerklərdən ibarətdirsə, ikinci cild Prezident İlham Əliyevin idmanla bağlı fəaliyyətini əks etdirən və bu sahənin inkişafını əhatə edən fərman və sərəncamları və digər sənədləri özündə ehtiva edir. Dövlət əhəmiyyətli sənədlər ikinci cilddə birinci cilddən çoxdur. Bu da onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyi on beş il ərzində bu sahəni daim diqqətdə saxlamışdır.
Azərbaycanda Olimpiya Hərəkatının tarixini, əldə edilmiş uğurları, Prezident İlham Əliyevin beynəlxalq tədbir və görüşlərdəki iştirak və çıxışlarını toplum halında oxucuya çatdıran, qazanılmış uğurları fotoşəkillərin "dili” ilə geniş auditoriya ilə bölüşən bu kitabı tam məsuliyyətlə idman tariximizin əvəzsiz salnaməsi adlandırmaq olar.
Kitabda müstəqillik dövründə Azərbaycan idmanının inkişafı, ölkəmizdə Olimpiya Oyunlarına hazırlığın təhlili, bu sahədə görülən işlər və beş Olimpiya Oyununda iştirakımızla bağlı bütün məsələlər geniş şərh olunmuşdur.
Azərbaycan beynəlxalq səviyyəli idman yarışlarına ən yüksək şəkildə evsahibliyi etməklə də, tarix yazmağı bacardı. Azərbaycanın müxtəlif illərdə uğurla evsahibliyi etdiyi Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 Qran Pri turniri, Şahmat üzrə Dünya Olimpiadası və digərləri ilə ölkəmizin adını ən yüksək zirvələrə yazmağı bacardı.
Azərbaycan idmançıları 2015 ilk Avropa Oyunlarında 21-i qızıl, 15-i gümüş, 20-si bürünc medal olmaqla, ümumilikdə 56 medal qazanaraq, Rusiyadan sonra 2-ci pilləyə yüksəldi.
2017-ci il tarixdə ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 57 ölkənin nümayəndəsini qəbul etdi. 3 mindən çox idmançının qatıldığı yarışlarda ölkəmiz 75-i qızıl olmaqla, 162 medal qazanıb, 1-ci yerə sahib çıxdı.
İlham Əliyev: "Qədim tarixə malik olan Azərbaycan cəmi 25 ildir ki, müstəqil dövlət kimi yaşayır. Mən 2003-cü ildə Prezident kimi fəaliyyətə təzə başlayanda demişdim ki, bizim əsas vəzifəmiz iqtisadi kapitalı, daha doğrusu, "qara qızıl”ı insan kapitalına çevirməkdir. Bugünkü gənclər müstəqillik dövründə böyümüş, tərbiyə almış gənclər bizim üçün qürur mənbəyidir. İyirmi minə yaxın könüllü - onların böyük əksəriyyəti yerli uşaqlardır, insanlardır, gənclərdir - gecə-gündüz çalışmışdır. Onlar gecə-gündüz peşəkarlıqla, ustalıqla, məharətlə çalışaraq idmançılara, qonaqlara böyük mədəniyyət, hörmət, Azərbaycan xalqına xas olan qonaqpərvərlik və mehribanlıq göstərmişlər. Bu günlər ərzində xarici qonaqlarla təmaslar əsnasında könüllülər haqqında daim bu xoş sözləri eşidirəm. Doğrudan da bizim gələcəyimiz etibarlı əllərdədir”.
Rəsmi dövlət qəzeti "Azərbaycan” isə yazırdı: "Ölkə idmanının uğurları müxtəlif illərdə qazanılan medal sayının müsbət fərqi ilə də özünü əyani şəkildə göstərməyi bacarıb. Son bir neçə ilin statistik göstəricilərinə baxmaq yetərlidir ki, bu fərq özünü əyani şəkildə göstərmiş olsun.
2014-cü ildə idmançılarımız 805 medal qazanıblar ki, onlardan 275-i qızıl, 255-i gümüş, 275-i isə bürünc olub.
