Alternative content

17:13 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət quruculuğu və hüquqi islahatlar prosesinin nəzəri tribunası
Dövlət quruculuğu və hüquqi islahatlar prosesinin nəzəri tribunası
ANA SƏHİFƏ / SİYASƏT
00:38 13.09.2018


Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın III bölməsində informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin prinsipləri və formaları müəyyən edilmişdir. Orada qeyd edilir ki, Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi müəyyən prinsiplər əsasında həyata keçirilir: qanunçuluq; şəffaflıq; əməkdaşlıq; qarşılıqlı məsuliyyət; kütləvi informasiya vasitələrinin müstəqilliyinin qorunması, onların fəaliyyətinə hər hansı müdaxilənin istisna edilməsi; yayılması qanunla qadağan olunmuş informasiyadan cəmiyyətin qorunması; kütləvi informasiya vasitələrinin inhisarlaşmasının qarşısının alınması; ictimai maraqları əks etdirən layihələrə üstünlük verilməsi; regional kütləvi informasiya vasitələrinin inkişafının dəstəklənməsi.
100 yaşını qeyd edən "Azərbaycan” qəzeti də kütləvi informasiya vasitəsi kimi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun fəaliyyət göstərməklə bərabər, cəmiyyətin və dövlətin inkişafına mühüm töhfə verir, özünəməxsus xüsusiyyətlərə malikdir və hər bir sahədə özünün geniş tənzimetməsi ilə seçilir. Qəzetin Azərbaycan cəmiyyətində əsas rolu dövrün ən aktual problemlərinin qaldırılması, hüquqi məsələlərin təhlili, insan hüquq və azadlıqlarının həyata keçirilməsi, demokratikləşmə, beynəlxalq əməkdaşlıq münasibətlərinin qurulması və s. məsələlərlə bağlı verilən materialların yüksək qiymətləndirilməsidir. Bu, bir neçə istiqamətdə təsnifləşdirilə bilər.
İlk növbədə, insan hüquq və azadlıqlarının təmini istiqamətində fəaliyyət xüsusi qeyd edilməlidir. İnsan hüquqlarının ayrı-ayrı aspektlərinə kifayət qədər tədqiqatlar (dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, elmi məqalələr və s.) həsr edilməsinə baxmayaraq, hazırda da bu, hüquq elminin aktual problemlərindən biri kimi qalmaqdadır. İnsan hüquqları hansı dövlətdə, hansı ərazidə yaşamasından asılı olmayaraq, ictimai münasibətlərin iştirakçısı kimi şəxsiyyət hüququdur. Beynəlxalq konvensiyalarda insan hüquqlarının ancaq vətəndaşa deyil, hər kəsə məxsusluğu daha geniş yayılmış və artıq formalaşmış bir tendensiyadır. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra beynəlxalq cəmiyyətin tamhüquqlu və beynəlxalq hüququn müstəqil subyekti kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, eyni zamanda, bəşər sivilizasiyasının idealları olan azadlığı, insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçmişdir. Azərbaycan Respublikası bir tərəfdən, insan hüquqları sahəsində qəbul edilmiş əksər beynəlxalq müqavilələrə qoşulmuş, digər tərəfdən isə bu sahədə mövcud beynəlxalq standartlara uyğun olaraq özünün dövlətdaxili qanunvericiliyini yaratmışdır. İnsan hüquqlarının qorunmasını dövlətin ali məqsədi hesab edən Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 12) beynəlxalq hüquq normalarının primatlığını (üstünlüyünü) qəbul edən kifayət qədər müddəalar var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli fərmanı ilə hər il iyunun 18-i dövlətimizdə "İnsan hüquqları günü” kimi qeyd edilir. Bu isə dövlətin özünün beynəlxalq, o cümlədən mülki cəmiyyət qarşısında öhdəliklərinə bir daha qayıtması və daim xüsusi yanaşması deməkdir. Bu cəhətdən insan hüquqları sahəsində mühüm araşdırmaların və təhlillərin olması, müxtəlif problemlərin insan hüquqları nöqteyi-nəzərindən analizi çox vacibdir.
İnsan hüquqları problemlərinə ciddi yanaşma "Azərbaycan” qəzetinin ana xəttini təşkil edir. Bu cəhətdən xüsusi bir nümunə kimi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) professor Elmira Süleymanova tərəfindən təqdim edilmiş yazıları xüsusi qeyd etmək istərdim. Bunlardan biri "Azərbaycanda insan hüquqlarının müdafiəsində yeni mərhələ” adlanır və "Azərbaycan” qəzetinin 18 dekabr 2016-cı il tarixli nömrəsində çap edilmişdir. Məqalə ümummilli lider Heydər Əliyevin məşhur kəlamları ilə başlayır: "Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə, ən böyük məmləkət qədər güclü olar”. Məqalədə praktik hallarla təhlillər aparılaraq xüsusi vurğulanır ki, ombudsman təsisatı ölkəmizdə məhkəmədənkənar insan hüquqlarının müdafiəsi orqanı olan ilk mexanizm kimi zərurətdən yaranmış və uğurlu olmuşdur. Əminliklə ifadə edilir ki, bundan sonra da hər bir kəsin hüquqlarının və layiqli həyatının təmin olunmasına, dayanıqlı inkişaf məqsədlərinə xidmət etməklə yeni nailiyyətlər əldə ediləcəkdir.
İnsan hüquqlarının təminatı problemlərinin geniş müzakirəsi ilə əlaqədar "Azərbaycan” qəzeti redaksiyasında keçirilmiş "Azərbaycanda insan hüquqlarının təminatı: nailiyyətlər, problemlər, perspektivlər” mövzusunda 10 dekabr 2013-cü il tarixli "dəyirmi masa” xüsusi qeyd edilməlidir. Göstərilmişdir ki, bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları dünyada hamının anladığı və ya anlamalı olduğu əvəzsiz nailiyyətdir. Çünki istənilən cəmiyyətin və dövlətin inkişafı demokratiyanın ali prinsiplərindən biri sayılan insan hüquqlarına hörmət olmadan, insan hüquqlarının nə olduğunu dərk etmədən mümkün deyildir. Buna görə də hələ 70 il əvvəl - 1948-ci il dekabr ayının 10-da BMT Baş Məclisi tərəfindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsi insan hüquqlarının etibarlı təminatının sivil cəmiyyətlərdə nə qədər mühüm və aktuallıq kəsb edən məsələyə çevrildiyini göstərirdi. Azərbaycan Respublikası da dünya birliyinin üzvü kimi demokratik, hüquqi inkişaf yolunu seçmişdir. Odur ki, respublikamızda insan hüquqlarının demokratik dəyərlər çərçivəsində təmini bu sahədə dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab olunur. Bu cəhətdən "Azərbaycan” qəzeti redaksiyasında keçirilən "dəyirmi masa”da ölkəmizdə insan hüquqlarının təminatı sahəsində əldə olunan nailiyyətlər, mövcud problemlər və gələcək perspektivlər ətrafında müzakirələr aparıldı. "Dəyirmi masa”nın iştirakçıları "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri Əli Hüseynli, Milli Məclisin deputatı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Elman Məmmədov, hüquq elmləri doktoru Lətif Hüseynov və bu məqalənin müəllifi olmuşdur. Daha sonra "dəyirmi masa”da qeyd edilmişdir ki, bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları dünyada hamının anladığı və ya anlamalı olduğu əvəzsiz nailiyyətdir. Çünki istənilən cəmiyyətin və dövlətin inkişafı demokratiyanın ali prinsiplərindən biri sayılan insan hüquqlarına hörmət olmadan, insan hüquqlarının nə olduğunu dərk etmədən mümkün deyildir. Azərbaycan Respublikası da dünya birliyinin üzvü kimi demokratik, hüquqi inkişaf yolunu seçmişdir. Odur ki, respublikamızda insan hüquqlarının demokratik dəyərlər çərçivəsində təmini bu sahədə dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab olunur. Beləliklə, "Azərbaycan” qəzetində də belə bir tədbirin keçirilməsi çox əhəmiyyətlidir.