2015-ci il ərzində olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışları: Dünya və Avropa çempionatı, birinciliklər və kubok yarışlarında idmançılarımız 321-i qızıl, 222-i gümüş və 280-ni bürünc olmaqla, ümumilikdə 823 medal qazanıblar. 2016-cı il ərzində isə idmançıların dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında qazandıqları medalların sayı 837 olmuşdur ki, onlardan da 297-si qızıl, 250-si gümüş və 290-nı bürünc idi. Ötən 2017-ci il ərzində isə dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında il ərzində qazanılan ümumi medal sayı 347-si qızıl, 236-sı gümüş və 268-i bürünc olmaqla idmançılarımızın payına 851 medal düşüb.
Hər bir qazanılan medal Azərbaycan bayrağının yüksəlməsi, himninin səslənməsi, Azərbaycan adının dünyada tanınması deməkdir”.
Bu gün Azərbaycan sözün əsl mənasında adını dünya idman tarixinə qürurla yazıb. Növbəti illərdə də ölkəmiz yeni, mötəbər idman tədbirlərinə evsahibliyi edəcək. Təşkilatçılıq, təhlükəsizlik, oyunların yüksək səviyyədə keçirilməsi bacarığı ilə dünya ölkələri arasında şərəflə dayanmağı bacaran Azərbaycan günbəgün inkişaf edən imkanları ilə sözün əsl mənasında nümunəvi ölkə olmağı bacarıb.
Nəhayət, onu xüsusi qeyd etməyi özümə borc bilirəm ki, yuxarıda sadalanan idman hadisələrinin hər birindən dəyərli yazılarla oxucu görüşünə gələn "Azərbaycan” qəzeti sanki sırf idmana həsr edilmiş mətbu orqandır. Bu gün də həmin ənənə uğurla davam etdirilir. Yeri gəlmişkən deyək ki, ölkəmizdə keçirilən digər beynəlxalq tədbirlər kimi, "Baku-2015” I Avropa Oyunlarına, "IV İslam Həmrəyliyi Oyunları”na, onun da ardınca dünyanın nəzərlərini yenidən paytaxt Bakıya yönəldən "Formula-1” kimi möhtəşəm idman bayramlarına səxavətlə yer ayırması, bir-birindən maraqlı faktlarla oxucularını idman aləminə cəlb etməsi "Azərbaycan” qəzetinin sanki missiyasına çevrilmişdir.
Hələ "Baku-2015” Birinci Avropa Oyunlarına hazırlıq dövründən "Azərbaycan” davamlı şəkildə xüsusi idman təmayüllü qəzet kimi bu vacib missiyanı diqqət mərkəzində saxlayır, müxtəlif daimi rubrikalar altında məqalə və reportajlar, "dəyirmi masa”lar hazırlayır, beləliklə, geniş oxucu auditoriyasının diqqətini özünə cəlb edirdi. "Avropa Oyunlarına.... qalır” rubrikası altında verilən məqalələr oyunların başlanma tarixini göstərməklə yanaşı, həm də bir növ oyunların təqvimi idi.
"Avropa Oyunları” səhifələrində bir-birindən maraqlı faktlarla zəngin məqalələrə yer ayrılırdı. Demək olar ki, oyunların hazırlıq prosesinin hər kiçik detalı belə diqqətdən yayındırılmadı. Geniş ictimaiyyətin və ölkəyə axın-axın gələn xarici turistlərin, eləcə də oyunçuların fikirləri həmin səhifələrdə işıqlandırıldı.
"Baku-2015” başlayanadək "Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirəcək”, "Məşəl... alovlandırıldı” səhifələri xüsusi tərtibatla, incə zövqlə verilirdi. "Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirəcək” rubrikası altında respublikamızın bölgələrindəki inkişaf, o cümlədən idman həyatındakı yeniliklər, qocaman idman ustaları ilə keçirilən görüşlər öz əksini tapırdı. Oyunlar başalayanadək belə rubrika və səhifələrin sayı durmadan artırdı. "Ümumavropa idman təntənəsi”, "Avrovision Baku-2015”-ədək səhifə və rubrikalarında idmanla incəsənətin sintezini görürdük. Hər iki sahə burada paralel olaraq işıqlandırılırdı.