***
Hüquqi islahatların aparıldığı mühüm istiqamətlərdən biri də qadınların hüquqlarının müdafiəsidir. Bu nöqteyi-nəzərdən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynovanın "Azərbaycan” qəzetinin 8 dekabr 2013-cü il sayında çap edilmiş "Əsrin şəxsiyyəti” adlı məqaləsi hüquqi cəhətdən də mühüm əhəmiyyət kəsb edir. Məqalədə qeyd edilir ki, Azərbaycan tarixində qadın probleminin həlli, sistemli şəkildə dövlət səviyyəsinə qaldırılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Cəmiyyətin və dövlətin idarə edilməsində əsas hərəkətverici qüvvə mövcuddur ki, bunlardan biri də qadınlardır. Bu baxımdan ulu öndər Heydər Əliyev istər müstəqillikdən əvvəl, istərsə də müstəqillikdən sonrakı dövrdə qadınların cəmiyyətdə aktiv fəaliyyət göstərməsi üçün bütün imkanları yaratmışdı... Azərbaycanda qadınlara diqqət və qayğı göstərilərək onlar bilik və bacarıqlarına, istedad və intellektinə görə irəli çəkilmiş, yüksək vəzifələrə təyin edilmişdir. Həyatımızın bütün sahələrini əhatə edən "Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” qanunun təsdiqi ilə bağlı ölkə Prezidentinin 10 oktyabr 2006-cı il tarixli fərmanı əslində, müstəqillik dövrünün ən önəmli sənədlərindən biridir. Buradan belə nəticəyə gələ bilərik ki, "Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” qanun təkcə qadınlara şamil olunmur, həm də cəmiyyətin bütün üzvlərini əhatə edir... Prezident İlham Əliyevin 2 oktyabr 2010-cu il tarixdə imzaladığı fərmanla "Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbulu qadın məsələlərinin hər zaman dövlət başçısının diqqət mərkəzində olduğunun təzahürüdür. Bu gün Azərbaycan dövləti tərəfindən həyata keçirilən layihələrdə, qəbul olunan dövlət proqramlarında gender komponentləri nəzərə alınır və əsas istiqamət kimi götürülür...
Qadın hüquqlarının müdafiəsində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın xüsusi dəstəyi olub. Mehriban xanım Azərbaycan qadın hərəkatının liderlərindən biri olaraq dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir. Həm ölkəmizin daxilində, həm də ölkə hüdudlarından kənarlarda bir sıra beynəlxalq təşkilatlar tərəfindən yüksək mükafatlara və orden-medallara layiq görülməsi Mehriban xanım Əliyevanın öz xalqına, dövlətinə sədaqətinin, yerinə yetirdiyi şərəfli missiyanın göstəricisidir. Qısa müddət ərzində gördüyü işlərlə, həyata keçirdiyi layihələrlə Azərbaycan xalqının sevgisini və etibarını qazanmışdır. Mehriban xanım demək olar ki, əsas fəaliyyətini böyüməkdə olan nəslin düzgün təlim-tərbiyəsinə yönəlmiş layihələrin reallaşdırılmasına həsr etmişdir.
***
Növbəti mühüm məsələ Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad olunması, 1 milyondan çox Azərbaycan vətəndaşının öz doğma yurdlarına qayıtması və bütövlükdə Qarabağ probleminin həllidir. Bu problem üzrə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması vacib məsələlərdən biridir. Qeyd edilən məsələ dövlət başçımızın gündəlik fəaliyyətinin əsas məzmununa daxildir. Vurğulanmalıdır ki, dünya qloballaşmaya qədəm qoyduqca, cəmiyyətlərarası inteqrasiya gücləndikcə nədənsə beynəlxalq müstəvidə mövcud problemlər həll olunmaq əvəzinə, daha da çətinləşir və düyünlənir. Bu problemləri orta əsrlərdə, hətta XX əsrdə də başa düşmək olardı. Belə ki, XX əsrdə iki sistem (sosialist və qeyri-sosialist) arasında ziddiyyətlər də arxada qalmış və yeni bir müstəviyə keçid yaranmışdır. Hazırda beynəlxalq hüquq normaları kifayət qədər sahələrə nüfuz etmiş, güclü beynəlxalq təşkilatlar (Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlığı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və s.) və geniş beynəlxalq müqavilələr sistemi qurulmuş, həqiqətən, sivil və demokratik cəmiyyətlərin mövcud olduğu dövlətlər formalaşmış, mütərəqqi ideyalar daha da inkişaf etmişdir. Bəs onda nə üçün təcavüzkarlıq, soyqırımı siyasəti daha da aktivləşir, adi, elementar insan hüquqları ayaqlar altına salınır, dünya da buna susur? Bu sualın əsas cavabı ikili standartların mövcudluğu və daha da inkişafıdır. Belə olmasaydı, ermənilərin xalqımıza qarşı XIX əsrdən başlayan və XX əsrdən sürətlənən təcavüzkarlıq və soyqırımı siyasəti dünya ictimaiyyəti tərəfindən cavabsız qalmazdı. Təcavüz və soyqırımı siyasətinin beynəlxalq ictimaiyyətin gözü qarşısında davam etməsi isə beynəlxalq əməkdaşlıq siyasətinə ağır zərbələr vurmaqdadır. Beynəlxalq ictimaiyyətin həmin hadisələrə müəyyən mənada biganə qalması, son nəticədə beynəlxalq hüququn fəaliyyətsizliyi təəssüfləndirici hal kimi xüsusi qeyd olunmalıdır. Şübhəsiz ki, burada digər dövlətlərin maraqları və xalqımızın daim beynəlxalq cinayətlərin hədəfində saxlanması məqsədləri də nəzərdən qaçırılmamalıdır. Məlumdur ki, Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə (822, 853, 874, 884 nömrəli) qəbul edilmişdir. Lakin hələ də həmin qətnamələr yerinə yetirilməmişdir ki, bu da universal beynəlxalq təşkilat kimi BMT-nin nüfuzuna və onun beynəlxalq cəmiyyətdəki mövqeyinə ciddi zərbədir. ATƏT-in Minsk qrupu çərçivəsində intensivləşən danışıqlar prosesi hələlik nəticə verməsə də, Azərbaycan Respublikası ötən müddətdə münaqişənin həllində məhz beynəlxalq hüquq normalarına əsaslandığını ən müxtəlif səviyyələrdə sübuta yetirə bilmişdir. Digər beynəlxalq təşkilatlar (Avropa Şurası, İslam Əməkdaşlığı Təşkilatı və s.) tərəfindən qəbul edilən qərarlar da bunu bir daha sübut edir.