"47 günlük səfər, 60 rayon, 5500 km məsafə” rubrikası olimpiya məşəlinin bölgələrə səfərini ardıcıl olaraq izləyərək, oyunların Bakıda başlanmasınadək davam etdirilməsi də məhz "Azərbaycan” qəzetinin yeni və orijinal layihələrindən hesab edilirdi.
Məqalələrin sərlövhələri ilk andaca oxucu diqqətini özünə çəkirdi: "Saat kimi...” məqaləsində göstərilirdi ki, I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi belə işləyir. "Məşəl sülhə, ədalətə çağırır”, "Nizami yurdu bayram sevincinə büründü”, "Alov dağlar diyarında”, "Alov uğurlara işıq saçır”, "Uğur estafeti”, "Alov qüllələrindən parlayan şəfəq” kimi bir-birindən maraqlı məqalələr "Fəxr et, qürur duy, Azərbaycan!”, "Alovun səyahəti”, "Hər dəqiqəsi bir tarix, hər günü bir zəfər” rubrikalarında və "Azərbaycan sizdən qələbə gözləyir”, "Birinci Avropa Oyunları: Güclülər qalib gəlir” kimi gözoxşayan, zəngin faktlarla dolu səhifələrdə öz əksini tapırdı.
Maraqlı məqamlardan biri də odur ki, "Baku-2015” I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva oyunların yüksək səviyyədə hazırlığına görə ölkəmizdə ən ali mükafat olan Heydər Əliyev Ordeni ilə təltif edilmişdir.
Rəsmi dövlət qəzeti "Azərbaycan”ın 2017-ci ildəki saylarını vərəqləsək, orada daha bir beynəlxalq idman yarışlarına səxavətlə yer ayrıldığını söyləyə bilərik. Bəlkə də sırf idman təmayüllü qəzetlər həmin tədbirlərə bu qədər həssaslıqla yanaşmayıb. Bu, "IV İslam Həmrəyliyi Oyunları” idi ki, bütünlüklə islam aləminin diqqətini yenidən ölkəmizə yönəltmişdi. "Azərbaycan” qəzeti bu beynəlxalq idman yarışmasını davamlı olaraq izləmiş, digər KİV-dən fərqli səhifə və diqqətçəkən rubrikalarla bir-birindən maraqlı məqalələr dərc etmişdir. Nümunə üçün onlardan bəzilərinin adlarını sadalamaqla qəzetin yaradıcı və texniki heyətinə, başda baş redaktor Bəxtiyar Sadıqov olmaqla, Azərbaycan gəncliyi və idmançıları adından təşəkkürümü bildirirəm: "IV İslam Həmrəyliyi Oyunları: İlham Əliyev islamiadası”, "İlham Əliyev Azərbaycan İslamiada zəfərinin baş müəllifidir”, "Zəfər səhifəsinə yeni adlar yazılır”, "Ümumislam təntənəsi”, "İslamiadanın qızıl oğlanları”, "İslamiadaya gələnlərin Azərbaycan təəssüratları”... kimi səhifələr oxucular tərəfindən müntəzəm izlənmişdir.
2017-ci ilin yaddaqalan daha bir idman avtomobil yarışması da "Azərbaycan” qəzetinin aparıcı mövzusuna çevrilmişdir ki, bu da 190 ölkədən 500 milyondan artıq tamaşaçının həyəcan və heyranlıqla izlədiyi "Formula-1” idman yarışması idi. "Odlar ölkəsində, sürət zirvəsində”n izlənilən, paytaxtda 23 iyun 2017-ci il tarixdə başlayan bu idman avtomobil yarışlarının yaratdığı xoş təəssüratlar tamaşaçılarla yanaşı, oxucuların yaddaşına həm də bu qəzet vasitəsilə yazılmış oldu.
Bir sözlə, mediamızın sütun orqanı olan yeganə rəsmi dövlət qəzeti "Azərbaycan”ın ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurlarını daim işıqlandırması, ictimaiyyəti maarifləndirməsi hər bir oxucuda sevinc və qürur hissi doğurur.
Uğurların bol olsun, "Azərbaycan”!


Azad RƏHİMOV,
gənclər və idman naziri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video