"1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1997-ci il tarixli fərmanında azərbaycanlıların tarixi-etnik torpaqlarından ədalətsiz deportasiya siyasətinə dolğun hüquqi-siyasi qiymət verilmişdir. "Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli fərmanı isə erməni millətçilərinin əməllərinə verilən növbəti hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Nəhayət, "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin sərəncamında isə qeyd edilir ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik "Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar nəticəsində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmiş, sonrakı dövrlərdə isə daha da azğınlaşan erməni millətçiləri tərəfindən Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirilmişdir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilən xarici siyasət və əməli addımlar təcavüzkar Ermənistanı bir daha işğalçılıq hərəkətlərinə son qoymağa və münaqişəni dinc yolla həll etməyə dəvət edir. Lakin beynəlxalq təşkilatlar qarşısında bu proses daim təcavüzkar Ermənistan tərəfindən pozulur ki, bu da işğalçı dövlət kimi Ermənistanın qeyri-konstruktiv siyasətinə və hələ də beynəlxalq hüquqa heç bir məhəl qoymayaraq bu siyasətini davam etdirməsinə tam dəlalət edir. "Azərbaycan” qəzetinin 18 oktyabr 2016-cı il tarixli nömrəsində dərc edilmiş Prezident İlham Əliyev "Sputnik” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində xüsusi olaraq vurğulamışdır: "Əgər tarixi götürsək, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, həmişə belə olub. Biz erməni əhalinin İrandan, Şərqi Anadoludan bu torpaqlara kütləvi şəkildə köçürülməsinin tarixini bilirik. Bütün tarix, bütün toponimlər, o cümlədən Qarabağ sözünün özü də Azərbaycan mənşəlidir... Azərbaycanlıları əvvəlcə Dağlıq Qarabağdan qovdular. Sonra Azərbaycanın Dağlıq Qarabağa heç bir aidiyyəti olmayan yeddi rayonunu işğal etdilər, həmin rayonlarda yalnız azərbaycanlı əhali yaşayırdı, orada hər şey dağıdıldı. ATƏT oraya iki dəfə faktaraşdırıcı missiya göndərdi, onların hesabatı lap dəhşətlidir: orada bircə bina da salamat qalmayıb, qəbiristanlıqlar, məscidlər hamısı yerlə-yeksan edilib... BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində erməni işğalçı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması tələb edilir. Lakin 20 ildən çoxdur ki, bu qətnamələr icra edilmir... Münaqişənin nəyə görə nizamlanmamasının əsas səbəbi odur ki, Ermənistan artıq 24 ildir, Minsk qrupu yaradıldığı andan danışıqlar prosesinin azacıq da olsa, irəliləməsinə müxtəlif yollarla mane olur... Biz regionda sülh istəyirik və bizim mövqeyimiz kifayət qədər konstruktivdir. Lakin biz öz ərazilərimizi istəyirik. Ermənistan sülh istəyir, amma o, özgə ərazilərini qaytarmaq istəmir... Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz, lakin yerli özünüidarə, Dağlıq Qarabağın özünüidarəsi məsələlərinə dair kompromis ola bilər. Əgər razılığa gəlsək, bu, gələcəkdə muxtar respublika ola bilər”.
"Azərbaycan” qəzetinin 8 aprel 2016-cı il tarixli nömrəsində dərc edilmiş və 2016-cı ilin aprel ayının əvvəllərində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla həlak olan şəhidlərimizin anaları ilə görüşündə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva demişdir: "Azərbaycan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün artıq 20 ildən çoxdur ki, bütün səylərini göstərir. Biz istəyirik ki, torpaqlarımız azad edilsin. Biz istəyirik ki, insanlarımız öz doğma yurdlarına qayıtsın. Biz işğalçı deyilik. Biz işğalçı ilə mübarizə aparan millətik. Bizim heç bir başqa millətin, başqa xalqın torpağında gözümüz yoxdur. Biz, sadəcə, öz torpaqlarımızı işğaldan azad etmək istəyirik. Bu həqiqəti bütün dünya bilir və artıq qəbul etməlidir... Mən əminəm ki, ədalət bərpa olunacaq. Azərbaycan torpaqları işğaldan azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Bütün qaçqınlarımız, məcburi köçkünlərimiz öz doğma torpaqlarına qayıdacaqlar”.
Göründüyü kimi, dövlətimizin mövqeyi birmənalıdır. Bu mövqe "Azərbaycan” qəzetində də daim xüsusi olaraq vurğulanır. Bu cəhətdən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Azərbaycan” qəzetində çap etdirdiyi məqalə xüsusi olaraq qeyd edilməlidir. "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın vətəndaş cəmiyyəti kontekstində” adlanan və "Azərbaycan” qəzetinin 1 dekabr 2016-cı il nömrəsində çap edilmiş məqalədə akademik Ramiz Mehdiyevin mövqeyi xüsusilə diqqətəlayiqdir: "İstər iki ölkənin prezidentlərinin görüşləri, istərsə də ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyəti lazımi nəticələr verməyib. Dağlıq Qarabağ probleminin həllində, danışıqların bərpa olunmasında ən nüfuzlu beynəlxalq təşkilatlar və ayrı-ayrı siyasi xadimlər iştirak edir. Lakin hələlik heç kəs təminat verə bilməz ki, Dağlıq Qarabağda atəşkəs rejimi yaxın gələcəkdə ədalətli sülhlə başa çatacaq. Ona görə ki, əslində, müharibə nə cəbhədə dayandırılıb (işğal edilmiş ərazilər indiyə qədər işğaldan azad olunmayıb), nə diplomatik, nə də media məkanında başa çatıb. Dağlıq Qarabağ münaqişəsi həm biznes sahəsi, həm də siyasət - çirkli biznes və məkrli siyasət qurmaq imkanı kimi, kimlər üçünsə sərfəlidir”. Bu, beynəlxalq təşkilatlara haqlı olaraq ciddi etirazdır.
***
Akademik Ramiz Mehdiyevin "Azərbaycan” qəzetində dərc edilmiş və 2016-cı il iyul ayının 5-də dərc edilmiş müsahibəsi də çox önəmlidir. Müsahibədə deyilir: "Ermənistan BMT Təhlükəsizlik Şurası başda olmaqla, dünyanın nüfuzlu təşkilatlarının tələb və çağırışlarını qulaqardına vurur, beynəlxalq qanunvericiliyi pozur, 25 ildir ki, Azərbaycan ərazilərini işğal altında saxlayır. Təəssüf ki, beynəlxalq birlik, bilavasitə problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri bu günə kimi işğal faktının aradan qaldırılması və ədalətin bərpa olunması istiqamətində heç bir təsirli addım atmayıblar. Baxmayaraq ki, dünyanın müxtəlif nöqtələrində baş verən analoji münaqişələrin qısa zamanda tənzimlənməsi, işğalçının cəzalandırılması, ona qarşı müxtəlif təsirli sanksiyaların tətbiq edilməsinə dair çoxsaylı faktlar mövcuddur. Əminliklə demək olar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlar siyasəti, cəzasızlıq mühiti Ermənistanın hərbi-siyasi rejiminin yeni cinayətlərini şərtləndirən başlıca səbəblərdir. Dünya birliyinin qətiyyətsizliyi şəraitində Ermənistan hakimiyyəti nəinki beynəlxalq təşkilatların qərar və qətnamələrini icra etməkdən boyun qaçırır, eyni zamanda, beynəlxalq humanitar hüququn, o cümlədən Ümumdünya İnsan Haqları Bəyannaməsinin, Cenevrə konvensiyalarının, onlara 1 saylı əlavə protokolun tələblərini, Uşaq Hüquqları haqqında Konvensiya çərçivəsində üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq dinc azərbaycanlı əhaliyə qarşı cəza tədbirləri həyata keçirir... Birmənalı şəkildə deyə bilərəm ki, Azərbaycan dövləti işğal faktı ilə heç vaxt barışmayacaq, öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, ərazi bütövlüyünü və əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görəcəkdir. Bu, sadəcə söz deyil, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə səsləndirilmiş prinsipial və dəyişməz mövqedir. Beynəlxalq birlik, ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın cinayətkar rejimi bu reallığı dərk etməlidirlər”.
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun hələ 18 oktyabr 2016-cı il tarixdə "Azərbaycan” qəzetində çap etdirdiyi "Müstəqil Azərbaycan dünyada böyük nüfuza, güclü beynəlxalq mövqeyə sahibdir” məqaləsində qeyd edilir: "Dünya birliyi və beynəlxalq təşkilatlar da Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişənin həllinin hüquqi əsasları BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi qətnamə, habelə Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası, NATO, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Bütün bu sənədlər Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını təsdiqləyir. Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində son illər atdığı addımlar diqqəti çəkir. Bu istiqamətdə atılan addımlar göstərir ki, Azərbaycan diplomatiyasının beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti əsasən Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsinə yönələn beynəlxalq səylərin gücləndirilməsinə yönəlib”.
Əlbəttə ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, Azərbaycanın özünümüdafiə hüququnun mövcudluğuna baxmayaraq, dövlətimiz beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına sadiqliyini bir daha göstərərək daim sülhsevər və müharibədən imtina siyasətini saxlayır, dünyada və regionda sülh naminə bütün mümkün kompromis variantları təklif edir. Ermənistan isə ikili standartlarla pərdələnərək özünün işğalçılıq və hələ də davam edən beynəlxalq cinayətlər törətmək siyasətindən əl çəkmir. Qeyd olunanları nəzərə alaraq, habelə dövlətimizin beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına uyğun şəkildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə tərəfdar olduğunu və bu istiqamətdə ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasını yüksək qiymətləndirməsinə baxmayaraq, müvafiq hal heç də qətiyyən Ermənistanın törətdiyi beynəlxalq cinayətlərin (təcavüz, soyqırımı, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, terrorçuluq) cəzasız qalmasına razılıq anlamına gəlmir. Bu hal bir tərəfdən, Azərbaycanın haqlı tələbi olsa da, digər tərəfdən, beynəlxalq hüququn jus cogens və digər normalarının ciddi və sistem pozuntusu hesab olunmaqla, Ermənistan tərəfindən müvafiq beynəlxalq hüquqi sənədlərdə və Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunda təsbit olunan cinayətlərə mütəmadi və davamlı şəkildə yol verilməsi ilə bağlıdır. Eyni zamanda, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamədə (822, 853, 874, 884 nömrəli) qeyd olunduğu kimi, regional sülh və təhlükəsizliyə təhlükə kimi nəzərdən keçirilməlidir. Beləliklə, Azərbaycan silahlı münaqişənin dinc yolla həllinə dair beynəlxalq hüquq normalarına hörmətlə yanaşdığı kimi, beynəlxalq cinayətlər törətmiş Ermənistanın və aidiyyəti fiziki şəxslərin beynəlxalq-hüquqi məsuliyyətə cəlb olunması üçün beynəlxalq hüququn tamhüquqlu subyekti olaraq, beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş subyektiv imkanlara və onların lazımınca realizəsini tələb etmək hüququna malikdir.
Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası baş prokurorunun müavini, hərbi prokuror, ədliyyə general-leytenantı, hüquq üzrə fəlsəfə doktoru Xanlar Vəliyevin "Azərbaycan” qəzetinin 30 mart 2014-cü il tarixli sayında çap edilmiş "Soyqırımı insanlığa qarşı amansız cinayətdir” adlı məqaləsi hüquqi faktlar baxımından çox əhəmiyyətlidir. Məqalə müəllifi yazır: "XX əsrin qəddarlıq və cəzasızlıq rəmzinə çevrilmiş Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz və insanlığa qarşı törətdikləri cinayətlərə görə onların məhkəmə məsuliyyətinə alınacaqları qaçılmazdır... Qarşımızda duran əsas vəzifələr xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdır. Vaxt gələcək dünya birliyi ermənilərin bəşəriyyət üçün həm ləkə, həm də təhlükəli olduğu gerçəkliyini qəbul edəcək və Azərbaycan xalqına qarşı tarixən törədilən cinayətlərə və soyqırımına obyektiv qiymət verəcəkdir”.

(ardı var)

Əmir ƏLİYEV,
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru, professor